Giriş
Rəvayətə görə məşhur fars şairi Firdovsi ömrünün 30 ilini Şahnaməyə həsr edib və nəhayət onu tamamladıqdan sonra əsərini türk sultanı Sultan Mahmud Qəznəviyə göndərib. Şeir-sənət vurğunu olan Sultan Mahmud şairlərə və bilginlərə hər il xəzinəsindən külli miqdarda vəsait ayırar, onları maddi cəhətdən dəstəkləyərdi. Sultan Mahmud Firdovsiyə də yazdığı hər beytə görə qızıl verəcəyini vəd etmişdi. Firdovsi də bunu əsas alıb Sultandan 60 min qızıl gözləyirmiş. Versiyalardan birinə görə Şahnaməni bəyənməyən Sultan Mahmud qızıl əvəzinə Firdovsiyə gümüş göndəribmiş. Bu hadisədən sonra Firdovsi də sultana həcv yazaraq öz doğma yurdunu tərk etmək məcburiyyətində qalıb və qocalanadək vətəndən kənarda ömür sürübmüş.
Bu rəvayət özlüyündə çox şey ifadə etməsə də, tarixi perspektivdən baxanda İran-Turan qarşıdurmasını anlamaq baxımından vacib rol oynayır – ona hökm edən köçəri türkdən şikayətlənən oturaq tacik şairi. Onsuz da, Firdovsi Şahnaməsinin böyük hissəsini İran-Turan savaşlarına həsr etmişdi. Turanlıların şahı olan Əfrasiyabın (Mahmud Kaşğariyə görə Alp Ər Tunqa) İran torpaqlarına hücumlarına qarşı döyüşən Rüstəm Zal və İran xalqının Turanlılara qarşı mübarizəsi Firdovsinin Şahnaməsinin sütununu təşkil edir.
Bir məqamı vurğulamaq yerinə düşər. Firdovsinin türklər haqda dediklərini onun etnik millətçi olması və ya türklərə qarşı irqçi duyğular daşıması ilə əlaqələndirmək doğru deyil. Firdovsi Sasanilərin xiffətini çəkir, öncə ərəb işğalında qalan, daha sonra isə türklərin işğal etdiyi İranın halına yanır, çiçəyi solmuş, gözəl günləri geridə qalmış İranın həsrəti ilə yaşayırdı. Onun Sultan Mahmuda həcv yazması, ya da türklər haqda mənfi kəlamlar dilə gətirməsi etnik millətçilik kimi yox, oturaq və köçəri xalqların mübarizəsi nöqteyi-nəzərindən anlaşılmalıdır. Firdovsi ola bilsin ki, gələcək nəsil oturaq taciklərə türklərə qarşı nifrət bəsləməyi məqsədli şəkildə məsləhət vermək istəməyib, ancaq bu gün Firdovsi taciklər (farslar) tərəfindən sevilsə də, türklər onu qətiyyən sevmirlər. Hər iki xalqın tarixi hekayəsi onların Firdovsiyə münasibətini təyin edir. Məsələn 2015-ci ildə İran hökuməti Salmasda Firdovsiyə qoyduğu heykəli türklərin etirazlarından sonra yığışdırmağa məcbur qalmışdı (Shaffer, 2021).
İranda köçəri hakimiyyətinin qurulması
İran coğrafiyasında tamamilə türk hakimiyyətinin qurulması 1040-cı il Dəndənəkan döyüşündən sonra başlayır. Əslində, hətta Səlçuqların İrana axınlarından öncə İranın böyük bir hissəsi başqa bir türk sülaləsi olan Qəznəvilərin hakimiyyətində idi, yəni İranda türklərin hakimiyyəti Səlçuqlardan da öncə başlamışdı, ancaq Qəznəvilər bütün İranı fəth etməmişdi. Səlçuqlar isə təkcə bütün İranı fəth etməklə qalmır, eyni zamanda orta Asiya bozqırlarında yaşayan köçəri Oğuzların da axınlarla İran coğrafiyasına yayılmasına səbəb olur. Yəni türklər İranı heç iranlıların özündən də yox, başqa türklərdən qoparıb almışdı (Peacock, 2013), (Basan, 2010).
İranda Səlçuqların hakimiyyəti köçəri və oturaq xalqların qarşıdurmasında yeni bir mərhələ kimi qəbul edilə bilər. Əgər Səlçuq hakimiyyətinə qədər köçərilər Mərkəzi Asiyada yaşayan və ara-sıra oturaq iranlılarla savaşan yadelli düşmənlər idisə, Səlçuq hakimiyyətindən sonra bu yadellilər artıq uzaqlarda yaşayan və ara-sıra yürüşlər edən düşmənlər yox, İranı işğal edib ona hökm edən işğalçılara çevrilmişdilər. Köçəri və oturaq xalqların qarşıdurması bu baxımdan yeni mərhələyə qədəm qoymuşdu. Köçərilər artıq İranın içlərində idi və ona hökm edirdi. Əslində, köçərilərin və oturaqların mübarizəsi İran tarixinə məxsus bir fenomen deyil. Uzaq Şərqdə hunlar/türklər/monqollar və çinlilərin, Qərbdə hunlar və romalıların rəqabəti onu deməyə əsas veri ki, köçəri və oturaq mübarizəsi təbii hal idi. Həyat tərzləri, dünyagörüşləri və iddiaları baxımından bir-birlərindən köklü olaraq fərqlənən və bir-birlərinə zidd olan bu iki mədəniyyətin qarşıdurması qaçınılmaz idi. Oturaqlar üçün köçərilər mədəniləşməmiş bir növ vəhşi, barbar insanlar idisə, köçərilər oturaqları zəif, rahatlığa vərdiş etmiş, döyüşməkdən aciz və hətta bəzi məqamlarda feminin insanlar olaraq görürdülər (Hambly, 2021).
Səlçuqlarla başlayan İrandakı köçərilərin dominantlığı növbəti əsrlərdə də davam edir. Səlçuqlu dövlətinin parçalanmasından sonra İran köçərilərin ikinci dalğasına məruz qalır. Bizim tariximiz üçün də həyati əhəmiyyətli olan və bu gün bir millət olaraq mövcud olmağımızın əsas səbəblərindən biri kimi qəbul etməli olduğumuz, ancaq təəssüf ki, bunu dərk etmədiyimiz Monqol yürüşləri dönəmi başlayır. Monqol yürüşlərinin tarixi əhəmiyyətinin Azərbaycanda anlaşılmamasının bəlkə də səbəblərindən biri, bu yürüşlərə Monqolların başçılıq etməsi və dövlətin tarixə Monqol İmperiyası adı ilə həkk olunmasıdır. Ancaq unutmaq olmaz ki, monqollar da bir köçəri xalq kimi öz köçəri qohumları olan türkləri özlərindən ayırmırdılar. Təbii ki, aradakı fərqdən xəbərdar idilər, ancaq oturaqlara qarşı mübarizədə eyni həyat tərzini və dünyagörüşünü paylaşan monqollar və türklər bir-birlərini təbii müttəfiq olaraq görürdülər. Bunun nəticəsidir ki, Monqol ordularında savaşan, xüsusən də İranı fəth edən monqol ordularının tərkibi əsasən türk boylarından təşkil olunmuşdu. Monqol İmperiyasının parçalanmasından sonra ortaya çıxan Altun Ordu, Cağatay və Elxanlı kimi dövlətlərin daha sonradan türkləşməsi də heç təsadüfi deyil. Monqollar zamanla özlərinə daha yaxın hiss etdikləri türk dilini mənimsəmiş və türkləşmişdilər. İddia edilənin əksinə monqollar tacik (fars) mədəniyyətinin təsiri ilə farslaşmamışdılar, əksinə öz təbii köçəri həyatlarını davam edib türk dilini mənimsəmişdilər (Vasary, 2016).
Bu baxımdan monqolların İran coğrafiyasına yürüşləri İranda türklərin təkcə hakimiyyət baxımından yox, həm də demoqrafik baxımdan güclənməsinə səbəb olmuşdu. Təbii ki, bu proseslər gedən zaman köçəri və oturaq xalqlar arasında rəqabət də buna uyğun olaraq davam edirdi. Əslində, bu gün İran coğrafiyasına İran deyilməsinin səbəbi də bir növ monqollar idi. Sasanilər dövlətinin dağılmasından sonra ərəb işğalına məruz qalmış İranda çox uzun müddət İran sözü itib-batmışdı. Monqollar bu sözü yenidən dirildir və öz qurduqları monarxiyaya İranzəmin adını seçirlər. Yəni monqollar İrana başqa bir ad seçmiş olsa idilər, bu gün İrana başqa adla xitab edə bilərdik (Fragner, 1993). Ona görə də Azərbaycanda İran sözündən çəkinən insanlar anlamalıdır ki, İran heç də tacik sözünün sinonimi deyil. Hətta o coğrafiyaya İran adının verilməsinin səbəbi də bizim varisi olduğumuz köçərilərdir. Biz İran toponiminin taciklərlə eyniləşdirilməsini qəbul etməməliyik.
Monqol dönəmindən sonra isə artıq köçərilər İran və Anadolu coğrafiyasının bir parçasına çevrilmişdilər. İrana növbəti köçəri axınına səbəb olan Əmir Teymurun yürüşləri bu baxımdan qismən fərqlənir – artıq mübarizə köçərilər və oturaqlar arasında yox, bir-biri ilə rəqib olan köçərilər arasında gedirdi. Yəni artıq İranda oturaqların hakim sinifdə heç bir rolu qalmamışdı. İran köçəri ordularının bir-birilə mübarizə apardığı bir coğrafiyaya çevrilmişdi. Oturaq mədəniyyət üçün yerləşdiyi coğrafiyanın köçərilərin döyüş meydanına çevrilməsi qədər faciəvi hadisə bəlkə də yoxdur. Çox güman bu səbədəndir ki, artıq biz bu dövrlərdə köçərilərin də yeni gerçəkliyi tam mənası ilə dərk etdiyini görürük. Artıq onlar üçün oturaqlar bir rəqib belə deyildilər. Məsələn, Ağqoyunlu bəyi Qara Yuluq Osman bəyin dilindən çıxan bu söz həmin dövrün siyasi gerçəkliyini bədii olaraq təsvir edir: “Olmasın ki oturak olasız ki beylik Türkmenlik ve Yörüklük edenlerde kalur.” (Woods 1999), (Yazıcıoğlu 1436).
Teymurilərdən sonra İran bir daha hec vaxt Orta Asiyadan geniş miqyasda köçəri hücumlarına məruz qalmadı. Yalnış anlaşılmasın, bu, İranda köçərilərin hakimiyyətinin sonu anlamına gəmir, çünki köçərilər artıq İranın özündə yaşayırdılar və ona hökm edirdilər. Teymurilərin çöküşündən sonra İrana 15-ci əsr boyu bir-birilə qohum olsa da rəqib olan Qaraqoyunlu və Ağqoyunlu türkmanları sıra ilə hökm etmişdilər. Doğrudur, onların hakimiyyəti bütün İran ərazisini əhatə etmirdi, ancaq onların İrandakı yüz illik hakimiyyəti daha böyük və köklü bir hərəkatın təməllərini atırdı.
Qızılbaşlar
17-ci əsrdə Səfəvi dövlətinə səyahət edən İtaliyalı səyyah Dela Velle farsca və türkcənin statusu haqda yazır: farsca qadın dilidir və bu dil şeir yazmaq üçündür, türkcə isə kişi dilidir və bu dil ordu dilidir. İtaliyalı səyyahın öz səyahətnaməsində qeyd etdiyi bu məqam 17-ci əsrdə İranda türklərlə taciklərin sosial statusunu, onların bir-birinə münasibətini və aralarındakı rəqabəti anlamaq baxımdan əvəzsizdir (Della Valle, 1658).
Qızılbaş ifadəsi Şeyx Səfiyyədinin başlatdığı daha sonra şiəliyi qəbul etmiş Səfəvi sufi ordeninin davamçılarını təyin etmək üçün istifadə edilirdi. Başlarına on iki imamın şərəfinə on iki zolaqlı börk taxan bu insanlara qızılbaş deyilirdi. Başlanğıcını dini cərəyan olaraq götürən qızılbaşlıq zaman içində həm də hərbi mahiyyət qazanmışdı. Səfəviyyə təriqətinin hərbiləşməsi və orduya çevrilməsi əslində qaçınılmaz idi. Çünki, bu cərəyanın davamçıları eksklyuziv olaraq köçəri türkman boyları idilər. Köçərilər həyat tərzlərinin onlara diktəsi ilə təbii olaraq doğuşdan döyüşçü olaraq yetişdirilirdilər. Böyük məsafələrdə elliklə köç edən köçərilər təbii olaraq təşkilatlanmaqda, at minməkdə, ox atmaqda, qılınc oynatmaqda mahir idilər. Bunu onların həyat tərzi onlara diqtə edirdi. Hərbiçiliklə doğuşdan yoğurulmuş köçərilər dövrün döyüşçü hovuzunu təşkil edirdi. Bu baxımdan köçərilər arasında populyarlıq qazanan səfəviyyə təriqətinin hərbi-siyasi təşkilata çevrilməsi labüd idi. Elə bunun nəticəsidir ki, Şah İsmayılın babası Şeyx Cüneydin zamanından səfəvilərin siyasi iddiaları var idi. Onlar öz təriqətlərini dövlətə çevirmək və dini əsasda dövlət qurmaq istəyirdilər. Şeyx Cüneydin və Şeyx Heydərin dövlət qurmaq cəhdləri baş tutmadı və bu dövləti qurmaq onların 14 yaşlı xələfi Şeyx İsmayıla qismət oldu. Ərdəbildən yola çıxıb, Şərqi Anadolu yaylalarına qədər səfər edən Şeyx İsmayıl öz ətrafına köçəri türkmanları toplayaraq öncə Şirvanşahlar üzərinə yürüş edərək onları məğlub edir, daha sonra isə Təbrizə girərək özünü 1501-ci ildə Şah elan edir. Növbəti 13 il ərzində Çaldıran döyüşünə qədər heç bir döyüşdə məğlub olmayaraq bütün İran coğrafiyasını fəth edir və Səfəvi İmperiyasının əsasını qoyur.
Qızılbaşların digər köçəri hərəkatlardan fərqi onda idi ki, onların hərəkatı bütün Elxanlı coğrafiyasını əhatə etmiş və sadəcə yağma və hakimiyyət uğrunda yox, dini-ideoloji əsas üzərində bu dövlət qurulmuşdu. Şah İsmayıl özünü Elxanlı mülkünün varisi hesab edirdi və elə bu səbəbdən də özünə İran Şahı ünvanını vermişdi. Şah İsmayılın İran Şahı ünvanını götürməsi, özünü Sasanilərin davamı olaraq görməsi ilə əlaqəli deyildi. Ərəblərin Sasaniləri işğal etməsindən sonra 5 əsr ərzində İran toponimi tamamilə unudulmuş və heç istifadə edilməmişdi. Bütün İranı fərh edən Səlçuqlar da özlərini İran Şahı adlandırmamışdılar, çünki İran sözü tamamilə yaddaşlardan silinmişdi. İranı fəth edən monqollar öz dövlətlərini qurduqdan sonra monarxiyanın adı olaraq İranzəmin adını seçmişdilər. Elxanlıların legitimlik naminə bu adı seçmələri ehtimal edilə bilər, ancaq səbəb nə olursa olsun, İran adını yenidən dillərə salan monqollar olmuşdu. Bu baxımdan özünə İran Şahı deməklə Şah İsmayıl əslində qədim sasani hökmdarlarını yox, elxanlıları yamsılayır və onların mirasına iddia edirdi.
Yəni bu gün Azərbaycanda aktual olan İran adından çəkinmə, İran sözünü bugünki tacik dövləti ilə eyniləşdirmə kimi təmayüllər doğru deyil. Şah İsmayıl özünə İran Şahı deməklə əslində türk-monqol ənənəsinə sahib çıxır, özünü o ənənənin davamı olaraq görürdü. Bu da çox təbii idi, çünki Şah İsmayıl da bir türk idi və köçəri həyat yaşayır, yaylaq-qışlaq köçəriliyi ilə ömrünü sürürdü. Məsələn, Təbrizə gələndə şəhərə girməz, sarayda oturmaz, şəhərin kənarında öz çadırında dövlət işləri ilə məşğul olar, məşvərətçilərini dinləyər, qonaqlarını qəbul edərdi. Şah İsmayılın köçəri həyat tərzi onun türk olduğunun ən böyük isbatıdır. Burada sual oluna bilər ki, köçərilik nə üçün türklüyün isbatı olmaldır? Bunu anlamaq üçün həmin dönəmdə türk və tacik deyərkən nə anlaşıldığını dərk etməliyik.
21-ci əsrdən fərqli olaraq, orta əsr insanı üçün etnik kimlik anlayışı mövcud deyildi. Orta əsr insanı özünü tayfası, yaşadığı şəhər/kənd, sosial statusu və dini ilə müəyyən edirdi. İndiki kimi sərt etnik bölgülər o zaman mövcud deyildi. Səfəvi dönəmində türk dedikdə hansısa etnik qrupdan daha çox, sosial qrup nəzərdə tutulurdu. Yəni türk demək, köçəri demək idi. Köçərilər hakim sinif olduğu üçün də, türk həm də hökm edən sinif olaraq anlaşılırdı. Məsələn, türkcə danışan, ancaq oturaq olan, şəhərdə yaşayan Təbriz əhalisi türk hesab edilmirdi. Türkcə danışılmasına rəğmən oturaq olduqları üçün tacik adlanırdılar. Köçəri həyatı mənimsəmiş və buna görə də Qızılbaşlara qoşulmuş bir qisim kürd, lur və talışlar da bu səbəbdən tacik yox, türk hesab edilirdi. Qısası, orta əsrlərdə türklük və taciklik etnik kimlikdən daha çox, sosial status olaraq anlaşılırdı. Sadəcə oturaq insanların əksəriyyətinin irandilli olması, köçərilərin isə əksəriyyətinin türkdilli olması zaman içində bu sosial anlayışları həm də etnik anlayışa çevirdi. Yəni bugünki türkcə danışan şəxs birbaşa köçərilərin varisi olmasa da, türklərin böyük əksəriyyətinin təbii olaraq köçəri olması və oturaqların böyük əksəriyyətinin təbii olaraq irandilli olması bu sosial qrupların eyni təməldə zamanla etnik kimliyə çevrilməsinə səbəb oldu. Türkdillilər təbii olaraq türk etnik kimiliyini, irandillilər isə fars etnik kimliyini mənimsədi. Bu baxımdan türklər qarışıqdır, bir çoxunuz türkləşmiş yerli iranlılarsınız iddiası doğru olsa da, etnik kimliyi köksüzləşdirmək cəhdi baxımından əsassızdır. Çünki eyni iddia qarşı tərəf üçün də keçərlidir – bir çox türkdilli oturaqlar da farslaşdı və ya ortaq fars/tacik kimiliyi olmayan müxətlif irandilli oturaqlar fars/tacik kimliyi əsasında zamanla etnik qrupa çevrildilər. Yəni etnik kimlik və onun hekayəsi təkcə türklər üçün yox, bütün çağdaş millətlər və etnik qruplar üçün son iki yüz ildə icad edilmişdir.
Köçəriliyin zəifləməsi

Səfəvi sülaləsi 1736-ci ildə hakimiyyəti itirsə də, İranda qızılbaşların hökmranlığı hələ də davam edirdi. Nadir Şahın şəsxsiyyətində türklər (köçərilər) yeni bir təkan əldə etmişdilər. Nadir avşarlar boyundan olsa da əsilzadə sayılmırdı, uşaqlığında özbəklərə əsr düşən, daha sonra şəxsi bacarıqları sayəsində son Səfəvi şahı Şah II Təhmasibin xidmətində Səfəvi ordularının başına keçmiş və Təhmasibqulu xan ləqəbini seçmişdir. Praktik olaraq isə bütün dövlət o zaman Nadir xanın əlində idi. Əsilzadə olmadığı və Səfəvi ailəsinə mənsub olmadığı üçün Nadir Xan bir müddət özünü şah elan etməmiş, daha sonra isə Suqovuşanda, Mil-Muğan düzündə 1736-ci ildə qurultay çağıraraq özünü şah seçdirmişdir. Nadir Şah legitimlik üçün qədim türk-monqol ənənəsinə baş vurmuş və özünü qurultayla şah seçdirmişdi. Bundan sonra da Nadir şah öz türkman kökləri ilə öyünməkdə idi. Bütün İranı türkman elinin mülkü adlandırıdırdı. Osmanlı sədrəzəminə yazdığı məktubunda Osmanlının da özü kimi Oğuz Xanın nəslindən gəldiyini xatırladaraq, Osmanlı ilə müharibənin qarşısını almağa çalışmışdı. Dehlini fəth edərkən isə Muğal şahı Məhəmməd ilə tərcüməçisiz türkcə danışmağa üstünlük vermiş, muğalların da türk olduğunu əsas gətirərək Hindistan mülkünün Muğal hakimiyyətində qalmasına razılıq vermişdi. Nadir Şah kimi daha sonra hakimiyyətə gələn Ağa Məhəmməd Şah Qacar da özünü Çingiz Xanın noyonlarından olan Qacar noyonun soyundan gəldiyini demiş və yenə də orta Asiya türk-monqol köçəri mirası ilə legitimliyini təmin etməyə çalışmışdı.
Ancaq, köçərilərin üstünlüyü bundan sonra zəifləməyə başlayır. Rus-Qacar savaşlarından sonra Qafqaz mülkünü itirən qacarlar dövlətdə islahatlar həyata keçirmək, dövləti yenidən gücləndirmək üçün avropalılardan yardım istəyir.
Avropalıların demək olar ki, bütün dediklərinə əməl edən qacarlar ilk dəfə orientalizmlə tanış olmağa başlayır. Avropalıların “persian” terminini öyrənir, onların qədim İran şahları haqda yazdıqlarını oxuyur və tədricən öz legitimliklərini qədim İran şahlarında axtarmağa başlayırlar. Məsələn, Nəsirəddin Şah özünü Sasani şahlarının davamı olaraq görürdü.

Doğrudur, qacarlar sona qədər özlərinin türk olduqlarını unutmamış, türk dilindən hər zaman istifadə etmişdilər, ancaq yavaş-yavaş İran hekayəsi, Sasani ənənəsi, türk-monqol hekayəsini də üstələməyə başlamışdı. Yenə də nəticə çıxarmağa tələsməyək. Qacarlar üçün qədim İran şahları tacik demək deyildi. Onlar yenə də oturaq taciklərlə özlərini eyniləşdirmirdilər. Qədim İran şahlarının əslində onların əcdadları olduğundan, heç taciklərin özlərinin də xəbəri yox idi. Yəni qacarlar hər nə qədər orientalizmin təsiri altında olsalar da, yenə də türklər İranda hakim mövqedə olmağa davam edirdi, ancaq bu mövqenin təməlləri artıq zədələnmişdi.
Artıq yeni hekayə qədim İran şahlarını təməl götürərək qurulurdu və bu, pəhləvilərin hakimiyyətə gəlməsi ilə daha da sürətləndi. Ruslara məğlub olduqdan sonra zəifləyən qacarlar bir də heç bir zaman arzuladıqları gücə sahib ola bilmədilər. Getdikcə hakimiyyəti zəifləyən Qacar sülaləsi nəhayət 1925-ci ildə rəsmən taxtdan endirildi və hakimiyyətə İngilislərin dəstəyi ilə Pəhləvi sülaləsi gəldi. Hətta Pəhləvi adını belə daha sonradan götürən bu ailənin İran taxtında oturmağa legitimliyi çatmırdı, çünki hakim təbəqə hər nə qədər mövqeyi zəifləsə də, legitimlik baxımından Qızılbaş olmalı idi. Pəhləvilər isə türk qarışığı olsa da, Qızılbaş deyildilər və onlar öz legitimliklərini qətiyyən türk-monqol hekayəsi əsasında qura bilməzdilər. Pəhləvilərin hakimiyyətə gəlməsi İran milli kimliyinin tamamilə tarixi orientalizm əsasında inşa edilməsinə səbəb oldu. Bu işdə pəhləvilərə məsləhət verən əsasən ingilislər idi. Pəhləvilər yeni İran kimliyini “persian” farslığı üzərində qurdular. Doğrudur, Rza şah İrana Avropalılar tərəfindən Persia deyilməsini istəmirdi və hətta buna görə İngiltərəyə nota da göndərmişdi. Onun məqsədi fars dilini və kimliyini əsas alaraq qədim İran şahlarından başlayan və Pəhləvi sülaləsi ilə davam edən İran dövləti hekayəsini qurmaq idi. Təbii ki, bu hekayədə türklər ən böyük problem olduğu üçün onların da kimlikləri bu hekayə əsasında şərh edilir və türklər türkləşmiş iranlılar olaraq təqdim edilirdi. Bugünki İran dövlətinin sırf fars/tacik ənənəsinə söykənməsi, türklərin İrana heç zaman hakim olmamaları ilə bağlı narrativ, İran dövlətinin 2500 illik davamlı dövlətçilik ənənəsinə malik olması iddiası pəhləvilərlə başlayır və son yüz ilin nəticəsidir. Beləliklə, pəhləvilər İranda təqribən 9 əsr davam etmiş türk-köçəri hakimiyyəti tarixinin tamamilə silinməsi prosesinə başlamış və sırf oturaqların hekayəsini ön plana çıxarmışdı.
Azərbaycan köçəri mədəniyyətin varisi kimi
Çağdaş dönəmdə türk və tacik qarşıdurması özünün yeni mərhələsinə qədəm qoymuşdur. Artıq bu qarşıdurma eyni dövlətdə yaşayan iki fərqli sosial qrupun rəqabəti olaraq deyil, iki fərqli dövlətdə təşkilatlanmış, eyni tarixə fərqli başlanğıc nöqtəsindən iddia edən iki dövlətin qarşıdurmasına çevrilmişdir. İsətəsək də, istəməsək də, rəsmi olaraq elan edilməsə də -Azərbaycan Respublikası köçəri-türk ənənəsinin davamıdır və bu tarixi mirasın varisidir. İran İslam Respublikası isə oturaq-tacik ənənəsinin davamı və mirasının varisidir. Son min illik tariximiz birlikdə keçdiyi üçün hər iki ölkənin bənzər tarixi iddialarının olması anlaşılandır. Ancaq bu iddiaların çıxış nöqtəsi fərqlidir. Azərbaycan İrana hökm etmiş köçəri-türklərin davamçısı olaraq bu tarixə iddia etdiyi halda, İran coğrafiyanı və tarixi orientalizmi əsas götürərək eyni tarixə iddia edir. Bir daha xatırladım ki, çağdaş İranda tarixi narrativi yaradan əvvəl ingilislər (orientalizm), sonra isə bir müddət almanlar (“ari” irqi nağılları ilə) olmuşdur. İran indiyə qədər nasional-sosialistlərin geosiyasi məqsədlərlə taciklərə sırıdığı “siz arisiniz, günəşsiniz, şirsiniz, əjdahasınız” fırldağının təsirindən çıxa bilmir, yaxud çıxmaq istəmir.
Qərblilərin İrana “Persia” deməsi və İranın tarixi hekayəsini bu təməldə qurması, bugünki, İran İslam Respublikasının tarixi iddiaları ilə də üst-üstə düşür. Azərbaycanın İranla münasibətlərini hər vəchlə yaxşı tutmağa çalışmasına baxmayaraq, İranla tez-tez yaşadığımız diplomatik gərginliyin daha dərin, təməl səbəbləri var. Bugün müzakirə və mübahisə səbəbi olan siyasi ixtilaflar, sadəcə bu tarixi rəqabətin çağdaş dönəmimizdəki əksidir. Azərbaycanla İran, yəni türklərlə taciklər arasındakı rəqabət sivilizasiyaların rəqabətidir və bu rəqabətin bitməsi ən azından indiki dönəmimizdə mümkün görünmür. Bu yazının məqsədi də Azərbaycanı İranla açıq savaşa səsləmək və ya İrana qarşı torpaq iddialarına həvəsləndirmək deyil. Sadəcə, İranla aramızdakı rəqabətə həm də tarixi nöqteyi-nəzərdən baxmağa, onu bir də tarix işığında anlamağa cəhddir. İranla münasibətdə tarixi hekayəmizi sağlam təməllər üzərində qurmalı, indiki qarışıq, həftəbecər tarix hekayəsindən imtina etməli, İrana və orientalizmə qarşı öz tarix nəzəriyyəmizi ortaya qoymalıyıq. Bunun siyasi nəticələrini də yumşaq güc olaraq mütləq əldə edəcəyik.
Mənbələr:
Shaffer, Brenda. “Iran Is More Than Persia: Ethnic Politics in the Islamic Republic.” FDD, 28 Apr. 2021, https://www.fdd.org/analysis/2021/04/28/iran-is-more-than-persia/.
Peacock, A.C.S. Early Seljuq History: A New Interpretation. Routledge, 2013.
Basan, O. A. (2010). The Great Seljuqs: A history. Taylor & Francis.
Hambly, Gavin R.G., Allworth, Edward, Sinor, Denis and Smith, David Roger. “history of Central Asia”. Encyclopedia Britannica, 15 Nov. 2021, https://www.britannica.com/topic/history-of-Central-Asia-102306. Accessed 20 April 2022.
Vásáry, István. “The Role and Function of Mongolian and Turkic in Ilkhanid Iran.” Turcologica 105. Turks and Iranians. Interactions in Language and History, 2016.
Fragner, Bert G. “Central Asian Aspects of Pre‐Modern Iranian History (14th to 19th Century).” Central Asian Survey, vol. 12, no. 4, 1993, pp. 465–471., https://doi.org/10.1080/02634939308400832.
Woods, John E. The Aqquyunlu Clan, Confederation, Empire. University of Utah Press, 1999.
Yazıcıoğlu, Ali. Târîh-i Âl-i Selçuk. Topkapı Sarayı, , 1436.
Della Valle, Pietro. The Travels in Persia.







