Kruaze bulvarında 71-ci Kann Film Festivalının kilometrlik növbəsində dayanıb, Lars von Trierin filminin premyerasını səbrsizliklə gözləyərkən, təsəvvür belə etmirdim ki, film ilin sonunda Bakı kinoteatrlarının repertuarına daxil ediləcək. Daha dəqiq olsaq, bu film, həm art-haus kinematoqrafının xiridarları, həm də Bakı kinoteatrları üçün, kont-kultura rejissoru və intellektual ekstrim flaqmanı Trierin filmoqrafiyasında, bizə gəlib çıxan ilk film olması səbəbi ilə də diqqətəlayiqdir. Bu tərz filmlərə məhz kinoteatrda, iri ekranda tamaşa etməyin zəruriliyini seçici intellektuallara, kinofillərə, kino-blogerlərə xatırlatmaq, hər halda yersizdir.
Müəyyən psixoloji reabilitasiya fasiləsini bitirən Von Trier, özünəməxsus «mənəvi» axtarışları, vücud kəşfləri; kainatın sirrini kultoroloji qatta açmaq, xeyir və şərə darvaza aralamaq cəhdləri ilə tamaşaçını bir daha təəccübləndirməyi bacarmışdır. Rejissorun budəfəki tövbəsi, baş qəhramanı, məşhur İçalatçı Ceki xatırladan seriyalı qatildir və bu seçmə personajın, supermen-caninin riyazi zəkası, çılğın rəssam-arxitektor ürəyi var və o, həm də qabiliyyətsiz-mühəndis obrazında qarşımızda durur.
Cekdə şeytani narsissizm var. Trier, manyak-qatilin fikirlərini, həyatının on iki illik dövrünün ayrı-ayrı epizodları ilə, beş aktda konstruksiyalaşdırıb. Filmin konstruksiyası qəhrəmanın xəyali evidir. Bu ev, postmodern audio-vizual sitatlardan – Trierin əvvəlki filmlərindən epizodların «found footage» formatında montaj edilməsindən ibarətdir.
«Dünya rəssamlıq inciləri» seriyasından tanış mənzərələr, qotik memarlığa dair maarifləndirici ekskurs-əlavələr, Qlenn Quldun fortepiano passajları vəya işıq-kölgə proporsiyalarının multiplikasiyası ilə yanaşı, Trierin fonu kimi səslənən məşhur tülkü balasının qəhqəhəsi, əslində – «Hər şey haqqında hər şey» uşaq ensiklopediyasının (böyüklər üçün işlənmiş versiyasının) bizə ağıl öyrətməsidir.
İlk dəfə ekranda cəsədlər kukla şəklində göstərilir. Onlar qrim ustası Cek tərəfindən klounada-maskarad estetikasında hazırlanıb və inandırıcılıq, doğruçuluq təsirinə görə, Heydər Əliyev Mərkəzində keçirilən «Hipperealistik heykəllər sərgisi»-ndəki (Hyperrealistic Sculpture. Almost Alive) eksponatlarla müqayisə oluna bilər.
İki saatdan çox davam edən «Cekin macəraları»-nda tamaşaçını, yüksək səviyyəli qara yumor-trolling gözləyir. Ağ-qara kadrlar və ağ üstünə qara ilə yazılan yazılar üzərində dominantlıq edən, bütün ekranı bürüyən Mefisto isə – Qırmızıdır!