Dünən, sentyabrın 11-də “Park İnn” otelində “Ana Vətən” partiyasının təşəbbüsü ilə “Ölkəmizdəki siyasi proseslərə xarici müdaxilənin yolverilməzliyi” mövzusunda Dəyirmi Masa keçirilib. Dəyirmi Masada fərqli siyasi fiqurlar, media rəhbərləri və millət vəkillərinin iştirakı ilə müzakirələr aparılıb və deyilənə görə hətta yekun bəyanat imzalanıb. Bütün bunları əlbəttə ki, ilin lap əvvəlindən başlamış, şərti adı “İslahatlar” olan imitasiyanın ardı hesab etmək gərəkdir. Artıq payızına daxil olduğumuz il necə başlamışdı, hansı ifadələr işlədilmiş, hansı vədlər verilmişdi?
İslahatlar vədi ilə başlayan il
Yəqin ki, hamının xatirindədir – bu ilin lap əvvəlində, yanvarın 11-də Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının nəticələrinə həsr olunmuş iclas keçirdi. Məhz orda ilk dəfə hökumətin planlaşdırdığı islahatlar haqda bəyan edildi. Düz bir ay sonra, fevralın 12-də dövlət başçısı “Real” telekanalının rəhbəri Mirşahin Ağayevə ölkədə aparılacaq sosial və struktural islahatlardan bəhs edən qəribə bir müsahibə verdi.
Həqiqətən də, təqribi yarım il (yanvar-may) ərzində Azərbaycanda bir sıra mühüm hadisələr baş verdi. Onlar ölkədəki kifayət qədər sərt idarəetmə siyasətinin dəyişməsi və ümumi siyasi vəziyyətin tədrici yumşalması ilə bağlı cəmiyyətimizə və dünyaya mesajlar yollamalı idi. Bu məqsədlə 2019-cu ilin birinci yarısında Prezident bəzi qanunlar və sərəncamlar verdi, o cümlədən islahatların başladığı barədə həm öz ölkəsinin vətəndaşlarında, həm də bütün dünyada aydın təəssürat yaratmalı olan bəzi fəaliyyətləri reallaşdırdı.
“İslahatların” qısa siyahısı və xarakteri
Bu zaman ərzində iqtidarın fəaliyyətinin böyük qismi həyatın sırf sosial tərəfləri ilə bağlı idi və sadəcə bəziləri siyasi xarakter daşıyırdı. Xüsusilə, bu ilin martında ölkədəki siyasi məhbusların kifayət qədər böyük hissəsi (51 nəfər) əfv olundu. Apreldən sonra isə, barəsində səfər qadağası (travel ban) tətbiq edilmiş insanların demək olar ki, hamısının – bura siyasi xadimlər, gənclər hərəkatlarının fəalları və jurnalistlər daxildir – üzərindən bu qadağa qaldırıldı.
Fevralın 15-də birləşmiş müxalifətin 2013-cü ildə prezidentliyə vahid namizədi olmuş və o zaman iqtidarı tənqid etmiş kinodramaturq və rejissor Rüstəm İbrahimbəyov son altı il ərzində ilk dəfə vətənə gəldi. Ölkədə uzun illər persona non grata sayılmasına baxmayaraq, Rüstəm müəllim bir daha avqust ayında Bakıda göründü, bu dəfə tərəfindən kinematoqrafçılarımız üçün təsis olunmuş “Qızıl Çıraq” mükafatını təqdim etmək məqsədilə. Xatırladaq ki, “sürgündə” olduğu illərdə Azərbaycan KİV-ləri İbrahimbəyovu tez-tez hədəfə alırdı – xüsusilə ssenarisi əsasında çəkilmiş “Qafqaz triosu” (2015) filminə görə onu ermənilərə simpatiyada və az qala satqınlıqda ittiham edirdilər. Təbii ki, Azərbaycan KİV-ləri bir daha belə şeylər yazmaz, çünki yuxarıdan verilən siqnalı çox aydın və birmənalı şəkildə tuturlar.
Bu addımlar hakimiyyətin nəzərdə tutduğu islahatlar və yumşalmalar paketinə daxil idi. Lakin Azərbaycanda hər hansı siyasi-ictimai fəaliyyətə qoyulmuş hermetik-kip qadağalar çərçivəsindən doğan çağdaş boğucu atmosferdə bunlar kifayətdirmi?
Klan mübarizəsi siyasi həyat kimi
Məsələni kökündən qoyaq: Azərbaycanda siyasi həyat mövcuddurmu?
Müxalifətin məqsədyönlü şəkildə bütün ictimai platformalardan sıxışdırılıb çıxarıldığı, bütün yerli telekanlların və radioların efirinin üzlərinə kip qapandığı ölkədə bu sualın cavabı yəqin ki, hamıya məlumdur. Müxalifətin və ümumiyyətlə, iqtidarın hər hansı bir opponentinin leqal şəkildə istənilən fəaliyyəti üçün gərəkli olan bütün imkanların qarşısı alınıb. Nəticədə ictimai-siyasi həyatın kənarına atılmış müxaliflər tamamilə marginallaşıb.
Siyasi həyat, əlbəttə ki, mövcuddur, lakin bu proseslər iqtidar-müxalifət qarşıdurmasının illüzor platformasında yox, klanlararası mübarizə müstəvisində cərəyan edir.
Çağdaş Azərbaycan iqtidarı tamamilə hermetikdir və “ordan” cəmiyyətə filtrdən keçməmiş məlumat, demək olar ki, sızmır. Bircə məsələ dəqiq olaraq bəllidir ki, hazırkı hakimiyyəti heç bir vəchlə hansısa monolit ehram kimi xarakterizə etmək olmaz. O, şübhəsiz ki, resurslara nəzarət və hakimiyyət uğrunda bir-biri ilə amansız rəqabət aparan rəqib klanların və qrup maraqlarının qurama konqlomeratıdır.
Azərbaycanın hakim dairələri üçün tayfa mənsubiyyəti ənənəvi olaraq çox dərin əhəmiyyət kəsb edib. Zatən Azərbaycanın üçüncü prezidenti Heydər Əliyevin üsuli-idarəsinin həqiqi mahiyyəti sərt avtoritarizmlə paralel, fərqli klanlar arasında virtuoz balansın sintezindən ibarət idi.
Meritokratiya – xilasedici dairə?
Hazırda hakim dairədə dominant “paşayevlər” klanı, Azərbaycan klanları sırasında daxili quruluşuna görə yerliçi-traybolist prinsiplə qurulmayan yeganə qrupdur və öz kadrlarını seçərkən digər (tayfabaz) klanlarda olduğu kimi bölgə mənşəyinə yox, meritokratiyaya üstünlük verir.
Qısası, digər klanlardan fərqli olaraq, “paşayevlər” klanı yaranmış vəziyyətdən yeganə çıxış yolunu meritokratiyada, yəni ölkənin idarəetməsinə gənc və savadlı kadrların cəlb olunmasında görür. Bu ideyaya əsasən, meritokratiyanın standartlarına uyğun gələn “texnokratlar”, özlərini tamamilə nüfuzdan salmış “köhnə qvardiyanın” oliqarx nazirlərini birdəfəlik əvəzləməlidirlər. İstənilən halda bu dəyişikliklərin bir səbəbi də təbii nəsil dəyişməsidir. Bu hakimiyyətin qurulduğu vaxtdan artıq 25 ildən çox zaman keçib – bunu unutmaq olmaz.
Yeni MM və 2020 seçkiləri
İstənilən adekvat insanda dərin ikrah doğuran hazırkı Milli Məclisin buraxılması və ardınca parlamentə növbədənkənar seçkilərin keçirilməsi barədə ilin əvvəlində yayılmış şayiələrdən daha söhbət belə getmir. Hərçənd ki, bu söhbətlər keçən ildən davamlı olaraq gəzirdi və əslində adı çəkilmiş Erkin Qədirlinin bir təhlilində dediyi kimi bu, hakimiyyətin işinə yarayardı, çünki 2025-ci ildə ölkə prezidentliyinə seçkilərlə (7 ildən bir keçirilir) parlament seçkiləri (5 ildən bir keçirilir) üst-üstə düşəcək. Ki, bu hal özündə müəyyən risklər daşıyır. Nümunə kimi qeyd edək ki, analoji vəziyyətdə olan Belorus lideri A.Lukaşenko bu ilin noyabr ayına təyin olunmuş növbədənkənar parlament seçkiləri barədə hələ yazda elan vermişdi.
Bu baş verməsə də, artıq tamamilə aydındır ki, növbəti Milli Məclis və onun yeni heyəti əvvəlkilərdən tamamilə fərqli olacaq. Orada uzun illər kreslolardan oturmuş komik personajlar artıq bu səhnəni birdəfəlik tərk edəcək, onların yerini isə gənc və savadlı “texnokrat”lar, yeni nəslin nümayəndələri tutacaq. Hazırda nazir vəzifələrinin və mühüm dövlət postlarının yarıdan çoxu “paşayevlər” klanının nəzarətindədir və hərdən onlar öz fəaliyyətləri ilə göstərirlər ki, müxalifətin bəzi nümayəndələrinə də lütf edə, müəyyən məqamda onları əməkdaşlığa dəvət edə bilərlər. Bu anlamda fərz etmək olar ki, yeni parlamentdə “texnokrat”lardan başqa bəzi müxalif nümayəndələri də yer ala bilərlər.
İlin əvvəlində cəmiyyətə belə bir məlumat sızdı ki, paralel olaraq həm dominant olmaq, həm də islahatçı obrazı yaratmaq məqsədilə sözügedən klan, 2020-ci ilin payızında keçiriləcək parlament seçkilərində müxalif ReAl partiyasına bəzi güzəştlərə gedə bilər. ReAl partiyasının xarici əlaqələr üzrə katibi, beynəlxalq hüquq üzrə mütəxəssis Erkin Qədirlinin bu il martın 6-da İctimai televiziyanın (İTV) efirinə geniş müsahibə ilə çıxması buna siqnal ola bilərdi.
O zaman çoxları bu hadisəni hakimiyyətin sərt efir siyasətinin müəyyən liberallaşması kimi qəbul edib davamını gözləyirdi. Lakin situasiyanın bu istiqamətdə inkişafı baş vermədi, bir daha heç bir müxalifətçi Azərbaycan TV və radiolarının efirində görünmədi.
“İslahatlar” barədə dövri bəyanatlar
Sözügedən yarım il ərzində iqtidar tərəfindən bütün bəyan edilənlərdən belə bir nəticəyə gəlmək olardı ki, sanki ölkə rəhbərliyi hazırkı vəziyyətin çıxılmazlığını – ilk növbədə iqtisadi vəziyyətin – anlayıb, siyasi və struktural dəyişikliklərin zərurətini qəbul edib və hətta yuxarıdan “məxməri inqilab”a başlayıb. Lakin zaman ən böyük hakimdir, bütün məsələlərin son qiyməti məhz ona məxsusdur. Hazırkı iqtidarla keçən əsrin dörddə biri qədər zamanda isə çox məsələlərin şahidi olmuşuq.
İş ondadır ki, İ.Əliyevin rəhbərliyi illərində bu tip “islahat” elanları dəfələrlə verilib: ilk öncə 2005-ci ildə, o zaman ard-arda Gürcüstan (2003), Ukrayna (2004) və Qırğızıstanda (2005) baş vermiş “narıncı inqilablar” dalğası və bunların Azərbaycan cəmiyyətinə verdiyi təsir müstəvisində. O vaxt iqtidarın ali pilləsində duranlar korrupsiyadan danışmağa başladılar, hətta “Azərbaycan Respublikası korrupsiya ilə mübarizə üzrə komissiya”sını yaratdılar və şəxsən Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi ona sədr təyin edildi. Daha sonra bu hal qibtə doğuracaq ardıcıllıqda 2011-ci ilin baharında başlayan gənclərin qiyamı zamanı da baş verdi; 2015-ci ildə milli valyuta bir ilin içində iki dəfə (fevralda və dekabrda) devalivasiyaya uğrayanda da eyni şey təkrar oldu.
Azərbaycan iqtidarı zaman-zaman ölkədə islahatlar prosesinin imitasiyasını yaratmağa məcburdur. Buna onu baş verən xarici də daxili kataklizmlər sövq edir, lakin bu əsla real islahatların mövcudluğuna dəlalət etmir.
Kadrların rotasiyası, ani təyinatlar
Baş verənlərə yaxından diqqət yetirəndə isə məlum olur ki, təxminən, yarım il ərzində hakimiyyət tərəfindən bəyan edilən bütün o islahatlar trendi – bəzi sosial imtiyazları, vicdan məhbuslarının və bir ovuc müstəqil jurnalistin kiçik miqyaslı amnistisiyasını çıxmaq şərtilə – sadəcə kadrların dəyişməsi ilə məhdudlaşıb.
Son dövrlərdə bu dəyişikliklər “ani təyinatlar” xarakteri almışdı. Bu hal bu il iyunun 20-də, ölkə prezidenti İlham Əliyevin hökumətdəki nazir postlarına bir neçə yeni təyinlər etməsilə başladı. Onların arasında güc strukturlarının rəhbərlərinin dəyişdirilməsi xüsusilə böyük diqqət çəkirdi.
“Turan” Müstəqil İnformasiya Agentliyinin direktoru Mehman Əliyevin sözlərinə görə, “bütün bunların arxasında hazırkı vitse-prezident və ölkənin birinci xanımı Mehriban Əliyevanı hakimiyyətə gətirmək planı dura bilər”.
Kədərli proqnozlar
Əgər Azərbaycana futuroloji proqnoz verməyə çalışsaq, təəssüf ki, o qədər də şən mənzərə alınmayacaq. Bu zaman yaranacaq başlıca sual – hakimiyyət məsələsi olacaq.
Aydındır ki, hazırkı konfiqurasiyada Azərbaycanda istənilən hakimiyyət dəyişikliyi yalnız total vətəndaş itaətsizliyi, faciəvi böhran vəziyyəti, yaxud qlobal geosiyasi kataklizmlər şərtlərində mümkündür. Artıq 30 ildən çoxdur ki, qanlı Qarabağ savaşında ərazilərinin 20%-ni itirmiş Azərbaycan da daxil olmaqla bölgənin bütün oyunçuları böyük müharibədən çəkinir. İran ətrafındakı hazırkı gərgin vəziyyət və bölgədə yeni müharibənin başlayacağı ilə bağlı real riskin mövcudluğu da, şübhəsiz ki, bu istiqamətdə böyük problemdir. Bu situasiya Azərbaycana yaxşı heç nə vəd etmir.
Ölkə daxilinə gəlincə, hələlik ki, Heydər Əliyevin şinelindən çıxmış “köhnə qvardiyanın” naftalin qoxusu verən kadrlarının tədricən “paşayevlərin” gənc “texnokratları” ilə əvəz olunması prosesi baş verir. Lakin köhnə korrupsionerlərin yeni insanlarla tam əvəzi üçün ilk olaraq “köhnə qvardiyanın” bütün mövqelərini birdəfəlik təhvil verərək tamamilə təslimi və daha sonra gənc kadrlarla daha effektli idarəetmə sisteminin yaradılması üçün çox böyük zaman lazımdır.
Hazırda isə 25 ildən çox davam eləyən bu hakimiyyətin qoyduğu ağır mirası görməmək mümkün deyil: ölkədə sosial həyat həddindən artıq gərgin qalmaqda davam edir, 2015-ci ildən bu yana əhalinin gəlirləri permanent olaraq azalır, beynəlxalq qeyri-hökumət təşkilatı “Transparency International”ın 2018-ci il üçün tərtib etdiyi “Corruption Perceptions Index”də Azərbaycan dünyanın 180 ölkəsi arasında 152-ci yeri tutur. Yaxın qonşularımızsa bizdən təəssüf ki, xeyli uzaqdadır – Gürcüstan 41-ci, Ermənistan isə 105-ci yerdədir.
Təhlükəli gənclik faktoru
Hazırda ölkədə gəncliklə bağlı vəziyyət Qarabağ müharibəsindən sonrakı dövrdə milyon yarım azərbaycanlı gəncin əmək mühaciri qismində Rusiyaya yollandığı 1990-cı illərdən tamamilə fərqlidir.
Yeni nəsil azərbaycanlı gənclər rus dilindən uzaq olduqları üçün onların Rusiya bazarlarına yolları qapalıdır, Türkiyənin iş bazarları isə suriyalı qaçqınlarla dolub-daşır. İşsizlik, əhalinin məşğulluğu proqramlarının yoxluğu, manatın devalivasiyası və aşağı gəlirlər səbəbindən ölkədən çıxa bilməyən gənclik, iqtidar üçün son dərəcə təhlükəli etiraz gücüdür. Bu situasiyanın üstünə ölkə əhalisinin təbii artımını gələndə vəziyyət daha da qorxulu görünür.
Son illərdə gənclik problematikası ilə bağlı daha bir maraqlı tendensiya müşahidə olunur – əgər sovet dövründə totalitar sistemin devrilməsinə heç bir ümid olmadığından azərbaycanlı gənclər arasında siyasi məhbuslar demək olar ki, yox idisə, çağdaş gənclik çox zaman hakimiyyətin repressiv sistemindən, hətta həbs olunmaqdan belə çəkinmir. Bu, ondan xəbər verir ki, gənclər sistemlə savaşdan qəhrəman kimi çıxacaqlarına, hazırkı hakimiyyətlə mübarizəyə görə indi olmasa da, gələcəkdəki dividentlərə ümidlidirlər.
İslahatlar prinsipcə mümkünmü? Failed state?
Bir daha Azərbaycanda islahatlar aparılması mövzusuna qayıtsaq, tamamilə aydındır ki, hakimiyyət gerçək islahatlar apara bilməz. Siyasi və ya iqtisadi islahatları elementar olaraq real müstəqil məhkəmə sistemi olmadan aparmaq mümkün deyil. Azərbaycan iqtidarı isə buna, yəni müstəqil məhkəmələrin mövcudluğuna heç cür imkan verə bilməz. Bundan başqa hakimiyyət iqtisadi sahədə inhisarçılıqdan çətin ki, imtina etsin. Bu səbəblərdən vəziyyət ağırlaşmağa davam edəcək.
Çağdaş zamanımız – failed state, yəni “baş tutmamış dövlətlər” dövrüdür, bu dövrdə nüvə təpəgözü Rusiya ilə cırtdan Cibuti rahat şəkildə uzlaşa bilir, baxmayaraq ki, faktiki olaraq, hər iki dövlət, öz elitalarının verdiyi yetkinlik imtahanının nəticələrinə əsasən, failed state adlana bilər.
Reallıq budur ki, failed states təyini son illər ərzində köklü şəkildə dəyişib və hazırda dövlətlərin bacarıqsızlıq indeksi idarəetmə orqanlarının formalaşmasında iştirak etmək hüququndan kənarlaşdırılmış əhalinin sayı ilə birbaşa proporsionaldır.
Bu gün hakimiyyətdə güclü və avtoritar rəhbərin olması dövlətin zəifliyi və yoxsulluğu ilə birbaşa proporsionaldır. Hökmdar nə qədər “güclüdürsə”, dövlətdə vacib qərarlar verən şəxslərin çevrəsi nə qədər dardırsa və əhali idarəetmə orqanlarının formalaşdırılmasında nə qədər az iştirak edirsə, dövlətin yoxsulluq reytinqi bir o qədər yüksək olar.
Bu anlamda Azərbaycan hakimiyyətinin ölkədə daxilində çağdaş idarəetmə metodları və eyni zamanda beynəlxalq ictimaiyyətin gözündə legitimləşməklə bağlı çox ciddi problemləri mövcuddur.