“Polemika tariximizdən” – II yazı
“Biz yaxşılığı dediyimiz kimi yamanlığı da gizlətməyəcəyik. Biz meydana ona görə çıxdıq ki, xalqa doğru söz deyək və nəinki ona-buna… mədhiyyələr oxuyaq“. Məhəmməd ağa Şahtaxtılı (1846-1931) XX yüzilliyin başlarında, daha dəqiq desək, 1903-cü ildə çıxarmağa başladığı “Şərqi-Rus” qəzetinin məramını belə açıqlayırdı.
Şahtaxtılının siyasi mövqeyi dövrünün bir sıra mütərəqqi ziyalılarının xoşuna gəlmirdi. İlk növbədə onun çar hökumətinə qarşı konstruktiv mövqeyi onun ünvanına ciddi iradların, tənqidlərin meydana çıxmasına səbəb olmuşdu; bundan başqa, Məhəmməd ağanın dinə aşırı bağlılığı da birmənalı qarşılanmırdı.
Hərçənd Azərbaycan ədəbiyyatının və publisistikasının bir sıra tanınmış simalarının – Mirzə Cəlil və ya Ömər Faiq Nermanzadənin, Mirzə Ələkbər Sabir ya da Əli Nəzminin meydana çıxmasında rolu şübhəsizdir.
Dünyagörüşündəki bütün təzadlara baxmayaraq, Şahtaxtılı aydınlanma tərəfdarıydı; cəmiyyətin yalnız elm, bilgi sayəsində yüksələ, düşdüyü bataqlıqdan qurtula biləcəyinə inanırdı.
Bu mənada “Şərqi-Rus” qəzetinin maarifpərvər yazarların tribunasına çevrilməsi də təəccüblü deyil.
1891-ci ildə “Kəşkül” qəzeti bağlandıqdan sonra Tiflisdə nəşr olunan ilk Azərbaycan dilli qəzet olan bu nəşrlə bağlı maraqlı məqamlardan biri də Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu və Əli bəy Hüseynzadə ilə yaşanan polemika idi.
Əslində bu mətbu toqquşma məşhur neftxuda Hacı Zeynalabdin Tağıyev üzündən başlamışdı.
Səbəb isə Tağıyevin “Şərqi-Rus” qəzetinin səhifələrində tənqid edilməsi idi.
Bəs neft milyonçusu niyə bu qəzetin tənqid hədəfinə tuş olmuşdu?
Məsələ burasındadır ki, “Şərqi-Rus”un elə ilk sayında Hacı Zeynalabdinin Tiflis müsəlman məktəbini himayəyə götürməsinə baxmayaraq, yardım əli uzatmaması tənqid edilmişdi.
Məqalə böyük hay-küyə səbəb oldu.
Ona ilk reaksiyalar isə həmin dövrdə artıq kifayət qədər nüfuzlu aydınlar sayılan və həmin vaxt “Kaspi” qəzeti ilə əməkdaşlıq edən Əhməd bəy Ağaoğludan, Əlimərdan bəy Topçubaşovdan, eləcə də Əli bəy Hüseynzadədən gəldi.
Vacib qeyd:
“Kaspi” qəzeti nəşrə başladığı 1881-ci ildən 1897-ci ilə qədər milliyyətcə ruslar tərəfindən (Kuzmin, Starsev, Liçkus-Xomotov, Qordiyevski və b.) çıxarılıb, 1897-ci ildən etibarən onun “müsəlman “Kaspi”si” adlandırılan dövrü başlanıb. Onun naşirliyini Hacı Zeynalabdin Tağıyev üzərinə götürüb, redaktorluq vəzifəsi isə Əlimərdan bəy Topçubaşova tapşırılıb (1898-ci ilin iyunundan 1907-ci ilin oktyabrınadək). Daha sonra qısa müddətdə bu görəvi Əli bəy Hüseynzadə, 1907-ci ilin axırlarından ta 1919-da dayandırılmasına qədər nəşrin başında Veynberq dayanıb.
Bu qeyd niyə vacibdir?
Çünki Tağıyevlə bağlı tənqidi yazıya məhz onun himayə etdiyi “Kaspi”dən və əməkdaşlarından cavab gəlməsi yəqin ki, Məhəmməd ağanı daha da hiddətləndirmişdi.
Maraqlısı odur ki, Topçubaşov da, Ağaoğlu da “Şərqi-Rus” qəzetinin nəşri üçün heç vaxt köməkliklərini əsirgəməmişdilər, nəşrə başlamasını böyük intizarla gözləmişdilər. Ki, Şahtaxtılının özü də bunu gizlətmirdi.
Lakin “Şərqi-Rus”un ilk sayındakı anti-Tağıyev məqaləsi ilə vəziyyət dəyişmişdi.
Dünənki dostlar bir göz qırpımında amansız düşmənə çevrilmişdilər.
“”Şərqi-Rus” qarşıya qoyulan məqsədlər baxımından lazımi yüksəklikdə dayanmır. Qəzetin tonu etik və praktik baxımdan arzuedilməzdir, tutduğu istiqamət isə onu mütləq məhvə aparacaq” – Əhməd bəy Ağaoğlu açıq şəkildə yazmışdı (yuxarıdakı sitat “Üç aqilin davası” məqlaəsindəndir, müəllifi: Vilayət Quliyev).
“Əgər “Şərqi-rus” həqiqətən də maarifçilik məqsədləri güdürsə, adı bütün müsəlman maarif müəssisələrinin təşəkkülü ilə bağlı möhtərəm şəxsi söyməklə üzərində oturduğu budağı kəsmirmi? Yoxsa qəzet fikirləşir ki, gurultulu ibarələrin arxasında gizlənərək müsəlman ictimai fikrinə əhəmiyyət verməmək olar?” – Ağaoğlu sualları ard-arda düzmüşdü (yenə V.Quliyevin adıçəkilən məqaləsindən).
Qəzetin qarşı tərəfə cavabını bir batman balla yemək mümkün deyildi. Sitat: “Mərdan bəy və Əhməd bəy kimilərdə prinsip, məslək nə gəzir? Bunlar… ac qurdlardır ki, neft sayəsində dövlətlənən Bakıya yığılıb, Əlinin börkünü Vəlinin başına qoyaraq ciblərini doldururlar. Məzəsi budur ki, boylə çapovulçuların hələ iddiası odur ki, …. mən bunların rəzalətini millət nəzərində fəzilət (burada “yüksək” mənasındadır – E.A) göstərəm“.
Polemikanın dozası artdıqca artır, bütün etik hədləri aşır, xüsusilə Şahtaxtılının cavabları həqarət həddinə çatırdı.
Elə ona görə də bəzi aydınlar bu ixtilafa müdaxilə edib aranı sakitləşdirməyə çalışırdılar.
Onlardan biri görkəmli yazıçı-publisist Məhəmməd Tağı Sidqi (1854-1903) idi. Filologiya elmləri doktoru Əbülfəz Quliyevin “Məhəmməd Tağı Sidqi “Şərqi-Rus”da” adlı məqaləsindən belə məlum olur ki, Sidqi neft milyonçusunun tənqid hədəfinə çevrildiyi yazı ilə bağlı Şahtaxtılıya məktub ünvanlayır, Hacı Zeynalabdınin təkcə Qafqazda deyil, bütün Şərqdə sayğı duyulan biri olduğunu yazır, onun maarif naminə xeyriyyə əməllərini vurğulayır, belə bir şəxsə qarşı savaş açmağın gərəksizliyinə işarə edir, yanlışdan geri dönmək və sülhə gəlmək barədə təklif irəli sürür.
Sidqi həmçinin yaxın dostu, tanınmış maarifçi Sultan Məcid Qənizadəyə (1866-1937) də məktub yazaraq bu polemikadan narahatlığını, məyusluğunu dilə gətirmişdi. Məktubda o, belə bir qəzetin nəşrini çox gözlədiklərini, axırda isə elə ilk sayındanca böyük bir qalmaqala, öz təbirinbcə desək, iğtişaşa imza atıldığını təəssüflə söyləyirdi.
Bununla kifayətlənməyən Sidqi elə “Şərqi-Rus”un özündə “Təəssüf, yenə də təəssüf” adlı məqalə dərc etdirmiş, həmin məqalədə üç aydın (M.Şahtaxtlı, Ə.Topçubaşov, Ə.Ağaoğlu) arasındakı ixtilafı bir daha pisləyir, onlardan “millətin çar Rusiyasının əsarəti altında olduğu bir vaxtda bir-birlərinə qarşı cəbhə açmamağı, əksinə, birləşib onun milli oyanışına və tərəqqisinə xidmət etməyi” xahiş edirdi.
Lakin Sidqini dinləyən kim idi?
Şahtaxtılı işi xüsusilə Tobçubaşovu və Ağaoğlunu “Hacı Zeynalabdinin qələm qoçuları” elan etməyəcən irəli götürmüşdü.
O, bununla demək istəyirdi ki, Əlimərdan bəylə Əhməd bəyi danışdıran neft milyonçusunun pullarıdır…
Polemikanın artıq təhqir müstəvisinə keçdiyini görən Ağaoğlu, qarşı tərəfin bundan sonra nə yazmasından asılı olmayaraq heç bir cavab verməyəcəklərini elan edir.
Bir müddət sonra isə Şahtaxtılı böyük dartışmaya səbəb olan məqalə ilə bağlı yeni mövqe ortaya qoyur, səhvini boynuna alır.
Topçubaşov onun bu etirafını təqdirlə qarşılayır.
Beləcə, tariximizin ən amansız, tənqidlə başlayıb təhqirəcən uzanan polemikalarından biri xoşbəxt sonluqla başa çatır…