Azərbaycan insanı gözlənilməz bir xəbərlə “sarsıldı”: 4 dekabr 2019-cu ildə Milli Məclis buraxıldı. YAP üzvü deputatlar parlamentin prezidentin isalahatlarına uyğunlaşa bilmədiyini əsas gətirərək onun buraxılması üçün müraciət etmişdilər.
Hakimiyyət dünyada (əsasən Qərbdə) demokratiya meyarı kimi gözə girən əsas məqamları tapmağa, onlara əl gəzdirməyə, “aradan qaldırmağa” çalışır. Bəli, dırnaq içində aradan qaldırmağa, yəni bir növ onların əksi olan şeylərin imitasiyasını yaratmağa. Bu nə deməkdir? Yaxşı bilirik ki, iqtidarın sosial şəbəkələri izləmək və oradan “data mining” etmək üçün geniş imkanları var. Buna nümunələr də verə bilərik. Məsələn, 2015-ci il Avropa oyunları ərəfəsində internet istifadəçilərinə nəzarət etmək üçün hakimiyyət İsrailin “Allot Communications” şirkətindən 3 milyon dollar dəyərində avadanlıq alıb. Bundan başqa, İsrailin Haaretz qəzetinin yazdığına görə onların “Verint” şirkəti Azərbaycan iqtidarına facebook istifadəçilərinin cinsi oriyentasiyasını müəyyənləşdirən proqram təminatları da satıb. Bütün bunlar Industry 4.0-ün iqtidarlara yaratdığı imkanlardır.
Təbii ki, mövzumuz konkret imkanlar deyil, ümumi olaraq bunun fonunda siyasi vəziyyətin necə formalaşmasıdır. Əsas məsələyə qayıtsaq, iqtidar insanların demokratiyanın əsas meyarı kimi ən çox nələrə ilişdiyinə, hakimiyyətə əsasən hansı mövzularda “sifət” göstərdiyinə diqqət edir və bu mövzular üzərində işləyərək, onların imitasiyasını yaratmağa çalışır. Mən dəfələrlə şahidi olmuşam ki, müxalif səhifələrdə məmurların, nazirlərin yaşının çox olmasıyla bağlı tənqidlər paylaşılıb və xüsusi şəkildə hansısa məmurun yaşı vurğulanıb. Hətta, hər hansı bədbəxt hadisə və ya nizamsızlıq baş verən zaman hadisəyə cavabdeh olan qurumun başçısının yaşı və həmin vəzifədə işlədiyi müddət tənqidi nöqteyi-nəzərdən vurğulanıb. Halbuki, bəlkə də problem tamam başqadır. Amma nəzərlər tam olaraq yaş və vəzifə müddəti məsələlərinə fokuslanıb. Təbii ki, insanlar, sosial şəbəkədən istifadə edənlər də bütün bunlardan təsirlənməyə bilməzlər və hətta onların müxalif ovqatı üzdə olan müxalifətçilər tərəfindən formalaşdırılır desək, yanılmarıq.
İndi götürək məmurun yaş və eyni vəzifədə onillərlə qalması məsələsini. Bu məsələnin həlli insanlara demokratiya və ədalətli cəmiyyətin meyarlarından biri kimi təbliğ olunur. Bəli, çıxış yolu herontokratiyanın məhv edilməsində görülür və ona qarşı belə desək, “pedokratiya” qoyulur. Bu iki idarəetmə “fəlsəfəsi”-nin hər ikisinin kifayət qədər müsbət və mənfi cəhətlərini sadalamaq olar. Məsələn, herontokratiyanın əsas müdafiəçilərindən biri olan Platon öz “Dövlət” əsərində gənclərə yaşlılara hörmət etmələrini israrla tövsiyə edir. Platon bildirir ki, yalnız yaşlı adamlar ideal hökmdar ola bilərlər, cavanlar isə kifayət qədər müdrik deyillər, çünki yaşları azdır, ona görə də impulsiv olurlar və dövlət idarəetməsinə buraxılmamalıdırlar (Platon “Dövlət”). Yaxın keçmişə də nəzər sala bilərik: Brejnev dövründə Politbüro üzvlərinin orta yaş həddi 70 idi və onların yaşlı olmaları ölkədəki bütün sahələrdə stabilliyə, durğunluğa səbəb olurdu. Təsadüfi deyil ki, Brejnev dövrünü məhz buna görə “застой” adlandırırlar. Müasir dünyada herontokratiyaya yığıcılıqla məşğul olan ibtidai cəmiyyətlərin qalığı kimi baxılır. Pedokratiyaya isə sırf gənclərin diktəsi kimi baxılır və bunun daha ədalətli və demokratik olmasına inanılır.
Mənə qalsa, çıxış yolu bunların heç birində deyil. Ən azından bizim ölkəmizdə. Azərbaycanda problem daha dərindir: kleptokratiya. Nə ibtidai dövrlərdəki kimi əldən düşərək heç bir işə yaramadığı üçün qocaları öldürmək, nə də qədim Spartadakı kimi vacib dövlət qərarlarının verilməsi üçün istisnasız olaraq qocalardan ibarət qerusiya şuraları yaratmaq lazım deyil. Bunların hamısı orta bir yolla tənzimlənə bilər, amma məsələ burasındadır ki, mövzu bu deyil, problemlər də bundan qaynaqlanmır. Sadəcə olaraq problemlərin məhz bundan qaynaqlandığı önə sürülür və hakimiyyət düşünür ki, madam belə bir əhval var, biz də bunun üzərindən manipulyasiya edə bilərik, beləcə insanların arzuladığı həmin ədalətli cəmiyyəti gətirmiş olarıq. Daha doğrusu, insanların beynində bunu formalaşdıra bilərik. Tarix irəliyə doğru gedir və bu irəliləyişlər özü ilə elə sunami dalğaları əmələ gətirir ki, bu dalğalardan qaçmaq mümkünsüzdür. Hər bir şeyin, eləcə də, iqtidarların nüvələrində öz mahiyyətləri olur. Bu mahiyyətləri dəyişməmək şərti ilə (çünki onların mövcudluq şərti məhz bu mahiyyətləridir), üsullarını və vasitələrini dəyişərək həmin sunami dalğalarının özləri ilə gətirdiyi yeni formaya, qəlibə uyğunlaşmaq lazımdır.
Industry 4.0 iqtidarlara çox böyük üstünlüklər verir, amma eyni zamanda hələlik onlardan tələb etdiyi bir şey var: forma və üsullarını dəyişmək, artıq işləməyən və gözə batan bir çox şeyi, işləyir kimi görünən alternativlərlə əvəz etmək. Ən azından məzmun etibarilə bu görünüşü yaratmaq. Azərbaycan belə görünüşü yaratmağa çalışan ən tipik ölkə nümunələrindəndir. Amma təbii ki, bunu həqiqi həll üsulu ilə etmək, məsələn, yaşlıları və ya ailədən olan məmurları çıxarıb, ədalətli üsulla təsadüfi seçilmiş insanları təyin etmək olmaz. Çünki bu artıq öz nüvəsindəki mahiyyəti məhv etmək və beləliklə də, öz mövcudluğunu bitirməkdir.
İmitasiya etmək isə olar. Elə bir şey etmək olar ki, nəticə olaraq insanların çatışmazlıq kimi göstərib tənqid etdiyi yaşlılar və kreslo məsələsi aradan qalxar, amma yalnızca görünüş etibarilə. Deyə bilərsiniz ki, axı insanların nöqsan kimi göstərdikləri şeylər müxtəlifdir və hətta şərhlərdə əksəriyyət elə məsələlərdən yazır ki, heç yaş məsələsi gözə dəymir. Məsələn, işsizlik, rüşvət və s. Yazılan hər on şərhdən, bəlkə də yarısından çoxu bunlar barədədir. Bəs niyə hakimiyyət bu məsələlərin həqiqi həllini imitasiya etməyə çalışmır? Mənim cavabım odur ki, hakimiyyət bunların da həllərini imitasiya edir. Sadəcə olaraq, bu məsələlər abstrakt şeylərdir, yəni göz önündə deyil. Başqa sözlə, biz konkret olaraq hansısa işsizliyi, rüşvəti göstərib tənqid edə bilmirik. Ümumi olaraq işsizlikdən danışılır. Buna görə də bunun həllinin imitasiyası da ümumi olur. Hansısa rayonda 1500 yeni iş yeri açılıb deyə məlumat yayılır. Amma konkret olaraq bunları görmək, onlara toxunmaq mümkün deyil. Statistika Komitəsinin yeni “Qeyri-formal işsizlik” haqqında birdəfəlik hesabatlarına görə haradasa fərdi qaydada yun çırpanlar da işləyirmiş kimi göstərilir və birdəfəlik hesabatın məqsədi də məhz həmin “gizli” işləyənləri üzə çıxarmaqdır. Üstəlik bunların hamısı nüvədəki mahiyyət problemidir. Yəni “nüvədə” bu yoxdursa, ancaq imitasiya edilməlidir ki, guya var. Deməli problemlər konkret imitasiya edilə bilməz, yalnız konkret həll oluna bilərlər. Bu isə hakimiyyətin mahiyyətində yoxdur. Həm də, onların xoşbəxtliyindən hələlik Industry 4.0 konkret həll tələb etmir, imitasiyanı kifayət hesab edir.
Parlamentdə oturanlar, onların qocalığı, hansısa nazirin yaşı və vəzifədə qalma müddəti – bütün bunlar konkret faktlardır, tənqid səbəbləridir və xalqın gözü qarşısındadır. Buna görə də bu məsələlərin həllinin imitasiyası konkretlik tələb edir. Belə həlledici işdə isə yalnız bir əməli imitasiya imkanı qalırdı: parlamenti buraxaraq növbədənkənar seçkilər təyin etmək. Sonrasını proqnozlaşdırmaq isə elə də çətin deyil. Düşünürəm ki, yeni mandatpaylama əməliyyatı üçün artıq bəlkə də illərdir hər yer ələk-vələk edilir, hakimiyyətin yaxını olan və müəyyən təhsilə malik cavan şəxslər hazırlanıb. Bunlar şou-biznes adamları da, idmançılar da, bu günə qədər adını çox adamın eşitmədiyi şəxslər də ola bilər. Bir şey dəqiqdir ki, bu adamlar namizədliyi təsadüfi irəli sürülmüş, ya da hakimiyyətlə heç bir əlaqəsi olmayan həqiqi müxalif şəxslər deyil, ola da bilməzlər. Əlbəttə, müəyyən sayda “müxaliflərə” də yer veriləcək, amma bu da forma dəyişikliyidir. Prezidentin “parlamentə gənclər seçilməlidir” tipli çıxışları müxalifəti coşdurub. Prezident bildirir ki, gənclər və istedadlı şəxslər parlamentə gəlməlidir. Əksər müxaliflər də nədənsə bu sözü özlərinə aid edirlər. Burada bir vacib məqamı qeyd edim: prezident bildirir ki, gənclər gəlməlidir, hakimiyyət strukturu isə hər bir şeyin əvvəlcədən proqramlandığı maşın, robot kimi işləyir, belə olan halda isə “gənclər gəlməlidir” sözləri artıq bir qərar kimi səslənir, – “necə gəlməlidir?”, “hansı gənclər gəlməlidir?” sualları açıq qalır.
Müxalif gənclər, yeni simalar bu sözlərdən cuşa gəlib rəqabət üçün öz namizədliklərini irəli sürəcəklərsə, hakimiyyətin özü də öz yeni gənclərini irəli sürəcək. Nəticə olaraq, hakimiyyətin irəli sürdüyü gənclər mandat alacaq. Təkrar edirəm, prezidentin “gənclər seçilməlidir” qərarı icra olunacaq. Odur ki, prezident bu sözləri deməklə, müxaliflərə “gəlin rəqabət aparaq” mesajı vermir, onlara rəqabət təklif etmir, sadəcə olaraq bildirir ki, “dərdiniz gəncləşmə, gənclər deyildi? Buyurun, bu da sizə gənclər, özü də “bizim” gənclər. ”
Bu günə qədər iqtidar müxalifətlə “rəqabətdə” gənc, xarici təhsilli, müasir tipli kadrlar sarıdan geri qalır, onlara yalnız müxalifət iddia edirdi. Amma artıq iqtidarın da TEDx-də çıxış edən, Bremen universitetində təhsil almış namizədləri var. Yəni bu günə qədər “səndə olan məndə yox idi, haqsız yerə qalib olurdum, indi isə ondan məndə də var və mən yenə qalib olacam.” Bu dəfə “haqlı” olaraq. Odur ki, islahat deyilən şeylər insanların beynindəki əsas demokratik meyarlar nəzərə alınmaqla edilən manipulyasiya və dəyişimin imitasiyasıdır. Təyin olunacaq gənclər isə kleptokratiyanın mövcudluğunu davam etdirmək üçün lazım olan çürük mühiti yaşadacaq həşəratlardır. Sadəcə bu rolu bir qədər yeni, daha üst səviyyədə və keyfiyyətli oynamaq lazımdır ki, əvvəlkindən fərqli olaraq çürüntü iy verməsin. Mövcud olsun, problem deyil, zatən kleptokratiyanı saxlayan da onun mövcudluğudur, amma iy verməsin. Artıq insanlar da bu günə qədər alın yazıları kimi baxdıqları anosmiyadan qurtulacaqlar. Onların iybilmə qabiliyyətlərinin bərpasında ən böyük rolu heç şübhəsiz sosial şəbəkələr və texnoloji imkanlar oynayır. Industry 4.0 isə bizə hələ çox şeylər göstərəcək…
Parlament imitasiyası bitdikdən sonra nə zamansa növbəti mərhələnin də zamanı yetişə bilər. Məsələn vəziyyət daha da gərginləşərsə. Söhbət bütün problemlərin həllinin imitasiyasından sonra zirvədə qalan “sonuncu Mogikan”ın – prezidentin özünün dəyişməsindən gedir. Bilmirəm yaxın, ya uzaq gələcəkdə, amma inanıram ki, vəziyyət gərginləşərsə, hakimiyyətin təyin etdiyi cavanlar işin öhdəsindən gəlməzsə (xalqın qəzəbini azaltmazsa), bu zaman növbəti imitasiyaya da gedilə bilər. Təsəvvür edin, bir səhər oyanır və xəbərlərdə görürsünüz ki, prezident Konstitusiya Məhkəməsinə istefa ilə bağlı ərizəsini verir və kimsə Deus ex machina kimi göydən enərək xalqın xilaskarı olur. Nəzərə alsaq ki, konstitusiyanın 105-ci maddəsinin 1-ci müddəası əbəs yerə ora daxil edilməyib, bu ehtimalın da gerçəkləşmə şansı böyükdür. Sadəcə olaraq, hələlik ehtiyac yoxdur.
Hazırkı tarixi inkişaf mərhələsi hələlik görünüş dəyişikliklərini məcburi qılır və mahiyyəti dəyişmək kimi öhdəlik irəli sürmür. Amma bu əbədi deyil. İnkişafın müəyyən dövründə tarix və ya Industry 4.0 artıq mahiyyət dəyişikliyi tələb edəcək, müntəzəm prokrastinasiyalar səbəbiylə artıq iqtidarların zamanı qalmayacaq və tarix mahiyyət etibarilə ona uyğunlaşa bilməyənləri sıradan çıxaracaq.