İllərdir, müxtəlif saytlarda, qəzetlərdə “Taxt-tac oyunları” haqqında yazılar qarşıma çıxır. Dəfələrlə müxtəlif məclislərdə bu serial haqqında gedən söhbətlərin, müzakirələrin şahidi olmuşam. Amma nədənsə qarşıma çıxan yazılar, eşitdiyim söhbətlər məni bu seriala baxmağa vadar edə bilməyib. Belə hallar olur. Bəzən bütün ölkənin müzakirə etdiyi mövzudan, dünyanı bürüyən cərəyandan, axından tamamilə kənarda qalıram. Bunu qəsdən etmirəm. Bu sadəcə, belə alınır.
Bir müddət əvvəl xeyli yorulan, şişən və ağırlaşan başımı bir az dincə qoymaq ehtiyacı hiss etdim. Bir neçə iri həcmli əsəri ard-arda oxumuşdum. Kitab oxumağa ara vermək lazım idi. Son vaxtlar kitab oxuyarkən bilmirəm hansısa səbəbə görəsə az qala hər təsirli təsvir, az qala hər təsirli dialoq yaddaşımı qıcıqlandırır, məni xatırlamağa, öz keçmişimə səyahətə çıxmağa məcbur edir. Barmağımı kitabın arasına qoyuram, keçmişdə gördüyüm sifətləri, mənzərələri, eşitdiyim səsləri, hansısa hadisəni xatırlayıram, sonra yenə də oxumağa davam edirəm. Bu ağır, ürək üzən prosesdir. Kaş adamın başında üstünə “delete” yazılmış bir düymə ola. Sağ əlinin baş barmağını var gücünlə basasan bu düymənin üstünə, hər şey bir anda silinib gedə, canın yaddaşdan birdəfəlik qurtara.
Kitab oxumaq, düşünmək, keçmişi xatırlamaq istəmirdim. Qərara gəldim ki, fürsətdir, oturum “Taxt-tac oyunları”na baxım. Görüm bu serial nəmənə olan şeydi? Görüm bu serial niyə bu qədər səs-küyə, bu qədər müzakirələrə səbəb olubdur? Birinci sezonun birinci seriyasına baxarkən ikinci seriyada tempin artacağını düşündüm. Nədənsə ilk seriya məni açmadı, seriala qanım qaynamadı. İkinci seriyada darıxmağa başladım. Hərçənd, hörmətli bəstəkarımız Firudin Allahverdi “Taxt-tac oyunları” haqqında gedən söhbətlərin birində qətiyyətlə bəyan etmişdi ki, birinci seriyaya baxan kimi serial səni tutacaq, serialdan heç cür ayrıla bilməyəcəksən. Üçüncü seriyaya özümü məcbur edərək baxdım. Dördüncü seriyada isə qəti şəkildə anladım ki, mən bu seriala baxa bilməyəcəm.
İndi hər hansı formada həzz almadığım kitabı oxumağı, hər hansı formada həzz almadığım filmə baxmağı vaxt, enerji itkisi hesab edirəm. Əsərin məşhurluğu, qeyri-məşhurluğu, tirajının az, tirajının çox olması bu məsələdə heç bir rol oynamır. Əsər məşhurdur, ya da məşhur deyil, bunun söhbətə heç dəxli yoxdur, həzz almadığım, hər hansı formada bəhrələnmədiyim əsər haqqında durub yalandan xoş sözlər deyə bilmərəm. Eləcə də sırf əsər məşhurdur, hamı onu oxuyur, hamı ona baxır, hamı onu müzakirə edir deyə nə yolla olursa olsun ona qarşı düşmən mövqedə dayanmağı da uşaqlıq hesab edirəm.
Adamlar tanıyıram onlar məşhur olan bütün əsərlərə qarşı düşmən mövqedə dayanmağı özlərinin “sənət fəlsəfəsinə” çeviriblər. Onlar özlərini xüsusi bir təriqətin üzvü kimi hiss etmək istəyirlər. İstəyirlər, onların oxuduqları kitabı çox az adam oxusun, istəyirlər, onların baxdıqları kinoya çox az adam baxsın. Guya hər hansı əsərin az məşhur olması onun keyfiyyətinə dəlalət edir. Guya hər hansı əsərin oxucusunun az olması onun keyfiyyətinin göstəricisidir. Əsərin tirajının az ya çox olması onun keyfiyyət göstəricisi sayıla bilməz. Bu çox mənasız yanaşmadır. Yaxşı əsər, sadəcə, yaxşı əsərdir. Yaxşı əsərin tirajı az da ola bilər (Tomas Mann “Doktor Faustos”), çox da (Conatan Svift “Qulliverin səyahəti”). Ümid edirəm, nə demək istədiyim aydın oldu.
“Taxt-tac oyunları”na baxa bilməyəcəyimi qəti şəkildə anladıqdan sonra ağlıma bir fikir gəldi. Düşündüm, bəlkə problem mənim ovqatımdadır. Bəlkə, seriala baxa bilməməyimdə serialın heç bir günahı yoxdur. Ona görə də ərkim çatan bir neçə adama belə bir sualla müraciət etdim:
“Taxt-tac oyunları” serialına baxmısanmı, əgər baxmısansa serial haqqında hansı fikirdəsən?
Firudin Allahverdi: “Taxt-tac oyunları” serialını tarixə imzasını atmış sənət əsəri kimi qiymətləndirirəm.
Kitabların müəllifi G.R.R Martin alternativ bir dünya və onun minilliklər davam edən tarixini yaradıb. Müxtəlif inkişaf səviyyəsində olan xalqlar, qitələrin içində və qitələrdən-qitələrə miqrasiyalar, müharibələr, sivilizasiyalar və s.
O ki qaldı seriala, 1-2 mübahisəli personajı çıxmaq şərtilə düşünürəm ki, uşaqlı-böyüklü bütün aktyorlar zərgər dəqiqliyi ilə seçilib və onlarla çox böyük iş görülüb.
Linqvistlər serial üçün bir neçə yeni dil və onların qrammatik özəlliklərini, qanunlarını hazırlayıb. Rejissorlardan kütləvi səhnə iştirakçılarına qədər hamı öz işini vicdanla görüb. Serialın məziyyətləri saymaqla bitmir.
Keçən sezondakı bir döyüş – Battle of Bastards (Biclərin döyüşü) məncə dünya kinematoqrafında meydan müharibəsinin yeni “planka”sını müəyyən etdi, bundan sonra döyüş səhnəsi çəkən gərək bunu nəzərə alsın.
Ümumiyyətlə, elə bir işdir ki, baxsan, nəyisə bəyənməsən belə hörmət etməli olursan. Amma kimsə baxmadan ağız büzürsə də, o adama nəyisə başa salmağa ehtiyac qalmır: çünki nə serial bundan bir şey itirir, nə sən, nə başqası, nə də bəşəriyyət. Baxanların və sevənlərin sayı serialın dəyərinin tam olaraq verildiyini demək üçün kifayət edir.
Qismət Rüstəmov: “Ötən il birinci sezonun bir-iki seriyasına baxdım, sonra nəsə getmədi, yarımçıq qoydum. Ona görə bir fikrim yoxdur.”
Qan Turalı: “Əslində bitməmiş seriallara, adətən, baxmıram, bu mənada “Taxt-tac oyunları” istisna oldu. Bir aya bütün seriyalarına baxdım və bir ay da yeni və son sezonun çıxmasını gözlədim.
Məncə, əvvəlcə bu suala cavab vermək gərəkdir: Məni orda cəlb edən nədir? Ümumiyyətlə, prosesin içində olan şəxslər bu və bu kimi seriallara mütləq baxmalıdır. Çünki “Taxt-tac oyunları” bütün dünyanın baxdığı və TV tarixinin tamaşaçı rekordlarını qazanmış bir serialdır. İnsanları o necə özünə cəlb edir? Paradoksal görünsə də, məni ən çox cəlb edən də insanların bu serialda nə tapması idi.
Mənim üçün “Taxt-tac oyunları” müasir bir dastandır. Dastanın bütün elementləri burda var, sehrli reallıqdan tutmuş cəsur qəhrəmanlara qədər… Dastanlar bir arxetip, bir mifin daşıyıcısıdır. İnsanlar əsrlərdir ki, bu miflərlə yaşayırlar. Hər bir xalqın bir milli qəhrəmanı var, Vilhelm Tel kimi, Robin Qud kimi, Koroğlu kimi… “Taxt-tac oyunları” da beynimizdəki bu qəhrəmanlıq arxetiplərinə oynayır, onları oyadır. Ağıllı ssenari və möhtəşəm texniki təsvirlərlə… Lakin bu artıq bəşəri bir dastandır, ona bütün bəşəriyyət tamaşa edir.
Əvvəllər bir mif vardı, sonra xalqlar, millətlər ayrıldı, hərə öz mifini, öz qəhrəmanını, öz hekayəsini yaratdı. Amma “Taxt-tac oyunları” bu mənada bəşəriyyəti yenidən vahid mif ətrafında toplaya bildiyi üçün uğur qazandı.
Bəzi adamlar deyir ki, mən fantaziyanı sevmirəm… Bəs elə Koroğlu dastanı fantaziya deyilmi? Qanadlı atlar gerçəkdirmi? Bu mənada “Taxt-tac oyunları” modern dövrün əfsanəsidir, qanlı-qadalı, amansız, bəzən romantik, amma hər zaman maraqlı olan bir əfsanə…”
Əli Novruzov: ““Taxt-tac oyunları”na baxıram, amma nə kitablarını oxumuşam, nə də ən birinci tamaşaçılarından deyiləm. Bu serial geniş populyarlıq qazanandan sonra izləməyə başlamışam, səhv etmirəmsə, onda beşinci sezon artıq efirə çıxmışdı. Seriala baxmağa başlayanda başqalarının dedikləri əsasında artıq müəyyən bir təsəvvürüm formalaşmışdı, amma serial nəinki bütün bu təsəvvürləri doğrultdu, həm də gözləntilərimi xeyli aşdı.
Bu serialda mənim xoşuma gələn əsas cəhət mütləq doğru və mütləq yanlışın, mütləq xeyir və mütləq şərin olmamasıdır. Hər kəsin bir günahı, qaranlıq tərəfi var. Burada bəzən ən kiçik günahlar cəzalandırıldığı halda ən böyük günahlar illərlə cəzasız qala bilir. Gerçək həyatda olduğu kimi. Üstəlik hadisələrin gedişatı heç kəsə aman vermək fikrində deyil. Tamaşaçı işlərin yoluna qoyulduğunu düşünən kimi hər hansı bir xoşagəlməz hadisə baş verə bilər və hətta baş rolda olan, böyük ümidlər verən obrazı da oyundan kənar vəziyyətə sala bilər.
Bununla belə, son iki sezon – yeddinci və səkkizinci məni məyus edib. Bu iki sezonda hadisələr sanki serialın əvvəlki ruhuna və Martinin uydurduğu xəyali dünyanın qanunauyğun(suz)luqlarına görə baş vermir. Serialın ilk sezonunun efirə çıxmasından bu yana yeni tamaşaçı nəsli yetişib, onların öz qəribə estetik zövqü, süjet və fabulaya öz tələbləri və kaprizləri var. Çox güman ki, serialın istehsalçıları məhz buna görə də serialı bəsitləşdirib və “hollivudlaşdırıb”. Martin öz kitabları üçün demişdi ki, sonluq heç də hər kəsi razı salmayan “acı-şirin” olacaq. Amma bu serial Hollivud sayağı happy end ilə bitsə, artıq təəccüblənmərəm.”
Xalid Ağalıyev: “Baxmıram.”
Rasim Qaraca: “Serialla fraqmentar tanışlığım var, fikir söyləmək haqqını özümə vermirəm.”
Aygün Aslanlı: “O seriala baxmıram e, Seymur. O janrı sevmirəm. Fantezi janrını. Baxa bilmirəm elə şeylərə. Heç “Avatara” da baxmamışam.”
Anar Məmmədli: “Həbsdən əvvəl baxırdım. Amma son sezonlara baxmıram. Ümumiyyətlə, keçmiş haqqında, xüsusən də orta əsrlərdən o tərəfə aid uzun seriallar mənə çatmır. Mənə görə fantasy gələcəyə bağlı olmalıdır. Bu film “Diriliş Ertuğrul” kimi filmlərə yaşıl işıq yandırır. Halbuki, missiyaları fərqlidir. Yəni biri ideoloji, o biri əyləncədir. Amma “Diriliş Ertuğrul”u tənqid edəndə deyirlər ki, “Game of Thrones” da var. Yəni keçmişə dair şişirtmə var və qaranlıq bir tarixi sevdirmək cəhdi var. Xoşlamıram o üzdən.”
Əli İsa Cabbarov: “Baxmıram. İzləyənlərin fanatizmi də baxmaqdan çəkindirir. Populyar serial bir qayda olaraq manipulyasiyadır. “Kurtlar vadisi” kimi.”
Gündüz Ağayev: “Baxmamışam. Uzun serial olduğu üçün.”
Zamin Hacı: “O seriala baxmamışam. amma hər yerdə reklamı gedir, nəsə bir maraq var ki, bəlkə baxım. Düzü bir dəfə, hardasa iki il qabaq lap əvvəldən baxmaq istədim, ancaq birinci seriya mənə o qədər qarmaqarışıq və mənasız gəldi ki, baxa bilmədim. Özü də “seriala baxmıram” deyərək qəti hökm verən adamlardan deyiləm. Misal üçün, o narkotik bişirib satan kimya müəllimindən bəhs edən seriala ləzzətlə baxmışam. Serialın adı bizim dildə nə cür gedir, bilmirəm. Sənə də məsləhət görürəm baxasan. O cümlədən, “Farqo”, “Rik və Morti” (bu animasiya serialıdır) seriallarına baxıb zövq almışam. Hətta “Rik və Morti”yə ikinci dəfə, təkrar baxaram, vaxtım olsa.
Elmir Mirzəyev: “İnanırsanmı, heç bir zaman baxmamışam ona, xəbərim də yoxdur nə olduğundan.”
Şahvələd Çobanoğlu: “O seriala baxmamışam, düzü haqqında da nəsə bilmirəm.”
Erkin Qədirli: Cavab vermədi və buna çox da təəccüblənmədim. Erkin müəllimin bir qədər məsuliyyətsiz adam olduğu onu tanıyanlara çoxdan məlumdur. Məsuliyyətsizlik, xüsusən, siyasətlə məşğul olan adam üçün heç də yaxşı cəhət sayılmaz. Bütün hallarda Erkin müəllim iki-üç kəlməlik candərdi cavab yazıb ölkənin tanınmış publisistlərindən birini yumşaq desəm, “yola verə” bilərdi. Bilirəm, Erkin müəllim cavab verməməyinə çox asanlıqla bəraət qazandıracaq. Bəlkə də, heç buna bir qram da ehtiyac görməyəcək. Etiraf edək ki, Erkin müəllim özünə bəraət qazandırmaqda, hər məsələdə haqlı olduğunu sübut etməkdə maşallah, göz dəyməsin, çox peşəkarlaşıbdır. Məğribdən Məşriqə qədər heç kim Erkin müəllimə hər hansı məsələdə haqsız, hər hansı məsələdə səhv düşündüyünü izah edə bilməz. Bu təəssüflər olsun artıq mümkünsüzdür. Nə qədər çətin, nə qədər məşəqqətli olsa da, Erkin müəllim özündə güc tapıb bir balaca məsuliyyətli olmağa cəhd eləməlidir. Bunu bir dost kimi yazdım.