Bu məqalə 2008-ci ildə, rus dilində kultura.az saytında dərc edilib.
Məqalə, qətiyyən İsrafil Ağazadənin ANS televiziyasında qonağı olduğum “Dahilərin divanı” silsilə verilişinə cavab deyil.
Televiziya efirinin spesifikasını nəzərə alaraq, öz nəzər nöqtəmi yazılı şəkildə səsləndirmək qərarına gəldim. Çünki söhbətin televiziya versiyası bir az doğranmış şəkildə idi. Bundan başqa, bu halda obyektiv olaraq müzakirə aparmaq, opponentin fikri ilə razılaşmayanda qarşı arqument də gətirmək olar.
Kifayət qədər əks-səda doğurmuş ANS efirinə qayıdaq. Xatırladım ki, “Dahilərin divanı” silsiləsi bu və ya digər incəsənət xadiminin dahi ünvanına layiq olub-olmadığını araşdırmağa həsr edilib. Əgər “Bəs hakimlər kimdir?” prinsipinə riayət etsək, bu tip müzakirələrin doğruluğu məndə şübhə yaradır. Üstəlik hazırkı konkret məsələdə mən hətta müzakirədə iştirak edən mütəxəssislərin seçimi prinsipini də gözardı edirəm. Məsələn, şəxsən mən verilişdə yalnız caz musiqiçisi Salman Qəmbərov iştirak edəcəyi təqdirdə yer almağa razılıq vermişdim. Onun iştirak etməyəcəyindən son anda xəbər tutdum, buna baxmayaraq, verilişin təşkilatçılarını pis vəziyyətdə qoymaq istəmədim. Obyektiv səbəblərə görə, musiqişünas Turan Məmmədəliyeva da (Azərbaycan bəstəkarlarının musiqisində caz harmoniyaları haqda ilk doktorluq dissertasiyanı məhz o müdafiə edib) proqramın çəkilişində iştirak edə bilmədi. Vaqif Mustafazadəyə həsr edilmiş proqramda məhz bu iki nəfərin iştirakı xüsusilə vacib idi. Əgər verilişin yaradıcı heyəti hazırlıq mərhələsində daha vicdanlı davransaydılar, hətta bu halda da proqram gözləniləndən maraqlı alınardı. “Vicdanlı olmaq” o deməkdir ki, əvvəlcədən təyin olunmuş qəliblərə uymamaq üçün verilişin aparıcısı, necə deyərlər, mövzudan bir az xəbərdar olmalıdır. Bu, heç olmasa, danışanların sözünü hər dəfə deyil, yalnız lazım gələndə kəsmək üçün vacibdir. Ona görə də, Viktor Stepanıç Çernomırdinin ölkəmizin ruhuna uyğun olan bir kəlamı yada düşür: “Yaxşı olmasını istəyirdik, amma həmişəki kimi alındı”.
Nə isə, qəmli şeylər haqda bu qədər kifayətdir, indi daha kədərli məsələlərdən danışaq. Axı, qəm ötəridir, kədər isə daha davamlı kateqoriyadandır. Öz sahələrinə uyğun olaraq incəsənət dünyasındakı bu və ya digər hadisəyə fikir bildirməli olan bəzi insanların fəaliyyətsizliyi xüsusilə kədərlidir. Təəssüf ki, dəqiq və ölçülü tənqid ənənəsini əhəmiyyətli dərəcədə itirmişik. Bunun səbəblərini müzakirə etmək istəmirəm, sadəcə bu kədərli faktı qeyd etməklə kifayətlənirəm. obyektiv tənqid olmadan (indiki halda professional və qərəzsiz tənqid nəzərdə tutulur) heç bir sahədə, eləcə də incəsənətdə proqres mümkün deyil. Onu da əlavə edim ki, şou-biznes ulduzlarının konsertlərinə yazılan hər hansı resenziyanı tənqid hesab etmək yersizdir.
Yuxarıda deyilən hər söz Vaqifə, daha doğrusu, onun yaradıcılığının araşdırılması və analizinə də aiddir. Hərdən elə fikir yaranır ki, musiqişünaslar Sovet dövrünün “Leninin təlimi qüdrətlidir, çünki o doğrudur” klişesini əsas götürən prinsiplərə əsaslanırlar. Doğrudur! – vəssalam. Məlum olduğu kimi, bu doktrina uzunömürlü olmadı və ən azından, bu səbəbə görə qüdrətli də deyildi. Bu tip yanaşmalar yalnız rəhbər partiyanın ideoloji strukturlarının iş prinsipləri qismində yararlıdır. Özü də bunların hamısı təkcə daxili istifadə üçün hesablanmışdı və ixrac olunan əmtəə qismində faydasız idi.
Ola bilsin ki, mən mövzudan kənar təsiri bağışlayan məsələlərə həddindən artıq diqqət ayırdım. Halbuki, əslində, bütün bunların həm tənqid mövzusuna (başqa sözlə desək, mütəxəssisin müstəqil rəyinə), həm də Vaqif Mustafazadənin yaradıcı irsinə və onun mədəniyyətimizə verdiyi töhfənin obyektiv dəyərləndirilməsinə birbaşa dəxli var. Məhz bununla bağlı ciddi problemlərimiz var.
“Halva, halva deməklə ağız şirin olmaz”. Əfsus ki, biz, çox vaxt məhz bu şərq müdrikliyini unuduruq – şəhərimizə qonaq gələn hər bir caz musiqiçisini Vaqiflə, az qala, terror eləməyə çalışırıq. Bu terrorizm zahirən çox sadə – emosional nəfəsalmalar və göz süzdürmək şəklində ifadə olunur. Bundan o yana keçmirik, çünki başqa heç nə deyə bilmirik. Tallin festivalının iştirakçılarının, hətta Uillis Konoverin (“Voice of America” radiostansiyasında “Caz saatı” verilişinin aparıcısı) çoşqun fikirləri də qətiyyən yetərli deyil. Monakoda keçirilən müsabiqədəki qələbəyə istinad da hədəfdən yan keçir: klassik musiqiçilərdən fərqli olaraq, caz musiqiçiləri mühitində müsabiqələr o qədər də əhəmiyyətli sayılmır. Şəxsən mənim tanıdığım dahi caz musiqiçiləri arasında caz ifaçıları müsabiqələrinin lauretı olanlar yoxdu…
Bir sözlə, hörmətlə birlikdə bilgi və coşqun emosiyalar mahiyyətcə tamamilə fərqli şeylərdi. Vaqifin ölümündən 28 ildən çox zaman keçib – və aşağıdakı sualı verməyin vaxtı çoxdan çatıb: onun yaradıcılığının dərindən araşdırılması üçün nələr edilib? Söhbət elə bir araşdırmadan gedir ki, biz onun nəticələrinə əsasən, Vaqifin həm öz musiqimizə, həm də dünya musiqi mədəniyyətinə töhfəsini obyektiv dəyərləndirə bilərdik. Azərbaycanda bu qədər vaxt ərzində yalnız bir musiqişünas ixtisas qismində cazı seçib – söhbət yuxarıda adı çəkilən Turan Məmmədəliyevadan gedir. Lakin Turan xanım ciddi tədqiqatçı kimi hələ yolun başındadı, onun işinin nəticəsini gələcəkdə görəcəyik. Qeyd eləmək istəyirəm ki, onun seçdiyi predmetə münasibəti, işgüzarlığı işinə davam edəcəyinə arxayınlıq yaradır. Hərçənd, hələlik o, demək olar ki, təkbaşına vuruşan döyüşçülərin sırasındadı. Ümid eləyirik ki, onun işi həmin o ilk qaranquş olacaq…
Artıq daha problemli məqamlara keçmək lazımdır – sadəcə verilişlə bağlı yox, ümumiyyətlə, Vaqif Mustafazadə yaradıcılığı və onun adını müşayiət eləyən əsas qəliblərdən birinə.
Caz-muğamdan başlayaq. İndi bu terminin kimə məxsus olduğunu demək çətindir. Bəzi fərziyyələrə görə, onu, musiqişünas Rauf Fərhadov Vaqifin ölümündən sonra yaradıb, digər ehtimallara görə isə bu termin hələ Vaqifin sağlığında ya Vaqif Səmədoğlu, ya da Anar tərəfindən, dahi musiqiçini hücumlardan qorumaq məqsədilə düşünülüb. Bir versiyanı da sözügedən verilişdə saksofonçu Akif Süleymanbəyli səsləndirdi: onun sözlərinə görə, Vaqifin qrupu “Caz-muğam” adlanırdı (hərçənd Vaqif Mustafazadənin filarmoniyada keçirilən konsertlərinin daimi dinləyicilərindən biri kimi, mən, belə bir şey xatırlamıram).
Necə yaranır-yaransın, bu termin yaşamaq haqqı qazanıb. Ancaq onun altında nələrin dayandığı hələ də aydın deyil. Aydın deyil, çünki terminin rəsmi tərifi yoxdur. Yəni, Vaqifin yaradıcılığında caz-muğamın harda, bopun harda olduğunu müəyyənləşdirməyə çalışsaq, heç nə alınmayacaq. Müqayisə üçün klassik cazdan nümunələr gətirəcəyəm. Orda, demək olar ki, hər şey artıq çoxdan rəsmiləşdirilib. Yəni bütün tərzlərin aydın tərifləri var və dəqiq deyə bilərik ki, blyuz nədi, svinq nədi, bop, hard-bop, ya da bossa-nova, samba, afro-kubano nədir… Məhz bunun sayəsində eyni pyes (mahnı) fərqli tərzlərdə ifa oluna bilər. Lakin bu məqalədə bu cür detallara varmağa ehtiyac yoxdu, sadəcə faktları qeyd etmək kifayətdir. Burda bizim üçün maraqlı olan analoji aspektdir: Məsələn, məşhur blyuz melodiyası “Summertime”-ı caz-muğam janrında ifa etmək mümkündümü? Üstəlik, təkcə azərbaycanlı musiqiçinin yox, istənilən digər musiqili mədəniyyətin nümayəndəsinin də bunun eləmək imkanı olmalıdır. Cavab bəllidir: caz-muğamın dəqiqləşdirilmiş, rəsmi bir tərifi olmadığına görə, hal-hazırda belə bir imkan mümkün görünmür.
Dəqiqləşdirilmiş, rəsmi tərif deyəndə, yəni musiqişünaslar caz-muğam janrının ümumi sərhədlərini müəyyənləşdirməlidilər. Başqa sözlə desək, cazla muğamın təmas nöqtələrini tapmaq və dəqiq müəyyənləşdirmək lazımdır. Təkcə sadalanan bütün janrlarda geniş istifadə olunan improvizasiyalar kifayət deyil: muğamda və cazda improvizasiyanın əsasları tamamilə fərqlidi. Bütün əngəllərə baxmayaraq, bu məsələ ilə bağlı hər hansı gözlə görüləcək bir nəticə əldə olunsa, eyni metoddan istifadə edərək, Vaqif Mustafazadənin yaradıcılığında nəyin caz-muğama aid olduğunu, nəyin olmadığını dəqiq deyə bilərdik.
Bu, o deməkdir ki, aşağıdakı suallara vermək imkanı yaranardı: Vaqifin, musiqimizin korifeyi Tofiq Quliyevin əsərlərini ifa elədiyi albomunu caz-muğama aid eləmək olarmı? Yoxsa onlar Tofiq Quliyevin mahnılarının caz koverləridir? Vaqifin sonuncu albomunda yazdırdığı “Autumn Leaves” və “Bemsha Swing” kimi məşhur caz standartlarının ifa tərzini caz-muğama aid eləmək mümkündürmü?
Təssüf ki, bu sualların cavabı yoxdur: Vaqifin yaradıcılığı hələ də layiq olduğu şəkildə araşdırılmayıb. Dahası, bir tədqiqatçı üçün bu qədər geniş və zəngin fəaliyyət sahəsi hələ də azərbaycan musiqişünaslıq məktəbinin diqqət mərkəzində deyil (söhbət məktəbin ayrı-ayrı nümayəndələrindən yox, ümumiyyətlə özündən gedir).
Yuxarıda adı çəkilən verilişdə Akif Süleymanbəyli demişdi ki, Azərbaycanda həm muğamı, həm də cazı eyni yüksək səviyyədə bilən musiqişünaslar yoxdur və deməli, bu tip araşdırmanı heç kim apara bilməz. Üzr istəyirəm, amma bu, artıq azərbaycan musiqişünaslığının ümumi problemidir və onunla azərbaycanlı musiqişünaslar məşğul olmalıdılar. Onu da qeyd eləmək istəyirəm ki, Turan Məmmədəliyeva öz dissertasiya işində caz-muğam terminindən istifadə eləməyib, çünki onun elmi əsasları yoxdu- elmi işlərdə rəsmiləşdirilməmiş anlayışlara yer verilmir. Odur ki, caz-muğam anlayışı hələlik, ən yaxşı halda, duyğusal-vətənpərvər xarakter daşıyır (bu barədə keçən il yazdığım iki məqalədə, o cümlədən, 2007-ci ildə keçirilən Bakı Caz Festivalı haqqında xülasəmdə ətraflı yazmışdım. Məqalə Kultura.Az portalında dərc olunub).
Yekun olaraq deyim ki, azərbaycan musiqişünaslığının qarşısında dayanan məsələlərdən biri də caz-muğam terminindən istifadə haqqını ( ya da əksinə) sübut eləməkdir. Hətta bu araşdırmalar, cazla muğam arasında təmas nöqtələrinin olmadığı nəticəsinə gəlsə belə, bu, böyük nailiyyət olacaq: elmdə hətta mənfi nəticələr də vacibdir. Onu da qeyd eləyim ki, mən caz-muğam termininin yerli mühitdə istifadəsinin əleyhinə deyiləm, ancaq onu dəqiq definisiya olmadan beynəlxalq səviyyəyə çıxartmaq yolverilməzdir.
Sözügedən verilişdəki müzakirələr zamanı mübahisəyə səbəb olan tezislərdən biri də Elmir Mirzoyevin, Vaqif Mustafazadəni bəstəkar adlandırmağın doğru olmadığı barədə səsləndirdiyi fikir oldu. Bu məqalənin müəllifi Elmirlə həmrəydir – hərçənd, bu halda da müzakirə üçün vahid platforma hazırlamağa ehtiyac var. Yəni, əvvəlcə biz müəyyənləşdirməliyik ki, kimi bəstəkar adlandırmaq olar, kimi yox. Belə bir bazanın yaradılması üçün bir variant təklif eləmək istəyərdim. Ancaq əvvəlcə – bir neçə ümumi məqamlar… Birinci, bəstəkarla melodist arasında dəqiq sərhəd qoymaq lazımdır – düşünürəm ki, bunun dəqiq düsturunu, məsələn, Elmir Mirzoyev verməlidi. Azərbaycanlı musiqi həvəskarlarına nümunə olaraq gözəl melodist Ələkbər Tağıyevi göstərə bilərəm. Eyni şəkildə ölümsüz “Bessame mucho” melodiyasının müəllifi Konsuela Velaskesi də bəstəkar adlandırmaq doğru olmazdı. Bircə qaldı məqalə müəllifinin bəstəkar anlayışına verdiyi tərif.. Bəstəkar –musiqi əsərini əvvəldən sona qədər öz gördüyü kimi yazan insana deyilir. Nəticədə həmin əsər müəllif ideyasından heç bir kənaraçıxmaya yol verilmədən ifa olunur. Yəni əsərin məcburi və ya müəllif versiyasına riayət olunmalıdı. Qeyd eləyim ki, bu halda bəstəkar, həm də öz əsərinin aranjimançısı rolunu da oynayır. Musiqinin müxtəlif formalarından xəbərdar olmaq tələbini əlavə edərək bu formulanı daha da gücləndirmək olardı. İstənilən halda müzakirə iştirakçılarının gələcəkdə hansı düsturu əsas göstərəcəklərinin heç bir fərqi yoxdur: əsas odur ki, onların təməlində razılaşdırılmış terminologiya dayansın – əks halda istənilən müzakirə predmetsiz olur.
“Bu gün hətta savadsız qrafoman da bir əsəri əvvəldən sona qədər yaza bilər. Bundan əlavə, müasir musiqidə hətta ən dahi bəstəkarlar da bir çox şeyləri qeyd eləmirlər. Ona görə də, təxminən, belə ifadə eləmək olar: Bəstəkar – musiqiyə bilavasitə fikir, ya da ifadə kimi, sadəcə dil, nitq vasitəsi kimi deyil, hər şeydən əvvəl bədii vəhdətdə olan bir şey kimi müraciət eləyən şəxsə deyilir. Və bu vəhdətdə hər səsin, hər ritmin, melodiyanın, tembrin vəs. öz sarsılmaz funksional və struktural missiyası var” (Rauf Fərhadov)
Qeyd eləmək istəyərdim ki, istənilən mif yaratmaq cəhdi bu və ya digər xadimin (faəliyyət sahəsinin əhəmiyyəti yoxdu) real rolunun və incəsənətin, elmin vəs.uyğun sahəsinə verdiyi töhfələrin doğru dəyərləndirilməsinə mane olur. Vaqifdən danışarkən biz hərdən onun, keçmiş İttifaqda nüfuzlu caz pianisti və caz standartlarının gözəl ifaçısı olduğunu unuduruq. Vaqifin, 1978-ci ildə Tbilisi Caz Festivalı çərçivəsində keçirilən cem-seyşndakı çıxışı bunu subut eləyir. Üstəlik, Bakıda baş tutan konsertlərində də Vaqif, sırf bop tərzində ifa olunan əsərlərə daha çox diqqət ayırırdı. Çox təəssüf ki, bir çox musiqiçilərimiz Vaqif Mustafazadənin yaradıcılığının məhz bu tərəfini özlərinə örnək götürmədilər. Düzünü desəm, mən “örnək” sözünü böyük ehtiyatla istifadə elədim – çoxları bunu hərfi mənada anlaya bilər (və elə anlayırlar!). Vaqifin musiqinin tərkibindəki güclü etnik elementlər gözlənilmədən milli caz məktəbinin inkişafı yolunda özünəməxsus səddə çevrildi: cazdan xeyli uzaq olan bir çox insanlar cazı məhz Vaqifin yaradıcılığındakı milli elementlərin prizmasından qəbul eləməyə başladılar: burda istinad nöqtələri ilə bağlı nəzəriyyə də rol oynayır. Nəticədə, ayrı-ayrı musiqiçilər, Vaqifin pyeslərini ifa edərkən, sözün hərfi mənasında, spekulyasiyaya yol verməyə başladılar. Burda söhbət hətta yaradıcı oxşarlıqdan yox, orijinalın kor-koranə təqlidindən gedir. Əgər əsl istedadınız, deməyə sözünüz yoxdusa, amma peşəkar vərdişlərə sahibsinizsə, milli intonasiyanı, folklor ritmlərini və ya ladlarını əldə bayraq eləmək, onun arxasında gizlənmək çox asandır. Seçim də edilir, çıxış yolu da tapılır. Ancaq bu, ən asan seçim və ən asan çıxış yoludur! (Rauf Fərhadov)
Təbii ki, bilgisiz dinləyicinin bundan xoşu gəlir, ancaq musiqiçinin sıradan bir işi tamaşaçının mühakiməsinə çıxartmağa haqqı varmı? Niyə Vaqif Mustafazadənin caz məktəbinə və caz standartlarının ifasına necə yanaşdığını yada salmırıq? Niyə Vaqifin, Tofiq Quliyevin mahnılarının və xalq nəğmələrinin caz versiyalarına münasibətini örnək götürmürük? Bir çoxları hərdən unudurlar ki, kor-koranə təqlid inkişafın da qarşısını alır. Halbuki Vaqifin yaradıcılığı azərbaycan caz məktəbinin bundan sonrakı inkişafında istinad nöqtələrindən biri olmalıdır.
Və sonda daha bir vacib məqama toxunmaq istəyirəm. Biz Vaqif haqqında danışanda unutmamalıyıq ki, o, əsası 1939-cu ildə Tofiq Quliyev və maestro Niyazi tərəfindən qoyulan azərbaycan caz məktəbinin nümayəndəsi olub. Azərbaycan cazının inkişafında Rauf Hacıyev, Tofiq Əhmədov, Rafiq Babayev və Vladimir Vladimirov kimi musiqiçilərin böyük rolu var (kimisə unutdumsa, üzr istəyirəm). Düşünürəm ki, bu məktəb, bu atmosfer olmasaydı, Vaqif də olmazdı. Xatırladım ki, Vaqif də, Rafiq Babayev də caz pianisti kimi kareyalarına məhz Tofiq Əhmədovun orkestrində başlamışdılar. Bu faktı xatırlatmağımın son dərəcə sadə bir səbəbi var. 2008-ci ilin fevral ayında “Zerkalo” qəzetində Vaqif Mustafazadənin iki diskinin nəşr olunacağı barədə xəbər verilmişdi. Xəbərdə Vaqif Mustafazadənin ev muzeyinin direktoru Afaq Əliyevanın dediklərinə əsasən, “Vaqif Mustafazadə azərbaycan cazının bünövrəsini qoyan insandır” yazılmışdı – nə az, nə çox. Nəticədə, azərbaycan cazının tarixi düz 20 il qısaldılmış oldu. Məgər bu, azərbaycan caz məktəbinə birtərəfli münasibətin nəticəsi deyilmi?
Rövşən Sənanoğlu