Bitdi… “Qarabağ”ın da, ölkə futbolunun da bütün ümidləri bununla da sona çatdı.
Əslində çoxdan bitmişdi, amma sonuncu ölən ümidlər olduğu üçün axırıncı dəqiqəyə qədər ağlımızda bir “bəlkə” var idi. Amma olmadı…
Hələ Avroliqanın püşkü atılarkən nəhayət “dişimizə görə” münasib bir qrupa düşdüyümüz üçün xeyli həvəslənmişdik. Axır ki, bizim təmsilçimiz də “yanvardan sonra”nı görəcək deyə əməlli-başlı həyəcanlanmışdıq.
Amma axırda nə oldu? Fiasko! Bəli, bunun başqa açıqlaması, sığınılacaq bir bəhanəsi yoxdu.
Azərbaycanlı futbolsevərlərdə bu ümidlər boş-boşuna yaranmamışdı. Bunu yaradan da, sonradan hər şeyi məhv edən də “Qarabağ” oldu.
“Qarabağ” əslində “Sevilya”da itirmədi hər şeyi. APOEL-lə evdə və səfərdə oynanılan, önə keçdikdən sonra yanlış seçimlər, individual səhvlərlə qızıl teştdə rəqibə təqdim edilən oyunlardan sonra əlimizi üzməliydik. Amma yuxarıda da dediyim kimi, insanıq, ümid edirik…
Bu oyundan öncə səfərə apardıqları 22 nəfər jurnalistin önündə mikrofonlara “bizim üçün əsas nəticə deyil, gözəl oyundur” deyən klub prezidenti Tahir Gözəl fiaskonun anonsunu vermişdi.
Yanındakılara da mesajını çatdırmışdı, “çox da ümid etməyin, axırda da mən deyəni deyin” demişdi.
Amma ortada nə gözəl oyun, nə də nəticə var.
Obyektiv olmaq lazımdısa, qeyd etməliyik ki, Qurban Qurbanov əlində olan oyunçularla mümkün qədər ən yaxşı heyəti və oyun üslubunu seçmişdi. Amma görünən budur ki, əlimizdə olanlar arzularımızı qarşılamır.
Bunun günahı kimdədi? Hər halda məndə deyil. Yanlış oyunçular alan, düzgün olmayan transferlər edən komanda rəhbərliyində və baş məşqçidədi.
İsrarla yekun nəticənin heç də fiasko olmadığını, əksinə qrupda oynadığımız üçün şükr etməli olduğumuzu deyənlər var. Nəyə şükr etməliyik, bəylər?
6 ildir qrup mərhələsində oynamaq əlbəttə ki, yaxşı göstəricidir. Heç nə olmasa da, komandanın maddi təminatı üçün əladır. Hər il milyon avrolar daxil olur büdcəyə? Bəs hanı irəliləyiş? Bəs hanı proqress? Qrupa düşmək belə böyük uğurdusa, bunun milyon avroların olmadığı vaxtlarda da bacarmışdıq. Ardı gəlmirsə, yerində sayırsansa, hətta Çempionlar Liqasının qrupunda oynamış komandanın yenidən Avroliqanın qrup mərhələsinə yüksəlməsinə seviniriksə, vay bizim halımıza.
Əksini düşünənləri hardasa başa düşmək olar. Sizə bir şey verilir və siz də onu verənin yanında olmalısınız.
Mövzudan azca kənara çıxım. İsmət İnönü Türkiyə Respublika kimi elan olunduqdan sonra paytaxtın niyə İstanbul deyil, Ankaraya köçürülməsi ilə bağlı verilən suala belə cavab vermişdi: Yanınızda olan adamlara bir şey verməsəniz, niyə yanınızda olsunlar ki?
Kifayət qədər məntiqlidir, deyilmi?
Bəs onda AVRO-2020-nin seçmə mərhələsində Slovakiya səfərinə gedənləri nədə ittiham edir(siniz)ik? Onlar da kiminsə yanında durmağı seçiblər, eyni sizin kimi.
Mənə izah edin görək, AFFA ilə “Qarabağ”ın nə fərqi oldu ki?
Ölkədə futbolçu yetişmir, milliləşdirilənlərin, gəlmələrin ümidinə qalmışıq deyib ittiham etdiyiniz AFFA ilə “gənc oyunçular yetişmir, məcbur xariciləri alırıq” deyən “Qarabağ” prezidentinin nə fərqi var ki?
Yaxşı, ey hörmətli Tahir bəy. Siz gənc oyunçuların yetişməsi üçün nə etmisiniz? İllərdi idarə etdiyiniz komanda niyə yetişdirmir bəs? Əksinə ölkə adına üzə çıxan 3-5 potensiallı futbolçunun gətirib məhv etmək siyasəti seçmişdiniz.
Hə, deyəcəksiniz ki, nəticəyə fokuslanırıq, bəs onda hanı nəticə? Qrup mərhələsinə yüksəlmək? Yox, bu, nəticə deyil, bu, yerində saymaqdı.
“Qrupumuzdakı rəqiblər güclü idi, ona görə də bir xal yaxşı nəticədir” deyən Elxan Məmmədovla “hər il qrupda oynayırıq, çıxa bilməsək də, şükr etməliyik” deyən sizin nə fərqiniz oldu?
“Jurnalistləri öz tərəfinə çəkir, onun istədiyi kimi yazırlar” dediyiniz adamla səfərə bir avtobus jurnalist aparıb yekunda tənqidlərdən qaçmağa çalışan “Qarabağ”ın mətbuat xidmətinin nə fərqi var ki?
Bilirəm, inciyəcəksiniz, xətrinizə dəyəcək, amma mən bir fərq görmürəm.
Millinin qrupda bir xal qazanması nə qədər biabırçılıq və faciədirsə, “Qarabağ”ın qrupdan çıxa bilməməsi də bir o qədər fiaskodur.