Tədqiq edilən Covid-19-a yoluxma hallarının sayı çoxaldıqca alimlər, pandemiyaya yad insanların təsadüfi təmaslarının yox, bu və ya digər sosial qruplar arasında kütləvi yoluxma hallarının təkan verdiyi versiyasına daha çox meyllənirlər. Bu, o deməkdir ki, kütləvi yığıncaqların qadağan olunması və sosial məsafənin qorunması sayəsində genişmiqyaslı ikinci yoluxma dalğasının qarşısını almaq mümkündür.
Təsəvvür edin ki, əlinizdə benqal atəşi tutmusunuz. Ondan ətrafa yayılan qığılcımların əksəriyyəti təhlükəsizdir. Hətta əlinizə düşsə belə, çox güman ki, ağrı hiss etməyəcəksiniz. Lakin hərdən saman topasına, ya da yumşaq xalçaya bircə qığılcımın düşməyi kifayətdir ki, yanğın başlasın.
Bir çox alimlərin fikrincə, Covid-19 epidemiyası da, təxminən, belə yayılır.
Virus daşıyıcılarının əksəriyyəti ətrafdakılar üçün elə də böyük təhlükə yaratmırlar, amma hərdən zəncirvari reaksiya başlayıb xəstəliyin sürətlə yayılması üçün virusa yoluxmuş sadəcə bir nəfər bəs edir. Bu cür yayılmanı klaster yoluxma adlandırırlar. O, az və ya çox dərəcədə əksər yoluxucu xəstəliklər üçün xarakterikdir.
Ümumdünya “yanğın”ının başlamasına əslində kifayət qədər təhlükəsiz olan benqal alovunun təsadüfən yumşaq xalçaya düşmüş bir qığılcımı səbəb olub.
TƏSADÜF AMİLİ
2015-ci ildə yaxınşərq respirator sindromu (MERS) partlayışı yaşamış Cənubi Koreya, yeni koronavirus epidemiyasına bir çox başqa ölkələrdən daha yaxşı hazır idi. Hökumət infeksiyanı uzun müddət nəzarətdə saxlamağa nail olmuşdu: birinci yoluxma halından sonra ilk dörd həftə ölkədə, aşağı-yuxarı cəmi 30 xəstə müəyyənləşdirilmişdi.
ÜST, koreyalıları bütün dünyaya nümunə göstərirdi –fevralın 19-da bütün ümidverici statistika yerlə-yeksan olana qədər.
Pandemiya tarixinə “31-ci xəstə” kimi düşmüş Tequ şəhərinin sakini həddindən artıq dindar qadın idi. O, yoluxandan sonra da kilsə yığıncaqlarına getməyə davam edirdi – hətta öskürməyə başlayıb hərarəti qalxandan sonra da fasilə verməmişdi. Və növbəti iki həftə ərzində ölkədə virusa yoluxanların sayı 100 dəfə artdı və 4200 -ü keçdi. Yoluxanların, təqribən, üçdə ikisi eyni dini təşkilatın üzvləri idilər, virusu ya birbaşa həmin dindar qadından, ya da təriqətin qadından yoluxmuş digər üzvlərindən almışdılar.
Bu hadisə – koronavirusun kütləvi yayılması faktı ilə bağlı London gigiyena və tropik təbabət məktəbinin (LSHTM) alimləri tərəfindən 25 ölkədən toplanmış 200-dən çox nümunədən sadəcə biridir. Ölkələr fərqli, kütləvi yoluxma sxemləri isə eynidir: virusa yoluxmuş insan xəstəliyi bu və ya digər sosial qrupun (klasterin) arasında sürətlə yayır.
Eyni mənbənin (LSHTM) təqdim etdiyi bənzər örnəklərdən daha bir neçəsinə baxaq: Osakada keçirilən dörd konsertin dinləyiciləri arasında daşıyıcılar olub – nəticə 80 xəstə; Cənubi Koreyada rəqs dərsləri – nəticə 65 xəstə; Nyu-Yorkda orta məktəb – 60 xəstə; Sinqapurda ticarət mərkəzi – 87 xəstə; Bostonda işgüzar görüş – 89 xəstə və sair.
Covid-19 klaster ocaqları qocalar evlərində, xizək kurortlarında, kruiz laynerlərində, həmçinin kilsələrdə, restoranlarda, xəstəxanalarda və həbsxanalarda – başqa sözlərlə, qapalı məkanlarda çox sayda insanın toplaşdığı istənilən yerdə qeydə alınıb.
Sinqapurun fəhlə yataqxanalarında 20-dən çox analoji kütləvi yoluxma halları baş verib. Onlardan ən böyüyü nəhəng S11 korpusunda qeydə alınıb: aprelin əvvəllində karantinə salınmış korpusda mayın 17-də artıq 2500-dən yuxarı virusa yoluxmuş şəxs vardı.
HƏR KƏSƏ BİRİ VƏ HƏR KƏS BİRİNDƏN
Klaster yoluxmalar bir çox yoluxucu xəstəliklər, xüsusilə də, hava-damcı yolu ilə yayılan xəstəliklər üçün xarakterikdir.
Lakin, deyəsən, Covid-19-da, məhz, bu ötürmə üsulu birinci yerdə dayanır: pandemiyaya təsadüfi təmaslar yox, virusun qruplar daxilində sürətli və effektiv yayılması təkan verir.
Bu kəşf alimləri ümidləndirir. Əgər pandemiyanın əsas hərəkətverici qüvvəsi, həqiqətən, bu və ya digər səbəblərdən (təsadüfən də olsa) öz ətrafını yoluxduran superyayıcılardırsa, onda xəstəliyin genişlənməsini dayandırmaq, ya da heç olmazsa, sürətini nəzərəçarpacaq dərəcədə azaltmaqdan ötrü sadəcə konsertlər və ya futbol maçları kimi kütləvi yığıncaqları məhdudlaşdırmaq kifayətdir. Digər məhdudiyyətləri sosial məsafənin qorunması şərtilə ləğv etmək, ya da mümkün qədər zəiflətmək olar.
Covid-19 diaqnozu təsdiqlənmiş 200-dən yuxarı israilli pasientdən götürülmüş virus örnəklərinin genetik analizi göstərib ki, “növbəti dalğanın”, təxminən, 80%-ni bütün yoluxanların orta hesabla 1-10%-i yoluxdurur.
Bu araşdırma hələ resenziya mərhələsini keçməyib, amma artıq Şençjendə də eyni nəticələr əldə olunub. Orda yoluxanların 80%-i virusu əvvəlki mərhələdə xəstələnənlərin cəmi 8-9%-dən alıblar.
Bütün məlum kütləvi yoluxma hallarını analiz edən londonlu alimlər də eyni qənaətə gəliblər. “Belə görünür ki, yeni yoluxma hallarının 80%-ni ümumi yoluxanların, təxminən, 10%-i verir” – LSHTM-in dosenti, epidemioloq Adam Kuxarski deyir.
“YAXŞI STRATEGİYA DEYİL”
Əslində, bu kəşfi sensasiya adlandırmaq çətindir. Hələ on il əvvəl alimlər əksər yoluxucu xəstəliklərin (məsələn, malyariya) belə yayıldığını bilirdilər və buna görə də, “80-20 qaydası” düsturunu yaratmışdılar.
Amma yeni koronavirusda sözügedən nisbət daha çox ola bilər. Bu isə o deməkdir ki, sonuncu araşdırmalar epidemiya ilə mübarizə strategiyasını əhəmiyyətli dərəcədə dəyişmək gücünə malikdir.
Stenford universitetinin professoru, universitetin tibb məktəbinin bir neçə kafedrasında, o cümlədən Təbii və Humanitar Elmlər Məktəbinin statistika kafedrasında dərs deyən epidemioloq Con İoannidis də belə hesab edir.
“Belə görünür ki, bizə məlum olan klasterlərin əksəriyyəti qapalı məkanlarda keçirilən, bir-birinə xeyli yaxın məsafədə dayanmış çox sayda insanın iştirak etdiyi tədbirlərlə əlaqəlidir. Əgər bu belədirsə, deyəsən, insanları qapalı saxlamaq o qədər də yaxşı strategiya deyil”, – o deyir.
XƏSTƏXANALAR ÜZRƏ ORTA TEMPERATUR?
İnfeksiyanın yayılma modellərinin əksəriyyəti R0 adı ilə tanınan göstərici əsasında qurulur – R0 reproduksiya indeksi və ya “yoluxuculuğun koeffisienti”dir. O, hər yoluxmuş şəxsin orta hesabla neçə sağlam insanı yoluxdurduğunu müəyyənləşdirir. Müxtəlif hesablamalara görə, adi şərtlərdə (yəni sosial məsafə və digər məhdudlaşdırıcı tədbirlər olmayanda) indiki koronavirusun R0-ı 2,2-dən 3,0-ə qədərdir.
Lakin sonuncu araşdırmalardan sonra elə fikir yaranır ki, bu göstərici xəstəxanalar üzrə orta temperatur həddi ilə bağlı məlum söhbətdən – kiminsə hərarəti 40-a çatıb, xəstələrdən hansısa artıq ölüb və morqda soyuducuya yerləşdirilib, amma hərarəti orta hesabla normal 36,6-dır – o qədər də fərqlənmir.
Bütün hallarda hesablamaları sadəcə R0 əsasında qurmaq elə də məntiqli deyil, çünki belə görünür ki, yoluxanların əksəriyyəti virusu, ümumiyyətlə, heç kimə ötürmür, yəni onlarda R0 səviyyəsi sıfıra bərabərdir.
İndi klaster nəzəriyyəsinin doğruluğu təsdiqlənsə, onda birinci dalğa (bir çox ölkələrdə birinci dalğa artıq sönmək üzrədir) həm də axırıncı ola bilər. İnfeksiyanın sürətli inkişafını yubatmaqdan ötrü, sadəcə insanların qapalı, dar məkanlarda kütləvi toplaşmasını məhdudlaşdırmaq lazımdır və hər kəs sosial məsafəyə riayət etməlidir. Koronaviruslu xəstə axınının səhiyyə sistemini kollapsa salmaması üçün bu tədbir kifayət etməlidir.
Pandemiyanın gedişatı haqqında daha dəqiq hesablamalar və proqnozlar verə bilməkdən ötrü alimlər yeni göstəricilər – 0-1 şkalası üzrə hesablanan “klasterlilik koeffisienti” (k) müəyyənləşdiriblər. K nə qədər azdırsa, xəstəliyin daşıyıcıları arasında infeksiyanın əsas yayıcılarının sayı o qədər azdır. Və deməli, artıq təhlükəli olmayan xəstələrin faizi də o qədər yüksəkdir – onlar benqal atəşinin qara düşən qığılcımlarıdır.
İlkin hesablamalara görə, yeni koronavirusun “klasterlilik koeffisienti”, təxminən, 0,1-dir. Müqayisə üçün: SARS “atipik pnevmoniya”da bu koeffisient bir az çox – 0,16 idi; yaxınşərq respirator sindromunda (MERS) – 0, 25-dir; 1918-ci ildə qlobal epidemiyaya səbəb olmuş “ispan” qripində, təxminən, 1-dir.
Bununla belə, Covid-19-un klasterlilik dərəcələri də bir-birindən fərqlənə bilər. Məsələn, Honqkonda aparılan analoji araşdırmanın müəllifləri belə qənaətə gəliblər ki, epidemiyanın şəhərdə yayılmasına xəstələrin, təxminən, 20%-i təkan verir – artıq köhnəlmiş “80-20” qaydasında olduğu kimi.
Hər halda bu, faktiki olaraq, o deməkdir ki, virus daşıyıcılarının əksəriyyəti, çox güman, təhlükəli deyillər. Öz növbəsində bu ehtimal epidemiyanın bir neçə sirrini çözə bilər.
Məsələn, niyə Çində yaranmış virus (mövcud versiyalardan birinə görə, ilk xəstələr, təxminən, sentyabrda orda meydana çıxıb) dünyaya daha tez yayılmayıb? Ya da niyə hələ dekabrın sonu-yanvarın əvvəllərində İtaliyada, Fransada və ya ABŞ-da qeydə alınmış ilk yoluxma halları infeksiyanın ani partlayışına səbəb olmayıb? Çünki onların daşıyıcıları virusu kifayət qədər çox insana ötürməyiblər.
Adam Kuxarskinin sözlərinə görə, Covid-19-un klasterlilik koeffisienti, həqiqətən, 0,1-dirsə, onda infeksiyanın ötürülmə zəncirlərinin çoxu öz-özünə qırılır. Alimin hesablamalarına görə, həlledici sayı toplayıb genişmiqyaslı epidemiyanın zəncirvari reaksiyasını işə salması üçün virus ölkəyə, ən azı, dörd dəfə diqqət çəkmədən daxil olmalıydı.
Hərçənd bəzi hesablamalara görə, virus, məsələn, Britaniyaya, əz azı, 1300 dəfə – əsasən, Fransa, İspaniya və İtaliyadan- daxil olub.
“PANDEMİYA DUMANI”
Oksford Universitetinin tibbi dəlillər mərkəzinin professoru Tom Cefferson klaster yoluxmanı araşdırmağın vacib və lazımlı olduğu fikri ilə razıdır. Lakin o, həmkarlarını tələsik nəticələr çıxarmamağa səsləyir və eyni cümləni təkrarlayır: alimlər hələ də yeni koronavirus haqqında çox az şey bilirlər.
“Bizim dəlil bazamız, demək olar ki, günbəgün böyüyür. İlin əvvəlindən etibarən, koronavirusa həsr olunmuş 3000-dən çox elmi iş dərc olunub. Amma bu cür informasiya bolluğu, hərdən “pandemiya dumanı” adlandırdığımız nəticələr verir. Belə ki, hərdən böyük bir araşdırmanın nəticələri digərinin nəticələri ilə ziddiyyət təşkil edir”, – professor Cefferson deyir.
Alim bildirir ki, lap bu yaxınlara qədər respirator viruslarla bağlı təsəvvürlərimiz yaxşı öyrənilmiş qrip virusuna əsaslanırdı. Lakin artıq pandemiya ərzində aparılmış araşdırmalar kifayətdir ki, qriplə Covid-19 arasında oxşar cəhətlərin az olduğunu əminliklə deyə bilək.
“Covid-19 yeni, təzəlikcə tapılmış patogendir, buna görə də LSHTD-nin (elə koronavirusa həsr olunmuş bütün digər elmi işlərin) araşdırmalarının nəticələrini yekunlaşmış hesab etmək olmaz, – professor Cefferson buna əmindir. – bu araşdırmaların aparılması lazımlı idi və onların müəllifləri son dərəcə dəqiq işləyiblər, amma irəliyə hesablanmış nəticələr çıxarmaq üçün daha çox araşdırmaya ehtiyac var”.
Alim qeyd edir ki, araşdırmaların müəlliflərinin gəldikləri qənaətlər potensial olaraq özünü təcrid etməyə, ya da uzunmüddətli karantinə getməyə məcbur qalmış hər kəsə toxunur. Buna görə də, virusun ötürülmə üsulları və dinamikasını daha ətraflı öyrənmək son dərəcə vacibdir: “Virusun hansı şərtlərdə daha yaxşı ötürüldüyünü anlamaq lazımdır: hansı saatlarda, hansı məkanlarda, hansı rütubətlilikdə, hansı temperaturda və s.”
Hələlik isə sözügedən klasterlərin ən geniş yayılmış növü – yaşayış mənzilləridir: məlumdur ki, virus bir ailənin üzvləri arasında asanlıqla yayılır. Ancaq, məsələn, məktəblərdə bu baş vermir – alimlər məktəb klasterlərinə, demək olar ki, rast gəlməyiblər.
Hərçənd Ceffersonun sözlərinə görə, ilk baxışda paradoksal görünən bu nəticələr, məktəblərin bağlanmasının ilk tətbiq edilən məhdudiyyətlərdən biri olması ilə bağlıdır, yəni orda klasterlər formalaşmağa imkan tapmayıb.
Vaşinqtonda yerləşən Corctaun universitetinin ailə tibbi üzrə professoru Kennet Lin də Ceffersonla razıdır: “Elmi ədəbiyyatın istənilən xülasəsi dəlil bazası nə qədər genişdirsə, o qədər etibarlıdır. İndiki halda götürülən işlər (LSHTD elmi ədəbiyyatının xülasəsi) mənə natamam və bir qədər etibarsız təsir bağışlayır, onlara əsaslanaraq, məktəblərin, ofislərin, idman salonlarının və s. açılmasına qərar vermək olmaz”.
Amma Stenford universitetinin dosenti Con İoannidis məsələyə daha optimist yanaşır.
“İstənilən araşdırmada xətalar qaçılmazdır, – C. İoannidis deyir. – Xətaları həm mənbələrlə, həm də yaddaşımızın seçiciliyi ilə izah etmək mümkündür. Onların nəticələri nə qədər təhrif etdiyini müəyyənləşdirmək çətindir. Amma xətaların bu araşdırmanın nəticələrini tamamilə yararsız etdiyini düşünmürəm.”
Nikolay Voronin
BBC-nin elmi məsələlər üzrə müxbiri