Qadının söz-söhbətləri ilə söz söhbətləri arasında yerlə göy fərqi var, bəylər və xanımlar.
M.Qandi: “Bir millətin, bir xalqın mənəvi böyüklüyünün tərəqqisi onun heyvanlarla necə davranmasından görünür”.
A.Tarkovskinin “Stalker” filmində səslənən “Dünyanı utanc hissi xilas edəcək” fikri Dostoyevskinin “Dünyanı gözəllik xilas edəcək” fikrindən qat-qat ağlabatandır.
Dünyada ən böyük cərimə məbləğinin sahibi, adı Ginnes rekordlar kitabına düşmüş adam, Finlandiyanın “ət industriyası imperiyasının” varisi Jussi Salonajadır. Cərimənin səbəbi — 2004-cü ildə avtomobil yol hərəkəti qaydalarını pozmasıdır. Belə ki, Jussi Salonaja saatda 40 km sürət limiti olan yolda maşınını saatda 80 km-lə sürüb. O, heç kimə zərər vurmasa da, radara düşmüş xuliqanlıq 170 000 avro ilə cəzalandırılmışdı. Apelyasiya məhkəməsinədək gedib çıxan hüquqi çəkişmə nəticəsində cərimənin məbləği 100 min avroya endirilmişdi. Finlandiyada cərimələr vətəndaşın illik gəlirinə bağlıdır, standart məbləğ yoxdur.
Təkcə Helsinki şəhərinin 650 000 sakini və 37 kitabxanası var. Balaca, azsaylı Estoniyada hər il təqribən 3 500 adda kitab işıq üzü görür.
Amma Ana 1953-cü ildə Hindistanda doğulmuş xeyriyyəçi qadındır. Onun xeyriyyəçiliyi insanları qucaqlamaqdan ibarətdir. Bu yolla o, dünyanı xilas etməyə çalışır. Onu qucaqlamaq üçün Hindistanda hələ 120 000 insan növbədədir. Bir gündə 19 saat fasiləsiz, ac-susuz insanları qucaqlayan Amma Ana, indiyədək təqribən 25 milyon insana öz hərarətindən pay verib. Lakin bu fəaliyyət Amma Ananın sağlamlığına zərər vurur: illərboyu növbəyə düzülmüş insanları səhər tezdən axşamadək bir-bir qucaqlamaqdan qollarında, çiyinlərində əzələ-sümük problemləri yaranıb, vaxtaşırı müalicəyə ehtiyac duyur. Amma Ana səkkiz-doqquz dəfə dünyanın ən mütərəqqi ölkələrindən olan Finlandiyaya da gəlib. Onun hər gəlişində minlərlə insan onunla görüşmək üçün aylar, həftələr öncə növbəyə yazılır.
Finlandiya mətbuatında Amerika hindularının qurd (canavar) terapiyası haqqında oxuyanda bizim Boz qurd totemi yadıma düşdü. Çoxlarımızın keçmişin bəsit qalığı saydığı totem söhbətləri, sən demə, Avropada yeni-yeni elmi maraq doğurur, onu ruhi naxoşluqların müalicəsində istifadə etməyə çalışırlar.
Tarixçilərə görə, “Çin” adını əski türklər veriblər. Lao-tszının Dao təlimində dao – yüksəlmək, hündür yerə qalxmaq deməkdir. “Dao” sözünün türkcəmizdəki “dağ” sözünə çox bənzəməsi təsadüfdürmü?
Altay dağlarının adı iki sözdən ibarətdir: “alp” və “dağ”. “Alp” – “igid” və “çətin” mənalarında işlədilib. Zaman keçdikcə “Alpdağ” sözü təhrif olunub, “alp” sözündəki kar samit “p” reduksiyaya uğrayıb və dildən çıxıb, söz də Altay kimi qalıb. Bəzi türkdilli xalqlar dağa “tau”, “tay” deyir. Altaylardan uzun yolu çapa-çapa gedib Qərbə çıxan hun sərkərdəsi Atillanın ordusu Mərkəzi Avropada gördüyü əzəmətli dağ silsiləsinə, arxada qoyub gəldikləri doğma Alpdağın (Altayın) adını verib, beləcə o dağlar Alp dağlarına çevrilib.
Finlandiyanın doğum evində sancı çəkəndə divardan asılmış çərçivədə bir cümləyə rast gəldim: “Hamiləliyin yaxşı tərəfi – uşağının harda olduğunu bilməyindir”. Ağrım azaldı.
A.Puşkinin şeirləri Ataol Behramoğlunun yox, Səməd Vurğunun tərcüməsində şeirə bənzəyir.
“Eşq” və “işıq” sözləri ayrı-ayrı dillərə aid olsa da, mahiyyəti eynidir — enerji, elektrik cərəyanı alıb-verməkdən ibarətdir. Bəlkə “işıq” sözü farsların ağzında təhrif olunaraq “eşq”ə dönüb?
Ədəbiyyat terminlərinin qəribəlikləri: nəsr ilə yazılsa da, Qoqolun “Ölü canlar”ı poema sayılır, Puşkinin “Yevgeni Onegin” əsəri isə nəzmlə yazılsa da, roman adlanır.
Finlandiyada ilkin tibbi yardım kursunu bitirənlərə verilən diplomun adı “Qəhrəmanlıq məktəbi”dir (fincə “Sankarikoulutus”).
Finlandiyada “keçmiş prezident” ifadəsi işlənmir. Məsələn, 7-9 il bundan öncə prezident olmuş Tarja Hallonen mətbuatda yenə də Finlandiya prezidenti kimi təqdim edilir.
Jacque Fresco-nun söhbətlərindən: “İspaniyalı bir kralın dil qüsurları varmış. Buna görə də, saray xadimləri, qulluqçuları, sonra isə bütöv bir əyalət bu kral kimi qüsurlu danışmağa başlayıb. Həmin kralın təsiri ispan dilində özünü indi də biruzə verir: bu dildə bəzi səslər qeyri-xalis saitlərdir”.
“Bolqarıstan” sözü Volqa çayı boyunca yaşamış, sonralar Avropaya miqrasiya etmiş türkdilli bulqarların adı ilə bağlıdır. “Rumıniya” sözü də qədim romalıların Rumıniya ərazilərində olmalarının izidir. Bəs “Germaniya” sözünün Quzey İranda, Ərdəbilə yaxın Germi toponiminə bənzəməsi təsadüfdürmü? Almanlar ari tayfalarından olduqlarını deyirdilər. “Ermənistan” sözü də bir zamanlar ermən, ərmən tayfalarının yaşadığına işarədir. Qafqaz Albaniyasında alpan tayfalarının yaşadığıtək. Müasir Albaniya dövlətinin adı da qədim alpanların oralara köçündən xəbər vermirmi?
“Ari” sözünün “arı” sözündən gəlməsi fərziyyəsi var, arı kimi “təmiz, düzənli” deməkdir. Bu fərziyyəni M.F.Axundov adına Rus dili və ədəbiyyatı İnstitutunda çalışan talışmənşəli hörmətli professorumuz İlyas Həmidovdan eşitmişdim.
Dolmalar cürbəcür olur: yarpaq dolması, kələm dolması, badımcan dolması, gözün yaşla dolması, ürəyin sözlə dolması, beynin fikirlə dolması, cibin pulla dolması, səbr kasasının dolması və s.
Ermənilər deyirlər, onların dilində “sarı” – “dağlı” deməkdir, ona görə də “Sarı axçi” mahnısı onlara məxsusdur, “Dağ qızı” deməkdir. Onların istifadə etdikləri “tolma” sözü isə “üzüm budağı” anlamında olan “toli” sözündən yaranıb, türkün “dolma” sözündən yox. Erməni dilini bilən azərbaycanlılar bu haqda nə fikirdədirlər?
Rəsmi istinadlara görə, İncil (Bibliya) 30 000 dəfədən artıq düzəlişlərə məruz qalıb.
Qərbin boyskaut hərəkatı ideyasını Sovetlər ölkəsi “oğurlayıb” pioner təşkilatına çevirmişdi.
Birləşmiş Millətlər Təşkilatı “Aqora” planı üzərində işləyir. Bu plan, planetdə Tanrı ideyasını əvəz etmək üçün hazırlanır.
Tanrısız din yaratmağa cəhd edən bir çox mütəfəkkirlər olub. Onlardan biri Auguste Comte idi. O, Tanrını Böyük Mahiyyət – Grand Etre ilə əvəz etmək istəyirdi. Comte 1848-ci ildə pozitivizm cəmiyyətini yaradıb və özünü yeni Bəşəri Dinin ilk keşişi elan edib.
V.Pelevinin “Külək axtarışı haqda qeydlər” hekayəsini oxuyub şübhəyə düşdüm: bəlkə Pelevin filosof L. Wittgenstein-in reinkarnasiyasıdır?
Hollandiyada siqaret çəkməyən gənclərə dövlət tərəfindən 200 avro mükafat verilir.
1992-ci ildə Bakının ortodoks kilsəsinin qarşısında ilk dəfə canlı dekadent görmüşdüm. O, kilsənin ağzında dilənə-dilənə Nietzsche-nin kitabını oxuyurdu. Vaxtilə fotoqraf-rəssam işləmiş bu dilənçi, incəsənətdə dekadentizm cərəyanı ilə maraqlana-maraqlana özü də dekadentə çevrilmişdi. O vaxt həmin dekadent dilənçiylə tanış olub, Nietzsche-nin kitab dükanlarından tapılması mümkünsüz olan, rusca nəşr edilmiş qalın iki cildliyini pulla almışdım.
Azərbaycanlıların neyrogenezə böyük ehtiyacları var. Neyrogenez – beyində yeni neyronların yaranması deməkdir. Neyroplastiklik — əqli çeviklik də bundan, yəni əqli işlə məşğul olmaqla yaranır.
Ermənistanın Şirak vilayətində yerləşən Arıç kəndinin digər adı Qıpçaqdır. XII əsrdə bu kənddə Hıpçakvank monastırı inşa edilib. O monastır indi də durur. Ukraynalı alim Aleksandr Qarkaveç qriqoryan qıpçaqlarının tarixini araşdırıb. Qıpçaq türklərinin qriqoryanlaşdırılması haqda XIV əsrdə yazılmış “Codex Kumanium” kitabında da məlumatlar qalıb. A.Qarkaveç dəqiq koordinatlar da verir: Venesiya kitabxanasında 1303, № 549. Müqəddəs Mark Kitabxanasının antik şöbəsində saxlanılır. Venesiya tamamilə sulara qərq olmamış Mədəniyyət nazirimiz oraya bir araşdırmaçı yollasa, yaxşıdır.
Cəbrayıl adlı mələyin adının “cəbr” sözü ilə həmahəng olması təsadüfdürmü? Məncə yox. Kainatın, varlığın əsasında riyaziyyatın, cəbr qanunlarının durduğunu bilən alimlər, bu “Cəbrayıl” sözündə metafora görməyə bilməzlər.
Absurd janrında yazan dramaturq S.Bekketin “Qodonun intizarında” pyesinin adındakı Qodo — “god” (tanrı) sözünə işarədir. Yəni “Allahı gözləyərkən”. İnsanın, bütün ümidlərini özünə bağlamaq yerinə tanrını gözləməyinin absurdluğu anladılır pyesdə. S.Bekket həyatının sonunda deyib: “Hər bir söz sükut üzərində lazımsız bir ləkəyə bənzəyir”.
“Bütün mövcud dillərin vahid kökünü axtaran Herman Wirth, qurduğu sistemin sonuncu fəqərəsini Sibir inanclarında araşdırmaq istəyirdi, lakin məlum səbəblərdən Sibirə gedib çıxa bilməmişdi. Digər bir araşdırmaçı Swedenborgun fikrincə, itirilmiş Söz, Parole Devassee, “Tartariya müdriklərində” axtarılmalıdır”. Bu cümlələr A.Duginin “Tradisionalizm fəlsəfəsi” kitabındandır. Məni isə fikir alıb gedir: əcaba, bu “itirilmiş Söz, Parol”, olmaya, kalka edilərək latın dilinə “religiya” (“bağlamaq”, “bağ”) kimi keçən bizim öz “bağ” sözümüzdür? Bəlkə “qut” sözümüzdür? Latın mənşəli dillərə “god” və “good” kimi, almancada “gut” kimi işlənilir. Bu Avropa dilçilərinin Sibirlərdə, Tartariyada tapacaqlarına əmin olduqları başqa hansı açar sözlər ola bilər? Qəribə yazıçımız İsa Hüseynov Muğanna da iddia edirdi ki, Vatikanda gizli saxlanılan qədim kitablarda Nəsimi allahı Bağ adlandırıbmış. Çox güman, atı əhliləşdirən, hər tərəfə çaparaq səpələnən türklər dünyanı tanıya-tanıya sözlərini də dünyaya səpələyiblər.
Alla Puqaçovanın adı da, Ella adı da, Kərkükdə həm qadınlara, həm də kişilərə verilən Ala adı da eyni mənşəlidir. İncildəki “Elohim” sözü zaman içində biçimini dəyişib və “Allah” sözünə çevrilib. İnsanlar isə bu təhrif olunmuş sözləri övladlarına verirlər. Qədim yəhudilərin “Elohim” adını haradan, nə zaman aldıqlarına dair fərziyyələr dilçiləri və tarixçiləri qədim şumerlərə aparır, onlar “el” və “ağ” sözlərinin üstündə baş sındırırlar. Burada biz yenə Muğannanın “Ağ Əl, ağ əlim”, “ağ, təmiz enerjim, gücüm” fərziyyəsinə gəlib çıxırıq. Asif Atadan bu hadqa fikirlərini bildirməyi xahiş edəndə mənə belə cavab vermişdi: “Muğannanın bu pantürkist fikirlərini qətiyyən qəbul etmirəm. İsa Hüseynov türkləri ən qədim xalq sayır. Bu isə doğru deyil. Biz — səlcuqların varisiyik”…
Tarixçi Murad Acı rus dilinin yaranmasını araşdırarkən tarixi əlyazmalar və sənədlər vasitəsiylə aşkar etmişdi ki, rus dili 1726-cı ildə ”türk dilinin slavyan ləhcəsi” adıyla meydana çıxıb. Bu termin ilk dəfə o vaxt akademik Treadiakovski tərəfindən işlədilibmiş. M.Acı bu məlumatı Moskvanın Lenin adına kitabxanasından, həmçinin Milenti Smotriçkinin ”Qrammatika” əsərindən götürmüşdü… Rusların soyadlarındakı ”-ov”, “-yev” şəkilçilərinin yaranması, bax, beləcə durulur: adamın mənsub olduğu ailəni, tayfanı, evi göstərirmiş ”ov, ev.” Məsələn, ”İvan evi, Pavel evi”, fərqli ləhcələrdə ”Nilolay öyü (övü)”. Sonralar dilçilərin yaxşı bildiyi bəzi linqvistik qanunlara görə, belə sözlər bitişik işlədilib və rusların söz şəkilçiləri kimi qalıb.
Rus dilindəki “овраг” sözünün mənşəyi ovulmuş mənasını verən bizim “ovalıq” sözündəndir.
“Kaşa” sözü bizim ”xaşıl” sözündəndir. Rusların bunu bilib-bilməmələri problem deyil. Problem — yemək bişirmək üçün pulun təmiz, qanuni yolla qazanılması və insanın ləyaqətli yaşamasına yetib-yetməməsidir.
Yoqa – yığmaq, birləşdirmək deməkdir. Dilimizdəki “yığmaq”, “yoğurmaq” sözlərinə bənzəməsi təsadüfdürmü? Bəs “bağlamaq”, “bağ” sözümüzün rus dilindəki “boq” sözünə bənzəməsi necə?
“Yoqa inamdır, lakin bu inamı idmanlaşdırırlar”. Bu fikri Asif Atadan eşitmişdim, internetin olmadığı çağlarda. Hakti-yoqanın buddist keşişi Sivarama Swami də söhbətlərində bu fikri təsdiq edir.
Bhaqavan (bhagavan): buddistlərdə bu söz “əkmək, becərmək” anlamındadır və “meditasiya” anlayışının əski və əsl adıdır. Necə də “bağban” sözümüzü xatırladır?! Yenə Muğannanın “Qapalı dünyası”nı yada salır, Nəsiminin şeirlərindəki “bağban” sözünün gizli mənasını düşünürəm. “Kultura” sözü də “əkib-becərmək” anlamını verir.
Brahma—Avraam—İbrahim…
Düşmənlər bilməsin, öz aramızda, “barbar” sözü elə bizim “var var” sözümüzdür.
Günəş dil teoriyasını Zəki Vəli Togan və sovet alimi Nikolay Y. Marr irəli atmışdılar… Muğannanın “İdeal” romanı bu unudulmuş (unutdurulmuş?) nəzəriyyə üzərində bir növ refleksiyadır.
El-obasından küsüb inciyənlər hər xalqda var. James Joyce yazırdı: “İrlandiya öz uşaqlarını gəmirib udan donuzdur”. Şair Dmitri Merejkovski yazırdı: “Aah, vətənə nifrət etmək necə şirin duyğudur!” (“Как сладостно отчизну ненавидеть»).
Rəssam Picasso ölümündən bir az öncə: “Əsl rəssamlar — Giotto və Rembrandtdır. Mən isə öz zamanını anlamış klounam. Ədabazlıq edə bilənlər suda batmayacaq, yerdə qalanlar isə rəssam kimi tanınmayacaqlar” – demişdi.
Steve Jobs, Fransanın Yunus Emresi sayılan Laroşfuko haqqında: “Bəsitlik düşüncənin ən üst formasıdır. Bəsit sadəlik — sənətdə, elmdə, dizaynda, həyatın bütün sahələrində kamillik zirvəsi sayılır”.
Dostoyevskidən soruşurlar: “Tanrının insanlarla haqq-hesab çürüdəcəyi zaman tərəzinin bir gözünə bəşəriyyətin bütün günahları qoyulsa, xeyir işlərin daha ağır gəlməsi üçün o biri gözünə nə qoyardın?” Dostoyevski cavab verir: “Don Kixot” kitabını”.
Filosofların bir-birini bəyənməməsi hər zaman olub. Nietzsche Socratesi tənqid edir, onu soyuq məntiqçi adlandırırdı.
Jean Sibelius 91 il ömür yaşasa da, sadəcə 36 yaşınadək musiqi bəstələyib. Buna baxmayaraq, Finlandiyanın ən önəmli və nüfuzlu bəstəkarı sayılır.
Rene Genonun “Ənənə” təlimi, Derridanın dediyi dekonstruksiyadan xəbər verir. Oruc, namaz, həcc, zikr, dua, qurban və s. dini atributlar İbrahimi dinlərə dekonstruksiyaya uğrayaraq qədim Hindistandan keçmişdi.
Aldous Huxley-ə görə, “Əbədi Fəlsəfə” var. O, mədəniyyət biçimini alaraq dönə-dönə bəşəriyyətə qayıdır.
“Büt” və “Budda” sözünün qohumluğu. Çox güman ki, “büt” sözünün yaranmasına əsrlər boyu Asiyada Sidhartha Qautama Buddaya düzəldilən saysız-hesabsız Budda heykəlləri səbəb olmuşdu. Yaxın Şərq dinlərində bütlərə sitayiş etmə yasağı da bu səbəbdən yaranmışdı.
Namaste – Hindistanda salamlaşma, sayğı, təşəkkür bildirmə sözüdür. “Namaz” sözü İslama İpək yolu ilə Hindistandan gəlmiş, dekonstruksiyaya uğramış ola bilər. Qədim sanskrit dilində «namah» — “səcdə, heyrət” , «te» — “sənə” deməkdir. Namastenin anlamı: «Mənim içimdə olan ilahilik, səndə olan ilahiliklə birləşir”. Namaste – bütün Varlığın ruhani vəhdətdə olmasının etirafıdır, hər şeydə Tanrı görmək və hər şeyə sevgi bəsləmək bacarığıdır.
Yazıçı V.Pelevinə görə, “amin” sözü, müqəddəs hind kəlməsi “OM”dan əmələ gəlib.
Upanişadlarda, vedalarda sutralar var. Qurani-Kərimdəki surələr kimi. Yəqin, sutra və surənin mənşəyi də eynidir.
Smartfonların ilk dəfə satışa çıxarıldığı 2005-ci ildən başlayaraq Finlandiyada mütaliə həvəsinin azaldığı müşahidə edilib.
İncil erməni dilinə 432-ci ildə Suriya dilindən tərcümə edilib. Gürcü dilinə isə V əsrdə erməni dilindən çevrilib. Orta əsrlərdə ilk erməni tərcüməçilər müqəddəslər sırasına daxil edilirmiş. İndiyədək də ermənilər hər il Müqəddəs Tərcüməçilər Gününü qeyd edirlər. (Vikipediyadan)
Wittgenstein, “Məntiqi-fəlsəfi traktat” əsərini bütövlükdə I Dünya Savaşı zamanı səngərdə yazmışdı.
Muğam — insanın pillə-pillə yüksəlməsi yolu, praktikası dastanıdır. Lakin sonralar bayağılaşdırılaraq öz ruhani mahiyyətindən ayrılıb, əyləncə vasitəsinə çevrilib. Ken Wilberin “Hər şeyin nəzəriyyəsi” kitabında da, həmçinin digər mütəfəkkirlər də, şüurun pillə-pillə, mərhələ-mərhələ yüksəlməsi barədə yazırlar. Ən yüksək mərhələlərə qalxmaq nadir insanlara nəsib olur. Asif Atanın “Muğam fəlsəfəsi” əsəri muğamın məhz pilləvari metafizikası haqqındadır.
7- Universum
6- Ruhani İdeya
5- Mütləq anlayışı
4- Zəka nəticələri
3- Mülahizə bacarığı
2- Sağlam fikir
1- Adi baxış
Noam Chomsky deyir: “Müəyyən bir Mütləqin olduğunu düşünürəm. Amma lütfən bu haqda ətraflı danışmağımı istəməyin. Başımda onun sadəcə ümumi mənzərəsi var. Real ədalət anlayışının təməli olan, fundamental insani keyfiyyətlərə söykənən nəsə bir Mütləq mövcuddur”.
İraqlı tərcüməçi həmkarımdan eşitdiyim: “Bir zamanlar siyasi səbəbdən İraq həbsxanasında mənə işkəncə verən adam, Səddam Hüseynin o keçmiş həbsxana işçisi də sığınacaq alıb, indi Helsinkidə sərbəst yaşayır. Onun Helsinkinin ticarət mərkəzində alış-veriş etdiyini görəndə bədənim sızılamağa başladı…”. Digər həmkarımın doğmaca atası – Səddam Hüseynin keçmiş generalı da — Finlandiyadan siyasi sığnacaq alıb.
Rus mütəfəkkir-şair Çaadayev yazırdı: “Pravoslavçılığı qəbul emək — Rusiyanın ən böyük faciələrindən biridir”. Asif Ata deyirdi: “İslam türkün belini qırdı”.
Əsgərliyini Sovetlər zamanı Abşeronda keçirmiş rusiyalı məşhur yazıçı Aleksandr İliçevskinin “Abşeron polkunun əsgərləri” adlı hekayələr toplusu var.
Yerin cazibə qüvvəsi kimi Göyün də cazibəsi var. Hər ikisi də gözə görünmür. Yer cazibəsini, yəni qravitasiyanı ölçən düsturlar var. Göy cazibəsi isə ancaq insan ruhu ilə ölçülür. Ölçü üsulu hazırlana bilsə, onu yalnız kvant üzrə fizikaçılar hazırlayacaqlar.
Dzen ustası Suzuki: “Ciddiyətlə danışsaq, nurlanmış insan yoxdur. Nurlanmış hərəkətlərin gerçəkləşməsi vardır ancaq”.
Nurlanma. Dzen buddizmdə ifadə var: “Nurlanmayanadək, birinci — odun qır, ikinci — su daşı, nurlanandan sonra — odun qır, su daşı”. Nurlanmayanadək insan — daşı dağın başına diyirləməlidir. Nurlanandan sonra da insan dağın başına daş diyirləməlidir. Bəs dəyişən nədir? Dəyişən — mövcud olana qarşı daxili müqavimətdir. Mübarizə bitir, daha düzgün desək, mübarizə aparanın illüziya olduğu dərk edilir. İndividual iradə və ya individual ağıl, ilahi iradə və ali idrak bir-birinə köklənir.
Fallos kultu qədimlərdən günümüzədək gəlib çatıb. Bu, dini minarələrimizdə özünü açıqca göstərir. Yaponiyada, Asiyada fallos kultu davam edir, fallosa həsr edilmiş bayramlar indi də hər il təşkil olunur.
Nə yaxşı, Çeçenistanın naxço adlı xalqı da Naxçıvan ərazilərinə iddia etmir.
Krım yarımadasında Kerç şəhəri, Naxçıvanda isə Kərçi kəndi var. Krımda Sivaş bataqlığı, Türkiyədə isə Sivas şəhəri var.
Uyğur türkləri elə bilirlər, Ön Asiya türkləri islamı qəbul edib əlləri bala batıb, bunlar geridə qalmışlar. Çin də deyir, ərəbləşməkdənsə, gəl elə çinləş…
Çoxbilmişlər çox bilənləri həyatda üstələyir.
Asif Atanın “Rəmzlər” kitabından: “Ərəb – eyşə qurşanan. Türk – döyüşə qurşanan”.
“Otaq”, “oda” sözləri mağaralarda yaşayan ibtidai adamın ikisəsli hecalar tələffüz etməyi öyrəndiyi dönəmlərdən yadigardır. Mağaranı, ətrafı işıqlandırıb işıqlı, ağ edirdi ortada qalanan ocaq. Hər yan “od-ağ” olurdu.
Tarixdə çox döyüşən türkün dilindəki “vur!” feli rus dilinə “urra!” (vur ha!), ingilis dilinə isə müharibə mənasında olan “war” sözü kimi keçib.
A.Duqinin mühazirəsindən: Heidegger-in “Zaman və Varlıq” əsərindəki əsas ideya dzen-buddizmin əsas ideyasından nə dərəcədə fərqlənir? Deyilənə görə, Heidegger, dzen-buddizm ustaları Teytaro Sudzuki və Kitaro Nisitani ilə ünsiyyətdə olub. Heidegger-in həyatının sonuna yaxın yaratdığı əsərlər fəlsəfi deyil, poetik-teoloji əsərlər sayılır. Elmi-fəlsəfi dilin Heidegger-ə yetərli olmamasından imiş.
Deyirlər, insan qidasız 30-40 gün, susuz 3 gün, nədəsə nəyinsə mənasını axtarıb-tapmadan cəmi 30 saniyə yaşaya bilər.
Jon Lehrer adlı neyrofizioloqun qənaətinə görə, idrak, istisnasız olaraq emosiyalar üçün mövcuddur. Platon, möhkəm ol!
J.P.Sartre “Dialektik şüurun tənqidi” əsərini yazarkən çox şərab içir, amfetamin və aspirin qarışıqlı koridran adlı narkotik həblər istifadə edirmiş. Hətta 1-2 həb yerinə gündə 20 (!) koridran qəbul edirmiş. Bundan əlavə bolluca siqaret çəkirmiş – gündə 2 qutu; bir neçə müştük də qara tütün. Bir litrdən çox alkoqol (şərab və pivədən tutmuş araq və viskiyə qədər), üstəgəl 200 mqr amfetamin, 15 qram aspirin, bir neçə qram barbituran qəbul edirmiş. O, bunların hamısını – çay, kofe və yağlı qidadan əlavə qəbul edirdi.
Stanislav Lem, B.Russelin Hegeli büsbütün idiot adlandırmasıyla tamamilə razı idi.
Türk sözü “Doğa” – “doğan” sözündən “n” səsinin düşməsindən yaranıb. Təbiət doğur, doğurur, təbiət doğandır, yaradandır, anatək.
İslandiyanın 100% ateist ölkəsi olmasına baxmayaraq, əhalisi yeni bir asfalt yolun çəkilməsinə icazə verməyib. Səbəb: onların fikrincə, orada mələklər yaşayır.
Azərbaycanlılar hansı mədəni areala aiddir? Tarixçi E.Renan fransızları dilə görə rumlu, sivilizasiyaya görə yunan, inanca görə isə yəhudi sayırdı. Bu metodla biz də – dilə görə turk, sivilizasiyaya görə – İran, inanca görə – ərəbik, deyə bilərik.
Michel Houellebecq-in romanlarındakı erotik-pornoqrafik səhnələr, V. Sorokindən fərqli olaraq, oxucunu epataj yolu ilə kitab almağa cəlb etmək cəhdi deyil. Avropalının öz fantaziyalarını, istəklərini maneəsiz gerçəkləşdirdiyini göstərən Houellebecq, ”hər oyundan çıxan” insanın həyatını mənalı davam etməsi üçün bədənsəllikdən üstün bir şeylərə – dayaqlara ehtiyacı olduğunu duyurur oxuculara.
Nələr olur ya! Camillo Golgi və Santiago Ramón y Cajal adlı alim-histoloqlar 1906-cı ildə fiziologiya və tibb üzrə Nobel mükafatı alıblar. Onlar eyni rentgen şəkillərində görünən beyin sinir strukturuna tamamilə əks fikirlər yürütmüşdülər.
”Azərbaycan ədəbiyyatının ”məhəlli, lokal” ədəbiyyat olduğunu, yazarlarının dünyada tanınmadığını deyənlər ”Eşşəkarısının balı” romanının müəllifini tanıyırlar? Bu – ədəbiyyat üzrə Nobel mükafatı komitəsinin üzvü, İsveç yazarı Torqni Lindqrendir. Küsülü iki qardaşın uzun illər sürən lokal, məhəlli faciəsini anladan roman, hər insan faciəsinin Həyat adlı faciənin fraktal hissəciyi olduğunu göstərir. Azərbaycan yazarları da bizim qismətimizə düşən fraktal hadisələri, faciələri qələmə alırlar. Dünyanın o biri tərəfində o biri fraktal dənəciyi qələmə alan yazarlar kimi. Məhəlli ədəbiyyat anlayışı uydurmadır. Bütün dünya ədəbiyyatı əslində məhəllidir. Problem – istedad, tərcümə və təbliğat problemidir.
Ürək çatışmazlığıtək vicdan və empatiya çatışmazlığı da xəstəlikdir. Bu xəstəliyin adı psixopatiyadır.
Kimisi yaşanılanları romanlara çevirir. Kimisi isə romanları yaşamına çevirir. Kimisi duyğularını qələmlə kağıza yazır, kimisi barmaqlarıyla kompyuterdə, kimisi isə su ilə yazır, gözyaşları suyuyla. Öz üzündə.
İki Əfəndiyev. 1992-ci ildə “Молодежь Азербайджана” qazetinin redaktoru Əfəndiyev (adını unutmuşam) həvəskar gənclər üçün 1-2 aylıq pullu jurnalistika kursu təşkil etmişdi. Mən də o kurslara yazılmışdım. Bir gün kursdan sonra onunla ölkəmizdəki psixoloji-mənəvi, siyasi-sosial durumdan, metafiziki axtarışlarımdan, yeni tanış olduğum Asif Ata (Asif Əfəndiyev) fəlsəfəsindən danışdım. Respublikanın qabaqcıl gənclər qəzetinin rəhbəri Əfəndiyev mənə hər gün Quran-Kərimi başımın üstünə qoyub evdə 30 dəqiqə ora-bura addımlamağı məsləhət gördü.