Az-çox düşünənin ağlına belə suallar gələ bilər: niyə azərbaycanlılar azərbaycanlılara düşmənlik edir?! Nə üçün bir-birimizə qənim kəsilmişik?! Bu ədavətin, analoqsuz paxıllığın, bir-birimizi didməyin səbəbi nədir?!
Əlbəttə bunun keçmişdən gələn, bir növ genetik, həm də ənənəvi səviyyədə müxtəlif səbəbləri var. Bu yazımda həmin ədavətin başlanğıc zənciri olan uşaqlıqdakı yanlış tərbiyəyə və onun gətirdiyi travmalara toxunacağam.
Hamımızın müxtəlif psixoloji travmaları var. Psixoloji travmalar – əlverişsiz mühit amillərinin, stressin gətirdiyi intensiv təsirlərin nəticəsində insan psixikasına dəyən ziyandır. Bu sayaq travmalar əsasən fiziki təzyiq, ölümlə hədələmə və ümumilikdə təhlükəsizliyi pozan nəsnələrlə bağlı olur.
Travmları əsasən uşaq vaxtı qazanırıq. Uşaqlıq xoşbəxt keçməyəndə, həmin dövr psixikamızı zədələyən xəsarətlərlə əhatələnəndə, bu birbaşa bizim yetkin dövrümüzdə də özünü göstərir və şəxsiyyətimizə təsir edir.
Hətta uşaq dünyaya gələndən 6 saat sonra intuitiv müşahidəyə başlayır və onun beynində belə suallar yaranır: “Görəsən güvəndəyəm? Ətrafımdakılar məni qəbul edirmi?”
Bəli, alimlər artıq körpələrin intuitiv müşahidələrini belə tədqiq edirlər.
Statistikaya görə, dünyadakı uşaqların 78%-i 5 yaşınadək müxtəlif şiddətli travmatik “təcrübələr” alırlar. 6 yaşdan kiçik uşaqların 20%-i müxtəlif xəsarətlər, o cümlədən cinsi istismar, valideyn qayğısının olmaması, məişət zorakılığı və məhrumiyyətlər üzündən müxtəlif psixoterapiyalardan keçirlər.
Bir şey var ki, travmaların bəziləri sağalandır. Ancaq dərinə işləyən travmaların təbii şəkildə ciddi fəsadları olur. Bu travmalar insana başqalarına nifrət və güvənsizlik qazandırır. Elə bilirsiniz insanlarımız arasındakı nifrət və aqressiya sırf iqtisadi və maddi problemlərə görədir?! Heyhat! O qədər imkanlı və həyat şəraiti yaxşı olan, ancaq heç cür xoşbəxt olmayan, qəzəbli, kədərli adamlar var ki, Azərbaycanda. Onların bəziləri ilə şəxsi kontaktım var və hər birindən təxmini belə sözlər eşitmişəm: “Həmişə içimdə bir şeyin çatmadığını hiss edirəm, amma dəqiq nəyin çatmadığını bilmirəm” – Onlar bu sözləri adətən uşaqlıqla bağlı xatirələr yada düşən məqamlarda dilə gətirirlər. Uşaq, çox vaxt başına gələn bütün dəhşətlərin öhdəsindən gələ bilmir və sonra bu cür “parçalanma” yalnız sağ qalma mexanizminə çevirilir. Buna görə köhnə dəhşətli hadisələri izah edərkən insanlar çox vaxt özlərini uşaqlıqlarından ayırırlar, sanki özləri haqqında danışmırlar (hətta çoxları bunu şüurlu şəkildə edir).
Bəhs etdiyim şəxslərin içində uğurlu iş adamları belə var, ancaq onların şəxsi həyatı heç də uğurlu ola bilmir.
Adamlarımız bir-birinə etibar edə bilmir. Onlar daim narahatdılar, hər şey onları qıcıqlandırır. Kimin az-maz uğuru varsa, kimdə maddi yüksəliş gördülərsə, o adama möhkəm paxıllıq bəsləyirlər. Özlərini inkişaf etdirib, daha çox çalışıb o adamlara çatmağı ağıllarına gətirmirlər. Əvəzində “bizdə yoxdur, olmasa da olar, əsas odur başqalarında da olmasın” prinsipi ilə yaşayırlar, daha doğrusu sürünürlər. Yaş artsa da yekə-yekə adamlar elə bil böyüyə, yetişə bilmirlər. Alicənab, mədəni adamla rastlaşanda elə bil kimsəsiz adada özümüzdən başqa biri ilə rastlaşırmış kimi reaksiya verir, sevinirik.
Yazıçı və siyasi xadim Yusif Vəzir Çəmənzəminli “Bir cavanın dəftəri” kitabında uşaqlıq xatirələrindən belə bəhs edir:
“Şəhərimizdə on yeddi məhəllə var, hər məhəllənin bir məscidi və xüsusi həyatı var. Bir məhəllənin çocuğu o birisinə getdimi-döyərlər. Bu adətdir. Biz çocuq ikən həyatı yumruqsuz təsəvvür etməzdim. Ən gözəl tərbiyə çocuğu həyət hasarından kənara buraxmamaq idi. Mən də belə böyüdüm. Yoldaş yox, oyuncaq yox, bizimlə məşğul olan yox.
Ətrafındakılara bir sual verdikdə: – Az danış başım getdi, – deyə cavab alardım. Çocuqluq şərəfim qırılar, daxili aləmimə çəkilib mənəvi yaralarımı qəmlə bəslərdim. Yadımdadır, bir dəfə bir araba qayırıb qarda gizlicə sürüşdüm. Şalvarımın arxası yaş olmuşdu – bu sirrimi açdı. Məni bol döydülər, arabamı da sındırıb, dəmir sobada yandırdılar. Arabadan sonra bir həftə yasa batdım. Xəlvət guşələrə çəkilib gizli-gizli ağlardım. Beləcə, ətrafın zorbalıqları, vəhşəti, istibdadı qəlbimin şüşəsini sındırdı. Qəlbimdə daimi bir yaram var. Hər bir acı söz, acı rəftar ona toxunar, nalələr qoparar.”
Çəmənzəminlinin qələmə aldığı hadisələrin çoxu bu gün də yaşanır. Düzdür, bəzi şeylər təbii şəkildə dəyişib, ancaq əksəriyyət hələ də 19-cu əsrin, Çəmənzəminli dövrünün düşüncəsindədir.
Uşaqlıq dövrü çox həssasdır. Valideynlərin adi kobudluğu böyüsək belə bizi ömür boyu kölgə kimi izləyə bilər. Onların bizə proyeksiya etdiklərini, sonra biz də öz övladlarımıza yaşadırıq. Bu ənənələrin nəsillərə ötürülməsi prosesidir.
Bir çox hallarda adamlar travmalarından xarakterlərinə hopub, orda meydana çıxan xoşagəlməz xüsusiyyətlərlə mübarizə belə aparmaq iqtidarında olmur. Əksinə həmin xüsusiyyətləri bəsləməklə, sulamaqla məşğul olur, yaralarını sağaltmaq barədə heç düşünmürlər də. Dinclik, imkan vermirlər ki, keçmişin tozlarını, zamanın təbii seli, suyu təmizləyib aparsın. Çünki bu adamları iradə yox, instinktlər idarə edir. Bu instinktlər həyat şərtlərindən, sivilizasiyanın yoxluğundan törəyir.
Bu adamlar evə girib, öz otaqlarına çəkilir, valideynləri ilə söhbət etmir (valideynlər də fərli söhbət edən ola barı), ürəyini sosial şəbəkələrdəkilərə boşaldırlar. Onların ən “fəalları” cəmiyyətdə nifrət toxumu səpməkdə, insanlar arasında qütbləşmə yaratmaqda çox mahirdilər. Əgər sən onunla eyni ideyaya, oxşar dünyagörüşünə malik deyilsənsə, bu adam səni rahatlıqla “həşərat”, “parazit” sayacaq, sosial şəbəkədə “kökünüz kəsilsin” yazacaq potensialdadır.
İnsan qarmaqarışıq, əcaib varlıqdır. Ondan çox şey gözləmək olar. Azərbaycanlılar da bütün dünya insanları kimi eyni bioloji, fizioloji, psixoloji xarakterin daşıyıcılarıdır. Yəni, biz humanoid deyilik. Bəzi nəsibsizlərin adımıza çıxartdığı “qanımızda rüşvət vermək var” kimi ifadələri doğrulayacaq unikallığımız da yoxdur. Sadəcə illərdi davam edən əlverişsiz sistemin yaratdığı hava mühiti ilə nəfəs alanlar öz balalarını da düzgün tərbiyə edə bilmirlər.
Bizi biz edən, formalaşdıran ailə tərbiyəsi, ölkədəki ənənələr və ən əsas mövcud sistemdir. Sistem istənilən toplumu plastilin kimi ürəyi istədiyi formaya, fiqura çevirə bilər. Sistem və onun təsirləri barədə çoxlu yazmaq və bolluca danışmaq olar, lakin çatdırmaq istədiyim bu deyil.
Fikirinizi bölücü və nifrət saçan kəslərdən çox da uzaqlaşdırmaq niyyətində deyiləm. Azərbaycandan nə vaxt kənara çıxmışam, orda yaşayan həmyerlilərimizin özümüzkülərdən qaçdığının fərqinə varmışam. Azərbaycanlılar azərbaycanlılardan qaçır, yaxınlıq etmək istəmir.
İsveçdə yaşayan dostum deyir ki, orda yaşayan azərbaycanlıların ədavəti polis bölmələrində artıq yenilik kimi qəbul edilmir. Sivil cəmiyyətdə yaşamaq belə onları bir-birinə nifrət edib, zərər verməkdən çəkindirmir.
Həyat fəlsəfəsi yemək-içmək, toyda attanıb-düşmək və bolluca paxıllıqdan ibarət olan valideynlər öz övladlarının içlərinə yarımtərbiyə və psixoloji travmalarla sanki orda həmişəlik qalacaq leşyeyən “kərkəs” quşunu ötürürlər. Əvəzində sinələrində əbədiyyən qaraciyərlərini deşib çıxaran, ağciyərlərini dimdikləyib qoparan kərkəslərlə birgə yaşayanlar heç cür dinclik tapmır və özləri də başqalarını didməyə başlayırlar. Bu kərkəslər onların sahiblik instinktləri, paxıllıq və zərərvermə ehtiraslarıdır. Həmin hiss və ehtiraslar isə onları daim başqalarının malına göz dikməyə, oğurluq və avantüraya əl atmağa sövq edir.
Bəs, bu kərkəsdən qurtulmaq mümkündürmü?
Ayılıb, öz içlərinə, bozaran qəlblərinə nəzər salmaq yadlarına düşsə, bəlkə mümkün olar.