Dilimizin izahlı lüğətində başlıqdakı iki sözdən (daha doğrusu, söz kökündən!) yalnız birinin izahına rastlaya bilərsiniz. Elə ondan başlayaq.
Dılğır. Sifət kimi: Tükü tökülmüş, qotur. Məs: Dılğır at. İsim kimi: Boş, avara, yaramaz adama deyilir.
Biz dılğırizm dedikdə təbii ki, ikinci məna (isim) üzərindən çıxış edirik. Çünki məhz həmin mənanın mənəvi yükü var.
Lüğətdə rastlanmayan dıydıq sözünə gəlincə… Şit, bayağı, düşük mənalarına gələn bir sözdür. Yazı-pozu adamlarına yeri gəldikcə işlətmələrini məsləhət görürəm. Çünki enerjisi, ruhu, canı olan sözdür, fikrin daha sərrast ifadə olunmasına kömək edir. Çox dəqiq, çox konkretdir. Ölü sözə çevrilməsi doğru deyil.
Pardon… Dilçilik dərsi vermək fikrindən uzağam.
Niyyətim başqadır. Yaxşısı budur, mətləbə keçim.
Azərbaycanda qara qəpik qədər dəyəri olmayan bir söz varsa o da elə dəyər sözüdür. Kim ağzını açsa, dəyərlərdən, onların qorunmasının vacibliyindən basıb-bağlayır, lakin həlledici anda məlum olur ki, bu, tamada təfəkküründən, tostbazlıqdan başqa bir şey deyilmiş.
Ölkədə ən təmtəraqlı villaları, ən dəbdəbəli mülkləri “Bizim Qarabağ kimi dərdimiz var” deyən adamlar tikir.
Ən bahalı maşınları toylarda “Bu gecə yuxuma girmişdi Şuşa” şeirini deyənlər sürür.
Halbuki həmin villalara, o maşınlara quru maaşla necə sahib olduqlarını soruşsan, basıb adamın gözünü çıxararlar.
“Ərimi sevgilisi ilə tutdum, acığa mən də gedib ərimin sevgilisinin əri ilə yatdım” deyən adamlar TV-lərdə ailə institutunun müqəddəsliyindən dərs keçirlər.
Kimi dindirirsən, milli-mənəvi dəyərin biri bir qəpik! Kimi dindirsən, bəşəri dəyərlərin üç kilosu bir manatdan! Artistizm xirtdəyə çıxıb, ancaq teatr yoxdur ölkədə. Teatr ölüb. Absurdun pik nöqtəsi!
Bir neçə gün öncə tanınmış yaprtokrat deputat sabiq yüksək çinli məmurun COVİD-19-la bağlı karantin qaydalarını pozaraq təşkil etdiyi toy mərasimində iştirakına belə haqq qazandırmışdı: “…məni dəvət edib toyuna. Mən indi necə getməyim ora? Onda mən şərəfsizlik paltarını geyinməliyəm və camaatın arasına şərəfsiz kimi çıxmalıyam”. Təsəvvür edin: korrupsioner, ədalətsiz, basqıçı, repressiv bir sistemin parçası, “vintciyi” olarkən, saxta yolla mandat qazanarkən şərəf anlayışı yadına düşmür, ancaq pandemiya səbəbilə yasaqlanan toylara gedirsən ki, nə var, nə var, “şərəfsizlik paltarı” geyinməyəsən. Doğrudanmı, utanmazlıq sözü dilimizdə artıq arxaizmdir?!
Bilmirəm yadınızdadır, ya yox, Rasim Musabəyov ad-soyadlı deputat “Azneft” meydanındakı yeraltı keçiddə popkorn satan uşağa möhkəm əsəbiləşmişdi, Bakıya gələn xarici qonaqlarda pis təəssürat yaratmasından, icazəsiz işləməsindən, vergi ödəməməsindən gileylənmişdi, bundan sonra həmin yeniyetməni oradan qovmuşdular. Musabəyova isə Rüfət Quliyev adlı başqa bir deputatdan dəstək gəlmişdi. Demişdi ki, küçədə satılan popkorn insanları zəhərləyə bilər. Bəlkə də haqlı idi. Ancaq absurd olan, bilirsinizmi, nədir? Bu Rüfət Quliyev “European Tobacco Baku” fabrikinin rəhbəridir, həmin fabrik də siqaret istehsalı ilə məşğuldur! Özü siqaret düzəldib satır, lakin popkornun insanları zəhərləməsindən narahatdır. Həyasızlığın bu həddə çatdığı ölkədə yaşamaq üçün bir ürək azdır, insana azı iki ürək lazımdır ki, biri partlayanda digəri ilə həyata davam edə biləsən. Əgər orada yaşamaq, doğrudan da, sənə çox lazımdırsa!
Qatı müxalifətçi olduğu üçün ən yaxın adamını toyuna çağırmaqdan çəkinən adam tanıyıram, ilk övladına Babək adı qoymuşdu. Bir azca dərindən düşünəndə adamın tükləri biz-biz olur, ürəyi bulanır, başı gicəllənir, gözü qaralır…
Əcaib vəziyyətdir: bütün ömrü saraylara yaltaqlanmaqda keçən bir adam xırdaca tənqidlə qəhrəmana dönür bu ölkədə… Baxırsan, mədh eləmədiyi birinci katib, prezident qalmayıb, ancaq arada “Bəzi məmurlar harınlayıblar” tipli cümlə qurması kifayətdir ki, camaat “Əhsən! Afərin! Ziyalı belə olar!” deyib alqış tutsun, qəhrəman elan eləsin.
Və ömrü boyu doğruluqdan, dürüstlükdən, həqiqətpərəstlikdən dəm vuran adam babat bir qonorarın, iki otaqlı evin, hansısa qotur medalın müqabilində saray təlxəyinə çevrilə bilir.
Ən dəhşətlisi isə bunlardan heç biri deyil.
Ən dəhşətlisi odur ki, camaatın gözündə hər ikisinə mütləq bəraət tapılır. Birinci halda: deməli, “vicdanını tamam itirməyibmiş”… İkinci halda: “neyləsin, onun da evdə balaları var…”. Güləsən, ağlayasan? Başına haranın daşına tökəsən? Siçan dərmanımı içəsən, “Koroğlu” körpüsündənmi atdanasan?
Eyni şeyləri dönə-dönə nə qədər yazmaq, nə qədər söyləmək olar? Təkrar-təkrar nə qədər soruşmaq olar ki:
Bunca “Vətən, vətən!” deyib bağıran adam varsa, vətən niyə bu gündədir?
Bunca rüşvəti pisləyən adam varsa, soruşmaq ayıb olmasın, bəs bu ölkədə rüşvəti kim verir, kim alır?
Bunca hacısı, məşədisi, kərbəlayısı olan ölkədə yalan necə ayaq açıb yeriyir, korrupsiya necə meydan sulayır, işverənlik, üzəduranlıq necə normativə çevrilir?
Təkrar-təkrar nə qədər soruşmaq olar ki:
“Bütöv Azərbaycan” bağırmaq nədi, yerlibazlıq nədi? Rayon, kənd, hətta məhəllə davası nədi?
“Dama-dama göl olar” demək nədi, “quyuya su tökməklə quyu dolmaz” demək nə?
“Öyrənməyin yaşı yoxdu” demək nədi, “qırxında öyrənən, gorunda çalar” demək nə?
“Artıq tamah baş yarar” demək nədi, “çox pul cib deşməz” demək nə?
“Qız yükü, duz yükü” demək nədi, “qız qalar, qızıla dönər” demək nə?
“Ən yaxşı biclik düzlükdür” demək nədi, “düz düzdə qalar” demək nə?
“El üçün yanmayan ocaq köz salmaz” demək nədi, “el üçün ağlayan göz kor olar” demək nə?
Hərdən fikirləşir adam: tarixdə bu qədər özünü təkzib eləyən, bir söylədiyi digər söylədiyini inkar ikinci bir topluluq varmı?
Sonra da gileylənirik, hardandır məmləkətdə bunca ikiüzlülük…
Deyəcəksiniz, bu qədər “mus-mus” yetər, “Mustafa”nı söylə.
Baş üstə!
Bütün bunların yaşandığı, adiləşdiyi ölkədə cürbəcür “izm”lər ətrafında müzakirələri, mübahisələri görürəm: ay liberalizm elə, ay sosializm belə… Ay modernizm ordan gəldi, postmodernizm burdan getdi… Realizm zırt, romantizm pırt… Buddizm filan, marksizm feşməkan…
Halbuki Azərbaycanda, olsa-olsa, iki izmdən danışa bilərik: dıydıqizmdən və dılğırizmdən.
Başınızı ağrıtdığım üçün üzrlü sayın. Özünüzə yaxşı baxın.