75 il əvvəl bu gün Leninqradın blokadası bitdi. II Dünya Müharibəsinin Şərq Cəbhəsində bəlkə də ən faciəli mühasirə epopeyası bu gün adının dəyişib yenidən Sankt-Peterbuq edilmiş şəhərdə, Rusiyada və ümumiyyətlə bütün dünyada qeyd edilir. Hətta bizim mətbuat da bu mövzudan yan keçməyib.
Xatirədən sui-istifadə edilirmi?
Dünya mətbuatında gözümə dəyən bir neçə memorial xarakter daşıyan yazılardan ən prinsipialı, bu günlərdə “Süddeutsche Zeitung” qəzetində dərginin Moskva müxbiri Silke Bigalke tərəfindən yazılmış “Moskau missbraucht das Gedenken an Leningrad” (Moskva Leninqrad xatirəsindən sui-istifadə edir) məqaləsi idi.
Məqalədə jurnalist xanım qeyd edir ki, Rusiyada bu mövzuda heç bir təftişə yol verilmir və “5 il əvvəl “Dojd” TV kanalı yüz minlərlə insanın xilası naminə Leninqradın təslim edilməsinin mümkünlüyü haqdakı sorğu, hakimiyyətdən gələn basqılar nəticəsində sonradan kanalın rəhbərliyi tərəfindən silinmişdi. Rejissor Alexey Krasovskinin yenicə lentə aldığı “Bayram” tragikomedik filminin premyerası da Rusiya kinoteatrlarında deyil, Youtube-da kanalında baş tutmuşdu, indi isə o film şikayət nəticəsində oradan da silinib.”
Eyni zamanda xanım Bigalke qeyd edir ki, “Blokada qurbanları belə baxış bucağından təqdim olunur ki, güya onlar öz həyatlarını müstəsna olaraq rus xalqının qələbəsi üçün verdilər. Bununla sanki onların faciəli ölümləri doğruldulur, sanki onlar könüllü olaraq aclıqdan ölmək istərdilər. Bütün bunlar olmuş hadisənin əhəmiyyətini azaldır və bu təhlükədir.”
Fəlakətin başlanğıcı. Təbliğata girov olmuş əhali. Paralel dünyalar.
Leninqradın mühasirəsi 1941-ci ilin 8 sentyabrında, almanların Ladoqa gölünə çıxması, Şlisselburqu nəzarətə götürməsi ilə başladı və ayın 19-da Wehrmacht artıq şəhərin 10 kilometrində idi. Şimaldan isə sovetlərin cəmi bir il əvvəl işğal etdikləri Finlandiyanın ərazilərini azad etmək üçün fin ordusu gəlirdi, beləcə fin və almanlar tərəfindən şəhər çox tez halqaya alınır. Hitler nə qədər şəhərin hücumla götürülməsində təkid etsə də, alman baş qərərgahının generalları onunla razı olmayıb, bunun orduda çox böyük qurbanlara gətirəcəyi arqumenti ilə mühasirəyə üstünlük verirlər, beləcə şəhər blokadaya alınır.
Hitlerin planı kommunizmin banisinin adını daşıyan bu şəhərin yer üzündən silinməsi, onun 3 milyonluq əhalisinin də total məhvi idi, nasistlərin planına görə, bu şəhərin yerinə 200 minlik kiçik bir şəhərcik olmalı idi. Bu səbəbdən də halqaya götürülmüş şəhəri Luftwaffe dayanmadan bombardıman edirdi, şəhərdən yeganə çıxış yolu isə yalnız qışda, Ladoga gölü donan zaman buz üzərindən idi. Beləcə istər hərbiçilər, istərsə də mülki əhali üçün Ladoga gölü üzərində keçən yeganə “həyat yolu” fasiləsiz amansız bombardımana məruz qalırdı və şəhəri istər bu yolla, istərsə də təyyarələrlə tərk etmək olduqca təhlükəli idi.
Beləcə mühasirədə 1,5 milyonadək insanın həlak olduğu iddia edilən Leninqradın blokadası 872 gün davam etdi. Yalnız 1944-cü ilin 24 yanvarında Leninqrad və Volxov cəhbəsi qüvvələrinin hücumu ilə 27 yanvarda mühasirə aradan götürüldü.
Bu 872 gündə şəhərdə, insan şüurunun dərk edə bilməyəcəyi çox şeylər baş verdi – bəlkə doğrudan da heç bir sənət əsərinin bunu ifadə etməyə qüdrəti çatmaz. Blokadadan sağ çıxmağa müəssər olmuşların şəhadətinə görə ən dəhşətlisi şəhərin almanlar tərəfindən dayanmadan artilleriya atəşinə tutulması, mütəmadi olaraq hər gün baş verən bombardımanlar, düşmənin şəhərdəki diversiya cəhdləri və bunun qarşılığında şübhəli nəzərlərlə hər addımda qarşılaşılan NKVD görəvliləri, hətta 1941-ci ilin fəlakətli şaxtaları fonunda şəhərdəki istilik, elektrik və su təhcizatı sisteminin ümumiyyətlə sırada çıxması da deyildi. Leninqrada gəlmiş ən dəhşətli hadisə ACLIQ idi.
Bu fenomen homo sapiens adlanan primatın bütün mövcud mədəni laylarını aradan qaldırır və onun necə yırtıcı bir heyvan olduğunun daxili anatomiyasını açırdı. İnsanlar nəinki bütün küçə heyvanlarını, ölmüş atları, hətta insan meyitlərini imkan tapdıqca qida kimi istifadə edirdi, bundan başqa dəridən istehsal edilmiş çantalar, kəmərlər, ayaqqabılar və hətta yapışqan da yeyilirdi. Küçələrdə meyitlərin qalaqlanması ən adi işə çevrilmişdi, istənilən adam küçədə halsızlıqdan yıxılsa ona kömək edə biləcək kimsə olmurdu. Evdə ölənlərin meyitlərini isə yaxınları aylarla evdə gizlədirdilər ki, ona çatacaq çörək çeklərini ala bilsinlər.
NKVD və ordunun xüsusi xidmətinin şəhərdə ayaqda olmasına baxmayaraq uşaqların, eyni zamanda zəif insanların küçədə gəzməsi belə qorxulu idi – oğurlayıb apara bilərdilər. Kannibalizmə görə neçə-neçə insan xüsusi xidmətlər tərəfindən cəzalandırılıb məhv edilmişdi. Bir gününə cəmi 125 qr. (işçilərə 250 qr.) qara çörəyə məhkum edilmiş (bəzi başqa cüzi qida məhsulları hər 10 gündən bir verilirdi) leninqradlılar qəflətən bəşər tarixinin ən ağır sınaqlarından biri ilə üzləşmişdilər.
Bu dəhşətlərin fonunda Leninqradda paralel bir neçə dünya vardı. Yoldaş Jdanovun rəhbərliyi altında yerli partiya komitəsi, NKVD və başqa xüsusi xidmətlər kifayət qədər geniş çeşidli qida və bütün zəruri materiallarla təhciz edilirdi. Bu dünyaya sadə insanlara giriş yasaq idi, zatən onların heç xəbəri də yox idi ki, bərabərliyi ideologiyasında bayraq etmiş bir dövlətin funksionerləri özlərini ən ağır şəraitə girov edilmiş müdhiş günlər yaşayan adi insanlardan nə qədər fərqli bəsləyirlər.
Eyni zamanda təbliğat və nə qədər təəccüblü olsa da şəhərin kültür həyatı davam etməkdə idi. Hələ oktyabrın 5-də – gözlənilən ən dəhşətli qışın əvvəlində – şəhərdə konsert sezonu açıq elan edilmişdi, Vladimir Sofronitski kimi bir pianoçu çıxış edəcəkdi. Konsertlər Leninqrad radiosu ilə translyasiya edilirdi, bunun çox vacib siyasi və təbliğat əhəmiyyəti vardı. Əlbəttə ki, konsertlər davam edə bilməzdi, bir qədər sonra şəhərdə demək olar ki, musiqiçi qalmadı, bəziləri cəbhəyə aparıldı, başqaları arxaya evakuasiya edildi, Leninqrad radiosu isə, şəhərdə hansı dəhşətlər baş versə da, bircə gün də susmadı.
Bu konsertlər silsiləsinin qırılmaması, totalitar rejimin təbliğatı üçün çox vacib idi, amma sistem təşkilati mənada var gücü ilə çalışsa da, kültür vərdişləri də öz rolunu oynayırdı, çünki NKVD evlərə girib insanları zorla konsertə apara bilməzdi. 1941-ci ilin az qala bütün qışı davam edən konsert silsiləsi, 11 yanvar 1942-ci ildə Kapelladakı son konsertlə qırılır.
Yeddinci Simfoniya “Leninqrad”. Bəstəkarın taleyi.
Leninqrad blokadası haqda çox yazılıb, çox araşdırmalar edilib, filmlər çəkilib, lakin biz bu gün, bu şəhəri həqiqətən də tarixə Leninqrad kimi yazmış kültür hadisəsindən bəhs edəcəyik. XX əsrin mifə çevrilmiş bəlkə də ən böyük kültür hadisələrindən biri, dahi bəstəkar Dmirti Şostakoviçin bu şəhərə ithaf etdiyi “Leninqrad” adlanan Yeddinci Simfoniyadan.
Şostakoviç sovetlərin qeyri-rəsmi baş bəstəkarı statusunda idi, hətta 1936-cı ilin yanvarında “Pravda” qəzetində onun əleyhinə dərc edilmiş ittiham xarakterili “Musiqi yerinə cəfəngiyyat” məqaləsi də, onu bu statusdan məhrum etməmişdi. Normalda sovetlərdə “Pravda”nın ittihamından sonrakı gün, o adam artıq yox olurdu, necə ki, Şostakoviçin həyat yoldaşı Nina Varzarın valideynləri həbs edilib güllələnmiş, bəstəkarın böyük bacısı Mariyanın əri də güllələnmiş, özü isə Qırğızıstana sürgünə göndərilmişdi. Bundan başqa onun çox yaxın dostları – tamaşasına bəstəkarın musiqi yazdığı dünyaca məşhur rejissor Meyerhold, Vətəndaş Müharibəsinin qəhrəmanı sayılan gənc marşal Tuxaçevski və daha onlarla ad-sanlı vacib ictimai fiqurlar bir qədər öncə, bir qədər sonra məhv edilmişdilər.
Bu dəfə isə Şostakoviçin növbəsi idi, bəstəkar “Mtsensk qəzasının Ledi Makbeti” operası ilə Stalin və Jdanovun qəzəbinə tuş gəlmişdi, məqalə də həmin səbəbdən ölkənin baş qəzetində dərc edilmişdi. Ona ən yaxın insanları repressiyalarda itirmiş gənc bəstəkara bundan ağır və sardıcı zərbə ola bilməzdi.
Bu elə bir dövr idi ki, bəstəkar artıq məhbus çamadanını yığmış və evdə hazır vəziyyətdə gözləyirdi. Bu dövrdən ona miras qalan təkcə əbədi qorxu olmayacaqdı, həm də qəribə vərdişləri peyda olacaqdı, məsələn evində olmuş şahidlərin dediyinə görə o, qapısına çox-çox kilidlər vurardı, sanki bu kilidlər onu NKVD-nin dəri kostyumlu cəlladlarından xilas edə bilərdi.
Böyük klassikimiz Qara Qarayevin qızı Züleyxa Bağırovanın xatirələrində belə bir epizod da var: 1948-ci ildə sovetlərin baş ideoloqu A.Jdanov tərəfindən qəbul edilmiş məlum Qərar ilə Şostakoviç damğalandıqdan, dərs verdiyi hər iki konservatoriyadan (Moskva və Leninqrad) uzaqlaşdırılandan, əsərlərinin ifasına qeyri-rəsmi qadağa qoyulandan sonra, yığılmış çamadan üstündə oturub həbsini gözləyəndə, bir dəfə tələbəsi və dostu Qarayevə zəng edib, onu evinə dəvət edibmiş. Bir yerdə gözləmək üçün.
Bunu təsəvvür etmək belə dəhşətdir, çünki 1948-ci ildə Şostakoviç artıq dünya şöhrətli bəstəkar idi, onun məşhurluğunu nə o zaman, nə də indi, XX əsrdə yaşamış hər hansı başqa bir bəstəkar ilə əsla müqayisə etmək olmaz. İndiki zaman yüksəkliyindən mübaliğəsiz olaraq yanılmadan demək olar – həm o zaman, həm də indilərdə Şostakoviç XX əsrin ən çox ifa edilən bəstəkarıdır.
Yaranmış bu vəziyyətdə onun 1936-cı ildə bitirilmiş Dördüncü Simfoniyasının ifasından söhbət belə gedə bilməzdi. Bu əsər o zaman Leninqrad filarmoniyasına ifa üçün təqdim edilsə də kənara qoyulur və onun partiturası blokada zamanı itirilir. Bəstəkarın özündəki yeganə əlyazma isə 1941-ci ilin oktyabrında Moskvadan Kuybışev (indiki Samara) şəhərinə evakuasiya zamanı çamadanından oğurlanır. Üstəlik 4-cü ilə bərabər, 3 və 5-ci simfoniyaların əlyazmaları da itir. Yalnız bu hadisələrin üstündən 25 il keçdikdən sonra, məşhur sovet dirijoru Kiril Kondraşin Leninqrad filarmoniyasının arxivində tapılan, simfoniyanın instrumental səsləri vasitəsilə bu əsəri bərpa edərək ilk dəfə səsləndirir.
O zaman hansısa mövcüzə sayəsində Şostakoviç bu işlərdən sağ çıxa bilmişdi. Fəlakətli 1937-ci ildə bəstəkar öz yaradıcılığının böyük zirvələrindən biri və bəstəkarlıq üslubunda yeni mərhələ sayıla biləcək Beşinci Simfoniyasını yaradır. Ölkədəki siyasi-ictimai vəziyyətin müstəsna gərginlikdə keçməsinə rəğmən, bəstəkarın dostu, görkəmli dirijor Yevgeni Mravinski bu əsəri Leninqrad filarmoniyasında ifa etməyə özündə cəsarət tapır.
Dörd hissədən ibarət, klassik formada yazılmış bu dramatik Simfoniya, Şostakoviçin əvvəlki simfoniyalarından öz monumentallığı və 1920-ci illərin “avanqard” prinsiplərindən tam imtina ilə səciyyələnir. Əsərin sonluğunun majorla bitməsi isə rəhbərliyin çox xoşuna gəlir, onlar Simfoniyanın bu Malersayağı sonluğunda yoldaş Stalinin yeni meyarlarına (“Жить стало веселей”1) uyğun, cəmiyyətə “optimist” mesaj görürlər. Beləcə əsər istər siyasi rəhbərlik, istərsə də musiqi ictimaiyyəti tərəfindən bəyənilir və bəstəkar bir qədər keçdikdən sonra “reabilitasiya” olunur, 1940-cı illərdə Qızıl Əmək Bayrağı ordeninə, 1941-ci ildə isə artıq I dərəcəli Stalin mükafatına layiq görülür.
Müharibənin başlanması. Simfoniyanın yaradılış tarixi.
1941-ci ildə müharibə bəstəkarı öz doğma şəhərində, Leninqradda yaxalayır. İyunun 22-də Leninqradda hələ kimsənin ağlına belə blokada fikri gələ bilməzdi. Sovet təbliğatı sonradan belə təsvir edəcəkdi ki, patriotik bəstəkar faşistlərin gözlənilməz hücumundan təsirlənir və oturub onları ifşa edən simfoniyaya başlayır. Əslində isə bir çox fakt bunun tam əksini sübut edir və Şostakoviç irsinin ən vacib araşdırmaçılarından biri olan musiqişünas Solomon Volkov ümumiyyətlə hesab edir ki, bu əsər siyasi rəhbərliyin planlarına uyğun olaraq əvvəldən yazılmağa başlamışdı.
İkinci dünya müharibəsinin rəsmi-ənənəvi versiyasından tamamilə fərqlənən konsepsiya ilə çıxış etmiş alternativ tarixçilər Viktor Suvorov və Mark Soloninin fikrinə görə, 1939-da qəflətən müttəfiqə çevrilmiş iki totalitar rejim – Üçüncü Reich və Sovet İttifaqı arasındakı münasibətlər yalnız Hitlerin deyil, eləcə də yoldaş Stalinin hücum planının mövcud olduğundan xəbər verir. Bu tarixçilər tərəfindən 1939-41-ci illər tarixinin dərin və detallı-diqqətli təhlili göstərir ki, Sovet İttifaqının 1941-ci ilin yayında Hitler tərəfindən tamamilə ələ keçirilmiş Avropaya, yəni onu öz hakimiyyəti altında birləşdirmiş Üçüncü Reich üzərinə hücum planı, yoldaş Stalinin əmri ilə marşal Jukov tərəfindən artıq hazırlanmışdı. Bu plana uyğun olaraq Sovet İttifaqında almanlarla müharibəyə hərtərəfli hazırlıq gedirdi və 1941-ci ilin iyulunda almanlara Prussiya və onların müttəfiqi Rumıniya2 istiqamətindən öldürücü zərbə vurulmalı idi.
Bu müharibəyə hazırlıq təbliğati-ideoloji zəmində də gedirdi. Mayakovskinin intiharından sonra sovetlərin qeyri-rəsmi baş şairi Konstantin Paustovski “Köniqsberq ətrafında səninlə yaralanacağıq” kimi misralar yazır, bütün Sovet İttifaqında alman dilli kadrlar (əsasən etnik almanlar və idiş dili ilə onlara yaxın olan yəhudilər) axtarılıb orduya cəlb edilirdi. Solomon Volkovun fikrincə Şostakoviçin 1941-ci ildə yazmağa başladığı Yeddinci Simfoniya da bu qəbildən olan təbliğat xarakterli “hərbi simfoniya” olmalı idi.
Bir çox şahidlər də qeyd edir ki, Şostakoviç bu əsərə almanların sovetlərə hücumundan öncə başlamışdı, konkret olaraq əsərin ən vacib mövzusu olan məşhur “İşğal” temasını artıq 1939-40-cı illərdə tələbə və kolleqalarına dəfələrlə göstərmiş, passakaliya formasında “müharibə obrazı” üzərində işlədiyini demiş, hətta bu mövzunun dahi fransız bəstəkarı Moris Ravel tərəfindən 1928-ci ildə qələmə alınmış “Bolero” baletinin motivlərinə bənzərliyinin, onu çəkindirməyəcəyini qeyd etmişdi.
Şəhərin mühasirəsi başlanan gündən orada olan 35 yaşlı bəstəkar müdafiə işlərində fəal iştirak edir. Onun Leninqraf konservatoriyasının damında yanğınsöndürən forması və dəbilqədəki fotosu bütün dünyanı dolaşır və nəhayət 1942-ci ildə Time jurnalının üz qabığına düşür.
Maraqlıdır ki, şəhərin mühasirəsinin başlanmasından cəmi 9 gün sonra, 17 sentyabrda Şostakoviç Leninqrad radiosu ilə çıxış edir, şəhər sakinlərini təmkinlərini qorumağa çağırır və yeni başladığı Simfoniyanın artıq ikinci hissəsini dünən bitirdiyini, əsərin onun doğma şəhəri Leninqrada, onun qəhrəman əhalisinə ithaf ediləcəyini deyir və əsərdən kiçik bir hissəni ifa edir. Bəstəkarın bu çxışı lentə alınır və o dövrün xronikasına bu epizod həkk edilir.
Şostakoviç doğrudan da çox intensiv çalışırdı, rəsmi olaraq dediyinə görə əsərin yazılmasına 19 iyulda başlamışdı, çıxışda etiraf edirdi ki, “mən heç zaman bu qədər tez bəstələmirdim”.
Lakin səmimi desək, o bu əsərə hətta 22 iyunda, faşistlərin hücumu günü belə başlasaydı, yenə də bu çox fantastik nailiyyətdir. Çünki bəstəkar musiqi maşını deyil, hər hansı bir əsərin bilavasitə yazılmasına başlanmazdan öncə onun konsepsiyası hazırlanmalıdır. Əlbəttə ki, müharibənin başlanması və sonra onun doğma şəhərinin blokadası hamı kimi bəstəkara da çox dərindən təsir etmişdi, lakin bu Yeddinci Simfoniya kimi XX əsrin ən möhtəşəm partiturlarından birinin ildırım sürətliə yazıla biləcəyinə əsla dəlalət etmirdi. Hazırda musiqişünaslar arasında bu artıq mübahisə mövzusu deyil, hamıya gün kimi aydındır ki, bəstəkar bu əsərə müharibədən xeyil əvvəl başlayıb, əsərin Birinci hissəsindəki plakat xarakterli məşhur “İşğal” mövzusu da sovet təbliğatının dünyaya yaydığı kimi yalnız “faşizmin ifşası” deyil.
Bu çıxışdan heç iki həftə keçməmiş, sentyabrın 30-da bəstəkar ictimai olaraq elan edir ki, əsərin 3-cü hissəsi də bitirilib və Simfoniyanın bitirilməsi üçün yalnız final qalır.
Bundan sonra oktyabrın 1-də bəstəkar ailəsi ilə şəhərdən Moskvaya aparılır, iki həftədən sonra, ayın 14-də oradan da Kuybışev şəhərinə evakuasiya edilir. Burada simfoniyanın final hissəsi üzərində bəstəkarın işi çətinləşir, çünki təbliğat və eyni zamanda dinləyicilər də ondan optimist bir final istəyəcəkdi, buna isə ən yaxın dostu musiqişünas Sollertinskiyə məktubunda özünün etiraf etdiyi kimi, o dövrdə dərin ruh düşkünlüyü keçirən bəstəkarın mənəvi gücü yox idi. Senzuradan keçən məktublarında bəstəkar açıqca “Final alınmır” kimi ifadələr işlədir. Lakin təbliğat maşını ondan bu əsərin tezliklə bitməsini gözləyirdi, rəhbərliyin planlarına görə, gələn ilə mütləq bu əsər mühasirəyə alınmış şəhərdə səsləndirilməli idi və bu bütün dünyada çox böyük bir səs-küyə səbəb olacaqdı. İstənilən halda çox böyük çabalarla 1941-ci ilin 27 dekabrında bəstəkar əsəri bitirir və onun ifasına hazırlıq başlanır.
Əsərin ifası. Simfoniyanın dünya şöhrəti.
Blokadadakı Leninqradın rəmzi olacaq bu Simfoniyanın ilk ifası bəstəkarın o zaman yaşadığı Kuybışev şəhərində baş tutur. 5 mart 1942-ci ildə əsəri oraya evakuasiya edilmiş Bolşoy Teatrın orkestri, dirijor Samuil Samosudun idarəsi altında ifa edir. Bir neçə gündən sonra əsər Moskvanın Sütünlu zalında, 4 aydan sonra isə Novosibirskdə, bəstəkarın çox yaxın dostu, Yevgeni Mravinskinin dirijorluğu ilə səsləndirilir. Ölümcül blokadada qalmış şəhərə ithaf edilmiş Simfoniyanın şöhrəti sovet təbliğat maşını sayəsində dünyaya yayılır.
Çox keçməmiş, Amerikanın ən mötəbər dirijorları sovetlərə müraciət edərək, əsərin partiturunu xahiş edirlər. Şostakoviç onların içərisindən Amerika premyerası üçün o zaman dünyada olan iki ən nüfuzlu dirijorlardan birini – Arturo Toskaninini seçir. Çox keçmədən Yeddinci Simfoniyanın fotolentlərini aparan sovet uçağı Berinq boğazı üzərindən keçərək ABŞ-a enir. Toskaninidən sonra Amerikanın bütün dirijorları üçün bu əsərin ifası şərəf işinə çevrilir – Eugene Ormandy, Artur Rodzinski, Sergey Kusevitski, Leopold Stokowski və başqaları əsəri ifa edir və vala yazır, eyni halda əsər Böyük Britaniyada da təkrar edilir. Simfoniyanın bütün dünyada ifası və radio translasiyası görünməmiş miqyasda aparılan antifaşist təbliğatına, Şostakoviç isə mübaliğəsiz XX əsrin ən məşhur bəstəkarına çevrilir.
Antifaşizmin simvoluna çevrilmiş bu Simfoniyanın sırf siyasi təbliğat anlamında məzmunu elə bir həddə gəlir ki, müttəfiq ölkələrdə ifadan sonra əsərin neytral İsveçdə ifasına cəhd edilən zaman alman səfiri bunun yolverilməz olduğunu, “neytrallığın pozulacağını” krallığın nəzərinə çatdırır. Alman tərəfinin etirazlarına baxmayaraq əsər burada da ifa edilir və ölkə ictimaiyyətində çox dərin təəssürat buraxır.
Lakin bunlar bəstəkar və eyni zamanda sovet təbliğat maşını üçün hələ “məşq” idi, ən başlıca məqsəd Simfoniyanın mühasirədə əzablarla yaşamağa davam edən Leninqradda ifasının təşkili idi.
Bunun nə qədər ağır bir iş olduğunu anlamaq üçün o dövrün kontekstini bilmək gərəkdir. Sovet İttifaqı 1941-ci ilin dekabrında Moskva altındakı hücumun qarşısını aldıqdan və almanları 200 km. geri oturdandan sonra, mənəvi anlamda bir qədər dirçəlmişdi. Lakin vəziyyət yenə də çox ağır olaraq qalmaqda idi və 1942-ci ilin baharında, Qızıl Ordu üçün fəlakətlə bitmiş Xarkov əməliyyatından sonra yenidən üstünlüyü ələ ala bilmış Wehrmacht, sovetlərin başlıca yanacaq mənbəyi olan Qafqaza böyük hücuma başlamışdı. Sovetlər üçün yenidən çox acınacaqlı zamanda, iyul ayının 3-də Stalin radioda çıxış edərək ölkənin bütün qüvvələrini mobilizə etməyə çağırır, məşhur “Hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarını səsləndirir.
Bütün bu hadisələr fonunda mühasirədə qalmış Leninqrad faciələrlə dolu həyatını yaşamağa davam edir. Blokadada keçirilmiş dəhşətli qışdan sonra şəhərin artıq müqavimət gücünün qalmadığını düşünən və alman ordusunun üstünlüyü yenidən əlinə almasından ilhamlanmış fürer, Leninqradın 9 avqustda alınacağı haqda növbəti avantürist bəyanatını verir. Bu tarixin şərəfinə artıq dəbdəbəli “Astoria” mehmanxanasında ziyafət keçirilməsi nəzərdə tutulmuş, hətta oraya dəvətnamələr də çap olunmuşdu. Sovet tərəfi üçünsə kəşfiyyatın gətirdiyi məlumat, bu tarixi vacib bir əks-təbliğat faktoruna çevirir — Simfoniyanın Leninqraddakı ilk ifası, məhz həmin günə təyin edilir.
1942-ci il iyulun 2-də iyirmi yaşlı pilot, leytenant Litvinov alman aviasiyasının davamlı atəşi altında təyyarəsini Leninqrada endirir, o bura dərman ləvazimatları və Simfoniyanın partiturunu gətirmişdi. Aerodromda onu artıq gözləyirdilər və partitura o saat, hələ də şəhərdə qalmış dirijor Karl Eliasberqə ifa üçün təqdim olunur.
Leninqradda o zaman Radio Komitəsinin orkestri kağız üzərində qalsa da formal olaraq mövcudiyyətini davam etdirirdi, hərçənd fəlakətli blokada qışından bir çox musiqiçi sağ çıxmamış, digər qismi isə cəbhəyə aparılmış, beləcə kollektivdə cəmi 15 musiqiçi qalmışdı. Dirijor Eliasberq partituru nəzərdən keçirdikdən sonra hazırda onun orkestrində bu tərkibdə ifaçıların olmadığını, premyeranın mümkün olması üçün 50-dək musiqiçinin gərək olduğunu rəhbərliyə bildirir. Qarşılıqlı razılığa görə rəhbərlik cəbhədəki musiqiçiləri tapıb şəhərə gətirəcəyinə söz verir, beləcə 351-ci zenit-artilleriya polkunda xidmət edən valtornaçı Nikolay Dulski faktiki ölümdən xilas edilir, 1993-cü ilə kimi yaşayır və xatirələrini bölüşürdü. Onun dediyinə görə trombonçunu da pulemyot rotasından gətirmişdilər.
Eliasberq isə orkestri yığmaq üçün radionun əməkdaşları və kollektivin sağ qalmış üzvləri ilə şəhərdə musiqiçilərin axtarışı haqda posterlər vurur, radio vasitəsilə elanlar verir. Dirijor musiqiçilərin axtarışında olarkən ona zərb alətləri ifaçısı Jaudat Aydarovun öldüyünü, artıq morqa aparıldığını demişdilər, Eliasberq dərhal ora gedib Jaudatı tapır və musiqiçinin barmaqlarının hələ də bir qədər hərəkət etdiyini görüb, “o, sağdır!” deyərək adamları köməyə çağırır. Aclıqdan taqətsizləşmiş və huşunu itirmiş musiqiçini morqdan çıxarıb, xəstəxanaya yerləşdirirlər. Özü də tamamilə halsız olan Eliasberq musiqiçilərin axtarışında hospitalları da gəzirdi. Beləsə Şostakoviçin simfoniyası insanları xilas edirdi.
Nəhayət çox böyük çətinliklə, halsız və taqətdən düşmüş musiqiçiləri Leninqrad filarmoniyasında məşqə yığmaq müəssər olur. Sonralar klarnetçi Viktor Kozlov xatırlayırdı ki, ilk məşqdə bəzi musiqiçilər fiziki olaraq ikinci mərtəbəyə qalxa bilmədi, sadəcə aşağıdan məşqi dinlədilər. Musiqiçilər çox zəiflədikləri üçün məşqləri aparmaq mümkün olmurdu.
9 avqust 1942-ci ildə Leninqrad filarmoniyasında Simfoniyanın ifası milliyyətcə alman olar dirijor Karl Eliasberqin idarəsi altında baş tutur. Leninqrad radiosu onu bütün ölkəyə translasiya edir. Bu ifaya paralel olaraq cəbhə xəttində də başqa “konsert” verilirdi. Leninqrad cəhbəsinin komandanı Leonid Qovorova, alman ordusunun hər hansı bir provakasiyasının qarşısını almaq əmri verilmişdi, o üzdən sovet artilleriyası almanları dayanmadan atəş altında saxlayırdı. Bu əməliyyatın adı tarixə “Qasırğa” kimi düşür.
Cəmi 80 dəqiqə çəkən konsert proqramında ifa edilən yalnız Leninqrad Simfoniyası olur. 9 avqust 1942-ci ildə blokadanın artıq 355-ci günü idi. Ağzına kimi dolu zalda çəkdikləri müdhiş iztirablardan tamamilə halsız düşmüş insanlar əsər bitəndən sonra musiqiçilərlə bir yerdə göz yaşlarını saxlaya bilmirdilər. Şairə Olqa Berqqolts sonradan yazırdı ki, “göz yaşları lap çoxdan qurumuş insanlar səssizcə ağlayırdılar. Və kimsə utanmırdı.”
Sonradan bu əsər bütün il boyu dəfələrlə səslənir, müharibədən sonra da Şostakoviç XX əsr musiqi tarixində ən məşhur bəstəkar kimi qalır.
Beləcə musiqi tarixinin mübaliğəsiz ən məşhur Simfoniyası ölümə məhkum edilmiş şəhəri və onun sakinlərini əbədiyyətdə vəsf edir. Hazırda Leninqradın adı qalmasa da, bu əsərin adında həmin tarix yaşamaqdadır.
Qeydlər
[1] “Həyat daha yaxşılaşdı, həyat daha da əyləncəli oldu!” — Stalin yoldaş tərəfindən 17 noyabr 1935-ci ildə Staxanovçuların ilk Ümumittifaq yığıncağında səsləndirilmiş ifadə. O dövr sovet təbliğatında lozunq kimi çox geniş istifadə edilirdi.
[2] Viktor Suvorovun fikrincə bu, o zaman Avropada mövcud olan yeganə neft yataqları Ploeştinin tutulması üçün edilməli idi. Rumın ordusu sovetlərin şiddətli hücumuna müqavimət göstərə bilməyəcəkdi və almanları o zaman yanacaqla təhciz edən Ploeştinin tutulması ilə Üçüncü Reich bir həftədən sonra yanacaqsız qalacaqdı. Sovet ordusu isə hücumu davam etdirərək Rumınayadan yuxarı, Dresden istiqamətində irəliləyərək nəhayətdə Prussiyadan gələn sovet ordusu ilə Berlin ətrafında birləşəcəkdi.