Uzun-uzadı giriş vermədən, birbaşa mətləbə keçək. Yəqin hamı görür, bilir ki, ölkədə, daha doğrusu cəmiyyət içində bir sürü “cool” adam var. Onlar hər şeydə öncüldür, hər şeyi bilirlər, ifadələrində ingiliscə sözlər dilimizə qarışıb, genderdən tutmuş siyasətə kimi hər şeydən nəinki anlayışları var, həm də “normal ölkədə yaşasaydıq” ilə nəzərdə tutulan formasiyanı da məhz bunlar idarə etməli imiş (çünki nəyi necə etməyi də ancaq özləri bilir) – bax, belə bir iddia ilə gəzirlər ortalıqda.
Həmin “cool” dəstənin ortastatistik üzvlərinin çoxu artıq 40 yaşı haqlasa da, yenə də (Y.Çəmənzəminlinin təbirincə) daima “student” qalır, əbədi “oxuyanlıq” edirlər. Dəhşət potensial daşıyıcısı olsalar belə, yenə də oxuyurlar (istəsələr Oxford filan da ola bilər) – hazırda master degree, PhD edir, amma sonra yenə oxuyacaq. Qərəz, oxuyan, bilən, ağıllı, hamını öyrətməli olan bu “cool” tip obrazı, güman ki, çoxunuza tanışdır. Bax, həmin bu tip, təxmini son onillikdə cəmiyyətdə (daha çox sosial şəbəkədə) formalaşmış,“əbədi tələbə” sindromlu sosial fenomendir. Bu yazı ilə, sözügedən fenomenin portretinə qısa ştrixlər çəkmək istədim.
İş orasındadır ki, “əbədi tələbə” daim oxusa da, fikir yürütsə də, imza atdığı hansısa bir sanballı fəaliyyəti mövcud deyil, bəlkə nə zamansa agah edəcək bizi. Yəni “əbədi tələbə”nin funksionallığından danışmağa dəyməz – nə yazdığı bircə ciddi məqaləsi, nə bir əsaslandırılmış, maraq doğuracaq çıxışı, nə ortaya qoyduğu hansısa bir işi, nə də ki, əsəri -heç bir şeyi yoxdur, yəni tam bir boşluq.
Lakin bu boşluğun iddiası yerə-göyə sığmamaqdadır.
Bu ortastatistik “cool” insanımızın, “əbədi tələbənin” yeganə fəaliyyəti ucuz-dayaz, küyçü-ehkamçı “hərşeyşünas”lıq və bunların ifadə məkanı olan sosial şəbəkə statusları, tvitləridir. Bu məkanda yazdıqlarından da belə çıxır ki, bu adamlar heç nəyi bəyənmir, permanent narazıdırlar, “mırt tutmağı” da bacarırlar, onların nəzərincə hər şey “başqa cür” olmalıdır, amma nə cür – sirri-xudadır.
“Əbədi tələbə” beşikdən məzara qədər oxumaq prinsipini rəhbər tutduğunu iddia etsə belə, ömrü boyu “oxumağı”, tez-tez ordan-burdan sitatlar gətirməyi, biliklərini hər vəchlə vurğulamağı funksionallıqdan uzaqdır – bilik və istedadı varsa, onları heç bir zaman praktikada, yəni tətbiqini real həyatda görməyəcəyik.
“Beşikdən məzara qədər” ifadəsini boş yerə işlətmədim, doğrudan da sual oluna bilər ki, məgər təhsildə nəsə mənfi bir şeymi var? İnsan həyatı boyunca öyrənə bilməzmi? Yeni biliklərə can atmaq insan təbiətinin təbii tələbi deyilmi?
Xeyr, bizim halda bu, belə deyil. “Əbədi tələbə” sindromu əsla təhsil məsələsi olmayıb, daha çox ictimai problemdir və buradakı səbəblər daha çox psixologiya sahəsinə aiddir. Çünki bu sosial tip, uzun illər ərzində qurub-qısındığı komfort zonasından çıxaraq real həyatda nələrəsə başlamaq, bir işin qulpundan yapışmaq qarşısında dərin qorxu hissi keçirir. Çünki belə olan halda, sosiumdakı daimi kritik-istehzalı modunu, “mənəvi üstün” statusunu tamamilə itirə bilər.
“Əbədi tələbə” rolunda qalmaq isə “cool” ictimai mövqe üçün ələdüşməz bir bəhanə, çox gərəkli sosial statusdur. Yalnız belə bir komfort zonasında yaratdığın obraz, daima öz “bacarıq və biliklərini” vurğulaya, real həyatda isə onların heç birini tətbiq etməyə, hətta nə cür tətbiq ediləcəyinə dair heç bir fikir və ideyaya malik olmaya bilər. Bu tip, hansısa nəticə üçün yox, sadəcə bu sosial statusda maksimum uzun müddət (idealda permanent) qalmaq üçün, seçdiyi həyat tərzinin davam etməsində maraqlıdır.
Özlüyündə sosial parazitizmi ehtiva edən “əbədi tələbə” sindromu, əslində, olduqca praqmatik Azərbaycan toplumu üçün yeni yaranmış fenomendir, reallıqda çox kiçik bir təbəqəni əhatə edir və şübhəsiz ki, sektant infantilizasiyasının məhsuludur.
P.S. “İnsanlar daima başlarında peyda olan ilğımı təqib edir. Lakin nədənsə onlar, həmin ilğımı bu görüntülərin meydana gəldiyi başın içində deyil, real fiziki dünyada təqib edir. Və sonra, görüntülər dağıldıqda, insan dayanıb deyir – nə idi bu? Mən haradayam, niyə məhz mən və indi nə etməli?” (Viktor Pelevin, “Empire “V”. Həqiqi fövqəlinsan haqda povest.”)