Bu il Bakıda, Xəzərin sahilində inşa edilmiş bəlkə də ən möhtəşəm bina, Hökumət Evinin tikintisinin başlanmasından 80 il ötür. 1939-cu ildə inşaası başlanmış, lakin müharibə səbəbindən dayandırılmış bu bina, 1952-ci ildə tikilib istifadəyə verilmişdir. Aşağıdakı yazını, Bakını bəzəyən bu memarlıq incisinin inşaatçılarının xatirəsinə dərc edirik.
Məşhur sovet memarı Lev Vladimiroviç Rudnevin, milli memarlıq sahəsində gördüyü işlər arasında ən əhəmiyyətli və maraqlı layihələrdən biri Oskar Rudolfoviç Muntsla birlikdə hazırladığı, Bakıda inşa edilmiş Hökumət Evinin binasıdı. Layihə üzərində iş ümumilikdə 20 il davam eləyib və bu müddət ərzində Rudnev bir neçə başqa mühüm obyektlərin layihəsini hazırlayıb.
Rudnev 1934-cü ilin payızında Bakıda tikiləcək Hökumət Evinin layihələşdirilməsi məqsədilə keçirilən qapalı müsabiqəyə dəvət olunanda M.V.Frunze adına Hərbi Akademiyanın tikintisi hələ bitməmiş, Frunze xiyabanındakı inzibati binanın layihələşdirilməsi hələ başlamamışdı.
Memar, binanın memari miqyasını, V.İ.Leninin heykəlini və meydana baxan böyük tribunaları birləşdirərək özünəməxsus vahid bir kompozisiya yaratmışdı. Memarın sözlərinə görə, bu layihə bina və heykəldən yox, “heykəl binadan” ibarət idi. Bu əsərdə heykəlin kompleksə məqsədyönlü və orqanik şəkildə daxil edilməsini – memarlıqla heykəlin əsl sintezini – qeyd etmək lazımdı.
Hökumət Evinin ayrı-ayrı hissələrinin memarlığı – məsələn, qoşa sütunlu divarlar, əsas girişin portiki – quru deyiləcək dərəcədə rəsmi və adidi, qüllənin orijinal həlli ilə çox da uzlaşmır. Qüllənin böyük heykəllə tamamlanması isə həmin dövrün tendensiyalarına ehtiramın göstəricisidi. Bütün bunlar bu maraqlı layihənin bədii vəhdətini zəiflədir.
Hökumət Evi üçün layihə müsabiqəsi 30-cu illərin sonunda keçirilmişdi. İlk üç yerə Rudnev və Munts, Dadaşov və Hüseynov, Sençixin çıxmışdılar, lakin sonda Rudnevin layihəsi seçilmişdi. Ancaq II Dünya Müharibəsi tikintiyə inşaat prosesinə mane olmuşdu və binanın tikintisi 1945-ci ilə bərpa edilmişdi. Eyni vaxtda da Leninin heykəli üçün müsabiqə başlamış, birinci yeri Qaryağdı ilə Rudnev qazanmışdı.
Layihə müəlliflərinə, bütün nazirlikləri və aparıcı profilli idarələri bir binada toplamaq tapşırılmışdı. Binanın içindəki məkanların hamısı ofis tipli idi və işçilərin sayına hesablanmışdı: təxminən, 2-2,5 min insana. Məkanda həm də hökumətin əlaqəsi nəzərdə tutulmuşdu və istifadə edilirdi, arxivlər sistemi tətbiq olunurdu. 1953-cü ildə Mərkəzi Statistika İdarəsi və Azərbaycan Dövlət Kənd İnşaatı Layihə İnstitutu 10-cu mərtəbəyə yerləşdirilmişdi.
VLADİMİR KULİŞOVUN XATİRƏLƏRİNDƏN
Bəli, bu, 1957-ci ildə inqilabın 40-cı ildönümü münasibətilə çəkilmiş açıqcadı, hərçənd tərsinə çap olunub. Maks Alpertin şəklindəki tarix, çox güman ki, bu açıqca seriyasının nəşrə buraxıldığı tarixi göstərir. Atamın sözlərindən xatırladığım qədərilə, Alpert, Bakıdakı fotoları 55-ci ilin əvvəllərində çəkib. Qaryağdının işi olan Lenin heykəli də elə həmin il meydana qoyulub.
Hökumət Evinin tikintisi 1952-ci ildə tamamlanmışdı. Heykəllə bağlı isə atam belə bir əhvalat danışırdı: Qaryağdı uzun müddət heykəlin, memari ansamblla orqanik şəkildə uzlaşması üçün hansı hündürlüyün lazım gəldiyinə qərar verə bilmirmiş. Bunu müəyyənləşdirmək məqsədilə öz emalatxasında qurulmuş binanın maketi üzərində təcrübələr aparırmış. Sözügedən emalatxanada tez-tez dost məclisləri də qurulurmuş. Həmin məclislərdən birində qonaqlardan biri şampan şüşəsini boşaldandan sonra onu Hökumət Evinin maketindəki pyedestalın üstünə qoyub və nəticədə heykəltəraş gələcək 11 metrlik heykəl üçün ideal proporsiyaları tapıb.
MOİSEY RUVİMOVİÇ ABRAMOVUN XATİRƏLƏRİNDƏN (layihəçi)
Bakı bulvarı şimal tərəfdən şəhərin ən mühüm binası – Hökumət Evi və parad meydanı ilə tamamlanır. Məkanın nəhəngliyi və genişliyi, dənizin yaxınlığı binanın, həm dəniz tərəfdən, həm də şəhərin fəqrli nöqtələrindən yaxşı görünməsini təmin edir.
İldə iki dəfə meydanda tankların da iştirak etdiyi hərbi parad və kütləvi xalq nümayişləri keçirilirdi. Şüşə köşkdəki adam şüarlar qışqırır, eyni zamanda da lentə yazılmış hərbi orkestrin marşları altında səslənən gurultulu “Ura” səslərini radiogücləndiricilər vasitəsilə açıb bağlayırdı. İlin qalan 363 günündə meydan, demək olar ki, boş qalır, milis işçiləri və mülki geyimli şəxslər tərəfindən ayıq-sayıq qorunur, nəqliyyatın meydanın yaxınlığında dayanmasına icazə verilmirdi.
Hökumət Evinin inşası 1939-cu ildə başlamışdı və elə o vaxtdan da Qafqazın sahibi, qoca çekist Bağırov tərəfindən QULAQ-dan işçi qüvvəsi cəlb olunması hesabına yavaş-yavaş irəliləyirdi. Hökumət Evinin binası ali layihə-inşaat kateqoriyasına aid idi – həm əhəmiyyətinə, həm də miqyasına görə.
Sonralar on mərtəbə üstəgəl kollegiyanın künc zallarının yerləşdiyi on birinci mərtəbəyə qədər endirilmiş əzəmətli bina 5-6 mərtəbə hündürlüyündə böyük, dairəvi mərmər pillələrdən, kolonnadalardan, arkavari daxili və xarici portallardan, portiklərdən, qalereyalardan, eyvanlardan, çox sayda bədii-memari detallardan və əşyalardan ibarət idi.
Baxmayaraq ki, tikintiyə tam zamanında həbs olunub mühakimə edilmiş iki memarı cəlb eləmişdilər, binanın keyfiyyət həddindən artıq aşağı idi. Dövlət komissiyası tərəfindən qəbul olunan bina, ümumiyyətlə, yarımçıq qalmışdı: liftlərin montajı tamamlanmamışdı, texniki xidmət avadanlıqları yox idi, istilik təchizatı sistemi təsdiqlənməmişdi, ayaqyolularının çoxu işləmirdi, interyer ləvzimatları yerlərə səpələnmiş halda idi.
1952-ci ildə respublikanın sahibləri hələ tamamlanmamış binanın istifadəyə verilməsini tələb elədilər.
“Bütün əyər-əskiklər idari təmirlərin hesabına aradan qaldırılacaq!” – rəhbərlik belə demişdi. Amma heç kim ilk qurban olmaq istəmirdi. Onda müdrik partiya qərara gəldi ki, binaya birinci layihənin icraçıları köçürülsün. “Siz- yaxşı memar deyilsiniz, – MK-nin ikinci katibi demişdi, – onuncu mərtəbəni alçaq eləmisiniz, normal pəncərələrin əvəzinə isə altıbucaqlı sionist pəncərələr qoymusunuz. Buna görə sizi məhkəməyə vermək lazımdı. Ancaq əvvəlcə, 10-cu mərtəbəyə köçün!”.
Yerli partiyanın rəhbəri, bax, belə bir dardüşüncəli, səfeh qərar verdi və iclasda iştirak eləyən layihə təşkilatlarının direktorlarından heç biri ona demədi ki, birinci, binanın layihəsini dahi Moskvanın memarları hazırlayıb, ikinci isə, 10-cu mərtəbə texniki məqsədlər – fotolaboratoriyalar, kitabxanalar, anbarlar, yardımçı və təssərrüfat otaqları, həmçinin əsas mühəndislik şəbəkələri və onların tənzimlənməsi sistemi üçün nəzərdə tutulub.
Amma altıbucaqlı pəncərələr, həqiqətən, maqendovidə (Davidin ulduzu) bənzəyirdi. Bu isə əsl fəlakət idi, özü də elə bir antisemit dövrdə! Yeri gəlmişkən, layihənin hər iki müəllifi – L.Rudnev də, V.Munts da yəhudi idilər. Əgər o partiya rəhbəri bilsəydi… O vaxt “samizdat”da Boris Slutskinin yazdığı kimi: “Bizim hamımız Allahın altında gəzirdik. Allahın düz böyründə…”
Beləliklə, bütün memarlar, layihədə iştirak eləyən yaramazların hamısı- 10-cu mərtəbəyə, yəni liftin qalxmadığı 55 metr hündürlüyə “sürgün edildilər”. Yadımdadı ki, yükləri 10-cu mərtəbəyə bir-bir qaldırır, əlimizdəkini orda qoyub yenidən aşağı düşür, masaları, kitab rəflərini, planşetləri vəs. piyada daşıyırdıq. İlk ürək tutmaları da yadımdadı. İnfarktlar başlayanda isə binanın yanında növbə çəkmək üçün təcili yardım maşınları göndərildi. Nəhayət, birinci lift quraşdırıldı, hətta hərəkət də elədi. Bundan sonra layihəçilərin işi bir az yüngülləşdi, çünki nazirliklər binaya yerləşməyə başladı. Ancaq yenə də binada işləyənlər arasında ürək xəstələrinin sayı xeyli artmışdı və onda Dövlət Səhiyyə Komitəsinin əmriylə həkimlər bülletenlərdə kəskin tənəffüs xəstəliyi, yəni zökəm yazmağa başladılar.
Binaya doldurulan camaatın sayı nəzərdə tutulan tutumluluq qabiliyyətini bir neçə dəfə aşırdı. Qadınlar liftlərdə yubanmasınlar deyə liftlərdən güzgüləri söküb çıxartmışdılar. Lakin yenə də çox yüklənən liftlər mərtəbələrin arasında dayanır, hərdən insanlar bir saat, bəzən daha çox müddətdə liftdə qalmalı olurdular. Yadımdadı ki, mənim işçim olan bir memar xanım liftdə qalmışdı. O, layihənin təsdiqlənməsindən qayıdarkən 5-ci mərtəbə ilə 6-cı arasında qalmış, bir az sonra ürəyi tutmuşdu. Qapıda növbə çəkən təcili yardım həkimi ona yardım göstərə bilmirdi. Onda beşinci mərtəbədə yerləşən hansısa nazirliyin əməkdaşları üstü sənədlərlə dolu olan iki masa gətirdilər, onları bir-birinin üstünə qoydular, onun da üstünə bir stul qaldırdılar. Həkim, əlində çaydan o stulun üstünə çıxdı, çaydanın lüləsini lifti dövrələyən şəbəkədən içəri uzatdı və liftin içində dizi üstə dayanmış memarımız çaydandakı su ilə dərman içdi. Liftdəki adamlar onu ayağa qaldırandan və o, gözlərini açandan sonra bu, inanılmaz hadisənin onlarla şahidi birlikdə əl çaldı. Yevgeniya P, axır ki, yerindən tərpənən liftdən çıxanda və işçilər onun çantasını əlindən alanda isə qulaqbatırıcı qəhqəhə səsləndi, çünki qadın, idarəyə geri qayıdanda iş yoldaşlarının xahişi ilə 9-10 dənə dondurma almışdı. Liftə qalarkən həyəcandan dondurmaları unutmuşdu. Nəticədə, çox çətinliklə təsdiqlənmiş sənədlərin hamısı artıq isinmiş sufleyə bulaşmışdı. Ancaq bundan da vacibi o idi ki, ürək xəstəsi olan xanım, liftdəykən hələ əriməmiş dondurmalarla susuzluğunu yatırtmaq imkanını əldən buraxmışdı.
Xoşagəlməz hadisələr, hətta faciələr həddindən çox idi. Nazirliklər Hökumət Evinə köçürüləndən az sonra ora əsasən şikayətçilərdən ibarət olan kütlələrin axını başlamışdı. Onların əksəriyyəti nomenklatur klanın cəzbedici rüşvət sevgisindən istifadə eləyən rəislərdən əziyyət görən avam əhali idi. Saatlarla qəbul otağında oturub növbə gözləyən insanlar, təbii ki, ayaqoyulularına baş çəkirdilər. Onları, allah bilir, hansı səbəbdənsə, “avropa” tərzində tikilmişdi, ancaq əhali onlardan asiyasayağı istifadə eləyirdi – bu narahat ayaqyolunu lənətləyə-lənətləyə unitazın üstünə çıxıb, dəstək üçün su borusundan yapışırdılar. Yalnız iki ildən sonra həmin ayaqyolularını “asiya” tərzinə uyğunlaşdırdılar və hər şey yoluna düşdü. Ancaq indi də böyük müdirlər zarafat məzələnməyə başlamışdılar. Məsələn, Moskvadan gəlmiş nazir müavini asiyasayağı ayaqyolundan istifadə eləyib kollegiyanın iclas zalına qayıdanda bütün asiya ayaqyolularının zəruri atributu olan, gözəl boyanmış aftafanı da özüylə gətirmişdi. Əzəmətli moskvalı müavin, onlarla insanın donuq baxışları altında parıldayan aftafanı qalib ədası ilə prezidiumun yaşıl mahudlu nəhəng masasının üstünə qoyub zaldakıları danlamağa başlamışdı: “Siz nə qədər məsuliyyətsiz insanlarsınız? Belə gözəl dolçanı ayaqyolunda qoymusunuz, hələ içində su da var! Yaxşı ki, mən gördüm, yoxsa heyif olardı! Çox səhlənkarsınız!..”
Zənnimcə, gülüş, bu nəhəng binanın əsas və yeganə faydalı məhsulu idi.
1956-cı ildə Hökumət Evinin daxili həyətində müxtəlif kateqoriyalı 500-ə yaxın işçinin iştirakı ilə iclaslar keçirilir, Misiri işğal eləmiş, Süveyş müharibəsini alovlandırmış ingilis-fransız-israil qəsvkarları lənətlənirdi. Həmin meydançada mən xeyli sayda fərəhli “yəhudi millətinin nümayəndələrini” görürdüm. Onları bütün antisemit mitinqlərinə çıxarırdılar.
16 ildən sonra Misir prezidenti Ənvər əs-Sədat, müsəlman-xristian münaqişəsini qızışdırdıqlarına və casusluq etdiklərinə görə 15 min sovet mütəxəssini ölkədən qovmuş, 9 ildən sonra da sovet diplomatlarına qapını göstərmişdi. Ancaq nədənsə bu dəfə Hökumət Evinin həyətində mitinq keçirilməmişdi.
O binada işləyəndə, fasilələr zamanı tez-tez dənizə çıxırdıq. O vaxtlar bulvar hələ təzə tikilməyə başlamışdı. Biz gənc idik. Gördüyümüz ədalətsizlikləri, xoşagəlməz halları, həyatın başqa çətinliklərini gülüşlərlə, zarafatlarla yüngülləşdirirdik. Ümumiyyətlə, layihəçilər – əyləncəli millətdi, yumor hissi olmayan memarı isə ümumiyyətlə, işə qəbul eləmirdilər.
Tezliklə, bu binada işləyən hər kəsə giriş və çıxış üçün daimi vəsiqələr paylandı. Diaqonal qalın, qırmızı xətlə ikiyə ayrılan bu bozumtul-mavi karton parçasının yuxarısında xırda hərflərlə “inzibati bina” və iri hərflərlə “Azərbaycan SSRİ Nazirlər Soveti” yazılmışdı. Bu vəsiqə, hər şeyə alışmış insanların əksəriyyəti üçün adi kartondan başqa bir şey deyildi. Amma bizim üçün – dinclik bilmədən respublikanın şəraitsiz rayonlarını- çox vaxt maşınsız – gəzən, iyrənc mehmanxalanalarda gecələyən, partiyalı kobud adamlarla, icra hakimiyyətindəki istedadsızlarla işləyənlər üçün bu vəsiqə istənilən qapını açırdı! Bütün rəislər, katiblər və sədrlər bizi növbəsiz qəbul eləyirdilər. Vəsiqədən sonra bizə mehmanxanalarda “hökumət” nömrələri təklif eləməyə başlamışdılar, qatar, təyyarə, avtobusa bilet alanda yox cavabı eşitmirdik. Hərdən, hava pis olanda bu sehrli sənədin köməyilə istənilən maşını saxlada bilirdik və bizi ən yaxşı yerlərdə oturdurdular. Bir nəfər danışırdı ki, restoranlarda, həmin müəssisələrin direktorlarının hesabına səhər və axşam yeməyi yeyirmiş, əvəzində direktorlara şəhərin rekonstruksiyası zamanı onların restoranlarına toxunmamağa söz verirmiş. Bizim buraxılış vəsiqəsimiz bu qədər qüdrətli idi!
Ancaq onsuz Hökumət Evinə girmək mümkün deyildi. Bina çox sayıqlıqla mühafizə olunurdu. Xüsusən də, bayram günlərində. Üstəlik, may və oktyabr bayramlarında nazirliklərin və idarələrin əməkdaşları da mütləq binada növbətçi qalmalıydılar. Binanın mühafizə xidmətinin rəisinin əmri vardı, bayramqabağı son iş günündə bütün çap maşınlarını xüsusi şöbəyə təhvil vermək, surətçıxarma otağını, cildləmə emalatxanası və fotolaboratoriyanı möhürləmək tələb olunurdu. Ki, heç bir təxribatçı casus təntənəli bayram günlərində hansısa lazımsız fasadın surətini çıxarıb, hələ bir cildləməyə də cəhd eləməsin. O səfeh əmrdə əsas fasadın pəncərələrinə yaxınlaşmaq da qadağan olunmuşdu. “Növbətçinin fikri qorumaqdan yayınmasın” deyə.
Bir dəfə hərbi parad və nümayiş zamanı mənə öz institutumun 10 və 11-ci mərtəbələri əhatə eləyən ərazisini qorumaq həvalə olunmuşdu. Mən də yuxarıdan nümayişi izlədiyimə görə, pəncərənin yanında yubandım. Maraqlıydı, axı! Qəflətən kobud, ciyildəyən bir səs eşitdim: “Bunların gözətçiliyinə bax! Yəqin, hansısa layihəçidi. Bəlkə də arxada düşmənlər hansısa məxfi çertyojları cırırlar”.
Nümayiş diqqətimi o qədər cəlb eləmişdi ki, mən dərhal qorxmadım, asta-asta səsin sahibinə sarı çevrildim və… Qarşımda DTK-nın (KQB) ucaboy polkovnikini gördüm. Onun qəzəbli baxışlarından məni səməcə tutdu. “Soyadı, ad, vəzifə? – o, hökmlə dedi. – Vəsiqəniz hardadı? Onu mənə verin!” “Vəsiqəm məndədi. Onu sizə verə bilmərəm, çünki (həyasız bir yalan demək lazım idi), Partiya MK-nın tapşırığı ilə son dərəcə təcili bir işi yerinə yetirirəm”. Necə qorxmuşdumsa, polkovnikin gözünün içinə baxa-baxa belə bir gop elədim. Heç bilmirəm, o, əli-ayağı əsən birinə necə inandı. “Yaxşı, – o dondquldandı, – sizi çıxışda gözləyəcəyəm.”
Həmin andan etibarən mən dəqiqələri saymağa başladım. Özüm üçün onlarla həbs üsulu düşündüm. Saat beşin yarısında – məni növbədə əvəz eləyəcək əməkdaşımız gəldi. Bir allah bilir ki, on mərtəbəni piyada necə endim. Təbii ki, liftlər də dayandırılmışdı. Əli avtomatlı, göy və yaşıl furajkalı 10-20 zabit eyni anda mənə baxırdı. Vəsiqəmi göstərmədən çıxdım, heç kim də onu məndən istəmədi. Meydanı keçəndə geri boylandım. Binanın damında hələ də əsgərlər vardı, aşağıda da məni yola salan detekaçılar. Bilmirəm, bəlkə də qorxudan gözümə elə görünmüşdü. Şəhərdə artıq avtobuslar hərəkətə başlamışdı. Ancaq mən dayanmağa qorxurdum və qorxa-qorxa, arxama baxmadan 3-4 məhəllə keçdim. Evdə nahar eləyib dostlarımın yanına getdim. Evə yalnız ertəsi gün, məni kimsənin axtarmadığını öyrənəndən sonra qayıtdım və düz on iki saata yaxın daş kimi yatdım.
Odu ki, yaşasın parad!
Yuliya Abramova