Rusiyanın hərəkətə keçməsi üçün sadəcə kimə hücum edildiyi yox, kimin hücum etdiyi də vacibdir. Rusiyanın Ermənistana kömək etmək üçün səbəbləri var, amma Azərbaycanı cəzalandırmaq üçün elə də xüsusi səbəbləri yoxdur. Ermənistan düşmənçilik xəttinə yox, müttəfiqlər üçbucağına düşüb.
II Dağlıq Qarabağ müharibəsində Rusiyanın KTMT-dəki rəsmi müttəfiqinə – Ermənistana kömək etməyə niyə tələsmədiyi çoxlarını təəccübləndirir. Aydın görünür ki, məsələ sadəcə döyüşlərin hələlik Ermənistanın öz ərazisində yox, nəzarətdə saxladığı, amma heç bir şəkildə rəsmiləşdirmədiyi torpaqlarda getməsi deyil. Rusiya öz müttəfiqinə kömək etməyə tələsmir, çünki təkcə kimə hücum olunduğu yox, kimin hücum etdiyi də vacibdir.
***
Dondurulmuş münaqişələri olan digər keçmiş sovet respublikaları – Gürcüstan, Ukrayna, Moldovadan fərqli olaraq, Azərbaycan heç vaxt Rusiyaya düşmən dövlət olmayıb, ona heç vaxt Rusiya əleyhinə ritorikanı xarici siyasətin vacib məhsuluna çevirən hökumətlər rəhbərlik etməyib. Azərbaycan, Rusiya ilə münasibətlərini nümayişkaranə şəkildə qırmayıb, Rusiyadan emansipasiyanı özünün əsas məqsədi, bu istiqamətdə əldə etdiyi nailiyyətləri isə özünün əsas uğurları kimi göstərməyib.
Azərbaycanda yeni dövlət quruculuğu Rusiyaya rəğmən yox, öz-özünə gedib. Azərbaycanın anti-müstəmləkəçi ritorikası hər zaman ölçülü olub, hər zaman azərbaycan xalqının bir hissəsinin iki yüz il bir dövlətin tərkibində ruslar və imperiyanın digər xalqları ilə birlikdə mövcudluğunun həm müsbət, həm də mənfi tərəfləri etiraf edilib, Rusiya heç vaxt bütün bədbəxtliklərin mənbəyi kimi təqdim olunmayıb.
Müharibə xatirəsi mövzusuna aludəçiliyi ilə yeni Brejnevə çevrilməyə başlayan Putin üçün Azərbaycanın (elə Belorusun da) II Dünya Müharibəsinin başlanması və bitməsi, SSRİ-nin bu müharibədəki rolu ilə bağlı alternativ tarix təklif etməməsi, öz müharibə qəhrəmanlarına ehtiram göstərməsi, qələbə bayramını qeyd etməsi, sovet və Rusiya əleyhinə iddialar irəli sürməməsi xüsusilə vacibdir.
Eyni zamanda Azərbaycan dövlətinin qurulması, müstəqilləşməsi, bu keçmiş sovet respublikasının metropoliyadan emansipasiyası sürətli templə baş verib. Azərbaycanda Leninin heykəlləri, sovet rəhbərlərinin şərəfinə adlandırılan küçələr çoxdan yoxdur, amma o heykəllər nümayişkaranə şəkildə dağıdılmayıb.
Digər respublikalarda bu günkü Moskvaya acıq verə-verə aparılan və gecikmiş itaətsizlik bayramına çevrilən dekommunizasiya prosesi Azərbaycanda sakit keçib.
Hələ 1990-cı illərdə, SSRİ-nin süqutundan, demək olar ki, dərhal sonra Azərbaycanda yaşayan rusların üçdə ikisi ölkədən gedib, rus telekanallarını isə milli efirin düymələrindən çoxdan çıxarıblar və beləcə, əhalini dünya xəbərlərinin rəsmi rus interpretasiyasından xilas ediblər. Amma Yeni il axşamlarında orda “Taleyin ironiyası” filmi, il boyunca isə sevimli sovet və populyar rus filmləri göstərilir.
Ad dəyişiklikləri mədəniyyətə toxunmayıb, Puşkinin heykəlləri, Yesenin adına küçələr var. Hərçənd ikinci, Azərbaycanda yaşayanda erməni sevgilisini mədh eləyirdi.
Azərbaycan lap əvvəldən müxtəlif istiqamətli xarici siyasət qurub, postsovet məkanında Moskva ilə əlaqələrin qırılmayacağını, amma zəifləyəcəyini, buna görə də, Qərbə yaxınlaşmaq lazım gəldiyini nəzərə alıb. Xüsusən də nəzərə alsaq ki, Bakıda həmişə Yeltsin hökumətinin ermənilərə simpatiya bəsləməsindən şübhələniblər (I Qarabağ Müharibəsi ilə bağlı yayğın interpretasiya bəyan edir ki, Azərbaycan ermənilərə yox, Rusiyaya uduzub).
Azərbaycan keçmiş sovet respublikalarının Moskvasız və ondan kənarda qarşılıqlı münasibətləri üçün yaradılmış GUAM təşkilatının təsis olunduğu andan etibarən onun işlərində iştirak edir.
Azərbaycandakı rejim Çeçenistandan Moskva üçün arzuolunmaz qonaqlar qəbul edib, amma özü siyasi islamçılığa da, ifrat siyasi millətçiliyə də mənfi münasibət bəsləyir və uğurla dəyişən cəmiyyətin islamlaşdırılmasının qarşısını alır.
Azərbaycan NATO ilə əməkdaşlıq eləyib və təşkilatın əməliyyatları çərçivəsində simvolik kontingentlər göndərib. Ancaq heç vaxt yaxın qonşusu, doğma Türkiyə kimi olmaqdan ötrü rəsmi şəkildə alyansa daxil olmaq istəyini bəyan etməyib.
Hətta Qəbələ RLS-in bağlanması da siyasi jest təsiri bağışlamırdı (məsələn, Ukrayna rus donanmasının ölkədən çıxarılmasına həmişə siyasi don geyindirməyə çalışırdı), köhnə müdafiə layihəsi kommersiya və texniki baxımdan yararsız kimi təqdim olunurdu: tərəflər icarə qiymətində razılığa gələ bilməmişdilər, Rusiya isə Armavirdə müasir stansiya əldə etmişdi.
Rusiya, Azərbaycanın siyasi emansipasiyasını baş vermiş və heç kimi qıcıqlandırmayan fakt kimi qəbul edir.
Azərbaycan Putinlə mübahisə etmədən, Moskva ilə yaxşı münasibətləri qoruyaraq Rusiyadan ayrı xarici siyasət yürütmək məsələsində postsovet məkanında həmişə nümunə olub. Bu nümunə Rusiyanın özü üçün də əhəmiyyətlidir: yəni baxın, Moskva ilə yaxşı münasibətlər mütləq itaət, ya da inteqrasiya layihələrində iştirak bahasına satın alınmır, Moskvadan ayrı mövcudiyyəti isə mübahisə, ya da onun rəqibləri ilə nümayişkaranə yaxınlaşmaq yolu ilə qazanmaq mütləq deyil.
Rusiyanın Ermənistana kömək etmək üçün səbəbləri var, amma Azərbaycanı cəzalandırmaqdan ötrü heç bir bəhanəsi yoxdur. Nə Rusiya hökumətində, nə də rus cəmiyyətində Azərbaycana qarşı asanlıqla və məmnuniyyətlə hərbi güc tətbiq etməyə yetəcək qədər inciklik, ya da qəzəb yoxdur.
BAĞIŞLANMAZ GÜNAHLAR
Burada kimə hücum olunduğu da vacibdir. Ermənistan Rusiyanın əhəmiyyətli müttəfiqidir, amma Kremldə Ermənistanın indiki hökumətinə lap əvvəldən şübhə və ehtiyatla yanaşırlar. Hazırkı erməni hökuməti küçə etirazlarının, rəngli inqilabın etdiyi çevrilişin nəticəsidir. Ki, Kremlin nöqteyi-nəzərindən bu, daxili siyasətin böyük günahıdır.
Özünü demokratik elan edən Paşinyan hökuməti geosiyasi oriyentasiyanı bütünlüklə dəyişməyə can atmasa da, onu diversifikasiya etməyə çalışır və belə görünür ki, bu məsələ ilə bağlı həmişə Moskvanın fikrini soruşmur. Sözügedən hökumət KİV-in azadlığını heç bir şəkildə məhdudlaşdırmır. Bu səbəbdən də Rusiyanın ünvanına tənqidi və Qərbin ünvanına tərifli məqalələrin sayı artıb. Rus diplomatiyasının ənənələrinə uyğun olaraq, onlar barədə yuxarılara məruzə edilir, jurnalistikada rəsmi mövqenin dəyişməsinin əlamətləri axtarılır.
Paşinyan Qərb QHT-lərinin Ermənistanda fəaliyyətinə qətiyyən nəzarət etmir, əksinə, onları xoş qarşılayır. Kremlin nöqteyi-nəzərindən isə, onların nəzarətsiz fəaliyyəti ümumi təhlükəsizlik divarındakı çatdır.
Ultravətənpərvər natiqlər mütəmadi olaraq Paşinyana Ermənistanda fəaliyyət göstərən SOROS fondunu xatırladırlar. Onların təsəvvürlərində bu fond rəngli inqilabın əsas pul kisəsi, Paşinyan isə – o inqilablardan birininin qalibi qismində – demək olar ki, SOROS-un vəzifəyə gətirdiyi adamdır. Ermənistanın yeni iqtidarı Kremlin gözündə ikinci ağır günah sayılan şeydən – keçmiş prezident Köçəryanın məhkəmə qərarı ilə təqibindən də özünü saxlaya bilməyib.
Paşinyan deyir ki, diktator Azərbaycanın qarşısında təkbaşına dayana bilər. Dünya ictimaiyyətinin gözündə gənc demokratiya diktatura tərəfindən aqressiyanın qurbanı olur. Bir tərəfdən bu, doğrudur: Azərbaycanda nəsildən nəsilə ötürülən, şəxsiləşdirilmiş avtoritar rejim var. Ancaq eyni vaxtda həm diktaturanı ifşa etmək, həm də Putindən dəstək istəmək alınmır. Çünki Rusiya prezidenti dünyada diktaturanın şəxsiləşdirilməsinin ən görkəmli örnəyidir, onun bütün fəaliyyətini bu və ya digər şəkildə diktatorun demokratiyaya hücumu kimi təqdim etməyə çalışırlar. Gənc demokratiyanın diktator rejimi ilə mübarizəsinin Putini mütəffiq qəhrəmanlığına ruhlandırması çətin məsələdir.
QANUNAUYĞUN OLMAYAN QƏLƏBƏ
Rusiyanın Ermənistana qarşı təmkinli davranmasının bir səbəbi də var: Rusiya diplomatiyası – artıq Putinin rolundan asılı olmadan – 1990-cı illərdə də, yeni əsrdə də Yerevanın, ərazi münaqişəsini sülh yolu ilə həll etmək əvəzinə vaxt itirməsindən narazıdır. Rusiyada Putinə qədər də, Putin zamanında da başa düşürdülər ki, vaxt Rusiyanın özünün də, onun erməni müttəfiqinin də əleyhinə işləyir. Burada balaca və yoxsul Ermənistanın, ondan daha zəngin və daha çox əhaliyə malik Azərbaycan üzərində hərbi qələbəsinin qanunauyğunluqdan çox, təsadüf olduğunu anlayırlar.
O qələbə dağılmış sovet məkanında yaranan xaosla bağlıdır. Bu xaos keçiləndən sonra güclərin balansı daha təbii şəkil almağa başlayacaq və böyük dəstək qrupundan – xüsusən də bölgədə – məhrum olan Ermənistanın xeyrinə dəyişməyəcək.
Rusiya, Qarabağın böyük hissəsinin leqallaşdırılması məqsədilə müharibədə əldə olunmuş bəzi ərazilərin geri qaytarılmasının vacibliyi ehtimalını Ermənistanla müzakirə etmişdi. Amma erməni hökumətinin məhz daha demokratik xarakter daşıması kompromisin əleyhinə işləyirdi. Hətta söhbət ermənilərin nəzarəti altındakı Azərbaycan rayonlarından getsə belə, Qarabağla bağlı istənilən güzəşt Ermənistan rəhbərləri üçün hakimiyyəti itirmək təhlükəsi yaradırdı.
Erməni iqtidarlarının hər biri bu məsələni sonsuzluğa qədər təxirə salmağı, sevilən “güzəştə getməyən qalib” mövqeyində olmağı seçirdi. Bu vəziyyətdə Rusiya ilə ittifaq mənfi rol oynadı: o, münaqişənin həlsizlik halını dondurmağa imkan verirdi.
Rusiyanın hazırkı qeyri-rəsmi mövqeyini Putinin proksi müharibələrinin generalı Priqojin ifadə edib: münaqişənin günahkarı Ermənistanda son dərəcə firavan həyat sürən Sorosdur, Türkiyənin isə “Ermənistanın sərhədlərini keçmədiyi müddətdə Qarabağ münaqişəsinə qarışmağa haqqı çatır”.
MÜDAXİLƏ YOX, HAVADARLIQ
Ermənistan Rusiyanın müttəfiqidir, amma Azərbaycan da onun düşməni deyil – münaqişənin hazırkı mərhələsində əsas çətinlik budur. Azərbaycanın arxasında dayanan Türkiyə də Rusiyanın düşməni deyil. Əgər hücum edən arxasında Amerika dayanan Gürcüstan olsaydı, hər şey daha asan olardı. Əgər Ukrayna, ya da Moldova öz ərazi bütövlüyünü bu şəkildə bərpa etməyə çalışsaydı, onda da məsələni həll etmək asanlaşardı.
Ziddiyyətlərə və periodik qarşılıqlı həmlələrə baxmayaraq, Türkiyə ilə tərəfdaşlıq Rusiyaya böyük itkilər vermədən Suriyada qalmaq və Liviyada öz işlərini görmək imkanı verir. Ən əsası isə – bu tərəfdaşlıq regional münaqişələrin həllinin Amerikasız mümkün olduğu bir situasiya yaradır.
Rusiya üçün bölgədəki digər dövlətlərin güclənməsinə imkan verməkdən daha çox ABŞ-ı regional münaqişələrdən sıxışdırıb çıxartmaq vacibdir. Ondan ötrü məsələləri harda aş, orda baş olan amerikalılarsız həll etmək imkanının özü çox dəyərlidir. Həqiqətən də, Amerika hazırkı Qarabağ müharibəsində nəinki iştirak etmir, bu müharibə heç Amerika xəbərlərində də yoxdur.
Eyni imkan – bölgədə Qərbin iştirakı olmadan fəaliyyət göstərmək istəyən Türkiyə üçün də böyük əhəmiyyət daşıyır. Buna görə də, o, Rusiyanın özü üçün vacib saydığı münaqişələrdə iştirakı ilə barışır. Putinlə Ərdoğanı – dünyanın işlərində rollarının genişləndirilməsinə iddialı olan dövlətlərin Qərbin təzyiqinə qarşı ümumi qarşıdurması birləşdirir.
Bu anti-qərb platforması Ermənistanın böyük ümidlər bəslədiyi ümumi xristian platformasından daha vacibdir.
Bəli, Putin və bənzər düşüncə tərzinə malik olan insanlar xristian dəyərləri haqqında danışırlar, amma onların konservatizmi dini yox, sosial xarakter daşıyır. Aydın görünür ki, liberal və ya qərbyönümlü xristianlar onlara konservativ, qərb əleyhdarı olan müsəlmanlardan, ya da aqnostiklərdən daha uzaqdır. Ərdoğan isə onlara Konstantinopolun patriarxı Varfolomeydən, yunan mənşəli pravoslav amerikalıların dini liderindən daha yaxındır.
Ermənistan düşmənlik xəttinə yox, ittifaqlar üçbucağına düşüb.
Ermənistan – rəsmi müttəfiq; Türkiyə – çətin, amma tərəfdaş; Azərbaycan – indiki müharibəyə qədər postsovet məkanında düzgün davranış nümunəsi və qohum rejim..
Hazırkı şərtlərdə Rusiyanın açıq himayədarlığı Ermənistana hətta ziyan da vura bilər: Putinin müdafiə etdiyi, xüsusən də, hərbi yardım göstərdiyi hər kəsin imici Qərbdə zərər görür.
Ancaq hələlik Putin döyüşə girmir. Rusiya iqtidarında çoxları Ermənistanın mütəffiqliyinin böyük hissəsinin Qarabağı saxlamaq zərurəti üzərində qurulduğundan şübhələnir. Ancaq Rusiya məhz buna görə, bir də öz mütəffiq statusunun dəyərini qorumaqdan ötrü Ermənistanın Qarabağı bütünlüklə itirməsinə imkan verməz.
Rusiyanın mümkün hərbi müdaxiləsinin qasidi Azərbaycan tərəfdən Qarabağda Türkiyənin göndərdiyi suriyalı döyüşçülər və başqa terrorçuların iştirakı xəbəri olmuşdu. Rusiyanın Azərbaycan ordusunu cəzalandırmaq üçün bəhanəsi yoxdur, amma Yaxın Şərqdən gələn islamçı-döyüşçülər legitim hədəfdir.
Uzaq Suriyaya intervensiyanı onları uzaq aşırımlarda məhv etməyin labüdlüyü ilə izah edirdilər. Bura isə yaxın Qafqazdır.
Ordunun bölgədəki mövqeyindən və Putinlə Ərdoğanın qarşılıqlı güzəştlərindən asılı olaraq, müharibə hazırkı status-kvoya yaxın vəziyyətdə, simvolik itkilər və qazanclarla bitə bilər. Ya da Rusiyanın Ermənistanı əvvəllər yönləndirmək istədiyi yeni tarazlıq yarana bilər. Ancaq o, danışıqlar masasında yox, döyüş meydanında əldə olunacaq.
Bu halda Azərbaycana aid olan və hazırda boş qalan torpaqlar ona qaytarılacaq, digərləri – ermənilərin məskunlaşdıqları torpaqlar isə Ermənistanda qalacaq, onların statusu da yenidən danışıqların predmetinə çevriləcək. Yeni tarazlıq Ermənistanı Rusiya ilə müttəfiqliyin labüdlüyündən tamamilə xilas etməyəcək, amma ona bir az azadlıq bəxş edə bilər.
Aleksandr Baunov
Jurnalist, publisist, keçmiş diplomat
Carnegie.Ru