Virusoloq, biologiya elmləri doktoru, professor Sergey Netesov koronavirusla bağlı vəziyyətin niyə payızda kəskin şəkildə dəyişdiyi, alimlərin SARS-CoV-2-ni artıq daha yaxşı anlayıb-anlamadıqları, virusun təkamül qanunlarını pozub-pozmadığı və epidemiyanın nə vaxt bitəcəyi ilə bağlı Lenta.ru-nun suallarına cavab verir.
İMMUNİTETİN ZƏDƏLƏNMƏSİ
–Tezliklə, SARS-CoV-2 ilə tanış olmağımızın bir ili tamam olacaq. Bu müddət ərzində koronavirusun məhz bu növü ilə bağlı təsəvvürləriniz dəyişibmi?
– Keçən ilin dekabrında biz bu virus barədə heç nə bilmirdik. Onda sadəcə Çində naməlum infeksiyanın yaratdığı qəribə hallarla bağlı qısa məlumatlar alırdıq. Yalnız yanvar ayında bunun yeni koronavirus olduğu aydınlaşdı. Amma hətta o zaman da virusun infeksion agent qismində bir çox xüsusiyyətləri hələ müəyyənləşdirilməmişdi. Fevral-mart aylarında – ilk diaqnostik testlər və xəstəlik halları peyda olandan sonra mənzərə az-çox aydınlaşmağa başladı. Virusun necə dəyişdiyi barədə ilk məlumatlar may ayının sonu-iyunda peyda oldu. Təxminən, elə həmin vaxt vaksinlər üzərində gedən işlər, dərman hazırlanması və seçimi ilə bağlı məlumatlar dərc olunmağa başlandı. Əlbəttə ki, indi daha çox bilgiyə sahibik. Artıq başa düşürük ki, bu xəstəliyi müalicə etmək mümkündür. Covid-dən ölüm halları da, demək olar, üç dəfə azalıb: əvvəl 6%-dən çox idi, indi bu rəqəm 2,5%-ə düşüb və düşməyə davam edir. Zənnimcə, onu 2%-ə qədər endirmək mümkün olacaq.
– Amma effektiv dərmanlar hələ də yoxdur.
– Virus əleyhinə spesifik preparatlar yoxdur. Virus əleyhinə onlarla potensial namizəd-müalicəvi preparatlar sınaqdan keçirilib, üstəlik, onlardan bəziləri ümidverici perspektivlər göstəriblər – hərçənd nəzəri baxımdan. Amma o preparatların əksəriyyəti özünü doğrultmayıb. Lakin artıq orqanizmdə sözügedən infeksiyaya qarşı hansı arzuolunmaz proseslərin başladığını və insanların niyə öldüklərini bilirik. Ən təəccüblüsü odur ki, insanlar virusa görə yox, orqanizmdə immunitet prosesləri pozulduğuna və çoxsaylı tromblar yarandığına görə ölürlər. Əgər bunun qarşısı vaxtında alınsa, orqanizm bir çox hallarda virusun öhdəsindən gəlir.
– Bir virusoloq kimi siz, lap əvvəldən virusun xarakterini, xüsusən də, onun məlum koronavirus fəsiləsindən olduğunu təsəvvür edirdiniz, yoxsa yoxsa o, sizi təəccübləndirə bildi?

– Burda ən qeyri-adisi odur ki, SARS-CoV-2-də əvvəllər bir sıra başqa viruslarda rast gəlinən ayrı-ayrı xüsusiyyətlər birləşib. Eyni sitokin fırtınası, yəni immun sisteminin dizrequlyasiyası başqa infeksiyalarda – məsələn, Ebola virusunda da müşahidə olunub. Kovid üçün səciyyəvi olan tromboz yaranması, qanın disseminir laxtalanması da yenilik deyil. Buna təkcə Ebola virusunda yox, konqo-krım hemmoragik qızdırmasında, denge qızdırmasında, böyrək sindromlu hemmoragik qızdırmada da rast gəlinib. Virusologiya ilə məşğul olmayan bir çox insanlar əmindirlər ki, qoxubilmə hissinin itirilməsi sırf bu koronavirusa xasdır. Halbuki, ən azı, 20 virus eyni xüsusiyyətə malikdir.
Onlar orqanizmə respirator yolla – burundan daxil olur və orda yerləşən əsas qoxubilmə sinirlərinin uclarını zədələyir. İnsan sağalanda qoxubilmə, demək olar ki, həmişə bərpa olunur.
SU SAMURLARININ SOYQIRIMI
– Danimarkadan gələn xəbərlər çoxlarını narahat edir. Orda su samurlarında mutasiya etmiş virus aşkarlanıb. Halbuki virusun həmişə mutasiya etdiyi və ştammlar arasında böyük bioloji fərqlər olmadığı deyilirdi. Su samurları niyə bu qədər çox diqqət çəkdi?
– Biz elə indi də virusun ştammları arasında böyük fərqlər görmürük. Onların nə patogenliyi (sahib orqanizmi zədələmək qabiliyyəti), nə yayılma bacarığı, nə də başqa bir cəhəti o qədər də dəyişməyib. Amma başa düşün ki, Danimarka Avropa İttifaqının üzvüdür, orda isə ölkələr arasında sərhədlər açıqdır. İnfeksiyanın təkcə insanlardan su samurlarına yox, həm də əks istiqamətdə ötürüldüyü aşkarlananda aydın oldu ki, su samurları bu virus üçün əlavə aralıq sahib rolunu oynayıblar, yəni virusun müxtəlif variantları üçün bir növ ələyə çevriliblər. SARS-CoV-2-ə son dərəcə ləng evolyusiya xarakterikdir, demək olar ki, heç bir seçmə yoxdur. Amma su samurlarında seçmə baş verib və yeni mutasiyalar üzə çıxmağa başlayıb. Onların insan üçün nə qədər təhlükəli olduğu hələlik məlum deyil: yeni ştammlar daha patogen də ola bilər, ya da yoluxma səviyyəsi daha az ola bilər. Bircə şey aydındır: əgər belə mutasiyalar meydana çıxıbsa, deməli, başqalarının da peyda olmaq ehtimalı var. Buna görə, fermalardakı bütün su samurlarını məhv etmək qərarına gəliblər. Yəni problemi ağına-bozuna baxmadan, belə radikal şəkildə həll etməyə çalışıblar. Hərçənd fermaların yalnız 20%-də su samurlarında infeksiya aşkarlanıb. Avropa İttifaqında mal-qarada təhlükəli xəstəliklər – məsələn, dabaq – yoluxmaları aşkarlandığı təqdirdə sərt karantinin tətbiqini, xəstə heyvanların kəsilməsi və məhv edilməsini nəzərdə tutan sanitariya qaydaları işləyir. Su samurları ev heyvanları deyil, odur ki, rəsmi olaraq, bu qaydaların çərçivəsinə düşmürdülər. Buna görə də, bu gün Danimarka hökumətinin bir-neçə nümayəndəsi bütün su samurlarını məhv etmək qərarının həddindən artıq radikal olduğunu etiraf ediblər. İndi onu modifikasiya etməyi düşünürlər.
– Necə?
– Birinci, yoluxmamış fermaların karantinə alınması yolu ilə. İkincisi, çox güman ki, ekspress- diaqnostikum və baytarlıq vaksinləri hazırlamaq lazımdır. Heyvanlar üçün vaksin insanlar üçün olan vaksindən daha tez hazırlana bilər və birinci daha ucuz başa gələr. Əslində, artıq heyvandarlıq fermalarında su samurlarını, ən azı, 5-7 xəstəliyə qarşı peyvənd edirlər, odur ki, onlara daha bir infeksiyaya qarşı preparat əlavə etmək problem deyil. Nəticədə iki-üç ildən sonra su samırları təhlükəsizlik ola bilər. “Su samuru” virusu ilə bağlı bir nüans da var. İş ondadır ki, Danimarkada baş verənlər bir sualı yenidən aktuallaşdırıb: ola bilərmi ki, su samurları virusun aralıq sahibləridir və insan onlardan yoluxur? Çünki Çin, xəz əldə etmək üçün kütləvi şəkildə su samuru yetişdirən beş ölkədən biridir. Xəzlərin çox böyük hissəsi məhz Uxanda emal olunur. İlk vaxtlar belə hesab olunurdu ki, virusun yarasalardan insana gedən yolunda aralıq sahib rolunu panqolinlər oynayıb. Amma insanla təmasda olan digər heyvanlar da hələ istisna edilməyib.
– Aralıq sahibin məhz hansı heyvan olmasının nə fərqi var?
– Bu bilgi epidemiyanın yayılması prosesini anlamağa və nəzarətdə saxlamağa yardım edir.

– Başqa hansı ev heyvanları kovidə yoluxa və insanları da yoluxdura bilərlər?
– Hazırda pişiklərin yoluxmaq, xəstələnmək və virusu yaymaq ehtimalları yoxlanılıb. Amma pişik ev heyvanıdır və yalnız birgə yaşadığı insanlardan yoluxa bilər. Pişiyin, ailənin digər üzvlərini yoluxdurması isə nadir haldır: demək olar ki, bütün hallarda əvvəlcə pişiklər infeksiyanı evə gətirən ailə üzvlərindən yoluxurlar. Konkret bu virusun ev quşları üçün təhlükəsiz olduğu yoxlanılıb. Məlum olduğu qədərilə, köpəklər də yoluxmur. Amma virus evolyusiya edə bilər. Yəni mutasiyanın miqdarı, lokalizasiya və konsentrasiyası elə həddə çata bilər ki, xəstəlik köpəklərə və digər heyvanlara da təsir edər, onlardan da insana keçər. Bunun olmayacağına zəmanət vermək mümkün deyil.
Odur ki, elmi təcrübələr aparmaq və dəqiqləşdirmək lazımdır: əgər bu heyvanlar yoluxursa, onda gəlin, onları müvəqqəti təcrid edək, ya da peyvənd vuraq. Yəni baytar vaksininə ehtiyac var.
VİRUSUN TƏKAMÜLÜ
– Bioloqlar ümid edirdilər ki, virus təkamül qanunlarına uyğun olaraq zamanla insana qarşı daha “loyal” olacaq. Amma, deyəsən, əksi baş verir. Niyə?
– Əslində, bunu bütün bioloqlar demirdilər, mən isə, ümumiyyətlə, heç vaxt belə şeyi dilə gətirməmişəm. Bir qədər fərqli proseslər baş verir. Elə proseslər ki, onların nəticəsində viruslar yoxa çıxa bilər. XX əsrdə virusların kökünün kəsilməsi ya vaksinasiya yolu ilə, ya da hansısa sərt profilaktik tədbirlər hesabına baş verirdi. Məsələn, HİV infeksiyası əleyhinə vaksin yaratmaq mümkün olmadı. Vəziyyəti təhlükəsiz seks, o cümlədən prezervativlərdən kütləvi istifadə yolu ilə, həmçinin artıq yoluxmuş və xəstə insanların ömür boyu qəbul etməli olduqları preparatlar vasitəsilə stabilləşdirməyə nail olduq. Dərmanlar sayəsində həmin insanların xəstəliyi stabilləşir və onlar, demək olar, təhlükəsiz olurlar. Amma mən hansısa epidemiyanın öz-özünə – insanın səyləri olmadan, virusun təkamülü nəticəsində söndüyünü göstərən nümunələr xatırlamıram. Bu baxımdan təkamül kordur. O, yalnız yolunda hansısa ələk peyda olanda aşkar görünür. Məsələn, çoxdan məlum olan koronavirusların təkamülü necə baş vermişdi? Onlar minilliklər boyu yarasaların orqanizmində yaşayırdı. Sonra qəflətən yaşam mühiti dəyişdi. Bəşəriyyət ət, dəri əldə etmək və çin təbabəti üçün vasitələr hazırlamaq məqsədilə nəhəng miqdarlarda palma sivetləri yetişdirməyə başladı. Bax, elə bu zaman həddindən artıq nadir bir hadisə – virus yarasalardan həmin palma sivetlərinə keçdi. Palma sivetləri ələk rolunu oynadılar, yəni yarasalardan aldıqları virusu ələdilər. Virus, sivetlərin özünə elə də ciddi zərər vurmadı, əvəzində onların daxilində virusun sürətlə yayılmağa başlayan variantları yarandı. Hətta sivetlərin orqanizmində mutasiya edən virusda bəzi amin turşularının dəyişdiyi variantlar yarandı və nəticədə virus insana keçə bildi. Sivetlərə çox sayda insan qulluq edirdi. Həmin insanlar, virusu ələyən və insan üçün patogenlik baxımından ən yaxşı ştammları seçən ikinci ələyə çevrildilər. 2002-ci ildə yayılmış virusun atipik pnevmaniya variantı belə meydana çıxmışdı. 2019-cu ildə də, təxminən, eyni proses baş verdi. Mən artıq dedim ki, hələ də mümkün aralıq sahib qismində heyvanların dörd-beş növü araşdırılır. Amma qeyri-patogen variantın qalmasına xidmət edən təkamül seçimi yoxdur. Əlbəttə, bəlkə, nə vaxtsa meydana çıxacaq, amma bundan ötrü aylar və illər yox, onilliklər və yüzilliklər lazımdır.
– Belə çıxır ki, bu gün virus təkamül nəticəsində öz “mənzil şərtləri”ni yaxşılaşdırır?
– Əslində, nə baş verir? Hazırda biz bu virusun kimdə özünü daha effektiv büruzə verdiyini bilirik. Uşaqlar, demək olar, xəstələnmirlər. Yeri gəlmişkən, 35-45 yaşa qədər olan gənclər də az xəstələnirlər. Bu yaş qrupları arasında ölüm sayı onda bir, yüzdə bir faizdir. Sözügedən yaş kateqoriyalarında qripdən, xroniki və kəskin virus hepatitlərindən ölənlərin faizi də oxşardır. Amma yaşlılar, şəkər diabetindən, piylənmədən, hipertoniyadan, artıq çəkidən, xroniki böyrək və qaraciyər xəstəliklərindən əziyyət çəkən insanlarda ölüm səviyyəsi 25-30%-ə çata bilər. Eyni zamanda bu rəqəm planetin bütün populyasiyasının, təxminən, 2%-ni təşkil edir. Buna görə də, virusoloqlar da, həkimlər də, elə bütün bəşəriyyət narahat olub. Mən deyərdim ki, virusun evolyusiyası yox, çox kədərli və ağrılı başqa bir proses – insanların təkamül yolu ilə seçilməsi baş verir. Hava nə qədər soyuqdursa, vəziyyət o qədər pis olur.

– Bu virus niyə mövsümidir? Xəstəlik məhz ilin soyuq fəslində artır. Halbuki çoxları elə düşünür ki, əksinə olmalıdır, qışda bütün “mərəzlər” donmalıdır.
– Laboratoriyada viruslar soyuducunun buzluğunda, mənfi 80 dərəcədə saxlanılır. Adətən, nə qədər çox soyuqdursa, virus səthlərdə bir o qədər çox yaşayır. Virus – təbiətin bütün məlum qanunlarına tabe olur. Soyuqda hər şey daha yaxşı qorunur, xüsusilə də, bakteriya və virus kimi orqanizmlər. Odur ki, qışda xəstəliyin artması tamamilə təbiidir. İnfeksiya miqdarının artmasının başqa səbəbləri də var. Soyuq olduğu üçün biz tünlük məkanlardadaha çox vaxt keçiririk. Belə yerlədə virus daha effektiv yayılır.
Nəhayət, üçüncü səbəb: yayda isti olur, virusun aktivliyini azaldan günəş, ultrabənövşəyi işıq çoxdur.
– Yəni qış fəslindən sonra xəstəliyin azalacağını gözləyə bilərik?
– Hə, təxminən, mart-aprel aylarında.
– Əgər virus ultrabənövşəyi işıqdan qorxursa, bəlkə hamıya ultrabənövşəyi lampa almağı tövsiyə etmək lazımdır?
– Ev şəraitində o, virusun ailə üzvləri arasında yayılmasının qarşısını bir qədər ala bilər, o da hər yerdə yox. Hər dəfə qapının dəstəyinə kimsə toxunandan sonra onu şüalandıra bilməzsiniz, axı?! Onu da nəzərə almaq lazımdır ki, UB lampalarını yalnız insan olmayan yerlərdə açmaq olar, əks halda gözləriniz yanar, elə dəriniz də zərər görər. Hazırkı təcrübə göstərir ki, ailəiçi yoluxmalara tez-tez rast gəlinir. Xəstə insan özünü nə qədər təcrid etsə də, yenə də mətbəxə, hamama, ayaqyoluna gedir, qapı dəstəklərindən yapışır, sonra həmin yerlərə başqaları toxunur. Artıq məlumdur ki, bir ailədə kimsə xəstələnibsə, 80-90% ehtimalla, həmin ailənin qalan üzvləri də yoluxa bilər.
– Belə çıxır ki, hansısa ehtiyat tədbirləri görmək faydasızdır?
– Yox, bunu etmək lazımdır. Ən əsası – yaşlıları qorumaq lazımdır. Eyni zamanda onlara ehtiyat tədbirlərini öyrətmək lazımdır ki, təkcə xəstələr yox, onlar da həmin tədbirlərə riayət eləsinlər. Qoy maska taxsınlar. Hər dəfə ümumi istifadə üçün olan əşyalara toxunandan sonra əllərini sabunla yusunlar. Onların özlərindən başqa heç kimin girmədiyi ayrıca otaqları olmalıdır. Onda infeksiyadan qorunmaq mümkündür. Bu tip təcrid rejimini ailə üzvü sağalandan sonra da, ən azı, bir həftə saxlamaq lazımdır.
VAKSİN SEÇİMİ
– Əksəriyyət təbii şəkildə yarana biləcək kollektiv immunitetə ümid bəsləyirdi. Artıq bu arzuyla vidalaşmışıq?
– Bir şeyi başa düşməliyik: öz-özünə yaranan kollektiv immunitet, demək olar ki, bizdən asılı deyil. O bizim iştirakımız olmadan, məcburən və açıq desək, fərdi qorunma vasitələrinə etinasız yanaşma ucbatından formalaşır. Eyni zamanda onu da başa düşmək lazımdır ki, bir insan (bir qayda olaraq, gənc insan) virusla təmas nəticəsində yoluxduğu xəstəliyi yüngül keçirəcək, digəri isə sağ qalmayacaq. Statistikaya əsasən, bu gün dünyada 55 mln. insanda yoluxma təsdiqlənib. Təbii ki, bir yığın insan da virusu simptomsuz, ya da xırda simptomlarla keçirib. Qeyri-rəsmi olaraq, ikincilərin aşkar şəkildə xəstələnənlərdən, təxminən, 9-10 dəfə çox olduğu bildirilir. Bu, o deməkdir ki, dünyada on ay ərzində virus infeksiyasını, təqribən, 500 milyon insan keçirib. Bir daşıyıcıdan orta hesabla dörd-beş nəfər yoluxur. Belə yüksək reproduktiv rəqəmlə müqayisədə virusa qarşı immunitet yaranması üçün yer kürəsindəki əhalinin, ən azı, 75%-i – kobud desək, altı milyard insan xəstələnməlidir. Bütün bu məlumatlar əsasında bəsit riyazi tənlik qursaq, onda kollektiv immunitetin vaksinsiz, təbii yolla formalaşması üçün 8-12 il lazım gəldiyi məlum olacaq. Təkcə buna ümid bəsləmək məntiqlidirmi?
– Kovidə qarşı immunitet nə qədər uzunömürlü olacaq?
– Hələlik məlum deyil. Hazırda KİV-də təkrar yoluxmalarla bağlı çoxlu məlumatlar çıxır və qeyri-peşəkarların fikrincə, belə hallar həddindən çoxdur. Amma onlardan cəmi dörd-beşi 100% isbatlanıb. 54 milyon xəstə arasında isbatlanmış dörd-beş təkrar yoluxma halı heç nə demir.

– Siz təkrar yoluxmanın mümkün olduğuna inanmırsınız?
– Belə ehtimal var, amma mən bunun çox kiçik ehtimal olduğunu düşünürəm. Dörd təkrar yoluxma halı dəqiq sübut olunub. Bu, o deməkdir ki, hazırkı koronavirusa ilk yoluxma halı sənədləşdirilib və xəstənin analizləri ilə bağlı məlumatlar saxlanılıb. İkinci yoluxma halı da dəqiq sübut olunub və bu halda da virusun nümunələri saxlanılıb. Mütəxəssislər bu örnəkləri müqayisə edəndə görüblər ki, onlar cüzi də olsa, fərqlənir. Yəni laboratoriya xətası nəticəsində kontaminasiya (halların qarışdırılması) imkanı istisna edilib. Mənə qalsa, hələlik sosial şəbəkələrdə, mətbuatda təsvir olunan təkrar yoluxma adlı bütün hallara diqqət yetirməzdim.
Sual verməyə başlayanda aydın olur ki, ilk yoluxma ilə bağlı dəlillər təkcə xəstənin şəxsi mülahizələrinə əsaslanır, bununla bağlı heç bir laborator məlumat yoxdur. Amma bu şəkildə – sadəcə öz təəssüratlarına söykənərək hər şey demək mümkündür. Eyni zamanda mümkün təkrar yoluxma ilə bağlı bütün şübhələr diqqətlə, sərt laborator metodlar ilə yoxlanılmalıdır. Çünki immunitetin nə qədər uzun müddət qorunduğunu öyrənmək çox vacibdir. İndi buna birmənalı cavab vermək mümkün deyil, çünki epidemiyanın başlamasında çox az vaxt keçib.
– Kovid əleyhinə vaksinlərin sınaqları davam edir, “Peyk V” peyvəndi olmuş həkimlər arasında baş verən yoluxma halları müzakirə olunur. Belə çıxır ki, preparat işə yaramır?
– Peyvənd olunan insanların xəstələndiyi barədə söhbətlər mənə kənd bazarını xatırladır. Bir neçə xəbər agentliyi Barnaulda üç tibb işçisinin yoluxmasına şərh vermək üçün mənə müraciət etmişdi. Mən şərh verməzdən əvvəl üç suala cavab almaq istədim: vaksinasiyadan sonra xəstəlik peyda olana qədər neçə gün keçib; yoluxma hansı vaksinasiyadan sonra baş verib? Çünki bu vaksinasiya iki komponentdən ibarətdir; yoluxma harda və hansı testlərin köməyilə təsdiqlənib.
Əks halda sözügedən hadisənin, ən azı, bir neçə versiyasını təsəvvür etmək mümkündür. Əgər tibb işçisi üç gün əvvəl peyvənd olunubsa, bu müddət ərzində heç bir immunitet yarana bilməzdi. İkinci, vaksinasiya klinik araşdırmalar çərçivəsində aparılıb? Əgər belədirsə, onda sınaqlarda iştirak edən 40 min könüllünün, təxminən, dörddə birinə platsebo peyvənd edilib. Yəni onlara konkret nə peyvənd olunduğu barədə heç bir məlumatları yoxdur – bu, bu tip sınaqların şərtidir. Hələ də bu üç sualıma cavab ala bilməmişəm.
– İki vaksinin istehsalçıları artıq öz preparatlarının 90% və 92% effektiv olduğunu elan ediblər. Bu bəyanatlar nə qədər doğrudur?

– Təkcə “Pfizer”in vitse-prezidentinin və Rusiya Birbaşa İnvestisiyalar Fondunun nümayəndəsinin müsahibələri dərc olunub – yəni hətta rus vaksininin yaradıcısının yox, vaksinin keyfiyyətinin dəyərləndirilməsi məsələsində səlahiyyətli mütəxəssis olmayan birinin – iqtisadçının fikirləri. Hələlik bu sözləri təsdiqləyən heç bir sənəd yoxdur. Bir mütəxəssis kimi mən nə bizimkilərin, nə də amerikalıların bəyanatlarını şərh etməyəcəm. Nə vaxt elmi nəşrlərdə rəqəmlərə, faktlara söykənən nəticələr dərc olunsa, onda analiz edərik. Məsələn, “Pfizer” vaksini ilə bağlı artıq geriçəkilmə başlayıb. Əczaçılıq şirkəti başda elan etmişdi ki, preparatın FDA-də (amerikan farmtənzimləyicisi) qeydiyyata alınması üçün sənədləri təqdim edir.
Amma ertəsi gün məlum oldu ki, onların statistik məlumatları və hesabatları hələ tam qaydasında deyil.
– İstehlakçılar nə vaxt sınaqdan keçmiş vaksinləri seçmək imkanı qazanacaqlar?
– Zənnimcə, təxminən, fevral-mart aylarında. Hazırda dünyada 12 namizəd vaksin üzrə kliniki sınaqların üçüncü mərhələsi aparılır. Onlardan biri Rusiya istehsalıdır, tezliklə ona “Vektor” vaksini və yəqin ki, Çumakov adına Federal elmi mərkəzin vaksini də qoşulacaq. Odur ki, xarici preparatları nəzərə almasaq, Rusiyanın hətta iki yox, üç yerli preparat arasında seçim etmək imkanı olacaq.
– Futurist silsilədən bir sual: pandemiyanın neçənci ildə bitəcəyi və bizim koronavirus sözünü nə vaxt unudacağımız barədə proqnoz vermək mümkündürmü?
– Pişiklərdə koronavirus 1930-cu illərin əvvəllərində kəşf olunub. 1930-cu illərin sonlarında isə köpəklərin koronavirusu aşkarlanıb. Ancaq bu, o demək deyil ki, o vaxta qədər koronaviruslar yox idi. Biz həmin vaxt sadəcə filan xəstəliklərin filan vuris nəticəsində yarandığını öyrənmişdik. 1960-cı illərdə ilk iki insan koronavirusu kəşf olundu, 2000-ci illərdə daha ikisinin mövcudluğundan xəbər tutduq. Məlum oldu ki, bizim bütün kəskin respirator xəstəliklərimizin 15-25%-ə qədərinin səbəbi bu dörd koronavirusdur. Biz həmin koronavirusları heç vaxt unutmayacağıq, onlar əsrlər boyu mövcud olublar və hələ uzun illər mövcud olacaqlar. Amma indi konkret sual budur: SARS-CoV-2 insan populyasiyasında dövr etməyə davam edir, yoxsa biz vaksinasiya və epidemiya əleyhinə tədbirlərlə onu qova biləcəyik? İdeyaya görə, pandemiya effektli vaksinlərin kütləvi tətbiqindən sonra bitməlidir. Nikbin proqnoz – gələn ilin payızında, bədbin proqnoz – 2022-ci ilin payızında. Hər şey yer kürəsinin, ən azı, 75%-ni peyvənd etməyə yetəcək qədər vaksin istesal olunub-olunmayacağından asılıdır. Təbii ki, ayrı-ayrı ölkələrdə epidemiya daha tez bitə bilər. Amma bundan ötrü həmin ölkələrdə əhalinin 75%-ni yox, yəqin ki, 90%-ni peyvənd etmək lazım gələcək. İstənilən halda, biz bu pandemiyanın öhdəsindən gəlməyə məcburuq. Çünki biz homo sapiens-ik.