“Müharibə – sabitlikdir”, “Azadlıq- köləlikdir”, “Cahillik – gücdür”.
(Corc Oruellin “1984” romanında Həqiqət Nazirliyinin binasına həkk olunmuş üç tezis)
Bu gün, düz Renessans dövründən bəri mövcud olan “bəşəriyyətin tərəqqiyə can atması” ilə bağlı humanist fəlsəfə gözlərimizin önündə, demək olar ki, tamamilə məhv olur. XX əsr bütün diqqətini məqsədyönlü şəkildə bu istiqamətə yönəltmişdi – utopiyalar və ideoloji baxışlar (kommunizm, nasional-sosializm, liberalizm və s- bir sözlə, ilahi olmayan, insan tərəfindən icra olunan müəyyən ideallara istinad edən) kitabların, təriqətlərin, düşüncələrin, xəyalların, fəlsəfi müzakirələrin və adi çərənləmələrin virtual dünyasından çıxaraq yaraq-əsləhələrini geyinib dünyanı kökündən, misli görünməmiş şəkildə dəyişməkdən ötrü səlib yürüşünə yollanmışdı.
Bütün XX əsr boyunca insan ideal cəmiyyət, yerdə cənnət qurmaq üçün bir mexanizm axtarırdı (xüsusən də keçən yüzilliyin birinci yarısı – bütün bəşəriyyətin, demək olar ki, fasiləsiz güc göstərisi ilə keçib). Ancaq əbəs yerə! Sən demə, bu, ümumiyyətlə, mümkün deyilmiş və həyatın da göstərdiyi kimi, Yerdə karma qanunları dəqiq işləyir.
Şübhəsiz ki, bu gün hər kəs ürküdücü və heybətli Yeni Dövrün yaxınlaşdığını hiss edir – AzTv-nin siyasi şərhçilərindən tutmuş, “dünyanın liberal sonu” konsepsiyasının “xaç atası”na qədər. Hərçənd o, faktiki olaraq, öz konsepsiyasından imtina etmişdi (məşhur amerikalı sosioloq və liberalizmin müəllifi Frensis Fukuyama axırıncı kitablarında “tarixin sonu” haqqında iddialarını təkrar gözdən keçirmişdi). İdealist utopiyalar sona çatıb, köhnə dünya dağıdılıb, simvolik xəbərdarlıq və 9/11 tipli işarələr, ya da ekoloji fəlakətlər, sellər, ümumdünya daşqınları, torpaq sürüşmələri, indi də koronavirus – istənilən qədərdir.
Mənəviyyat sahəsində də hamı və hər şey yenidən dəyərləndirilir, təməl anlayışlar dəyişir – böyük mədəniyyətlər simasızlaşır, keçmişdə mənəviyyatın əsasını təşkil edən altyapılar dəyişir – immoralizm sadəcə yeni incəsənətin stilistik üslubuna və ümumiyyətlə, müasir mədəniyyətin bir hissəsinə yox (mədəniyyət məfhumu da metafizik hadisə qismində anlamını dəyişir), həm də gündəlik həyatın prinsipinə çevrilir (günahın çirkinliyi, ya da inferal əzablar artıq çoxdan geridə qalıb). Haydeggerin məşhur “Qanun yoxdursa, qanunsuzluq da yoxdur” filosofemasını dəyişib belə deyə bilərik: əgər iddia yoxdursa, inkar da yoxdur. Tarixi hadisələr yenidən yazılır, öz messian meylini bütünlüklə itirmiş ideologiyalar tükənir.
İlk baxışda bu ideya və ideologiyalar vakuumunda ənənəvi, əsasən də, ibrahimi dinlər yenidən əhəmiyyət qazanmalıydı. Ancaq insanların zahiri möminliyi sadəcə refleksiyadır, onlar qorxduqları üçün, suordinasiya hissinə görə dindardırlar. Durğunluq, intellektual deqradasiyanın getdiyi açıq görünür, ən azından, Avropa və bütün qərb dünyasında. Sözügedən fonda tez-tez proqnozlaşdırılan islam aləminin passionar yüksəlişi də real görünmür. Hazırda islam dünyasında sivil “avtarkiya” – müstəqil təkamül xətləri və proqress üçün daxili şərtlər yoxdur.
Bütün hallarda qlobal dəyişiklik üçün “müraciət” edilib. Və hamımız içimizi buz kimi donduran hissin təsirilə büzüşmüş halda zülmətə, naməlum və anlaşılmaz bir şeyə, hələki “harmoniyası” sadəcə zövqlərin ümumi bayağılığı və “pulluluqla” ölçülən o gələcəyə doğru sovruluruq. Amma o gələcəyə heç bir mifologema ilə tərif vermək, onu nə iləsə dəyərləndirmək mümkün deyil. Müasir həyat, tədricən, hansısa qaranlıq qüvvələrin, ruhların, hərəkətverici gücü, həyat cövhəri adi, banal, “piarlaşdırılmış” yalan olan “normal insanlar”ın mineral-məzarlıq mühitində mövcud olan dönək ideyaların çılğın fəallığına çevrilir. Dəfələrlə təkrarlanan və kütlənin şüuruna həkk edilən eyni yalan (internetlə tv bu məsələdə zəruri faktor kimi çıxış edir – artıq onlardan kənarda, ümumiyyətlə, heç nə mövcud deyil!) həqiqət olur.
XXI əsrin əvvəli nə ilə yadda qaldı? İnsanı manipulyasiya etmək çox, çox adi, elementar “internetdə belə yazıblar…” səviyyəsinə qədər endirilmiş məşğuliyyətə çevrildi.
Bu, artıq Oruelldir. Kafkadır. Dalidir. Antiutopiya hər kəsin evinə girib.
1984, 2020-ci ildə gəldi?