Dayısıoğlu tərəfindən qətlə yetirilən görkəmli aktyor Hüseyn Ərəblinskinin dəfninə saysız-hesabsız insan qatılmışdı. Sonuncu belə izdihamlı dəfn Həsən Bəy Zərdabi son mənzilə yola salınarkən olubmuş…
Manaf Süleymanlı özünün məşhur “Eşitdiklərim, oxuduqlarım, gördüklərim” kitabında dəfn günü milliyyətindən asılı olmayaraq minlərlə insanın Bakı küçələrinə töküldüyünü yazır.
Cənazəni qaldırmamışdan əvvəl qısa mitinq keçirilir. Manaf müəllimin yazdığına görə, mərhumun bacısı qara libasda hönkürtü ilə göz yaşları axıda-axıda, üzüntülü və ürəkyandırıcı bir dildə camaata xitab edir: “Tək qardaşımın ana və bacıdan başqa kimsəsi yoxdur… Yalvarırıq, qatilə ən ağır cəza verdirin, qoymayın Hüseynin nahaq axıdılmış qanı yerdə qalsın…”.
Manaf müəllimin yazdıqları nöqtə və vergülünə qədər doğrudursa, sual yaranır: Ərəblinskinin bacısı aktyorun özündən və anasından başqa heç kiminin olmadığını deyir, bəs onun həyat yoldaşı Asya xanımı niyə unudur?!
Hüseyn bəyin cənazəsi öncə Təzə Pir məscidinə aparılır; burada cənazə namazı qılınır, sonra isə daha böyük matəm mitinqi başlayır. Natiqlər Ərəblinskinin sənətkar kimi xalqa göstərdiyi misilsiz xidmətlərindən danışırlar. Burada yenə maraqlı detal ortaya çıxır: M.Süleymanlının yazdığına görə, çıxışçılar aktyorun “uzun illər əleyhinə mübarizə apardığı cəhalətin, nadanlığın qurbanı olduğunu” söyləyirlər. Belə çıxır, qətlin ilk günlərində əksəriyyət aktyorluğu seçdiyinə görə yaxınlarının və mühafizəkar dairələrin qəzəbi ilə üzləşən Ərəblinskinin qətlində məhz bu detalın həlledici rol oynadığını düşünürlərmiş!
Tabut orkestrin müşayiətilə Quberniski (indiki Nizami) küçəsinə gətirilir. Burada böyük bəstəkar və publisist Üzeyir Hacıbəyli aktyor haqqında alovlu nitq söyləyir, ardınca müsəlman artistləri adından Məhəmmədəli Sidqi danışır, Ərəblinskinin “ömrünün bahar çağında amansız xəzana tutulduğunu, səhnəni tərk etdiyini, facianə qətl edildiyini yanıqlı bir dillə, təəssüflə bəyan edir”.
Müsəlman tələbələri adından həmin vaxt Bakı texniki məktəbində təhsil alan Cəfər Cabbarlı ağlaya-ağlaya danışır: “Bu təlatümlü, qeyri-sabit, ixtişaşlı dövrdə, dünyanın, xüsusən Bakının bu ağır günlərində, duman və tüstüyə bürünmüş mühitdə böyük sənətkarı qətl etdilər. Üfüqdə bahar havası duyulur, ana təbiət ayılır, qarlar əriyib çaylar daşır, təbiət oyanıb hər yeri yaşıl örtüyü ilə bəzəyir, çiçəklər yer-yerdən baş qaldırır, səhralarda və meşələrdəki yaz təravəti insanlara ümid verir, qışın tufanından, şaxta və soyuğundan sonra hər yerdə yeni həyat nəfəsi duyulur. İctimai, siyasi həyatda insan tarixi dəyişdiyi kimi, təbiətdə də dəyişmə gedir. Şaxtalı qışı gülərüz yaz, şən bahar əvəz edir. Yeni il bayramı – Novruz şənlikləri yaxınlaşır, bütün insanlar bu şənliyə hazırlaşdığı bir vaxtda, gözlənilmədən şiddətli qara xəzan yeli, səmum küləyi əsib pak, günahsız, təmiz insanı, sənət aşiqini aramızdan aparır. Xalq sənətkarı, yüksək qayələr məftunu Hüseyn Ərəblinski bizi tərk edir… Əlvida, xalqının böyük sənətkar oğlu!”.
Güllərlə bəzədilmiş tabut yenidən qəbristanlığa doğru aparılır. Bəzi müəllimlər və artistlər əllərində Hüseyn bəyin portretlərini tutublar. Orkestrin ifa etdiyi matəm musiqiləri dayanmaq bilmir. Şəhər bələdiyyə idarəsi ilə üzbəüz olan “Müqəddəs Nina” məktəbinin qabağına çatanda izdiham yenidən dayanır. Bu dəfə müəllimlərdən bir nəfər çıxış edir, Ərəblinskinin səhnədəki xidmətlərindən danışır.
Müsəlman ziyalıları adından Xəlil İbrahim, şair (sonradan həm də görkəmli ədəbiyyatşünas kimi tanınacaqdı!) Salman Mümtaz, yenə müsəlman tələbələri adından gələcəyin tanınmış pedaqoqu və ədəbiyyatşünası Hənəfi Zeynallı danışırlar.
Cənazə qəbiristana – indiki Dağüstü parka qədər çiyinlərdə aparılır, meyit qəbirə qoyulduqdan sonra qocaman aktyor, hər kəsin böyük hörmət və ehtiramla yanaşdığı Mirzə Muxtar vida nitqi söyləyir. M.Süleymanlının qələmindən həmin vida nitqi: “Hüseyn, mən də tezliklə dalınca gələcəyəm… Tez… çox tez gələcəyəm. Səni qara torpaq altında tək qoya bilmərəm… Gərək sənin yerinə mən öləydim. Bu xalqa, bu millətə sən daha çox lazım idin. Cəhalətin, nadanlığın qalın, qara pərdəsini parçalamaq üçün sənin şimşək təki çaxan istedadın mənim kimilərinin minini əvəz edərdi… Əlvida, əzizim…”.
Matəm musiqisinin sədaları altında meyit torpağa tapşırılır.
Daha bir maraqlı fakt: Hüseynqulu Sarabskinin yazdığına görə, eyni gündə Bakının məşhur neft mçilyonçularından Musa Nağıyev də dəfn edilirmiş, lakin Ərəblinskinin dəfninə gələnlərlə müqayisədə az qala heç kim yox imiş.
Sarabskinin bunu Sovet hökumətinin neft kapitalistlərinə münasibətini yaxşı bildiyi üçün yazdığını düşünmək də olar, çünki Hüseynqulu bəy Ərəblinskinin dəfni ilə bağlı daha bir təhrifə yol verir: o, görkəmli aktyorla bağlı xatirələrində iddia edir ki, dəfndə “Müsavat hökumətindən bir nəfər də iştirak etməyib”.
Lakin gerçəklik tamam başqa cürdür. Sarabski bu həqiqəti niyə gizlətmişdi? Nəzərə alsaq ki, o, xatirələrini Azərbaycanın sovetləşməsindən sonra qələmə alıb, üstəlik, həmin memuarın altına 1937-ci ilin amansız fiziki və mənəvi terroru səngiməsinə baxmayaraq, dəhşətli xof mühitinin davam etdiyi “2 oktyabr 1939-cu il tarixi” qoyulub, onda Hüseynqulu bəyi başa düşmək o qədər də çətin deyil.
Əvvəla, Ərəblinskinin dəfninə cümhuriyyətçilərdən xeyli qatılanlar olub, onların başında isə Məmməd Əmin Rəsulzadə gəlirdi.
Cümhuriyyətin rəsmi orqanı sayılan “Azərbaycan” qəzetinin 9 mart 1919-cu il sayında bu barədə məlumat və Rəsulzadənin nitqinin məzmunu verilib. Oradan aydın olur ki, Məmməd Əmin aktyor barədə “müfəssəl” (məlumatda məhz belə qeyd olunur!) çıxış edib, onun vətən və millət qarşısındakı xidmətlərini xüsusi vurğulayıb, belə bir mahir aktyorun və müqtədir sənətkarın qətlindən acı təəssüfünü dilə gətirib.
Yeri gəlmişkən: bu fakt ortaya çıxarılmazdan öncəyədək Rəsulzadənin görkəmli sənətkarın dəfninə qatılmamasını bəziləri hətta onların arasındakı ixtilafla izah edib, bu ixtilaf səbəbilə də az qala Məmməd Əminin “qısasçılığı” kimi qələmə verməyə çalışıblar. Ki, əslində bununla həm Rəsulzadənin, həm də Ərəblinskinin xatirəsinə hörmətsizlik etdiklərinin fərqində olmayıblar.
Söhbət nədən gedir?
Guya 18 dekabr, 1916-cı il tarixli “Açıq söz” qəzetində (18 dekabr 1916) Rəsulzadənin Nəriman Nərimanovun “Bahadır və Sona” romanı əsasında hazırlanan tamaşada Hüseyn bəyin ifasını tənqid etməsi hansısa qərəzin ifadəsi imiş və onların arasında soyuqluğa səbəb olubmuş.
Məsələ burasındadır ki, Məmməd Əmin sözügedən məqaləsində ümumiyyətlə, romanın səhnə varinatını “topa tutub”, “quru”, “könül sıxıcı” adlandırıb, bununla belə, Sona rolunu oynayan Gülsabah xanımın uğurlu çıxışını qeyd edib. Bahadır obrazını canlandıran Ərəblinskinin isə uğursuz çıxışına diqqət çəkib.
Lakin söhbət hansı qərəzdən gedə bilərdi ki, eyni Məmməd Əmin ondan iki il öncə “İqbal” qəzeti, 19 oktyabr 1914-cü il sayında (N767) İosif Mçedlişvilinin “Qaçaq Kərəm” pyesi əsasında hazırlanan tamaşa barədə yazarkən Ərəblinskinin istedadına, aktyor məharətinə olan rəğbətini yerə-göyə sığdıra bilmirdi. Sitat: “Hüseyn Ərəblinski cənablarını Bakı səhnəsi çoxdan bəri – təxminən iki ilə yaxın olar ki, görməmişdi. Bu sətirləri qaralıyan mühərrir dəxi aktyoru indi yeddi il olar ki, zəmanənin təsadüflərindən dolayı səhnədə görməkdən və məzkurun (adı çəkilənin; yəni burada Ərəblinskininb – E.A) öz sənətinə qarşı bəslədiyi məhəbbət və mərcubiyyətindən bir həzzi-ruhani duymaqdan məhrum idi”.
Bu yazıdan iki ay sonra yenə “İqbal” qəzetində (14 dekabr, 1914-cü il, N813), bu dəfə Nəriman Nərimanovun “Nadir şah” faciəsi ilə bağlı məqaləsində Rəsulzadə Ərəblinskinin ifasını tənqid edir, səhnədə bağırıb-çığırmasını, “qramafonizm”ə yuvarlanmasını irad tutur, bir az aramla, normal intonasiya ilə çıxış edəcəyi təqdirdə və bir az “intenasyon-səsini dəyişdirmək” olsaydı o vaxt şəksiz ki, tamaşanın baş rolunun olduqca mükəmməl alınacağını vurğulayır, ancaq övgülərindən də qalmır, belə yazırdı: “Fəqət bu nöqsanları ilə bərabər vəzifəsinin oyun və şeriyyəti tərəfinə aid qismlərində Ərəblinski həqiqətən də mərəkə ediyordu. Qələnin alınması və buradakı komanda o qədər şairanə və o qədər ustadanə idi ki… hətta bunun müqabilində yuxarıda zikr olunan dağıstanlılar haman aktyorun minicilik qüsurunu əfv etməyə hazır idilər”.
Dediyim odur ki, Rəsulzadənin Ərəblinskiyə münasibəti daim yaxşı olub, onun sənətkarlığını həmişə yüksək dəyərləndirib. Ancaq zaman-zaman səhnə qüsurlarını da dilə gətiribsə, bundan uzaqgörən nəticələr çıxarmaq, sanki aralarında bir ixtilaf varmış kimi bəhs etmək, yumşaq desəm, kökündən yanlışdır.
Bundan başqa, Cümhuriyyət hökumətinin rəsmi orqanında – “Azərbaycan” qəzetində Ərəblinskinin xatirəsinə həsr olunmuş yazılara, qatilinin cəzalandırılmasına çağırışlara yer verilib.
Qısacası, Hüseyn bəyin öldürülməsinə siyasi rənglər qataraq, Sovet hakimiyyəti dövründə az qala Cümhuriyyəti cinayətkar çıxarmaq, həmin dövrdə bəlli səbəblərdən cəmiyyətə sırınmağa və tarixə yamanmağa çalışılan iftiraya – “Ərəblinski müsavat fitnəkarlarının əli ilə güllələnib” yalanına günümüzdə yenidən can vermək heç bir əndazəyə sığmır…