Azlogos
  • Kimlər var
  • Bizi tanı

"Soprano klanı". Möhtəşəm serial Yayı olmayan il Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik? “Mənəvi üstünlüyün” gorbagor olması TS-Eliot Qismət. Tomas Eliotun poetikası Dünyanın xərçəng xəritəsi
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

İrəvan Xanlığının unudulmuş dövrü – Xəzinə xəritəsi

AzLogos AzLogos
., Kültür
10 Avqust 2020
irevan
Paylaş

“İtirilmiş” İrəvan Xanlığının araşdırmaçısı Əmir Əli Sərdari-İrəvani öz eksklüziv müsahibəsində xristian və müsəlmanların sülh şəraitində yaşaması ilə tarixdə iz buraxmış, amma növbəti, qalib hökumətlər tərəfindən regiondakı anlayışlardan demək olar silinmiş zəngin tarixi ortaya çıxarır.

Tarix

Araşdırmaçının söylədiyinə görə “itirilmiş” İrəvan Xanlığı təxminən 1748-ci ildə Cənubi Qafqazda meydana çıxmış müstəqil dövlət olub. Dövlətin rəsmi süqutu 1828-ci ildə Qacarların Rusiyaya məğlubiyyəti ilə baş tutub. Yarandığı 1748-dən 1805-ci ilə qədərki dövrdə İrəvan Xanlığının tam müstəqil olduğu, 1805-1828 arası isə Qacar xanədanının idarəsi altında olduğu hesab olunur. Həmin dövrdə İrəvan xanı Qacar dövləti tərəfindən təyin olunurdu.

Qacarlar 1789-dan 1925-ci ilə – Pəhləvilərin taxta çıxmasına qədər İranı idarə edən türk əsilli xanədandır.

İrəvanın mərkəz şəhəri kimi inkişafı, İrəvan xanlığının 18-ci əsrdəki müstəqilliyindən əvvələ – 16-cı əsrdə Səfəvi xanədanının ilkin dövründəki Çuxur-Səəd bəylərbəyliyinə dayanır. Osmanlı və Səfəvi İmperiyaları arasındakı müharibələr səbəbindən İrəvan 14 dəfə gah o, gah bu tərəfin əlinə keçib. Hər dəfəsində isə şəhər müəyyən dağıntı və bərpalara məruz qalıb. Səfəvilərin süqutundan sonra, 1723-cü ildə İrəvan yenidən Osmanlılar tərəfindən işğal olunur. 1733-cü ildə isə bu dəfə Nadir şah tərəfindən Osmanlıların əlindən alınır. Nadir Şah İranın şimal-şərqində, Xorasanda yaşayan türkmən Əfşar tayfasından idi. Bu tayfa Şah İsmayıl zamanından bəri Səfəvilərin hərbi gücünü təşkil edən tayfalardandı. 1748-ci ildə Nadir şahın ölümündən sonra müstəqil xanlıqlar yaranır. İrəvan şəhəri İrəvan xanlığının paytaxtı olur.

İrəvan xanlığı Ağrı və Alagöz dağları arasında, Araz çayının hər iki sahilində yerləşirdi. Xanlığın hüdudlarını şimalda Pəmbək çayı və Gəncə xanlığı, şərqdə Qarabağ və Naxçıvan xanlığı, cənubda Xoy, Maku və Bəyazid xanlığı, qərbdə Qars, şimal-qərbdə isə Şorayel sultanlığı təşkil edib. İrəvan xanlığının ərazisi təxminən 24 000 kvadrat kilometr idi.

musahibe azvision 22 nov
Əmir Əli Sərdari-İrəvani

İrəvan qalası Osmanlı İmperiyası, Gürcüstan və Səfəvi (sonra Əfşar) imperiyalarının kəsişməsində, strateji mövqedə yerləşirdi. Qala 1582-ci ildə Osmanlılar tərəfindən tikilib. İrəvanın ticari və strateji özəlliklərinə, həmçinin Cənubi Qafqazdakı ticarət yolları və kəsişmələrindəki mövqeyinə görə qonşu dövlətlər həm siyasi, həm də hərbi şəkildə xanlığın daxili işlərinə qarışırdı.

Avropa, Asiya, Rusiya və Yaxın Şərqin kəsişməsində yerləşdiyinə, iqlim çeşidliyi və mənzərəli təbiətinə, həmçinin o dövrlərdə mədəniyyət mübadiləsinin aparıcı qüvvəsi olan ticarət yollarının qovşağındakı mövqeyinə görə Thomas de Waal’ın da “Cənub Qafqaz ölkələrini başa düşmək üçün qısa bələdçi” kitabında qeyd etdiyi kimi, İrəvan regionun mədəni, dini və dil rəngarəngliyinə öz töhfəsini verib.

Nadir şahın ölümündən sonra, 1747-ci ildə müstəqil İrəvan xanlığının ilk xanı Mirmehdi xan olmuş, amma qısa müddət sonra Nadirin generallarından olan əfqan Azad xan İrəvanı zəbt edərək Xəlil xan Özbəyi öz təmsilçisi olaraq onun yerinə təyin etmişdi. Onun dövründə İrəvan tez-tez Dağıstan ləzgilərinin hücumuna məruz qalır, Xəlil xan isə bu hücumları dəf edə bilmirdi.

Ləzgilər Qafqazın şimal-şərqininin yerli etnik qrupudur və əsasən müasir Rusiya Dağıstanının cənubunda, Azərbaycanın isə şimal-şərqində məskunlaşıblar. E.ə. 4-cü əsrdə ləzgi dilli müxtəlif qruplar 26 tayfa şəklində birləşərək Qafqazın şərqində Qafqaz Albaniyası dövlətini (Balkandakı müasir Albaniya ilə əlaqəsi yoxdur) yaratmış və sonralar könüllü surətdə fars Əhəməni İmperiyasına qoşulmuşlar. Bu tayfaların xələfləri bu gün də bölgənin zəngin tərkibinin bir hissəsi və özünəməxsus mədəniyyət daşıyıcılarıdır.

18-ci əsrdə Səfəvi İmperiyasının dağılmasından sonra lakların Qazıqumux Xanlığı bir müddət ləzgilərin müəyyən hissəsinə nəzarət edirdi. Həmin əsrin ilk yarısında İran Nadir şahın rəhbərliyi altında bütün Qafqaz boyu öz hakimiyyətini bərpa edə bildi. Bəzi ləzgilər bu günkü Azərbaycanda yerləşən Quba xanlığının, bəziləri isə Dərbənd xanlığının yurisdiksiyasına düşdü. 1755-ci ildə əslən İrəvanlı olan və yerli xalqdan dəstək alan Həsənəli xan Xəlil xan Özbəyin yerinə keçir. Bu zamandan başlayaraq 1805-ci ilə qədər, yəni 50 il boyunca İrəvan yerli xanların rəhbərliyi ilə müstəqil dövlət oldu. 4 il sonra Həsənəli xan öz yerini qardaşı Hüseynəli xana verdi. Hüseynəli xan və oğlu Məhəmməd xanın zamanında İrəvan xanlığı özünün ən çiçəklənən dövrünü yaşadı. Hüseynəli xan və oğlu Məhəmməd xan əsl siyasətçi idi. İrəvan xanlığının siyasi həyatı daim qonşu güclərinin təhdidi altında idi.

Situasiya Hüseynəli xan və oğlu Məhəmməd xanı siyasi müstəqilliklərini təmin etmək üçün üçüncü qüvvə axtarışına çıxarırdı. Əslində İrəvan xanlığı və qonşu güclər arasında münasibətlər siyasi mülahizələr və qarşılıqlı maraqlar əsasında formalaşırdı. Amma İrəvan xanı və qonşu hökmdarlar arasında münasibətər daim stabil deyildi. Çünki İrəvan xanlığının əsas məqsədi bütün vasitələrdən istifadə etməklə bölgədə öz hakimiyyətini saxlamaq idi.

Carpet_belonging_to_Ali_khan,_ruler_of_Irevan_khanate
Hüseynəli xana məxsus xalça. Azərbaycan Tarix Muzeyi.

Hüseynəli xan öz hakimiyyəti dövründə əsasən Osmanlıların, bəzən isə iranlı Kərim xan və gürcü II İraklinin qarşıdurmasından faydalanırdı. O, Rusiya və Osmanlı İmperiyası arasında Qara dəniz uğrunda mübarizədən də siyasi fürsət olaraq istifadə edirdi.

Sonralar onun oğlu Məhəmməd xan İrəvan xanlığını qorumaq üçün Rusiya və Ağa Məhəmməd xan Qacarla eyni siyasi oyunu oynadı, mahiyyət etibarı ilə o, adı çəkilən tərəfləri qarşı-qarşıya qoyur, bəzən o, bəzən bu tərəfin himayəsini qazanır – amma heç birinə tam olaraq itaət etmirdi.

1796-ci ildə Ağa Məhəmməd xan Qacar Zənd xanədanını məğlub edərək İranda hakimiyyətə gəlir. Zənd xanədanı, əsası Kərim xan Zənd tərəfindən qoyulmuş, 18-ci əsrdə əvvəlcə mərkəzi və cənubi İranı idarə edən kürd, yaxud lor əsilli İran xanədanı idi. Qısa müddət ərzində xanədan müasir İranın yerdə qalan hissəsini, o cümlədən Azərbaycan, Bəhreyn, İraq və Ermənistanı da öz hakimiyyəti altına ala bildi. Ağa Məhəmməd xan Qacar Qafqaz xanlıqlarından da ona biət etmələrini gözləyirdi. Bu xanlıqlar oğuz əsilli türk xanları tərəfindən idarə olunurdu. Xüsusilə də İrəvan və Gəncə xanlıqları Qacar tayfasından olan xanların idarəsi altında idi. İrəvan xanı ona yeni və səriştəsiz biri kimi baxır və etibar etmirdi. Bu da Ağa Məhəmməd xan Qacarın Qafqaza yürüşünə səbəb oldu. İrəvan xanı həbs olunaraq Tehrana göndərildi. Amma çox keçmədən Ağa Məhəmməd xan Qacar Qarabağda öldürüldü və İrəvan xanı vətənə döndü. İrəvan xanı Məhəmməd xan müstəqilliyini saxlamaq üçün Rusiya və Qacar dövləti arasında güc balansını qorumaq siyasətini davam etdi. 1805-ci ildə Məhəmməd xan bu dəfə Ağa Məhəmməd xan Qacarın varisi Fətəli şah Qacar tərəfindən həbs olunaraq sürgünə göndərilsə də, sürgündə Fətəli şah tərəfindən hörmət gördü. Onların övladları arasında xanədanlar arası əlaqəni gücləndirmək məqsədi ilə çoxlu izdivaclar baş tutdu. Bu, o dövrlərdə idarəçilərin öz güclərini stabilləşdirmək və yadlardan gələ biləcək təhlükələri önləmək üçün bir strategiya idi. Fətəli şahın ölümündən sonra, Məhəmməd şahın hakimiyyəti dövründə Məhəmməd xan İrəvani ən yüksək hərbi rütbələrə layiq görüldü və Fətəli şahın qızı ilə evləndi. Onun oğlu Məhəmməd Həsən xan isə vəliəhd Abbas Mirzənin qızı ilə evləndi. O qız Məhəmməd şah Qacarın atabir-anabir bacısı idi. Araşdırmaçının dediyinə görə o özü həmin xəttin davamçısıdır. Məhəmməd xanın xələfləri Qacar dövründə çox yaxşı karyera qura bilmişdilər. Onlar şah sülaləsinə yaxın bağları olan, əsasən İranın 75% ərazisində yerli idarəçi vəzifələri daşıyan nüfuzlu şəxlər idi. Hətta Pəhləvi dövründə də bu ailənin üzvləri yüksək rəsmi vəzifələr daşımağa davam edirdi

1807-ci ildə qəzvinli Hüseynqulu xan Fətəli şah tərəfindən İrəvan xanı təyin edildi. O, və qardaşı Həsən xan irəvanlı deyildilər. Təəssüf ki, bir çox tarixçilər onları Məhəmməd xanın övladları kimi göstərib. Fətəli şah Qacarın təhriki ilə Hüseynqulu xanın etdiyi siyasi dəyişikliklər İrəvan xanlığındakı situasiyanın dəyişdi və nəticədə Gülüstan və Türkmənçay müqaviləsi şəklində ağır itkilərə yol açdı. 1827-ci ildə İrəvan xanlığı Rusiyaya birləşdirildi.

Gülüstan Müqaviləsi 1804-1813 arasında Rusiya İmperiyası və Qacar İranı arasında davam edən birinci müharibənin nəticəsi olaraq 24 oktyabr 1813-cü ildə Gülüstan kəndində (bugünkü Azərbaycanın Goranboy rayonu) bağlanmış sülh müqaviləsi idi. Sülh müqaviləsinin hazırlıqları 1813-cü il yanvarın 1-də General Pyotr Kotlyarevskinin Lənkəranı işğalından sonra başladı. Müqavilə müasir Dağıstanın, şərqi Gürcüstanın, Azərbaycan Respublikasının böyük hissəsinin və Ermənistanın şimalının İrandan Rusiya İmperiyasına keçməsini təsdiqlədi. Mətni o zamankı İran sarayınnda böyük nüfuzu və tərəflər arasında vasitəçi olan Britaniya diplomatı Sir Gore Ouseley tərəfindən hazırlanmış müqavilə Rusiya tərəfdən Nikolay Rtişev, İran tərəfdən Elçi Mirzə Əbülhəsən xan tərəfindən imzalandı.

Почтовая_карточкаЭривань1917
Abbas Mirzə Məscidi, İrəvan. Rusiya İmperiyasının açıqcası.

Türkmənçay müqaviləsi isə İran və Rusya arasında ikinci müharibənin (1826-28) nəticəsi olaraq 10 fevral 1828-ci ildə İranın Türkmənçay kəndində bağlandı. Müqaviləyə əsasən İran Cənubi Qafqazdakı digər əraziləri – İrəvan və Naxçıvan xanlıqlarını və Talış xanlığından yerdə qalan ərazilərini də Rusiyaya güzəştə getdi. Araz çayı Rusiya və İran arasında sərhəd təyin olundu. O ərazilərə müasir Ermənistan, Azərbaycan Respubliksının cənub hissəsi, eləcə də Türkiyənin İğdır vilayəti daxildir.

Müqaviləni İran tərəfdən vəliəhd Abbas Mirzə və Fətəli şahın baş vəziri Allahyar xan Asəfüddövlə, Rusiya tərəfdən isə General İvan Paskeviç imzaladı. Gülüstan müqaviləsi kimi bu müqavilə də Rusiyanın İran üzərində qələbəsinin nəticəsində və Rusiyanın diqtəsi ilə imzalanmışdı. Paskeviç, müqavilənin bağlanmayacağı təqdirdə beş gün sonra Tehranı işğal edəcəyi ilə bağlı təhdid edirdi.

Mədəniyyət

İrəvan xanlığının və bölgənin mədəniyyətindən bəhs edən araşdırmaçı, 16-cı əsrin əvvəlində Səfəvi İmperiyasının yaranması və yüksəlişi boyu İrəvanın Osmanlı qarşısında mühüm strateji mövqeyini qeyd edir. Bu səbəbə görə Səfəvi hökmdarları İrəvan istehkamlarının mühafizəsini ən ağıllı və bacarıqlı general və müttəfiqlərinə tapşırırdı. Hərbi əhəmiyyətdən başqa İrəvan həm də strateji ticarət mərkəzi idi.

Şərq və qərbi birləşdirən yolların kəsişməsində yerləşən İrəvan müxtəlif xalqların iqtisadi və mədəni mübadiləsindən faydalanırdı. Bu unikal fürsət İrəvanı müxtəlif din və mənşəyə mənsub açıq fikirli insanların mədəni qovşağına çevirmişdi. Qonşu ölkələr isə həm təhlükəsizlik, həm də vergi qazancı baxmından bu ərazinin nəzarətini ələ keçirməyə çalışırdı. Bu maraqlar İrəvanı tez-tez münaqişə və iri həcmli zərərə məruz qoyurdu.

İrəvan hakimləri adətən Səfəvi xanədanına yaxın adamlardan təyin olunurdu. Səfəvi dövlətinin Avropaya göndərdiyi ilk nümayəndələr İrəvandan idi. Səfəvi hökmdarları sonralar təhlükəsizlik və sərhəddən uzaqlıq baxımından paytaxtı İsfahana köçürsələr də Çuxur-Səəd (İrəvan nahiyəsinin o zamankı adı) hakimləri və əhalisi ilə sıx əlaqəni davam etdirirdi. Səfəvi şahları ermənilər üçün xüsusi vergi şərtləri təklif edir və beləliklə onları xəyanətdən çəkindirməyə çalışırdı. Gürcüstan və Rusiya kimi rəqib xristian dövlətlər vaxtaşırı erməniləri Səfəvilərə qarşı fitnələrə təhrik edirdi.

Bluemosqueyerev
Göy Məscid, 1764-1768, İrəvan. Hüseynəli xan Qacar dövründə inşa edilmişdir.

İrəvan Səfəvi və Əfşar dövründə İran və Osmanlılar arasında döyüş meydanına çevrildi. Böyük güclər ona həm vasitəçi kimi baxır, həm də gah dolayısı, gah da hərbi yolla onun sədaqətli olmasını təmin etmək istəyirdi. Nadir şah Əfşarın ölümündən sonrakı 50 il isə İrəvan xanlığının tarixində ən dinc dövr oldu. Həmin dövrdə İrəvan hakimləri həm unikal siyasi məqamdan yararlanaraq böyük güclər arasında manevr etməklə müstəqilliklərini qorumaq, həm də müstəsna coğrafi mövqedən istifadə etməklə tacirlər üçün əlverişli işgüzar mühit və qonşu dövlətlərlə dostluq diplomatiyası yaratmağa cəhd etdi.

Onlar daxili işlərinə diqqət ayıra bilir, müdaxilə və narahatlıq etmədən cəmiyyətin həyat şəraitini və inkişafını təmin etməyi bacarırdı. Xristian azlığa malik şəhərlər arasında İrəvan dindar müsəlman İsfahanla müqayisədə xeyli tolerant idi. İrəvanda olan bir çox qərbli səyyah bu ölkənin dini azadlıq və tolerantlığın şahidi olub. Anlaşılandı ki, bəzi Avropa səyyahları öz dindaşlarına rəğbət bəsləyir və onların şikayətini əks etdirməyə meylli olurdu. Söhbət 18-ci əsrdən gedir. Hətta bugünün özündə belə biz tərəfdarlar arasındakı münaqişəni dinlərarası münaqişə kimi qələmə verənlərlə mübarizə aparmalı oluruq. İrəvan xanlığı dövrü ölkənin ən rifahlı zamanı oldu. Ticarət inkişaf etdi və vergi ödənişləri xaricə axmadan sərmayə kimi ölkəyə qoyuldu. O zamanın əks etdirən azsaylı mənbələrə əsasən deyə bilərik ki, bu dövr İrəvanın qızıl çağı olub. Məscid və kilsələr, qonaqlar üçün nəzərdə tutulan şərq üslublunda bazarlar, hamamlar və karvansaraylar tikildi və yeniləndi. 18-ci əsrdə məscidlər ən mühüm təhsil mərkəzləri kimi qalırdı. Çox az bilinən faktlardan biri – bir neçə onillik sonra Qafqaz və İrandakı ilk modern məktəb və yeni təhsil sisteminin İrəvanda yaranması kimi inqilabi təşəbbüs üçün uyğun şərtlərin əsası da İrəvan Xanlığı dövründə qoyulmuşdu. Bu innovativ münasibətin əsasında müxtəlif baxışlara tolerantlıq və təbii səbəblərdən qaynaqlanan səmimiyyət dururdu.

Hər halda, zamanla dinc dövrün də sonu gəldi. 1796-cı ildə Qacar xanədanının Tehrandan yüksəlişi ilə Ağa Məhəmməd xan Qacar Qafqazı hədəf aldı, beləliklə də sülh və əmin-amanlıq pozuldu. İrəvanlı Məhəmməd xan əsir alınaraq zorla Tehrana göndərildi. İrəvan xanının Tehrana hörmət göstərməsinə baxmayaraq qalib Qacar dövləti onun bir daha İrəvanın işlərinə qarışmasına izn vermədi. Onun əvəzinə Qacarlara sadiq digər general – Hüseynqulu xan İrəvan xanı təyin edildi. Bu zamandan etibarən Xanlığın tarixini qaliblər – Qacar tarixçiləri yazmağa başladı. Təyin olunan sonuncu xan Qacar dövlətinin rəhbərliyi ilə necə deyərlər siyasi islahatlara başladı. Araşdırmaçının fikrincə onun etdikləri Rusiyanı və İrəvanın erməni azlığını təhrik etməkdən başqa bir işə yaramadı. Onun hakimiyyəti dövründə Gülüstan müqaviləsi ilə əvvəlcə İrəvan və Naxçıvan xanlıqlarından başqa bütün Qafqaz, Qacarların yarıtmaz siyasəti nəticəsində isə nəhayət 1827-ci ildə adları çəkilən xanlıqlar da Rusiyaya ilhaq oldu.

The_Hall_of_Mirrors_in_the_Palace_of_the_Sardar
Sərdar sarayının güzgülü zalı. Rəssam Q. Qaqarin.

Son İrəvan xanı öz hakimiyyəti dövründə sələfi Məhəmməd xanın sahibi olduğu Sərdar sarayında yaşayırdı. Hüseynqulu xan sarayın yaxınlığında yeni məscid tikdirir və adını “Sərdar məscidi” qoyur. Müasirimiz, İslam sənət tarixi mütəxəssisi, alman professor Markus Ritter 2009-cu ildə “İrəvan qalasının itmiş məscidi” adlı məqalə dərc etdirib. O, bəzi məsələlərə aydınlıq gətirməsi üçün araşdırmaçı Əmir Əli Sərdari-İrəvani ilə də əlaqə saxlayıb. Digər alman tarixçisi Friedrich Sarre 1897-ci ildə İrəvana səfər etmiş və məscidin qalıqlarından səqf nümunələrini özü ilə Berlinə aparmışdı. O, öz kitabında Xanlığın tarixi irsinin çox pis vəziyyətdə olduğundan söhbət açır. Onun özü ilə apardığı səqf nümunələri indi Berlin muzeyində nümayiş olunur. Fərqli zamanlarda İrəvanda olan digər Avropalı səyyahlar da Sərdar Sarayı və onun güzgülü zalını, qaladakı məscid, hovuz və hamamları, o cümlədən Zəngi çayına enən yeraltı mərmər pilləkənləri öz yazılarında təsvir edib. Şahidlərin dediyinə görə Sarayın güzgülü zalının mərkəzində mərmər fəvvarə də varmış.

1858-ci il zəlzələsində İrəvan qalasının divarları zədələnir. Sərdar Sarayında isə 1868-ci ilə qədər İrəvan şəhər polis idarəsi yerləşmişdi. İrəvan qubernatorunun Qafqaz Canişinliyinə müraciəti əsasında Güzgülü zalın inşası məqsədi ilə 1867, 1872, 1874 və 1880-ci ildə vəsait ayrılıb. Xatirələrə əsasən müəyyən olunub ki, 1865-ci ildə Nerses Tahiryan adlı erməni tacir İrəvan qalasının bir hissəsini satın almış və ərazidə Şərab zavodu (müasir konyak/brendi zavodu) inşa etmişdir. Nəticədə Sərdar sarayı tamamilə sökülmüş, İrəvan qalasının divarları isə uçmuşdu. Köhnə məhəllələr də xarabaya çevrilmişdi. 1906-11-ci illərdə İrəvan şəhərinin mühəndisi B.Mehrabovun çəkdiyi xəritədə 8 məscidin (Təpəbaşı, Zal xan, Sərtib xan, Göy məscid (Hüseynəli xan), Hacı Novruzəli bəy, Qala məscidi (Abbas Mirzə məscidi), Dəmirbulaq, Hacı Cəfər) mövcudluğu qeyd olunub. Onlardan Göy məscid 1765-66-cı illərdə Hüseynəli xanın tapşırığı ilə şəhərin əsas cümə məscidi olaraq inşa edilmişdi. O, bu gün İrəvan xanlığından qalan yeganə abidədir. Onun qalmasının səbəbi isə şəhər muzeyi kimi istifadə olunmasıdır. İrəvan şəhərində çoxlu karvansaraylar da mövcud olub: Əfşar, Sərdar, Şeyxülislam, Tağlı, Hacı Əli, Kömürçü, Gürcü, Culfa, Hacı İlyas və s. Onların hamısı məhv edilmişdir. Qafqazda üç müstəqil respublika – Azərbaycan, Gürcüstan və Ermənistan elan edildikdən dərhal sonra, 1918-ci il, 29 may tarixində Azərbaycan Milli Şurası siyasi kompromis olaraq İrəvan şəhərini ermənilərə paytaxt olması üçün güzəştə gedir. I Dünya müharibəsindən sonra İrəvanın yenidən qurulması 1924-cü ildə başlayır, amma bu faktiki olaraq tarixi irsin silinməsi proqramına xidmət edir. Göy məscid Şəhər Tarixi Muzeyinə, Zal xan (Şəhər) məscidi rəsm qalareyasına çevrilir, digərləri isə – Dəmirbulaq məscidi istisna olmaqla yerlə yeksan edilir. Dəmirbulaq məscidinin özü isə 1988-ci ildə yandırılır. İrəvan Xanlığının tarixini qaliblər – əvvəl istilaçı Qacarlar, sonralar isə ruslar, ermənilər və nəhayət Qacarları hakimiyyətdən uzaqlaşdıran Pəhləvilər yazıb. İrəvan Xanlığı unudulmuş, tarixi isə sistematik olaraq silinmişdir.

İrəvan Xanlığının tarixi niyə gömülmüşdür?

Əmir Əli Sərdari-İrəvaninin dediyinə görə Qacar xanədanının ilk dövrlərində sarayda yalnız bir neçə etibarlı tarixçi mövcud idi. Onlar baş verən hadisələri öz hökmdarları Ağa Məhəmməd şah Qacar və Fətəli şah Qacarın perspektivindən təsvir edirdi. Yuxarıda deyildiyi kimi İrəvan xanları ümumi maraqlara söykənərək qonşu ölkələrdəki (İran, Osmanlı, Rusiya) tərəfdaşlarını dəyişməklə ölkənin sabitliyini qorumağa cəhd edirdi. Ağa Məhəmməd xan Qacar əslində ağıllı rəhbər idi. O, inanırdı Yaxın və Orta Şərq, Mərkəzi Asiya, hətta Hindistan belə türk tayfalarına məxsusdur və onlar tərəfindən idarə olunmalıdır. Araşdırmaçının dediyinə görə, o, Ağa Məhəmməd şahın “bu ölkələrin türk hökmdarları bir-birinə hörmət etməli və sülh şəraitində yaşamalıdır” şəklində fikri ilə rastlaşıb. Amma söhbət Xanlıqlara gəldikdə, o, Səfəvi ərazilərini öz bayrağı altında birləşdirmək istəyib. Xanlıqlar isə onun gənc və təcrübəsiz olduğunu düşünərək ona etibar etməyib.

1024px-Tiles_from_Irevan_Sardar_Palace_(2)
İrəvan saray kompleksinin bəzəyinin bir hissəsi olan mərmər plitələr. Heydər Əliyev Mədəniyyət Mərkəzi.

Beləliklə, eyni Qacar kökünə malik olmalarına baxmayaraq İrəvan xanları Ağa Məhəmməd xan və Fətəli şaha biət etməkdən boyun qaçırıb. Bu səbəbdən Qacar tarixçiləri onu sədaqətsiz və bacarıqsız xan adlandırıb. Onun sürgünə göndərilməsi və yerinə daha loyal, qəzvinli Hüseynqulu xanın təyin edilməsindən sonra yeni və yad hakimin çoxlu təbliğata ehtiyacı duyulurdu. O, müəyyən vergi islahatlarına getdi.

Ruslarla ilk müharibədə Qacarlar Qafqazın böyük hissəsini itirdi. Təəssüf ki, Hüseynqulu xan öz hərbi istedadını həddən artıq qiymətləndirmişdi. Onun Rusiyanı təhriki ilə İrəvanın itirilməsi ilə yekunlaşan 2-ci müharibə başladı. Qacar tarixçiləri isə baş verənləri birtərəfli qaydada qeyd edib.

Fətəli şah Qacar və onun xələfləri Məhəmməd xan İrəvani və övladlarına hörmətlə yanaşırdı. Bu, qorxu ilə qarışıq hörmət idi. İrəvan xanı varlı və nüfuzlu idi. Fətəli şahın ölümü ərəfəsində orta rütbəli general olan keçmiş İrəvan xanı karyerada irəliləyərək Məhəmməd şah Qacarın ordusunda ən yüksək pillələrə yüksəlir. O, Fətəli şahın qızı ilə, oğlu isə Məhəmməd şah Qacarın bacısı ilə evlənir. Hətta İranın yeni Baş Vəziri Mirzə Ağasi onların İrəvandakı keçmiş xidmətçilərindən idi.

 

Beləliklə aydın olur ki, niyə Qacar şahları bu sülalədən özlərinə qarşı təhdid hiss edirdi. Professor Abbas Amanat və digər tarixçilər Məhəmməd Həsən xan Sərdar İrəvaninin (Məhəmməd xan İrəvaninin oğlu) Nəsrəddin şah Qacar dövründə yüksək nüfuzunu qeyd edir. Pəhləvilər siyasi səbəblərdən bu tarixi sonralar sistematik olaraq sildi.

Gələcək araşdırmaların əhəmiyyəti

Araşdırmaçı deyir ki, tarixin bu səhifəsi senzuraya məruz qalıb. Obyektiv araşdırma nəticəsində həqiqi tarix üzə çıxacaq. İndiki siyasi sərhədlərlə bağlı anlayışlarımızdan kənara çıxan tarix hələ ki, arxivlərdədir. O, bunun 18-ci əsr ənənəvi cəmiyyətində xristian və müsəlmanların necə birgə həyat sürmələri barədə biliklərimizdə yeni üfüqlər aça biləcəyini vurğulayır. Bu, multikultural və multietnik cəmiyyətdə tolerantlıq, həmçinin necə belə bir mədəni cəmiyyətin imperialistik məqsədlərdə istifadə olunması ilə bağlı bizim üçün dərs olacaq.

Bu sahədə araşdırma aparmaq istəyənlər bir neçə dili bilməlidir. O dövrün sənədlərinin bəziləri farsca, bəziləri türkcə, bəziləri rusca, bəzilərisə ermənicədi.

İrəvan, Naxçıvan, Rusiya, İran, Gürcüstan, Türkiyə və Azərbaycan arxivlərində o dövrə aid çoxlu sənədlər var. Təəssüf ki, münaqişələr və siyasi səbəblərdən hələ ki, obyektiv və hərtərəfli araşdırma aparmaq mümkün görünmür. Mən demək olar əminəm ki, bu addımlar İrəvan Xanlığına qarşı layiq olmayan rəftarın üstünü aça bilər.

irevan_55d6d8f722d33

Əmir Əli Sərdari-İrəvaninin dediyinə görə bunda ən çox marağı olan auditoriya və dəstəkçi Azərbaycan Respublikası və Türkiyədədir. Vətənləri olan İrəvan və qonşu rayonlardan qaçqın düşmüş xeyli insan bu ölkələrdə yaşayır. Onlar öz mədəniyyətlərini və ənənələrini qorumağa çalışır. Hər iki ölkə tarixi araşdırmaları dəstəkləyir, amma daha geniş iş, arxivlərə maneəsiz şəkildə daxil ola biləcək beynəlxalq araşdırmaçılar şəbəkəsi tələb edir. Belə bir şəbəkə, misal üçün Avropanın mədəniyyət qurumlarından biri tərəfindən təşkil ola bilər. Əmir Əli Sərdari-İrəvaninin təklifi ilə Almaniyada belə bir təşəbbüsə başlanılıb, amma COVİD-19 pandemiyasına görə hələ ki, dayandırılıb.

Bu maraqlı reportaj oxucuda ən azı cavablar qədər də suallar yaratsa da, o suallara tədqiqat açarı hələ ki, yol tapa bilməyib. Amma bu, eyni zamanda Əmir Əli Sərdari-İrəvaninin iziylə gedəcək alimlərə bu hekayədə bəhs olunan müəmmaları çözmək və tarixin əvvəllər bilinməyən, basdırılmış zənginliyinə yaxınlaşdırmaq üçün ipucları ehtiva edən xəzinə xəritəsi təklif edir.

ooBZh84_

 

İrina Zukerman

Moderndiplomacy.eu

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Oxumağa dəyər

87004a2f815f4f80db100c7ee96b642d_ce_1625x1014x0x135_cropped_960x600
.

“Soprano klanı”. Möhtəşəm serial

25 Yanvar 2021
Ali Novruzov-680x325
.

Yayı olmayan il

25 Yanvar 2021
Hero.
.

Nədən qorxur və niyə stoaçılar kimi yaşamaq istəyirik?

25 Yanvar 2021
IMG-20180618-WA0012
.

“Mənəvi üstünlüyün” gorbagor olması

24 Yanvar 2021
TS-Eliot
.

Qismət. Tomas Eliotun poetikası

23 Yanvar 2021
cancer cover
.

Dünyanın xərçəng xəritəsi

22 Yanvar 2021
Facebook Youtube Instagram Twitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • ArtLogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı

Texniki direktor: Camal Əli

Kino: Sevda Sultanova

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Nəticə yoxdur
Bütün nəticələri gör
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel