Son ayların müşahidəsidir: toya toplantı deyən dövlət rəsmisi də, çox içməyi ilə bağlı qınağa tuş gələn gənc yazıçı da, qabaqdakı marşrutun növbəsinə girən avtobus sürücüsü də özünə eyni cür haqq qazandırır: Əcəb eləmişəm! Əvvəllər bu “əcəb eləmişəm” birləşməsinin “əlimin içindən gəlir”, yaxud “bacarana can qurban” kimi variantlarından daha çox istifadə olunurdu, indi onlar müvəqqəti dəbdən düşüblər. Məncə, “əcəb eləmişəm” birləşməsi həmişə emosional reaksiya deyil, bu ifadənin canında hələlik mürgülü olsa da, hər an oyanmağa hazır təhlükəli tendensiyalar var. “Əcəb eləmişəm” arqumentsizliklə psevdo-arqument arasındakı keçiddir, ara mərhələdir, bir addım o yanda populizm başlayır.
Son illər bütün dünyada olduğu kimi, bizdə də ən çox təkrarlanan fikirlərdən biri budur ki, xalqı tənqid etməklə heç nəyə nail olmaq mümkün deyil; əslində, bu ritorikanın məqsədi söhbəti “xalq”ın üzərinə fokuslayaraq tənqidi düşüncəni sıradan çıxartmaqdır. Çünki tənqidi düşüncə aktiv olduqca millətçiliklə, dinçiliklə, ənənəçiliklə… fırıldağı keçənlərin işi çətinləşir, yaxşısı onu gözdən salmaq, dəyərsizləşdirmək, anti-milli elan etmək, xalqa xor baxmaqla damğalamaqdır. Tutalım, son vaxtlar bizdə “Molla Nəsrəddin məktəbi”nə qarşı yönəldilən tənqidlərin içində haqlı məqamlar da var, amma əksərən inkar edilənin yerinə təklif olunanlar sonrakı mərhələlərin təcrübəsi yox, daha əvvəlki, daha köhnə yollardır. İddia budur ki, tənqidə, ağıla, rasional düşüncəyə söykənən diskurslar effektiv deyil, deməli, ənənəvi, irrasional, sentimental, daha yüngül müstəvidə qalmaq lazımdır. Dediyim kimi, doğrudur ki, bizim yapışıb qaldığımız xeyli metod artıq effektiv deyil, amma əsas məqam da elə budur: Tənqidin metodu köhnəlib, özü yox. Tənqidi düşüncə tərzinin köhnəldiyini iddia etmək savadsızlıqdır. Məncə, biz XX əsr ikinci yarısından etibarən ortaya çıxan və özünü doğruldan analitik məktəbləri, metodları öz cəmiyyətimizin problemlərinə tətbiq etməliyik. Bəli, artıq elə bir əsrdə yaşayırıq ki, indi Mirzə Cəlilin metodları effektiv deyil, amma Mirzə Cəlil səhv etdiyinə, ya da “Molla Nəsrəddin” məktəbi gərəksiz olduğuna görə yox, biz alət çantamızı, metodlarımızı təzələmədiyimiz üçün.
Ötən əsrdə başlayan Frankfurt Məktəbinin araşdırmaları bu yolda bizim üçün çox yaxşı nümunə ola bilər. Frankfurt Məktəbinin qurucularından olan Maks Horkhaymer İkinci Dünya Müharibəsindən sonra “Amerikan Yəhudi Komitəsi”nin sponsorluğu ilə “Önhökmlə bağlı araşdırmalar” adlı layihəyə rəhbərlik etməyə başladı. Bu araşdırma layihəsinin nəticələri irihəcmli beş cildlik kitab şəklində çap olundu. Layihə çərçivəsində Leo Levental və Nobert Qutermanın “Aldatmağın peyğəmbərləri: Amerikan agitatorunun texnikasıyla bağlı bir araşdırma”, Bruno Bettelheym və Morris Yanovistin “Önhökmün dinamikası: veteranlarla bağlı psixoloji və sosioloji araşdırma”, Natan Ekerman və Mari Yahodanın “Anti-semitizm və emosional pozuntu: psixoanalitik interpretasiya”, Pol Massinqin “İşğal məşqi: İmperiya Almaniyasında siyasi anti-semitizmlə bağlı araşdırma” və Teodor Adornonun rəhbərliyində Elza Frenkel-Braunsvik, Daniel Levinson, R. Nevit Sanfordun hazırladıqları “Avtoritar şəxsiyyət” kitabları çap olundu. Bu seriyanın içində 900 səhifəlik “Avtoritar şəxsiyyət” kitabında Teodor Adornonun yazdığı eyniadlı hissə xüsusilə məşhurlaşdı və bugün ayrıca kitab kimi çap olunur. Bizim dilimizə də tərcümə olunub, “Alataron yayınları”ndan “Avtoritar şəxsiyyətin necəliyi” adıyla çıxıb.
Frankfurt Məktəbinin mütəffəkirləri avtoritarizmin, anti-semitizmin, populizmin təbiətini araşdırmaq üçün siyasətçilərin radio nitqlərini təhlil etməyə başlamışdılar. Məsələn, Adorno ötən əsrin 30-cu illərində məşhur olan radikal sağın radio sözçüsü Martin Lüter Tomasın radio çıxışlarını analiz edib: “Martin Lüter Tomasın radio söhbətlərinin psixoloji texnikası.”
Adorno və həmkarları öz araşdırmalarını “potensial faşist” fərdi təsbit etmək üstündə qurmuşdular. Burada ona görə “potensial” sözündən istifadə olunub ki, söhbət öz faşistliyini açıqca elan edən, yaxud hansısa faşizan təşkilata üzv olanlardan getmir. Məqsəd odur ki, faşizm yenidən yüksəlişə keçsə, asanlıqla ona uyğunlaşacaq düşüncə tiplərini necə müəyyənləşdirmək olar? Araşdırmanın əsas sualları belə idi: Potensial faşist bir fərd varsa, o necə adamdır? Anti-demokratik düşüncənin xüsusiyyətləri nələrdir? İnsanı anti-demokratik düşüncələyə sürükləyən daxili mexanizmlər hansılardır?
Adorno “Avtoritar şəxsiyyət” kitabında avtoritarizmin doqquz cəhətini təsvir edir:
- Ənənəçilik: Ənənəvi, orta sinif dəyərlərinə möhkəm şəkildə bağlanmaq.
- Avtoritar təslimçilik: Mənsub olduğu qrupun, ideallaşdırılan fiqurlara itaət, tənqidi düşüncədən uzaq durmaq.
- Avtoritar aqressivlik: Ənənəvi dəyərləri tənqid edənləri məhkum etməyə, rədd etməyə və cəzalandırmağa meyil.
- Subyektiv, yaradıcı düşüncəyə qarşı olmaq.
- Batil inanc və klişe hökmlər: Taleyin mistik olaraq müəyyənləşməsinə inam, kateqoriyaları ehkamlaşdırmaq.
- Güc və “zorakılıq”: Hakimiyət-təslimiyyət, güclü-zəif, lider-davamçı ikilikləriylə düşünmək; güc fiqurlarıyla özünü identifikasiya etmək; eqonun ənənəvi xüsusiyyətləri hədsiz istinad, şişirdilmiş möhkəmlik və sərtlik iddiasında olmaq.
- Destruktivizm və sinizm: Ümumiləşdirilmiş düşmən anlayışı, insanı həqir hörmək.
- Dünyadakı vəhşi, qəddar, zorakı şeylərin davam edəcəyinə inanmaq meyli.
- Cinsi fəaliyyətlərlə bağlı şişirdilmiş narahatlıq.
Bu gün radionun yerini sosial şəbəkələr tutub və mənbələrin bu qədər açıq olduğu əsrdə, lağlağıdan, hırıltıdan xilas olaraq ciddi araşdırmalar aparan, səbrli, zəhmətkəş düşüncə adamlarına ehtiyac var. İynəli atmacalar, yaxşı düşünülmüş replikadan artığına ehtiyac var, kimsə götürüb agitatorların, populistlərin statuslarını, çıxışlarını çox ciddi şəkildə təhlil etməlidir. Məsələn, Ata Abdullayev kimi bir fenomenin və ya hər hansı demaqoq deputatın, jurnalistin sözünü fotoşoplamağın əhəmiyyəti yoxdur, onların ritorikasını, texnikasını araşdırmaq lazımdır. Tutalım, belə bir araşdırma yazılsa, nə gözəl olardı: “Elman Nəsirovun mətbuata açıqlamaları: psixoanalitik kontekstdə.”
Çağdaş dövrdə də Frankfurt Məktəbinin davamçıları öz araşdırmaları ilə yeni əsrin populist simalarını təhlil edirlər. Məsələn, Donald Trampın “qeyri-rəsmi mətbuat xidməti” adlandırılan Nikolas J. Fuentes adlı maraqlı bir fenomen var. O, “America First with Nicolas J. Fuentes” adlı yutub kanalında mütəmadi olaraq Trampı dəstəkləyir, kəskin çıxışlar edirdi. Bu ilin fevralında nifrət doğuran çıxışlar etdiyi üçün yutub onun kanalını blokladı, amma Fuentes müxtəlif platformalarda öz çıxışlarını davam etdirir. 2018-ci ildə Yeremiya Morlokun (Jeremiah Morelock) redaktorluğunda çapdan çıxan “Tənqidi teoriya və avtoritar populizm” adlı araşdırmalar toplusunda Avropada və ABŞ-da yüksəlməyə başlayan populizm Frankfurt Məktəbinin perspektivindən analiz edilir.
Frankfurt Məktəbinin metodlarından istifadə edən avstriyalı sosioloq Kristian Fuks 2018-ci ildə çapdan çıxan “Avtoritar kapitalizm, avtoritar hərəkatlar və avtoritar kommunikasiya” adlı kitabında sağ avtoritarizmin dörd cəhətini önə çıxardır: 1) avtoritar şəxslər güclü avtoritetlərə, liderlərə inanırlar; 2) milləti və etnosu formalaşdırdığı ehtimal edilən müəyyən bir qrupun üstünlüyünə inanırlar, millətçilik və dost-düşman ritorikasını kapitalizmin yaratdığı sinfi toqquşmanın üstünü örtmək üçün istifadə edirlər; 3) Milli hesab edilən əksər şeyləri adətən “mübarizə aparılmalı və məhv edilməli düşman” kimi təqdim edilən bir, yaxud birdən çox xarici qrupa münasibətdə inşa edirlər; 4) Patriarxal və militaristdirlər, mühafizəkar dəyərlərə inanırlar.
Müqayisəli politologiya üzrə alimlər Pippa Norris və Ronald İnqhartın yazdıqları “Mədəni reaksiya: Tramp, Breksit və avtoritar populizmin yüksəlişi” (2019) kitabında isə avtoritarizmin üç əsas cəhətindən söz açılır:
1) Sabitliyin pozulması riskini əsas gətirərək təhlükəsizliyin əhəmiyyətini vurğulamaq (əcnəbilər işimizi əlimizdən alır, mühacirlər qadınlarımıza hücum çəkir, terroristlər sabitliyimizi təhdid edir);
2) Ənənəvi dəyərləri mühafizə etmək və həyat tərzini qorumaq üçün konformizm (“Avropa dəyərlərinə” tuşlanmış təhdidlərə qarşı “Biz” anlayışını müdafiə etmək);
3) Qrupu və qrupun ənənələrini qoruyan güclü liderə qarşı sadiqlik, itaət ehtiyacı, onun ətrafında sıx birləşmək vurğusu;
Əksər mütəxəssislərə görə populizmin standart bir tərifi olmasa da, müəyyən simptomları var ki, onlar universal xarakterdədir və dünyanın hər yerində eyniyyət göstərir. Belə icmallaşdırmaq olar: anti-intellektual ritorika – fakta, analizə yox, emosiyalara istinad; media dublyorluğu – özünü “mətbuat” kimi aparmaq; cəmiyyəti “saf, məsum xalq” və “pozğunlaşmış elitlər” illüziyası üstündə təqdim edərək “xalqın ürəyindən keçənləri deyirəm” ritorikası formalaşdırmaq; bir fraksiyanın, bir seqmentin nümayəndəsinin özünü hamının təmsilçisi kimi aparması…
Holland politoloq Kas Maddenin fikrincə, populizm tək başına hər şeyə cavabı olan müstəqil ideologiya deyil; onun əsas və təhlükəli cəhəti odur ki, oturuşmuş istənilən ideologiyaya uyğunlaşa bilir, onun rənginə bürünür, buqələmun kimidir.
Populist ritorika həmişə özünü xalqdan sayır, xalqın sözçüsü kimi təqdim edir, qarşı tərəfi isə milli olmayan, xalqın qeydinə qalmayan, biganə elan edir. Amma bu ritorikada ifadə edilən xalq anlayışı məhduddur, Trampın bütün dünya filosoflarını güldürən cümləsində olduğu kimi: “Əsas xalqın birləşməsidir, çünki yerdə qalanların əhəmiyyəti yoxdur.”
Leo Levental və Nobert Quterman “Aldatmağın peyğəmbərləri: Amerikan agitatorunun texnikasıyla bağlı bir araşdırma” kitabında populistləri, agitatorları sonradan çox məşhurlaşan “avtobus analogiyası” vasitəsilə ifadə ediblər. Ağzına kimi dolu avtobusda küncə sıxışdırılan bir sərnişin səsli şəkildə narazılığını ifadə edir. Söhbətə ikinci sərnişin qoşularaq avtobus şirkətinin bu istiqamət üzrə dövriyyəyə daha çox avtobus buraxılmalı olduğunu deyir. Üçüncü sərnişin dilə gəlib deyir ki, bunun avtobus şirkətiylə heç bir əlaqəsi yoxdur, “dilimizi bilməyən əcnəbilər”in ucbatından bu hala gəlmişik, onları gəldikləri yerə göndərsək hər şey düzələcək. Müəlliflər deyirlər ki, birinci sərnişinin sözləri “qeyri-müəyyən şikayət”dir, ikincinin fikirləri “reformistin, yaxud inqilabçının” təklifidir, üçüncünün fikri isə populistin, agitatorun ritorikasıdır.
Müdrik xalqımızın bir nəsihətində deyildiyi kimi: “Avtobusda əyləşmək istəyirsənsə, vaxtında minmək lazımdır.”