Başqa mövzudan yazmağı planlaşdırsam da, yaxın ətrafımda baş verənlər fikrimi dəyişdi. Birinci karantindən fərqli olaraq, ikinci karantini tanış-bilişlərim, dostlarım daha gərgin psixoloji durumda keçirir. Əksəriyyət stressli vəziyyətə dayanmaq üçün çıxış yolunu demək olar ki, hər gün alkoqollu içkilərin qəblunda görür. Xüsusən, kişilər mövcud situasiyanı ağır yaşayır. Qadınlar isə müşahidə etdiyim qədərilə psixoloji baxımdan nisbətən sabit görünürlər.
İllərlə oturuşmuş vərdiş və ənənələri nəzərə alsaq, yəni qadınların evə məhkumluğu, evi komfort zonası kimi görməsi, statik həyat tərzi, “kişi işləməli, qadın evə nəzarət etməlidir” mental gerçəkliyi-ola bilsin, biz qadınların sabitliyinə necəsə yardım edir. Stixiyası “ova gedən”, daim hərəkətdə olan kişilərin isə məhdud məkana “həbs”i, maddi imkanlarının məhdudlaşması onların bir növ kişilik qürurunu yaralayaraq təbii orbitindən çıxarıb.
Elə vəziyyət yaranıb ki, bizi koronavirus təşvişindən çox, karantin psixozu qayğılandırır. Hər addımbaşı 190 manatı vətəndaşın gözünə soxan dövlətdən vətəndaşın ehtiyacı olduğu psixoloji dəstəyi gözləməyin isə yeri yoxdur.
Əslində pandemiyaya kimi cəmiyyət psixi böhranı artıq yaşayırdı: müxtəlif səbəblərdən törənən ailə dramları, intiharlar, məişət zəminində qətllər. İndi daha da ağırlaşan şəraitdə vacib sual budur: psixi epidemiya və nə qədər sürəcəyi bəlli olmayan vəziyyətlə nə etmək lazımdır? Qeyri müəyyənlikdən, sosial sarsıntıdan əziyyət çəkən fərdin təklif olunan vəziyyətə adekvat reaksiyası necə olmalıdır?
Mövzuyla bağlı internet resurslarından yararlanaraq qısa araşdırma elədim. Psixoloqlar ilk növbədə mümkün qədər infomasiya axınından qaçmağı, çoxmənbəlilikdən təcridi təklif edirlər. Qeyri-müəyyənlik, gərginlik həm informasiya qıtlığında, həm informasiya bolluğunda ortaya çıxır. Ona görə etibar etdiyiniz bir neçə mənbəni izləmək məsləhət görülür.
Ümumiyytələ, müasir insan yaranmış vəziyyətdən çox infomasiyanın köləsidir. Xüsusən, özünütəcrid bizi informasiyadan çox asılı edir.
“Moral panik” deyilən anlayış var. Sadə dillə desək, bu, elə bir vəziyyətdir ki, cəmiyyət onu təhdid edən hansısa tendensiya qarşısında qorxuya düşür və bəzən onun reaksiyası absurd həddə çatır. Moral panik sosial fenomeninin formalaşmasında KİV böyük rol oynayır. Fenomeni tədqiq edən sosioloq Stenli Koenin fikrincə, KİV-in sayəsində sürətli və dramatik şəkildə sosial problemlər yaranır ki, bu da yeni moral paniklər meydana gətirir. Hərçənd, müasir dövrdə KİV-dən də çox sosial şəbəkələr paniklərin yaranmasında əhəmiyyətli rol oynayır. Sosial şəbəkələrin hesabına gündəm intensiv dəyişir, ziddyyətli informasiyalar bir-birini əvəz edir və nəticədə həqiqətin harada olduğunu müəyyənləşdirmək çətinləşir. Ona görə hər fərdin individual informasiya tələbatı olsa da, informasiya qəbulunda özünütənzimləmə vacibdir. Misal üçün, eksperiment aparın ki, sosial şəbəkələri və xəbər portallarını gün ərzində oxumağınız, beyninizi hər cür zir-zibillə doldurmaq sizə nə verir? İtkiniz çox oldu, ya qazancınız? Psixoloji rahatlaşdınız, ya əksinə? Bundan yola çıxaraq seçəcəyiniz uyğun normaya özünüzü alışdırın.
Bundan başqa koronavirusla bağlı infomasiyaları istehlakı əhvalımıza sirayət edir, hər hansı fiziki ağrı zamanı çox vaxt xəstəliyin əlamətlərindən şübhələnirik. Nəticədə fantaziya və təsəvvürümüz işə düşərək özümüzə qarşı yönəlir.
Məsələn, 1990-cı ildə Yuqoslaviyada vətəndaş münaqişəsi və həyəcanlı şayiələrin fonunda Kosovda yeniyetmələr arasında kütləvi psixoz yaşandı. Minlərlə yeniyetmə öyümə və qıcolmadan dolayı hospitalizasiya olundu. İlk baxışda onlarda qaz zəhərlənməsinin əlamətləri görünsə də, analizlər orqanizmdə və ətraf mühitə onu aşkarlamadı.
Və yaxud 2006-cı ildə Portuqaliyada populyar “Morangos com Açucar” yeniyetmə serialının qəhrəmanları ssenariyə görə ağır xəstəlik yaşayırlar. Serialdan sonra bir neçə məktəbdə karantin elan olundu, çünki şagirdlərdə serialdakı xəstəliyin əlamətləri özünü büruzə vermişdi.
Psixoloqların fikrincə, psixoloji müharibədən, informasiya terrorundan sağ çıxmaq üçün vəziyyəti tənzimləmək, rasional yanaşmaq məcburiyyətindəyik: gerçəkliyə münasibəti dəyişmək, karantinə müvəqqəti norma kimi baxmaq, situasiyaya uyğun yeni vərdişlər yaratmaq, bizi motivasiyaya sövq edən şeyləri müəyyənləşdirmək, məhdud şərtlərdə belə hərəkətdə olmaq. Mən həmişə belə situasiyalarda Kobo Abenin terapiya kimi təsir göstərən “Qumluqdakı qadın” romanını xatırlayıram. Qum quyusunda yaşamağa məhkum edilmiş qəhrəman vəziyyətlə barışmaq istəmir. Onun üsyankarlığını könülsüz itaətkarlıq əvəz etsə də o düşünür, fəaliyyətdən qalmır, mövcud olmaq üçün yeni yollar axtarır və sonda qumun altındakı su mənbəyini tapır.
Ona görə, gileylənmək, qaramatlıq, fəsadları daha ağır ola bilən intensiv alkoqollu içki, olanları apokaliptik qəbul etmək çıxış yolu deyil. Bir qisim demoralizə olmuş adam var ki, doğrudan qaramatlıqdan qidalanır, ağlayıb-sızlamaq onların həyat tərzidir və daim digərlərini gərəksiz fikirləri ilə yükləyirlər. Ona görə qaramat adamlardan uzaq olun, onları izləməyin, telefonlarını açmayın, virtual dünyada rastınıza çıxanda bloklayın. Mən uzun illərdir ki, belə edirəm. Birdəfəlik prezervativ effekti olan informasiyaları oxuyunca, müxtəlif profilli əhəmiyyətli elmi araşdırmlar oxuyun. Təcrübəmdən deyirəm ki, bu, beyni ayıq, sağlam saxlayır, mənəvi formada olmağa kömək edir. Azlogos-da yetərincə bu cür sanballı mətnlər var. Yəni özünüz özünüzün psixoloqu olun.
Onsuz da həyat əbədi deyil. Əbədi olmayan bu həyatı niyə depressiv bayağılıqla, ağlayıb-sızlayaraq yaşayasınız ki?!