1993-cü il Azərbaycan ordusu üçün çox ağır başladı. Əvvəlcə apreldə Kəlbəcəri itirən Azərbaycan yay aylarında ölkədə baş verən hərc-mərclik sayəsində bir-birinin ardınca Ağdərə, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı və Zəngilanı itirdi. Payızda erməni ordusu Beyləqan istiqamətinə doğru irəliləyən zaman durduruldu. Ölkədə siyasi vəziyyət nisbətən normallaşdığı üçün 1 il ərzində itirilən ərazilərin geri qaytarılması və Qarabağ müharibəsində əsaslı dönüş üçün plan hazırlandı. Bu plana görə Azərbaycan ordusu dekabrın 15-dən etibarən eyni anda 5 istiqamətdə – Füzuli, Xocavənd, Ağdam, Ağdərə və Kəlbəcərdə ardıcıl əks-hücumlara başladılar. Bu hücumlardan ən əhəmiyyətlisi isə Murov dağından Kəlbəcərə doğru hücum idi. Bu məqalədə həmin əməliyyatın necə həyata keçirilməsi barədə məlumat veriləcək.
1993-cü il dekabr ayının sonunda Kəlbəcər bölgəsində böyük bir Azərbaycan hücumu başladı. Hücum əməliyyatı 701-ci briqada ilə həyata keçirilməli idi. 701-ci motoatıcı briqada altı tabordan ibarət idi:
1-ci taborun komandiri – Qurban Qurbanov;
2-ci taborun komandiri – Həbib Şabanov;
3-cü taborun komandiri – Balay Nəsibov;
4-cü taborun komandiri – Hafiz Məmmədov;
5-ci taborun komandiri – Gəray Əsədov;
6-cı taborun komandiri – Vəli Bayramov.
Briqada ümumilikdə 3500 əsgərdən ibarət idi. 701-ci motoatıcı briqadanın komandiri polkovnik-leytenant Valeh Rəfiyev, Qərargah rəisi polkovnik-leytenant Eldar Həsənov, Əməliyyat İdarəsinin rəisi isə mayor Qorxmaz Qarayev idi. Hücumun məqsədi Murov istiqamətindən hücumla Kəlbəcəri azad etmək, daha sonra Kəlbəcərin içi ilə irəliləmək, eyni vaxtda Tərtər istiqamətindən hücumla erməni qoşunlarını mühasirəyə almaq idi. Hücum bütün mülki əhalinin tərk etdiyi regionlarda sərt qış aylarında baş verdi. Döyüş əməliyyatları çox çətin şəraitdə dəniz səviyyəsindən 2500-3500 metr yüksəklikdə aparıldı (Vəliməmmədov, 2019:155).
Balay Nəsibovun rəhbərlik etdiyi 701-ci briqadanın 3-cü taboru, 30 dekabr 1993-cü ildə Daşkəsən bölgəsindən Kəlbəcər bölgəsinin daxilinə doğru iki istiqamətdən: Zivlen – Murovdağ – Bozlu və Alaxançallı – Murovdağ – Elyasalılar istiqamətində hərəkət etməyə başladı. 1 yanvar 1994-cü ildə Gəray Əsədovun komandiri olduğu 5-ci tabor Ömər və Güzgü keçidləri tərəfdən hücuma başladı. Meydançay yaxınlığında Azərbaycan qoşunları erməni qoşunlarının arxa hissəsinə keçə bildilər və düşmən mövqelərini ələ keçirdilər.
2 yanvar 1994-cü ildə Murovdağ silsiləsini keçən 3-cü tabor ağır döyüşlərdən sonra Bozlu, Babaşlar və Təkəqaya kəndlərini azad edə bildi. Bu hücumla eyni vaxtda 2-ci taborun qüvvələri Meydançay istiqamətindən Yanşaq kəndinə doğru bir hücum başladıldı. 12 nəfərin həlak olduğu və 18 nəfər yaralandığı döyüşdə 2-ci tabor kəndi ala bilmədi. Günün ikinci yarısında əks hücuma keçən erməni qoşunları yenidən Bozlu, Babaşlar və Təkəqaya kəndlərini geri ala bildi. Mühasirəyə alınma təhlükəsi olduğu üçün 3-cü tabor Murovdağ silsiləsindən Daşkəsən bölgəsindəki əvvəlki mövqelərinə geri çəkilməyə başladı. Bu geri çəkilmə zamanı 24 Azərbaycan əsgəri donvurmadan həlak oldu. 4 yanvar 1994-cü ildə 3-cü tabor yenidən Murovdağ silsiləsini keçərək əvvəlki istiqamətdə irəliləməyə başladı. İlkin uğursuzluqlara görə komandanlıq döyüşlərdə rəhbərlik edən zabitlər arasında dəyişikliklər etdi. 3-cü tabora yaralanan Balay Nəsibovun yerinə Feyruz Alışov, 2-ci tabora Həbib Şabanovun yerinə İntiqam Məhərrəmov təyin edildi. Bundan başqa 701-ci motoatıcı briqadanın komandiri Valeh Rəfiyev vəzifəsindən uzaqlaşdırıldı və onun yerinə Saleh İlyasov təyin edildi. Valeh Rəfiyevin özü istefasını hücumun şiddətli vaxtında Baş prokuror Əli Ömərov və Milli Məclisin sədri Rəsul Quliyevin onun işinə müdaxiləsi ilə izah edir. Onun sözlərinə görə, cəbhəyə gələn Baş prokuror Ömərov və prezident aparatından olan bir sıra şəxslər ondan hücumu dayandırmamaq, Kəlbəcər istiqamətində ehtiyatla irəliləmək tələbi qoymuşdular. (Vəliməmmədov, 2019:155-156).
Bundan bir neçə gün sonra Müdafiə Naziri onun briqada komandiri vəzifəsindən azad edilməsi barədə əmr verdi. Rəfiyevin vəzifəsindən uzaqlaşdırılmasında Əli Ömərov və Rəsul Quliyev əsas rol oynadılar. Əli Ömərov briqada komandiri Valeh Rəfiyevə Yanşaq kəndinin azad edildiyi barədə prezidentə məlumat verdiklərini, indiki halda hücumdan vaz keçilə bilinməyəcəyini qeyd edirdi. Baş Qərargah rəisi, general-mayor Nəcməddin Sadıqov hərbçi kimi əməliyyatın faciəvi şəkildə başa çatacağını başa düşməli idi, çünki qışda demək olar ki, 3700 metr yüksəklikdə ordu uğurlu hərbi əməliyyatlar keçirə bilməzdi. Bundan başqa nəzərə alınmalıdır ki, 701-ci briqadanın bölmələri yüksək dağlarda qışda hərəkətlərlə bağlı xüsusi təlim keçməmiş, dağ və ya xizək avadanlığı ilə təchiz olunmamışdı. 1994-cü il yanvar ayının ortalarında yenidən toplaşdıqdan sonra Kəlbəcər bölgəsinə hücum başlandı. 16 yanvar 1994-cü ildə 701-ci briqadanın 1-ci və 3-cü taborları hücuma keçərək Murovdağdakı Susuzluq yüksəkliyini ələ keçirdilər. Bu yüksəklikdən Azərbaycan qoşunları Meydançay və Yanşa ərazisinə nəzarət edirdi. 17 Yanvar 1994-cü ildə 2-ci tabor Meydançayın solundakı Şişqaya təpəsini ələ keçirə bildi. 19 yanvar 1994-cü ildə 5-ci tabor hücuma keçərək Qızılqaya təpəsini ələ keçirdi.
20 yanvar 1994-cü ildə 5-ci batalyon Bağırsaq kəndini, 1-ci tabor Yanşaq kəndini, 3-cü tabor Susuzluq kəndini azad etdi. Beləcə yanvarın sonuna yaxın erməni qoşunları Kəlbəcərin daxilinə çəkilməyə başladı. 21 yanvar 1994-cü ildə Qamışlı kəndinə girən 2-ci tabor Çiçəkli yüksəkliyini ələ keçirdi, bununla Kəlbəcər-Ağdərə-Laçın yolu nəzarətə götürüldü. 5-ci tabor isə eyni zamanda hücumla Bağırlı kəndini aldı. 22 yanvar 1994-cü ildə Kəlbəcər rayonunun Yanşaqbinə və Qasımbinəsi kəndləri də ələ keçirildi. Beləcə Azərbaycan ordusu əhəmiyyətli Ömər keçidini ələ keçirərək burada möhkəmləndi. (Human Rights Watch, 1994: 84).
23 yanvar 1994-cü ildə 3-cü tabor Çəpli kəndində erməni qoşunlarını mühasirəyə aldı. Tomas de Vaal bu döyüşdə ümumilikdə 240 (De Vaal, 2008: 272), Jiroxov isə 200 erməni əsgərinin öldürüldüyünü qeyd edir (Zhiroxov,2012:280). Ordu qənimət kimi üç tank, dörd piyada döyüş maşını, bir “Şilka” zenit-raket kompleksi ələ keçirmişdi. 24 yanvar 1994-cü ildə erməni qoşunları əks hücuma keçərək Çəpli kəndini geri qaytara bildi. 27 yanvar 1994-cü ildə 3-cü tabor yenidən Çəpli kəndini azad edə bildi. Erməni qoşunları Seyidli kəndi istiqamətində geri çəkilməyə məcbur oldu. Beləliklə, Ermənistandan Kəlbəcərə gedən yol Azərbaycan qoşunlarının nəzarəti altına alındı.
28 yanvar 1994-cü ildə Kəlbəcər bölgəsinə daxilində hücumlarını davam etdirən 1-ci, 3-cü və 4-cü taborlar Qanlıkənd, Bozlu, Babaşlar, Təkəqaya, İlyaslar, Çopurlu kəndlərini ələ keçirdilər. 30 yanvar 1994-cü ildə hücumu davam etdirən 1, 3 və 4-cü batalyonlar Seyidlər, Lev, Dəmirçidam və Cəmilli kəndlərini düşməndən azad edə bildilər. 1994-cü il fevral ayının əvvəlinə qədər Kəlbəcər bölgəsində aşağıdakı vəziyyət yaranmışdı: “Sağ cinahda 701-ci briqadanın 1-ci, 3-cü və 4-cü batalyonlar; Cəmilli – Dəmirçidam – Qanlıkənd xəttinə çataraq Ermənistanla sərhədə yaxınlaşmışdı. Briqadanın mərkəzində 2-ci batalyon Qamışlı kəndi və Çiçəkli yüksəkliyinə, briqadanın sol cinahında (şərq istiqamətində) 5-ci batalyon Bağırlı təpəsi və Bağırlı kəndi boyunca müdafiə mövqeləri tutdu.” Azərbaycan qaynaqlarına görə, 1993-cü il dekabr – 1994-cü il yanvar döyüşlərində düşmən 4 min əsgər və zabit, 50 zirehli texnika, 15 artilleriya qurğusu və s. itirdi. Azərbaycan tərəfinin itkisi isə bundan 1-1,5 dəfə az idi (Qafarov,2008:271). Müstəqil hərbi eskpertlər isə bu rəqəmlərə şübhə ilə yanaşır.
Qeyd etmək lazımdır ki, Azərbaycan qoşunlarının hücumu çox çətin şəraitdə aparılırdı. Bundan başqa ordu çox riskli əməliyyata girişmişdi. Ordu şərqdən ermənilərin nəzarətində olan Ağdərə bölgəsi, qərbdən ermənilərin nəzarətində olan Vardenis bölgəsi, cənubdan Kəlbəcər bölgəsinin ermənilərin nəzarətindəki ərazi üzrə hərəkət edirdi və mühasirəyə alınma riski çox böyük idi. Bundan əlavə briqada Murov dağlarının digər tərəfində qalan arxa mövqelərindən çox uzaqlaşmışdı və bu da qış vaxtı keçidlərdən irəliləyən ordunun təchizatı ilə bağlı problem yaradırdı. Nəticədə irəliləyən Azərbaycan ordusunun təchizatı, yaralıların və zədələnmiş hərbi texnikanın evakuasiyası imkanlarını məhdudlaşdırdı. Ən çətin vəziyyət 701-ci briqadanın sol cinahında olan 2-ci və 5-ci taborların müdafiə zonasında meydana gəldi. Kəlbəcər bölgəsinə gedən yeganə yolun Ömər aşırımından keçdiyi ərazini qoruyan bu taborlar idi. Kəlbəcər bölgəsindəki 701-ci briqadanın bütün təchizatı bu yol boyunca aparılırdı.
Erməni ordusunun əks-hücumu
Fevral ayının əvvəlində ermənilər Kəlbəcər bölgəsindəki qoşunlarını yenidən topladı. Erməni qoşunlarının Kəlbəcər istiqamətindəki ordusuna rəhbərliyi general-leytenant Hrats Andreasyan öz üzərinə götürdü. Erməni qoşunlarının əsas qruplaşması Ağdərə ilə Ağdaban kəndi ərazisində cəmləşmişdi. Erməni qoşunlarının məqsədi Kəlbəcər bölgəsindəki Azərbaycan qoşunlarının tədarükünün həyata keçirildiyi Ömər aşırımından keçən yolu nəzarətə götürmək üçün Ağdərə istiqamətindən zərbə endirmək və bununla da 701-ci briqadanı mühasirəyə almaq idi.
Azərbaycan komandanlığı tərəfindən 5-ci batalyona Buzduk hündürlüyünü, 1-ci və 3-cü taborlar hücumu davam etdirərək Söyüdlü və Zod yüksəkliklərini götürmə tapşırığı verilmişdi. Bu əməliyyatlar Kəlbəcərin regional mərkəzinə qarşıdakı hücuma hazırlıq idi. 2 fevral 1994-cü ildə ermənilər Ağdərə istiqamətindən Qamışlı kəndinə hücum etdi, lakin hücum 2-ci batalyon tərəfindən dəf edildi. 3 fevral 1994-cü ildə ermənilər bu dəfə Çiçəkli yüksəkliyinə hücum etsələr də bu dəfə də 2-ci batalyon hücumu dayandıra bildi. Buna baxmayaraq 6 fevral 1994-cü ildə ermənilər inadlı mübarizədən sonra Çiçəkli yüksəkliyini ala bildilər. 2 gün sonra 2-ci batalyon hücuma keçərək yenidən Çiçəkli yüksəkliyini geri qaytardı. Həmin gün 1-ci və 3-cü taborlara hücumu davam etdirmək, Söyüdlü və Zod yüksəkliklərini götürmək əmri verildi. Beləliklə, erməni qoşunları briqadanın sol cinahına Ağdərə tərəfdən təzyiqi artırdı, 701-ci briqadanın bölmələri isə sağ cinahdakı hücumlarını davam etdirdilər.
Qarabağ istiqamətindən gələn hücumlar üçün erməni komandanlığı hücum qrupu yaratdı.
– Stepanakert alayı. (Kəşfiyyat rəisi Andranik Sarkisyan), artilleriya diviziyası (tabor komandiri Levon Mnatsakanyan).
– Əsgəran alayı 35-ci tabor. (Tabor komandiri Arşavir Qaramyan)
– Mardakert alayı 42-ci və 43-cü tabor. (Müvafiq olaraq komandirlər Arkadi Şirinyan və İliç Baqryan)
– Şuşa alayı 77-ci tabor (Tabor komandirinin müavini Petros Gevondyan)
– Artilleriya qrupuna isə Georgi Gasparyan və artilleriya briqadasının komandiri Samvel Safaryan rəhbərlik edirdi.
Bundan başqa Qarabağ ermənilərinə Vardenisdə yerləşən 555-ci motoatıcı tüfəng alayının hissələri, 7-ci Gümrü və 9-cu Üçmüədzin istehkam taborunun hissələri köməklik göstərirdi. (Zhiroxov, 2012:279-280).
Robert Köçəryan bu hadisələri belə xatırlayırdı: “Azərbaycanlıların Kəlbəcərə qəfil hücumu bizi təəccübləndirdi. Kəlbəcərin müdafiəçiləri bu gözlənilməz hücumdan sonra mövqelərini əldən verdi. Buradakı qoşunlarımız müqavimət göstərməyə hazır deyildi. Ağır döyüşlərlə erməni batalyonları xeyli itki verdi və Vardenis bölgəsinə çəkildi. Düşmən qoşunları Ömər aşırımını ələ keçirib Kəlbəcərə daxil oldular. Bizim üçün bütün müharibənin nəticəsini dəyişə biləcək faciəvi və təhlükəli bir vəziyyət yarandı. Kəlbəcəri geri qaytarmalı idik. Bu sahənin strateji əhəmiyyətini o qədər yüksək hesab edirdik ki, Stepanakertdə yerləşən əsas zərbə ordumuz olan Mərkəzi Müdafiə qrupu əməliyyata cəlb edildi. Bu ordu qrupu xüsusi ilə hücumda çox güclü idi, onları müdafiədə ümumiyyətlə saxlamırdıq. Xüsusi bölmənin komandiri təcrübəli Samvel Karapetyan idi və döyüşçüləri əməliyyatda aparıcı rol oynadılar. Mardakertin Aterk kəndindən azərbaycanlıların gözünə görünmədən irəliləyən ordumuz dağların arasından uzun və çətin bir yol keçdilər və qəfildən Ömər aşırımının arxasına keçdilər. Buradakı Azərbaycan qoşunları mühasirəyə düşəcəklərindən qorxaraq geri çəkildi. Ömər aşırımını geri aldıqdan sonra bir daha itirməmək üçün ərazini uzun müddət davamlı nəzarətdə saxladıq.”(Koçaryan, 2018:477-478).
Bütün qoşun qrupunun hərəkəti Bağlıpəyə təpəsi yaxınlığında olan Əsgəran müdafiə bölgəsinin komandiri Vitali Balasanyan tərəfindən koordinasiya edildi. Əməliyyat üçün hərtərəfli hazırlıq işləri aparıldı. İlkin plana görə erməni qoşunu Çiçəkli yüksəkliyini ələ keçirməliydi. Ancaq erməni qoşunu buna müvəffəq olmadı, əvəzində Azərbaycan ordusu əks hücuma keçərək bəzi ərazilərdə erməniləri geri oturtdu. Çiçəkli yüksəkliyi çox yaxşı qorunurdu, bu səbəbdən erməni komandanlığı şimal-şərqdəki yüksəklikləri ələ keçirərək Çiçəkli yüksəkliyi üzərindən Kəlbəcər – Gəncə əsas yolunu və Ömər aşırımına gedən yolu nəzarətə götürməyə qərar verdi. Erməni qoşununa “2071” və Bağırlı yüksəkliklərini, Yanşaq kəndinə və Ömər aşırımına gedən keçidləri tutmaq əmri verildi.
11 fevral 1994-cü ildə Ağdaban kəndi tərəfdən 2000 nəfərlik bir qüvvə ilə hücuma keçən ermənilər “2071” və Bağırlı yüksəkliyini ələ keçirməyi bacardı. Ertəsi gün ermənilər Bağırsaq kəndinə girdi. Azərbaycan qoşunları bir neçə dəfə əks hücuma keçdi, lakin itirilmiş mövqeləri geri qaytara bilmədi. Hücuma davam edən erməni qoşunları Ağqaya və “2868” yüksəkliklərini ələ keçirdilər. Fevralın ortasında erməni qoşunları Yanşaq və Yanşaqbinə kəndinə girdilər. Beləliklə, erməni ordusu Ömər aşırımından Kəlbəcərə gedən yolu nəzarətə götürdü. Bununla da Kəlbəcər bölgəsindəki Azərbaycan qoşunlarının əsas təchizatının keçdiyi yol kəsildi, 701-ci briqada Kəlbəcər rayonunda mühasirəyə alındı. Ömər aşırımından keçən yolu açmaq üçün Azərbaycan qoşunları Xanlar bölgəsindən erməni qoşunlarının mövqelərinə hücumlara başladılar, lakin bütün hücumlar dəf edildi. Beləliklə, Kəlbəcərdə qalan 701-ci motoatıcı alayı mühasirədən çıxarmaq planı alınmadı. (Vəliməmmədov, 2019:159).
Azərbaycan ordusunun faciəvi geri çəkilməsi
14 fevral 1994-cü ildə Cəmilli kəndindəki briqada komandanlığının iclasında zabitlərə komandanlığın Kəlbəcər bölgəsini tərk etmə əmri barədə məlumat verildi. Cəmilli kəndi uğrunda döyüşlərdə Feyruz Alışov əsir götürüldü. Ömər aşırımından keçən yolun Ermənistan qoşunlarının nəzarəti altında olması səbəbindən Azərbaycan qoşunları Kəlbəcər bölgəsini ensiz Susuzluq-Təkəqaya-Ağdağ yolu ilə tərk etmək məcburiyyətində qaldı. Bütün ağır texnika isə tərk edildi. Qışda dağlıq ərazilərdə, güclü qar və dəhşətli soyuqda baş verən bu geri çəkilmə zamanı yüzlərlə əsgər donaraq öldü və ya itkin düşdü. Soyuqdan bəzi əsgərlər isinmək üçün pencəklərini yandırdılar, donvurmadan ölənlərin cəsədləri isə götürülmədi. Hadisələrin iştirakçısı polkovnik-leytenant İntiqam Mirzəyev Azərbaycan qoşunlarının Kəlbəcər rayonundan çıxarılmasını belə təsvir edir: “Yerdə oturub dayana bilməzdiniz. Oturmaq ölmək demək idi. Əsgərlərə mümkün qədər çox hərəkət etmələri barədə əmr edildi, çünki dayansalar və ya yerdə otursalar donacaqdılar. Şaxta üzümüzü kəsirdi. Bəzi əsgərlər soyuqdan dəli olmuşdular. Mahnı oxuyan əsgərlərin soyuq çaya necə qaçdıqlarını və soyunub suya necə girdiklərini görürdüm, yerdə oturanlar isə yerindəcə donub qalırdılar. Heç bir halda dayanmamaq əmri verildi. Hətta komandirimiz polkovnik İntiqam Abdullayev belə yorğunluqdan yerə oturdu. Yanına gəldim və getdikcə huşunu itirdiyini gördüm. Üzünə bir neçə dəfə vurdum. Ona dedim: “Qalx. Gedək.” Cavab verdi: “Mən qaldım, sən get!”. (Vəliməmmədov, 2019:159).
Döyüşlərin iştirakçısı, 701 saylı hərbi hissənin tağım komandirinin müavini, o dövrdə 19 yaşında olan baş çavuş Vaqif Abbasov belə xatırlayır: “12 fevralda çox güclü qar yağmağa başladı. Fevralın 13-də Murovdağın yamaclarında şimal mövqelərinə çəkilmək əmri aldıq. 18-20 fevral tarixlərində düşmən iki briqadamızı mühasirəyə ala bildi. Onlara çatmağa çalışdıq, amma qar yağması bizə mane oldu. Bir çox əsgər uçqun altında qalaraq həlak oldu. “
30 yaşlı əslən Kəlbəcərdən olan Təyyar Muxtarovun sözlərinə görə əsgər yoldaşlarının çoxu güllə və mərmilərdən deyil, don nəticəsində həlak olmuşdu. Mühasirəyə alınan qoşunları boşaltmaq üçün vertolyotlar istifadə edildi. 1994-cü ilin qışında Kəlbəcərdə çəkilən videokadrlarda Kəlbəcər bölgəsindən qoşunların təxliyyəsinin hansı şəraitdə həyata keçirildiyi göstərilir. 20 Fevrala qədər Azərbaycan ordusu Murovdağ silsiləsindən geri çəkildi. 10 fevraldan 20 fevrala qədər çox sayıda əsgər uçqun və donvurma nəticəsində həlak olmuşdu. Hələ də Azərbaycan qoşunlarının itkiləri barədə rəsmi məlumat yoxdur. Son yenilənmiş məlumatlara görə, Kəlbəcər bölgəsindəki döyüşlər zamanı Azərbaycan qaynaqlarına görə ordunun ümumi itkisi 1592 nəfər idi. Ölən əsgərlərin 1337-si donvurmadan həyatını itirmişdi, 111-i isə itkin düşdü. Tomas de Vaal Ömər dağı döyüşlərində Azərbaycan ordusunun 4000-ə yaxın itki verdiyini qeyd edir (De Vaal, 2008: 273).
Murovdağı döyüşləri Qarabağ müharibəsində həm Ermənistan, həm də Azərbaycan ordusunun ən çox itki verdiyi savaş kimi tarixə düşüb. Beləcə döyüşlər sonrasında Murovdağdakı Ömər və Güzgü keçidləri də erməni qoşunlarının nəzarətinə keçdi. Gəray Əsədovun sözlərinə görə, Kəlbəcər əməliyyatının uğursuz olmasının əsas səbəblərindən biri 157-ci alayın (komandir Rasim Əkbərov) və 703-cü briqadanın (komandir Eyvaz Cəfərov) Tərtər və Goranboy istiqamətində onlara verilən tapşırıqları yerinə yetirə bilməməsində görür. 701-ci briqadanın qərargah rəisi Həsənovun sözlərinə görə, hücumun uğursuz olmasının əsas səbəblərindən biri də briqadanın Kəlbəcər uğrunda apardığı mübarizədə ağır itkilərə məruz qalması, mövcud itkilərin isə yetərincə doldurulmaması idi. O erməni qoşunlarının sayca çox olmasından şikayətlənirdi.
Tomas de Vaal bu əməliyyatın nəticələri ilə bağlı bunu deyirdi: “İki Azərbaycan briqadası mühasirəyə düşmüşdü. Ermənilər mühasirəyə düşən hissələri “Qrad” raketlərindən şiddətli atəşə tutdular. Bu həmlənin nəticəsi çox acınacaqlı idi. Bircə bu əməliyyatda ermənilər 1500-ə qədər Azərbaycan əsgərini qətlə yetirdilər. Bir neçə il sonra Kəlbəcər dağlarına səyahət edənlər hələ də donmuş cəsədlərə rast gəlirdilər. Sonradan ermənilər Ömər aşırımında ölmüş cavan azərbaycanlı əsgərlərin yüzlərlə hərbi biletlərini topladılar. Erməni televiziyasının çəkiliş qrupu həmin müharibənin ən cansıxıcı mənzərələrindən birini – həlak olmuş cavan azərbaycanlıların uzun taxta masa üzərinə tölkülmüş yüzlərlə qırmızı hərbi biletlərini lentə almışdı.” (De Vaal, 2008: 272-273)
Qışda Kəlbəcər bölgəsinə hücum qərarını kimin verdiyi hələ də aydın deyil. Keçmiş müdafiə naziri Məmmədrəfi Məmmədov əməliyyatla bağlı bunları xatırlayır: “Qışda Kəlbəcərin dağlıq bölgəsində hücuma getmək ağılsızlıqdır. 1994-cü ilin yanvarında Murovdağda ən zirvədə idim, ətrafda qar, keçilməz yollar var idi. Belə bir ərazidə hərbi əməliyyatlar necə aparıla bilər? Bu əməliyyata qarşı çıxdım. Ancaq bəzi liderlər Müdafiə Şurasını Kəlbəcərə hücumun uğurlu olacağına inandıra bildilər. Müdafiə Şurasında bu əməliyyatın uğursuzluğa düçar olacağını qeyd etdim, ancaq dediklərim nəzərə alınmadı. Nə qədər itki verdiyimizi dəqiq xatırlamıram, amma inanın ki, ürəyim ağrıyır. Əməliyyat planı o vaxt respublikanın baş prokuroru, ölkə prezidentinə birbaşa çıxışı olan Əli Ömərova aid idi. Ömərov Kəlbəcərin asanlıqla ələ keçiriləcəyinə inanırdı.” (Vəliməmmədov, 2019:160).
Kəlbəcər əməliyyatının nəticəsindən sonra cinayət işi başlandı. Respublika Ali Məhkəməsində Şahin Rüstəmovun sədrlik etdiyi hərbi kollegiyası 29 iyun – 18 avqust 1995-ci il tarixdə Kəlbəcər əməliyyatının uğursuzluğuna dair işə baxdı. Məhkəmənin hökmünə əsasən 255-1, 234 və 243-cü maddələr əsasında günahkar bilinən briqada komandiri Saleh İlyasov 7 il, tabor komandiri Gəray Əsədov 6 il, tabor qərargah rəisi Cəlil İbrahimov 10 il həbs cəzası aldı. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 255-1 maddəsi ilə təqsirləndirilən briqada komandirinin müavini Nəriman Zeynalovun işi isə əlavə istintaq üçün Hərbi Prokurorluğa qaytarıldı.
Nəticə
1993-1994-cü il qış hücumları sadəcə cənubda uğurlu alındı. Yarımsəhra şəraitində vuruşan Azərbaycan ordusu düşmənin müdafiə xəttini yararaq artilleriya atəşi altında Füzuli istiqamətinə doğru irəliləməyə başladı. Beləliklə, 1994-cü il yanvar ayının əvvəlinə qədər Azərbaycan ordusu 11 yaşayış məntəqəsini və Azərbaycan-İran sərhədi istiqamətində 40 km-lik ərazini ələ keçirdi. 8 yanvarda 702-ci alay düşmənin müqavimətini qıraraq Horadizə girərək kəndi, dəmir yolu stansiyasını ələ keçirdi. Yanvar ayının sonlarında erməni ordusunun müqavimətini qıran Azərbaycan qoşunu Füzuli və Cəbrayılın mərkəzinə yaxınlaşdı, lakin əks hücumla dayandırıldı. Cəbhənin Xocavənd və Ağdam bölgəsinin mərkəzi sektorunda tərəflərin mövqeyində ciddi dəyişiklik olmadı. Ancaq Tərtər – Ağdərə sektorunda Azərbaycan bölmələri 3 yaşayış məntəqəsini ələ keçirərək Sərsəng su anbarına doğru irəlilədilər və 31 dekabr tarixində əks hücumla dayandırıldılar. (Zhiroxov, 2012:279). Fevralda Murovda baş verən faciəvi məğlubiyyət, cənubda ordunun əks-hücumla dayandırılması , mərkəzdə faktiki status-kvo həm insani, həm də hərbi texniki resursların tükənməsinə və istənilən nəticənin əldə edilməməsinə gətirib çıxardı ki, bu da 3 ay sonra atəşkəsin imzalanması ilə özünü göstərdi.
İstifadə olunan ədəbiyyat
Мамед Велимамедов, (2019), Очерки по Карабахской войне
Human Rights Watch/Helsinki, (1994), Azerbaijan: Seven Years of Conflict in Nagorno-Karabakh
Tahir Qaffarov, (2008) , Azərbaycan tarixi. Yeddi cilddə. VII cild (1941-2002-ci illər).
Роберт Кочарян, (2018), Жизнь и свобода: Автобиография экс-президента Армении и Карабаха
Михаил Жирохов (2012), Семена распада. войны и конфликты на территории бывшего СССР.
Tomas de Vaal, (2008), Qarabağ: Ermənistan və Azərbaycan. Sülh və savaş yollarında.