2020 – bu qəribə rəqəm cərgəsi bütün antiutopiyanı (incəsənət anlamında) məhv etdi.
Gəncliyi “Yenidənqurma” dövrünə təsadüf etmiş bizim nəsil, sovet insanlarına xas bir acgözlüklə (bəziləri o zaman nəşrdə yeni peyda olmuş) Yevgeni Zamyatin, Andrey Platonov, Aldous Huxley, George Orwell, Ray Bradbury, William Golding, Struqatski qardaşları, İvan Yefremov antiutopiyalarını bir balzam kimi gözünə təpirdi, son illərsə onları Vladimir Sorokin və Michel Houellebecq əvəzləmişdi – bu müəlliflərin əsərləri, oradakı konstantalar bizim üçün bir növ istinad nöqtəsi idi, gələcək cəmiyyətin yaradılmış, artıq tanınan obrazları idi.
Biz mənsub olduğumuz cəmiyyəti təhlil və tənqid edərkən hökmən bu imzalara, adları artıq bir növ hieroqlifə çevrilmiş bu əsərlərə (“Biz”, “1984”, “Tanrı olmaq çətindir” və s.) daima istinad edirdik. İlginc süjetlərinin az qala hər biri son nəticədə sosial-darvinizmin qələbəsinin müxtəlif çalarları ilə rövnəqlənən bu mətnlər əlbəttə ki, ölməzdir, bundan sonra da əbədi qalacaq, növbəti nəsillər üçün də maraqlı ola biləcək, düşünürəm.
Lakin bir sual doğur – bütün bunlar magik 2020 rəqəmindən sonra da əvvəlki aktuallığını kəsb edəcəkmi?
Sosial-darvinizmin qələbəsinin təzahürlərindən birini görmək üçün artıq çox da uzaqlara getmək gərək deyil, eləcə küçəyə çıxmaq kifayət edər. Üzrlər, bəzi ölkələrdə küçəyə çıxmaq üçün də icazə lazımdır, başqalarında küçədə də maska taxılmalıdır, o birilərində isə daha absurd qərarlar var.
Lütfən səhv anlaşılmasın – lap başından bəri bu virusun inkarçılarından olmamışam, bir çox dostlarım və övladım da artıq keçirib bu xəstəliyi, məsələ əsla bunda deyil. Qəribə gələn odur ki, “insan haqları”nı, “liberal dəyərlər”i absolütist mantraya çevirmiş cəmiyyətlərdə belə, toplumun bunlardan necə asanlıqla məhrum edilməsinin anatomiyasının canlı şahidi olduq. Legitim səbəb tapılaraq “Bunlar yalnız sənin yaxşılığın üçündür!” ifadəsi ilə 1945-dən bəri bəyan edilmiş bütün azadlıq və dəyərlərin bircə anda necə Ctrl+Z edilə biləcəyini gördük. Və ən maraqlısı, bunların bəlkə də ən sərt formalarının “avtoritar” hesab edilən dünyada deyil, etalon-“liberal” hesab edilən cəmiyyətlərdə olmasıdır. Baş verənlərin nə ilə nəticələnəcəyini deməyə indi Qərbdə ən məşhur futuroloqlar belə çətinlik çəkir, lakin bircə məsələ tam aydındır ki, öncəki dövr, keçmişdə bəyan edilmişlər artıq çox-çox arxada qalıb. 2020 bizimlə keçmiş dövr arasında çox qalın və keçilməz bir sədd çəkdi.
Dəfələrlə yazmışam bu barədə, təkrarda da fayda var – keçmişdə ilişib qalmaq dəhşətli bir şeydir, çünki bunlar istənilən fərdi perspektiv baxışdan, ümumən gələcəkdən məhrum edir və son nəticədə tam deqradasiyasına gətirir. Uzun illər ərzində yaxınımızda olan bir çox insanın keçmişdə, olub-keçən klişelərdə ilişib qalmasına, özü üzərində refleksiyalardan məhrum olması səbəbindən dərin tənəzzülə yuvarlanmasına şahidlik etdik.
Fərdlərdən başqa toplumlar, daha geniş götürsək – dövlətlərdə də belədir. Son müharibədə rəqibizimin sarsıdıcı məğlubiyyətə düçar olmasına səbəb, ilk növbədə erməni cəmiyyətinin qurduğu illüziyalar, özünü inandırdığı yalanlar — illüzor paradiqmalar və miflər oldu. Şübhəsiz ki, onlar ilk növbədə məhz bunlara, keçmişdə ilişib qalmağın ağır, eyforik formasına məğlub oldular və indi də olmaqda davam edirlər — son hadisələr bunu yalnız təsdiq edir.
Maraqlıdır ki, bu anlamda keçmişdə qalanlar yalnız onlar deyil, Azərbaycanın da həm daxili, həm də xaricində yeni gerçəklikləri qəbul etməkdə çətinlik çəkənlər var, gözləri önündə baş verənlərə inana bilmirlər və artıq çoxdan mifləşmiş kateqoriyalardakı mülahizələrində təkid edirlər.
Gerçəkliksə bundan ibarətdir ki, artıq hər şey köklü surətdə dəyişib, tarixin təkərləri isə heç vaxt geriyə fırlanmır. Keçmişdə ilişib qalmaq həqiqətən dəhşətlidir, sonu yalnız entropiya – yəni çürümədir.
Düz bir il əvvəl, 2019-un dekabrın sonunda “2020. Dəyişmə zamanı.” başlıqlı yazı yazmışdım. Orada bir sual qoyulmuşdu: “İnsan sadəlövhlük üzündən özünü qınamalıdırmı? Axı bu hardasa məsumiyyətə yaxındır, bir zamanlar məsum idin deyə günahkar sayılmalısan?”
Gizlində yürütülən, üstüörtülü bir çox ictimai proseslərin anatomiyasını qəddarca, ekshibionistcəsinə açıb göstərmiş, fəlakətlərlə dolu 2020-nin sonunda əminliklə demək olar — yox, günahkar sayılmırsan, lakin ölümə məhkumsan, çünki əlahiddə bir sürət almış həyat artıq heç bir pauza imkanı tanımır və keçmişdə yaşamaq, yəni bir zamanlar mövcud olmuş komfort zonada əvvəlki dövranı sürmək mümkün olmayacaq.
Bir il öncəki yazıdan daha bir sitat: “Ölkəni dəyişmək zərurəti şübhəsizdir. Artıq 2020-ci ilin astanasındayıq, yeni nəsil öz haqqını tələb edir. Amma ilk öncə özü dəyişməlidir, cəmiyyəti kökündən dəyişmək gərəkdir, bu haqda uzun illərdir yazırıq və nəhayət bunu hamı anlamalıdır.
Möcüzə olacaqmı, qəfil, ildırım sürəti ilə “fransız”a çevriləcəyikmi?”
Zaman və gedişat sübut etdi ki, cəmiyyət və dövlət anlamında toparlana bilirik və bu, mübaliğəsiz ən yüksək səviyyədə baş verməkdədir. Keçmişin paraqdiqmaları, tutalım elə bu illər ərzində az qala milyon dəfə səsləndirdiyimiz “yox, biz komanda kimi çalışa bilmirik” kimi ən bayağı klişe də 2020-də yaşanan hadisələrin burulğanında yox oldu. Bitdi, bağlandı o söhbətlər, tarı-mar oldu, 27 sentyabrdan sonra son nöqtəsi qoyuldu. Bunlar artıq keçmişin mantralarıdır, unudun onları, o səhifələr birfədəlik çevrildi.
Hazırda bizim toplumu böyük quruculuq, yaradıcılıq işləri gözləyir, bunun üçün cəmiyyət mobilizasiya edilməlidir ki, Vətən müharibəsi dövründə bunun şahidi olduq. Gedişat göstərdi ki, bu məsələlərin böyük bir qismi artıq həllini tapıb.
Yeni dövrün çağırışları, dövlətin bir çox anlamlarda dəyişən məramları, yeni hədəflər hazırda məmur sinfinin yenilənməsini də zəruri edir — məmurlar dəyişməli və dövlət icrasına yeni keyfiyyət gətirməlidir.
Zaman bu gün qarşımıza nə kimi şərtlər qoyur? Effektiv dövlət mexanizmi və önləyici addımlar. Bunlar nədən ibarətdir?
— ən başlıcası sosial liftlərin, gənclərin yolunun açılması;
— məmur sinfinin yenidən qurulması, bürokratiyanın yenilənməsi;
— de-olqarxizasiya (yəni feodal pərakəndəliyə son verilməsi) prosesinin tamamlanması;
— sözün hər mənasında effektli dövlət mexanizminin yaradılması.
Bir məsələni də diqqətdə saxlamaq gərəkdir ki, Azərbaycanın parlaq qələbəsini şərtləndirən geosiyasi durum hər an dəyişə bilər, buna hazır olmalı və önləyici addımlar atılmalıdır. Hansı formada?
Önləyici addımlar – nano-texnologiyaların mənimsənilməsi, ölkə üzrə kreativ gəncliyin startaplara cəlb edilməsi, ölkənin rəqəmsal idarəetməyə keçidinin reallaşdırılması nəticədə transparentliyi tam təmin edəcəkdir. Müharibədəki gedişat göstərdi ki, ordu da texnoloji olmalı, perspektivdə peşəkar ordu quruculuğuna (yəni müqavilə əsasında) keçilməlidir.
Bizə heç gözləmədiyimiz möcüzələr yaşatmış XTQ əməliyyatları göstərdi ki, professional ordu çağırış sistemi ilə formalaşan ordudan tamamilə fərqlənir. Əbəs yerə deyil ki, dünya ölkələrinin bir çoxu məhz peşəkar orduya üstünlük verir.
Əslində Azərbaycanın 44 gün ərzində çaldığı bu parlaq qələbə əski sovet ordusu sisteminin məğlubiyyəti idi. Dərk edilməlidir ki, hərb elmi tarixinə düşəcək bu möhtəşəm hərbi kampaniya əslində “rus ordusu”na – yəni onların sistemi və ən modern silahlarına qarşı aparılmışdı. Kimsə üçün sirr deyil ki, Ermənistan ordusu rus ordusu standartlarında qurulmuş və məhz Rusiyanın çağdaş silahları (tanklar və zirehli maşınlar, özüyeriyən qurğular, roket sistemləri, avasiya və s.) ilə silahlanmışdı. Bu anlamda ermənilər sırf motivasiya və fanatizm baxımından əslində rus ordusundan daha hazırlıqlı idilər və yaşanan ildırım sürətli çöküş Rusiya hərb sisteminin ümumilikdə rüsvayçılığı, onların köhnəlmiş silahlarının dünyanın gözü qarşısında məruz qaldığı biabırçılıq idi.
Hadrut və Şuşa ətrafında baş verən məlum provokasiyalar, ümumiyyətlə erməni cəmiyyətində səslənən revanşist xarakterli çağırışlardan da aydın olur ki, ölkənin təhlükəsizliyi və professional ordu quruculuğu hazırkı zamanda Azərbaycan üçün bir nömrəli çağırışıdır.
Yazını keçən ilki məqalədən aktuallığını saxlamış başqa bir sitatla bitirmək istərdim: “Dəyişilmək zamanıdır, gərək 30 illik klişelərdən daha azad olaq, təpədən-dırnağa qədər yenilənək, müstəsna olaraq maraqlardan ibarət olan dünyaya yetkin gözlərlə baxmağı öyrənək.”