İsrail rejissoru Nadav Lapidin, 2021-ci il Kann kinofestivalının əsas müsabiqə proqramında yer almış “Ahedin dizi” (Ahed’s Knee, film İsrail, Fransa və Almaniyanın birgə istehsalıdır) ekran işi bədii kinoda siyasi film anlayışına uyğun gəlmir. Ona görə ki, müəllif nəzərdə tutduğu ideyanı bədii-estetik əsaslarda, sənət meyarları ilə həll eləmir və ya belə demək mükünsə, buna potensialı yetmir…
“Ahedin dizi” dramının süjetinə görə, hekayənin qəhrəmanı olan rejissor (Avşalom Polak) kiçik bir şəhərə filmini göstərməyə gedir. Mədəniyyət nazirliyinin nümayəndəsi rejissora şərt qoyur ki, o, filminin auditoriya ilə müzakirəsi zamanı yalnız hakimiyyət tərəfindən icazə verilmiş mövzuları müzakirə edə bilər. Ölkəsindəki siyasi rejimlə barışmayan rejissor şərti qəbul etmir. Bir tərəfdən də o, Ahed Tamimi haqda film çəkməyi planlaşdırır…
Filmin adı da real şəxsin- gənc fələstinli qız Ahed Tamiminin adıyla bağlıdır. 2017-ci ildə o, İordan çayının qərb sahilində yerləşən Nabi Saleh kəndinə basqın edən İsrail əsgərinə şillə vurması ilə məşhurlaşıb və buna görə 8 aylıq həbs cəzası alıb. Həmin dönəmdə İsrail rəsmilərindən biri, Tvitterdə, Ahedlə bağlı “Onu dizindən vurmaq lazım idi ki, bir daha yeriyə bilməsin” tvitini yayır. Beləliklə, filmin adı, sözügdən tvitə əsaslanır və rejissor bu adı seçməklə, başdan siyasi mövqeyini bəyan edir.
Siyasi məzmunlu dram, komediya, triller və s. kinoda çətin, riskli janrlardandır. Çünki bu zaman rejissor siyasətlə sənət arasındakı sərhədi müəyyənləşdirməyi bacarmalıdır; yəni necə etməli ki, siyasət sənət meyarlarını üstələməsin, o, bədii filmdə sadəcə, illüstrativ dokumental reallığa, gerçəkliyin miskin inikasına çevilrməsin, təbliğat-təşviqat xarakteri daşımasın, müəllifin bədii interpretasiyası, dramaturji-estetik yanaşması, hadisəyə baxış bucağı siyasi gerçəkliyin fövqündə dayana bilsin və müəllif məhz özününkü olanı yaratsın.
Bu kimi faktorları vecinə almayan Nadav Lapidin “Ahedin dizi” dramı siyasi epataj formatında, öz ökəsinə münasibətdə son dərəcə ittihamedici məzmundadır. Daha pisi odur ki, rejissor fikrini bədii ifadə vasitələriylə, çoxqatlı hekayə ilə yox, birbaşa, siyasi publisistik dillə çatdırır, qəhrəmanın mürəkkəb, ziddiyyətli yaşantıları göstərilmir və o, sadəcə, nifrət nitqi, siyasi aktivist ritorikasında bəyanatlar səsləndirir. Beləliklə, gerçəkliyi üstələyən hekayə əvəzinə, rejissor, öz siyasi görüşlərinin səthi reallığını təklif edir. Və bütün bunlar, mahiyyətində birmənalılıq daşıyan qəhrəmanın-Lapidin öz alter eqosu olmasına dair əsaslar verir.
Daha çox ekspozisiya kinematorqafik səciyyə daşıyır və uğurlu bədii interpretasiyası var. Əvvəldə, yağış damçıları vasitəsilə, qəhrəmanı əhatə edən mühitin təhrif olunmuş forma və məzmunda təqdimatı -onun nizamsız daxili dünyasının vizual ifadəsi kimi görünür. Ardınca, qəhrəmanın çəkəcəyi “Ahedin dizi” filminin əsas personajı və digər rollar üçün keçirdiyi kastinq çəkilişlərinin ekspressiv üslubu, təhkiyənin gərgin tempdəki nəqlindən xəbər verirdi. Lakin hadisələrin gedişatında müəllif bu formaya, estetikaya sadiq qalmır, saspensi minimuma endirir, tempi niyəsə ləndigir və lazımsız uzun planlardan istifadə edir. Ara-sıra istifadə etdiyi sürətli panoramalar, kameranın maksimum titrəyişilə meydana çıxan abstrakt ekspressionst təsvirlər əhvalatı altfikirlərlə mənalandırmır, personajın xarakterində yeni xətlər açmır, diskomfort ovqat əmələ gətirmir və nəticədə, rejissorun qeyri peşəkar hoqqabazlığı kimi görünür…
Üstəlik, dramaturji situasiyalar tələb etdi-etmədi, qəhrəman “İsrail işğalçıdır, militaristdir, ədalətsizdir” sayağı nifrət dolu bəyanatlarla çıxış edir, qəzəbini səhralığın ortasında sidik ifraz etməklə bildirir, nə vaxtsa özünün də xidmət etdiyi İsrail ordusunun fəaliyyətini qrotesk təsvirlərdə, orgiya şəklində göstərir. Konflikt nöqtələrindən biri rejissorun, Mədəniyyət nazirliyini təmsil edən gənc məmuru psxioloji təzyiqlə emosional partlayış həddinə çatdırmasıdır. O, məmuru ittihamları ilə istintaqa çəkir və səsini telefona yazır. Kulminasiya, məmurun səsini sosial şəbəkələrdə yaymaqla şantaj edəndə baş verir. Final səhnlərində isə gücsüz, zavallı qəhrəman, nəticə əldə etmədən ölkəni tərk edir. Ola bilsin ki, Lapid mövcud rejimin fərdi, yaradıcı şəxsi paranoya səviyyəsinə çatdırılması haqda danışmaq istəyib. Lakin yuxarıda dediyim səbəblərdən, film bəsit siyasi pamflet kimi alınıb.
“Ahedin dizi” bir daha əzəli sualları aktuallaşdırır: sənətin missiyası nədir və ya nədədir? Siyasi-ictimai və ya hər hansı problemi olduğu kimi bədii kinoya köçürmək, onu birmənalı danışmaq sənətin öhdəliyinə daxildir?
Ona qalsa, İsrail rejissorlarının, ölkələrinin siyasi kursunu tənqidi rakursda göstərən sanballı sənət filmləri var. Bu haqda məqaləm vaxtilə “AzLogos” saytında yer alıb. İsrailn ərəb ölkələri ilə konfliktini şəxsi təcrübəsində yaşamış rejissorlar Ari Folman (“Bəşirlə vals”), Samuel Maoz (“Livan”, “Foxtrot”) və digərləri siyasi konfliktləri ekzistensial müstəvidə araşdırır, suallar qoyur, mənəvi cəhətdən mürəkkəb, universal hekayələr danışırlar.
Həmçinin, digər uğurlu nümunələr var. İlk yada düşənlərdən biri şübhəsiz ki, yunan əsilli fransız rejisoru Kosta Qavrasın “Dzeta” (1969) trilleridir. Real hadisər əsasnda çəkilən film sol yönümlü yunan siyasətçisi Lambrakisin qətli və onun qətlinin araşdırılması haqdadır. Hekayənin maraqlı strukturda qurulması sayəsində konfliktə dərin nəzər salınır, dinamik montaj emosional gərginliyi bir an olsun səngitmir və saspens elementini kadrlardan əskik etmir.
Çili rejissoru Pablo Larrainin, Auqusto Pinoçetin hakimiyyəti dövründən bəhs edən “Yox” (2012) dramı da real hadisələrə əsaslanır. Pinoçet beynəlxalq aləmdə legitimliyini qəbul etdirmək üçün referendum keçirməyə məcburdur və onun hakimiyyətdə qalıb-qalmaması referendumun nəticələrindən asılıdır. Siyasətlə maraqlanmayan, uğurlu reklam mütəxəssisi Rene dostlarının xahişi ilə “Pinoçetə yox” kampaniyasına qoşulur. Və müxalifətin reklam strategiyasını dəyişir..
Struktur reklam, bədii və sənədli kino dilinin məziyyətlərinin sintezi əsasında ququlur. Rejissor kəskin montaj fəndiylə kinematoqrafik zamanı sürətləndirərək, siyasi mövzuda müzakirələri müxtəlif zaman və məkanda davam etdirir və bütün olanları Renenin həyatı fonunda anladır.
Argentina rejissoru Pablo Traperonun “Klan”ı (2015) da siyasi filmdir. Hadisələr 1980-ci illərin əvvəllərində Argentinada, hərbi diktaturanın demokratik hakimiyyətlə əvəz olunması dövrünü əhatə edir. Məllif diktaturanın mahiyyətini açmaq üçün siyasi vurğular eləmir. Onun mahiyyətinə, diktatura dövründə məmuş işləmiş Puççionun ailəsi vasitəsilə, uzun-uzadı məişət təsvirləri, ailə söhbətləri və konfliktləri ilə toxunur. Ailə başçısının zorakılığa məruz qoyduğu adamların və ailənin rahat yaşayışını paralel montajla göstərir ki, bu kontrast, istənilən siyasi vurğudan, çox daha təsirlidir.
Yaxud, Polşa kinosunda 1976-1981-ci illəri əhatə edən “Mənəvi narahatlıq kinosu” cərəyanının nümunlərindən biri, Andjey Vaydanın “Narkozsuz” (1978) bədii filmində siyasi rejim qəhrəmanın şəxsi və iş həyatı vasitəsilə tənqid olunur. Jurnalist Yejinin prinsipiallığı hakimiyyət nümayəndələrinin konformizmi ilə ziddiyyət təşkil etdiyindən, o, mənəvi terrora məruz qalır; müəllim işlədiyi institutda dərsləri guya, təsadüfən ləğv olunur, yaxud ezamiyyətə onun əvəzinə başqasını yollayırlar. Psixoloji təzyiqlər ailə həyatına da təsir göstərir.
Beləliklə, hər hansı siyasi hadisə yaxud siyasi personanın həyatı bədii kinoda, plakatçılığa, pafosa, görünənlərə yox, mütləq şəkildə müəllifin fərqli yozumuna, universal dilə, bədii-estetik meyarlara, görünməyən ziddiyyətlərin, duyğuların, reaksiyaların təsvirinə əsaslanmalıdır. Əks halda onun siyasi reportajdan, publisistikadan fərqi olmayacaq. Bizim də cəmiyyətdə yanlış fikirlər var ki, siyasi vəziyyətin birbaşa təsviri, açıq siyasi mesajlar rejissorun cəsarətinin göstəricisidir. Əslində isə bu, rejissorun zəifliyi, onun reallığa məğlubiyyətidir. Lapidin nümunəsində olduğu kimi.