Ötən yazılarımdan birində erməni müğənnilərinin Qarabağ mövzusundakı klip və mahnılarından yazmışdım. Azərbaycana gəlincə, mövzuyla bağlı çəkilən kliplər, oxunan mahnılar keyfiyyət, bədii-estetik cəhətdən erməni həmkarlarının yaradıcılığından xüsusi fərqlənmir. Hətta müəyyən keyfiyyətli əsərlər olsa da, onlar bütün hallarda gerçəkliyin gücünə uduzur. Qısaca desək, biz hələ sənətin müharibə reallığına uduzduğu, onu üstələyə bilmədiyi mərhələdəyik.
İşğala qədər mahnılarımızda lirizm, kədər ovqatı üstün idisə, müharibə və ondan sonrakı dövrdə döyüş, qələbə ruhu dominantdır. Bəzi müğənnilər isə ötən illərdə bu mövzuda oxuduqları kompozisiyaları yenidən aktuallaşdırdılar.
“Qarabağ Azərbaycandır” şüarına ən operativ reaksiya verən müğənnilərdən biri minlərlə pərəstişkarı olan Şəbnəm Tovuzludur. Oktyabrda yayımlanan “Qarabağ Azərbaycandır” klipinə 8 milyondan çox baxış sayı var. Və Youtube-da dinlədiyim heç bir mahnı bu qədər tamaşaçı toplamayıb.
Musiqi ənənəvi toy üslubunda yazılsa da (sözlər: Tural Sədalı, musiqi: Şəbnəm Tovuzlu), mətndə geosiyasi məsələlərə Tovuzlu səviyyəsində poetik yanaşma var:
Qarabağ Azərbaycandır,
Ona canımız qurbandır.
Türkiyə Azərbaycandır,
Bir ürəkdir, bir candır.
Şuşanı, Laçını, Ağdamı almağın zamanı gəldi,
Bu yandan da qardaş ölkəmizin təkanı gəldi.
Klipə (rejissor Şahanə Ayazqızı) gəlincə, gözündə gün eynəyi, üzündə makiyajı parlayan, boz düzənlikdə gəzişən Tovuzlu hərbi paltar geyməsydi, onun turist olduğu zənn edilərdi.
“Vur, komandir vur!” mahnısının (söz və musiqi Elçin Məhərrəmov) ifaçısı Damlanın ciddi musiqiylə bağlılığı olmasa da ən çox tamaşaçı toplayan müğənnilərdəndir, hətta onu görəndə sevinc və həyəcandan ağlayan, özünü dünyanın ən xoşbəxt adamı sayan xeyli izləyici var.
Damlanın sözügedən mahnısı iyul ayında yayımlanıb. Çox güman ki, mahnı bu ilin iyulunda Tovuz döyüşlərinə reaksiya kimi meydana çıxıb. Bununla belə “Vur, komandir vur!” ifadəsi 2014-cü ildə erməni helikopterini vuran, müddətdən artıq hərbi qulluqçu İlkin Muradovla bağlıdır. Ağdamda xidmətdə olarkən, manqa komandiri Muradova düşmən helikopterinin mövqelərimizə tərəf uçduğunu xəbər verir. Komanda məntəqəsindən verilən göstərişə əsasən o, mövqelərimizə yaxınlaşan helikopterləri nişan aldıqca əsgərlər ona “Vur, komandir vur!” deyirlər. Hərçənd, “Vur, komandir vur!” ifadəsi artıq bu hadisənin çərçivəsindən çıxaraq İkinci Qarabağ Savaşının şüarlarından birinə çevrildi.
Məzmunca mətn mübariz ruhlu, musiqi isə yüngül, kütləvi istifadəyə yararlı, asan həzm ediləndir və musiqisi bayağı sevgi mahnılarından seçilmir. Bundan başqa “Vur, komandir vur!” klip yox, hərbi formalı Damlanın bir neçə fotosundan ibarət görüntüdür.
Xatirə İslamın oxuduğu “Vur, komandir vur!” (sözlər: Vahid Əziz, musiqi: Yeganə Mikayılqızı) isə marş janrının zəif nümunələrindəndir. Müğənninin ifası effektsiz, emosional gücü azdır.
Lakin Abbas Bağırovun “Vur, komandir vur!” (sözlər: Kəmalə Hacıyeva, Vüqar Əbdüllov, musiqi: Ənvər Sadıqov) kompozisiyası cəngi ruhundadır, yuxarıda qeyd etdilən mahnılardan daha istedadlıdır.
Müharibə günlərində ən çox yayılan kliplərdən biri “Atəş” (musiqi: Alxanlı) idi. Rok janrında yazılan əsərin ifaçılardan biri Nərmin Kərimbəyova (digəri Ceyhun Zeynalov) Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin orkestri ilə çalışır. Düşmənə nifrəti, qələbəyə çağırışı ifadə edən əsər plakat estetikasında sərt kompozisiyadır.
Klipdə (rejissor Rövşən Cahangirov) bol silah rekvizitlərindən istifadə olunub, tanklar, hərbçilər arxa fonda hərəkətlilik yaradır. Sadəcə, Kərimbəyovanın makiyajı ilə əsgər paltarı arasında uyumsuz kontrast, bəzən isə üzündəki təbii olmayan pafos ümumi görüntüyə zərər gətirir.
Telekanallarda ən çox yaymlanan musiqilərdən biri Miri Yusifin Alim Qasımov və “Natiq” ritm qrupu ilə birgə oxuduğu “Ya Qarabağ ya ölüm” (musiqi: Aytən İsmixanova, sözlər: Ozan Arif, Qəzəl: Xosrov Sərtibi) repidir. İllər öncə “Dəyirman” qrupunun ifasında populyarlaşan, cihada səsləyən əsərdə əsas yenilik Alim Qasımovun ifasıdır. Klip (rejissor: Teymur Nəcəfzadə) Qarabağ müharibəsinin xronikasını əks etdirən fotoşəkillər, animasiyanın ifadə vasitələri üzərində qurulub.
Azad Şabanovun və Cavid Məmmədovun səsləndirdiyi “Qarabağdan salam” (musiqi və sözlər : Cavid Məmmədov) həzin mahnısının mətni oğulun cəbhədən anasına yazdığı məktub formasındadır. Klip (rejissor: Fərhad Əli) ocaq başında, fonda silah tüstüsüylə statik işlənib. Amma klipin ən təsirli hissəsi sənədli kadrlar idi. Bir qrup gənc əsgər mobil telefonla özlərini çəkərək “Bəlkə bu bizim sonunci videoumuzdur. Allah bizi valideynlərimizə çox görməsin. Qarbağı alaq, inşallah qayıdarıq” deyir. Ona görə sənətin müharibəyə uduzduğunu nahaq qeyd etmədim.
https://www.youtube.com/watch?v=NuqBEBTaQ3w&feature=emb_title
Ötən illərin aktuallaşan mahnılarından biri “Cənab leytenant” (sözləri və musiqi: Şahin Musaoğlu) oldu. Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının nəzdindəki “Oyuq” teatr-studiyasının təqdim etdiyi klipdə mahnı yeni aranjmanda (Vasif Arifoğlu) və 13 yaşlı Selcan Xatunun intonasiyasında yeniləndi. Selcan bir neçə filmə çəkilib, Kukla Teatrının səhnəsində hazırlanan tamaşalarda əsas rolları ifa edib, İTV-də cizgi filmləri ilə bağlı dublyajlarda iştirak edir. Yəni yaşına görə çox intellektualdır. Bunu ona görə qeyd edirəm ki, azyaşlı olmasına baxmyaraq, ifa etdiyi mahnını dərk edərək, fərqinə vararaq oxuyur. Bədii və sənədli elementlər üzərində çəkilən dinamik klipdə (rejissor: Saida Haqverdiyeva) aktyor oyunu ilə yanaşı, Birinci və İkinci Qarabağ saşvaşının qəhrəmanlarının foto-kadrları yer alır.
“Millətəm” layhəsi (sözlər: Sabir Rüstəmxanlı, musiqi: Elçin Cəfərov) bir qrup ( Xəyyam Nisanov, Ayaz Qasımov, Emil Bədəlov, Ramal İsrafilov, Samir Piriyev, Yaşar Cəlilov, Elton Hüseynəliyev, Elçin Cəfərov) müğənninin birgə işidir.
Mətn ənənəvi Sabir Rüstəmxanlı ritorikasıdır.
Mənim yoluma bax, əzəldən haqdı
Haqqı gücsüz bilib gülmək günahdı,
Gələcək cəzanı çəkməyin vaxtı,
Hesabı axırda kəsən millətəm!…
Musiqinin səviyyəsini normal saymaq olardı. Sadəcə problem odur ki, layihəyə qatılan, adları saysız qalmaqallarda hallanan bu müğənnilərdə şəxsiyyət duruşu, xarakter olmadığından mahnı da emosional təsir eləmir.
Bütün hallarda bugünlərdə doğrudan da himnə çevrilən tək bir mahnı var: Xudayar Yusifzadənin ifasındakı “Vətən yaxşıdır” təsnifi. Hər dəfə hardasa onun ifasını, yalnız onun ifasını eşidəndə mütəəssir oluram, müharibəni, həyat və ölümü, səmimi sevgisini çox yaxından hiss edirəm. Musiqisi Əlibaba Məmmədova aid olan təsnif məhz Xudayarın ifasından sonra populyarlaşdı. Və burada əsas məsələ şəxsiyyətin mahnıya qazandırdığı mənadır. Bu, yenə də həyatın sənəti üstələdiyi andır. Sözlərini Əliağa Vahidin yazdığı təsnif Əlibaba Məmmədovun razılığı ilə “Xudayar təsnifi” adlanacaq.
Qarabağ müharibəsi, Paşinyan mövzusu meyxana janrına da xeyli material verdi. Meyxanaların ritmi monoton olduğundan ancaq mətnlərin məğzindən danışacam. Nə satira, nə ironiya, nə sarkazm olduğu bilinməyən, bədii cəhətdən yoxsul mətnləri Ermənistanla konflikt, geosiyasi məslələrlə bağlı lağlağıdır.
Elçin Göyçaylı və Oruc Aminin ifa etidyi “Noldu Paşinyan” meyxanasından:
Qarabağı sən nə üzlə istəyirdin
Halal torpağımızı mənimsəyirdin
Vərmiyəcəm, vərmiyəcəm deyirdin
Nooldu Paşinyan, nooldu Paşinyan.
Canan adlı müğənni-meyxanaçının “Qisasımızı Aldıq” meyxanasından:
Paşinyan öl yuvada
Bizim eldə obada
Oynuyurdun Şuşada
Anavızı titrətdik
Xalqımızın duası
Türkiyənin puası
Raketlərin şüası
Sizi belə məhv etdi.
Murad Ağdamlının “Qarabağ Azərbaycandır” meyxanasından:
Torpağı vermərik özgəyə.
Pakistan Azərbaycan Türkiyə,
Bir ürəkdir, bir candır,
Qarabağ Azərbaycandır.







