Əvvəlki yazımda demişdim ki, İsveçrənin ümumiləşdirilmiş obrazı onun qüdrətli ordusu ilə heç cür uzlaşmır. Bir müddət bu ölkədə yaşayandan sonra stereotiplərinizin, xəyali klişelərinizin necə dağıldığını hiss eləməyə başlayırsınız. Xüsusilə də, həftəsonları – və bu, qorxunc görünür – bütün dayanacaqlar, vağzalların platformaları, küçələr xal-xal xaki rənginə boyanır. Böyük rükzakları, ölçüdə ondan geri qalmayan avtomatları olan əsgərlər və zabitlər elektrik qatarlarının vaqonlarında qulağınızın dibində nəfəs alırlar. Mən həyatımda bu qədər silahı bir yerdə görməmişdim, burada gördüm.
Əsgərlərin zahiri görünüşü İsveçrə mənzərələrinə valeh olan təcrübəsiz turistləri şoka salır – çiyinlərindən nəhəng silahlar, burunlarından, qaşlarından, qulaqlarından pirsinqlər sallanan, dəbli saqqalları, saç düzümləri, döymələri, ədaları olan sağlam oğlanlar Azərbaycanda, ya da başqa hardasa görməyə vərdiş etdiyimiz mənzərə deyil (İsrail istisnadır). Yumşaq desək, bu qeyri-səciyyəvi gerçəkliyə öyrəşmək üçün zaman tələb olunur.
Ölkə büdcəsinin sanballı bir hissəsinin bu pirsinqli əsgərlərə məxsus olduğunu deməyə ehtiyac yoxdu. Bu, minlərlə tanka, zirehli maşınlara, qırıcılara, vertolyotlara çevrilən, təxminən, altı milyard dollara yaxın puldu. Həmin pula kazarmalar tikilir, tunellər çəkilir, bunkerlər, nüvə silahı əleyhinə sığınacaqlar, zirzəmilər qazılır. Xarici təhlükə yarandığı halda dörd yüz min insan bir anda silaha sarılmağa hazırdı.
Məlum olduğu kimi, İsveçrə – beş əsrə yaxındı ki, öz ərazisində müharibə görməyən neytral, sülhpərvər ölkədi. Bu statusu qorumaqdan ötrü kişilər, az qala, ömürləri boyu orduda xidmətə məcbur edilir. Onlar rəsmi şəkildə əlli yaşdan sonra tərxis olurlar. Ancaq cəm halında çağırış müddəti natamam otuz gündən ibarətdi.
Amansız nizam-intizam, son dərəcə yüksək tələblər çağırışçıları dözümlülük sınaqları ilə zorlayır. Bircə nümunə – sübh beşdə qalxmaq, gecəyarısı buraxılış və bu ikisi arasında əsgərlər nəfəs dərmədən qaçır, hoppanır, sürünür və atəş açırlar.
Əvəzində heç bir əsgər heç vaxt əlinə süpürgə, əski, ya da döşəməsilən almaz. Kazarmalarda, ayaqyollarında təmizlik eləməz və təbii ki, heç kimi kartof soyub qab yumağa zorlamazlar. Bu işlə subpodratçılar məşğul olurlar, buna görə onlara yaxşı pul ödənilir. Heç kimə üstünlük verilmir və heç kim hərbi mükəlləfiyyətlərdən yayına bilməz. Cəmiyyətdəki mövqe, rütbə heç bir rol oynamır. Sağlam isveçrəli kişisən? Deməli, hərbi xidmətə gedəcəksən. Güclü ordu neytrallığın, yüksək həyat səviyyəsinin, füsunkar təbiətin və mükəmməl ekologiyanın təminatçısıdı. Dinc yaşamaq istəyirsənsə, müharibəyə hazır ol. İsveçrəlilər bu düşüncəylə doğulurlar, yaşayırlar və ölürlər. Təbii ki, bu düşüncə sanballı məvaciblə dəstəklənir, banklar və qızıl ehtiyatları ölkəsi bunu asanlıqla eləyə bilir – hər ayın sonunda əsgərlərin hesabına üç min dollara yaxın pul yatırılır.
Ölkə büdcəsinin, təxminən, 70%-i bank sektoru hesabına doldurulur, yerdə qalan digər sahələr isə əlavə gəlir mənbəyi rolunu oynayır. İsveçrə Avropada yeganə ölkədi ki, burda “minimum əmək haqqı” anlayışı mövcud deyil. Bəli, o, rəsmi şəkildə təyin olunmayıb, lakin bu, İsveçrənin dünyanın ən firavan ölkələrindən biri olmasına əngəl yaratmır. O ki qaldı qeyri-rəsmi minimal əmək haqqına, əslində o var və dörd min frankdır (dörd min ABŞ dollarından artıq).
Əgər isveçrəlilərin bu zənginliklərdən həzz aldığını düşünürsünüzsə, çox yanılırsınız. Əmin olun: əgər nə vaxtsa dünya xalqları arasında nankorluq yarışı keçirilsə, isveçrəlilər mütləq birinci yeri tutacaqlar. Onlar hər şeydən narazıdılar – əsasən də, ölkənin çiçəklənən iqtisadiyyatından. İsveçrəlilərin fikrincə, iqtisadiyyatları sürətlə “uçuruma yuvarlanır”. Öz firavanlıqlarını illüziya adlandıran isveçrəlilər, eyni zamanda hansısa yeni devrilmiş diktatorun, ya da cənubi Amerika meşələrində güllələnmiş mafiozinin hesablarının necə dondurulduğunu sakitcə seyr eləyirlər.
Səddamı asdılar? İsveçrə sevinir. Onun pulu o qədər çox idi ki, onların hesablardan çıxarılması ehtimalı ilə belə, barışmaq imkansızdı. Qəddafini döyüb öldürüblər? Lap yaxşı – bütün daşınmaz əmlak, benzindoldurma stansiyaları, hesablarındakı pullar – hamısı Konfederasiyanın mülkiyyətinə keçir. Yanukoviç qaçıb? Çox gözəl – onun 150 milyonunu mənimsəyəcəyik.
İsveçrə möcüzəsi yalnız belə işləyir.
İsveçrə banklarının etibarlılığı – mifdi, xüsusilə də, qaranlıq üsullarla pul qazananlardan ötrü. Bu dünya elə qurulub ki, yaramaz insanların pulları nədənsə Alplarda toplanmalıdı. İstəsən də, istəməsən də. Əgər sən başqa insanların əzabları üzərində sərvət qazanmış əclaf, qaniçənsənsə, səni İsveçrədə ehtiramla qarşılayacaqlar, vəsaitlərinin tam təhlükəsizliyinə, güvənli olmasına zəmanət verəcəklər, ancaq ürəklərində dua eləyəcəklər ki, səni tezliklə güllələsinlər, ya da, heç olmazsa, həbsə atsınlar, var-dövlətini mənimsəmək mümkün olsun.
İsveçrəlilərə verilən pulları geri almaq, demək olar ki, qeyri-mümkündü.
Əgər öz serveriniz olsaydı, onu harda basdırardınız? Fayl hostinqi Rapidshare onu İsveçrədəki nüvə bombası əleyhinə bunkerdə gizlədib. Təəccüblü bir şey yoxdu – İsveçrədə yeraltı sığınacaqlar o qədər çoxdu ki, Silikon vadisindəki bütün serverləri basdırmaq olar. Burda hər evin alttında “keller” adlanan, hava hücumlarına qarşı sığınacağa çevrilə biləcək zirzəmilər var. Zirzəmilərin polad qapıları güclü partlayışlara qarşı dözümlüdü, qapıların üstündəki bərkidici rezinlər isə hər üç aydan bir dəyişdirilir. Hər şey xırdalıqlarına qədər, yəni isveçrəsayağı düşünülüb. İnsanlar müharibəyə “HƏMİŞƏ HAZIR”dılar.
Bu paranoya özünü hər şeydə büruzə verir – isveçrəlilər inanılmaz dərəcədə ehtiyatlıdılar. Daima hardansa zərbə gözləyən bir ölkə təsəvvür eləyin. Və bu, mübaliğə deyil – istənilən isveçrəli təsdiqləyər ki, istilaçıların hücumuna qarşı qorxu hissi onların təhtəl şüurlarının dərinliklərində yatır və genetik yaddaş kimi nəsildən nəsilə ötürülür. Bununla belə, onlar mənşəcə isveçrəli olmaları və “dünyanın ən firavan ölkəsi” obrazı ilə fəxr eləyirlər. Ancaq bu onların başqalarına, ilk növbədə də öz qonşularına həsəd aparmalarına mane olmur.
İsveçrəlilər, əbədi bayram və yüngüllük əhval-ruhiyyəsində olduqlarına görə italyanlara, rahat və eleqant olduqlarına görə fransızlara, yarımmilyonluq işçi qüvvəsi və hələ də normal şəkildə öyrənə bilmədikləri Hochdeutsch-a görə (ali alman dili) almanlara paxıllıq eləyirlər. Əvəzində İngiltərəyə, ABŞ və Kanadaya böyük hörmətləri var. Ümumiyyətlə, isveçrəlilər anqlosakslarla daha yaxşı dil tapırlar, nəinki almanlarla.
İsveçrənin özündə belə, fransız və italyan kantonları daha həyatsevərdi, nəinki ölkənin almanlar yaşayan hissəsi. Onlar özlərinin də, başqalarının da həyatını çətinləşdirirlər. Əvəzində alman bölgəsində hədsiz pul var – kapital burda cəmlənib. Burda öz işindən həqiqətən həzz alan robotlar məskunlaşıb.
Bilin və heç şübhəniz olmasın ki, bir isveçrəli hansı işə əl atsa, onu peşəkarcasına və ürəkdən yerinə yetirəcək. İsveçrəlinin peşəkarlıq səviyyəsinə şübhəylə yanaşmaq nə vaxtsa yol verə biləcəyiniz ən kobud səhvdi. Onlar xırdaçıdılar, amma gördükləri işin nəticəsi sizi heç vaxt məyus eləməz. Uğurun sirri çox bəsitdi – İsveçrədə layiq olmadığın halda iş almaq mümkün deyil. İmkansızdı! Burda hər kəs öz yerindədi, heç bir yerdə təsadüfi insanlar yoxdu. Şokolad, saat, pendir, banklar və ölkənin ən əsas «sərvəti» – punktuallıq göydən düşməyib. İsveçrə bizim tanıdığımız ölkə kimi qalsın deyə, qaşqabaqlı və cansıxıcı isveçrəlilər işləmək xatirinə yaşamağa məcburdular.
Azadlıqsevər isveçrəlilər, emosiyalarının nümayişi məsələsində son dərəcə təmkinlidilər. Kalvin onları sarsılmaz asketlər kimi yetişdirib. İsveçrəlilərin devizi – “Az aşım, ağrımaz başım”dı. Yəni heç kim məni narahat etməməli, bezdirməməlidi. “Ancaq mənim sayıq gözlərim səni izləyir, hünərin var, həddini aş”. Onlar bu şəkildə bir-birilərinin davranışına da göz qoyurlar.
Xəbərçilik, isveçrəlilərin sevimli məşğuliyyətidi, bir himə bənddilər. Xüsusən də, qocalar danlamağa, məzəmmət eləməyə meyllidilər. Polisə, ya da evlər idarəsinə zəng vurub qonşudan şikayət eləmək onlar üçün əyləncəli məşğuliyyət sayılır. Bir isveçrəli nəzakətlə üzünüzə gülümsəyər, iki dəqiqədən sonra isə, məsələn, maşını yanlış yerdə saxladığınıza görə aidiyyati orqana zəng vurub sizdən şikayət eləyə bilər. Burda insanın bütün həyatı xırdalıqlarına qədər çərçivələnib, o cümlədən, bizim ekzistensiyamızın vacib aspektlərindən biri olan qonşularla münasibət də. Bəzi qonşular, axşam saat ondan sonra ayaqyolunda suyu çəkməyinizə etiraz eləyə bilərlər.
Mən artıq yazmışdım ki, müasir Avropa ilə müqayisədə İsveçrə inanılmaz mühafizəkar ölkədi. Hətta hərdən ölkəni kişilərin hədsiz dominantlığında ittiham edirlər. Həqiqətən də, burda qadınlar Qərbi Avropanın digər bölgələrində, xüsusən də, Skandinaviya ölkələrindəki qədər emansipasiya olunmayıblar. Qadın – yuvanın qoruyucusudu fikri, məhz, İsveçrə haqqındadı. Burda sistem elə qurulub ki, qadın uşaqlarını özü böyüdüb tərbiyə verməlidi. İsveçrədə uşaq bağçasına uşaq vermək üçün siz, gərək Bruney sultanı olasınız. Odur ki, uşaq doğmaq qərarına gələn isveçrəli qadınların böyük əksəriyyəti karyeranı uzun müddətlik unutmalı olurlar.
O ki qaldı televizora, birincisi, isveçrəlilər onsuz keçinməyə çalışırlar. Evində televizor olanlarsa, uşaqlarına görə narahat olmaya bilərlər – kabel xidmətləri təhcizatçılarının təklif etdikləri standart paketlərə daxil olan kanallarda pornoqrafiya bir yana, heç erotika da yoxdu.
Bütün bunları nəzərə alanda, isveçrəliləri Avropanın “qafqazlıları” adlandırmaq olarmı? Olar, lakin bir şərtlə – bu “qafqazlılar” aydın düşüncəyə, soyuq başa, məsuliyyət hissinə malikdilər, ən əsası isə, hər şeyin həddini bilirlər. Məhz, hər şeyin və hər zaman. Öz zəifliklərini, narahatlıqlarını, sərvətini, hətta yoxsulluğunu belə nümayişkəranə şəkildə göstərmək olmaz. İnsan sona qədər açılmamalıdı. İsveçrədə pul haqqında danışmaq ciddi tabudu. Məsələn, işverənlə görüşənə qədər, təxmini də olsa, məvacibinizin məbləğini bilməyəcəksiniz. İş elanlarında heç vaxt əmək haqqının miqdarı göstərilmir. Maddi çətinliklərin olduğuna eyham belə vurmaq olmaz. İsveçrəli sizin pulunuzun olmadığını bilməməlidi, əks halda siz ondan ötrü artıq mövcud olmayacaqsınız, sizə hötmətini itirəcək, amma təbii ki, bunu göstərməyəcək. Yeri gəlmişkən, fransızlarla almanlar bu qədər amansız deyillər. Əslində, isveçrəlilər bir-birinin var-dövlətinə paxıllıq eləyirlər, ona görə də, öz sərvətlərini göstərməməyə çalışırlar. Pulun nə qədər çoxdusa, o qədər qapalısan.
İstənilən isveçrəli sizə, ölümündən sonra bütün sərvətini dövlətə vəsiyyət eləyən tənha qoca qadınlar və kişilər haqqında 25 əhvalat danışa bilər. Hərdən mirasın məbləği yüz milyonlarla ölçülür. Bir isveçrəlinin qohum-əqrabası, varisləri, varlı əmi-dayılarının hansı məbləğlərə sahib olduğunu yalnız onun ölümündən sonra öyrənirlər. Öyrənirlər, ancaq o puldan hər zaman “pay” ala bilmirlər. Mərhum özündən sonra vəsiyyət qoymayıbsa, bir çox hallarda bütün miras xəzinəyə gedir.
Bir az da yaxşı şeylərdən danışaq. İsveçrəlilər çox nadir hallarda, hətta, demək olar ki, heç vaxt söz vermirlər, amma bir qayda olaraq, quru “çalışaram” sözünü eşidəndən sonra müsbət nəticəyə ümid eləyə bilərsiniz. Onlar danışmaqdan çox, iş görməyə üstünlük verirlər. Çoxlarının fikrincə, isveçrəli dost – tapıntıdı. Burda dost tapmaq, demək olar ki, imkansızdı, amma tapsan, o, həmişəlikdi. Fədakarlıq səviyyəsinə görə, isveçrəlilər öz qonşularından öndədirlər. Bu, mənim müşahidələrim deyil, özlərinin özləri haqda təqdimatlarıdır.
İsveçrəlilərin qaşqabaqlılıqları, darıxdırıcılığı onların rahatlığı, təmizliyi və pedantlığı ilə uzlaşaraq ölkədə irreal, nağıl atmosferi yaradıb. Burda sanki rənglər də, qoxular da fərqlidi, başqalarında olduğu kimi deyil. İsveçrədə insan ətrafını HD formatında görür – elə bil burda təkcə küçələri yox, havanı da şampunla yuyurlar.
İsveçrəlilər tolerantdılar. Ölkə əhalisinin 25%-i əcnəbilərdi. Buna baxmayaraq, gəlmələrin hüquqlarının kobud şəkildə pozulması, milli dözümsüzlük müşahidə olunmur. İsveçrəlilər sizi özlərinə çox yaxın buraxmazlar, amma lütfkarlıqda ustadılar. Ünsiyyət zamanı asanlıqla sizə rahat olan dilə keçirlər. Ümumiyyətlə, onların dil bilgiləri ilə lovğalanmaqdan xoşları gəlir. Amma eyni zamanda, inadla öz dialektində danışan məmura da rast gələ bilərsiniz. Təbii ki, siz o dialekti anlamayacaqsınız, lakin müsahibinizdən alman dilinə keçməsini xahiş eləyənə qədər o sizin səbrinizi sınayacaq.
İsveçrəyə getməyə hazırlaşırsınız? Spontanlığı, improvizasiyaları, plansızlığı yaddan çıxarın.