Qayıdaq Azərbaycanın dövlət kimi yaranmasının qısa tarixinə. Böyük Müharibənin Rusiyaya dağıdıcı təsiri və davamlı ictimai böhran nəticəsində 1917-ci ildə ilk öncə fevral inqilabı, sonra oktyabr çevrilişi baş verir. Oktyabr çevrilişinin nəticəsində hakimiyyətə gəlmiş bolşeviklər Mərkəzi Dövlətlərlə sülh sazişi bağlamağa qərar verir, buna ilk cəhd hələ 1917-nin dekabrında edilir, amma nəticəsiz qalır, çünki xarici işlər komissarı Trotski almanlarla danışığa gələ bilmir. Lakin müharibənin davamı mümkünsüz olduğu üçün Leninin göstərişi ilə 1918-in martında nəhayət ki, Brest-Litovsk sülhü bağlanır.
Mərkəzi Dövlətlərin aparıcı qüvvəsi Almaniya idi və bolşeviklər də başlıca danışıqları onun nümayəndələri ilə aparırdı. Amma təbii olaraq sülh imzalanan stolda müharibədən öncə almanlardan çox şirin vədlər almış müttəfiq Osmalı da qalib statusunda oturmuşdu və sazişdə öz maraqlarını tələb edirdi. İlk öncə bura Osmanlı üçün fəlakətli 1877-78 müharibəsindəki məğlubiyyətdə ruslara verilmiş Qars,Ərdahan və Batum vilayətlərinin geri alınması haqda danışılırdı, lakin Rusiyanın sarsıdıcı çöküşü və tamamilə sıradan çıxması kimi gözlənilmədən baş vermiş müstəsna uğur Osmanlıya yeni ümidlər verirdi. O zamankı situasiyada Osmanlının iddiası artıq böyümüşdü, bu və ya digər şəkildə bütün Qafqaza idi, real da görünməkdə idi.
Osmanlı dövləti üçün bu revanş həddən artıq vacib idi – hər mənada. Bu, artıq XVIII əsrdən hamının əsassız olmayaraq, tezliklə məhvinə inandığı Osmanlının dirçəlməsi demək idi. 1908-ci ildə Osmanlıda hakimiyyətə yeni gəlmiş Gənc türklər (Jön Türkler) hərəkatı bütün sahələrdə, ilk öncə orduda total islahatlarla məşğul idi. Müstəsna iddiaları da Osmanlında reformalar və modernizasiya proseslərini işə salıb, son hədəfdə bu kos-kocaman imperiyanın yenidən böyük çağlarına gətirmək idi.1 Bu iddialar olmasaydı, əlbəttə ki, türklər heç bir zaman dünyanın məhvərini titrədəcək Böyük Müharibəyə girməzdilər. Çünki 1911-ci ildə İtaliya ilə edilən savaşdan və o zaman hələ yenicə bitmiş Balkan müharibələrindən çox mənfi təcrübə ilə çıxmışdılar. Bu səbəblərdən Osmanlı iqtidarı 1914-cü ildə müharibə mövzusunda çox dərin tərəddüd keçirmişdi.
Baxmayaraq ki, hələ 2 avqustda alman-osmanlı hökümətləri arasında gizli bir antlaşma imzalanmış və eyni gündə də bütün imperiyada mobilizasiya əmri verilmişdi, yenə də tam əsasla osmnalı iqtidarı müharibəyə daxil olmaqda qərarsız idi. Bu səbəbdən savaşın avqustda başlanmasından sonra 3 aya kimi gözləmiş, yalnız sonda, 30 oktyabrda almanların təhriki ilə daxil olmuşdu.2 Sonrakı hadisələr tarixdən hamıya məlumdur — Osmanlı üçün bu müharibə necə faciəli başlanmışdısa, eləcə də davam etmişdi. Yeganə uğur Çanakkale savaşında İstanbula can atan düşmənin qarşısını müvəffəqiyyətlə almaq olan imperiya, indi Qafqazda revanş almaq istəyirdi.
Qafqazda isə vəziyyət çox ağır idi. 1917-ci ilin dekabrında, Rusiyadakı inqilablardan sonra burada baş vermiş hakimiyyət boşluğunu doldurmaq məqsədilə yerli icmaların (gürcü, erməni və müsəlman deputatların) təşkil etdiyi Qafqaz Seymi yaradılır. Brest sülhündən sonra, 1918-in 22 aprelində Seym Respublika elan edilir, lakin bundan cəmi bir ay sonra, Seymdəki erməni və müsəlman deputatlarının onlardan bunu etməməsi xahişləinə rəğmən, gürcülər, almanların dəstəyi ilə 26 mayda özlərinin müstəqil dövlətini elan edirlər.
Almanlar Osmanlının müttəfiqi idi, lakin hətta öz vədlərinə rəğmən, Qafqazın tamamilə onun nəzarətinə keçməsinə heç cür razı ola bilməzdilər. Bu səbəbdən Osmanlının qarşısına qoyulacaq müstəqil Gürcüstan, almanlara himayə ediləcək “xristian dövləti” kimi çox gərək idi.
Nəhayət gürcülərin müstəqillik bəyanatından iki gün sonra, 28 may günü, məlum olduğu kimi ilk öncə ermənilər, sonra isə biz Respublika elan etdik. Əslində isə, almanların təhriki ilə gürcülərin Seymdən ayrılması burada müsəlmanlarla tənha qalmış erməniləri bunu etməyə sövq etdi. Beləcə, çox çətin bir şəraitdə, dağıdıcı ziddiyyətlər və təbəddülatlar burulğanında, hətta elan ediləcək ölkənin adının belə çox dərin mübahisələr yaratdığı bir atmosferdə bizim ölkəmiz — Azərbaycan — yarandı.
Bəyanatda yenicə yaranmış ölkənin perspektivləri çox dumanlı görünürdü, paytaxtı elan edilmiş Bakı isə faktiki əlçatmaz idi. Zatən Bakı XIX əsrin sonundan meqapolisə çevriləndən bəri heç bir zaman bizim — yəni azərbaycanlıların deyildi. Bunu bilmək və anlamaq gərəkdir. Bakıda müsəlman əhalisi çoxluqda deyildi, müsəlman neftxudaların da Bakının istiqadi həyatında iştirak payı kifayət qədər kiçik idi.2
Bundan başqa təşkilatlanma və hərbi hazırlıq baxımından o dövrdə bizi ermənilərlə müqaisə etmək olmazdı — zatən hərbi qulluqdan 100 ilə yaxın kənar qoyulmuş toplumdan daha çoxunu tələb etmək də mümkünsüz idi. Nəhayətdə, 1905 və 1918-ci ildəki qırğınlar zamanı bu faktorlar özünü bariz və faciəli surətdə göstərdi. Və bizim üçün bu faciəli şərtləri yeni yaradılmış dövlətin təklikdə düzənləyə biləcəyinə ümid etmək ən azından sadəlöhvlük idi.
Amma biz çox-çox bəxtli bir xalqıq — bu haqda dəfələrlə yazmışam. Qouşularımızdan bir çox məsələlərdə geri olmağımıza rəğmən, məhz həmin o faciəli dövrdə, yeni yaradılmış dövlətimizin Osmanlı imperiyası ilə maraqlarının üst-üstə düşməsi müstəsna bir tale ulduzu idi.
Nuri paşanın Qafqaz İslam Ordusu məhz bu dövrdə hərəkətə gəlir. İmperiyanın Şərq Orduları Qrupuna daxil olan bu hərbi hissəyə yeni yaradılmış dövlətin könüllüləri də qoşulur və Bakı üzərinə yeriyir. Bu dörvdə bizim maraqlar üst-üstə düşürdü. Azərbaycan yenicə elan edilmişdi, özünü təsdiq etmək və paytaxtına dönmək üçün ona qüdrətli bir müttəfiq gərək idi və bu Osmanlının timsalında reallaşdı. İmperiyaya da biz gərək idik — yerlərdə təşkilatlanmış müsəlman-türk toplumu onların işini asanlaşdırmağa xidmət edirdi, amma onlar üçün AXC rəhbərliyi maksimum yerli inzibati idarəetmə səviyyəsində idi, daha dövlət yox, zatən ölkənin bayrağı belə Osmanlı protektaratı olduğuna işarə idi. Əgər Mərkəzi Dövlətlər bu müharibədə Antantaı yenə bilsəydi, o zaman biz hökmən Osmanlının tərkibində olacaqdıq, müstəqil dövlət kimi yox, bunu da anlamağımız gərəkdir.
Lakin sentyabrda Bakının alınmasından bir ay keçməmiş, ağır məğlubiyyətə düçar olmuş Osmanlı İmperiyası faktiki çökür və Bakını tərk etməli olur. Bir qədər sonra qalib dövlətlərin təmsilçisi General Tomson ordusu ilə Bakıya daxil oldu, “osmanlı” bayrağını görcək haman onun aşağı salınmasını tələb edir. Lakin son nəticədə Qurucu Atalarımız bu təhlükəni də dəf edir, yeni tərəfdaşlarla danışığa gəlir və tezliklə, dekbarın 9-da yeni – bu dəfə üçrəngli bayrağımız Bakı meriyasının üstündə ucaldılır, parlamentin iclasının açılışı olur. Nəticədə Cümhuriyyət uğurla varlığını davam edir və daha il yarım yaşayır, Bakı onun paytaxtına çevrilir, faktiki dünya tərəfindən tanınır və bizim üçün çox vacib tarixi presedent beləcə yaranır.
Bütün bunlar sonrakı tarix üçün çox vacib idi, çünki hətta 1920-ci ilin bolşevik işğalından sonra da bu şərtlər öz müstəsna rolunu oynadı. O zamankı bolşevik hakimiyyətinin millətlər işi üzrə komissarı Stalin və demək olar ki, bütün kommunist elitası Bakını Azərbaycandan fərqli bir şəhər sayır4 və hesab edirdi ki, onu bu ölkədən ayırıb, birbaşa Rusiyaya birləşdirmək, yaxud ona başqa bir status vermək gərəkdir. Bütün bunlar bölgələrə, yəni Naxçıvana və Qarabağa da aid idi. Bunlar sonda bizim üçün geri dönməyəcək faciəli nəticələrə gətirə bilərdi.
Lakin tarixi presedent çox-çox vacib məsələdir. Bu presedent Cümhuriyyət dövrü artıq baş vermişdi və ondan hətta Azərbaycan kommunistləri belə ölkənin ərazi bütövlüyünü dəstəklədilər. Nəticədə bütün mübahisələrə rəğmən Azərbaycan Bakı (eyni zamanda Naxçıvan və Qarabağ) ilə bərarər müttəfiq respublika qismində SSRİ tərkibində mümkün olan ən böyük statusu qazanır ki, bu da sonda müstəqil dövlətin yaranmasına gətirib çıxardı.
İndi üstündən 100 il keçmiş bu hadisələri biz rahatca “olmalı olan” kimi qiymətləndiririk, lakin bunlar Qurucu Atalarımızın müstəsna uğuru idi. Mümkünsüz şərtlər altında buna əsla hazır olmayan toplumda dövlət yarada biləcək qüvvələr tapıldı və mürəkkəb tarixi şəraitdə onlar müxtəlif böyük güclərlə dil tapa bildilər.
Bu nailiyyətləri zamanın indiki yüksəkliyindən yalnız möcüzə kimi qiymətləndirmək olar. Əgər Rusiyanın Qafqaza gəlməsi tarixindən geniş nəzərlə baxsaq, Cümhuriyyətin yaranmasını öncədən görmək mümkünsüz idi və müstəqil dövlətimizin olacağını əsla qanunauyğunluq adlandırmaq olmaz. Bu şübhəsiz ki, tarixin dolanbaclarından çıxmış təsadüf və bəxt məsələsi idi. Bu tarixi şansı reallaşdıra bilən Qurucu Atalarımıza əbədi borcluyuq.
Lakin çağdaş Azərbaycanı, onun sekulyal mədəniyyətini ilk öncə təfəkkürdə, xəyallarda və çox böyük zaman aparacaq maarif prosesində yaratmaq gərək idi, bunsuz müsəlman şərqində ilk Cümhuriyyət əsla qurula bilməzdi. Çağdaş-sekulyar Azərbaycan təfəkkürünün memarı isə şübhəsiz ki, bizim ilk modern mütəfəkkirimiz, ölümündən düz 140 il keçmiş M.F.Axundov, onun davamçıları da XIX əsrin sonu – XX əsrin əvvəlində yaşayıb fəaliyyət göstərmiş parlaq ziyalılarımızın kaqortası idi. Məhz onların fəaliyyəti sonda bu parlaq nəticə ilə yekunlaşdı. Bu anlamda bəxmizə gəlmiş tarixi şansın itirilməməsi, çağdaş dövlətin yaradılması və tarixi vərəsəlik hüququ onların bizlərə ən böyük töhfəsi və əvəzsiz mirasıdır.
1) Maraqlıdır ki, 1910-cu ildə İstanbulun Avropa şəhərinə çevrilməsi üçün Fransadan bir urbanizasiya üzrə alimi çağırırlar və o ilk öncə burdakı bütün itlərin şəhərdən yığılmasını məsləhət görür, nəticədə şəhər itlərini küçələrdən ordu yığır və sonra heyvanları gəmilərlə İstanbul yaxınlığındakı boş adalara yollayırmış. Avropa tipli modernizasiya naminə Jön Türkler iqtidarı ən kəskin addımlara gedə biləcəiyini bu misalla da sübut edir.
2) Bu hadisədən bir gün öncə, 29 oktyabrda Osmanlının almanlardan alınmış “Yavuz” və “Midilli” (əslində isə “Goeben” və “Breslau”) hərbi kreyserləri Qara dəniz sahillərindəki rus şəhərlərini – Odessa, Sevastopol, Feodosiya, və Novorossiyski bombardıman etmişdilər.
3) Doğrudur, H.Z.Tağıyev, M.Nağıyev, Ş.Əsədullayev və yaxud M.Muxtarov kimi neftxudaların ismi hər kəsin dilindədir, lakin faiz etibarı ilə onlar ermənilərə nisbətdə çoxluqda deyildi. İctimai həyatın başqa sahələrində də vəziyyət eyni idi.
4) İ.Stalin, “Marksizm və milli məsələ” məqaləsi (1913-14); I.Stalin, “Rusiya Kommunist (boşeviklər) Partiyasının X qurultayında partiyanın növbəti hədəfləri və milli məsələ ilə bağlı hesabatına yekun söz”, 10 mart 1921.