«Yaratmaq, sevmək və qələbə çalmaq üçün dünyaya gətirilmək – əmin-amanlıqda yaşamaq üçün yaradılmaq deməkdi. Amma müharibə bizə hər şeyi uduzmağı və olmadığımız birinə çevrilməyi öyrədir».
Dahi fransız ekzistensialisti Alber Kamyunun bu sözlərində böyük həqiqət var. Doğrudan da, müharibə humanizmə yox, ibtidailiyə qaytarır bizi. O, insanın bəşəri duyğularına yox, instinktlərinə xitab eləyir. Bu baxımdan müharibə insan övladı üçün iradə, xeyirxahlıq, şərəf sınağıdı. Heyvani instinklərindən qurtulmağı, şüuruna və ürəyinə nəzarət eləməyi bacaranlar o sınaqdan ləyaqətlə çıxırlar. Bunu bacarmayanları isə qınamağa haqqımız olmur. Çünki bəraətləri var – müharibə idi…
Bəni-adəmin savaşa mənəvi reaksiyası, davranışları, şəxsiyyətin mövqeyi və ya mövqesizliyi barədə cild-cild əsərlər yazılıb. Yazıçılar, rəssamlar, rejissorlar səbəbi nə olur-olsun həmişə qanlı, ona görə də həmişə ədalətsiz olan bu hadisəni ən fərqli aspektlərdən araşdırmağa çalışıblar. Belə ədəbi araşdırmalardan biri də rus yazıçısı, dahi Lev Tolstoyun «Hərb və Sülh» roman-epopeyasıdı.
Müəllifin «əgər sevincimizin səbəbi təsadüfi deyildisə, rus xalqının və ordusunun xarakterinin mahiyyətində gizlənmişdisə, onda bu xarakter uğursuzluq və məğlubiyyətlər dövründə daha parlaq ifadə olunmalıydı» sözlərilə xarakterizə elədiyi «Hərb və Sülh», 1805-1812-ci illərdə rus xalqının Napoleon əleyhinə apardığı mübarizəyə həsr olunub.
«Hərb və Sülh» həm də kinematoqrafiyanın, demək olar ki, elə ilk illərində təkrar-təkrar müraciət elədiyi əsərlərdən biridi. Baxmayaraq ki, XX əsrin əvvəllərində romanın miqyası ilə müqayisədə kinonun imkanları yox deyiləcək qədər məhdud idi.
İlk dəfə bu romanı ekranlaşdırmağa 1913-cü ildə Pyotr Çardınin adlı rejissor cəhd eləyib. İki il sonra Vladimir Qardinlə Yakov Protazanov. Hər iki filmdə Andrey Balkonskini ilk rus kinoaktyoru İvan Mozjuxin oynayır. Filmlər haqqında qalan yeganə informasiya budu. O vaxtdan bu vaxta «Hərb və Sülh» romanı müxtəlif formatlarda – serial (1972-ci ildə Böyük Britaniya, 2007-ci ildə Almaniya, Rusiya, Polşa, Fransanın müştərək istehlsalı), qısametrajlı (2012; Rusiya, rejissorlar Mariya Pankratova, Andrey Qraçev), tammetrajlı film, televiziya filmi (1963; Böyük Britaniya) kimi, təxminən, on dəfə ekranlara çıxıb.
Məsələn, 1959-cu ildə sovet kinosunun ən məşhur isimlərindən biri, gürcü rejissoru Qeorqi Daneliya romanın motivləri əsasında «Onlar da insandılar» adlı qısametrajlı film çəkib.
Rolları Lev Durov, Vsevolod Sanayev, Yevgeni Kudryaşevin ifa elədiyi filmdə hadisələr romandakı kimi 1812-ci ildə baş verir. Napoleon ordusu geri çəkilir. Qarlı meşənin içində üç rus əsgəri tonqalın qırağında əyləşib. Tonqalın istisindən xümarlanan əsgərlər xəyal qururlar. Qəflətən, iki fransız – bir zabit və bir əsgər qaranlıqdan çıxıb onlara yaxınlaşır. Fransızların ayaq üstündə güclə dayandığını görən ruslar zabiti öz polkovniklərinin yanına aparır, əsgərə isə yemək, araq verirlər. Özünə gələn fransız əsgər öz dilində mahnı oxumağa başlayır. Ruslar da ona qoşulur. Yorğun fransız əsgər başını rus əsgərinin çiyninə qoyub yuxuya gedir. Ehtiyatla onun üstünü örtən yaşlı rus «Onlar da insandı» deyir.
Təəssüf ki, «Onlar da insandılar», Sovet dövrünün itmiş filmlərindən sayılır. Deyilənə görə, onu izləmək istəyənlər rejissora müraciət eləməlidilər.
Amma və lakin bu yüz il ərzində çəkilən «Hərb və Sülh»lərin arasında yalnız ikisi kinematoqrafiya tarixinə düşməyi bacarıb. Rejissor Kinq Vidorun və Sergey Bondarçukun filmləri… Biri Amerika, digəri Sovet istehsalı… Rəqabət aparan iki ölkə… Filmlər də bu rəqabətin çoxsaylı nəticələrindən biri idi.
Vidorun versiyasında ssenarinin ilkin variantı 506 səhifədən ibarət idi. 1955-ci il iyulun 4-də başlayan çəkilişlər İtaliyada aparılmışdı: studiya çəkilişləri «Çineçitta» kinostudiyasının pavilyonunda, kütləvi səhnələr isə Turin əyalətinin Pinerolo bölgəsində.
«Hərb və Sülh», sözün əsl mənasında Odri Hepbern üçün çəkilmişdi. Aktrisaya bu filmdə o vaxta qədər aldığı ən yüksək qonorar verilmişdi: 12 həftəlik çəkiliş müddəti üçün 350 min dollar. Deyilənə görə, Odri qonorarının miqdarını eşidəndə agenti Kurt Frinqsə «Ola bilməz! Mən buna layiq deyiləm. Xahiş eləyirəm, heç kimə deməyin» söyləyib.
Hər gün on saatlıq çəkiliş, hamiləliyinin yarıda kəsilməsi, ümumi zəiflik… Odri sonralar xatirələrində Nataşa Rostovanı özünün ən mürəkkəb və ağır rolu adlandırmışdı.
Ancaq film ekranlara çıxandan sonra tənqidçilər ən çox Odri Hepbernə «ilişmişdilər». Ən kəskin tənqidi rəy ingilis Pol Denə məxsus idi. O, «aktrisanın iri gözləri, adamın yaddaşında eyni zamanda həm bembini, həm də favnı xatırladan göyçək üzü qətiyyən dəyişmir» yazmışdı.
Daylas Pauell isə Odri haqqında hörmətlə söz açsa da, Nataşanın film boyu yetkinləşmədiyini demişdi.
Amma Kinq Vidor Nataşa rolunu Odri Hepbernə verdiyinə görə heç vaxt peşman olmamışdı. Rejissor xatirələrində bu barədə belə deyirdi:
«Hər dəfə mənə bütün mümkün sualların ən çətinini verəndə, «birlikdə işlədiyiniz aktrisalardan hansı ən sevimlinizdir» deyə soruşanda ağlıma yalnız bir ad gəlir»…
K.Vidor sona qədər əmin idi ki, Odri Nataşa rolu üçün ideal aktrisadı. Doğrudu, rejissor onun, rusların Nataşa haqqında təsəvvürlərini doğrultmayacağından qorxurdu, lakin 66-cı ildə «Hərb və Sülh»ün rus variantını görəndən sonra Vidorun bu qorxusu da yaz buludu kimi dağılmışdı. «Onlar Nataşa rolunu aktrisa Lyudmila Savelyevaya veriblər. O, tamamilə Odri tipində aktrisadı»- deyə rejissor müsahibələrində məmnuniyyət və özündənrazılıqla bildirmişdi.
K.Vidor Pyer Bezuxov rolunu Marlon Brandonun oynamağını istəyirdi. Amma O.Hepbernlə tərəf müqabili olmaq istəməyən aktyor roldan imtina eləmişdi və Pyer Bezuxovu başqa bir ulduz – Henri Fonda canlandırmışdı.
Film ekranlara çıxandan bir müddət sonra H.Fonda özü ilə personajı arasında böyük yaş fərqinin olduğunu və bu rola yalnız pula görə çəkildiyini bildirmişdi.
Batal səhnələrdə statist qismində 5-8 min italyan əsgərindən istifadə olunmuşdu.
Filmin çəkiliş prosesi ilə bağlı çoxlu maraqlı faktlar var. Məsələn, «amerikalı» «Hərb və Sülh» filminin rəssamları, 100 mindən çox hərbi forma, kostyum və parikləri Napoleon dövrünə aid orijinal rəsmləri, qravüraları diqqətlə araşdıraraq, onların əsasında hazırlamışdılar. Kütləvi səhnələrin çəkilişləri zamanı prodüserlər tərəfindən dəvət olunmuş 65 həkim əsgər forması geyinərək statistlərə və kaskadyorlara qarışıblar ki, travma alan olsa, təcili yardım edə bilsinlər.
Rostovların knyaz Andreyi ova dəvət elədikləri epizodda isə yalnız Ceremi Brett həqiqətən at çapır. Digərləri – Odri Hepbern, Henri Fonda, Mel Ferrer, Barri Cons və Mey Britt iri planların hamısında mexaniki atların üzərindədilər.
Vidorun filmini Tolstoyun mürəkkəb, epik romanının bir qədər səthi ekranizasiyası hesab eləyirlər. Amerikalı rejissor öz versiyasında sevgi xəttini önə çıxardıb: Nataşa və Anatol Kuraqinin, Nataşa və knyaz Andreyin, Pyerlə Elenin… Bununla belə, tamaşaçı eyni vaxtda həm kübar cəmiyyətin ziyafətlərində, həm də döyüş meydanlarında olur, qəhrəmanların həm şəxsi, həm də ictimai sarsıntılarına şahidlik edir.
Kinq Vidorun «Hərb və Sülh» filmi 1956-cı ildə «ən yaxşı operator işi» nominasiyasında Britaniya Kinematoqrafçılar Cəmiyyətinin mükafatını (Cek Kardiff); 1957-ci ildə «ən yaxşı rejissor işi» (Kinq Vidor), «ən yaxşı operator işi» (Cek Kardiff) və «ən yaxşı kostyum dizaynı» (Mariya de Matteis) nominasiyalarında Amerika Kino Akademiyasının «Oskar» mükafatını qazanıb, eyni ildə Odri Hepbern, Nataşa Rostova roluna görə «ən yaxşı britaniyalı aktrisa» kimi BAFTA mükafatına layiq görülüb.
Lakin ulduz aktyorlara və miqyasına baxmayaraq, film nə Amerikada, nə də Qərbi Avropada uğur qazanmayıb.
Əvəzində SSRİ-də həddindən artıq məşhurlaşıb. O qədər ki, Sovet İttifaqı öz «Hərb və Sülh»ünü çəkmək istəyib…
Bu, Sovet İttifaqının hər sahədə dünya birinciliyinə iddia elədiyi dövr idi. Qaqarin kosmosa uçmuşdu, Xruşşov Amerikadan qayıtmışdı. Hər yerə, hətta çirkli yük maşınlarının üzərinə də «Amerikaya çataq və onu keçək» şüarı yapışdırılmışdı. Kinq Vidorun, Tolstoyun eyniadlı romanı əsasında ekranlaşdırdığı film də bu ərəfədə ekranlara çıxmışdı və dərhal da SSRİ-də qıcıq yaratmışdı. Borodino döyüşünün də 150 illiyi yaxınlaşırdı. Mərkəzi Komitə təcili iclas çağıraraq romanın ekranlaşdırılması barədə sərəncam verir. Hədəf – amerikalılardan daha genişmiqyaslı və yüksək səviyyəli film yaratmaq idi.
Dövlət sifarişini həyata keçirmək uğrunda Sovet Kinematoqrafçılar İttifaqının yaradıcısı, sosialist-realizminin klassiki İvan Pıryevlə o vaxt təzə-təzə məşhurlaşmağa başlayan Bondarçuk rəqabət aparırdı. S.Bondarçuk artıq «İnsanın taleyi» filmini çəkib sovet kino mühitində səs-küy yarada bilmişdi. Amma son sözü SSRİ Mədəniyyət Naziri Yekaterina Furtseva deyəcəkdi. Qəflətən İ.Pıryev nazirin qərarını gözləmədən öz namizədliyini geri çəkir və iş Bondarçuka qalır. Ancaq bu hadisə iki rejissor arasında ömürlərinin sonuna qədər sürən incikliyə səbəb olur.
Çəkilişlərə hazırlıq mərhələsi 1962-ci il martın 30-da başlayır, büdcə təsdiqlənir. Sınaq çəkilişlərinə, dekorasiyaların qurulmasına 795 min rubl, lazım olan inventarların alınmasına 600 min rubl ayrılır.
Bütün yaz və yay aylarında «Mosfilm»in otaqları qaynayırdı – sınaq çəkilişləri gedirdi. Altı ay ərzində Bondarçuk və assistentlərinin gözü önündən mərkəzdən tutmuş ölkənin ən ucqarlarına qədər fərqli teatrlardan, kinostudiyalardan gəlmiş minlərlə aktyor keçmişdi. Əsas personajlardan bəzilərinin ifaçıları hələ ssenarinin yazılışı mərhələsində təsdiqlənmişdi. Qalanları isə proses gedə-gedə tapılırdı.
Nataşa Rostova roluna üç yüzdən çox aktrisa sınanmışdı – onların arasında Anastasiya Vertinskaya, Natalya Kustinskaya, Natalya Fateyeva, Lyüdmila Qurçenko, Larisa Kadoçnikova kimi məşhurlar da vardı, heç kimin tanımadığı əyalət aktrisaları da. Sergey Bondarçuk Leninqrad Xoreoqrafiya texnikumunun tələbəsi Lyüdmila Savelyevanı bəyənmişdi.
L.Savelyevanın xatirələrindən:
«Aşağıdan çox nəhəng görünən Bondarçuk pillələri enirdi. Məni – Nataşaya qətiyyən oxşamayan arıq, kürən boz siçanı görəndə onun baxışları dəyişdi. Elə bil, «Aman Tanrım! Mən bununla neyləyəcəm?!» deyirdi. Bununla belə, ssenarini mənə verdi. Oxuduqca hiss eləyirdim ki, alınmır. Oxumağı yarımçıq kəsib, sabah təzədən gəlmək üçün icazə istədim. Gecə mənə verilmiş mətni əzbərlədim. Ertəsi gün möcüzə baş verdi. Nataşanın paltarını əynimə geyinib, başıma tünd rəngli parik qoyandan sonra, kameranın orda olduğunu unutdum, öyrəndiyim səhnəni birnəfəsə oynadım. Sonda Sergey Fyodoroviçin səsini eşitdim: «Bilirsiniz, sizdə Nataşa Rostovadan nəsə var».
Bundan sonra əsl sınaqlar başladı. Sonuncu gün knyaz Andreyin Nataşaya evlənmək təklif etdiyi səhnəni çəkirdik. Nataşa təklifi eşidəndə ağlamalı idi. Knyaz Andreyi İnnokenti Smoktunovski səsləndirirdi. O, Balkonskinin kostyumunda arxası kameraya tərəf dayanmışdı. Mən replikalarımı dedikcə hiss eləyirdim ki, gözlərim qupqurudu, özümü öldürsəm belə, bir damla da yaş çıxmayacaq. Birdən İnnokenti Smoktunovskiyə baxdım. Onun gözlərindən iri-iri yaş damlaları axırdı. Smoktunovskinin göz yaşlarını görəndə hönkürdüm. Sınaqlar başa çatdı. Leninqrada qayıdandan bir neçə gün sonra «Nataşamızı təbrik eləyirik» yazılmış teleqram aldım».
Nataşa Rostova rolu Bondarçukun yeganə çətinliyi deyildi. Rejissor Andrey Balkonskini də uzun müddət axtarmalı olmuşdu. Hətta sentyabrda çəkilişlər başlayanda Knyaz Balkonski hələ yox idi. Əslində Bondarçuk öz knyazını çoxdan tapmışdı, bəlkə də digər personajların hamısından əvvəl… Rejissor, knyaz Balkonskini İnnokenti Smoktunovskinin oynamağını istəyirdi. İroniyaya bax ki, Smoktunovskiyə Balkonskiylə eyni vaxtda başqa bir möhtəşəm rol təklif olunmuşdu – Kozintsevin «Hamlet»ində baş qəhrəman. Bondarçuk kimi Kozintsev də Smoktunovskidən başqa heç kimi istəmirdi. Ona görə də, hər iki rejissor seçimi aktyora buraxmışdılar. Bondarçukun fərziyyəsinə görə, yol ayrıcında qalan İnnokenti Smoktunovski Balkonskini seçibmiş: «Mən Smoktunovskiyə təklif elədim ki, kimi oynamaq istədiyini özü seçsin. O, Andrey rolunu seçdi. Başa düşürdüm ki, mənim bircə «hə» deməyim bəsdi, İnnokenti bizim filmdə çəkiləcək. Kozintsev isə ya çəkilişləri təxirə salmalı idi, ya da başqa aktyor axtarmalıydı. Mən həmişə Kozintsevə böyük sənətkar və insan kimi hörmət eləmişəm. Və bu həlledici oldu. Sonunda Vyaçeslav Tixonovun namizədliyi üzərində dayandıq».
Amma bu, xeyli sonra olmuşdu. Əvvəlcə Solomin, Eduard Marşov, Oleq Strijenov kimi gözəl aktyorlar sınağa çağırılmışdı. Tixonov isə Balkonski roluna namizədliyini rejissora özü təklif eləmişdi.
V.Tixonovun xatirələrindən:
«Bondarçukun «Hərb və Sülh»ü ekranlaşdırmağa hazırlaşdığını eşidəndə onun yaradıcı cəsarətinə, enerjisinə valeh oldum. Çünki bu son dərəcə mürəkkəb və həddindən artıq məsuliyyətli iş idi – neçə-neçə nəslin sevdiyi bir romanı ekranlaşdırmaq. Mən «Hərb və Sülh»ü bir neçə dəfə oxumuşdum. Ən çox Andrey Balkonski obrazından xoşum gəlirdi. İş elə gətirdi ki, bir dəfə «Mosfilm»də Sergeylə üz-üzə gəldik. Həmişəki kimi hal-əhval tutduq. Söhbətin ortasında özümü saxlaya bilməyib Sergeydən Andrey Balkonskini necə gördüyünü soruşdum. Bu sualı, rolu istədiyimi açıq-aşkar göstərməmək, özümü pis vəziyyətdə qoymamaq üçün vermişdim. Ancaq Sergey çox dərin insan, əsl psixoloq idi. Adamı yarımsözdən başa düşür, hətta sətiraltı mənaları, gizlətmək istədiklərini də anlayırdı. Odur ki, mülayim şəkildə «Yox, yanılırsan. Andrey Balkonski tamamilə fərqlidi», – dedi.
Bir-birimizin əlini sıxdıq və hər kəs öz yoluna getdi. Mən başa düşdüm ki, Balkonskini oynamaq arzum elə arzu olaraq qalacaq. Ona görə də, «Optimist faciə» adlı filmdə çəkilmək üçün aldığım təklifi qəbul elədim. Ancaq bir müddət sonra Andrey Balkonski rolunun sınaqlarında iştiraka dəvət eləyən teleqram aldım. Sınaq çəkilişlərindən sonra yenidən «Optimist faciə»nin meydançasına qayıtdım. «Hərb və Sülh»də baş rolların ifaçılarını Mədəniyyət Nazirliyi təsdiqləyirdi. Məmurların qərarını gözləməyə vaxtım yox idi. Tezliklə daha bir teleqram aldım: «Təsdiqlənməniz münasibətilə təbrik eləyirik».
Filmin sonradan təsdiq olunan daha bir aktyoru isə Pyer Bezuxov rolunun ifaçısı olmuşdu. Knyaz Balkonski kimi bu rola da iddia eləyənlərin, özünə güvənib sınaqlara gələnlərin sayı çox idi. Ancaq o, filmin yaradıcısına – Sergey Bondarçuka qaldı və sonralar bir çox tənqidçilərin üzərində ən çox dayandığı, mübahisə yaradan ifa oldu. Bondarçuk, Bezuxovun ekran versiyasına uyğun gələ bilmək üçün 10 kiloqram kökəlmişdi. Pyerin həyat yoldaşı Elen Bezuxovanı isə Bondarçukun arvadı, aktrisa İrina Skobtseva oynayırdı.
Çəkilişlərin ən qızğın vaxtında SSRİ Mədəniyyət Nazirliyi bütün işləri dayandırmağı və Moskva Beynəlxalq Kinofestivalında göstərmək üçün filmin bir seriyasını hazırlamağı tapşırır. Filmi deyilən vaxta çatdırmaq imkansız kimi görünsə də, Bondarçuk bunu bacarır. Lakin bu, ona sağlamlığı bahasına başa gəlir. İrina Skobtseva «Hərb və Sülh» filmi ilə bağlı verdiyi müsahibələrindən birində bu barədə deyirdi: „Festival seriyası üzərində iş bitəndə Sergeyin ürək tutmaları, baş ağrıları başlamışdı. Bir dəfə yeməkxanada sifariş verdiyi bir stəkan kefiri gözləyərkən qəflətən huşunu itirir. Seryoja klinik ölüm keçirir, ürəyi dörd dəqiqəlik dayanır“.
İ.Skobtseva danışırdı ki, Bondarçuk düz dörd il filmə dair hər detalı beynində saxlayıb. Onun evində Tolstoyun, hər səhifəsi qeydlərlə qaralanmış 90 cildliyi olub:
«37 illik birgə həyatımız boyunca onun gözlərində bircə dəfə yaş gördüm, o da «Hərb və Sülh» filminin çəkiliş meydançasında. Qoşunların geri çəkildiyi səhnə tamamlanıb laboratoriyaya göndərilmişdi. Ordan bizə «lent xarab olub» cavabını verdilər. Çarəsizlikdən Sergey Fyodoriviçin gözləri yaşla doldu».
Bu nə ilk, nə də son dəfə idi. Film, təcrübə məqsədilə istehsal olunmuş «yerli» lentə çəkildiyindən belə hallar tez-tez təkrarlanırdı. Ümumiyyətlə, təkcə lent yox, bütün texnika sovet «malı» idi. Lent Şostinski zavodunda istehsal olunmuşdu. O qədər qüsurları var idi ki, onun haqqında danışanda «keyfiyyət» sözünü dilə gətirmək cəsarət tələb eləyirdi. Bircə onu demək kifayətdi ki, lentin emulsiyası ağcaqanad «сəsədləri» ilə dolu idi. Elə makaralar vardı ki, perforasiyası (lentin kənarındakı dəliklər) yalnız bir tərəfdən deşilmişdi. Quruluşçu operator Anatoli Petritski xatirələrində yazırdı ki, bir dəfə qoca Balkonskinin iri planda çəkildiyi fraqmenti aşkarlayanda aktyorun alnında «Şostkinski kimya zavodu» yazısı peyda olub. Üstəlik, kinolent, tədricən, həssaslığını itirirdi. Bu da çəkiliş prosesinə hər şeydən çox ziyan vururdu. Çünki film 70 mm-lik lentə çəkilirdi. Bu format üçün istifadə olunan obyektivlər isə işığa qarşı kifayət qədər həssas deyildilər.
Elə yeri gəlmişkən, qısa bir haşiyə çıxaq: məhz, lentlərin keyfiyyətsizliyi ucbatından uzun illər qalmalı olan film bir neçə ildən sonra, az qala, yoxa çıxmaq təhlükəsilə üzləşmişdi. Buna görə, 1986-cı ildə rejissorun iştirakı ilə qismən restavrasiya olunmuş və televiziya versiyası hazırlanmışdı.
Qayıdaq mətləbə. O vaxtkı mədəniyyət naziri Furtseva amerikan lentindən istifadə eləməyi təklif eləmişdi. Barterin şərtlərinə görə, Sovet İttifaqı lentin əvəzində Amerikaya skripkaçılardan ibarət ansambl göndərməli idi. Lakin hamı yaxşı başa düşürdü ki, siyasi nöqteyi-nəzərdən bu variant qəbuledilməzdi.
Dörd seriyalı filmin ən çətin səhnələri Borodino döyüşü idi. Bu səhnələrdə rusları və fransızları canlandıran 15 min piyada əsgər, 1500 süvari iştirak etmişdi. Çəkiliş boyunca 23 ton partladıcı, 40 min litr ağ neft istifadə olunmuş, 12 mindən çox hava partlayışı və 10 mindən çox odlu fuqas həyata keçirilmişdi.
Sergey Bondarçukun, həyatının altı ilini sərf elədiyi film sovet kino tarixində ən yüksəkbüdcəli filmlərdən biri hesab olunur.
Filmin ən böyük uğuru kimi, məhz, döyüş səhnələri qeyd olunurdu. Həmin fraqmentlərdə Bondarçuk özünü kütləvi səhnələrin usta rejissoru kimi göstərmişdi.
Tamaşaçıların diqqətini romantik süjet xəttinə, personajların şəxsi həyatına yönəldən Hollivud filmi ilə müqayisədə sovet «Hərb və Sülh»ü daha geniş və çoxplanlı idi. Bondarçuk Tolstoyun mətni ilə son dərəcə ehtiyatla, sevgi ilə davranmışdı.
«O, görsəllik, insani duyğularla intellekt arasındakı incə sərhədi qorumağı bacarıb. Hətta ən uzun və qanlı döyüş səhnələri belə, tamaşaçını yormur. Əksinə, gözünü ekrandan çəkə bilmirsən. Əsgərlərin döyüş meydanındakı qəhrəmanlıqları, partlayışın ətrafa səpələdiyi at cəsədləri və Napoleonun adyutantları ilə olduğu səhnəyə gözlənilməz keçid… Bondarçuk epik dramın bütün detallarını tamaşaçıya çatdırmağa çalışır və bu zaman görsəlliyi unutmur. Ən əsası isə, onun filmində Tolstoyun fundamental mövzusu- şəxsiyyətin tarixdə rolu hər zaman mərkəz xətdi». (Amerikalı kino tənqidçisi Rocer Ebertin resenziyasından. 22 iyun 1969).
Amma bu layihə hamı tərəfindən birmənalı qarşılanmamışdı. «Sovet kinematoqrafiyasının aparıcı rejissoru» statusu Sergey Bondarçuku həmkarlarının açıq tənqidindən qoruyurdu, ancaq skeptik, kəskin tənqidlər də kifayət qədər idi. Məsələn, rejissor Qriqori Kozintsev «Hərb və Sülh»ü «ekranda bijuteriya» adlandırmışdı.
Bütün tənqidlərə rəğmən, Sergey Bondarçukun «Hərb və Sülh» filminin üçüncü seriyası 1967-ci ildə Kann festivalında müsabiqədənkənar nümayiş olunmuşdu. 1969-cu il aprelin 15-də isə «Oskar» mükafatının təqdimetmə mərasimində «ən yaxşı əcnəbi film» nominasiyasında Miloş Formanın misilsiz «Yanğınsöndürənlərin bayramı», Fransua Trüffonun «Oğurlanmış öpüşlər», Mario Moniçellinin «Tapançalı qız» filmlərini geridə qoyaraq qalib gəlmişdi. Bondarçukun başı növbəti seriyanın çəkilişlərinə qarışdığına görə, təqdimetmə mərasimində qızıl heykəlciyi yaradıcı qrupun adından Lyüdmila Savelyeva almışdı.
***
«Hərb və Sülh»ü bitirəndən bir neçə il sonra Tolstoy, dostlarından birinə yolladığı məktubda «mən çox xoşbəxtəm, çünki bir də heç vaxt «Hərb və Sülh» kimi cəfəngiyyatlar yazmayacağam» demişdi. Ömrünün son illərində isə gündəliyində «İnsanlar məni «Hərb və Sülh» kimi mənasız əsərlərimə görə sevirlər. Onu əhəmiyyətli əsər hesab eləyirlər» yazmışdı.
Nə demək olar? Öz yaratdığına skeptik münasibət müəllifin böyüklüyündən xəbər verir. Ancaq keçən əsr «Hərb və Sülh»ün əhəmiyyətini azaltmayıb. O, bütün dövrlər üçün aktual olaraq qalır.