Gicdıllaq (ing. jerk, asshole; rus. долбаеб, мудак) – haqsız olaraq ara sözə çevrilərək, hər kəsin dilinə düşmüş yığcam; sosio-psixologiya və fəlsəfə elmləri üçün zəruri; narsisizm, makiavelizm və psixopatiyanın qarışığını ifadə edən şəxsiyyət kateqoriyasıdır. Hesab edirik ki, gicdıllaq sözü “ayıb” statusunu itirmədikcə və elmi tədqiqat predmetinə çevrilmədikcə, həm gərəksiz, qeyri-funksional “tabu” statusunu qoruyacaq, həm də Azərbaycanda sosiologiya və psixologiya kimi elm sahələrinin hərtərəfli inkişafını məhdudlaşdıracaq.
Əgər ətrafdakı insanlar sizdə ikrah doğurursa, ola bilsin, problem sizin özünüzdədir. Kaliforniya Universitetindən fəlsəfə professoru, «Şüurun sirləri» kitabının müəllifi Eric Schwitzgebel belə hesab edir.
Güman ki, səhər oyanıb güzgüyə baxanda özünüzə “görəsən mən gicdıllağam?” sualını ünvanlamırsınız. Nahaq yerə. Çox haqlı sualdır.
Dünyamız və ölkəmiz gicdıllaqlarla doludur, əksəriyyəti öz əxlaqi keyfiyyətləri barədə kifayət qədər yüksək fikirdədir və əslində bomba, yaxud heç olmasa, yaxşı insan olduqlarını hesab edirlər. Öz gicdıllaqlığını dərk etmək, asan başa gələn iş deyil.
Kaliforniya Universitetindən psixoloq Simine Vazire deyir ki, öz xüsusiyyətlərimizi başa düşmək, dərk etmək üçün onları açıq şəkildə fərqləndirməyi bacarmalı və qiymətləndirmədə neytral qalmalıyıq. Bunlar, şərtdir.
Məsələn, siz bilirsiniz ki, bütün məclislərdə arzuolunan, deyib-gülən, dilli-dilavər, itoynadan adamsınız. Bir başqası isə sakit, təmkinli adamdır. Bunlar, həm şəxsin özünün, həm də kənar müşahidəçilər üçün aydın, zahirən sabit olan və qiymətləndirməsi asan başa gələn keyfiyyətlərdir. Burada, nisbətən obyektiv qiymətləndirmədən danışa bilərik. Bəs, yaradıcılıq? Buradakı qiymətləndirmədə isə, bir balaca problem yaranır. Kim özünü yaradıcı hesab etmir? Simine Vazire modeli isə bizə deyir ki, şəxsin özünə qiymət verməsi, başqalarının qiymətləndirməsi və psixoloqun yaradıcılığın dərəcəsi haqda obyektiv qənaət bildirməsi arasında çox aşağı bir korelyasiya var.
Ona görə də, “mən gicdıllağam?” sualı yüksək dərəcədə qiymətləndirmə ilə yüklənmiş sualdır və sualın sahibi, özünə xoş gələn, özünün arzu etdiyi cavabı eşitməyə dəhşətli dərəcədə motivasiyalıdır. “Xeyr, əlbəttə deyiləm!” – ideal cavabdır. Həm də axı, gicdıllaqlığın əlamətləri bariz, iki vur iki deyil, hətta gicdıllaqlıq kimi yozula bilən davranışınızı da istədiyiniz kimi şərh edə, yoza bilərsiniz: “Bəli, ofisianta qarşı kobudluq etdim, amma o buna layiqdir, gərək qədəhi ağzına qədər dolduraydı…” Özünü istənilən situasiyada təmizə çıxarmaq cəhd və arzusundan təbii nə ola bilər?
Yeri gəlmişkən, yüksək savadı olan insanlar da qərəzli arqumentlərdən hali deyillər, hətta əksinə. Yale Universitetindən Dan Kahan tərəfindən aparılan son araşdırma göstərir ki, savadlı insanlar öz qərəzli qənaət və arqumentlərinə ağlabatan izahatlar gətirmək, özlərini süddən çıxmış ağ qaşıq kimi göstərməkdə çox mahirdirlər.
Professor Schwitzgebel güman edir ki, insanların öz gicdıllaqlıq dərəcəsi ilə bağlı qənaətləri ilə həqiqi gicdıllaqlıq dərəcəsi arasında heç bir korelyasiya yoxdur, yəni əlaqə sıfırdır. Bəzi bariz gicdıllaqlar gicdıllaq olduqlarını, ən yaxşı halda, ehtimal edə, bəziləri isə israrla özlərini yaxşı oğlan (burada seksizm yoxdur, oğlan cinsiyyət bildirmir – red.) olduqlarına inandıra bilərlər. Bəzi, həqiqi mənada yaxşı oğlanlar bunun fərqində ola, bəziləri isə hətta yaxşı oğlan olduqlarını da anlamaya bilərlər (aşağı özünəqiymət – red.).
Gicdıllağın şüuru, təfəkkürü ilə bağlı da əngəl var: biz, anlayışın mahiyyətini sona qədər dərk edə bilmirik, ən azından, hələ ki. Avtomobili ilə qarşınızda manevr edib qəza şəraiti yaradan sürücüyə, yaxud şagirdlərini alçaldan müəllimə, iş yerində sizi boğaza yığan həmkarınıza qarşı istifadə edəcəyiniz gicdıllaq tərmininin bütün diapozonunu əhatə edəcək elmi bir tərif mövcud deyil.
“Gicdıllaq” anlayışına ən yaxın, elmi izahı olan şəxsiyyət kateqoriyası – narsisizm, makiavelizm və psixopatiyanın qarışığından ibarət olan “qaranlıq triada” hesab oluna bilər.
Narsistlər özlərini başqalarından əhəmiyyətli hesab edirlər ki, bu da aşkar və ya dolaylı olaraq, gicdıllaqlara xas keyfiyyətdir. Lakin, burada da istisnalar mövcuddur, çünki narsisizm, diqqət mərkəzində olmaq arzusunu da nəzərdə tutur ki, bu da mütləq gicdıllaqlıq demək deyil.
Makiavelist keyfiyyətlərə malik insan, başqalarından öz xeyiri üçün istifadəni məqbul sayan, insanları bir alət kimi görən, onlarla bir vasitə kimi davranan insandır. Gicdıllaqlar da bunu məmnuniyyətlə edirlər. Lakin burada da istisna var – makiavelizm şüurlu sinizmi nəzərdə tutur, gicdıllaqlar isə çox vaxt, öz eqoist motivlərindən belə, xəbərsiz olurlar.
Psixopatik xüsusiyyətləri daşıyan insanlar, gicdıllaqlar kimi eqoist və qəlbsizdir, amma bir fərqlə – psixopatlar impulsiv və riskli davranışa meyllidir, gicdıllaqlar isə hesab-kitab, ehtiyat məsələsində olduqca bicdirlər.
Gicdıllağa qohum olan bir başqa konsepsiya – əclaf anlayışıdır ki, Kaliforniya Universitetindən fəlsəfəçi Aaron James, bu yaxınlarda onun tərifini verib.
Jamesin nəzəriyyəsinə görə, əclaflar sadəcə olaraq başqalarına qarşı xüsusi üstünlüklərindən istifadə edən insanlardır, çünki bunu bacarırlar. Bu, gicdıllaqlığa yaxındır, amma tam olaraq gicdıllaqlıq deyil.
Gicdıllaq üçün təkəbbürlü olmaq, insanlarla kobud rəftar etmək, hər hansı üstünlük məqsədi güdməklə şərtlənməyə də bilər. Gicdıllaq, sırf gicdıllaq olduğu üçün təkəbbürlü və kobuddur.
Bəs, həqiqətə gedən yolda bu qədər maneə varsa, özünə düzgün qiymət vermək istəyən potensial bir gicdıllaq nə etməlidir?
Problemin həlli yolunda atılacaq ilk addım, gicdıllaqlığın nə olduğunu özünüz üçün dəqiq müəyyənləşdirməkdir. Professor Schwitzgebel hesab edir ki, gicdıllaqlıq elmi araşdırma mövzusu olmağa layiqdir və tamhüquqlu kateqoriya kimi tanınmalıdır. “Gicdıllaq” sözü olduqca yığcam və faydalıdır. Başqa heç bir psixoloji konsepsiyaya sığmayan real bir fenomeni təsvir edir. Gicdıllaq – başqasının mənafeyinə qarşı cinayət dərəcəsində laqeyd olan, insanları əxlaq və ağıl baxımından özünə tay saymayan, onları manipulyasiya aləti və axmaq sürüsü kimi görən adamdır. Gicdıllaq olmaq, müəyyən mənada cahil olmaqdır, çünki başqalarının dəyərini nəzərə almayan, insanların hiss, düşüncə və planlarına əhəmiyyət verməyən, arzu və fikirlərinə istehza edən adam, mütləq mənada cəhalət mücəssəməsi, gicdıllağın yekəsidir.
Siz gicdıllaqsınızsa, restorandakı ofisiant sizin üçün unikal şəxsiyyəti, bioqrafiyası, həyatda məqsədi, sizinlə ortaq cəhətləri olan şəxsiyyət yox, sizi yeməklə təmin edən vasitə, aşağı maaşla işləyən axmaqdır, siz də ona hirsinizi tökə, alçalda, təhqir edə bilərsiniz. Ofisianta baxışınız bu cürdürsə, heç şübhəniz olmasın, birmənalı olaraq gicdıllaqsınız. Yəni, öz gicdıllaqlığınızdan adınız qədər əmin ola bilərsiniz.
Hansısa idarənin qabağında növbəyə düzülmüş insanlar sizin üçün simasız və əhəmiyyətsizdir. Onlar, sosial piramidanın aşağısında dayanıblar, sizin istedadınızdan məhrumdurlar və gördükləri aşağı işlərə, az məvacibə layiqdirlər. Budur, əsl gicdıllaq yanaşması.
Gicdıllaqlıq konsepsiyasını tamamlamaq üçün, onun əksini də nəzərdən keçirməkdə fayda var. Yəqin ki, bu insanlardan bir neçəsini siz də tanıyırsınız – başqasının ehtiyac və mənafeyinə, düşüncə və hisslərinə qarşı diqqətcil, insanların üstün cəhətlərinin fərqində olan, münaqişə vəziyyətində əgər qəbahəti varsa, bunu etiraf etməyə hazır olan bu şəxs – yaxşı oğlan, yaxud əjdahadır.
Güman ki, təbiətdə sırf gicdıllaq, yaxud sırf yaxşı oğlan mövcud deyil. Psixologiya elminin uzun onilliklər boyunca apardığı tədqiqatlar da göstərir ki, bu əlamətlər dəyişən amillərin təsiri altında, hər kəsdə bir cür təzahür edə, qarışıq da ola bilər. Bəs gicdıllaqla yaxşı oğlan arasındakı şkalada sizin yeriniz haradadır? Həm də, hansı vəziyyətdə və hansı insanlara münasibətdə siz ya gicdıllaq, ya da yaxşı oğlansınız? Ola bilsin, sizin də əxlaqi keyfiyyətləriniz gicdıllaqlıq statusuna daha yaxındır, bunu istisna etmək olmaz. Burada əsas marker, başqalarına qarşı davranışınızdır.
Gicdıllaqlığın iki obyektiv markeri
1 – İnsan gicdıllaq olub-olmadığını düşünməyə, özünə narahat suallar verməyə başlayırsa, dərhal gicdıllaq olmaqdan çıxır.
Kiməsə qarşı mümkün çirkin davranışınıza görə utanc hissi keçirməyə və əzab çəkməyə başladığınız anda, qarşı tərəfin mənafe və dəyərlərini tanımaq yolunda ilk addımı atırsınız, onun şəxsiyyət olduğunu qəbul edirsiniz, yəni onu bir vasitə kimi görmürsünüz, sizin üçün o, mənasız axmağın biri deyil, sizinlə eyni mənəvi haqlara malik insandır. Budur, bir anlıq da olsa, gicdıllaq olmaqdan çıxmısan, yəni doğru yoldasan.
Maraqlıdır ki, gicdıllaq kimi davranmaq ehtimalından ən çox narahat olanlar, məhz yaxşı oğlanlardır. Həmin anda üzləri qızarır, özlərini pis hiss edirlər və buraxdıqları səhvə, işlədikləri qələtə görə üzr istəmək üçün yanınıza gəlirlər. Gicdıllaq üçün isə dünyada üzr istəmək və utanıb-qızarmaqdan daha mənasız, yad, gülməli bir şey təsəvvür etmək olmaz.
İşimiz didaktika deyil, heç kəsə ağıl öyrətmirik, amma özünüzü təsəlli edərək “yaxşı, mən də gicdıllaq olub-olmadığımı düşünürəm, hətta indi bu məqaləni də oxuyuram, deməli gicdıllaq deyiləm, rahat ola bilərəm!” deyib, özünüzü arxayın salırsınızsa, əmin olun ki, gicdıllaq olmaq risk və potensialını hələ də özünüzdə daşıyırsınız.
2 – Gicdıllaqlığın dərkedilməsinə kömək edən ikinci marker – gicdıllağın qulaq asmaq, dinləmək qabiliyyətindən tamamilə, yerli-dibli məhrum olmasıdır.
Heç şübhəsiz, əxlaqi göstəricilərinizin dərk edilməsi yolunda ən vacib mərhələlərdən biri, kənardan necə görünməyinizlə bağlı, başqalarının tənqidinə açıq olmağınızdır (söhbət qərəzsiz adamların xoşməramlı tənqidindən gedir, gicdıllaqların boşboğazlığından, sosial şəbəkələrdəki qərəzli zəhər ifrazatından yox). Bir gicdıllaq üçün, tənqid eşitmək əzabdır. İmkansızdır. Gicdıllaq başqalarını ağıl və əxlaq cəhətdən özünə bərabər saymağa meylli olmadığından, nadir hallarda tənqidi konstruktiv qəbul edə bilir. Bir “vasitə”nin, “alət”in, əhəmiyyətsiz bir axmağın sözlərini necə ciddi qəbul edə bilərsiniz? Onlar kimdir ki, sizinlə bağlı hansısa tənqidi fikirləri olsun, hələ bir onlara etibar da edəsiniz? Çox güman ki, gicdıllaq tənqidi rədd edəcək, əksinə, sizin özünüzə hücum edəcək, boş-boş çərənləməyə başlayacaq, başını götürüb qaçacaq, yaxud sizə son dəfə gülümsəyib, beyninizə güllə çaxacaq.
Başqa əxlaqi qüsurlar üçün tənqidə bu dərəcədə qapalılıq xas deyil. Tutaq ki, nadürüst bir adam özünün fırıldağı ilə bağlı ittihamla razılaşa bilər. Xəsis bir adam da sizin tənqidinizə normal reaksiya göstərib, hətta öz acgözlülüyünü, pulu çox sevdiyini və özü ilə bacara bilmədiyini etiraf edə bilər.
Gicdıllaq isə vicdanın səsini eşitmir. Hətta, bir konstanta kimi vicdanın mövcudluğunu mübahisələndirir.
Gicdıllaqlığın mahiyyəti, başqalarının maraqlarını nəzərə ala bilməməkdir, belədə isə, gərək özünüdərkin başqa, hansısa aşkar olmayan yolu tapılsın və o yol var – başqalarını müşahidə etmək. Güzgüyə baxmaq əvəzinə, nəzərlərini dünyanın boyandığı rənglərə çevirmək.
Ətrafınızda yalnız axmaq və alçaqlar, iyrənc zövqlü, düşük arzulu, diqqətinizə layiq olmayan səfeh adamlar var? Ətrafınızda yalnız əxlaqsız, eybəcər, təkəbbürlü, beyinsiz, özündən razı debilləri görürsünüz? Sizdən başqa hamı gicdıllaqdır?
Dünya gözünüzə sırf bu cür görünürsə, professor Schwitzgebelin sizə pis xəbəri var. İnsanların çoxu dünyanı bu cür görmür, dünya doğrudan da bu cür deyil. Çox güman ki, siz özünüz gicdıllaqsınız.
nautil.us, knife.media və wikipedia materialları əsasında