Azərbaycanın Vətən Müharibəsi nəticəsində azad olunan ərazilərində dünyanın ən müasir texnologiyalarına əsaslanan “ağıllı kənd” və “ağıllı şəhər”lər salınacaq. Bu barədə ilk dəfə cəmiyyətə məlumatı Prezident İlham Əliyev verib. Ötən həftə onun işğaldan azad edilmiş rayonlara səfəri çərçivəsində Zəngilan rayonunun Üçüncü Ağalı kəndində icra olunacaq “ağıllı kənd” layihəsinin əsası qoyulub. Verilən məlumata görə, kənddə layihənin icrası əsasən 5 komponent üzrə aparılacaq: yaşayış, istehsal, sosial xidmətlər, “ağıllı kənd təsərrüfatı”, alternativ enerji. İnşa ediləcək 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ mənbələr hesabına təmin olunacaq.
Qeyd edək ki, işğaldan azad olunan ərazilərdə “ağıllı” idarəetmənin tətbiq olunacağına dair Prezidentin çıxışından sonra Azərbaycan mətbuatında “ağıllı kənd”in nə demək olduğuna dair məlumatlar yayılmağa başladı.
Nədir “ağıllı kənd”?
Geniş təfərrüatlara varmadan deyim ki, bu, dünyanın ən son texnologiyaları əsasında kənd (şərti olaraq) idarəetməsidir. Elə bir idarəetmə ki, zibil toplanmasından tutmuş təhsilə, tibbi xidmətə qədər hər sahədə informasiya-kommunikasiya texnologiyalarından istifadə olunur. Və bu idarəetmə tam şəffaflığa, hesabatlılığa əsaslanır: əhali zibilin daşınması üçün verdiyi hər qəpiyin hərəkətini real vaxt rejimində izləyə bilir, ödədiyi vergilərin hara xərcləndiyini görür. Bu baxımdan, Azərbaycanda bu təcrübənin tətbiqi üçün bütövlükdə idarəetmə sisteminin dəyişməsi, idarəetmə aparatının bütün pillələrində şəffaflığın təmin olunması gərəkir, ayrıca götürülmüş ərazidə olsa belə…
“Ağıllı kənd” ideyası dünyada kənd yerlərində həyatın asanlaşdırılması, kəndlərin yaşayış üçün daha yararlı hala gətirilməsi yolu ilə urbanizasiyanın – şəhərləşmənin qarşısının alınması məqsədilə irəli sürülüb. Bu layihədə diqqət birinci növbədə kəndlərdə xidmətlərin asanlaşdırılmasına yönəldilir – məişət tullantılarının çeşidli toplanmasından tutmuş, kommunal xidmətlərin, səhiyyə, sosial xidmətlərin təqdim olunmasına qədər bütün işlər şəbəkə üzərindən həyata keçirilir.
İkinci məqsəd insanlara kənddə pul qazanmaq imkanının yaradılmasıdır. Dövlət xidmətlərinin asanlaşdırılması, internetlə təqdim olunması kənd sakinlərini yaşadıqları əraziyə bağlayan amillərdən birinə çevrilir. İdeyanın özəlliyi burasındadır ki, bütün bu xidmətlərin təqdimatında sakinlər kiçik sahibkar kimi iştirak edirlər. Beləliklə, kənddə kiçik və orta sahibkarlığın inkişafı üçün real şərait yaranır. Yəni “ağıllı kənd”də ağıllı infrastruktur və xidmətlər, ağıllı təsərrüfat və biznes, ağıllı dövlət idarəçiliyinin vəhdəti təmin edilir.
Dünyada yaradılan “ağıllı kənd”lərin dəyəri bir-birindən xeyli fərqlidir: Avropada 10-30 milyon dollara başa gələn bir layihəni Hindistanda bundan 10 qat artıq xərclə icra etmək mümkündür. Çünki infrastrukturların inkişaf səviyyəsində kəskin fərqlər var. Azərbaycanda isə “ağıllı kənd” ideyası ilk dəfə 4 il əvvəl eşidilib. Eşitdirən Dünya Bankı, eşidən isə hökumət olub.
Dünya Bankı bu idarəetməni Azərbaycan kəndlərində uzun illər boyu həyata keçirdiyi kənd inkişafı layihəsinin davamı kimi təklif edib. Dayanıqlı kənd formalaşdırmaq məqsədilə. Qurumun 17 illik “Kənd investisiyaları” layihəsi çərçivəsində Azərbaycanın 2100 kəndində yerli icmalarla birlikdə müxtəlif fəaliyyətlər həyata keçirilib: icmaların təlimləndirilməsi, əsas problemin həllinə fokuslanması və kiçik investisiya yardımı ilə həmin problemin həllinə nail olunması. Bu zaman yerli icmanın da problemin həllində cüzi də olsa öz vəsaiti ilə iştirak etməsi vacib şərtlərindən biri olub – mülkiyyət hüququ yaransın deyə…
Dünya Bankı bu layihənin davamı olaraq Azərbaycan hökumətinə “Ağıllı kənd”i təklif edib. Qurumun cəlb etdiyi mütəxəssislərin 1 milyon dollara hazırladığı layihənin 3-4 dövlət qurumuna xüsusi təqdimatı həyata keçirilib. Qurum “ağıllı kənd”in tətbiqinə məhz əvvəlcədən işlədiyi kəndlərdən başlanmasını təklif edir, bu da səbəbsiz deyil: həmin kəndlərin icma halında ümumi problem ətrafında müzakirə aparmaq, həll yollarını tapmaq, onun aradan qaldırılmasında bilavasitə iştirak etmək təcrübəsi formalaşıb. Kənd icmalarına Dünya Bankının xəttilə çoxsaylı təlimlər keçirilib. Bir sözlə, insan amilinə hesablanmış idarəetmənin qurulması üçün o kəndlərdə baza var.
Maraqlıdır ki, Dünya Bankı hazırladığı “ağıllı kənd”in tətbiqi üçün Azərbaycan hökumətinə güzəştli kredit də təklif edir. Layihəyə əsasən 2 min nəfər əhalisi olan bir kənddə “ağıllı kənd”in qurulması üçün 50-100 milyon dollar arası vəsait tələb olunur. Bu vəsaiti Dünya Bankı 15 illik müddətə, ilk 5 ili güzəşt dövrü olmaqla kredit şəklində təklif edir.
Bəs Dünya Bankı niyə Azərbaycanı seçib bu layihə üçün?
Gürcüstan və Ermənistan özləri quruma müraciət ediblər, lakin müsbət cavab ala bilməyiblər. Bunun səbəbi bir neçədir: əvvəla, Azərbaycan internetə çıxış səviyyəsinə görə region ölkələrindən – Gürcüstandan və Ermənistandan xeyli irəlidədir – 79 faiz. Avropada bu göstərici 83 faizdir. Yəni regionda belə göstərici yalnız Azərbaycandadır.
Kənd əhalisində savadlılıq səviyyəsinə görə də Azərbaycan ən üstün mövqedədir. Bütün bunlar Dünya Bankının qiymətləndirməsidir, bizim məmurların deyil. Bu üstünlükləri nəzərə alaraq qurum “ağıllı kənd”in məhz Azərbaycanda yaradılmasını təklif edir.
Maraqlıdır ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair qəbul olunmuş sonuncu – sayca dördüncü proqramda da “ağıllı kənd”in yaradılması nəzərdə tutulur. 2018-ci ildə Qax rayonuna səfər edən prezident İlham Əliyevə ilk dəfə olaraq ölkədə yaradılması planlaşdırılan “Ağıllı kənd” layihəsi təqdim edilib.
Kənd Təsərrüfatı Nazirliyinin rəsmisi Mirzə Əliyevin həmin vaxt verdiyi məlumatdan aydın olur ki, layihə kifayət qədər əhatəli və iqtisadi-sosial həyatın bütün sahələrini nəzərə alınmaqla hazırlanıb. Lakin maraqlıdır ki, M.Əliyev bir kənddə bu layihənin tətbiqinin 150-200 min manata başa gələcəyini açıqlayıb. Dünya Bankının 50-100 milyon dollar hesabladığı layihəni Azərbaycan hökuməti bundan on dəfələrlə aşağı məbləğə necə başa gətirə bilər? Axı “ağıllı kənd” iqtisadi, sosial, kommunal, təhsil, tibb, hüquqi və sair bütün sferalarda tamamilə fərqli və yeni bir sistemin, bir-birinə sıx bağlı idarəetmə şəbəkəsinin qurulması deməkdir. Özü də belə bir layihəni ayrıca götürülmüş bir kənddə qurmaq faktiki olaraq mümkün deyil, ən azı bir rayon bütöv götürülməlidir. Məsələn, belə kəndlərdə aptekləri əvəz edən 1 ATM-in qurulması elə 100 min manatdan yuxarı vəsaitə başa gələcək. Yaxud yaradılacaq şəbəkəni idarə edən serverin yaradılması, saxlanması xərcləri azı 30-40 min manat təşkil edir. Hələ alternativ enerji mənbələrinin yaradılmasını demirəm. Yəni sözümün canı budur ki, KTN rəsmisinin sadaladığı işləri 100-200 min manatla başa gətirmək mümkün deyil.
Yuxarıda da qeyd etdik ki, “ağıllı kənd” bilavasitə insan faktoruna hesablanmış layihədir – yəni insan üçündür. Özü də oturuşmuş həyatı, birgə fəaliyyət təcrübəsi olan insanlar üçün. İşğaldan azad olunmuş ərazilər bərpa olunub, insanların ora qayıdışının başlanması kiçik istisnalarla ən yaxşı halda 2-3 ildən sonra başlanacaq. 30 ilə yaxın müddətdə bir-birindən ayrı düşərək az qala bütün əlaqələri qırılan insanların birgə yaşayış adətinin formalaşması üçün minimum 4-5 il daha lazım gələcək. Nəzərə alaq ki, azad olunan torpaqlara qayıdanların çoxu işğaldan sonra doğulanlar olacaq və onların icma halında birgəyaşayışa uyğunlaşması, necə deyərlər, dil tapması üçün mütləq zaman tələb olunacaq. Bu isə insan amilinə söykənən “ağıllı kənd” ideyasının reallaşması üçün kifayət qədər uzun müddətin tələb olunacağı deməkdir. Həmin müddətdə layihənin digər rayonlardan başlanması, həyata keçirilməsi isə azad olunmuş ərazilər üçün qiymətli təcrübənin toplanması imkanı yaradacaq: icra prosesində qeydə alınacaq çətinlikləri və onların həlli yollarını müəyyənləşdirmək baxımından.
“Ağıllı kənd”in tətbiqinə ilkin mərhələdə işğala məruz qalmayan ərazilərdən, özü də Dünya Bankının təklif etdiyi güzəştli kredit hesabına başlanması həm də dövlətin bərpa işlərinə köklənməsi, bu istiqamətə daha çox vəsait yönəldə bilməsi imkanı yaradacaq. Bərpa prosesi yekunlaşıb, insanlar torpaqlarına qayıdıb oradakı həyata alışdıqdan sonra isə sınaqdan keçirilmiş “ağıllı kənd”lərin qurulması daha rahat ola bilər…