Müasir hakerlik və haktivizmə baxış
“İlkin xristianlığın dini ideoloqlarını və ruhanilərini ən çox narahat edən suallardan biri də Allahın dünyanı niyə yaratmasıydı. Protestantlıqdan öncəki düşüncə tərzi üçün bu, kifayət qədər aktual sual idi: məntiqi olaraq, protestantlıqdan öncəki Allah asudəliyə o qədər yüksək qiymət verirdi ki, ümumiyyətlə, onun nəsə yaratmaq fikrinə düşməsi çoxlarını bu mövzuda baş sındırmağa vadar edirdi.”
Filosof Pekka Himanen tərəfindən yazılan və 2001-ci ildə işıq üzü görmüş “Haker etikası və informasiya əsrinin ruhu” əsəri müasir texnoloji cəmiyyətə və haktivizmə fərqli baxış sərgiləyir.
Etiraf etməliyəm ki, informasiya texnologiyaları sahəsiylə iki ilə yaxındır maraqlanmağa başlamışam və kitabı oxumazdan qabaq onun, populyar haker hücumları barədə çoxlu nümunələrin, qəliz texniki terminlərin, eləcə də həmin fəaliyyətlərin etik tərəfinin analizinin yer aldığı araşdırma əsəri olacağını gözləyirdim. Ama təxminimdə tamamilə yanıldığımı deyə bilərəm. Başlıqda verilən nümunədən göründüyü kimi, din, fəlsəfə, siyasət və tarixə çoxlu istinadlar edən bu kitab oxucularına intellektual həzz yaşatmaqla yanaşı, hakerlik və haktivizmi bizə daha geniş perspektivdən təqdim edir.
Ümumiyyətlə, qeyd etmək yerinə düşər ki, Azərbaycanda elmi çevrə arasında informasiya texnologiyaları sahəsinə elmi araşdırma nöqteyi-nəzərindən maraq elə də çox deyil. İT mütəxəssisləri proqram təminatı üçün zəruri olan informasiyanı məhdud proqamçılar mühitinə xırda bloqlar və ya videolar vasitəsilə çatdırsalar da, geniş kütlə üçün bu sahədə araşdırmalar və məqalələr elə də geniş yayılmayıb. Bundan başqa, bu sahənin sosial, psixoloji və fəlsəfi aspektlərinin analizi də çox yayğın deyil və sosial elmlərlə məşğul olan şəxslər arasında bu mövzuların təhlilinə, demək olar ki rast gəlməmişəm. Proqramlaşdırma çoxlarına praktik, apolitik və asosiallığı “təbliğ edən” praqmatik bir sahə kimi göründüyündən intellektual çevrələrdə ona qarşı dırnaqarası yanaşma sezmək mümkündür. Himanenin bu qiymətli kitabı mövcud stereotipləri yıxmağa və bizə tam fərqli bir dünyanı görməyə imkan yaradır.
Sözügedən kitabda “haker” deyəndə, çox vaxt qara hudidə, arxada “Matrix” filmindən bizə tanış olan rəqəmsal yağış fonunda təsvir edilən, hansısa saytları və texniki sistemləri qıran krakerlər nəzərdə tutulmur. Müasir dövrdə “hakerlər” termini yanlış olaraq daha çox kiber cinayətkarları adlandırmaq üçün işlədirilir. Müəllif isə haker dedikdə açıq-mənbə (open source) proqram, pulsuz və hər kəsə əlçatar olan texnologiyaların yaradılmasına və inkişafına daimi töhfə verən, informasiyanın paylaşılmasına xeyirxah əməl kimi baxan texnologiya pionerlərini və entuziastları nəzərdə tutur. Tərəfimdən verilən bu qısa izah tam ideal olmasa da, müəllifin haker etikasından danışarkən ehtiva etdiyi geniş məfhumları qismən də olsa, izah etməyə çalışır.
Əsərdə haker etikasına daxil olan yeddi dəyərdən – gördüyü işə vurğunluq, azadlıq, sosial dəyər (social worth), açıqlıq, fəaliyyət, canıyananlıq, yaradıcılıq – bəhs edilir. Müəllif, eyni zamanda, əsər boyu Maks Veber tərəfindən irəli sürülən protestant iş etikasının yeddi dəyəri ilə də müqayisələr aparır. Kapitalizmin ruhunu protestant etikasında görən Veber protestantizmin, insan əməyini ön plana çıxaran mövqeyinə daha çox fokuslanır, sənaye və elmi inqilabların meydana çıxmasını, məhz, bu amillə əsaslandırırdı. Himanenin fikrincə, bu, protestanlıqdan öncəki xristianlıqdan tamamilə fərqlənirdi, çünki cümə gününə xüsusi önəm verən protestantlıqdan fərqli olaraq əvvəlki inanclılar bazar gününü və istirahəti ideallaşdırırdılar. Daha ətraflı desək, protestantlıqdan öncəki xristianlıqda hesab edilirdi ki, bazar günü Allahın dünyanı yaratdığı, eləcə də İsa Məsihin ölülərin arasından qalxıb Cənnətdə əbədi istirahətə yüksəldiyi gündür. Bu səbəbdən də həmin dövrlərdə bazar günü həftənin ilk günü hesab edilirdi.
Protestanlıqdan öncə dindar xristianlar cəhənnəmi əbədi əzablarla dolu, cənnəti isə daimi həzz və istirahətin hökm sürdüyü yer kimi təsvir edirdisə, protestantlıq bu cür düşüncə tərzinə qarşı çıxırdı. Cənnətdən qovulma itki sayılmırdı. Həmçinin Allahın orada qadağan edilmiş ağacı əkməyi də təsadüfi deyildi, çünki alın təri insanlara verilmiş ən qiymətli hədiyyə və dərs idi.
Amma hakerlər nə daimi istirahətin, nə də daimi işin tərəfdarıdırlar. Əbədi həzz əbədi iş kimi maraqsızdır. Kitabın həmmüəlliflərindən biri, eyni zamanda Linuks əməliyyat sisteminin yaradıcısı olan Linus Torvaldsın sözlərinə görə, əyləncə və sosial həyat motivləri hakerləri tam fərqli bir yol axtarışına qoşulmağa həvəsləndirir. Himanen isə kreativliyi bu yola işıq salan çırağa bənzədir.
Kreativlik- haker icmasının uğurlarının arxasında dayanan əsas güclərdən biridir və bu prosesdən yaranan həzz onları daha da motivasiya edir. Hakerlər Genesisin – yaradılışın özünü Allahın kreativliyinə nümunə kimi göstərirlər. Əgər cənnət sakit, boş və həzlərlə doludursa, ora, hakerlər üçün heç də ən yaxşı yer deyil. Çox güman ki, XX əsrin ikinci yarısından başlayan informasiya inqilabına da marağı gücləndirən, kreativ məşğuliyyətə həvəsləndirən belə düşüncə tərzi gətirib çıxarmışdı.
Fikrimcə, haker etikasının formalaşmasına təsir göstərən ən mühüm faktorlardan biri texnologiyanın sürətli inkişafının başladığı dövrün sosial-siyasi vəziyyətidir. Açıq-mənbə proqramlaşdırmanın ortaya çıxması soyuq müharibə dövründə Amerika universitetlərində populyar olan sol ideologiya ilə bağlı idi. Əqli mülkiyyət hüquqları və proqram lisenziyalarına qarşı yaradılmış “Copyleft” cərəyanın yaradıcısı və proqramlaşdırma sahəsində pionerlərdən biri olan Riçard Stallmanı radikal sol fikirlərinə görə İT sahəsinin Marksı hesab etmək olardı. Lakin bu, idealları dəstəkləyən hakerlərin pul və kapitalist cəmiyyətin tam əleyhdarları olduqları anlamına gəlmirdi. Yaxşı həyat tərzinə malik olan bu insanlar, sadəcə, pula öz şəxsi azadlıqlarını qorumaq, sevdikləri işi görmək və cəmiyyətə fayda vermək üçün vasitə kimi baxırdılar və baxırlar. Himanen özü də qeyd edir ki, iş, pul və sosial şəbəkə etikasına uyğun yaşayan hakerlər cəmiyyətdə ən yüksək rəğbətə layiqdirlər və özlərini tam olaraq realizə edə bilərlər.
Son olaraq demək olar ki, “haker etikası və informasiya erasının ruhu” – bizə haker etikasının dəyərlərini nümayiş etdirən və həyatın mənası haqqında fəlsəfi suallar irəli sürən maraqlı bir əsərdir. Kitab, həm də hakerlərlə bağlı geniş yayılmış “ancaq kodlaşdırma barədə düşünən sosiopat introvertlər” stereotipini dağıtmağa səy göstərir. Bu stereotipin əksi kimi demək olar ki, əsl hakerlər ümumi fayda, açıqlıq, qayğıkeşlik, əyləncə kimi meyarlar üçün birgə əməkdaşlığa dəyər verən şəxslərdir və onların müasir dünyada iş mədəniyyəti, eləcə də sosial-siyasi dəyişikliklərin formalaşmasında rolu inkaredilməzdir.
Mənbə: “Haker etikası və informasiya erasının ruhu”, P. Himanen, 2001.