Posthəqiqətdən kontrməlumata qədər
İlk baxışda doğru və yalan – əbədi müxalifdir. Əslində isə, bu anlayışlar kontekstdən çox asılıdır: cüzi miqdarda doğru, yalanın daha inandırıcı görünməsinə kömək edir, bəzi fikirlər isə anlamını itirə bilir.
DEZİNFORMASİYA NECƏ YARANIR?
Yalan – məlumatın təhrif olunmuş formasıdır (istər düşünülmüş, istər düşünülməmiş olsun).
Yalan – məlumatın gizlədilməsi, tam çatdırılmaması deməkdir. Bu, məqsədli şəkildə də baş verə bilər, təsadüfən də.
Kommunikasıyanın hər bir iştirakçısının yalanı necə qavradığını anlamaq vacibdir.
Adam heç istəmədiyi halda da yalan danışa bilər: resipientin nöqteyi-nəzərindən yalan olan şey, mənbənin nöqteyi-nəzərində yalan olmaya bilər və ya əksinə. Əgər geniş baxmalı olsaq, bu dünyada kim tamamilə dürüst davranır ki? Dovşan, uzun ayaqlarını açlb hoppana-hoppana tülküdən qaçanda dürüst davranır? Ya da tülkü dovşana xəlvətcə yaxınlaşanda dürüst olur?
Biologiyada informasiyanın necə təhrif olunduğu ilə bağlı çoxlu nümumələr var. Təhrif üsullarından biri morofoloji adaptasiyalardır. Məsələn, əgər həşərat çubuğa oxşayırsa, bu, quş üçün informasiyanın təhrifidir, quş həşəratı görməyəcək və yeməyəcək. Səkkizayaq (lat. “Octōpoda”) təhlükə anında rəngini və formasını dəyişərək özünü qaya şəklini alır. Yırtıcı tısbağa isə balığı, dilinin üzərindəki soxulcanabənzər çıxıntı ilə tələyə salır. Həmçinin heyvanlar onlar üçün səciyyəvi olan davranışları dəyişərək rəqiblərini və ya potensial qurbanı yanılda bilirlər. Bəzi hörümçəklər yad tora girərək özlərini qurban kimi aparır, sonra isə aldanmış “ev” sahibinə hücum eləyib onu yeyir. Erkək milçəklər isə cütləşmədən sonra rəqiblərini öz dişilərindən uzaqlaşdırmaqdan ötrü qarşı cins üçün xarakterik olan davranış sərgiləyirlər.
İnsanlara və digər primatlara taktiki yalanlar xasdır. Məsələn, bəzi meymunlar tapdıqları qida mənbəyi barədə məlumatı öz sürü yoldaşlarından gizlədə bilirlər, halbuki, sürünün bütün üzvləri, bir qayda olaraq, qida tapdıqlarını bütün qrupa xəbər verirlər.
FİKİRLƏR GERÇƏK, YA DA YALAN YOX, ANLAMSIZ OLA BİLƏR
“Sözügedən fikir uydurmadır” – bu, yalançının paradoksunu izah eləməyin klassik variantıdır. Əgər fikrin yalan olduğunu ehtimal etsək, deməli, insan bizi aldatmalıdır, amma əslində həqiqəti deyir. Əgər deyilənlərin həqiqət olduğunu ehtimal etsək, onda bu da fikrin məzmununa ziddir: insan həqiqəti deməlidir, amma yalanını boynuna alır.
Bu paradoksu necə həll etmək olar? Birinci, bivalentlik qanunundan (və ya üçüncünü istisna etmək) imtina etməklə. Bu qanuna görə, heç nə eyni zamanda bir əlamətə həm malik ola, həm də olmaya bilməz. Bu zaman başlanğıc fikir eyni vaxtda həm doğru, həm də yalan olacaq, yəni iki həqiqətəuyğun anlam daşıyacaq.
İkinci variant üçlü məntiqdir. Bu məntiqə əsasən, konkret variantlarla (“hə” və “yox”) yanaşı, qeyri-müəyyənlik (“bilmirəm”) və ya cəfəngiyyat mövcuddur. Bu zaman biz belə nəticəyə gəlirik ki, səslənən fikir doğru, ya da yalan deyil, sadəcə heç bir anlamı yoxdur.
FİKİRLƏR ŞƏRTLƏRDƏN ASILI OLARAQ HƏQİQƏT VƏ YA YALAN OLA BİLƏR
Nə həqiqətdir və nə yalandır? Fəlsəfədə birinci sual “birinci dərəcəli sual” adlanır: burda, bütün insanların eyni fərziyyələri qəbul edib, nəyin yalan, nəyin doğru olduğunu onların çərçivəsində müzakirə elədikləri cəmiyyət nəzərdən keçirilir. Lakin ikinci dərəcəli suallar da var. Ki, onlar, insanların ümumi fərziyyələr barədə sözləşmədikləri sahələrə aiddir. Bu halda əsas məsələ müəyyən fərziyyələr meydana çıxartmaqdır. Yalnız bundan sonra yalan və doğru haqqında danışmaq mümkündür. Kant bunu “transsendental şərtlər” adlandırırdı: o, bir şeyin yalan və ya doğru olmaq imkanından danışırdı.
Oksford lüğətinin versiyasına əsasən, mütəxəssislərin proqnozlarına rəğmən baş verən siyasi hadisələr sayəsində “posthəqiqət” sözü 2016-cı ilin sözü elan edilib.
“Posthəqiqət” – elə bir vəziyyəti ehtiva edir ki, orda ictimai rəyi formalaşdırarkən obyektiv faktlar emosiyalar və şəxsi qənaətlərə müraicətdən daha az əhəmiyyət kəsb edir. Posthəqiqət konsepsiyası cəmiyyət həyatına aşağıdakı ideyanı gətirir: bizim siyasi və ümumilikdə dünya ilə bağlı müzakirələrimizin yalan-doğru məsələsinə dəxli yoxdur – bu müzakirələr, insanların, hansı şərtlərdə nəyin doğru, nəyin yalan olduğuna qərar verdiyinə gətirib çıxarır. Bu situasiyada ən maraqlısı odur ki, insanlar bunu etiraf edir və predmetin gerçək, ya da yalan olmasının müəyyənləşdiyi şərtlər uğrunda mübarizə aparırlar.
ABŞ prezienti Donald Trump “The New York Times”ı yalan məlumatlar yaymaqda ittiham edəndə və qəzet prezidentin mətbuat katibinin yalan yaydığını yazanda, mübahisənin səbəbi həqiqəti tapmaq deyil, nəyin həqiqət, nəyin yalan olduğunu müəyyənləşdirən şərtlərdir.
KONTRBİLGİ – HƏQİQƏTİN YALANI DƏSTƏKLƏMƏSİ
Kontrbilgi – fakt kimi təqdim olunan və müəyyən qisim təhlükəli insan kütləsinin inanmağa başladığı dezinformasiyadır. Kontrbilgiyə nümunə olaraq məşhur insanlar haqqındakı şayiələri, tarixə psevdoekskursiyaları, o cümlədən hər hansı qalmaqallı hadisə ilə bağlı konspiroloji nəzəriyyələri göstərmək olar. Adətən, belə təqdimatların həm sübut bazası olmur, digər tərəfdən də təqdimatın özü, özünü təkzib edən sübut bazasına çevrilir.
Başa düşmək lazımdır ki, mürəkkəb hadisələr zamanı hər şeyi izah etmək mümkün deyil, çünki gözdən qaçan, ya da barəsində məlumat verilməyən məqamlar olur.
Bəzi sahələrdə isə əksər tamaşaçılar və dinləyicilər mütəxəssis deyillər, buna görə də səthi izahlara inana bilirlər. Bir çox konspiroloji nəzəriyyələr, məhz, bu cür boşluqlar üzərində qurulur.
Belə təqdimatlarda həqiqət tez-tez yalanın sübutu rolunu oynayır. Əgər asanlıqla yoxlanıla biləcək çox sayda faktları toplasaq və onlara iki-üç yalan əlavə eləsək, kifayət qədər inandırıcı çıxış, qəzet xəbəri, ya da reklam çarxı alınacaq, ancaq onların gerçəklərlə heç bir əlaqəsi olmayacaq. Məsələn, su haqqında bir neçə həqiqətəuyğun fakt sadalamaq mümkündür: vücudumuzun 60%-dən çoxu sudan ibarətdir; beynin 75%-i sudan ibarətdir; bütün dünya üzrə əlçatar suyun 1%-i içməli sudur. Sonra bunlara şübhəli və ziddiyyətli fərziyyələr əlavə edirik: suyun qablaşdırılması onun keyfiyyətinə zəmanət verir, sağlamlıq problemlərilə məğşul olan aparıcı mütəxəssislər butılkada olan su içməyi tövsiyə edir, hətta özləri də onu içirlər. Böyük ehtimalla, bu arqumentasiyanı hərəkətə keçmək üçün təlimat kimi qəbul edən, öz sağlamlıqlarını qorumaqdan ötrü daima şüşə və plastik qablarda su almağa başlayanlar tapılacaq.
YALAN METODOLOGİYADAN ASILIDIR
Kütləvi sorğuların nəticələrinə inamsızlıq artıq çoxdan ümumişlək nitq üslubuna çevrilib. Adi düşüncə deyir ki, əgər sosioloqlar, siyasətçilər, məmurlar cəmiyyəti valyutanın sabitliyinə, iqtisadi yüksəlişə, sosial stabilliyə inandırmağa başlayıblarsa, vəziyyət pisləşəcək. Adətən, sorğuları istənilən dövlət orqanları, kommersiya strukturları, fiziki şəxslər apara bilir: anket tərtib etmək, onu camaatın arasında yaymaq və hər hansı nəticə əldə etmək çətin olmur. Spontan sorğunun suallarında və keçirildiyi məkanlarda dəyişikliklər edilsə, istənilən rəy palitrası almaq mümkündür: mövcud hakimiyyətin kursunu dəstəkləyənlərdən tutmuş qatı müxalifətçilərə qədər. Vətəndaşların baxışları rəngarəng olur və sosial sorğular vasitəsilə bütün rəy spektrini əhatə etmək imkansızdır. Buna görə də, sorğuda onları obyektiv təqdim etmək cəhdi – ya axmaqlıqdır, ya da kiminsə maraqlarının təmininə xidmət edən məqsədyönlü fəaliyyətdir.
Sosial sorğularda tez-tez araşdırmaçının suallarına cavab verən respondentlərin ətraflı təsvirinə rast gəlmək mümkündür. Lakin bu, araşdırmarçının arzusunun, müəyyən bir sorğu mexanizminin göstəricisidir və sorğunun keyfiyyətinə zəmanət vermir. Belə sorğularda təkcə araşdırmaçının kiminlə danışdığı və ona hansı cavabların verildiyi yox, həm də kimlərin sorğuda iştirakdan imtina etdiyi, imtinaların sayını azaltmağa cəhd edilib-edilmədiyi, marşrutdan yayınmaların olub-olmadığı, araşdırmaçının respondentə necə müraciət etdiyi və bunun sorğuların aparılması ilə bağlı ümumi qaydalara uyğun olub-olmadığı da vacibdir. Ancaq bu detalların hamısı vaxtı uzadır və sorğuların aparılmasına sərf olunan vəsaiti artırır. Ki, bu da sifarişçilərə sərf eləmir.
Postnauka.ru
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.
Ən yeni yazılar