Planetimizin də kiçik bir hissəsi olduğu Süd yolu qalaktikamızın mərkəzində yerləşən əsas supermassiv qara dəlik – Sagittarius A*-da sıçrayış və işıqlanma müşahidə olunub.
Bu ilin may ayında Kaliforniya Universitetinin (UCLA) astronomları tərəfindən müşahidə olunan hadisə 2 saat davam edib və qara dəliyin normadan 75 dəfə parlaq işıqlanması ilə müşayiət olunub.
Hadisəni müşahidə edən astronom Tuan Do bildirir ki, bu hadisə qara dəliklərin normal həyat siklinə xas olsa da belə güclü parıltı ilk dəfədir ki, müşahidə olunur.
Here's a timelapse of images over 2.5 hr from May from @keckobservatory of the supermassive black hole Sgr A*. The black hole is always variable, but this was the brightest we've seen in the infrared so far. It was probably even brighter before we started observing that night! pic.twitter.com/MwXioZ7twV
— Tuan Do (@quantumpenguin) August 11, 2019
Alimlər bu sıçrayışın dəqiq səbəbini bilmirlər.
İş orasındadır ki, Sgr. A* yaxınlığında onun ərtafında fırlanan S qrupu ulduzlar var. Hər 16 ildən bir onlar Sgr. A* qara dəliyinə maksimal yaxınlaşırlar. Son belə hadisə 2018-ci ildə baş verib. Belə ki, S qrupundan olan SO-2 ulduzu mərkəzi qara dəliyə cəmi 17 işıq saatı məsafəsinə qədər yaxınlaşıb. Ola bilər ki, bu yaxınlaşma kritik olub və qara dəlik ulduzun bir hissəsini qopararaq içinə sovurub. Bu hadisə adətən güclü işıq effektləri ilə müşayiət olunur. Lakin S qrupu ulduzları çox kiçik olduqlarından, hətta onların ən böyüyünün Sgr. A* tərəfindən sovrulması da planetimizdən belə sıçrayış şəklində görünə bilməz.
Başqa mülahizə ondan ibarətdir ki, ola bilsin, bizim qara dəliklərin həyat dinamikasını izah edən modelimizdə qüsurlar var və bu model yenidən işlənməlidir.
Və nəhayət sonuncu versiya ondan ibarətdir ki, may ayında müşahidə olunmuş parıltıya səbəb qaz buludu ola bilər. 2002-ci ildən astronomlar tərəfindən müşahidə olunan G2 hidrogen qazı buludu mərkəzi qara dəliyə tərəf yaxınlaşır. Temperaturu 10 min Kelvin dərəcə olan bulud 2013-cü ildə Sgr. A*-ya o qədər yaxınlaşıb ki, guman ki, qara dəliyin güclü qravitasiya qüvvəsi onu parçalayıb və nəticədə bu cür işıq sıçrayışı meydana çıxıb.
Bütün bunlar hələ ki, təsdiqini tapmamış fərziyyələrdir. Daha dəqiq nəticəyə gəlmək üçün alimlər son aylarda qalaktikamızın mərkəzini izləyən Spitzer, Chandra, Swift və ALMA rəsədxanalarından da məlumatları toplamaqdadırlar.
Universe Today