İvan Bunin bu nitqi, 16 fevral 1924-cü ildə Parisdə səsləndirib
Həmvətənlərim.
Bizim görüşümüz rus mühacirlərinin missiyası haqqında söhbətə həsr olunub.
Biz – mühacir, emiqrantıq, “emigrer” sözü bizə çox yaraşır. Bizim əksəriyyətimiz sürgündə deyilik, məhz, mühacirik, yəni vətəni könüllü şəkildə tərk etmiş insanlarıq. Bizim missiyamız isə vətəni tərk elədiyimiz səbəblərlə əlaqəlidir. İlk baxışda bu səbəblər rəngarəngdir, amma mahiyyətcə, hamısının kökü eynidir; biz bu və ya digər şəkildə bir müddətdir Rusiyada hökm sürən həyatı qəbul etməmişik, bu və ya digər şeylərdən narazı olmuşuq, həmin həyatla bu və ya digər şəkildə mübarizə aparmışıq və müqaviməti davam etdirməyin bizim üçün sadəcə nəticəsiz, anlamsız məhvolma təhlükəsi yaratdığına əmin olandan sonra qürbətə getmişik…
Missiya – bu söz əzəmətli səslənir. Amma biz onu şüurlu şəkildə, dəqiq anlamını hafizəmizə qeyd edərək götürmüşük. Fransız dilinin izahlı lüğətlərində deyilir: “missiya – nümayəndəyə gedib nəyisə etmək üçün verilən səlahiyyətdir (pouvoir).”
Nümayəndə isə kiminsə adından hərəkət etməsi həvalə olunmuş şəxs deməkdir. Az qala, təntənəli səslənən belə sözləri bizə aid etmək mümkündürmü? Biz kiminsə nümayəndəsi olduğumuzu, üzərimizə hansısa vəzifə qoyulduğunu, kimisə təmsil etdiyimizi deyə bilərikmi? Bu görüşümüzün məqsədi – nəinki bunu deyə biləcəyimizi, hətta deməli olduğumuzu xatırlatmaqdır.
Bizlərdən bəziləri həddindən artıq yorulublar və ola bilsin ki, müxtəlif qərəzli təsirlər altında bu və ya digər şəkildə xidmət etdikləri işə görə peşmançılıq duymağa, qürbətdəki həyatlarını lazımsız, hətta biabırçı adlandırmağa hazırdılar.
Bizim hədəfimiz qətiyyətlə “Başınızı dik tutun! Tale bizim üzərimizə missiya, məhz, missiya qoyub – ağır, lakin ali missiya!” deməkdir.
Biz- dünyaya səpələnən ruslar üç milyona yaxınıq. Bu nəhəng rəqəmdən mühacir axınına tamamilə qeyri-iradi, tamamilə təsadüfən düşən on, hətta yüz minləri çıxın; ordan Rusiyanın hazırkı hökmdarlarının düşməni (daha doğrusu, rəqibi) olsalar da, əslində mahiyyətcə, onların doğma qardaşları olanları çıxın; onların, bizi yadellilərin qarşısında rüsvay etmək, parçalamaq məqsədilə aramıza soxulmuş əlaltılarını çıxın: yenə də elə bir şey qalacaq ki, hətta yalnız sayı belə, rus mühacirətini yaradan hadisələrin həddindən artıq vacib olduğunu bildirir və bəlağətli dildən istifadə etmək üçün bizə tam ixtiyar verir.
Ancaq bizim sayımız hələ hər şey demək deyil. Bizə müəyyən bir vəzifə verən daha bir şey var. Zira bu şey ondan ibarətdir ki, biz həqiqətən dünyaya göstərilən heybətli işarə və hazırda təkcə Rusiyada yox, bütün dünyada təbəddülata uğramış insan mövcudluğunun ilahi, əbədi əsasları uğrunda mübarizə aparan döyüşçülərik.
Əgər bizim Rusiyadan gedişimiz sadəcə orda baş verən dağıntılara, qətllərə qarşı instinktiv etiraz olsaydı belə, hətta onda da deməliydik ki, bizim üzərimizdə bir borcun qoyduğu missiya var: “Dünya, bu böyük köçə bax və onun əhəmiyyətini dərk elə. Sənin qarşında ən yaxşı ruslardan milyonu dayanıb. Onlar sübut edirlər ki, heç də bütün Rusiya, öz işğalçılarının hakimiyyətini, alçaqlığını və pisliklərini qəbul etmir; qarşında dərin yasa bürünmüş milyon can var. Yer üzündəki ən qüdrətli səltənətin yerlə-yeksan olunmasına şahidlik etmiş və o səltənətin öz canı-qanı olduğunu bilən, evlərini və bir qayda olaraq, atalarının təhqir olunmuş məzarlarını tərk etməyə, minlərlə günahsızın ölümünə, işgəncə görməsinə qanlı göz yaşları ilə yas tutmağa vadar olunmuş, hər cür insani rahatlıqdan məhrum olmuş, alçaqlığına, vəhşiliyinə ölçü biçilməsi mümkün olmayan alçaq və yırtıcı düşmənlə üz-üzə qalmış, onun qarşısından geri çəkildiyi halda bütün Misir işgəncələrini yaşamış, qərib ellərə səfərdə ağlagələn bütün həqarətlərlə, sillələrlə barışmış canlar. Dünya, bax və bil ki, sənin salnamələrində ən qara, bəlkə də, ən məşum səhifələrindən biri yazılır!”
Mən deyirəm ki, əgər biz təkcə öz varlğımızla Rusiyada törədilənlərə qarşı çıxan nəhəng qaçqın kütləsi, bir rus yazıçısının çox gözəl ifadə etdiyi kimi, moskvalı qatillərə qarşı şahidlik etməkdən ötrü yer üzünün dörd bir yanına yayılmış İvik durnaları olsaydıq, belə olardı.
Amma bu, hamısı deyil: rus mühacirlərinin özləri haqda daha çox şey deməyə haqları çatır.
Bizim sıralarımızdan yüz minlərlə insan, indi paytaxtı Rusiyada olan, ancaq dünya üzərində hökmranlığa iddia eləyən düşmənə qarşı tamamilə şüurlu və fəal şəkildə ayağa qalxdı. Yüzminlər hər vasitə ilə, var-gücləriylə ona müqavimət göstərdi, öz müqavimətini çoxsaylı ölümlərlə əbədiləşdirdi – və hələ məlum deyil, əgər bu müqavimət olmasaydı, Avropada nələr baş verərdi. Bizim missiyamız nədən ibarətdir, biz kimlərin nümayəndələriyik? Bizə kimin adından fəaliyyət göstərmək və təmsilçilik etmək haqqı verilib? Bütün zəifliklərimizə, yıxılmalarımıza baxmayaraq, biz əslində Allahımızın adıyla hərəkət edirdik. Bir də – Rusiyanın adından: qarətə, qətllərə izn almaqdan ötrü İsa Məsihi 30 gümüşə satıb cürbəcür iyrəncliklərin, pis əməllərin, mənəvi cüzamın içində boğulan Rusiyanın yox, kölələşdirilmiş, əzab çəkən, amma yenə də sona qədər fəth olunmamış Rusiyanın…
Dünya bu əzab çəkən Rusiyadan üz çevirib. O, hərdən sadəcə sirkəli əskini Çarmıxdakının dodaqlarına sarı uzadan romalı əsgər kimi davranır. Avropa Macarıstanda bolşevizmi bir anda əzdi, Habsburqları Avropaya, Vilhelmi Almaniyaya buraxmır. Amma iş Rusiyaya çatanda dərhal qonşunun daxili işlərinə qarışmamaq qaydasını xatırlayır və rusların “daxili işlərinə” – yəni Rusiyada altı ildir ki davam eləyən qırğınlara sakitcə baxır. Hətta iş o yerə çatıb ki, o qırğınları qanuniləşdirir. Beləcə, müqəddəs kitabda yazılanlar yenə və yenə gerçəkləşir: “Yeddi arıq inək çıxacaq və yeddi kök inəyi yeyəcək, amma bu, onları kökəltməyəcək. Yer üzünü qaranlıq, xalqları zülmət bürüyəcək… Və nəsil köpək sifətli olacaq…” Məhz, buna görə, rus mühacirlərinin missiyası daha böyük əhəmiyyət kəsb edir.
Nə baş verib? Rusiyanın, onunla birlikdə insanın böyük çöküşü baş verib. Rusiyanın çöküşünə heç nə ilə bəraət qazandırmaq mümkün deyil.
Rus inqilabı zərurət idi, ya yox? Təbii ki, heç bir zərurət yox idi, zira bütün çatışmazlıqlara baxmayaraq, Rusiya çiçəklənir, böyüyürdü, nağıl sürətiylə inkişaf eləyir və hər anlamda zahirən də dəyişirdi.
Deyirlər, inqilab zərurət idi, zira xalq torpaq arzulayırdı və öz keçmiş ağasına, ümumiyyətlə, bütün ağalara nifrət bəsləyirdi. Onda niyə guya zərurət olan bu inqilab, məsələn, Polşaya, Litvaya toxunmadı? Yoxsa orda ağa yox idi, torpaq əskikliyi, ümumiyyətlə, qeyri-bərabərlik yox idi? Qədimdənqalma zəngin təhkimçilik bağlarıyla Sibirin bu inqilabda, onun gətirdiyi bütün vəhşiliklərdə iştirakının səbəbi nə idi? Yox, zərurət yox idi, amma bu iş oldu. Özü də hansı bayraq altında? İnqilab qorxunc şəkildə və beynəlxalqlıq bayrağı altında həyata keçirildi və keçirilir. Yəni bütün millətlərin bayrağı olmaq, Sinay lövhələrinin əvəzinə, Dağ xütbəsinin əvəzinə, qədim ilahi nizamların əvəzinə yeni və iblisanə bir şey verməyə iddialıdır.
İçi cürbəcür müxəlləfatla dolu olan, nəhəng, sözün hər mənasında qüdrətli ailənin məskən saldığı, çoxlu-çoxlu nəsillərin mübarək əməkləri ilə yaradılmış, ibadətlərlə müqəddəsləşdirilmiş, keçmişlə bağlı yaddaşı və ümumiyyətlə, kult, mədəniyyət adlanan hər şeyiylə böyük bir ev- Bir Rusiya vardı.
Onu nə hala saldılar? Ev sahibinin devrilməsinin bədəli, demək olar ki, bütün evin darmadağın edilməsi, ağlasığmaz qardaş qətlləri və bütün o qorxunc-qanlı qarmaqarışıqlıqla ödənildi. Ki, bunun da saysız-hesabsız və bəlkə də, bərpası əsrlərlə mümkün olmayacaq dəhşətli nəticələri oldu. Təkrar eləyirəm, bu kabus ona görə daha dəhşətlidir ki, hər vasitə ilə mədh edilir, təriflənib göylərə çıxarılır və bu hal neçə illərdir, bütün dünyanın tam laqeydliyi ilə müşayiət olunur, halbuku dünya çoxdan Moskvaya səlib yürüşünə çıxmalıydı.
Nə baş vermişdi? Böyük Müharibə zamanı inqilab etmək nə qədər çılğınlıq olsa da, gələcək ağ əsgərlərin və mühacirlərin böyük əksəriyyəti onu qəbul etdi. Evin yeni sahibi hər mənada yararsız olduğuna görə qorxunc çıxdı, ancaq biz, az qala, canımızla onu qoruyurduq. Qara camaatın azğın hakimiyyətini və ən pis cəhətlərini, az qala, din səviyyəsinə qaldıran “planetar” yırtıcının alovlara qərq elədiyi Rusiya artıq ağlını itirmişdi – 1917-ci ilin avqustunda Moskvada keçirilən iclasda nazir-prezident şəxsən elan elədi ki, artıq xalq tərəfindən həyata keçirilən on min “özbaşına cəzalandırma” qeydə alınıb – sadəcə qeydə alınıb! Bəs sonra nə oldu? Sonra Duxoninin qətlindən və Brestdəki “həyasız sülh”dən başlayıb adamyeyənliyə qədər davam eləyən, insanın mövcudiyyətinin bütün təməllərinin yer üzündəki ən genişmiqyaslı tapdalanması, ləkənməsi prosesi oldu. Rişxənd doğuran azadlığa, qardaşlığa və bərabərliyə çağırış şüarı altında gizlənmiş planetar yırtıcı isə vəhşi rusun düz boynunda oturmuşdu və bütün dünyanı vicdanı, abır-həyanı, sevgini, mərhəməti ayaqlar atında əzməyə, Musanın və İsanın ehkamlarını yerlə-yeksan etməyə, İudaya və Qabilə heykəl qoymağa, “Leninin yeddi ehkamını” öyrənməyə səsləyirdi. Vəhşi rus da hər şeyi tapdalayırdı, hər şeyi yerlə-yeksan eləyirdi. O, hətta İblisin özünü belə qorxudan bir şeyə cəsarət etdi: öz vətəninin ən müqəddəsinə, öz Yaradanı və Himayəçisinin əsrlərlə yatdığı əzəmətli və mübarək məkana – Müqəddəs Serqinin məbədinə soxuldu, dəstə-dəstə rus insanının, öz ölümlü mövcudiyyətlərinin ən ali anlarında qarşısında diz çökdüyü tabuta toxundu. İlahi! Və mən həmin o vəhşiyə boyun əyib, ona xidmət eləməliyəm?
Yeni Rusiyanın hökmdarı öz “gizli arzularını” yarım desyatin artıq “torpağa” görə doğrayan o vəhşi olacaq?
Keçən il Sorbonnada mühazirə oxuyanda böyük rus tarixçisi Klyumevskinin sözlərini misal çəkmişdim: “Bizim əxlaqi təməllərimiz məhv olanda, Müqəddəs Serqinin sərdabəsi üzərindəki qəndillər sönəndə və Onun Məbədinin darvazaları bağlananda Rus dövlətinin sonu çatacaq”.
İndi kabusa çevrilmiş dahiyanə sözlərdir! Təməllər məhv edilib, darvazalar bağlanıb, qəndillər söndürülüb. Amma o qəndillərsiz rus məmləkətinin var olması mümkün deyil və onun zülmətinə xidmət eləmək cinayətdir, olmaz.
Bəli, bütün dünyanın dayaqları silkələnir və indi hətta Yerusəlimin də üzərində qırmızı bayraq asılsa, Tanrının məzarı yerindən çıxarılsa belə, dünyanın yerindən tərpənməyəcəyi ehtimalı var: moskvalı Dəccal artıq İsanın romalı canişininin onu qanuniləşdirilməsini arzulayır. Dünya indiyə qədər görünməmiş mənfəət ehtirasına mübtəla olub və kütləylə bərabərləşməklə yenidən Sodom və Qomorraya, Tir və Sidona bənzəməyə başlayır. Tirlə Sidon alver edə bilməkdən ötrü heç nədən çəkinməz. Sodom və Qomorra şəhvət xatirinə heç nədən utanmaz. Sayı günbəgün artan və get-gedə başını daha da qaldıran kütlə həzz almaq ehtirası, həzz alan hər kəsə qarşı paxıllıq hissi ilə yanıb-yaxılır. Və bir qisim (alıcı axtaranlar) dünya bazarının işıltıları ilə, digərləri (hakimiyyət arzulayanlar) paxıllıq hissini alovlandırmaqla onların gözlərini bağlayır. Kütlə üzərində hakimiyyəti necə əldə etmək, bütün Tirdə, bütün Qomorrada necə məşhurlaşmaq, keçmiş çar sarayına necə girmək, ya da heç olmazsa, guya xalq naminə mübariz çələngini necə qazanmaq olar? Kütləni, hərdən hətta özünü, öz vicdanını aldatmaq, kütləyə yaltaqlanaraq onun rəğbətini satın almaq lazımdır.
Və indi guya bütün bəşəriyyətin ümumi və bərabər rifahı naminə konsessiyanı, dünya öncüllüyünü əllərinə almış, “yeni həyatı” müdafiə eləyən xeyli adam meydana çıxıb. Bu işlə məşğul olan bütöv bir mütəxəssis ordusu yaranıb – cürbəcür sosial partiyaların minlərlə üzvü, minlərlə natiq. Ki, əvvəl-axır bu və ya digər şəkildə tanınıb mədh olunanlar da onların arasından çıxır. Amma bütün bunlara nail olmaqdan ötrü dahiyanə yalana, dahiyanə yaltaqlığa, qarışıqlıq salmağa, inqilab etməyə, zaman-zaman dizə qədər qana bulaşmağa ehtiyac var. Ən əsası isə, kütləni “din tiryəki”ndən məhrum etmək, Allah əvəzinə ona buğa şəklində idol, loru dillə desək, öküz vermək lazımdır. Puqaçov! Puqaçov neynəyə bilərdi? Amma “planetar” öküz başqadır. Nacins, anadangəlmə ağıldankəm Lenin, məhz, fəaliyyətinin ən qızgın dövründə dünyaya son dərəcə qorxunc, möhtəşəm bir şey verdi; o, dünyanın ən böyük ölkəsini müflis elədi və bir neçə milyon insanı öldürdü – və bunlara rəğmən, dünya artıq o qədər ağlını itirib ki, günün günorta vaxtı Leninin, bəşəriyyətin pənahı olub-olmadığı barədə mübahisə eləyirlər? O öz qanlı taxtında artıq dörd pəncə üzərində dayanırdı; ingilis fotoqrafları onu çəkəndə bir dəqiqədən bir dilini çıxarırdı: amma bunların heç bir əhəmiyyəti yoxdur, mübahisə davam eləyir!
Semaşko şəxsən, hamının eşidə biləcəyi səslə deyib ki, bu yeni Nabuhudonosorun kəlləsində beyin əvəzinə yaşıl horra tapıblar; qəzetlərin yazdığına görə, o, ölüm masasında, öz qırmızı tabutunda uzananda bozumtul-sarı üzündə dəhşətli ifadə varmış: amma bunların heç bir əhəmiyyəti yoxdur, mübahisə davam eləyir! Onun silahdaşları isə elə beləcə də yazırlar: “Yeni Tanrı, Yeni Dünyanın yaradıcısı, Demiurq öldü!” Moskvalı şairlər, moskvalı qırmızı fahişənin, guya yeni rus poeziyasını yaradan o kənizləri artıq çoxdan belə oxuyurdular:
İsanı çarmıxa göndərəcəm, Varravanı isə-
Əllərimə alıb Tverskoy boyu gəzdirəcəm…
Kometayla dünyaya dil göstərəcəm,
Misirə qədər ayaqlarımı uzadacam…
Allahın saqqalını yolacam,
Ona söyüşlü dua eləyəcəm…
(Иисуса на крест, а Варраву –
Под руки и по Тверскому…
Кометой по миру вытяну язык,
До Египта раскорячу ноги…
Богу выщиплю бороду,
Молюсь ему матерщиной…)
Bunların hamısını bir yerə toplayanda – o söyüşü də, quduz və hiyləgər manyakın altı yaşlı dövlətini də, manyakın sallanan dilini və qırmızı tabutunu da, Eyfel qülləsinin, artıq sadəcə Lenin kimi tanınan adamın yox, yeni Demiurqun dəfnini radio ilə yayımlamasını da, Müqəddəs Pyotr şəhərinə Leninqrad adının verilməsini də – adamı əsl incilsayağı qorxu bürüyür – təkcə Rusiya üçün yox, həm də bütün Avropa üçün: çünki ayaqlar həqiqətən, çox cəsarətlə və çox uzaqlara uzadılır. Vaxtı çatanda bunların hamısı Allahın qəzəbinə tuş gələcək – həmişə belə olub. “O zaman mən sənə qarşı çıxacağam və səni dənizin dibində batıracağam, Tir və Sidon…”
Və Sodomla Qomorraya, bütün o Leninqradlara od və kükürd yağacaq, Dünyanın ilahi şəhəri Sion isə əbədiyyən yaşayacaq.
Amma indi neynəmək lazımdır? Bu günün və bu saatın insanı, bir rus mühaciri nə etməlidir?
Rusiyadan ayrılmağı və mübarizəsi, buz yürüşləri ilə təkcə qorxmadığı üçün yox, həm də vicdanını dinlədiyi üçün Leninin şəhərlərini, Leninin ehkamlarını qəbul etməyəcəyini isbatlamış rus mühacirlərinin hazırkı missiyası bu barışmazlığı davam etdirməkdən ibarətdir. “Onlar istəyirlər ki, çaylar tərsinə axsın, baş verənləri qəbul etmək istəmirlər!”
Yox, belə deyil, biz geri axan yox, sadəcə fərqli axan çaylar istəyirik. Biz faktı inkar etmirik, onu qiymətləndiririk – bu bizim haqqımız, hətta borcumuzdur. Və onu partiya, siyasət nöqteyi-nəzərindən yox, insani, dini nöqteyi-nəzərdən qiymətləndiririk. “Onlar Rusiyanın xətrinə belə, bolşeviklərə dözmək istəmirlər!”
Bəli, istəmirik. Batu xanın hakimiyyətinə dözmək olardı, amma Leninqrada dözmək olmaz.
“Onlar, Rusiyanın səsini dinləmirlər!” Yenə doğru deyil: biz çox diqqətlə dinləyirik və hələ də eyni səsi, hələ də hər kəsin səsini batıran o gədanın, yırtıcının, komsomolçunun səsini, bir də səssiz ahları eşidirik.
Bilirəm, artıq çoxları təslim olub, çoxları tükənib, hələ minlərlə insan təslim olacaq və tükənəcək. Lakin yenə də heç vaxt təslim olmayan insanlar da qalacaqlar və planetar söyüşlərə yox, Sinay, Qaliley ehkamlarına sədaqətlərini qoruyacaqlar. “Ah, ah, tra-ta-ta, xaçsız!” oxuyan və guya hansısa gələcəyin, daha böyük alovun naminə mistik şəkildə yanan Rusiyanın yox, Müqəddəs Serqinin Rusiyasını sevəcəklər. Yanırmış! Sizcə, bu qəlbsiz, fırıldaq söz oyunundan, bu siyasi ritorikadan, bu ədəbi bayağılıqdan əl çəkmək vaxtı deyilmi? Səpmə yatalaqdan, ya da çekistin sillələrindən alışıb-yanmaq səadət deyil! Böyük-böyük şəhərlər, onları bu alovdan xilas eləyəndə hönkürə-hönkürə torpağı öpürdülər.
“Xalq ağları qəbul etmədi…” Neynək, əgər belədirsə, o zaman bu sadəcə xalqın dərin çöküşünün daha bir sübutudur. Ancaq Allaha şükür ki, bu, doğru deyil: onları avaralar, bir də oğurlayıb qarət etdiklərinin əllərindən alınacağından qorxan acgöz zir-zibil qəbul etmirdi.
Rusiya! Mənə onu necə sevəcəyimi öyrətməyə kimin nə ixtiyarı var? Yeri gəlmişkən, yeni gələn rus mühacirlərindən biri öz yazılarında qırmızı əsgərlərin əyləncələrindən, öz komasında tək-tənha yaşayan, arıq itindən başqa heç nəyi olmayan səfil bir qocanı necə öldürdüklərindən (qocanın varlı olduğundan şübhələniblərmiş) danışır.
O yazır ki, qocanın iti cəsədin ətrafında atılıb-düşərək ulayırmış və bu hadisədən sonra bütün qırmızı əsgərlərə qatı nifrət bəsləməyə başlayıbmış: uzaqdan qırmızıların şinelini görən kimi yerindən atılırmış və boğulana qədər qəzəblə hürürmüş! Mən bunu dəhşət və heyranlıqla oxudum və Allaha dua eləyirəm ki, o, rus Qabilinə qarşı mənim içimdə olan köpəksayağı qatı nifrəti son nəfəsimə qədər yaşatsın. Mənim rus Habilinə olan sevgiminsə nə dəstəyə, nə də o dəstəyi almaq üçün dualara ehtiyacı var. Nə olsun ki, ağ əsgərin geyimi həmişə dağ qarına bənzəməyib, – qoy onun xatirəsi əbədi var olsun!
Qall şücaətinin zəfər tağları altındakı naməlum əsgərin məzarı üzərində sönməz alov yanır. Ağ əsgərin yatdığı vəşhi və indi ölü olan rus çölündə isə zülmət və boşluq var. Ancaq Allah neynədiyini yaxşı bilir. O məzara layiq olan tağlar, alov hardadır? Zira ordakı Rusiyanın İsasının məzarıdır və mələyin, o məzarın üzərindəki daşı qaldırdığı gün təkcə ona təzim eləyəcəyəm..
O günü gözləyək. O vaxta qədər isə bizim missiyamız nə nəfsimizə, nə də hay-küyə təslim olmamaq olsun.
Bu, həm hazırkı ədalətsiz zaman, həm də Rusiyanın gələcək haqq yolu üçün həddindən artıq vacibdir.
Bunlardan əlavə, hətta Rusiyadan, xüsusən, onu maddi maraqlarından daha böyük olan bir şey də var. Bu – mənim Allahım və mənim ruhumdur. “Hətta Yerusəlimin xətrinə belə, Allahdan üz çevirmərəm!” Mömin yəhudi heç bir rifahın qarşılığında atalarının dinini inkar etməz. Müqəddəs knyaz Mixail Çerniqovski Rusiya naminə Ordaya getmişdi: lakin hətta Rusiya naminə belə, xanlığın idollarına sitayiş etməyə razılıq vermədi, əzablı ölümü seçdi.
Qədim Rusiyada deyirdilər – hüznlə və kövrək şəkildə deyirdilər ki: “Allah Ordanı dəyişənə qədər gözləyək, pravoslavlar.”
Gəlin, biz də gözləyək. Hazırkı Orda ilə, yeni “həyasız” dünya ilə razılaşmağa tələsməyək.
İvan Bunin
Paris, 29 mart 1924-cü il
Tərcümə: Aygün Aslanlı