1905-ci ildə çar Rusiyasında xalqların hüquqları ilə bağlı 17 oktyabr manifesti elan olundu.
Bu manifest elə həmin ilin 3 yanvarında Sankt-Peterburqdakı Putilov zavodunda başlayan fəhlə tətilinin nəticəsi idi.
Tətil qısa vaxtda geniş miqyas almış, bir neçə gün sonra Putilov fəhlələrinə onminlər qoşulmuşdu.
Yanvarın 8-də Peterburqda işi dayandıran fəhlə sayı 150 minə çatmışdı.
Tədricən etirazlar nəzarətdən çıxdı və məşhur Qış sarayına doğru dinc yürüşə gətirib çıxardı.
Yanvarın 9-da fəhlələr öz ailələri ilə birlikdə, əllərində İsa Məsihin suürətləri və çarın portretləri ilə ta 1732-ci ildən bu yana Rusiya monarxlarının rəsmi iqamətgahı olan bu saraya yönəldilər. Onları çar hökumətinin silahlı gücləri qarşıladı, kütləyə qarşı zor tətbiq edildi, atəş açıldı, yüzlərlə etirazçı öldürüldü.
Lakin bu da fəhlələrin və onların ailələrinin dirənişini qırmaq üçün yetərli olmadı. Üstəlik, tətillər artıq ölkənin hər yerinə yayılırdı. İşi belə görən çar II Nikolay yanvarın 19-da fəhlə nümayəndələrini qəbul etməyə razı oldu. Ancaq bu da Rusiyanı ağuşuna almış etirazları səngitmədi.
Aylarla davam edən proses 1907-ci ilin payızında – 17 oktyabrda çarın vətəndaşlara siyasi hüquqlar verən manifesti imzalaması ilə nəticələndi. Manifestdə şəxsiyətin toxunulmazlığından tutmuş vicdan, söz, mətbuat, toplaşma və təşkilatlanma azadlığında dair bir çox haqlar tanıyırdı.
Bax elə həmin manifestdən sonra çar imperiyasının sərhədlərinə daxil olan Azərbaycanda da bir sıra mütərəqqi hadisələr gerçəkləşdi. Elə görkəmli aydınlarımızdan biri – yazıçı, publisist, pedaqoq və türkoloq Əhməd bəy Ağaoğlu yeni maarifçi qəzet açmaq qərarını da məhz II Nikolayın imzaladığı manifestin ardından vermişdi.
Əhməd bəy öz niyyətini bu qərara gəldikdən iki ay sonra – 1905-ci ilin sonlarında, daha dəqiq desək, dekabrın 17-də gerçəkləşdirdi.
Bu, nəşrini 4 il davam etdirən, gündəlik işıq üzü görən və siyasi, ictimai, iqtisadi, ədəbi məzmunlu yazıların dərc olunduğu “İrşad” qəzeti idi.
Əli bəy Hüseynzadə adının mənası “yolgöstərən” anlamına gələn bu qəzeti “Əkinçi”dən sonra “xalqın ikinci gözü” adlandırmışdı.
Əhməd bəy özü isə “İrşad”ın yaranmа səbəblərini qəzetin elə ilk saylarındaca işıq üzü görən məqalələrində “qəflətə və cəhalətə qarşı mübarizə” olaraq açıqlayır, “bütün xalqlardan geri qaldığımızı üfüqdə güclə seçilən uzaqlaşan karvanın dalınca baxdığımızı” yazaraq bu vəziyyətə düşməyimizin səbəbini “min ildən bəri başımıza, dilimizə, ağzımıza, əqlimizə, qəlbimizə, xəyalımıza və fikrimizə döyülən dəyənəklər, yumruqlar və s. sayəsində qəflət yuxusunda uyumağımız”da görürdü.
“…məhz bu cür qəflət və cəhalət ucbatından “böyük-böyük səltənətlər batdı, abad vilayətlər viran oldular; məktəblərimiz bağlanıb elmdən, fəndən, kəsbdən və sənayedən məhrum olduq» yazan Ağaoğlu bununla digər tayfa və xalqlardan geri qalmağımıza işarə vurur və əlavə edirdi ki, nəıticədə: “Hər gələn üstümüzdən adlayıb bizə həqarətlə baxdı! Bizi insaniyyətdən, bəşəriyyətdən məhrum hesab edib bir meyit surətində gördülər. Biz isə o gündən bu qəflətə uyub bir qəribə azara düçar olduq…”
Əhməd bəy cəhalət adlı həmin azardan qurtulmaq üçün “İrşad”ı irəligörüşlü hər kəsin üzünə açıq elan etmişdi, onun bir yaxud bir neçə adamın deyil, “millətin ruznaməsi” olduğunu bildirmişdi (ruznamə – yəni qəzet).
“İrşad” çap olunduğu müddətcə öz məqsədinə sadiq qaldı, Azərbaycanın aydınlanma hərəkatının ən önəmli parçalarından birinə çevrildi.
Bu qəzetlə bağlı bir neçə maraqlı fakt.
– “İrşad”ın dörd il ərzində ümumilikdə 536 sayı çap olunub. “Hürriyyət, müsavat, ədalət” şüarı ilə nəşr olunan qəzetin çıxmasında 1881-ci ildə Bakının Sabunçu kəndində, neft milyonçusu Mehdiqulu bəyin ailəsində dünyaya gələn İsa bəy Aşurbəyovun maddi dəstəyi mühüm rol oynayıb. Həm də publisist olan İ.Aşurbəyov bir sıra başqa qəzet və dərgilərin, o cümlədən “Baraban” satirik jurnalının da naşiri olub.
– 1908-ci ildə onun müvəqqəti redaktoru cəmi 10 il sonra adını tarixə ilk Cümhuriyyətimizin qurucusu kimi yazdıracaq Məhəmməd Əmin Rəsulzadə olmuşdu.
– “Molla Nəsrəddin”in səhifələrində “İrşad”la bağlı bir neçə dəfə tənqidi qeydlər yer alsa da, bu, sonuncunun baş redaktoru Əhməd bəyin, eləcə də onun digər əməkdaşlarının “Molla Nəsrəddin”lə bağlı yüksək fikir söyləməsinə heç bir maneə yaratmayıb. O da maraqlıdır ki, “İrşad” qəzetinin 90-cı sayında Ağaoğlu yenicə nəşrə başlayan satirik dərgi haqda belə yazmışdı: “Baxın “Molla Nəsrəddin”! Bu cəridə (yəni dərgi – E.A) nə gözəl cəridədir. Nə qədər zəka, məharət və zövq göstərir. Nəinki biz müsəlmanlar, bəlkə ən mədəni, ən mütərəqqi tayfalar belə cəridələri ilə fəxr edərlər: onun nəqşləri və sözləri o qədər gözəldir ki, insanın baxdıqca xoşu gəlir, baxdıqca bəsirəti artır” (“İrşad” qəzeti, 14 aprel 1906).
– “İrşad” qəzetində kimlərin imzasını görmək olmazdı! Ağaoğlu və Rəsulzadə ilə yanaşı, Üzeyir Hacıbəyli, Ömər Faiq Nemanzadə, Məhəmməd Hadi, Nəcəf bəy Vəzirov, Süleyman Sani Axundov, Mirzə Ələkbər Sabir, Abdulla Sur kimi dövrünün görkəmli maarifçiləri, açıq və aydın fikirli simaları onun səhifələrində siyasi, ictimai, mədəni tənqidçiliklə məşğul idilər.
– Bu qəzetin 1906-cı ilin fevral ayındakı sayları Üzeyir Hacıbəylinin baş redaktorluğu ilə işıq üzü görüb.
İki dəfə isə Üzeyir bəyin felyetonları “İrşad”ın bağlanmasına səbəb olmuşdu.
Birinci dəfə “Stolıpinin xəyalı” adlı kiçik felyetondan sonra qəzetin nəşri dayandırılmışdı.
Çarın öncə daxili işlər, ardınca da baş naziri olmuş Stolıpinin dilindən yazılan həmin felyeton budur: “Allahın altında bu dumanı qovaydım, ondan sonra ta heç duma qurmayaydım, görәydim camaat nә qayıracaq. Әgәr dinmәsәlәr, onda kef mәnim olar. Duma da Osmanlı mәclisi-mәbusanına dönüb, qalar ay batandan sonraya. Yox camaat yenә o yan-bu yan elәsә, yenә tәzә duma quraram. Ancaq bu sәfәr elә kәlәklәr gәlәrәm ki, dumanın üzvlәri hamısı olar keşiş, molla, ravvin, mahrasa vә bu cürә adamlar.
Sonra günlәrin bir günü onlara deyәrәm ki, bax, lotular, bilirsiz nә var? Siz hamınız ruhanilәrdәnsiniz, ruhanilәrin dә borcudur ki, hәmişә “sağ” olub, hökumәtә “әl mәnim, әtәk sәnin” desinlәr. Ona görә hәr kәs sizdәn “sol” olsa, vurub çıxardacağam bayıra! Әlbәttә, ruhani üzvlәrin heç biri özünü kәlәyә salıb, “sol” olmayacaqdır. Bir dә baxıb görәcәyәm ki, dumanın hamısı olub “sağ”. Elә olan surәtdә, daha nә var?
Mәn deyәcәyәm belә olsun, duma da deyәcәk belә olsun, ta durub indiki kimi fısqırıq qoparmayacaqlar ki, dediyim sözlәrә dә peşiman olum!”
Bu felyetona görə qapadılan “İrşad” çox keçmədən nəşrini yenidən davam etdirə bildi.
Di gəl, ikinci dəfə – Üzeyir bəyin “Nağıl” adlı felyetonunun dərcindən sonra “xalqın ikinci gözü” olan qəzet biryolluq bağlandı.
Felyetonda “İvan” obrazının timsalında çar Rusiyası hökuməti kəskin tənqid edilir, xüsusilə də xalqlara verilən haqları boğmaqda ittiham olunurdu.
Bundan qəzəblənən hökumət dairələri o vaxtkı Bakı qradonaçalniki, general-mayor Yermolovun əli ilə “İrşad”ı həmişəlik qapatdı…







