9 il, 1 ay, 12 gün davam edən müharibənin gerçək üzü
SSRİ dövrünün repressiyalarına aid ən məşhur əsərlərdən Karl Ştaynerin “Kulakda 7000 gün” kitabından sonra sovet Rusiyasının daha bir faciəsi, onun sonunu sürətləndirən SSRİ-Əfqanıstan müharibəsi mənə maraqlı gəlməyə başladı. Həqiqətən də faktları oxuduqca, göstərilənləri deyil, olanları təhlil etdikcə SSRİ-nin yalan ideologiyası üzərində qurulduğuna və onun həqiqətən də “xalqların həbsxanası” olduğuna bir daha əmin oldum.
Təxminən 12-13 il öncə Hərbi-And qəzetində “Əfqan Cihadı” adlı bir yazım çıxmışdı. Orada rus müəllifin tərəfindən deyil qarşı tərəfin təsviri ilə müharibənin iztirabları, döyüşçülərin şəraiti təsvir edilmişdi. İndi isə bir aydır ki, bu müharibə haqqında rusların elə özünün çəkdiyi kinolara baxırdım. İnternetdə xeyli sayda vaxtilə qadağan edilən və edilməyən məlumatlarla tanış oldum. Ən əsası isə 2015-ci il Nobel Ədəbiyyat mükafatı laureatı Svetlana Alekseyeviçin “Sink uşaqlar” kitabı məndə dərin izlər buraxdı. Kitab qısa olaraq bildirim ki, ancaq müharibədə iştirak edən hərbçilərin xatirələrindən və həlak olmuş zabit və əsgərlərin yoldaşları, analarının müsahibələrindən ibarətdir. Bu kitaba görə belarus əsilli jurnalistə – Svetalana Alekseyeviçə ölkəsində məhkəmə işi açılmış, bütün dünyada kitab böyük səs-küyə səbəb olmuşdur. Müəllif bu kitabı yazmaq üçün 4 il araşdırma aparır, əfqanıstana uçur, orada olan və artıq SSRİ-yə qayıdan minlərlə hərbçi ilə söhbət edir.
“SSRİ-Əfqanıstan müharibəsi 1979-89-cu illərdə 9 il 1 ay 12 gün davam edib. Ümumilikdə SSRİ-dən 500 mindən çox əsgər müharibədə iştirak edib. 15051 əsgər və zabit həlak olub, 417 hərbçi isə yaralanıb, itkin düşüb. Əfqanlardan isə bu müharibədə iki milyona yaxın insanın öldüyü haqqında müxtəlif fikirlər var. Azərbaycandan da bu döyüşdə 7500 nəfər iştirak edib ki, onların da 208-i həlak olub. 17 nəfər əfqanıstan veteranı isə Qarabağ döyüşlərində “Milli Qəhrəman” adına layiq görülüb.
II dünya müharibəsinin qalibi olmuş imperiya bu uzun döyüşü sonunda məğlub tərk edir. Müharibənin ilk illərində qapalı imperiyanın daxilində əhalidən müharibə olması gizlədilmiş, həlak olan hərbçiləri gecə ikən ailəsinə təhvil verib dəfn edirlərmiş. Əhaliyə təbliğat isə guya sovet əsgərlərinin əfqanıstanda quruculuq işləri apardığını, məktəb və xəstəxanalar tikdiyi istiqamətində olub. Müharibənin əsas səbəbi Əfqanıstanı təsir dairəsindən itirməmək üçün Brejnevin mənasız inadı ilə verdiyi qərar və bu inadın icraçıları olan generallar Gromıka və Panamaryov olub. Belə ki, 1978-ci ildə Əfqanıstan Xalq Partiyasının (ƏXP) rəhbəri, SSRİ-yə meylliliyi ilə tanınan Nur Məhəmməd Tərəki rəqibi Həfizulla Əmin tərəfindən qətlə yetirilir. Belə bir məqamda Əfqanıstandakı dayaqlarını itirməmək üçün SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi bu ölkəyə qoşun yeritmək qərarı verir. SSRİ-nin itkiləri: 47 tank, 1314 zirehli transportyor, 433 artilleriya sistemi, 118 təyyarə və 333 vertolyot. Toplam maddi itkilər isə 800 milyon dollar yardım şəklində və 40-cı ordunun 10 il ərzində saxlanmasına 3 milyard dollar xərc. “
10 illik müharibə haqqında qısa arayış
Uğrunda vuruşduqları ölkədə sevilməyən “афгацы”lar
Müharibədən sağ qayıda bilmiş hərbçilərin psixologiyasında ciddi problemlər yaranır. Onlar heç cür mühitə uyğunlaşa bilmirlər. Qayıdandan sonra hər şeyə əsəbi olan, gecələr qorxaraq yatan, yanından adam keçəndə səksəkəyə düşən, qəribə davranışlarına görə bütün yaxınlarından uzaqlaşan və ən əsası kriminala qoşulan xeyli əfqan müharibəsi veteranları var idi. Hətta deyirlər ki, müasir Rusiya kriminalının əsaslarından birini də məhz əfqan veteranları qoyub. Onlar müharibəyə gedəndə ölkələrində sovet ideologiyasının qılıncının dalı da, qabağı da kəsirdi. Onları inandırmışdılar ki, onlar orada “internasionalizm”ə xidmət edirlər. Qayıdanda isə ölkələrində adi insanların, medianın, ictimaiyyətin onları qatil, cəllad kimi görməsi psixologiyalarını tamamən pozur. Çünki onlar əsgər idilər, əmrləri yerinə yetirirdilər. Amma 89-cu ildə artıq müasir gənclər anlayırdı ki, SSRİ ona lazım olmayan müharibədə boş-boş əsgərlərini və milyardlarla pulunu itirir. Ən böyük faciə isə başqa torpaqlarda yerli əhalini öldürmələridir. Bu münasibətlə qarşılaşan “афгацы”ların psixologiyasında ciddi problemlər yaranmağa başlayır, daha da aqressiv olur və kriminal aləmə qoşulurlar.
Hətta bir zabit müəlliflə söhbətində deyir ki, “bütün əfqanıstan qurbanlarının məzarına bir daş qoyub üzərinə də belə yazmaq lazımdır – “hər şey boşuna idi”. Həqiqətən də böyük dərd saymaq olardı. Uğrunda vuruşduğun ölkə, ac-susuz qızmar istidə 9 ilini keçirdiyin müharibəni başladan ölkə sən qayıdanda demək olar ki, olmur. Avtomatik sual yaranır ki, bəs onda o əsgərlər niyə getmişdi, niyə haqsız müharibədə iştirak edib ölmüşdülər. Bir sözlə, “афгацы”lar ölkələrinə küsmüşdülər. Onlar müharibədən sonra da özləri tez-tez müxtəlif klublarda yığışıb dələduzluqla məşğul olur, öz aləmlərində kimi istəsələr cəzalandırırdılar.
Kütləvi ölümlərə qarşı əfqanların qisası
Əfqan mücahidlərini adi vətəndaşlardan seçmək çətin olurdu deyə çox vaxt toqquşmalar zamanı xeyli dinc sakinlər də həlak olurdu. Əli-ayağı kəsilmiş uşaqlar, qocalar sovetin tikdiyi xəstəxanalarda müalicə olunurdular. Dinc sakin ölümlərinə görə bütövlükdə əfqan xalqı ruslara nifrət edirdi. Əfqan mücahidlər mənəvi əzab vermək üçün sovet əsgərlərini əsir götürdükdə onların əllərini-ayaqlarını kəsib sonra da sağaldırdılar. Bu əsgərlərə çox pis psixoloji təsir edirdi. Özlərini öldürmələrinə də imkan vermirdilər ki, yaşayaraq əzab çəksinlər. Düzdür, yüzlərlə sovet əsgəri kazarmalardakı özbaşınalıqlardan, incidilmələrdən əfqan tərəfinə keçmişdi. Onlardan bir çox SSRİ dağılandan sonra vətənlərinə qayıda bilmişdi, bir çoxu isə qorxudan qayıtmayıb indiyə kimi elə oradaca yaşamağa davam edir. Xüsusən texnikanı idarə etmək üçün onu bilən əsgər və zabitlərə ehtiyac var idi. Bunun üçün əsirlər çox gözəl fürsət idi. Əvəzində sadəcə onları öldürmürdülər. Əfqan müharibəsində nəinki həyatın üçün, bəzən 1 stəkan su üçün belə nə qurbanlar verilmişdi.
Ruslar öz aralarında əfqanlara “dux” deyirdilər. Hərbçilər xatirələrində qeyd edir ki, “duxlar” heç gözləmədiyin halda özü də öləcəyini bilə-bilə hücuma keçirdirlər. Ölümdən qorxmurdular. Əsir götürülən duxlar sabah güllələnəcəyini bilsələr də, həmin günün axşamı yığışıb bir yerdə deyib-gülür, oynayırdılar. Bu da təbii olaraq əsgərlərin psixologiyasına təsir edirdi. Bəzən əsgərlər ölən yoldaşlarının qisasını almaq üçün yoldan keçən dinc karvanı basıb içi dəvə qarışıq hamını qırırdılar. Əsgərlərin bir çoxu xatirələrində indi də yuxularında dəvələrin hayqırtısını eşitdiklərini yazır. Təbii ki, belə hadisələr əfqanları kəskin şəkildə qisasa kökləyirdi.
Başqa bir misal. Elə bunu da müharibə iştirakçısı hərbçilər deyir. Deməli, müharibədə bəzən həcmli bombalardan istifadə edilirmiş. Bomba işə düşərkən ilk olaraq mərmi qazla doldurulmuş hissəni dağıdır. Nəticədə ilk dəqiqələrdə qa bütün deşiklərə dolmağa başlayır. Sonradan yaranan qaz buludu elə dəhşətli dərəcədə partlayır ki, insanların içalatı belə yanır, gözlər yanır, canlı, cansız nə var məhv olur. Və ya içi iynə dolu mərmilər. Bu reaktiv mərmilərdən qaçmaq mümkün deyildi. Mütləq şəkildə ətrafa saçılan iynələrdən biri Sizi “tapırdı”. Bütün bu olanların fonunda bəlkə də təbii olaraq əfqanlar da ruslara qarşı çox qəddar davranırdılar. Acıqlı rus əsgərləri öldürdükləri əfqanların altına mina qoyurdular, məsələn. Onlara basdırmağa gələnlər meyidi qaldırarkən ölürdülər. Təbii ki, mücahidlər də çox hallarda dinc dəvə karvanları vasitəsilə gizlənirdilər və bu səbəbdən onun hansının zərərsiz olduğunu müəyyən etməyə bəzən vaxt olmurdu.
“Qara lalə”lərdə daşınan “200 nömrəli yük”lər
Amansız müharibə öz terminlərini də özü ilə gətirmişdi. SSRİ müdafiə nazirliyi hərbi daşımalarda əsgər meyitlərini “200 nömrəli yük” (груз 200) adı ilə rəsmiləşdirirdi. İçində Azərbaycan da olmaqla SSRİ-yə daxil olan ölkələrə 15000 belə 200 nömrəli yük göndərilmişdi. Əsgər meyidi daşıyan təyyarələrə isə öz aralarında “Qara Lalə” ləqəbi verilmişdi. Müharibənin ilk illərində ümumiyyətlə daxili təbliğat üçün müharibə olması faktı gizlədilirdi. Əsgər və zabitləri gecə ikən ailəsinə təhvil verib tez dəfn edirdilər. İlk vaxtlar isə bir çoxuna heç əfqanıstana göndəriləcəyini də demirdilər. Təyyarə ilə Daşkəndə “təlim” adı ilə göndərilib oradan bir-başa Əfqanıstana aparırdılar. Sonrada kütləvi şəkildə Əfqanıstana getməkdən imtina etməyə başladılar. Hətta öz idrarını içib xəstələnərək yayınanlar da var idi. İctimaiyyətə sırınan fikir isə guya internasionalizmə xidmət, əfqanıstan üçün məktəb və xəstəxanalar tikintisi, quruculuq işləri idi. Hərbçilər sinklə üzlənmiş tabutlarda göndərilirdi. Ona görə də müəllif kitabın adını “”Цинковые мальчики” qoyub.
Qıtlığın müharibədə təzahürü
SSRİ qapalı ölkə olduğundan onun məhsulları da çox limitli idi. Göz oxşayan məhsullardan söhbət gedə bilməzdi. Müharibədə də əsgərlər və əfqan tacirləri arasında qızğın alış-veriş gedirdi. Məsələn, amerikalılar əfqan dükanlarına çoxlu xarici, geniş çeşiddə mallar göndərirdilər. Ruslar üçün isə bunlar hamısı maraqlı yenilik idi. Məsələn, yəqin o dövrə aid bir çox kinolarda əsgərlərin “krassovka” geyindiyini görmüsünüz. 40-50 dərəcə istidə təbii ki, yüngül krassovkalar botinkalardan daha cəlbedici idi. Onları almaq üçün isə əsgərlər əfqan dükanlarına gedib yumşaq desək “barter edirdilər”. Əfqanlara güllə, silah, cürbəcür qida, kazarmada ələ keçə bilən nə vardısa verib əvəzində bəzəkli kəlağayılar, rəngli dəsmallar, geyim və s. alırdılar. Məsələn, hər silahın standartlaşmış qiyməti var idi. Kalaşnikov avtomatı 100 000 afqani (əfqan pulu) idi. Hətta bir çox əsgər kazarmadan oğurluq edib onu marketdə satarkən digər əsgərlər tərəfindən tapılıb güllələnmişdi. Amma onlar da digər əsgərlər kimi “şəhid” olaraq ölkələrinə göndərilirdi.
Faciəvi tərəfi o idi ki, əfqanlar barterlə aldıqları silahlar vasitəsilə sonrada elə rusların özü ilə vuruşurdu. Əsgərlər də arada biclik edirmiş. Məsələn, güllələri isti suda qaynadıb verirlərmiş ki, yararsız hala düşsün. Əfqan müharibəsinin digər maraqlı tərəfi isə narkotiklərdir. Dəhşətli istilər, qan, əzab-əziyyət, hər gün ölüm hərbçiləri dəli edirdi. Onların bir çoxu narkotik aludəçisi olmuşdular artıq. Narkotiki də digər mallar kimi dükanlarda barter edirdilər.
Əfqanıstan müharibəsinin qadın veteranları
Bu müharibədə ən acınacaqlı durum bəlkə də qadınların idi. Qadın hərbçilər əsasən tibb sahəsində çalışırdılar. Yaralı əsgərlərə xidmət edir, xəstəxanalarda işləyirdilər. Digər hərbçilər kimi onların da çoxunun kəskin şəkildə psixologiyaları pozulmuşdu. Əvvəla ona görə müharibədən qayıdan qadınlara ölkələrində “əxlaqsız” kimi baxırdılar, onlarla heç kim evlənmək istəmirdi. Müharibənin özündə də bir çox əsgərlərin təcavüzünə məruz qalırdılar. Bunun üstünə də hər gün qan, əli-ayağı qopmuş yaralı və meyitləri görmək, onları sağaltmağa çalışmaq əməlli-başlı depressiya yaratmışdı. Hətta vəziyyət o yerə çatır ki, bir çox qadın əfqan veteranları qayıdandan sonra əfqanıstanda olduqlarını hamıdan gizlətməyə çalışırlar ki, lazımsız suallar verməsinlər.
YEKUN
Bəli, Əfqanıstan müharibəsi qərblə SSRİ-nin son soyuq müharibəsi idi. Bu müharibə sovetin çökməsində ciddi rol oynadı. Maraqlı olan isə Rus imperiyasının tarix boyu öz təbəələri ilə aparıdığı mübarizələrdir. Məsələn, əsrin əvvəllərində bolşevizmin təbliği üçün öz təbəələri ilə aparılan qanlı müharibə, daha sonra I dünya müharibəsi, II dünya müharibəsində qalib olmasına baxmayaraq 20 minlyon insanını itirən ölkə, II dünya müharibəsindən sonrakı repressiyalar, öncəki repressiyalar və süqutuna yaxın daha bir lazımsız müharibə sistemin insanlara verdiyi “dəyəri” göstərir. Və bütün bunların hamısında milyonlarla insanın ölümü. Belə bir söz var ki, “bir insanın ölümü faciə, milyonların ölümü isə statistikadır”. Deyəsən, Rus imperiyası da “fəaliyyəti” boyu belə statistikalara çox adi baxıb ki, onun üçün insanlarının dəyəri demək olar ki, olmayıb. Və təəssüf ki, bugün də SSRİ-nin təəssübkeşliyini çəkənlər var. Özü də bütün olanları bilə-bilə.