Koronavirus dönəmində evə həbs olunmuş dost-tanış film siyahısı istəyir. Doğrusu, film təklif etmək məsələsində özümü o qədər faydalı saymıram. Çünki tamaşaçı zövqü sürüşkəndir. Misalçün yüksək estetik zövq, intellektual hazırlıq tələb edən bir filmdən sıxıla, amma eyni dəyərləri daşıyan digər filmi sevə bilər. Üstəlik, həmin andakı ovqata uyğun janr, mövzu seçimi də öz yerində. Bununla belə, tələbatı nəzərə alaraq, insanlarımızın xarakter və dünyagörüşlərinə əsaslanaraq bəzi filmləri təklif edirəm.
Azərbaycanlıların bir qismi özgələrinin gizlinlərinə, şkafdakı skeletlərinə burun soxmağı sevirlər. Bizdə ən çox oxunan məqalələr intim, seksual, özəl həyatla bağlıdır. İntimliyi təsvir edən videolara da çox baxılır. Deyə bilərsiniz ki, insanın təbiətindədir gizlinlərə burun soxmaq. Razılaşıram, lakin düşünmürəm ki, bizdəki xüsusiliyi kimsə inkar etsin.
Ona görə şkafdakı skeletləri incələməyi sevənlərə müasir dokumental kinonun əhəmiyyətli simalarından biri, avstriyalı rejissor Mixael Glavoggerin “Fahişə şöhrəti” (2011) sənədli işini tövsiyə edirəm.
Rejissor Tailandda, Meksikada, Banqladeşdə fahişələrin təkcə bədən dünyasına yox, eyni zamanda qəlblərinin dərinliklərinə, məişətinə nəzər salır. Filmə dörd ilini xərcləyən rejissor deyir: “Onların dünyasında hər şeyin qiyməti var. Orda hər şeyə görə pul ödəmək lazımdır və müsahibə seksdən daha bahadır. Çəkiliş vaxtı kimsə kadra daxil olub deyirdi ki, mən də danışmaq istəyirəm. Mən isə onlara öz sözlərini demək üçün tribuna verdim. Bəzən onlar deyirdilər: “Gəl, kişilər gedəndən sonra nə ilə məşğul olduğumuzu gör”.
Eyni inamla sənədli kinoda “mondo” janrının əsasını qoymuş, italyan rejissoru Gualtiero Yakopettinin “Mondo Cane” (hərfi mənası “Köpək dünyası”) filmini də təklif edirəm. Yeri gəlmişkən, Glavoggerə də yeni “mondo kino”nun (bu janra görə müəlliflər kinoda qəddarlıq, ölüm mövzusundan istifadə edərək, emosional effekti şişirdərək tamaşaçıya şok effekti yaşadır) yaradıcısı kimi də baxırlar.
1962-ci ildə çəkilən filmdə təhkiyə paralel montaja əsaslanır: ən müxtəlif mədəniyyətləri, xaqların həyat tərzini paralel montajla ekrana gətirməklə ziddiyyətli hekayələr qurur və fərdin intimliyini spesifik kontekstlə yükləyir. Amerikada itləri öldüyünə görə hönkür- hönkür ağlayan varlı, kübar qarıları köndələn, yaxın planda götürür: bu baxış bucağından qarıların qısıla-qısıla ağlaması qeyri-səmimi, gülməli görünür. Onlar itlərinə bağlılığına görə sanki həm də ətrafın rekasiyasından utanıb üzlərini gizləməyə çalışırlar. Ağlaşmanın fonunda bir itin qəbri üstə başqa itin təbii ehtiyacını ödəməsi xüsusi vurğulanır. Yaxud zərif, eleqant qadın və kişilərin boşqablarındakı iri planda göstərilən qarışqa, tarakan qalağı o qədər qeyri-estetikdir ki, bu adamlar insanlıqdan çıxaraq böcək yeyən heyvana, həşərata “çevrilirlər”. Afrikada cılız qəbilə başçısının hərəmxanasındakı qadınlar çox yeməyə məcburdur. Çünki 150 kiloya çatan qadınlar həm gözəl sayılır, həm də xüsusi statuslara malikdir. Və paralel Qərbdə köklükdən xilas olmaq istəyən qadınların çəki atması üçün səylə idman etmələri ekrana gəlir.
Cəmiyyətimizdə hər kəsə neqativliyini ötürən, dünyanı qara görən qaramat enerjili insanlar xüsusən yayğındır. Onların indiki sosial izolyasiyadan həzz aldığını da istisna etmirəm. Bu qrupun, qaramatlıqlarını daha da gücləndirən polyak rejissoru Yan.P.Matuşinskinin “Sonuncu ailə” (2016) filmini izləməsində fayda var. Əsəbləri kövrək, depressiyaya meylli adamların isə onu izləməsi arzuolunan deyil. Film real hadisələr əsasında lentə alınıb. Zdzislav Beksinski XX əsrin tanınmış rəssamlarından biri olub. Onun tabloları postapokaliptikdir: ölümü, ümidsizliyi, bəşəri fəlakətləri təsvir edir. Rəssamın arvadı sağalmaz xəstəlikdən ölür. Az sonra oğlu intihar edir. 2005-ci ildə isə özünün Varşavadakı evində meyiti tapılır. İstintaq araşdırır ki, rəssam binanın komendantının yeniyetmə oğlu tərəfindən öldürülüb. O, ölümündən az əvvəl yeniyetməyə borc pul verməkdən imtina etidyi üçün qətlə yetirilir.
Rejissor Beksinski ailəsinin gündəlik həyatını ekrana gətirir. Normal maddi imkanlara malik, bu intellektual insanların həyat ritmi övladları Tomekin ovqatından asılıdır. Tomek psixoloji sabitliyini itirən kimi valideynlərinin yanına qaçıraq evi dağıdır, isterikaya düşür. Onun həyatla münasibəti alınmır, yaşamaqda məna tapa bilmir. Film bir ailənin tədricən mənəvi və fiziki məhvi, boşluq haqdadır.
Beksinskinin xüsusi bir şövqlə çəkdiyi rəsmlərin qara enerjisi, təsvir elədiyi fəlakət onun ailəsinin fəlakətinə çevrilir. Və qara enerjisi son nəticədə bumeranq kimi özünə qayıdır. Təbitəcə xoş, ünsiyyətcil, mədəni olan Beksinski müsahibəsində sadist arzularının, qadını zorlamaq istəyinin olduğunu deyirdi.
Əziz feministlərimizi də unutmuram. Livanlı rejissor Randa Çahal Sabaqın “Çərpələng” (2003) filmində hadisələr Livan-İsrail sərhədində baş verir. İkiyə bölünmüş Livan kəndinin bir hissəsi müvəqqəti olraq İsrail ordusu tərəfindən nəzarətə götürülüb. 16 yaşlı livanlı qız Lamiyəni ailəsi onu sərhədin digər tərəfində yaşayan qohumu Samiyə ərə vermək istəyir. Lamiyə isə sərhədin o biri tərəfində qulluq edən İsrail əsgərinə vurulur. Qohumlar sərhəd zonasına gələrək meqafonla elçilik edir, toy tədarükünün detallarını çözür.
Rejissor iki fərqli mühiti qarşılaşdırır. Ərəblərin nəzarətində olan kənddə patriarxal mühit hökm sürür, burda qadınlar öz hüquqsuzluğu ilə barışımış vəziyyətdə yaşayır. İsrailin nəzarətində olan hissədə isə həyat daha moderndir. Dramatikliyinə rəğmən müəllifi əhvalatı yumordan əskik eləmir. Lamiyənin anası meqafonla gələcək qudasına qızının menstruasiya olmasını sevinclə çatdırır və ya başqa epizodda “əgər sənin oglun nifrət etdiyimiz yəhudilərin dilində danışırsa, mənim qızım Şarl de Gollun dilində danışır” deyərək öz üstünlüyünü bildirir.
Səudiyyə Ərəbistanından olan rejissor Hayfa əl-Mənsurun “Vadjda” filminin (2012) qəhrəmanı 10 yaşlı Vadjda ölkədə qadınlara qoyulan qadağaları qəbul edə bilmir, hicab bağlamır, dinlə maraqlanmır, rok musiqisi dinləyir, yaşıdı Abdulla ilə dostluq edir. Və onun ən böyük arzusu velosiped sürməkdir. Ancaq cəmiyyətdə qadınların velosiped sürməsi yaxşı qarşılanmır. Anası da qızının fikrini dəstəkləmir. Hayfa əl-Mənsur Səudiyyə Ərəbistanından olan ilk qadın rejissorudur. “Vadjda” isə ölkənin ilk filmi. Səudiyyə Ərəbistanında qadınların artıq velosiped sürməsinə icazə verilir. Bunda filmin də rolu olub.
Pasifistlər üçün kürd əsilli iraqlı rejissor Hüner Səlimin “Sıfır kilometr” (2005) filmi uyğundur. Bu, Kann kinofestivalında iştirak edən ilk İraq filmidir.
Hadisələr 1988-ci il İran-İraq müharibəsinin son günlərində baş verir. İraq ordusunun əsgəri, kürd əsili Ako ölkədən getmək istəyir. Amma arvadı çarpayıya məhkum atasını tərk eləmir. Akonu tezliklə orduya çağırırlar.
Müəllif əhvalatı ciddi müharibə filmlərinə xas konsepsiya üzərində qurur: hansı tərəfin haqlı olub-olmaması ilə bağlı sonu bitməyən mübahisə, niyə müharibə edirik, onun mənası nədir kimi klassik suallar, böyük siyasi oyunların, hakimiyyət ehtiraslarının girovlarına çevrilən kiçik insanlar, fərdin ekzistensializmi. Maraqlı, gözlənilməz vəziyyətlərlə, reaksiyalarla əhvalat absurda çatır. Atışma zamanı Ako səngərdən ayağını yuxarı qaldırır ki, yaralanasın və onun evə dönməyə bəhanəsi olsun.
Rejissor məzmunun, təsvirin təsir gücünü artıran təkrir kadrlardan yararlanır: bütün film boyu iri yük maşını Səddam Hüseynin, əlini irəli uzadan nəhəng heykəlini daşıyır. Heykəlin daşınması əsas xəttin fonunda görünür, sanki təsadüfdən-təsadüfə, karikatura intonasiyasında kadra girir.
Polyak rejissoru Eji Skolimovskinin “Zəruri qətl” (2010) dramında isə Amerika hərbçiləri Taliban hərəkatının döyüşçüsü Məhəmmədi Avropada yerləşən həbsxanalardan birinə aparır. Gözlənilmədən yolda avtomobil qəzası baş verir, Məhəmməd qəzadan istifadə edərək qaçır və sağ qalmaq uğrunda mübarizə aparır.
Skolimovski cəsarətli temaya girişir: bir islam terrorçusunu filmə əsas personaj seçir, onun iç dünyasında baş verənləri, seçdiyi yolun səbəblərini araşdırır və anlamaq istəyir. Qısası, “Zəruri qətl” dini əqidəsinə görə qətllər törədən bir insanı anlamaq, “niyə, nədən ötrü” suallarına cavab tapmaq cəhdidir. Rejissor qəhrəmanın tərəddüdlərini ön plana çıxarır. Onun əqidəsinə inamlı, inadkar talibançı tipi yoxdur. Əksinə Məhəmməd ideoloji tələyə düşən, gözüqıpıq obraz kimi təsvir olunur. Epizodlardan birində ac Məhəmməd körpəsini əmizdirən polyak qadına hücum edərək onun döşlərindən süd əmir. Bu səhnəylə də rejissor Rubensin, Dirk van Baburenin və başqa rəssamların əsərlərində yer alan, qadının aclıq hökmü oxunmuş atasını əmizdirməsi tablolarına göndəriş edir.
Kinonun fərqli dadını hiss etmək istəyənlər üçün irlandiyalı rejissor Martin Makdonaxın “Brüggedə” (2008) filmi əla materialdır. Cinayətkar dünyası haqda ən yaxşı filmlərdən biri olan “Brüggedə” orjinal xarakterlər, orijinal kolliziya yaradır. Fərqli dad kateqoriyasına Makdonaxın həm də “Yeddi psixopat” (2012), “Missuri, Ebbinq sərhədində üç bilbord” (2017), Rubel Estlundun “Kvadrat” (2017), “Fors major” (2014), Pol Tomas Andersonun “Buqi stilində gecələr” (1997), “Maqnoliya” (1999), Riçard Linkleyterin “Yeniyetməlik” (2014) Koen qardaşlarının əksər filmləri, həmçinin “Farqo” (1996), “Oxuyandan sonra yandır” (2008) filmləri də aiddir.
Monoton ev həyatına həyəcan qatmaq istəyən adamlar üçün o qədər də populyar olmayan Jan Pyer Melvilin ”Samuray” (1967), “Qırmızı dairə” (1970), Lui Malın “Fatale” (1992), Uliyam Fridkinin “The French Connection” (1971) və 1940-50-ci illər Amerika nuar, triller janrına öz stilini gətirən Klod Şabrolun əksər filmləri məqbuldur.
Qadın-kişi münasibətləri mövzusu həvəskarlarına isə düşünmədən macar rejissoru İldiko Enyedinin “Bədən və ruh haqda” (2017) filmini məsləhət bilirəm. Rejissor ilk baxışdan banal görünəcək sevgi hekayəsini -freydist, fatalizm, nağıl, sosial qatlarda işləyir. Üstəlik, sevgi əhvalatı hansısa romantik məkanda yox, sallaqxanada cərəyan edir. Heyvanların kəsilmə prosesinin detalları, bol qan səhnələri fonunda iki nəfərin həssas, zərif hissləri güclü təzad yaradır. Finalda rejissor əhvalatın faciəyə çevriliməsi anında, qəfildən elə dönüş edir ki, bunu ancaq izləmək lazımdır.