Azlogos
  • Qaydalar
  • Kimlər var

IMG 20260326 WA0000 "Qəvvas". Zugzwang dövrünün sehrli teatrı WhatsApp Image 2026 05 25 at 14.36.43 SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib Başlıq Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair 1960 lar “Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya Güldürənlər və gülənlər haqqında 1677510744 1 Əyalət sindromu haqqında
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Üzeyir Hacıbəyli 28 Aprelə qarşı

Elnur Astanbəyli Elnur Astanbəyli
., Sərbəst
27 Aprel 2020
Oxuma vaxtı:6 dəqiqəyə oxunur
Modern.az 824886 1529596810
Paylaş

Müəllifdən: bir neçə gün sonra, aprelin 28-də Azərbaycanda bolşevik işğalının 100-cü ildönümüdür. Bu münasibətlə bir neçə yazı qələmə almağı doğru saydım. Həmin silsilədən ilk məqaləni AzLogos oxucularına təqdim edirəm.

“Üzeyir”, “Hacıbəyli Üzeyir”, “Üzeyir Hacıbəyli”… Bunlar böyük bəstəkarımız və fikir adamımız, aydınımız Üzeyir Hacıbəylinin Azərbaycan Cümhuriyyətinin rəsmi nəşri olan “Azərbaycan” qəzeti səhifələrindəki məqalələrinə qoyduğu imzalardır.

Onun həmin qəzetdəki sonuncu məqaləsi isə qısa imza ilə işıq üzü görmüşdü: “Çi”.

Nəzərə alsaq ki, Üzeyir bəyin “Azərbaycan”dakı imzaları arasında “Musiqiçi”də vardı, görünür, böyük bəstəkar və publisist bu dəfə onun sonundakı sözdüzəldici şəkilçi ilə kifayətlənmişdi.

“Zurna” adlanan həmin felyeton “Azərbaycan”ın 25 aprel 1920-ci il tarixli sayında dərc olunmuşdu. Cəmi üç gün sonra vətənimizdə rus-bolşevik işğalı gerçəkləşəcək, ilk Cümhuriyyətimiz isə tarixə qovuşacaqdı.

Üzeyir bəy isə “Zurna”da diqqəti həmin təhlükəyə çəkir və istiqlalımızın itirilməsi nəticəsində başımıza gələcəkləri anons edirdi.

Məqalədən bir parça: “Mən demirəm ki, Nikolay hökuməti ilə Lenin hökuməti arasında təfavüt yoxdur, xeyir! Təfavüt vardır və o özü də bundan ibarətdir ki, nikolaylar və generallar hökuməti bizə həmişə “usvoloç” deyib atamıza söyərdilər, mujik və raboçi hökuməti isə məşhur rus söyüşü ilə anamıza söyəcəklər”.

“Zurna”dan görünən odur ki, böyük bəstəkar və publisist yeni qurulacaq hökumətdən, demək olar, yaxşı heç nə gözləmirdi.

***

Əslində Üzeyir bəy “Zurna”dan öncə də “Azərbaycan”dakı bir çox məqaləsində şimaldan istiqlalımıza yaranan təhlükədən tez-tez bəhs edir, bir növ, həyəcan siqnalı çalırdı.

Bu yerdə kiçik bir haşiyə çıxaq: Üzeyir bəyin “Azərbaycan” qəzetində birinci məqaləsi 29 oktyabr 1918-ci ildə işıq üzü görmüşdü; bundan cəmi üç ay sonra isə o, artıq ilk Cümhuriyyətimizin rəsmi qəzetinin baş redaktoru idi. Belə ki, 1919-cu ildə Üzeyir bəyin kiçik qardaşı olan, eyni zamanda “Azərbaycan”ın nəşrinə rəhbərlik edən Ceyhun bəy Hacıbəyli Versal Sülh konfransında iştirak etmək üçün Fransaya gedən nümayəndə heyətinin tərkibinə daxil oldu. Bu səbəbdən də 1919-cu il yanvarın 16-dan bağlanana – 1920-ci il aprelin 27-nə kimi “Azərbaycan”a Üzeyir bəy baş redaktorluq eləmişdi.

Böyük bəstəkar və publisist istər müəllif yazılarında, istərsə də baş redaktor kimi qəzetin dəst-xəttində Cümhuriyyətin nəyin bahasına olursa olsun qorunması zərurətini qabardırdı. İstiqlalımıza qarşı təhdid və təzyiqlərə olduqca kəskin münasibət sərgiləyən Üzeyir bəy məqalələrinin birində 1918-ci ilin mart qırğınlarını yada salır və sual edirdi ki, həmin vaxt “bizi, yəni müsəlman burjuyundan tutmuş müsəlman fəqirləri, kasibəsini və baxüsus müsəlman əlsiz-ayaqsızlarını erməni-daşnak soldatlarının süngü, güllə və xəncərlərlə arvad və uşağına kimi qırdıran bolşeviklərə biz nə tövr etibar edə bilərik?”

Üzeyir bəy Rusiyadakı Oktyabr çevrilişindən sonra Denikin və Kolçakın başçılıq etdiyi hərbi dəstələrlə bolşeviklər arasındakı mübarizədən bəhs edərkən isə olduqca maraqlı mövqe sərgiləyirdi. O hesab edirdi ki: “Bugünkü vəzifəmiz Rusiya işlərinə kənardan baxmaq və Rusiya daxilində vaqe olan hadisələrə qarşı bitərəf qalmaqla bərabər, oradan bizi təhdid edən təhlükələrdən özümüzü qorumaqdır… Təhlükə bolşevik tərəfindənmi və ya Denikin tərəfindən vaqe olacaqmı, bizdən ötrü təfavüt yoxdur, qorunmaq və hər vasitə ilə istiqlalımızı mühafizə etmək. Vəssalam!”

Bu o deməkdir ki, Üzeyir bəy Rusiyada kimin söz sahibinə çevrilməsindən asılı olmayaraq bu ölkəni Azərbaycanın istiqlalına başlıca təhdid kimi görür, Cümhuriyyətimizi ilk növbədə şimaldan gələcək təhlükələrdən qorumağın vacibliyinə inanırdı. Nə yazıq ki, zaman onun açıq şəkildə ifadə etdiyi bu təlaşların, çaldığı bu həyəcan siqnallarının əbəs olmadığını göstərdi…

***

Maraqlıdır: “rus qırmızı solları”nı azadlığımıza uzanan “qara əl” kimi təqdim edən Üzeyir bəy aprel işğalından sonra necə olub ki, sağ qalıb? Əslində bu başqa bir araşdırmanın mövzusudur.

Hələliksə onu deyək ki, Sovet Azərbaycanını idarə edənlər böyük bəstəkar və publisistin Cümhuriyyət dövrü fəaliyyətini unutmamışdılar: onun nə “Azərbaycan”a baş redaktorluğunu, nə Cümhuriyyətin himnini bəstələməsini, nə də (və ən əsası!) anti-bolşevik məqalələrini asanlıqla həzm etmək mümkün deyildi. Bu mənada 1920-ci illərin əvvəli onun üçün xeyli çətin keçib, bəzi iddialara görə, aprel işğalının ardından güllələnməsi, aradan götürülməsi nəzərdə tutulan aydınlar arasında Üzeyir bəyin də adı vardı. Böyük bəstəkar və publisistin sağ qalmasında müstəsna rolu həyat yoldaşı Məleykə xanımın o zaman Fövqəladə Komissiyada çalışan qardaşının oynadığı deyilir. Bu kifayət qədər ağlabatan görünür; belə ki, 1920-ci il mayın 12-də təsis edilən, qarşısına əksinqilab və təxribatçılığa qarşı mübarizə vəzifəsi qoyulan Fövqəladə Komissiya kifayət qədər mühüm səlahiyyətlərə malik idi, “kəsdiyi başa sorğu-sual olmadığı” kimi, müəyyən şəxsləri o dövrün burulğanlarından sağ-salamat çıxarmaq imkanlarına malik idi.

Üzeyir bəyin anti-bolşevik, anti-aprel çıxışları bir də 1937-ci ilin “qırmızı terror”u zamanı yada düşəcəkdi. Həmin dövrə dair bir sıra sənədlərdə onun Cümhuriyyət dövründəki qaynar fəaliyyəti xatırlanır, mühacirətdəki müsavatçı Ceyhun Hacıbəylinin qardaşı olması yada salınır, hətta böyük bəstəkarın özü haqqında “tərk-silah edilməmiş müsavatçı” ifadəsi işlədilir. Lakin görünür, bu dəfə yüksək dairələrdəki şəxsi nüfuzu Üzeyir bəyi yenidən güllələnmə, yaxud sürgün təhlükəsindən sığortalayır…

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

IMG 20260326 WA0000
.

“Qəvvas”. Zugzwang dövrünün sehrli teatrı

Elmir Mirzəyev
16 İyun 2026
WhatsApp Image 2026 05 25 at 14.36.43
.

SoNoR ansamblının 30 illik yubiley gecəsi keçirilib

AzLogos
25 May 2026
Başlıq
.

Pəhləvi sülaləsinin qeyri-legitimliyinə dair

Elmir Mirzəyev
25 Aprel 2026
1960 lar
.

“Zeitgeist” və ya zamanın ruhu: 60-ların utopiyası və çağdaş dünya

Elmir Mirzəyev
06 Aprel 2026
Seymur Baycan yazıçı
.

Güldürənlər və gülənlər haqqında

Seymur Baycan
26 Dekabr 2025
1677510744 1
.

Əyalət sindromu haqqında

Seymur Baycan
22 Sentyabr 2025
Seymur baycan
.

Kətçi sevgisi haqqında

Seymur Baycan
31 Avqust 2025
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör