Ölkə, faktiki yaxın günlərdə başlaya biləcək böyük müharibənin astanasında ikən, qəribə hadisələr baş verir. Azərbaycan və Ermənistan rəhbərliyinin buna dəlalət edən bəyanatlarının ağır tonunu, hər iki cəmiyyətdə dayanmadan yüksələn hədə ritorikasını, region ətrafında gedən gərgin geosiyasi təbəddülatları, hər iki ölkənin, həmçinin böyük qonşularımız – Türkiyə və Rusiyanın KİV-lərindəki müstəsna kəskin replikaları bir kənara qoyaq, bundan bir neçə gün öncə Ermənistan baş nazirinin xanımı, cəmi bir il öncə özünü sülh tərəfdarı kimi mövqeləndirmiş Anna Akopyanın hərbi formada, əlində AK-74 avtomatı ilə fotosessiyasının yayılması bir çox mətləblərdən xəbər verən hadisədir.
Demokrat kimi hakimiyyətə gəlmiş, gələn kimi də özünün sülhpərəstliyini bəyan etmiş Paşinyanın həyat yoldaşı, xanım Akopyan “Qadınlar sülh naminə” kampaniyası çərçivəsində (!), işğal altındakı ərazilərdə dislokasiya olunmuş hərbi hissələrin birində qadınlar üçün hərbi kurslar da təşkil edibmiş. Koqnitiv dissonans anlayışının yaradıcısı, ABŞ psixoloqu Leon Festinger yəqin qəbirdə salto vurur.
Vallah, sizi bilmirəm, konfliktin 30 ilində bizim tərəfdən belə bir şeyi nə gördüm, nə duydum. Hate Speech, yəni nifrət niqti edən xanımlara doğrusu çox az rastlamışam, ictimai məkanda bir zamanlar Ləman Ələşrəfqızı adlı jurnalist, bu anlamda bir quş buraxmışdı, gənclər, yeni nəslin nümayəndələri xanımın abrını ətəyinə bükmüş, uzun müddət onu rişxənd və gülüş hədəfinə çevirmişdilər. İndi bu avtomatlı xanıma erməni cəmiyyətində gülən, istehza edən, memini düzəldən varmı, yoxmu, bilmirəm, amma bizdə (ali) siyasi səhnədə olan qadınların özünü belə aparmasını təsəvvür etmirəm doğrusu.
Nə isə, dönək ölkəyə. Müxtəlif çalarlı, polifonik hadisələri izləyib çatdırmaq olmur ki, vəziyyətin adını qoya, onu xarakterizə edə biləsən. Son 25 ildə heç bir radikal, sistem mahiyyətli dəyişikliyin yaşanmadığı ölkədə bu gün baş verənlərə rasional izah tapmaq asan məsələ deyil.
Belə bir şəraitdə Tofiq Yaqublunun da həbs edilməsi hansı ağlın məhsuludur?
Sosial şəbəkələrə hakim kəsilmiş –“Kərbəlayı, vallah o sovet hökuməti bizdən qorxur” ritorikasına müraciət etmədən, emosiyasız “Tofiq Yaqublu kimdir?” sualına cavab verək: vicdanlı, ləyaqətli, vətəni ürəkdən sevən, bunu canı-qanı ilə sübut etmiş səmimi bir vətəndaş. Şəxsən tanıdığım üçün, gözəl insan olduğunu da vurğulayardım. Onun tamamilə günahsız olduğu, bu gün Azərbaycanda məmə deyəndən pəpə yeyənə kimi hamıya aydındır.
Orası da tam aydındır ki, Tofiq Yaqublu siyasətdə hər zaman bir siyasətçi kimi yox, sırf mübarizə adamı, aksionist kimi tanınıb. “Müsavat” partiyasının sonuncu başqan seçkilərində iştirak edərkən özü də bunu “Mənim stixiyam (yəni təbiətim, mahiyyətim – E.M.) mübarizədir” sözləri ilə təsdiq etmişdi. Tofiq Yaqublunun arxasında başqa siyasi platformalarda olduğu kimi, qrantlar, müxtəlif strukturlar, gizli əlaqələr-filan dururdumu? Yox. Yaxşı, bəs Tofiq Yaqublu hazırkı iqtidara, onun planlarına təhlükədirmi? Əsla. Nədə və necə bir təhlükə ola bilərdi ki? Əlbəttə, əgər küçədə “Azadlıq” şüarı səsləndirmək (hansı ki, covid səbəbindən ümumiyyətlə imkansız olub), yaxud status yazmaq təhlükə hesab olunmursa.
O zaman bu insan belə biabırcasına, hüququn ruhuna zidd olaraq niyə həbs edilir? Ölkədə baş verməsi gözlənilən böyük hadisələr öncəsi bu, kimə və nəyə görə lazım idi? Bu iş də sonu görünməyən “Toy serialı”nın bir uzantısı olmaya?
Ramiz Mehdiyev ətrafında baş verən hadisələr, şübhəsiz, sırf ölkənin daxili işi olmayıb, geosiyasi əhəmiyyət də daşıyır. Rusiyanın ölkəmizdəki başlıca dayağı olan bəlli klanın kökü dibindən qazılır. Akademikdən başqa istər Siyavuş Novruzov, istər Əli Həsənov, istərsə də başqa siyasi bədheybətlərin uzun illər sahibləndikləri siyasi sükanlardan kəskin şəkildə kənarlaşdırılmaları bunun bariz sübutudur. Hətta, kampaniyanın necə bir əminliklə aparılmasına diqqət etsək, burada Ankaranın da dəstək və müdaxiləsini görmüş olarıq. Kimsəyə sirr deyil ki, Türkiyə son aylarda Azərbaycana müstəqillik dövrünün 30 ilində heç bir zaman göstərmədiyi dəstəyi göstərir, bunun qarşılığını da alır.
Tofiq Yaqubluya Nizami Rayon Məhkəməsində biabırçı hökmü oxuyan hakim Nəriman Mehdiyev isə, akademikin doğmaca qardaşı oğlu imiş. Bu adam hökmü oxuduğu gün, yəni sentyabrın 3-də sosial şəbəkələrin baş qəhrəmanına çevrildi, fotosu yayıldı, adı Ramiz Mehdiyevlə birgə hallanaraq lənətləndi. Bəlkə də bu cür reaksiya, yaşanan ədalətsizliklərin yan təsirləridir, amma əminliklə deyə bilərik ki, ölkənin keçmiş 2-ci adamının diskreditasiyasının növbəti mərhələsi kimi bu hadisə, cəmiyyətə məhz Mehdiyev soyadını “vurmaq” üçün ələdüşməz fürsət verdi.
Belə görünür ki, hakimiyyət illərlə davam edən və cəmiyyətə uğur hekayəsi kimi təqdim olunan “balanslı siyasət” vektoru ilə birdəfəlik vidalaşır. Doxsanların əvvəllərindən bəri ilk dəfə Rusiyanın ünvanına bu qədər sərt ifadələr səsləndirilir. Bu yaxınlarda, İlham Əliyevin Yunanıstanın Azərbaycandakı səfirini şəxsən qəbul etməsi (başqaları ilə internet üzərindən görüşürdü) və onunla diplomatik çərçivələri zorlayan tonda, Türkiyəyə açıq və birmənalı dəstəkdən danışması, heç şübhəsiz, təkcə bu Balkan ölkəsinə yox, həmçinin Rusiyaya verilmiş bir mesaj idi. Maraqlıdır ki, istər Azərbaycan rəsmilərinin ard-arda verdikləri kəskin bəyanatlara, istərsə də ölkə mediasına hakim olan sərt ritorikaya nə Kremldən, nə də rus mediasından hələlik heç bir cavab gəlməyib. Əksinə, rus tərəfi tonu yumşaltmaq cəhdləri göstərir.
Belə görünür ki, lap yaxın zamanlarda, ölkəmizin gələcəyi üçün həlledici hadisələrin şahidi olacağıq. Bircə ona ümid etmək qalır ki, bu dəfə, istənilən mənada hazırlığımız yetərli qədərdir və tale bizə yar olacaq.
Ölkədəki anlaşılmazlığa isə birdəfəlik son qoyulmalıdır. Tofiq Yaqublu təxirə salınmadan azad edilməlidir.