1920-ci ilin əvvəllərində siyasi vəziyyət
ABŞ ordusunun Naxçıvanı tərk etməsindən sonra Naxçıvan daşnaklarla mübarizədə yalnız qaldı. 1920-ci ilin əvvəllərində TBMM ordusu Qars və Naxçıvandakı erməni-müsəlman qarşıdurmalarına birbaşa müdaxilə edirdi. Lakin bu müdaxilə Azərbaycanın ərazi iddialarının dəstəklənməsindən daha çox Ermənistanı siyasi və hərbi cəhətdən zəiflətmək və bolşevik Rusiyası ilə əlaqələr qurmaq istəyi ilə izah olunurdu (Baberovski, 2010:159).
Daşnak təhlükəsini bəhanə edən Qarabəkir paşanın rəhbərliyindəki türk ordusu 1920-ci ilin martında Naxçıvanı ələ keçirdi (Altstadt, 1992:105). Bu kampaniya zamanı Əli Teymur bəyin rəhbərlik etdiyi dəstə üzvlərinin Naxçıvanda yaşayan ermənilərə qarşı qarətlər və qətllərdə iştirak etməsi regionda vəziyyəti gərginləşdirdi. (Bağırov, 1965:50). Bu ərəfədə XI Qızıl ordunun cənuba doğru hərəkəti başlamışdı. Ordunun Azərbaycan sərhədlərinə yaxınlaşması Bakıdakı siyasi vəziyyəti dəyişdirmişdi. Yerli bolşeviklər aprelin sonunda ölkədə hərbi çevriliş həyata keçirdilər. Aprel çevrilişindən sonra Azərbaycan Müvəqqəti İnqilab Komitəsi adlı ali qanunverici və icraedici orqan elan edildi. Onun tərkibi Nəriman Nərimanov, Abid Əlimov, Mirzə Davud Hüseynov, Əliheydər Qarayev, Qəzənfər Musabəyov və Həmid Sultanovdan ibarət idi. Müvəqqəti Revkom aprelin 28-də öz qərarı ilə respublikanın yeni hökumətinin—Xalq Komissarları Şurasının tərkibini təsdiq etdi. Yeni hökumətin də sədri, eyni zamanda xarici işlər üzrə xalq komissarı Nərimanov idi.
Bakıda Azərbaycan SSR-in qurulması xəbəri Naxçıvan diyarına çox tez çatdı. Elə həmin gün XI Qızıl Ordunun Hərbi Şurası və Azrevkom Naxçıvana göndərdikləri teleqramda hakimiyyətin Sovetlərə verilməsini tələb etmişdilər. Naxrevkomun (Naxçıvan İnqilab Komitəsi) sədri, sonra isə müavini işləmiş İqor Ponomaryov bu barədə Azərbaycan Revkomuna göndərdiyi məlumatda yazırdı: “1920-ci il aprelin 28-də Azərbaycan hökumətinin Naxçıvanı təmsil edən nümayəndəsi məni yanına çağırtdıraraq bildirdi ki, Bakıdan telefonoqramma ilə aldığımız məlumata əsasan hakimiyyət Sovetlərə keçir. Siz yeni hökumət təşkil edin. Bu məlumat mənə verildikdən sonra Naxçıvan kommunistlərini, sol cinahdan olan nüfuzlu şəxsləri təcili surətdə çağırıb tərkibi yeddi nəfərdən ibarət Revkom yaratdıq.” (Sadıqov, 1995:18).
Azərbaycan SSR hökuməti qurulduğu ərəfədə daşnaklarla Müsavat ordusu arasında Zəngəzurda, Qarabağda döyüşlər davam edirdi. Yeni qurulmuş Azərbaycan SSR hökuməti dərhal daşnaklara ultimatum göndərərək bu döyüşləri dayandırmağı tələb edir. 1920-ci il aprelin 30-da Azərbaycan SSR xarici işlər komissarının müavini Mirzə Davud Hüseynovun daşnak Ermənistanının xarici işlər nazirliyinə göndərdiyi notada deyilirdi: “Azərbaycan Sovet Sosialist Respublikasının fəhlə-kəndli hökuməti İnqilab Komitəsinin simasında sizdən tələb edir: 1) Qarabağ və Zəngəzuru öz qoşunlarınızdan dərhal təmizləyin; 2) Qoşunlarınızı öz sərhədlərinizə çəkin; 3) Milli qırğınlara son qoyun. Əks təqdirdə Azərbaycan Sovet Sosialist Respublikasının İnqilab Komitəsi özünü sizinlə müharibə vəziyyətində hesab etmiş olacaqdır. Notaya cavab vermək üçün üç gün vaxt verilir.” (Sadıqov, 1995:18).
Azərbaycan SSR hökuməti həm Qarabağı, həm Zəngəzuru, həm də Naxçıvanı öz ərazisi hesab edirdi. Bu səbəblə daşnaklara verilən ultimatumda Naxçıvan ərazisinə hücumun dayandırılması tələbi qoyulmuşdu. Lakin Ermənistan respublikası bu ultimatuma cavab vermədi və ordunu Naxçıvan istiqamətində topladı.
Naxçıvan SSR-in qurulması
1920-ci ilin iyununda Cavid bəyin komandanlığı altında 9 min nəfərdən ibarət olan türk diviziyası Bəyazid və İğdır istiqamətindən hücuma keçərək Naxçıvana daxil oldu (Bağırov, 1965:50). Bunu bəhanə edən daşnaklar iyun ayında Naxçıvan və Şərur-Dərələyəz qəzasını ələ keçirmək üçün güclü hücum başlatdılar. Şərur qəzasını işğal edən daşnak dəstələri burada yaşayan azərbaycanlılara qarşı qətliamlar törədirdi. Naxçıvanda yerləşən Naxrevkom ordusu və türk dəstəsinin sayı az idi. Onlar daşnakların hücumunun qarşısını ala bilmədi. 1920-ci il iyunun birinci yarısında Naxçıvan kəndliləri RSFSR-ə və Azərbaycan SSR-ə müraciət edərək Antantaya və daşnaklara qarşı azadlıq mübarizəsində onlara yardım göstərməyi xahiş etdilər (Sadıqov, 1995:18). Kazım paşanın ciddi cəhdlərinə baxmayaraq Ermənistan hökumətinin ordu hissələri Şahtaxtını ələ keçirdilər və iyul ayının 27-də Naxçıvanın 48 saat ərzində təhvil verilməsi barədə ultimatum göndərdilər. Ermənistanın hərbi naziri Ruben Ter-Minasyanın imzaladığı 15 bənddən ibarət olan ultimatumda Naxçıvan və Şərur qəzalarının Ermənistan respublikasının ayrılmaz hissəsi elan etməsi və bütün sakinlərin özlərini Ermənistan respublikasının vətəndaşları hesab etməsi tələb edilirdi. Ultimatumun ikinci bəndində deyilirdi ki, Naxçıvan Milli Komitəsi və bu qəzanın sakinləri öhdəlik qəbul edirlər ki, türkləri və Vedibasardan, Zəngibasardan, Şərurdan olan qaçqınları və Azərbaycandan olan təşviqatçıları qəzaya buraxmasınlar (Həsənli, 2012:257).
Daşnakların bu ultimatumu Naxçıvanda sovetləşmə ilə bağlı Milli Şuranı əvəz etmiş Naxrevkom tərəfindən çox sərt qarşılandı. Naxrevkomun Ermənistan hökumətinə ünvanlandığı notada göstərilirdi ki, Naxçıvan rayonunun əməkçi əhalisi özünü RSFSR-lə ittifaqda olan Azərbaycan Sovet Respublikasının ayrılmaz hissəsi hesab edir və Rusiya, Türkiyə və Azərbaycan qırmızı ordusuna arxalanır. Notada qeyd olunurdu ki, bundan sonra Ermənistan hökuməti bütün məsələlərlə bağlı bilavasitə Azərbaycan mərkəzi hökumətinə və iyulun 28-də Naxçıvana daxil olmuş rus, türk və azərbaycanlılardan ibarət olan Qırmızı Ordunun birləşmiş komandanlığına müraciət etsin. Notanın sonunda Naxçıvanda baş vermiş dəyişikliklərlə bağlı bildirilirdi ki, hazırkı vaxtda diyarda “İnqilab Komitəsi” təşkil olunduğundan “Milli Şura” mövcud deyildir.
Lakin Ermənistan bu notaya da cavab vermədi və hücuma davam etdi. Daşnaklar Naxçıvan şəhərinə girə bilməsələr də Şahtaxtını artıq işğal etmişdilər. Minlərlə müsəlman əhalisi Şahtaxtıdan İran ərazisinə keçmək məcburiyyəti qarşısında qalmışdı. Yüzdən artıq müsəlman kəndi yerlə yeksan edilmişdi (Həsənli, 2012:258). Zaqafqaziyanın başqa heç bir bölgəsində Naxçıvandakı kimi böyük dağıntı yox idi. Bu qırğınlar zamanı Naxçıvan şəhəri tamamilə boşaldı, qəzada yaşayan azərbaycanlıların üçdə biri İrana qaçmaq məcburiyyətində qaldı (Baberovski, 2010:165).
Şərqi Anadoludakı türk qoşunlarının komandanı Kazım Qarabəkir paşa isə bununla bağlı Azərbaycan SSR hökumətinə müraciət etdi. Naxçıvanda yerli əhaliyə qarşı edilən vəhşiliklər Bakıdakı Azərbaycan kommunistləri arasında güclü milli duyğular formalaşdırdı. Nərimanov xarici işlər komissarı Çiçerinə yazdığı teleqramda Naxçıvan, Culfa, Qarabağ və Zəngəzur ərazilərinin Azərbaycanın bir hissəsi olması lazım olduğunu bildirdi.
Nərimanov bolşeviklərin düşdüyü ümidsiz vəziyyətdən bacarıqla istifadə etdi. Stalinin Bakıdakı etibarlı adamı Anastas Mikoyan da Nərimanovla uzlaşmaqdan başqa çarə tapmadı. Beləliklə ilkin olaraq Nərimanovun iddiaları qəbul edildi (Baberovski, 2010:214).
Nəhayət, XI Qızıl Ordu rəhbərliyi Ermənistanla danışıqların heç bir nəticə verməyəcəyini yəqin etdikdən sonra iyul ayının 19-da Naxçıvana daxil olmaq haqqında hərbi kampaniya qərarı verdi. 1920-ci il iyulun 27-də gecə XI Qızıl Ordunun 1-ci Qafqaz polkundan olan 30 nəfərdən ibarət süvari dəstəsi, iyulun 28-də isə XI Qızıl Ordunun “Yoldaş Trotski” adına 106-cı polkunun süvari dəstələri Naxçıvan şəhərinə daxil oldular. 28 iyul 1920-ci ildə XI Ordunun alayı Gorus istiqamətindən keçərək Naxçıvana girdi. Elə həmin gün burada Sovet hakimiyyəti elan edildi. Birinci Qafqaz alayının komandiri Kirova teleqraf göndərdi: “28 iyulda yolda düşmənlə qarşılaşmadan Naxçıvan şəhərinə gəldik. Naxçıvan əhalisi Qızıl Ordu və Sovet hakimiyyətini hərarətlə qarşılayır “. 29 iyul 1920-ci ildə Naxçıvan İnqilab Komitəsi quruldu və Naxçıvan daxilindəki bütün hakimiyyət bu komitəyə keçdi.
Elə həmin gün Naxçıvanda müstəqil Naxçıvan Sovet Sosialist Respublikası (NSSR) elan edildi. Bu respublika Azərbaycan SSR və RSFSR ilə yaxın hərbi-iqtisadi ittifaqda idi (Bağırov, 1965:51). Qızıl Ordu hissələrinin Naxçıvana daxil olması burada bolşevik təşkilatlarının fəaliyyətinin canlandırılmasında mühüm rol oynadı. Naxçıvan bolşevik təşkilatı yenidən təşkil olundu. Partiya təşkilatının iclaslarında yerli kommunistlər — Ə. Rüstəmov, M. Bəktaşov, N. Nəcəfov, Qızıl ordudan Starov, həmçinin türk zabiti Xəlil bəy iştirak edirdi. O, Naxçıvan Sovet hökuməti ilə TBMM arasında əlaqə yaradırdı. XI Qızıl Ordu əsasən Naxçıvan şəhərinə və onun ətraf kəndlərinə nəzarət edə bilirdi, bütövlükdə daşnak ordusunun hücumlarını dəf etmək iqtidarında deyildi. Şərur qəzası tamamilə, Ordubad qəzasının isə əsasən dağ kəndləri daşnak qoşunlarının əlində idi. Əhali bolşeviklərin Naxçıvana gəldikdən sonra Şahtaxtıya doğru hərəkət edəcəyini düşünürdü. XI Qızıl Ordu rəhbəri İvan Smilqa Naxçıvandan Şahtaxtıya tərəf hərəkət etmək fikrində deyildi. Smilqa cəmi 300 əsgərlə daşnaklara qarşı müharibə aparmağın qeyri-mümkün olduğunu görürdü. Bu səbəbdən Smilqa Naxçıvan və ətrafının tutulmasını maksimum uğur sayırdı və bundan Ermənistanı sülhə məcbur etmək üçün istifadə etmək istəyirdi (Həsənli, 2012:258). Bu səbəblə daşnaklara sülh təklifi ilə müraciət etmək qərarına gəldi.
Naxçıvan Hərbi İnqilab Komitəsi (HİK) Qızıl Ordu və türk ordusu üzvlərinin də iştirak etdiyi nümayəndə heyətini daşnak Ermənistanı ilə danışıqlar aparmaq üçün Şahtaxtıya göndərdi. Daşnaklar nümayəndə heyətinin sülhsevər çağırışlarına, ciddi xəbərdarlıqlarına əhəmiyyət verməyərək onları həbs etdi və nəzarət altında İrəvan şəhərinə göndərdi. Yalnız Naxçıvan HİK-in kəskin etirazından sonra nümayəndələr azad edilərək Şahtaxtıya qaytarılmışdırlar. Lakin bundan sonra da daşnaklar Naxçıvan ərazisini ələ keçirmək məqsədilə öz ordusunu Naxçıvan üzərinə göndərmişdi. Yalnız avqustun 10-da Azərbaycan İnqilab Komitəsinin kəskin xəbərdarlıq və tələbi, RSFSR-in Ermənistanda olan nümayəndəsinin işə qarışması nəticəsində iki maddədən ibarət saziş bağlanmış və bunun əsasında hərbi əməliyyatlar dayandırılmışdı (Sadıqov, 1995:18).
Bolşeviklər daşnakların Naxçıvana olan hücumunu türklərin bu regionda apardığı etnik təmizliklə əsaslandırdıqları üçün onlara regiondan geri çəkilmək təklifi irəli sürdü. 1920-ci ilin avqustunda Qırmızı Ordu komandanlığı ilə türk hərbi rəhbərliyi arasında türk bölmələrinin Naxçıvan ərazisindən çəkilməsi ilə bağlı danışıqlar başladı. Türklər buradakı varlıqlarını daşnaklara qarşı ümumi bir mübarizə zərurəti ilə izah edərək razılaşmadılar. Türkiyə ilə münasibətləri pisləşdirmək istəməyən Sovet hökuməti XI Ordu komandanlığına bu məsələ ilə bağlı danışıqları dayandırmağı tapşırdı. (Bağırov, 1965:51).
Naxçıvanla bağlı RSFSR və Azərbaycan SSR arasında fikir ayrılığı
Qarabağda, Zəngəzurda və Naxçıvanda Azərbaycan SSR, XI Ordu və Ermənistan ordusu arasında 5 ay davam edən toqquşmalar Rusiya SFSR-in siyasətində müəyyən dəyişiklər yaratmışdı. Azərbaycanın Zəngəzur və Qarabağa olan iddiasını tanıyan RSFSR Ermənistanın tamamilə məhv edilməsinə imkan verməmək üçün Naxçıvan məsələsində ehtiyatlı davranırdı. Azərbaycan SSR və Ermənistan arasındakı mübahisəli ərazilərlə bağlı Rusiya bolşevikləri arasında ciddi fikir fərqliliyi vardı. Ermənistanın iddiaları Çiçerin, Azərbaycanın iddiaları isə Orconikidze və Stalin tərəfindən dəstəklənirdi.
Lakin Naxçıvan məsələsində də adı çəkilən bolşeviklər neytral qalmışdı. Şahtaxtinski Naxçıvanla bağlı Leninə təsir etmək üçün bunu qeyd edirdi: “Aprel çevrilişinə qədər Azərbaycana məxsus olan Zaqatala dairəsi, Qarabağ və Naxçıvan diyarı Sovet Azərbaycanının tərkibində qalmalıdır. Bu ərazilər “müsavat hökuməti dövründə mübahisəsiz olaraq, Azərbaycana məxsus olub və həmişə onun ayrılmaz hissəsi olub, tarixi, etnoqrafik və iqtisadi baxmıdan onunla sıx bağlı olub. Mənəvi və siyasi mülahizələrə görə, Sovet Rusiyası Sovet Azərbaycanı ərazilərinin özgəninkiləşdirilməsinə, Şərqin qapısında mövcud olan bu dövlətin, onun əhalisinin gözü qarşısında daşnaklar və gürcü menşevikləri tərəfindən tar-mar edilməsinə yol verməməlidir” (Həsənli, 2012:58).
1920-ci ilin yayında RSFSR ilə daşnak Ermənistanı arasında gizli danışıqlar başlamışdı. Bu danışıqlar Azərbaycan SSR hökuməti tərəfindən narazılıqla qarşılandı. Azərbaycan Xalq Komissarları Sovetinin sədri Nəriman Nərimanov və erməni bolşeviklər Anastas Mikoyan və Avis Nuricanyan da daşnak hökuməti ilə müqavilə bağlamağın əleyhinə idi. Onların Çiçerin və Orconikidzeyə göndərdiyi teleqramda deyilirdi: “Culfa və Naxçıvan bölgələrində bir ildən çoxdur daşnak hökumətinə qarşı müdafiə olunan yerli əhalinin idarə etdiyi idarəetmə mövcuddur. Bu ərazi Türkiyə ilə birbaşa əlaqə qurmaq üçün qoşunlarımız tərəfindən tutulmalı və Azərbaycana birləşdirilməlidir. Bizim fikrimizcə hazırda Sovet hökumətinin Ermənistan respublikası ilə danışıqlar aparması və Türkiyə Ermənistanı məsələsinin müzakirəsi vaxtsız atılmış addımdır.” (Quliyeva, 1989:28).
Lakin RSFSR xarici işlər komissarı Çiçerinin Leninə təsiri daha güclü idi. Hələ müqavilə imzalanmazdan xeyli əvvəl xarici işlər komissarı Çiçerinin Lenin adına hazırladığı xatırlamada qeyd olunurdu: “Azərbaycan hökuməti Qarabağa, Zəngəzura, Naxçıvana və Şərur-Dərələyəz qəzasına iddiasını bəyan edib. Bu yerlərin böyük hissəsi faktiki olaraq Ermənistan respublikasının əlindədir. Azərbaycan bu əraziləri ələ keçirmək üçün öz hərbi hissələrini, yəni Sovet hakimiyyətinə qarşı dayanan əsgərlərini göndərməlidir. Azərbaycanlı hissələri ermənilərə qarşı göndərmək tamamilə yolverilməzdir və bu böyük cinayət olardı.” (Həsənli, 2012:171). Avqustun 10-da Naxçıvan İnqilab Komitəsinin sədri Bəkdaşov Nərimanova məktub yazaraq Naxçıvan diyarının özünü Azərbaycan Sovet Sosialist Respublikasının ayrılmaz hissəsi kimi tanıdığını bildirir. Ancaq eyni gün RSFSR və Ermənistan arasında imzalanan müqavilə Azərbaycan bolşevikləri üçün gözlənilməz olur. Müqavilənin maddələri aşağıdakı kimi idi:
- 10 avqust 1920-ci il saat 12-dən etibarən RSFSR və Ermənistan Respublikası qoşunları arasında hərbi əməliyyatlar dayandırılmış sayılır.
- Ermənistan Respublikasının qoşunları Şahtaxtı-Xok-Aznaberd[1]-Sultanbəy və Kükü – Bazarkənd istiqamətində mövqelərdə dayanır. Sovet ordusu mübahisəli Qarabağ, Zəngəzur və Naxçıvan ərazisini öz nəzarəti altına alır. (Ermənistan qoşunlarının yerləşdirilməsi üçün bu razılaşma ilə müəyyən edilmiş bölgələr istisna olmaqla).
- Mübahisəli ərazilərin Sovet qoşunları tərəfindən ələ keçirilməsi Ermənistan respublikasının və ya Azərbaycan SSR-in bu ərazilərə dair hüquqları məsələsini ön mühakimə etmir. Bu müvəqqəti idarəetmə ilə RSFSR yaxın vaxtlarda RSFSR və Ermənistan Respublikası arasında bağlanacaq sülh müqaviləsi ilə yaradılacaq əsaslarla Ermənistan və Azərbaycan arasındakı ərazi mübahisələrinin sülh yolu ilə həlli üçün əlverişli şərait yaratmağı düşünür.
- Hərbi əməliyyatlar dayandırıldıqdan sonra razılaşan tərəflər hərbi qüvvələrin həm mübahisəli, həm də sərhədyanı ərazilərdə hərəkətini məhdudlaşdırır.
- RSFSR ilə Ermənistan Respublikası arasında müqavilə bağlanana qədər Şahtaxtı-Culfa dəmir yolunun istismarı Ermənistan Dəmir Yolları İdarəsinə verilir. (Hərbi məqsədlər üçün istifadə istisna olmaqla).
- RSFSR Sovet ordusunun tutduğu xəttin arxasında qalan Ermənistan ordusuna aid hərbi birləşmələrin Ermənistana sərbəst girişini (silah və texnika ilə) təmin edir (Oreshkova, 1999:229).
Müqavilənin maddələri barədə RSFSR Azərbaycan SSR-ə məlumat verməmişdi. Avqustun 10-da imzalanmış Rusiya-Ermənistan müqaviləsinə görə Naxçıvan və Şərur-Dərələyəz qəzasının taleyi gələcəkdə təyin ediləcəkdi. Razılaşmaya əsasən cəbhə xətti bir müddət Ermənistanla NSSR-in sərhəddi kimi qalmalı idi. Bu isə Şahtaxtının Ermənistanda qalması demək idi. Azərbaycan SSR-in Moskvadakı səfiri Şahtaxtinski bu müqaviləyə etiraz etsə də bunun elə bir əhəmiyyəti olmadı. Avqustun 13-də onun Leninə göndərdiyi məktubdan aydın olur ki, müqavilə haqqında mətbuatdan xəbər tutub və onun maddələri barədə elə də dəqiq məlumata malik deyil. O yazırdı: “Şaxtaxtı-İrəvan və Şaxtaxtı-Culfa dəmir yolunun müvafiq nəqliyyat vasitələrinin hamısı ilə birlikdə Ermənistana verilməsi bütün Cənubi Azərbaycanın daşnakların əlinə keçməsi deməkdir və bu addım daşnakları İranda ingilis qüvvələri ilə birləşdirdiyi halda, Azərbaycanı türk inqilabı hərəkatı ilə hər cür əlaqədən məhrum edir”. Məktubda Şahtaxtinski qeyd edirdi: “Naxçıvanı ələ keçirmək üçün daşnaklar ingilislərdən istifadə etdirdilər. Lakin ingilislər çıxan kimi əhali üsyan qaldırdı və onların üzərinə göndərilən, təpədən-dırnağa qədər silahlanmış erməni ordusu darmadağın edildi. Zəhmətkeş xalqın üç illik qanlı mübarizəsindən sonra daşnaklardan azad olub Azərbaycana birləşmiş, hazırkı vaxtda bir erməninin belə olmadığı bu diyarı daşnaklara vermək, xalqların öz müqəddəratını təyin etməsinin ümumi qəbul olunmuş prinsipinin və Sovet Azərbaycanının hüququnun açıq pozulması deməkdir. Naxçıvanın əhalisi diyarda sovet quruluşunu bərqərar etmişdir və onlar belə bir fikri yaxın buraxmaq istəmirlər ki, Sovet Rusiyası bütün əhalinin iradəsinin əleyhinə olaraq Naxçıvanı daşnaklara versin, halbuki, onların hakimiyyəti altında, nəinki Sovet quruluşu məhv edilir, eyni zamanda daşnak Ermənistanın ərazisində olduğu kimi, əhalinin fiziki mövcudluğu tamamilə təhlükə altına düşmüş olur.” (Həsənli, 2012:175). Nəriman Nərimanov da bu müqavilə ilə bağlı Sovet Rusiyasına rəsmi etirazını bildirdi: “Özlərini kommunist adlandıran, lakin əslində şüurlu və ya şüursuz formada millətçi olan ermənilər müsəlmanlara qarşı məkrli planlarından əl çəkmirlər” (Baberovski, 2010:165).
Rusiya-Ermənistan müqaviləsindən sonra Azərbaycan KP(b) MK-nın Siyasi bürosu Naxçıvanda vəziyyəti müzakirə edib Azərbaycan İnqilab Komitəsinə tapşırdı ki, Naxçıvan məsələsini və bununla yanaşı Azərbaycan-Ermənistan sərhədlərini müəyyənləşdirsin. Bundan başqa Azərbaycan Revkom-una XI Ordunun HİK-i ilə məsləhətləşərək Naxçıvanda hakimiyyətin təşkili və diyara komissar vəzifəsinə namizəd göstərilməsi məsələsini həlli tapşırıldı. Naxçıvanla bağlı Azərbaycan SSR ilə RSFSR arasında fikir ayrılığı 1920-ci ilin sentyabrında aradan qalxdı. Buna səbəb Türkiyə və Ermənistan arasında başlayan müharibə idi.
Ermənistan-Türkiyə müharibəsi
10 avqustda Fransada 14 dövlət Osmanlı imperiyasının bölünməsini rəsmiləşdirən Sevr müqaviləsini imzaladılar. Bu müqaviləyə əsasən Osmanlı Ermənistanı müstəqil dövlət olaraq tanımalı və ölkənin şərq vilayətləri Van, Bitlis, Ərzurum və Trabzonu Ermənistana verməli idi. Bu müqavilə TBMM hökuməti tərəfindən rədd edildi. Ermənistan Sevr müqaviləsinin şərtlərinin yerinə yetirilməsinə yalnız müharibədə qalib gəlməklə nail ola bilərdi. Bu dövrdə Ermənistanın Türkiyə ilə sərhəddə olan ordusunun sayı 30 min nəfərə çatırdı. TBMM ordusu isə 50 min nəfərdən ibarət idi. İmperialistlərə qarşı mübarizə regionda Ermənistana qarşı Azərbaycan-Türkiyə-Rusiya alyansı yaratmışdı. Bolşeviklər 14 sentyabrda Ermənistanı Sevr müqaviləsindən imtina etməyə və Türkiyə ilə Azərbaycan arasında koridor yaratmağa imkan verməyə çağırdı. Lakin Ermənistan bundan imtina etdi. Ermənistan rəhbərliyi Qərb dövlətlərinin də ona dəstək olacağına ümid edərək Ankara hökumətinə qarşı müharibəyə başladı.
Daşnakları döyüş sursatı və hərbi texnika ilə ABŞ təchiz edirdi. Daşnak ordusu nəqliyyat vasitələri, hətta təyyarələrlə təchiz olunmuşdu. Qarsdakı silah zavodu və Aleksandropoldakı patron zavodu amerikalıların pulu hesabına işləyirdi (Sadıqov, 1995:19). 24 sentyabrda daşnak qoşunları Bardiz[2] və Ketak[3] yaxınlığındakı TBMM ordusuna basqın etdilər. Daşnak ordusunun hücumu dəf edildikdən sonra türk bölmələri əks hücuma başladı və 29 sentyabrda Sarıqamışı, bir gün sonra isə Merdeneki[4] ələ keçirdi (Bağırov, 1965:52-53). Türk bölmələri sürətlə irəlilədiyi üçün mülki ermənilərin xeyli hissəsi ərazidən qaçma imkanı tapmadı. Türk ordusu soyuqqanlılıqla ərazidə yaşayan mülki erməniləri məhv etdi. Buna cavab olaraq Ermənistan ordusu İrəvan quberniyasında və Qars oblastında yaşayan türk və azərbaycanlılar yaşayan kəndlərdə etnik təmizlik etməyə başladı.
Azərbaycanlılara qarşı sərt münasibətinə görə daşnak Ermənistanının Hərbiyyə naziri Ruben Ter Minasyan seçilirdi. Minasyan Qars və Naxçıvanda yaşayan bütün türk əhalisini oradan qovmaq və regionu tamamilə erməniləşdirmək məqsədini hədəfləyirdi. Bəzi erməni tarixçiləri onu və Daşnaksütyun hökumətini Ermənistanı silahlandırdığı və bununla da onun gələcəyini təmin etdiyi üçün tərifləyirlər. Bütün bunlar regionda müsəlmanların hamisi olan türk ordusu ilə daşnakların müharibəsini qaçılmaz etdi (Bloxham, 2005: 105). Daşnak ordusu sentyabr ayında Naxçıvan istiqamətində də hücuma başladı. Ermənistan ordusunun bu addımı ilə birlikdə müharibəyə Azərbaycan SSR və RSFSR də qoşuldu. Qızıl Ordu hissələri, türk qoşun dəstəsi və yerli hərbi birləşmələri 1920-ci il sentyabrın 18-də daşnak ordusunun hücumunu dəf etdilər. Əks-hücuma keçən müttəfiqlər Ordubadı və ətrafındakı kəndləri ələ keçirdilər. 1920-ci il oktyabrın sonuna qədər daşnaklar bütün Ordubad qəzasından çıxarıldı. Ələ keçirilən yerlərdə inqilab komitələri yaradıldı. Ordubad istiqamətində məğlubiyyətə uğrayan daşnaklar bu dəfə öz qüvvələrini Şərurda və Şahtaxtıda toplamağa başladılar.
1920-ci il noyabrın 7-də XI Qızıl Ordunun Qafqaz polkunun hissələri, türk qoşun dəstələri, yerli əhalidən təşkil olunmuş 1500 nəfərlik könüllü əsgərlər ilə birlikdə Abbasqulu bəy Şadlinskinin “Qırmızı tabor” dəstələri daşnaklara qarşı əks-hücuma keçdilər. Əks-hücum bir neçə istiqamətdə — Şərur, Qıvraq, Qarabağlar və Əznəburd kəndləri istiqamətlərində başlandı. Hücum o qədər gözlənilməz və sarsıdıcı oldu ki, daşnak ordusu müqavimət göstərmədən mövqelərini tərk etdi. Şərur əməliyyatı daşnak qoşun hissələrinin tam məğlubiyyəti ilə başa çatdı (Sarkisyan, 1990:79-80). Daşnak general Şelkovnikovun 2500 nəfərlik diviziyası təslim oldu. Beləliklə 1920-ci ilin noyabrına qədər Naxçıvan və Şərur-Dərələyəz qəzaları tamamilə daşnaklardan təmizləndi (Sadıqov,1995:19).
Türkiyə cəbhəsində də daşnak ordusu ağır məğlubiyyətə uğrayırdı. 13 oktyabrda erməni qoşunları Qarsdan əks hücuma keçməyə çalışsalar da bu həmlə uğursuzluqla nəticələndi. Oktyabr ayının əvvəlində cəbhədə yaranmış ağır vəziyyətə görə Ermənistan Böyük Britaniya, Fransa, İtaliya və digər müttəfiq dövlətlərin hökumətlərinə müraciət etdi.
Lakin böyük dövlətlərin öz problemləri var idi və Ermənistana istənilən yardım etmədilər. Yardıma cavab verən tək dövlət isə Yunanıstan oldu. Kiçik Asiyanın qərbində başlanan əməliyyatlar türk ordusunun şərqdə irəliləyişinə ciddi təsir etmədi. 28 oktyabrda türk ordusu bütün cəbhə boyu hücuma keçdi. 30 oktyabrda Qars ələ keçirildi. Qarsın itirilməsi ilə daşnaklar ruhdan düşdü və ordu nizamsız olaraq geri çəkilməyə başladı. Türk ordusu Aleksandropola (indiki Gümrü) yaxınlaşdı. 3 noyabrda Ermənistan hökuməti TBMM hökumətindən sülh istəməyə məcbur oldu.
Qarabəkir paşa erməni ordusunun Gümrüdən çıxmasını və hərbi əməliyyatları dayandırmasını tələb etdi. Bu tələbi yerinə yetirən ermənilər Gümrünü tərk etdilər. 7 noyabrda türk ordusu Gümrüyə daxil olduqdan sonra Ermənistana kapitulyasiyaya bənzər şərtlərlə barışıq təklifi etdilər. Daşnaklar bu tələbləri rədd etdi və vasitəçilik xahişi ilə Sovet Rusiyasına müraciət etməyə qərar verdi. 11 noyabrda türk ordusu hücum əməliyyatlarına davam edərək İğdıra daxil oldu və Ermənistanın daxilinə doğru hərəkət etməyə başladı. Müharibənin taleyi artıq bəlli idi. Erməni ordusu vuruşmaq istəmirdi. Türk ordusu artıq İrəvanın qarşısında durmuşdu. 15 noyabrda Ermənistan respublikası Türkiyə Böyük Millət Məclisinə sülh danışıqları təklifi ilə müraciət etdi. 23 noyabrda erməni nümayəndə heyəti Gümrüyə yola düşdü. 2 dekabrda Ermənistan respublikası nümayəndəsi Aleksandr Xatisyan ilə TBMM nümayəndə heyəti rəhbəri Qarabəkir paşa arasında Aleksandropol müqaviləsi imzalandı. Müqavilənin bəzi önəmli şərtləri belə idi:
- Türkiyə ilə Ermənistan arasındakı sərhəd Aşağı Qarasunun mənsəbindən başlayaraq Araz çayı, Kekaçın şımalınadək Arpaçay, Qaraxan dərəsi, Tiknisin şərqi – Böyük Kəmlinin şərqi – Qızıldaş – Böyük Ağbaba dağı xətti üzərində müəyyən olunur. Araz çayı yaxınlığındakı Aşağı Qarasunun mənsəbindən keçən zolağın cənubundakı (Naxçıvan, Şaxtaxtı, Şərur) məntəqənin taleyi daha sonra referendumla təyin olunacaq. Buradakı idarə formasına və bu idarənin əhatə edəcəyi əraziyə Ermənistan müdaxilə etməyəcək və bu ərazidə hələlik Türkiyənin himayəsində yerli idarə yaradılacaqdır.
- İmperialist dövlətlərin təhrik və təzyiqi nəticəsində intizam və təhlükəsizliyi pozan hərəkətlərə bundan sonra imkan verməmək kimi xeyirxahlıq məqsədi ilə Yerevan (Ermənistan) hökuməti daxili təhlükəsizliyini qorumaq üçün lazımi səviyyədə yüngül silahlı jandarm qüvvəsi və ölkəni qorumağa ayrılan səkkiz dağ və ya səhra topu ilə 20 pulemyota malik muzdla tutulan 1500 əsgərdən ibarət bir bölmədən artıq hərbi qüvvəyə malik olmayacağını öhdəsinə götürür. Ermənistanda məcburi hərbi xidmət olmayacaqdır.
- Yerevan hökuməti, Türkiyə Böyük Millət Məclisi hökuməti tərəfindən qəti olaraq rədd edilmiş “Sevr” müqaviləsini etibarsız sayır, bəzi imperialist hökumət və siyasi dairələrin əlində bir təhrikçilik vasitəsi olan Avropa və Amerikadakı nümayəndələrini geri çağırmağı, bundan sonra iki ölkə arasında olan bütün yanlış düşüncələri ortadan qaldırmağı öhdəsinə götürür.
- Türkiyə hökuməti: Şərur, Naxçıvan, Şahtaxtı və Culfa yolu ilə İran, Bakı və Ermənistan arasında tranzit işlərinin sərbəstliyini təmin edəcəkdir. Ermənistan hökuməti: Azərbaycan, İran, Gürcüstan və Türkiyə arasında mal, maşın, vaqon və bütün tranzit işlərindən vergi almamağı öhdəsinə götürür. (Gümrü müqaviləsi, 2004:4-7).
Aleksandropol müqaviləsi daşnak Ermənistanını faktiki olaraq İrəvan və Göyçə gölü ətrafında kiçik bir respublikaya çevirdi. Bu razılaşma ilə Ermənistan Türkiyədən asılı vəziyyətə düşdü. Naxçıvan, Şahtaxtı və Şərur bölgələri isə Türkiyənin protektoratına çevrildi. Müqavilə maddələrinə görə Ermənistan Naxçıvana olan iddiadan əl çəkməli idi (Bağırov, 1965:56-57).
Aleksandropol müqaviləsi mahiyyət etibarilə Zaqafqaziyada Sovet hakimiyyətinə qarşı TBMM ilə daşnak Ermənistanı arasında bir ittifaq demək idi. Bu müqaviləyə əsasən türklər daşnaklara Ermənistanda və Naxçıvanda inqilabi hərəkatı yatırmaq üçün silahlı yardım vəd etdilər.
1920-ci ilin dekabrında TBMM komandanlığı NSSR-də inqilabi komitələrin həbs edilməsi və Naxçıvan şəhərində yerləşən Qırmızı Ordu bölmələrinin tərksilah edilməsi barədə qərar verir. Türk komandanlığının nümayəndəsi Veysəl bəy isə özünü Naxçıvanın fövqəladə komissarı elan edir. (Bağırov, 1965:58). Bu addım Türkiyə və RSFSR arasında münasibətləri pisləşdirdi. Lakin Aleksandropol müqaviləsi imzalandığı ərəfədə Ermənistanda hərbi çevriliş nəticəsində Sovet hakimiyyətinin formalaşması buna imkan vermədi.
Ermənistanın sovetləşməsi və Naxçıvan məsələsi
Ermənistan ordusunun TBMM qoşunları tərəfindən ağır məğlubiyyətə uğradılması bu ölkənin şərq sərhədlərində boşluq yaratdı. Bu fürsətdən istifadə edən Sovet Azərbaycanı ordusu və XI Qızıl Ordu 29 noyabr 1920-ci ildə bir qrup erməni bolşevikləri ilə birlikdə İcevan şəhərinə girərək İnqilab Komitəsinin yaradıldığını elan etdilər. 1 gün sonra RSFSR rəsmisi Boris Leqran Ermənistan hökumətinə ultimatum verərək hökumətin dərhal bolşeviklərə verilməsini tələb etdi. 2 dekabrda Ermənistan parlamenti toplandı və yekdilliklə hakimiyyətin erməni bolşeviklərinə verilməsi qərara alındı. 4 dekabrda Sovet ordusu İrəvana daxil oldu. Yeni qurulan hökumət daşnak Ermənistanı ilə TBMM arasında müqaviləni tanımaqdan imtina etdi.
Ermənistanın sovetləşməsi mübahisəli ərazilər məsələsini yenidən gündəmə gətirdi. Ermənistanda Sovet hakimiyyətinin qurulması TBMM-in planlarına daxil deyildi. Türkiyənin daşnak Ermənistanına münasibəti ilə Sovet Ermənistanına münasibəti eyni qaldı. Türklər daşnaklarla müqaviləyə istinad edərək açıq şəkildə Naxçıvana iddia edirdilər (Sarkisyan, 1990:80). Rusiya bolşeviklərində də Naxçıvanın türklərə verilməsi ideyası var idi. Bu, Türkiyənin müsəlman şərqində inqilabi hərəkatın lideri olacağı halda mümkün idi. Leqran Çiçerinə yazırdı: “Əgər türklər qonşu müsəlman ölkələrinə inqilabi təsir göstərmək imkanına malik olsa və onlar Şərqdə inqilabi hərəkatı qaldıra bilsələr, bu, əlbəttə, əla olar, onda Naxçıvanı onlara vermək olar. Lakin əvvəlcə türkləri sınamaq lazımdır”. (Həsənli, 2012:308).
Ermənistanda bolşevik hərbi çevrilişinin həyata keçirildiyi dövrdə Bakıda Orconikidzenin iştirakı ilə Azərbaycan Siyasi Bürosunun iclası keçirilirdi. 30 noyabr 1920-ci il tarixində keçirilən iclasda Orconikidzenin təzyiqi ilə Nərimanov Azərbaycan SSR-in Naxçıvana olan iddiasından əl çəkdiyini bildirdi. Mübahisəli ərazilərlə bağlı Azərbaycanın iddialarından imtina etməsi Ermənistanda hakimiyyətin rahat bir formada ötürülməsini təmin etmək planının parçası idi. Lakin bu addımlar həm Naxçıvan bolşevikləri, həm də Ermənistan bolşevikləri tərəfindən səhv anlaşıldı. Bu qərarın qəbul edilməsindən sonra Azrevkom üzvü Behbud Şahtaxtinski Naxçıvana gəlir. Şahtaxtinski burada Azrevkom-un Naxçıvanı Ermənistan SSR-ə verməsi barədə qərarını açıqlayır və bu qərarı bildirərkən ehtiyatsız bir ifadə işlədir: “Azərbaycan sizi satdı, mən Bakıda olsaydım buna icazə verməzdim”. Daha sonra kütləyə tərəf dönərək deyir: “Azrevkom üzvü olaraq bugün mən yoldaş Vəlibəyovu da götürüb burdan gedirəm. Bu qərarın verilməsində nə mənim, nə də Vəlibəyovun heç bir rolu yoxdur. İndi sizin yeganə qurtuluşunuz türklərdir. Onlardan bərk yapışın.” (Sarkisyan, 1990: 80-81).
Naxçıvanın Ermənistana verilməsi qərarı elan edilsə də ərazi faktiki TBMM ordusu tərəfindən idarə edilirdi. Naxçıvana Sovet diplomatlarının belə giriş və çıxışı sərhəddəki türk dəstələri tərəfindən yoxlanılırdı. Naxçıvan məsələsində türk nümayəndə heyəti əhalinin istəyi ilə Naxçıvanın onlarda qalacağını düşünürdü (Sarkisyan, 1990:88).
Lakin Azərbaycan SSR bunun əleyhinə idi. Şahtaxtinski ərazini Türkiyəyə verməkdənsə Rusiyaya verilməsini daha məqbul hesab edirdi: “Strateji mülahizələrə görə, bu çox mühüm guşəni türklərin protektoratlığı altına vermək olmaz. Rusiyanın protektoratlığı altında bu diyarın müstəqilliyini ehtimal etmək olar ki, bu addım türkləri də təmin edə bilər.” (Həsənli, 2012:308). Naxçıvan əhalisi isə yalnız Azərbaycana birləşmək istəyirdi. Naxçıvanın Ermənistana verilməsi xəbəri elan olunduqdan sonra regionda türklərin də dəstəyi ilə kütləvi etiraz nümayişləri başladı. Bu barədə Bahadır Vəlibəyov yazırdı: “Naxçıvandakı siyasi vəziyyət və xalqın Azrevkom-un bəyanatına olan münasibəti barədə Ermənistan Revkom-una və Kommunist Partiyası MK-ya məruzə etmək üçün İrəvan şəhərinə getdim. Orada mənim məruzəmi çox diqqətlə dinləyib vəziyyəti sabitləşdirmək üçün tədbirlər görəcəklərinə söz verdilər” (Sadıqov, 1995:22-23).
Vəlibəyovun məruzəsindən sonra Ermənistan Revkom-u 1920-ci il dekabrın 26-da Naxçıvan haqqında geniş bəyanat verərək bu ərazinin könüllü surətdə Ermənistana birləşdiyini elan edir. Lakin cəmi iki gün sonra — dekabrın 28-də Naxçıvan barədə özünün ikinci bəyanatında Ermənistan Revkom-u Naxçıvanı müstəqil Sovet respublikası kimi tanıdı və Naxçıvan ərazisində yaşayan azərbaycanlıların öz müqəddəratını təyinetmə hüququnu təsdiqlədi. Qəribə də olsa, hər iki sənədi Ermənistan Revkom sədri Kasyan və onun üzvləri Avis və Bekzadyan imzalamışdılar. (Saparov, 2014:102). 1920-ci ilin dekabrında həm Azərbaycanın, həm də Ermənistanın bir birinə zidd bəyannamələr verməsini erməni və azərbaycanlı tarixçilər Türkiyə amilinə, rus və Avropa alimləri isə RSFSR amilinə bağlayır. Son nəticədə Ermənistan Revkom-unun 28 dekabr tarixli bəyanatının Leninin təzyiqi ilə verildiyi güman edilir. Lenin bu barədə belə deyirdi: “Azrevkom-un Naxçıvanın Ermənistana “qardaşlıq” missiyası kimi vermək təklifi alqışlanmalıdır. Lakin bu məsələdə xalqın istəyi əsasdır. Ermənistandakı Sovet hakimiyyəti xalqın iradəsini əks etdirir. Bu səbəblə zəhmətkeş Naxçıvan əhalisi də xalqların müqəddərat haqqından istifadə edərək öz taleyini özü seçməlidir.” (Mədətov, 1968:95).
1921-ci ilin əvvəllərində keçirilən referendumla Naxçıvan əhalisinin 90 faizindən çoxu “muxtar respublika hüquqları ilə” Azərbaycana daxil olmaq istədiklərini bildirdi (Altstadt, 1992:116). Referendum nəticələri regiondakı etnik bölgünü göstərirdi. Xüsusən də 1920-ci il müharibələrində Naxçıvanda yaşayan ermənilərin böyük bir hissəsi regiondan qovulmuşdu. Belə ki, 1926-cı ildə ermənilər Naxçıvan MSSR ümumi əhalisinin 11%-ni təşkil edirdi. Bu səbəbdən 1921-ci ildə baş tutan referendumda iştirakçıların 90 faizindən çoxunun Azərbaycana birləşməyin lehinə səs verməsi heç də təəccüblü deyil (Şnirelman, 2003:242-243).
Qars və Moskva müqavilələri
1921-ci ilin yanvarında artıq Naxçıvanın Azərbaycan tərkibində qalması təsdiqlənsə də Türkiyənin regiona olan iddiası qalmışdı. Türk ordusu hələ də Naxçıvanda idi və bu ərazidən çıxmaq istəmirdi. RSFSR ilə danışıqlardan sonra TBMM Naxçıvanı Azərbaycanın, Gümrünü Ermənistanın, Acarıstanı isə Gürcüstanın lehinə verməyə razı oldu. RSFSR ilə TBMM arasında ilk danışıqlar 1921-ci il martın 16-sında Moskva müqaviləsinin imzalanması ilə nəticələndi. Müqavilənin üçüncü bəndi Naxçıvanla bağlı idi: “ Razılığa gələn hər iki tərəf bu müqavilənin I (C) əlavəsində göstərilən sərhədlərin içərisində Naxçıvan vilayətinin Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar, o şərtlə ki, Azərbaycan bu protektoratlığı heç bir zaman üçüncü bir dövlətə güzəştə getməyəcəkdir. Naxçıvan ərazisinin Araz talveqinin şərqi ilə Dəhnə dağı – Vəlidağ – Bağırsaq- Kömürlüdağ xətti arasında yaranmış üçbucaq kəsimi, bu torpaqların Kömürlüdağdan başlayıb, Saraybulaq dağından və Ararat stansiyasından keçərək Qarasuyun Arazla birləşdiyi yerdə başa çatan sərhəd xətti Türkiyə, Azərbaycan və Ermənistanın səlahiyyətli nümayəndələrindən ibarət komissiya tərəfindən təshih olunacaqdır.” (Moskva müqaviləsi, 2004:26-27). Naxçıvan məsələsinin Moskva konfransında həlli həm türk, həm də Azərbaycan SSR diplomatiyasının böyük qələbəsi idi. Məhz Naxçıvan məsələsinin həllindəki roluna görə, Nərimanov Moskva danışıqlarına ezam edimiş Azərbaycan nümayəndəsi Behbud Şahtaxtinskiyə yazırdı: “Naxçıvana görə, çox sağ ol! Görürsən, sən artıq işin içinə girmisən və işi düzgün aparırsan. Bu məni sevindirir, belə ki, məlum qrupdan olan bəziləri həmişə deyirdilər ki, mənim seçimim uğursuzdur”. (Həsənli, 2012:369-370).
TBMM heyəti Moskva müqaviləsindən sonra RSFSR-dən sərhəd məsələləri ilə bağlı həm Azərbaycan SSR, həm Ermənistan SSR, həm də Gürcüstan SSR ilə ayrıca müqavilə bağlamağı tələbi irəli sürdü. Bundan başqa türklər Naxçıvan SSR ərazisinin 1920-ci il daşnak Ermənistanı ilə bağlanan müqavilədə qeyd edilən ərazilər çərçivəsində Azərbaycana veriləcəyini bildirdi. Bu isə erməni bolşeviklərin narazılığı ilə qarşılandı.
Türk nümayəndə heyəti məsələnin Türkiyənin şərq sərhədlərinin təhlükəsizliyi üçün çox vacib olduğunu qeyd edir və bu səbəbdən sərhəd məsələsində israr edirdi. RSFSR nümayəndə heyəti isə bu vəziyyətdə əvvəllər Azərbaycanın özü tərəfindən tələb olunan sərhədə riayət etmək lazım olduğunu bildirirdi. Azərbaycan SSR-in təklifi və türk nümayəndə heyətinin israrı ilə Kömürlüdağ-Saraybulaq dağından başlayaraq keçmiş Şərur-Dərələyəz qəzasının yarısının Naxçıvan SSR-ə verilməsi qərara alındı (Sarkisyan, 1990:90).
Çiçerin bununla bağlı deyirdi: “Ermənistanla Azərbaycanın Naxçıvan məsələsi vardır. Üçbucaq zonada sərhədləri dəqiqləşdirmək üçün Ermənistan, Azərbaycan və Türkiyədən ibarət üçtərəfli komissiya haqqında maddə belə meydana çıxdı: “Naxçıvanın Azərbaycanın protektoratlığı altına keçməsi” həll edilən zaman türklər Naxçıvan vilayətinin sərhədlərini İrəvan vilayətinin cənub üçbucaq hissəsini Naxçıvanın xeyrinə əhatə edən Gümrü müqaviləsi üzrə müəyyən etdilər. Bu sərhədlər bizim xəbərimiz olmadan hərbi ekspertlərin səhvi üzündən xüsusi ekspert komissiyasında qəbul edildi. Ona görə, məsələ yenidən konfransa gələn zaman biz yalnız onu edə bilərdik ki, sərhədlərin cənub üçbucaq istiqamətinə dönməsinə etiraz edək. Uzun mübarizədən sonra qərara alındı ki, Ermənistan, Azərbaycan və Türkiyədən ibarət komissiya bu yerlərdə son olaraq sərhədləri dəqiqləşdirəcək. Əvvəllər Şahtaxtinski bizimlə Naxçıvan haqqında danışanda, o, Naxçıvan vilayətinin son hüdudlarını Qurd qapısına qədər hesab edirdi. Yeri gəlmişkən, üçbucaq zona, yəni, İrəvan vilayətinin cənub üçbucaq parçası Şahtaxtinskinin iddia etdiyindən də artıqdır. Hazırda bu ərazi Qurd qapısı hüdudlarından da kənara çıxır. Ümumiyyətlə Sovet Azərbaycanı əvvəlcədən Naxçıvan SSR ilə Ermənistan SSR arasındakı sərhəddi müəyyənləşdirməlidir. Bu ona görə lazımdır ki, biz erməni və Azərbaycan nümayəndələrinin Türkiyə ilə üçtərəfli komissiyaya nə ilə daxil olduğunu bilək” (Həsənli, 2012:379-380).
1921-ci il oktyabrın 13-də Qars şəhərində RSFSR-in iştirakı ilə bir tərəfdən Ermənistan SSR, Azərbaycan SSR, Gürcüstan SSR hökumətləri, digər tərəfdən Türkiyə Böyük Millət Məclisi hökuməti arasında bağlanmış dostluq haqqında müqavilə imzalandı. Qars müqaviləsini Türkiyə tərəfdən Kazım Qarabəkir paşa, Memduh Şevket bəy, Azərbaycan SSR-dən xalq dövlət nəzarət komissarı Behbud bəy Şahtaxtinski, Ermənistan SSR-dən xarici işlər komissarı Əskinaz Mravyan, xalq daxili işlər komissarı Poqos Makinzyan, Gürcüstan SSR-dən xalq hərbi və dəniz işləri komissarı Şalva Eliava, xalq xarici işlər və maliyyə komissarı Aleksandr Svanidze və RSFSR-in Latviyadakı səlahiyyətli səfiri Yakov Qapetski imzalamışdılar. Müqaviləyə edilən əlavədə Ermənistan SSR-in Türkiyə və İran dövlətləri ilə sərhədləri göstərilmiş, Naxçıvan SSR-in Türkiyə ilə sərhədi Arazdəyən stansiyasına qədər 11 km uzunluğunda müəyyən edilmiş, İranla sərhədi isə 176 km uzunluğunda, yəni 1828-ci il Türkmənçay müqaviləsində olduğu kimi saxlanılmışdı. Müqavilənin beşinci maddəsi ilə bir daha təsdiq edilirdi ki, Türkiyə hökuməti və Sovet Ermənistanı və Sovet Azərbaycanı hökumətləri, Naxçıvan vilayətinin həmin müqavilənin III əlavəsində göstərilən sərhədlərdə Azərbaycanın himayəsi altında muxtar ərazi təşkil etməsinə razıdırlar (Sadıqov, 1995:26). III əlavədə Naxçıvan SSR-in Ermənistan SSR-lə sərhəddi Daşburun dağı – şərqi Daşburun dağı – Cəhənnəm dərəsi – Bulaq – Bağırsaq dağı – 6587 yüksəkliyi istiqamətində və 6629-cu yüksəklik – Kömürlüdağ – 3080-cı yüksəklik – Sayatdağ – Qurdqulaq – Həməsür dağı – 8022-ci yüksəklik – Küküdağ istiqamətində müəyyənləşdirilir (Qars müqaviləsi, 2004:79-80).
Qars müqaviləsində Naxçıvanla bağlı Moskva müqaviləsi ilə müqayisədə kiçik bir dəyişiklik vardı. Bu müqavilədə Azərbaycanın Naxçıvanı “heç bir üçüncü dövlətə güzəştə getməməsi” sənəddə yer almırdı. Sovet Azərbaycanının rəhbərliyi bütün vasitələrlə türklərin qarşısında belə bir öhdəlik qəbul etməkdən yayınmağa çalışırdılar. Bu isə ilk növbədə, konfransın gedişində sovet həmrəyliyinə aludə olub, Ermənistanla bir mövqedən çıxış edən Azərbaycan diplomatiyasının türklərin mövqeyini zəiflətməsi ilə bağlı idi (Həsənli, 2012:433-434).
Beləliklə Qars müqaviləsi ilə birlikdə Naxçıvan SSR-in Azərbaycan tərkibində qalması qəti olaraq həll edildi. Erməni əsilli amerikalı tarixçi Riçard Hovannisyan Qars müqaviləsinin imzalanmasını Sovet Rusiyasının erməni məsələsini Türkiyə ilə ittifaqı möhkəmləndirmək naminə qurban verməsi kimi xarakterizə edir (Cornell, 2015:62).
Naxçıvan MSSR-in qurulması
Naxçıvanın 1921-ci ilin yanvarında Azərbaycanda qalmasından sonra türk ordusu regionu tərk etməyə başladı. Artıq regionda 1917-ci ildən etibarən davam edən ikihakimiyyətlilik (bəzən 3 və hətta 4 hakimiyyətlilik də olmuşdu) sona çatdı. Naxçıvan SSR ilk müstəqil idarəetməsini Moskva müqaviləsi imzalandıqdan sonra formalaşdırdı. 1921-ci il aprelin 4-də Naxçıvan SSR-in yeni hökuməti təşkil edildi. Həmin hökumətin tərkibi belə idi:
- Xalq Komissarları Sovetinin sədri Abbas Qədimov (o, həm də İnqilab Komitəsinin sədri vəzifəsində saxlanılırdı).
- Fövqəladə daxili işlər, poçt, teleqraf komissarı Ş. Əliyev.
- Naxçıvan qarnizonunun rəisi Abbasqulu bəy Şadlinski.
- Xalq Təsərrüfatı Şurasının sədri Mehdiyev.
- Səhiyyə komissarı Ə. Abbasov.
- Maliyyə komissarı Bənəniyarski.
- Maarif və ədliyyə komissarı Ə. Rüstəmov.
- Torpaq komissarı Hacılarov.
- Ərzaq komissarı Məmmədov.
- Fəhlə-kəndli müfəttişliyi Musayev.
Naxçıvan SSR-in müstəqil olduğu 1921-1924-cü illərdə hüquq və səlahiyyətləri daha geniş idi. NSSR-in İran və Türkiyə və eləcə də Zaqafqaziya respublikaları ilə diplomatik və iqtisadi əlaqələri konsulluq və nümayəndəliklər vasitəsilə həyata keçirilirdi. Naxçıvanın Maku, Xoy və Təbriz şəhərlərində konsulluqları, Türkiyənin Qars şəhərindəki RSFSR konsulluğu yanında Naxçıvan müvəkkilliyi yaradılmışdı. Türkiyənin Naxçıvanda hərbi nümayəndəliyi 1924-cü ilin iyulunadək, İranın Naxçıvandakı konsulluğu isə 1938-ci il noyabrın 17-dək fəaliyyət göstərmişdir. Makuda İsmayılbəy Camalbəyov, Təbrizdə Qasımbəy Camalbəyov Naxçıvan SSR-in ilk konsulları olmuşlar. Qars şəhərində Naxçıvanın müvəkkili Balabəy idi. Naxçıvan SSR-in Bakı, Tiflis və İrəvan şəhərlərində də nümayəndəlikləri yaradılmışdı. Əziz Şərif 1922-ci ilin yanvarında Gürcüstan SSR-də Naxçıvanın nümayəndəsi təyin edilmişdi (Sadıqov, 1995:26).
Qars müqaviləsinin imzalanmasından sonra Naxçıvan SSR-in dövlət sistemi və idarəetmə mexanizmində bəzi dəyişikliklər edildi. 1922-ci ilin dekabrında Zaqafqaziya birinci Sovetlər qurultayının bu məsələ ilə əlaqədar xüsusi qərarında göstərilmişdi: “Naxçıvan Respublikası muxtariyyət hüququnda Azərbaycan SSR-in ayrılmaz və tərkib hissəsi hesab edilsin”. Həmin qərardan sonra Azərbaycan SSR tərkibində Naxçıvanın muxtariyyəti məsələsi Zaqafqaziya və Azərbaycan Kommunist Partiyası rəhbərliyində müzakirə olunmuş məsələni qəti həll etmək və müvafiq bəyannamə işləyib hazırlamaq Naxçıvan Diyar Sovetlər qurultayına həvalə olunmuşdu. Naxçıvan MSSR-ə çevrilməsi haqqında Naxçıvanın Azərbaycan SSR-in muxtar, lakin bölünməz hissəsi kimi statusu 1923-cü ilin fevralında ZSFSR və Rusiya KP (b) tərəfindən təsdiq edildi. (Altstadt, 1992:127). Qərarda göstərilirdi ki, “bütün Naxçıvan ölkəsi özünün qurumları ilə muxtar ölkə hüququnda Azərbaycan SSR-in tərkibinə daxil edilsin”. Bunu nəzərə alaraq, 1923-cü ilin mart ayında keçirilən Azərbaycan KP (b)-nin V qurultayı Naxçıvan məsələsini geniş müzakirə etdi. Orada qeyd edilirdi ki, Naxçıvan respublikası kimi, böyük mahalın son vaxtlarədək Azərbaycanın protektoratlığı altında qalması bir sıra tələblərə cavab vermədiyindən, bölgəni muxtar vahid hüququnda Azərbaycanın tərkib hissəsi kimi tanınması daha düzgün olardı. Azərbaycan sovetlərinin 1923-cü ilin iyun ayında keçirilən II çağırış III sessiyası Naxçıvan sovetlər qurultayının vəsadətini təmin etdi və iyun ayının 16-da Azərbaycan Mərkəzi İcraiyyə Komitəsi Naxçıvanın Azərbaycana birləşdirilməsi haqqında qərar qəbul etdi (Həsənli, 2012:441-442). Çiçerin və Nərimanovun təqdimatı üzrə “Naxçıvan haqqında” məsələ RKP (b) MK Siyasi Bürosunun 1923-cü il avqust ayının 23-də keçirilən iclasının müzakirəsinə çıxarıldı. Qərara görə, Çiçerinin yuxarıdakı məktubda qeyd edilən təklifləri nəzərə alındı və MK katibliyinə tapşırıldı ki, “Naxçıvan məsələsini Zaqafqaziya diyar komitəsi ilə tənzim etsin”.
1923-cü ilin dekabrında Azərbaycan Kommunist Partiyası rəhbərliyi məsələnin mühüm əhəmiyyətini nəzərə alaraq Naxçıvan Muxtar Respublikası yaradılması təklifini irəli sürdü. 1923-cü il dekabrın 31-də Azərbaycan MİK Naxçıvan SSR-in Azərbaycan SSR tərkibində Naxçıvan MSSR-ə çevrilməsi haqqında qərar qəbul edərək onun təsdiq olunmasını Zaqafqaziya MİK-dən xahiş etdi. 1924-cü il yanvarın 8-də Zaqafqaziya MİK-nin birinci plenumu Naxçıvan Muxtar Diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi haqqında məruzəni və Azərbaycan MİK-nin müvafiq qərarını müzakirə edərək Naxçıvan Muxtar Diyarını Azərbaycan SSR tərkibində Naxçıvan Muxtar Respublikasına çevirmək haqqında qərar çıxartdı.1924-cü il yanvarın 18-də Naxçıvan MİK-nin birinci plenumu çağırıldı. Plenumda Zaqafqaziya və Azərbaycan MİK-lərinin qərarları əsasında Naxçıvan Muxtar Diyarının Naxçıvan MSSR-ə çevrilməsi haqqında məsələ müzakirə və təsdiq edildi. Plenumun qərarı ilə Naxçıvan MSSR MİK-i, Xalq Komissarlıqları Soveti və komissarlıqların (torpaq, daxili işlər, maarif, səhiyyə), habelə Azərbaycan SSR xalq komissarlıqlarının (maliyyə, əmək, hərbi komissarlıq) müvəkkillikləri yaradıldı. Plenumda MİK-in 7 nəfərdən ibarət rəyasət heyəti seçildi, Naxçıvan MSSR MİK nəzdində elektrikləşdirmə, telefonlaşdırma və mənzil tikintisi üzrə komissiyalar təşkil edildi. Naxçıvan MSSR inzibati cəhətdən üç qəzaya: Şərur, Ordubad və Naxçıvan qəzalarına bölündü. Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 9 fevral tarixli dekreti ilə Naxçıvan Muxtar Diyarının Naxçıvan Muxtar Sovet Sosialist Respublikasına çevrilməsi təsbit edildi (Sadıqov, 1995:29). Qəzənfər Musabəyovun rəhbərlik etdiyi Azərbaycan Xalq Komissarları Soveti Naxçıvan üçün Azərbaycan SSR tərkibində yalnız inzibati deyil, həm də siyasi muxtariyyət tələb etdi. Moskva bu tələbi qəbul etdi və 1924-cü ilin martında Naxçıvan MSSR-nin yaranması ilə siyasi muxtariyyət təmin edildi (Altstadt, 1992:105). Bununla da Naxçıvan məsələsinin qanunvericilik qaydasında nizama salınması başa çatdırıldı.
İstifadə edilən ədəbiyyat
Azərbaycan və ingilis dilində ədəbiyyat
Altstadt, Audrey (1992) The Azerbaijani Turks. Power and Identity under Russian Rule.
Bloxham,Donald (2005), The Great Game of Genocide Imperialism, Nationalism, and the Destruction of the Ottoman Armenians.
Cornell, Svante (2015), Azerbaijan Since Independence.
Həsənli, Cəmil (2012) Sovet dövründə Azərbaycanın xarici siyasəti (1920-1939).
Sadıqov, Səid (1995) Naxçıvan Muxtar Respublikası tarixindən.
Saparov, Arsene (2014) From Conflict to Autonomy in the Caucasus: The Soviet Union and the Making of Abkhazia, South Ossetia and Nagorno Karabakh.
Sərlövhə (2004) Gümrü, Moskva və Qars müqavilələri.
Rus dilində ədəbiyyat
Баберовски , Йорг (2010), Враг есть везде: Сталинизм на Кавказе.
Багиров, Юсиф (1965) Из истории советско-турецких отношений в 1920-1922 гг.
Гулиева, Д (1989) К истории образования Нагорно-Карабахской автономной области Азербайджанской ССР. 1918— 1925. Документы и материалы.
Мадатов, Гараш (1968) Победа Советской власти в Нахичевани и образование Нахичеванской АССР.
Орешкова, Светлана (1999) Россия и Турция: проблемы формирования границ.
Саркисян А. А., Из истории деарменизации Нахичеванского края (1920–1921 гг.), 1990, Вестник общественных наук НАН АрмССР,№ 9, Ереван, с. 74–93.
Шнирельман, Виктор (2003) Войны памяти: мифы, идентичность и политика в Закавказье.
[1] İndiki Çalxanqala kəndi, Kəngərli rayonu.
[2] İndiki Şenkaya (Ərzurum).
[3] İndiki Kötek (Qars)
[4] İndiki Göle (Ərdahan).