Tütək səsi filmi İsa Hüseynovun “Tütək səsi” və “Saz” povestlərinin motivləri əsasında ekranlaşdırılmışdır. Biz bu filmdə insanların yüksək əhval ruhiyyədə olduqlarını görürük. Qadın ərinin qara kağızını alır, ancaq nə şivən qoparır, nə də özünə qapanır. Bu kənddə dərdlər də ümumi çəkilir. Bir adamın dərdi kəndin dərdidir.
Filmin fabulası belədir: Dul qadının evinə məhəbbət gəlib; İyirmi illik sükutla keçən məhəbbət. Cəbrayıl Sayalını hələ lap gəncliyindən sevirdi, ancaq tale elə gətirdi ki, Sayalı Cəbrayılın dostu Muxtara ərə getdi. O vaxtdan Cəbrayıl öz məhəbbətini boğmuşdu. Kənara çəkilib hərə öz həyatını yaşayırdı. Sayalının əri cəhbəyə gedəndə, vətəndaş müharibəsi əlili Cəbrayıl kolxoz sədri seçilir. Heç kimin gözləmədiyi vaxtda Cəbrayılın ulduzu parlayır. Özü də davanın lap qızgın vaxtında. Cəbrayıl Sayalının tək və aciz olduğunu görür və onunla ömür yoldaşı olmaq istəyir, onun balalarına ata olacağını bildirir.
Cəbrayıl özü də hər şeyi dərk edirdi. Onun dilindən biz belə ağır sözlər eşidirik: “görünür bu qədər bədbəxtliyin içində xoşbəxt olmaq mümkün deyil”. Kənd camaatı hər şeyi bilir və Cəbrayılı qınayır, ancaq günahı Sayalıda görür. Niyə o yad adamı ər evinə buraxır? Nəyin naminə yeniyetmə oğullarının taleyi ilə oynayır? Oğlu Tapdıq evdən gedir, Cümrü isə ağlını itirir. Qardaşların biri kədərini tütək çalmaqla boğur, digəri isə evdən didərgin düşür, taqətsiz qalır, amma anasının çörəyindən imtina edir. Sayalı hamı ilə əlaqəsini kəsir, bağlı qapılar arasında axirətəcən susur, vicdan azabı çəkir. Kənd sovetinin sədri Qılınc Qurban vəziyyəti daha da mürəkkəbləşdirir. Məhz bütün bu konfiliktlər filmə həqiqi dramatizm gətirir.
Filmdə davanın da obrazı var. Bu obraz insanları birləşdirən ümumi kədər hissidir. Gözləmək ağır peşədir. Filmdə qadınlar aldıqları qara kağıza əhəmiyyət verməyib, ərlərinin haçansa qayıdacaqlarına inanırlar. Böyük Vətən müharibəsi illəri insanlara gözləməyi öyrətdi. Kim ən yaxşı gözləsə, o qalib gəlirdi həyata.
Film çoban tütəyinin qədim və qəmli səsi üstündə qurulub. Qara-ağ təsvir, filmin balladavari quruluşu da bunu göstərir. Burada ekzotika yoxdur. Səmanın alçaq buludları altında kəndlilər dava ilinin məhsulunu yığırlar. Arxada hamı cəhbə üçün böyük bir inamla çalışır, qan-tər tökür, çiyin-çiyinə işləyirlər. Onlar üçün vətəndaşlıq borcu şəxsi həyatlarından yüksəkdə durur.
Müharibə mövzusunda yazılmış bu əsərlərdə döyüş səhnəsi yoxdur, lakin müharibənin insan talelərinə vurduğu yaralar ustalıqla təsvir olunmuşdur. İsa Hüseynov müharibəni “insanlıq tarixinin üz qarası” kimi dəyərləndirən yazıçılardandır.
Filmdə İsfəndiyar kişinin Qılınc Qurbana dediyi, “bircə iblis var – o da müharibə” fikri bütünlüklə İsa Hüseynovun müəllif ideyasını ortaya qoyur. Filmi izləyərkən yazıçının orijinal fikirlərə sahib olduğunu görməmək mümkünsüzdür. Çünki pasifist düşüncə sovet ideologiyasına zidd idi. Yazıçının heç bir obrazı haqsız deyil, hər obrazın öz həqiqəti, öz doğruları var. Bu da ona imkan verir ki, tamaşaçı seçim etsin, fikirləşsin, kimin haqlı olduğuna özü qərar versin.
Cümrü və onun taleyi həmişə diqqət mərkəzində durur. Cümrü doğma anasının ismətinə ləkə salan kolxoz sədri Cəbrayılın hərəkətinə qarşı nifrətlə etiraz səsini ucaldır. Bu səs Cümrünün ucadan susmasıyla – tütəyinin danışmasıyla eşidilir. Cümrü tütəkdə yanıqlı havalar çalır. Öz daxili aləminə qapanan Cümrü, ətrafında baş verən hadisələrə, o cümlədən müharibəyə tütək səsi ilə etirazını bildirir.
Cəbrayıl obrazı kiməsə mənfi, kiməsə müsbət görünə bilər. Onun günahı sevgisindədir. Ləqəbi “Əzrayıl” olan Cəbrayılın işə can yandırması, Tapdıq və dostları əkin sahəsində işləmədikləri üçün təkbaşına cüt sürməsi onun müsbət keyfiyyətidir. Ona görə Cəbrayıl obrazı tamaşaçıda rəğbət də oyadır.
Digər tərəfdən baxdıqda isə məsələ tamam başqadır. Müharibə olmasaydı hər kəs yenə öz yerində qalacaqdı. Nə Muxtarın ailəsinə nifaq düşəcəkdi, nə də Cəbrayıl Sayalıya olan eşqini dilinə alacaqdı. Ona görə də filmi təhlil edərkən dövrü nəzərə alıb fikir yürütmək gərəkdir. Ürək dəmirdən deyil ki, insan onu istədiyi formaya sala bilsin. Cəbrayılın da, Sayalının da hissləri var. Onlar dəyərlərin yox, hisslərin qurbanı olmağı seçdilər.
Filmdə diqqət çəkən obraz optimistliyi ilə seçilən poçtalyon Millidir. Millinin Tapdığa olan sevgisi, hər şeyə rəğmən gələcək gözəl günlərə inamı, cehiz samovarını cəbhəyə göndərməsi onun hansı xarakterə sahib olmasını açıq-aşkar göstərir. Epizodların birində Qılınc Qurban Millinin köhnə məktubları gizlədib, yeni kimi əsgər ailələrinə verib muştuluq aldığını deyir. Lakin sonrakı epizodda bəlli olur ki, Milli qara kağızları əsgər ailələrindən gizlədirmiş və ona görə gizlədirmiş ki, insanların gələcəyə inamı ölməsin, çünki inam öldükdə hər şey sona çatır. Biz bunun isbatını İsfəndiyar kişinin oğlunun qara kağızından xəbər tutduğu səhnədə görürük. İsfəndiyar kişi artıq hər şey ilə barışıb sazı əlinə alır. “Ruhani” havası ilə fəryad çəkir.
Qılınc Qurban vətən müdafiəçilərinin ailə namusu və təmiz adının keşikçisidir. O, həm sərtdir, həm də qayğıkeşdir. Müharibə başlayan gündən Qılınc Qurban hamıya şübhəli nəzərlə baxır. O, insanların, o cümlədən talesiz Hacının ürəyində də “İblis” axtarır və belə vəziyyətdə oxucunun gözündən düşmür. Müəllif bütün bəlaların kökündə qanlı müharibəni görür.
Qılınc Qurban İblis axtarışındadır. O, bir neçə dəfə İblisin adını çəkir. Buradakı “İblis” əslində elə Hüseyn Cavidin “İblis”idir. Hüseyn Cavidin əsərində İblis Arifi rahat buraxmır, bu filmdə isə Qılınc Qurbanı. Elə Qurban da Arifə çox bənzəyir. Hər ikisi mübariz obrazdır, hər ikisi İblisin varlığını qəbul edir.
İsa Hüseynov və Hüseyn Cavid əqidəcə bir-birilərinə yaxın yazıçılardır. Baxmayaraq ki, hər ikisinin öz yolu, öz üslubu var. Hər ikisi həqiqət axtarışındadılar və bu axtarış bütün əsərlərində özünü göstərir.
Filmin musiqisi hadisələrin ovqatı ilə üst-üstə düşür, filmdəki hadisələrin və xarakterlərin açılmasına kömək edir.
İsfəndiyar kişi həmişə xalqın içindədir, el ağsaqqalıdır, fikir sahibidir, hər şeyi bilən, səbrli və təmkinlidir. Bir növ Dədə Qorquddur. Oğlunun müharibədən qayıtmasını gözləyən Dədə Qorqud. İsfəndiyar kişini həyata bağlayan sazıdır, Dədə Qorqud kimi. Lakin oğlu davaya gedəndən sonra o, əlinə saz almamışdır. Bir dəfə xəyalına bir əsgər gəlir, bu əsgər “ruhani” sədaları altında yol gedir. İsfəndiyar kişi düşünür ki, onun oğludur bu havanı çalan. Qaçır xayalının arxasınca, evə çatanda isə görür ki, saz divardan asılıb, nə oğul var, nə də “ruhani”. İsfəndiyar kişi xeyli fikirləşdikdən sonra sazı əlinə götürüb çalmağa başlayır. Bu, İsfəndiyar kişinin həyatla barışmasıdır.
Cümrü adının mənası “təkcə”dir. Adı ilə eyni taleyi yaşayan Cümrü tək qalır, havalanır, tərkidünya olur. Onun tərkidünyalığı tütək səsində cəmlənir. Necə ki, sufilər ney üfləyir, Cümrü də tütəyiylə haray çəkir. Mövlanə Cəlaləddin Rumi demişkən: Ney ona görə haray çəkir ki, qamışından ayrı düşüb. Cümrü də ayrı düşmüşdü, atasından, anasından, qardaşından, hamıdan.
Sayalı isə adı ilə eyni taleyi yaşamır, həyatda heç nə ona düşərli olmur. Xoşbəxt ailə qurmaq cəhdi, faciə ilə bitir. Sayalı daha ağır cəza alır. Oğlunun birinin dəli olması bəs deyilmiş kimi, digər oğlu Tapdıq vərəm xəstəliyi tapır və anasının qollarında can verir.
Son kadrın lap dərinliyində güclə seçilən bir əsgər fiquru görünür. “Əsgər gəlir!” – deyə qışqırır. Hamı ümidlə, intizarla yerində donub qalır. O isə getdikcə yaxınlaşır. Onun addımlarından evə tələsməsi görünür. Davadan qayıdan o əsgərin kimin əri, yaxud kimin oğlu olduğunu bilməyəcəyik. Gözləmə səhnəsi ilə film qəsdən nöqtəsini qoymadan açıq finalla başa çatır.
Xülasə. “Tütək səsi” filmi bizə ideologiyanın nə qədər vacib olduğunu göstərir. İnsanlar işıqlı gələcək üçün ac qalmağa belə razıdırlar. Müharibənin ağırlığı, aclıq, ailə üzvünün müharibədə həlak olması belə, insanların gələcəyə olan ümidini öldürmürdü. Çünki onları gələcəyə bağlayan bir ümid, ideologiya var idi. İndi isə, bu ümid olmadığından insanlar intihara daha meyillidirlər. Elə birinci uğursuzluqda intihara cəhd edirlər.







