Mədəniyyət imperializmi – adı üstündə – imperyalizmin mədəni aspektlərini əhatə edir. İmperializm burada fərqli sivilizasiyalar arasında qeyri-bərabər münasibətlərin yaranması və davam etməsini, eyni zamanda daha güclü sivilizasiyanın üstün olmasını izah edir. Beləliklə, mədəni imperializm, siyasi və ya iqtisadi cəhətdən güclü bir millətin zəif cəmiyyətlərin üzərində öz mədəniyyət dəyərlərini tətbiq etmək prinsipi və ya mədəni hegemoniyasıdır.
Mədəni imperializm ilə bağlı belə bir ifadə də vardır: “Amerika girə bilmədiyi yerə MTV və Hollywood-u göndərir”.
Yəni artıq hərbi işğalların törədəcəyi siyasi-iqtisadi zərərləri düşünən hegemon ölkələr (öz regionunda və yaxud dünyada) mədəni imperializm ilə zəif mədəniyyətə sahib ölkələri “mədəni” yolla işğal edir.
Bu, musiqi, kino, adətlər və ya həyat tərzi ilə edilən bir işğaldır. Əsasan kimlik axtarışında, özünü tapmaq ərəfəsində olan yeniyetmələr üzərində bu işğalın gerçməkləşməsinin daha rahat olması müşahidə edilir.
Qloballaşan, mədəni imperializmin daha geniş, amansız vüsət aldığı bir dönəmdə bizim toplumumuz, ölkəmiz hansı mədəniyyətin mədəni imperializmi ilə üz-üzədir?
Burada təbii ki, ölkəmizin yerləşdiyi qəliz geosiyasi mövqeyi nəzərə alıram. Çox yaxşı başa düşürəm ki, bütün qonşularımız tərəfindən bizə mədəni işğal cəhdləri var. Bəs hansı ölkə daha güclü təsir edir? Bu suala cavab vermək üçün yuxarıda qeyd etdiyim sahələrə və azərbaycanlı yeniyetmələrə nəzər yetirmək (həmçini əyalət təfəkkürlü yaşlılara da) lazımdır.
Restoranda bizə təqdim edilən menyulara fikir versək, orada daha çox türk mətbəxi məhsullarının olduğunu görə bilərik. Məsələn, mənim tam «azərbaycansayağı» adlandıra biləcəyim restoranların sayı hazırda 4-5 dənədir. Hətta menyusu türk dilində olan restoranlar da var. Bu, məsələnin məişət, iaşə tərəfi.
Sosial aspektdən baxsaq, məsələnin nə qədər ciddi olduğunu görəciyik. Türkiyədə keçirilən seçki, əməliyyat, toy, nişan, yas mərasimləri belə günlərlə Azərbaycan mətbuatında, sosial şəbəkələrdə ön planda olur, müzakirə edilir. Bəzi məsələlərdə isə, cəmiyyətimiz iki yerə bölünüb bir-birini söyüb, təhqir edir. Çox maraqldır ki, Rusiyada və İranda baş vermiş hər hansısa hadisə uzun müddət müzakirə edilmir. Çünki türk qardaşlarımızın mədəni təsiri buna əsla imkan verməz. Bunu da qeyd edim ki, mən İranda və Rusiyada olan məsələlərin toplumumuzda müzakirə edilməsini arzulamıram, buna da çağırış etmirəm, sadəcə müqayisə edirəm və fərqi göstərirəm. Mətubuatda, film sənayesində olan söhbətlər hamıya aydın oluduğundan və dəfələrlə müzakirə edildiyindən başınızı təkrarçılıqla ağrıtmayacam.
Məsələnin bir az da dərininə gedək. Mədəni imperializmə qarşı olan solçulara nəzər salaq. Orta statiskik azərbaycanlı solçu Deniz Gezmiş, Mahir Çayan kimi türk solçu öndərlərdən təsirlənir, Nazım Hikmet və Yaşar Kemal oxuyur, Grup Yorum, Ahmet Kaya dinləyir və Dersim onun üçün böyük bir dərddir. Təbii ki, burada söhbət klişe bir solçudan gedir və burada əsla kinayə etmirəm. Sadəcə olaraq formalaşmış bir mədəniyyətin, hələ gənc, yeni nəfəs alıb-yerməyə başlamış bir mədəniyyətə göstərdiyi təsiri gözlər önünə sərirəm.
Məsələn, bir sıra gənclər böyük həsrətlə Azərbaycanda Ekrem İmamoğlu kimi bir siyasətçinin zühur edəcəyini gözləyir. Azərbaycanda İlqar Məmmədovdan, Arif Hacılıdan, Yadigar Sadıqlıdan Ekrem İmamoğlu olmağı tələb edirlər, gözləntiləri batdıqda isə ümummilli depressiya keçirirlər. Açıq deyim, onların bu depressiyası məni zərrəcə kədərləndirmir, əksinə çox gülünc görünür. Çünki Əkrəm tipli bir siyasətçinin ortaya çıxması üçün lazım olan şərait və şərtlər sənin ölkəndə hələ yetişməyib – bizdə vəziyyət tamam başqadır. Amma nə edək ki, Babi Bədəlovun təbirincə «Dramatürklər» bir Əkrəm İmamoğlu intizarındadır. Rəsulzadə kultunun yaranmasında da, türklərin atası olan Atatürk kultunun böyük payı vardır. Onlarda Cümhuriyyət qurucusu, ata varsa deməli – bizdə də olmalıdır!
Bu mədəni işğal eyni zamanda Azərbaycanda əyalət təfəkkürünün inakişafına öz töhvəsini verib (İbrahim Tatlısəs, Samanyolundakı islamçı sci-fi seriallar, mövhumat dolu verilişlər və s.). Təbii ki, bu məsələnin başlanğıcı 90-cı illərin əvvəlinə qədər uzanır. Sırf o illərdə Azərbaycan mədəniyyətinin sütunları, Türk mədəniyyətinə peşkəş çəkilirdi, çəkildi.
Bu mədəni işğalın istehsal etdiyi dramatürklər Azərbaycanın tək mədəniyyətini yox, artıq özünü də Türkiyəyə peşkəş çəkməyə hazırdır. Bu qeyri-real bir şey deyil, bir zamanlar dövlət orqanlarında yüksək vəzifə tutmuş uludramatürk Vəfa Quluzadənin açıq ifadə etdiyi bir perspektivdir.
Vəziyyətdən çıxış yolu isə, daha əvvəlki yazımda qeyd etdiyim kimi, Azərbaycanı azərbaycanlılara maraqlı edəcək, onları Suriyanın şimalında döyüşməyə yox öz torpağında rasional fəaliyyət göstərməyə təşviq edəcək və ən əsası, ciddi təhlükənin məhz Qərbdən gəldiyini izah edəcək (çünki Şərqdən gələn təhlükə kimi bariz deyil) bir ümummilli vizyonun tapılmasıdır. Yəni, ona izah edilməlidir ki, sən öz dəyərlərinin təsisi uğrunda vuruşmalısan, gözün kənarda olmamalıdır. Yoxsa bu Dramatürklər tənqidlə nə azalası, nə də rasional düşüncə qazanası deyil.
Azərbaycanın nə dostu var, nə qardaşı, nə də əbədi partnyoru.
Azərbaycan – azərbaycanlılarındır.