Geridə qoyduğumuz həftənin ən çox maraq doğuran və geniş müzakirələrə səbəb olmuş xəbəri, orta məktəblərdə din dərslərinin keçiriləcəyi haqda danışılanlar oldu. Bu yeniliyə “düzəlmişdi təhsilimizin hər yarağı, qalmışdı bir saqqal darağı” deyib keçmək də olardı. Amma olmur, çünki olduqca ciddi məsələdir, həyati əhəmiyyətə malikdir və bu səbəbdən yaranmış bir sıra suallara cavab axtarmaqda haqlıyıq.
İlk yaranan sual, bu qəfil qərarın zərurəti haqdadır. Bunca tələsikliklə belə bir qərarın verilməsinin bir səbəbi olmamış deyil. Nədən məhz indi? Təbii ki, belə bir addım nə vaxt atılsaydı “nədən məhz indi” sualı yarana bilərdi. Addım indi atılıb və sual da indi meydana çıxıb; nə baş verib, yaxud verə bilər ki, təhsil siyasətində bizim cəmiyyət üçün adi olmayan belə bir dəyişiklik etmək və ya dəyişikliyə getmək barədə qərar verilə bilər? Orta məktəblərin tədris proqramına din fənninin salınması və bunun icbari qılınması nəyin qarşısını alacaq, hansı əyri-əksiyi düzəldəcək, cəmiyyətimiz bundan necə mənfəət və fayda əldə edəcək?
İkinci sual doğuran məsələ isə odur ki, bu fənni kimlər tədris edəcək və əsas məqsəd nə olacaq: öyrənənlərdə inam aşılamaqmı, yoxsa elementar baza bilgiləri verməkmi? Öyrədən kadrlar hansı təhsil bazasında yetişdiriləcək, tədris vəsaitləri nə(lər)dən ibarət olacaq, harada, kimlər tərəfindən hazırlanacaq, bu islahatı gerçəkləşdirə bilmiş hansı uğurlu nümunələr örnək götürüləcək, haradakına, kimdəkinə bənzəyəcək?
Digər maraq doğuran bir məsələ də təbii ki, hansı din(lər)ə, dinlərin konfessiyalarına, məzhəblərinə öncəlik veriləcəyidir. Bütün növ dinlərə bərabər diqqət ayrılacağına zəmanət varmı, ögey-doğmalıq, bizimki-onlarınkı olmayacaq ki? Məsələn, xristianlıq, islam və iudaizm kimi semit (bunlara bəzən səhvən “səmavi” dinlər də deyilir. Bu da semit dinlərin guya səmadan, göydən enməsi, nazil olmasıyla bağlı əsassız təsəvvürə, “sami” sözünün “səmavi” kimi başa düşülməsi yanılmasına söykənir) dinlərlə yanaşı qeyri-semit dinlərə, Nordik inanc sistemi, Şərq dinləri – buddizm, hinduizm, Krişna şüuru, sintoizm, Konfutsizm, şamanizm, Qədim Misir, Yunan, Romanın dinləriylə bağlı bilgilər də proqrama salınacaqmı?
Bunlar olduqca vacib məsələlərdir. Cəmiyyət bunlarla bağlı bilgiləndirilməli, ən önəmlisi də illərlə təhsil siyasətinin qapısını döyən dini tədrisin indi leqal yolla, bu qədər asan şəkildə sinif otaqlarına buraxılmasının doğru qərar olması əsaslandırılmalıdır. Zəmanət verilməlidir ki, həmin fənn yalnız nəzərdə tutulmuş saat və auditoriyada qalacaq, öz həddini aşıb digər fənn saatları və sinif otaqlarına daxil olmayacaq. Bunun nəzarət mexanizmi, metodikası işlənib hazırlanacaq. Məsələn biologiya müəllimi Darvinin “təkamül nəzəriyyəsi”ndən danışıb dərsini “bunlar hamısı boş söhbətlərdir. Allah Adəmi palçıqdan, Həvvanı da onun qabırğasından yaradıb” tezisiylə yekunlaşdırmayacaq. Yaxud fizika dərsində yerin kürə şəkilli olması tezisi Qurandan gətirilən “biz göyləri sütunsuz olaraq yaratdıq” ayəsiylə şübhə altına alınmayacaq.
Yeri gəlmişkən, illər öncə ölkəmizin cənub bölgələrindən birində məktəbdən hazırlamış reportaj efirə getmişdi. Müsahibə üçün seçilmiş yaşlı bir fizika müəlliməsi kamera qarşısında fəxrlə tədrisdə əldə etdikləri yüksək nəticələrdən, şagirdlərin təlim-tərbiyə və maarifləndirilməsi işindən danışırdı. Fizika müəlliməsi öz müsahibəsində and içib əmin edirdi ki, o dərsə ilk olaraq Quranda adı çəkilən peyğəmbərlər və imamların adını soruşmaqla başlayır; “Bəli, mənim şagirdlərim gərək kitabımızda adları çəkilən peyğəmbərlərin və imamlarımızın adlarını bilsinlər, ən azı kiçik surələrdən bir neçəsini əzbər söyləsnlər”.
Bunu dünyəvi qanunlarla idarə olunan ölkənin dünyəvi təhsil verən dünyəvi fənn müəlliməsi hələ məktəblərdə dini fənnin tədris olunması qərarı verilməmişdən bir neçə il öncə deyirdi və edirdi. İndi isə bu din təəssübkeşləri, entuziastlara imkan verilir ki, öz inanclarını tam leqal yolla sinif otaqlarına daşısınlar, onu təbliğ etmək imkanı əldə etsinlər, dünyagörüşü tam formalaşmamış kiçik yaşlı vətəndaşlardan gələcək dini fanatiklər yetişdirə bilmə fürsətini legitimləşdirsinlər.
O zaman buna etiraz edənlərin əsas arqumenti bundan ibarət idi ki, ölkəmizdə təhsil dünyəvidir, məktəbdə dini təbliğat rəsmən qadağandır. Müəllimənin fizika dərsində təbiət emləri əvəzinə din öyrətməsi qanun pozuntusudur. İndi həmin qadağa ortadan qalxır, din təəssübkeşləri təbliğat imkan əldə edir, dini ritorika daha əyilə-əyilə deyil, qəddini düzəltmiş, əzəmətli addımlarla dünyəvi təhsilin keçmişdə qalmış adı üzərindən təhsil sisteminə qədəm qoyur. Bu dini təhsilin dünyəvi təhsil üzərində triumfudur, cəmiyyətdə dini ritorikanın əzici üstünlüyünü təmin etməyə xidmət edən geriyə atılmış addım, tənəzzüldür. İndi hansı nəzarət sistemi yaradılmalıdır ki, biologiya, fizika fənnlərini öyrətməli olanlar özlərinin birbaşa peşəsiylə məşğul olsunlar, şagirdlərə imam, peyğəmbər adlarını yox, proqramda nəzərdə tutulmuş elmləri öyrətsinlər, öyrənməyi tələb etsinlər?
Söz fizikadan düşmüşkən, ötən illərdə Milli Elmlər Akademiyasının fizika üzrə alimlik dərəcəsi olan bir akademikin mələyin uçma sürətinin düstürünü işləyib hazırlamasıyla bağlı xəbər sosial şəbəkələrdə yayılmış, naməlum akademik “elmi nailiyyəti” ilə dillər əzbəri, həm də lağ, gülüş yerinə çevrilmidi.
Ötən günlərdə AzLogos-un facebook səhifəsində yazıçı Ələkbərlə bu mövzuda söhbət edən kulturoloq Elmir Mirzəyev həmin hadisəni xatırlatdı və səhvən bu hadisədə yazıçı Seymur Baycanın iştirak etdiyini söylədi. Lakin təəssüf ki, bu qəbih tarixçənin yaranma səbəbinin tərəf müqabili bəndəniz olmuşdu.
Əslində cəmiyyətimizdə belə “fizik”lərin sayının bir nüsxədən ibarət olmadığına əminəm. Elm cameəmizdə bu ağılda olan alimlərin sayı bir deyil, beş deyil, yüzlərlədir. Bəlkə biri də yəqin ki, Seymur bəyin ürcahına çıxıb.
Məsələ belə olmuşdu; İsakov soyadlı, MEA-nın fizika institutunun elmi işçisi, titulli bir alim bir dini məzmunlu status yazmışdı və “p.s” yerində “ateistlər fikr bildirməsinlər, yazdıqları dərhal silinəcək” qeyd etmişdi. Bəndəniz əks fikrə dözümsüzlüyün bir alimə yaraşmadığını bildirdi. Beləcə bir özəl yazışma və virtual mübahisə bünovrəsi qoyulmuş oldu.
Bir xeyli fərqli mövzularda var-gəl etdikdən sonra gəlib çıxdıq surələrin göydən mələk vasitəsilə nazil olması inanışına. Möhtərəm fizikə sual etdim ki, müqəddəs kitabda Cəbrailin “mələklər və ruh onun (allahın) dərgahına dünya ilə müqayisədə sayı əlli min ilə bərabər bir gün ərzində qalxırlar” (Məaric surəsi, ayə 4) deyilir. Belə anlaşılır ki, Cəbrailin qısa zamanda qət etdiyi məsafə bizim hesabımızla əlli min illik vaxt ölçüsünə bərabərdir. Quranın 114 surəsi var və onun tam şəkldə, bir dəfəyə deyil 23 il ərzində nazil olduğuna, surələr və ayələrin müxtəlif zamanlarda Məhəmməd peyğəmbərə diktə edildiyinə inanılır. Belə olduğu halda, hər surənin bir enişlə gətirildiyini nəzərə alsaq xəbərgətirən mələk ən azı 114 kərə Məkkə və ali dərgah arasında uçuş etməli idi.
Quran mətnində mələyin gedib-gəlmə sürəti ilahi ölçüylə yox, məhz bizim zaman vahidi ilə əlli min ilə bərabər olduğu deyilir. Yəni bu məntiqlə insanlıq mələyin bir gəlişi ilə digərinin gəlişi arasında əlli min il gözləməli idi. Mələyin birinci gəlişi ilə ikinci gəlişi arasında bu qədər zaman məsafəsi olmalı idi. İlk gəlişini bizim təqvim və hesabla 610-cu ildən saysaq, demək ikinci gəliş əlli min il sonra reallaşmalıdır. Bildiyimizə görə isə Quran on beş əsr öncə 23 il ərzində mələyin ən azı 114 enişi hesabına tamamlanıb. Bu məsələdə bir ziddiyyət görmürsünüzmü?
Bu suala cavab olaraq fizika üzrə qüdrətli alim, Milli Elmlər Akademiyasının akademiki bildirdi ki, təvazökarlıqdan uzaq olsa da, o bu məsələni həll edib və hazırladığı düsturla sübut edib ki, mələyin uçması ikinci kosmik sürətlə baş verib, təklif etdiyi düsturu tətbiq etməklə mələyin əlli min illik məsafəni bir göz qırpımında qət etməsinin mümkün olduğunu görmək olar, bu məsələdə elm öz sözünü deyib, belə məsələlərdə elmlə yanaşı insanda iman da olmalıdır və nəhayət kafirlər istəsə də, istəməsə də allah öz nurunu tamamlayacaqdır.
Təsəvvür etməyə çalışıram; fizik bunları deyirsə, peşəsi din tədris etmək olan nələr danışa bilər…