İctimai Televiziya bu günlərdə aprel döyüşlərini əks etdirən “4 gün” serialının yayımlanmayacağı haqda məlumat verdi. Səbəb kimi serialın gözlənilən keyfiyyətdə çəkilməməsi göstərilib. Ona görə İTV yaxın gələcəkdə yerli və xarici mütəxəssislərin iştirakı ilə bu mövzuda yeni serial çəkməyi planlaşdırır.
Mənzərə absurd görünür. Materialı tam izləmədən, keyfiyyətinə əmin olmadan efirdə anonsun yayımlanması yumşaq desəm, qeyri-peşəkarlıqdır. Görünür, serial o qədər bərbad olub ki, şirkət rəhbərliyi Qarabağ kimi həssas mövzuda tamaşaçı qınağından çəkinib. Bir tərəfdən telekanal rəhbərləri arasında az-çox Balakişi Qasımov estetik zövqü, keyfiyyətli idarəetməsi ilə fərqləndiyindən İTV-in qərarı əslində təəccüb doğurmur.
Serialı İTV-nin sifarişi ilə Rüstəm Əliyevin rəhbərlik etdiyi “Media Master” şirkəti istehsal edib, maddi texniki dəstəyi isə Müdafiə Nazirliyi göstərib. Sual isə başqadır. Böyük ehtimalla xeyli büdcə ayrılan serial niyə türk rejissoru Batur Akyel Eminə həvalə olunub? Batur Akyel Emin Türkiyədə istehsal olunan bir neçə serialda texniki vəzifədə çalışıb. “Məddah” adlı bədii film çəkib. Faktiki olaraq adamın rejissor kimi əhəmiyyətli işi, təcrübəsi yoxdur. Hansı prinsiplə dövlətin maliyyəsinə çəkilən serial təcrübəsiz, qeyri-peşəkar rejissora verilir?
Niyəsə bizdə kinematoqrafik məhsullara məsul olan bisavad şəxslərdə yanlış təsəvvür var ki, əcnəbi rejissor dəvət olunsa, filmimiz A kateqoriyalı festivallarda mükafat qazanacaq, seriallarımız yüksək keyfiyyətdə çəkiləcək. Düzdür, 2013-cü ildə Elçinin ssenarisi əsasında lentə alınan “Mahmud və Məryəm” filmi Azərbaycan və Türkiyənin birgə istehsalı idi, büdcəsi üç milyon manat olan layihənin xərclərinin yarısını Mədəniyyət Nazirliyi ödəmişdi. Amma nədənsə, rejissorluq ortabab türk rejissoru Mehmet Ada Öztekinə həvalə olundu. Nəticədən bəlli oldu ki, Mehmet Ada Öztek əsərin mahiyyətini anlamayıb, sadəcə, kostyum filmi çəkib, dekorasiyalara, qədim tikintilərə, bir sözlə zahiri parlaqlığa aksent edib. Əhvalatı illüstrativ təsvirlə, çürük şərq didaktikası ilə yükləyib, pinti şəkildə fentezi-nağıl elementlərindən istifadə edib, xüsusi effektlərə gərəksiz aludə olub və aktyorlarla işləməyib. Film festivallara düşmədi, Azərbaycanda kassa yığmadı, Türkiyədə də uğur qazanmadı.
Daha sonra Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” kinostudiyasında istehsal olunan “Üçüncü günün adamı” adlı bədii filmin çəkilişləri İrandan olan rejissor Babək Şirinsifətə verildi. Süjetə görə, Əfqanıstan müharibəsinin iştirakçısı Sadiq 1990-cı əvvəllərində həbs olunur və 2000-ci illərdə azadlığa çıxır. Qəhrəmanın təyinatı anlaşılmır, uzun illərdən sonra azadlığa çıxan Sadiqin dəyişimiş, yenilənmiş şəhərə münasibətini göstərən bir vəziyyət belə yoxdur. Onun autizmi, laqeydliyi isə əsaslandırılmayıb, zəruri dramaturji detallar işlənməyib, gərgin situasiyalar kosmetik təsvir olunub. Sadiq finalda tapançasını ataraq Qarabağın işğalda olan kəndinə qayıdır. Amma onun hansı kimliklə qayıtması aydın deyil: o, işğalı qəbul edərəkmi qayıdır?
“Üçüncü günün adamı” çəkiləndə prodüser Müşfiq Hətəmov demişdi ki, Babək Şirinsifətin rejissor kimi seçilməsində əsas məqsəd filmin festivallara getməsidir. Ancaq film festivallara gedə bilmədi. Üstəlik, Babək Şirinsifətin kino sahəsində ciddi uğuru da yoxdur. Həmin vaxt nazirliyin kino şöbəsində məsul vəzifə tutan Yusif Şeyxovun filmin ssenarisini yazmasının nə qədər etik (onun öz səlahiyyətlərindən istifadə edərək ssenarisini keçirməsini nəzərdə tuturam) olması da başqa mövzudur.
Bütün bunlardan çıxış edərək, İTV rəhbərliyinə ünvanlayacağım sual aktuallığını itrimir: nədən serial yerli rejissora verilməyib?
Müharibə əlbəttə ki, universal mövzudur. Amma biz indiki halda, müxtəlif xalqların cəlb olunduğu dünya müharibələrindən yox, müqayisədə lokal və spesifik olan Qarabağ konfliktindən danışırıq. Bu mövzuda nəsə çəkmək üçün tarixi, konflikti bilmək yetərli deyil, bunun üçün azərbaycanlıları və erməniləri yaxşı tanımaq, mentallıqlarını, yumorunu və s. mənimsəmək vacibdir. Bosniyalı rejissor Danis Tanoviç “No Man’s Land” (2001) filmində serblələrlə bosniyalılar arasındakı müharibəyə ekzistensial kontekstdə yanaşır: dünyanın faniliyi, müharibənin mənasızlığı, fərdin baş verənlərin səbəbini axtarma cəhdləri və s. Bununla belə onun kinohekayəsi səngərdə üz-üzə gələn, saysız insan faciələri səbəbindən bir-birinə addım atmağa çətinlik çəkən, uzun illər birgə yaşayan bosniyalı ilə serb hərbçisinin münasibətlərindəki koloritlə, bəzən doğmalaşan ortaq nöqtələrlə, mental mədəniyyətlərindən qaynaqlanan komik, tragikomik situasiyalarla ətə-qana dolur.
Yəni bir peşəkar alman rejissor bosniyalı ilə serb haqda yaxşı film çəkə bilər, amma emosional dərinlik yarada bilərmi? Çünki bundan ötrü hər iki millətin ruhunu, mədəniyyətini özü qədər tanımalıdır, yaşadıqlarını hiss etməlidir.
“No Man’s Land” eyni zamanda Danis Tanoviçin şəxsi təcrübəsidir. O, müharibə zamanı Bosniya hərbçilərinin əməliyyatlarını lentə alıb. Amma məsələ əlbəttə ki, yalnız şəxsi təcrübədə, müharibə filmi çəkmək üçün mütləq onda iştirak etmək, o coğrafiyada yaşamaq şərtində də deyil. Milsalçün, Azərbaycanda yerli rejissorlar tərəfindən müharibə mözusunda pafos, ritorika, dramaturji poblemlər üzündən həddən artıq zay filmlər çəkilib. Halbuki, sovet dönəmi də daxil olmaqla, postsovet dövründə “Fəryad”, “Sarı gəlin”, “Yarımçıq xatirələr”, bir neçə qısametrajlı film (“Hər şey yaxşılığa doğru”, “İnikas”, “Qarabağ şikəstəsi”) uğurlu filmlər lentə alınıb. Sənədli kinomuzda müharibə mövzusunda işləyən, pafossuz, keyfiyyətli filmlər çəkən Nizami Abbas, Tahir Tahiroviç nümunəsi var.
Ümumən, problemin kökü nazirliyin səhv yanaşmasında- uyğunsuz ssenarilər və rejissor seçimindədir. Və zay filmlərdən anlaşılır ki, azərbaycanlı rejissorlar hər şeydən öncə anlatdıqları hekayəni emosional səviyyədə yaşaya, dərk edə bilməyiblər, çünki səmimi olmağı bacarmayıblar. Deməli, mövzunu dərindən mənimsəməklə, ona uyğun yanaşma, estetika tapmaqla yanaşı həm də müəllifin əsas vəzifəsi- hekayəni yaşayaraq onun ağrısını, emosional atmosferini, energetikasını ötürə bilmək bacarığıdır.
Bugünlərdə sovet rejssoru Marlen Xutsiyevin “İyul yağışı” (1966) filmini izlədim. Səslə eksperimentində, estetik prinsiplərində, cəsarətli montaj həllində “Yeni fransız dalğası”nın təsiri duyulsa da, nəticədə rejissor özünəməxsus film çəkib. Hərçənd, emosional qatın zəif işlənməsi səbəbindən əhvalatın təsiri keçici oldu. Amma müqayisədə estetik cəhətdən ondan yoxsul olan, son dərəcə soyuqqanlı, təmkinli çəkilən Sergey Gerasimovun “Jurnlalist” (1967) filmi dərin təəssürat buraxdı.
Anladığım qədərilə Batur Akyel Emin heç birini bacarmayıb. Serialın pafosla, gərəksiz patriotizmlə yükləndiyini, saxta intonasiyada çəkildiyini təxmin edirəm. Və serialın uğursuzluğunda prodüser birbaşa məsuliyyəti daşıyır. Çünki serial hər şeydən əvvəl prodüser məhsuludur.
Təbii ki, serial və film fərqli format olsa da, hər ikisini birləşdirən ümumi cəhətlər var. Bizdəki istedadlı prodüserlərin, serial rejissorlarının kino sahəsində çalışan müəlliflərlə birgə əməyi nəticəsində ortaya əhəmiyyətli nəsə qoymaq olardı.
Yuxarıda İTV rəhbərliyinin yerli və xarici mütəxəssislərin iştirakı ilə bu mövzuda yeni serial çəkməyi planlaşdırdığını qeyd etmişəm. Müharibə filmlərində pafos, saxtalıq, qışqıran patriotik duyğular, qarşı tərəfi aşağılamaq kimi amillər keçmir. Hətta məhsul yerli bazar üçün nəzərdə tutulsa da, təbliğat mümkün qədər görünməz olmalı, təmkinli verilməli, tamaşaçı idealizə olunan personajları yox, real insanların (güclü və zəif cəhətləri ilə) dramını görməlidir. Ən əsası, məhşur rejissorların dəfələrlə qeyd etdiyi kimi hekayəyə münasibətdə səmimiyyət olmalıdır. Əgər bunlar yoxdursa, bizi serial uğursuzluğundan nə yüksək keyfiyyətli texnika, nə xarici mütəxəssislər xilas edəcək.