Müsahibimiz, 23 yanvar-3 fevral tarixləri arasında keçirilən Beynəlxalq Rotterdam Kinofestivalında kino tənqidçilərinin (FİPRESSİ) “İlin ən yaxşı filmi” xüsusi mükafatına layıq görülmüş “Mövsümün sonu” filmində baş rolun ifaçısı, aktyor Rasim Cəfərdir.
– Rasim, söhbətimizə festival haqqında təəssüratlarınızı öyrənməklə başlamaq istəyirəm.
– Ondan başlayım ki, festivala dəvət alanda çox sevinmişdik, çünki biz qarşımıza belə hədəflər qoymamışdıq. Bir gün Elmar yazdı ki, bir film çəkmək istəyirəm. Heç tamamlanmış ssenari də yox idi, ancaq ümumi məzmunu bilirdik, nədən başlayır, nələr olacaq, struktur necədi. Toplaşdıq və danışa-danışa, hər şeyi müzakirə eləyə-eləyə, araşdıra-araşdıra iyirmi bir günə həm ssenarini tamamladıq, həm də filmi çəkdik. Hədəfimizdə filmi festivala göndərmək, mükafat qazanmaq yox idi. Yəni mənim bildiyim qədərilə, “Mövsümün sonu” filmi o niyyətlə çəkilməmişdi. Odur ki, Elmar filmin Rotterdam kinofestivalına qəbul olunduğunu və hamımızı dəvət edəcəklərini yazanda xeyli sevindik. Hələ festivalın atmosferini görəndən sonra sevincimiz birə-beş artdı.
– Mümkünsə, o atmosferi bir az ətraflı təsvir eləyin, gənc rejissorlarımız, aktyorlarımız da həvəslənsinlər. Premyera necə keçdi, tamaşaçılar “Mövsümün sonu” filmini necə qarşıladılar, necə reaksiyalar aldınız?
– Mən Kannda da olmuşam. Ora da Elmar İmanovun Engin Kundağla birlikdə çəkdiyi “Ayrı-ayrı” filmiylə getmişdik. Amma Rotterdam daha fərqliydi, necə deyim, elə-bil daha canlı idi. Şəhər başdan-ayağa festival, kino şəhəri idi, hər gün bayram əhval-ruhiyyəsi vardı, hər axşam şənliklər, görüşlər. O qədər insan, o qədər müsbət enerji, hisslər vardı ki… İfadə eləyə bilmirəm. Hər gün filmlərə baxırsan. Adamda qəribə bir ruh, inam yaranır ki, bizim bura gəlməyimiz çətin deyil, istəsək, bütün festivallara düşə bilərik, sadəcə istəmək və çalışmaq lazımdı. Çox gözəl idi. Bizi bağlanış mərasiminə dəvət eləyəndə mükafat veriləcəyini bilmirdik. Ona görə də, heç hazırlaşmamışdıq, adi, gündəlik geyimlərdə getmişdik mərasimə. Birdən-birə kino tənqidçilərinin ən yaxşı film kimi bizi seçdiklərini eşidəndə şoka düşdük. Səhnəyə necə qalxdıq, ordan necə endik, bilmirəm. Çox yaxşı hisslərdi. Deməli, filmimiz premyeradan sonra bir neçə gün nümayiş olundu. Demək olar ki, bütün nümayişlərdə iştirak eləyirdik. Nümayişdən sonra müzakirələr olurdu, tamaşaçılar suallar verirdilər. Baxmayaraq ki, film sırf bir azərbaycanlı ailəsindən bəhs eləyirdi, amma insanlar anlayırdılar. Oteldə, küçədə yaxınlaşıb soruşurdular ki, “Are you actor?” “Yes” cavabını eşidən kimi deyirdilər, biz sizin filmə baxmışıq. Elə xoş sözlər deyirdilər ki… Bu, o qədər yaxşı hissdi ki! Elə ordaca Reyhanın baş-beynini xarab eləməyə başlamışdım ki, mənim üçün ssenari yaz, film çəkəcəyəm.
– Festival çərçivəsində həm də başqa ölkələrdən olan fərqli rejissorların filmlərinə baxırdınız. O filmlərdə hansı tendensiyalar gördünüz? Dünya kinosu daha çox hansı mövzulara, hansı üslublara üstünlük verir?
– Daha çox kişi və qadın mövzusu üstünlük təşkil edirdi. Demək olar ki, əksər filmlər bu barədə idi: kişi və qadın, bir də ümumiyyətlə, insan, onun ətrafı, münasibətləri, düşüncələri. Bir də izlədiyim filmlərin əksəriyyətinin çəkiliş manerası eləydi, elə bil bədii filmə baxmırsan. Ekandakıların aktyor olduqlarını, oynadıqlarını hiss eləmirdin. Sənədli film kimi.
– Bu yaxınlarda Ayaz Salayev bir məqaləsində yazmışdı ki, festivallar bizim kino üçün uğur meyarı sayıla bilməz, çünki Avropa festivallarında Azərbaycan kimi ölkələrdən bizim özümüzü mənfi tərəfdən göstərdiyimiz, alçalmış və təhqirolunmuş insanlardan bəhs eləyən filmlər gözləyirlər, daha qlobal, bəşəri mövzuları qəbul eləmirlər. Belə bir şey müşahidə elədinizmi?
– Doğrusu, ən ucqar ölkələrdən gəlmiş həm qısa, həm də tammetrajlı filmlərə baxdım və elə bir şey görmədim. Elmarın filmi də ailə, bir-birindən bezən insanlar haqqındadı. Bilmirəm, bəlkə mən baxmadığım filmlərdə vardı elə mövzular. Mənim izlədiyim filmlər insan, onun cəmiyyətə uyğunlaşa bilməməyi haqqındaydı. Heç bir filmdə Ayaz müəllimin dediyi yanaşmanı görmədim. O ki qaldı meyar məsələsinə, mənim üçün festivallar meyardı. “Bəyin oğurlanması”nda deyir e: “istəmirsən ki, səni uzaq Afrika çöllərində görsünlər?” Bax, mən istəyirəm ki, uzaq Afrika çöllərində məni görsünlər. Təsəvvür eləyin: bizim bölmədə 19 film vardı, onlardan iki, ya da üçü mükafat aldı və biri Azərbaycan filmi idi. FİPRESSİ-nin mükafatı bütün nüfuzlu festivallarda verilir, onu Tarkovskidən tutmuş Ceylana, Vudi Allenə qədər necə böyük rejissorlar alıb. Yəni elə-belə mükafat deyil. Və o qədər ölkənin, filmlərin içində “Film from Azerbaijan, “End of season” deyirlər və hər kəs alqışlayır. Pisdi bəyəm? Hətta indi danışanda da o hissləri yenidən yaşayıram. Vallah, çox yaxşıdı! Odur ki, mənim üçün festivallar meyardı. Çox istəyərdim ki, hər il bir filmimiz Kann, Rotterdam, Berlin kimi festivallarda iştirak eləsin. Yeri gəlmişkən, Azərbaycandan tək bizim filmimiz deyildi, bizimlə yanaşı Teymur Hacıyevin “Duz və istiot zövqə görə” filmi də “Səslər” bölməsində iştirak eləyirdi. Həm qısametrajlılar, həm də tammetrajlılar kateqoriyasında Azərbaycan filminin olması, Azərbaycanın adının səslənməsi, onların belə bir dövlət, belə bir ölkə olduğunu, orda da yaxşı filmlər çəkildiyini bilməsi pisdi ki?!
– Rasim, “Mövsümün sonu”, Elmar İmanovla birlikdə işlədiyiniz üçüncü filmdi. Onunla davamlı işləməyinizin özəl bir səbəbi varmı?
– Sözün düzü, bu, Elmarın seçimidi. Yəni mən rejissorumu seçmirəm, rejissor məni seçir. İlk filmdən sonra Elmarla uzun müddət yazışıb söhbət eləmişdik. Yəqin ki, ona da, mənə də bir-birimizlə işləmək rahatdı. Həmçinin Zülfiyyə Qurbanovayla da. Bizi artıq tanıyır və xasiyyətimizi bilir. Mən də bilirəm ki, Elmar azdanışan adamdı. Tapşırığı çox qısa, lakonik şəkildə izah eləyir və mən onun nə istədiyini başa düşürəm. Söz düşmüşkən, dediyinə görə, dördüncü filmdə də birlikdə işləyəcəyik, amma əvvəlcə maliyyə tapılmalıdı. Bu filmin də, demək olar, maliyyəsi yox idi. Zülfiyyəylə mən həm də filmin prodüserləriyik. Bizimlə yanaşı İlqarə Tosova, Qurban İsmayılov, Mirmövsüm Mirzəzadə və Kəmalə İsrafilova da çəkilirdi. Bayaq dedim, 21 günə və çox böyük əziyyətlə çəkmişik. Ən çox gecələr işləyirdik. Çünki Zülfiyyə də, mən də paralel olaraq seriallarda çəkilirdik. Yeri gəlmişkən, bir şeyi də qeyd eləmək istəyirəm. Çəkilişlər zamanı bütün texniki dəstəyi “Azərbaycanfilm” kinostudiyası verib. Həmçinin bizim Rotterdama getməyimizə də nazirlik və kinostudiya kömək eləyib. Buna görə, onlara təşəkkür eləyirəm. Bizim zəhmətimiz də, onların köməyi də hədər getmədi, “Mövsümün sonu” filmi elə Rotterdamda bir neçə başqa festivala dəvət aldı.
– Rasim, bir dəfə feysbukda yazmışdınız ki, sizi Cavid Təvəkkül məşhurlaşdırıb, amma kino aktyoru kimi Asif Rüstəmov kəşf eləyib.
– Bəli, məni kino ictimaiyyətinə Asif tanıdıb, amma bütün Azərbaycana Cavid Təvəkkül. Asifin “Ev” filminə qədər bircə dəfə “Üç qız” filmində epizodik rolda çəkilmişdim, vəssalam. Xarici görünüşümə görə məni kinoya çəkmək istəmirdilər. “Ev” filmi kinoya vizit kartım oldu. O filmdən sonra hamı məni kino aktyoru kimi qəbul elədi. Cavid Təvəkkül isə “Əzizim Fellini” ilə məni bütün Azərbaycana tanıtdı. O filmdən sonra küçədə hamı mənə “Fellini, Fellini” deyə səslənirdi. Doğrusu, mən əvvəllər aktyor olmağa utanırdım, ona görə də, universitetə daxil olanda sənədlərimi kinorejissorluğa vermişdim. Əslində, kino haqqında elə çox anlayışım yox idi, ancaq film izləməyi sevirdim. Amma elə oldu ki, test imtahanında topladığım balla aktyorluğa düşdüm və peşman deyiləm. Maraqlıdı ki, qabiliyyət imtahanından ən aşağı bal toplamışdım, bütün fənlər üzrə üç almışdım. İmtahanı Bəxtiyar Xanızadə, Ağakişi Kazımov, Ənvər Vəliyev götürmüşdü. Bir nəfər də vardı, əfsus ki, adını unutmuşam. Hamısı üç yazdı, dedilər, onsuz da kəsiləcək, heç nə bilmir.
– Əməlli-başlı motivasiya hekayəsidi bu.
– Amma elə oldu ki, testdən çox yüksək bal topladığıma görə aktyorluğa düşdüm. Kurs rəhbərim Əliabbas Qədirov idi, amma oxuduğum müddətdə Pantomimdə məşq eləməyə başlamışdım. Bir il Azdramda işləyəndən sonra gəldim Bəxtiyar Xanızadənin yanına və 2002-ci ilə qədər orda işlədim. Son illərdə isə paralel olaraq “Yuğ” teatrına da gedirdim. Bu günə qədər də “Yuğ”la əməkdaşlıq eləyirəm.
– Gənc Tamaşaçılar Teatrında da oynayırsınız, deyəsən.
– Hə, orda ştatdayam, amma “Yuğ”la müqavilə əsasında işləyirəm.
– Pantomim başqa üslubdu, “Yuğ” tamam başqa, Gənc Tamaşaçılar Teatrı ənənəvi üsluba üstünlük verir. “Yuğ”un aktyorlarını hər yerdə, kinoda belə jestlərindən, mimikalarından tanımaq olur, Pantomimin aktyorları sözlə müəyyən qədər problem yaşayırlar. Gənc Tamaşaçılar Teatrının aktyorları ekranda ənənəvi üslubdan, teatrallıqdan çıxmaqda çətinlik çəkirlər. Amma sizdə bu keçidlər rahat alınır. Buna necə nail olmusunuz?
– Mən özümü sınamağı xoşlayıram. İnstitutda bizə deyirdilər ki, aktyor plastilin, gil kimi olmalıdı ki, ondan hər şey yapmaq mümkün olsun. Amma mən bir az fərqli düşünürəm. Uşaqlıqda Brüs Linin filmlərini sevirdim, sonra da onun fəlsəfəsini oxumuşdum. Brüs Lidən stili haqqında soruşanda cavab vermişdi ki, mənim stilim sudu. Həm arxetip olaraq, həm də digər anlamlarda suyun böyük fəlsəfəsi var. Su həm çox güclüdü, sakit dayansa belə, yavaş-yavaş qayanı oyar. Həm də o qədər yumşaqdı ki, hər formanı alır. Mən də həmişə bu prinsipi əsas götürürəm: aktyor su kimi olmalıdı, plastilin kimi yox. Plastilin quruyub bərkiyə bilər, amma su düşdüyü mühitə uyğun olaraq dəyişir. Həmişə deyirəm ki, Əliabbas Qədirov mənə səhnəni tanıtdı, bu işin əlifbasını öyrətdi. Bəxtiyar Xanızadə də mənə bütün bədənimi tanıtdı, danışmasan belə, bədənin nəsə demək imkanı olduğunu başa saldı. Bütün içimi, ruhumu, başqa xırdalıqları, əlifbanı, bədəni və ruhu birləşdirməyi isə Vaqif İbrahimoğlu öyrətdi. Ona görə də Allah Bəxtiyar Xanızadəyə cansağlığı versin, Əliabbas Qədirovla Vaqif İbrahimoğluna da qəni-qəni rəhmət eləsin. Əgər bu gün nəyəsə nail olmuşamsa, bu üç müəllimə borcluyam. O ki qaldı bir üslubdan digərinə rahat keçmək məsələsinə, məncə, bu, daha çox aktyorun özündən asılıdı. Aktyorun öyrənməyə, özünü inkişaf etdirməyə marağı olmalıdı. Bütün mədəniyyətin mahiyyəti, kökü budu: Əlindəkinə qane olmamaq, nəsə yeni bir şey yaratmaq. Nitşenin ən çox sevdiyim sözlərindən biridi, deyir ki, yeni məbəd yaratmaq üçün köhnəni dağıtmaq lazımdı. Yeni bir şey yaratmaq üçün köhnəni beynində dağıtmalısan. Hər şeyi Quran ayəsi, doqma kimi qəbul eləsən, onda inkişaf olmayacaq.
– Uzun bir müddət öz seriallarımızın çəkilməməyindən, serial sənayesinin müsbət cəhətlərindən danışdıq, yazdıq və nəhayət, qismən də olsa, arzumuza çatdıq. Artıq öz seriallarımız çəkilir. Siz də hazırda bu sahədə ən çox tələbolunan aktyorlardan birisiniz, necə deyərlər, işin mətbəxindəsiniz. Öz seriallarımızın olması nəyi dəyişdi, hansı yenilik gətirdi? Ya da əksinə, hansı zərərləri oldu?
– Seriallar sayəsində ilk növbədə aktyorların maddi durumu yaxşılaşdı. Ən azı, aktyor artıq teatrın cüzi maaşından asılı vəziyyətdə qalmır. Serialların ikinci müsbət təsiri isə odu ki, aktyor kameranı tanıyır. Bu, kino aktyorunun yetişməsi üçün yaxşı haldı. Çünki aktyor teatrdan birbaşa kinoya gələndə rejissor üçün onun içindəki teatrı sındırmaq, teatral pafosu çıxartmaq bir az çətin olur. Amma serialda çəkilə-çəkilə sən artıq vərdiş eləyirsən, kameranı tanıyırsan, ən azından, linzanın, orta plan, iri planın nə olduğunu bilirsən. Kino, teatr və serial – bunların hər biri fərqli oyun tələb eləyir. Teatrda maksimum qabarıq oynamaq lazımdı – arxa sıradakılar görsün və eşitsin, hisslər, emosiyalar və s. Kinoda bütün bunlar minimum həddə olur, hətta xəsiscəsinə xərcləməlisən hamısını. Serialda isə bu ikisinin ortasında bir oyun tələb olunur. Yəni nə çox qabartmalısan, nə də çox xəsislik eləməlisən. Sadəcə indi bizdə bir problem yaranıb, keçmişik gündəlik seriallara. Mən bunu əleyhinəyəm. Gündəlik seriallar həm iş qrafikinə, həm də çəkiliş tempinə görə yaxşı deyil. Bu həftə gələn həftənin materiallarını çəkirik, hər həftə beş seriya gedir efirə. O qədər sürətlə işləyirsən ki, obrazın daxili aləmi, nə bilim, psixoloji durumu, bu situasiyada hansı hissləri keçirib vəs. – bunları düşünməyə vaxtın qalmır. Olur ki, ssenarini bu gün alırsan, səhər gedib on beş-iyirmi epizod çəkirsən. Bir növ konveyerə bağlanıb proses və bu, tədricən, aktyorda ştampların yaranmasına səbəb ola bilir. Mən bunu özümdə görmüşəm. Elə “Mövsümün sonu” filminin çəkilişləri təzə başlayanda hiss elədim ki, serialın qəlibindən çıxa bilmirəm. Elmardan soruşdum ki, məndə belə şey hiss eləyirsən? Dedi, görürəm, amma yaxşı ki özün anlayırsan, gəl, bunu düzəltməyə çalışaq. Və biz bunu aradan qaldırmaq üçün işləməyə başladıq. Daha bilmirəm, nə qədər alınıb, deyilənə görə, pis deyil. Ancaq aktyor bunu anlamasa, özünə nəzarət eləyə bilməsə, gündəlik seriallar aktyoru uçuruma aparır, onu məhv eləyir. Əgər, məsələn, Türkiyədəki kimi, ya da Neftlixin serialları kimi olsaydı… həftəyə, ya da aya bir seriya.. bu, artıq yaradıcı prosesdi, artıq obrazın üzərində işləmək imkanı qazanırsan.
– Tamaşalar, məşqlər, film çəkilişləri, serial çəkilişləri… Bu templə işləməyi necə çatdırırsınız? Bu temp yaradıcı yanaşmaya mane olmur ki?
– Əslində mane olur. Teatra qaç, ordan çıx dublyaja, ordan seriala. Sadəcə maddi duruma görə buna məcburuq. Əgər bizim seçimimiz, “yox” demək komfortumuz olsaydı… “Bu filmə çəkilim? Yox, istəmirəm” demək… Boş vaxtımı da seriala çəkilim. Ancaq yoxdu. Həm seçim imkanımız azdı, həm də maddiyyat məcbur eləyir. Bu da yaradıcılığa çox pis təsir eləyir, sən artıq maşına çevrilirsən, oturub personajını araşdırmaq, onun haqqında oxumaq, onunla yaşamaq imkanın olmur.
– Özünüzü bundan necə qoruyursunuz, qoruya bilirsinizmi?
– İndi qorumağa çalışıram. Bir müddət çox xaotik vəziyyətdəydim. Təsəvvür eləyin: “Yuğ” teatrı, Gənc Tamaşaçılar Teatrı – iki teatr, üstəgəl serial, səsləndirməyə gedirdim, ya da başqa nəsə çəkiliş olurdu. Yavaş-yavaş bunların hamısını özümdən uzaqlaşdırıram. Blmirəm, bu, yaşla əlaqəlidi, yoxsa başqa şeylə. Gənc yaşda adam hər şeyi yoxlamaq istəyir. Amma nə istədiyini biləndən sonra, tədricən, sakitləşirsən. Ona görə, indi “Yuğ” teatrından uzaqlaşmağıma bir az sevinirəm. İstəsəm, orda hansısa tamaşada oynaya bilərəm, ancaq daha orda olmaq məcburiyyətim yoxdu, artıq seçə bilərəm. Filmləri də həmçinin. Hərçənd hərdən alınmır. Çünki üzüm yumşaqdı, bir də görürsən, qəti şəkildə “yox” dediyim rola görə o qədər təkid eləyirlər ki, axırda razılaşıram. Belə xasiyyətim də var. Amma yavaş-yavaş “yox” deməyi öyrənirəm. Çünki bir var, bir şeyə köklənib ortaya yaxşı bir şey çıxardasan, bir də var, bir neçə yerə səpələnəsən, hamısı da yarımçıq alına. Ona görə də, dairəni bir az daraltmaq lazımdı.
– Söhbətə başlayanda dediniz ki, Reyhana-həyat yoldaşınıza demisiniz, sizin üçün ssenari yazsın. Necə bir film çəkmək istəyirsiniz? Yoxsa Reyhan nə yazsa, çəkməyə hazırsınız?
– Əslində, Reyhanla bu barədə çox danışmışıq. Həmişə deyirəm ki, nə yazırsan, yaz, mənim üçün insan yaz. Mənə həmişə bu, maraqlı olub – insanın özü, daxili durumu, ətrafındakılara münasibəti. Bir də kişi-qadın münasibətləri bütün dövrlərdə aktualdı və daha maraqlıdı. Hansı tərəfdən baxsan, fərqli şeylər görəcəksən. Hətta süjet tanış olsa belə, yanaşma fərqli olacaq. İndi düşünürük, hələlik kişi və qadın mövzusu üzərində dayanmışıq.
– Özünüzü rejissor kimi sınamağa hazır hiss eləyirsiniz?
– Vallah, hər dəfə festivallara gedib gələndə elə bilirəm ki, çəkərəm.
Söhbətləşdi: Aygün Aslanlı