Donbass regionu müasir Ukrayna və Rusiya respublikalarına daxil olan tarixi bölgədir. Bölgənin böyük əksəriyyəti (Donetsk və Luqansk oblastları) Ukraynada, kiçik bir hissəsi (Rostov oblastı) Rusiyada yerləşir (Kislitsın, 2019:138). Regionunun adı ərazidə tapılan kömür hövzəsindən formalaşıb. Donbass ərazisi geniş formada Rusiya tarixçiləri tərəfindən “Novorossiya” adlandırılır. “Novorossiya” termininin ilk dəfə nə vaxt və kim tərəfindən işlədildiyi dəqiq məlum deyil. Rəsmi qaynaqlarda ilk dəfə bu addan Rusiya imperatriçası II Yekaterinanın 1764-cü il tarixli hesabatında istifadə olunub (Petroçenko, 2015:484). Bu əraziləri Çar Rusiyası Kiçik Qaynarca və Yassı sülhünə əsasən ələ keçirib. İmperatorluq dövründə region torpaqlarının inzibati-ərazi bölgüsü Novorossiysk quberniyası adı altında birləşdirildi. Bir müddət sonra inzibati reformla yeni quberniyalar formalaşdırıldı. 1783-cü ildə Yekaterinoslav , 1784-cü ildə Tavrida, 1803-cü ildə isə Xerson quberniyasının yaradılması ilə regionda Çar administrasiyasının formalaşdırılması prosesi başa çatdı. 1887-ci ildə isə Rostov rayonu və Taqanroq şəhər administrasiyası Yekaterinoslav quberniyasından alınaraq Don kazak vilayətinin tərkibinə verildi (Kislitsın, 2019:138). Hazırda Novorossiya termini millətçi ruslar tərəfindən daha çox istifadə edilir. Onlar təkcə Donbass yox, eləcə də Krımın şimalında Xerson və Odessa şəhərlərini və bu zolaq boyunca Rusiya sərhəddinə qədər olan ərazilərə iddia edir və bu regionda yaşayanları öz himayədarları adlandırır. Bunun üçün isə regionda əhali tərəfindən aktiv formada istifadə edilən dil amili nəzərdə tutulur.
Ukrayna Xalq Respublikasının qurulması
1914-cü ildə Sarayevoda Avstriya-Macarıstanın vəliəhdi Frans Ferdinandın öldürülməsindən sonra bu ölkə Serbiyaya müharibə elan etdi. Lokal konfliktə Rusiya, Fransa, Almaniya və Osmanlının daxil olması müharibənin miqyası böyüdü və beləliklə 1-ci dünya müharibəsinin başlanmasına gətirib çıxardı. Müharibənin ilk günlərində Çar Rusiyası bir sıra hərbi uğurlar qazansa da 1915-ci ildəki məğlubiyyətlər ordunu və ölkəni sarsıtdı. 1917-ci il fevralın 23-də Petroqradda baş verən kütləvi etirazlar, müharibə əleyhinə mitinqlər və nümayişlər tədricən ümumi tətilə çevrildi. Martın 12-də Petroqradda silahlı üsyan başladı. Çar hökumətinin istefası ilə əlaqədar Dövlət Dumasının Müvəqqəti Komitəsi bütün səlahiyyətləri öz əlinə aldı. Bu zaman sosialistlər isə Petroqrad Fəhlə və Əsgər Deputatları Sovetinin yaradılmasına başladı. Martın 14-dən 15-nə keçən gecə Dövlət Dumasının Müvəqqəti Komitəsi və Petroqrad Soveti İcraiyyə Komitəsinin birgə iclasında Dövlət Dumasının Müvəqqəti Komitəsinin verilməsi haqqında razılıq əldə edildi. Beləliklə II Nikolay taxtdan endirildi və Çar Rusiyası rəsmi olaraq tarixdən silindi.
İnqilabın ilk günlərindən ikili hakimiyyətin (Müvəqqəti Hökumət və Petroqrad Soveti) formalaşdığı Petroqraddan fərqli olaraq Kiyevdə üçüncü siyasi qüvvə olan Mərkəzi Rada siyasi arenaya çıxdı. 1917-ci ilin martın 17-də formalaşdırılan Mərkəzi Radanın yaradılma təşəbbüskarları Yevgeni Çikalenkonun rəhbərliyi altında Ukrayna Tərəqqiçilər Assosiasiyasının liberalları idi (Roshwald,2002:97). Onlar Ukraynanı Rusiya tərkibində muxtar respublika kimi görürdülər. Aprelin 19-21-də Ümumukrayna Milli Konqresi keçirildi. Bu konqres Ukrayna dövlətçiliyinin yaradılması istiqamətində ilk real addım oldu. 11 iyulda Kerenski, Tsereteli, Tereşenkodan ibarət nümayəndə Rusiya nümayəndə heyəti Kiyevə gəldi. Danışıqlar zamanı Rusiya nümayəndə heyəti Ukraynanın muxtariyyətinə etiraz etməyəcəyini bildirdi, lakin bu prinsip birtərəfli qaydada bəyan edilməməli və yekun qərar Ümumrusiya Müəssislər Məclisinin ixtiyarına buraxılmalı idi. Danışıqlar qarşılıqlı güzəştlərə əsaslanan sazişin imzalanması ilə yekunlaşdı. İyulun 16-da Mərkəzi Rada Ukrayanın Rusiyadan ayrılmayacağı haqqında “İkinci Universal” aktını elan etdi (Hickey, 2011:164). 4 avqust 1917-ci ildə Müvəqqəti Hökumət Mərkəzi Radanın yurisdiksiyası olduğu ərazilərin qeyd edildiyi sirkulyar dərc etdi. Beləliklə, Mərkəzi Radanın əraziləri Kiyev, Volın, Podolsk, Poltava və Çerniqov quberniyaları olduğu təsdiqləndi (Qanus,2011:92).
Üçüncü Universal, 7 noyabr,1917-ci il
7 noyabr 1917-ci ildə Petroqradda bolşeviklərin inqilabı nəticəsində Müvəqqəti Hökumət devrildi. Moskva və Petroqradda iqtidarı ələ keçirən bolşeviklər bu prosesi Kiyevdə də həyata keçirmək istədi, lakin üsyan uğursuz alındı. Mərkəzi Rada bolşeviklərin hərbi çevrilişini qanunsuz olduğunu açıqladı və noyabrın 20-də Rusiya ilə federativ əlaqədə olan Ukrayna Xalq Respublikasının yaradıldığı elan edildi. Ukrayna Xalq Respublikası (UXR) açıqladığı aktda Kiyev, Volın, Podolsk, Xerson, Çerniqov, Poltava, Xarkov, Yekaterinoslav quberniyaları və Şimali Tavriya əyalətlərinə (Krım istisna olmaqla) iddia edirdi (Quban, 2014:75).
UXR-nin iddia etdiyi Xarkov və Yekaterinoslav quberniyaları Donbass regionuna daxil idi. Donbassda Fevral inqilabından sonra Petroqradda olduğu kimi ikili idarəetmə mövcud idi. Regionda 25 aprel 1917-ci ildə Yekaterinoslav və Xerson quberniyasının bir hissəsindən ibarət Donetsk-Krivoy Roq bölgəsi yaradıldı. Bu ərazi Kerenskinin Müvəqqəti Hökuməti tərəfindən yerli hökumət kimi tanındı (Qanus, 2011:95). Regionda digər idarəçilik isə Don atamanı Kaledinə məxsus idi. Ukraynanın Donbass ərazisinə iddiasına ilk reaksiya Donetsk-Krivoy Roq bölgəsi liderlərindən gəldi. Noyabrın 30-da Don-Krivoy Roq Sovetləri İcraiyyə Komitəsinin plenumu yekdilliklə Mərkəzi Radanın “III Universalı”nı pislədi və ərazinin RFSFR regionu olduğunu bildirdi (Skvortsova,2017:89). Don atamanı Kaledin isə nə Ukrayna Xalq Respublikasını, nə də hakimiyyəti ələ keçirən bolşevikləri tanımadığını elan etdi. Ancaq Ukrayna Xalq Respublikası və Kaledinin anti-bolşevik mövqeyi onları yaxınlaşdırdı. Aparılan danışıqlar zamanı iki tərəf arasında müttəfiqlik haqqında razılaşma imzalandı. Dondakı hərbi komandanlıq Xarkov və Yekaterinoslav quberniyalarının qərb hissəsinin Ukraynaya verilməsinə razı oldu, kazaklar isə bu quberniyaların şərq hissəsini idarə edirdilər (Çuqayev,1963:431).
UXR-ə qarşı müharibə və Ukrayna SR-in qurulması
UXR və Don kazaklarının iqtidarı bolşeviklərə verməsini rədd etməsindən sonra RSFSR əraziyə hərbi kampaniya təşkil etdi. 1917-ci ilin dekabrın 23-də Antonov-Ovseyenkonun rəhbərliyi altındakı bolşevik ordusu hücuma keçərək Xarkovu ələ keçirdi (Pilipenko,2015). Sovet qoşunlarının gəlişi ilə dekabrın 24 və 25-i Ümumukrayna Sovetlər Qurultayı keçirildi. Mərkəzi Radaya alternativ iqtidar formalaşdırmaq istəyən bolşeviklər Xarkovda Ukrayna Sovetlər Respublikasının (Ukrayna SR) qurulduğunu elan etdilər. Qəbul edilən aktda Ukrayna SR-in RSFSR ilə federativ əlaqədə respublika olduğu qeyd edildi (Babiy, 1976:754).
1918-ci il yanvarın 1-də Xalq Komissarları Soveti Ukrayna SR-in Xalq Katibliyini Ukraynanın yeganə qanuni hökuməti kimi tanıdı. Ukrayna SR-in hakimiyyətinin bütün Ukrayna ərazisinə yaymaq üçün UXR-ə rəsmi olaraq müraciət edildi və iqtidarın bolşeviklərə verilməsi tələbi qoyuldu. Lakin UXR bu təklifi rədd etdi və Don hərbi hökuməti ilə danışıqlara başladı. 1917-ci il noyabrın sonunda Mərkəzi Rada Rusiya imperiyasının Qafqaz, Sibir və Krımda yaradılmış muxtar respublikalarına müraciət edərək Rusiya Federativ Demokratik Respublikasının yaradılması barədə danışıqlara başlamağı təklif etdi. Bu addımı düşmənçilik kimi qələmə verən bolşeviklər Kiyevdə üsyan təşkil etdilər, lakin bu üsyan yatırıldı. Ukrayna SR RSFSR-in dəstəyinə arxalanaraq 1918-ci il yanvarın 17-də UXR-ə müharibə elan etdi. Yanvarın 18-də Antonov-Ovseyenko Sovet qoşunlarının Mərkəzi Radaya qarşı ümumi hücumu haqqında göstəriş verdi. Hücum əməliyyatına Cənub Qüvvələr Qrupunun qərargah rəisi Muravyov rəhbərlik edirdi. Bolşeviklərin üstün qüvvələri ilə müharibə edə bilməcəyini görən UXR hökuməti Almaniyaya müraciət etdi. Almaniya UXR ərazisinə yalnız bu dövlətin Rusiyadan ayrılacağı təqdirdə yardım edəcəyinə söz verdi. Beləliklə, yanvarın 22-də UXR öz müstəqilliyini elan etdi və Almaniya, Avstriya-Macarıstan imperiyası ilə danışıqlara başladı (Yekelchyk,2015:42). Lakin bu proses müharibənin nəticəsinə təsir etmədi. Fevralın 4-də Sovet bölmələri Kiyevə yaxınlaşdı və 5 günlük döyüşdən sonra paytaxt ələ keçirildi.
Donbassda Don atamanlığına qarşı mübarizə
Bolşeviklər 1917-ci ilin sonunda UXR ilə birlikdə Don atamanı Kaledinin idarəçiliyində olan regionlarda iqtidarı ələ keçirmək üçün hərbi əməliyyata başladılar. 1917-ci il dekabrın ortalarında Donbass Qırmızı Qvardiyasının sayı 25.000 nəfərə çatırdı. Donbassda iqtidarı tam olaraq ələ keçirmək üçün Luqanskda Aleksandr Parxomenkonun rəhbərlik etdiyi qərargah yaradıldı. Dekabrın 19-da RSFSR Xalq Komissarları Soveti əksinqilabla mübarizə aparmaq üçün Cənub İnqilab Cəbhəsini yaratdı. Bolşevik Antonov-Ovseyenko cəbhə qoşunlarının baş komandanı təyin edildi (Antonov-Ovseyenko,2013:323).
Don kazaklarının atamanı Kaledinin əsas qüvvələri Kamenskaya – Qlubokaya – Millerovo – Lixaya bölgəsində cəmləşmişdi. İlk hücumu gözlənilmədən Don kazakları həyata keçirdilər. Rostov istiqamətindən hücuma keçən kazaklar Qırmızı Qvardiya hissələrini geri çəkilməyə məcbur etdi, əməliyyatlar nəticəsində kazaklar Donbassın Qorlovo-Makeevski bölgəsini ələ keçirdilər. Lakin qısa müddətdə bolşeviklər təşəbbüsü ələ aldılar. 7 yanvar 1918-ci ildə Antonov-Ovseyenko ciddi müqavimətə rast gəlmədən Donbassın qərb hissəsini ələ keçirdi və buradakı Qırmızı Qvardiya hissələri ilə birləşdi. Bu vaxt Çernetsov, Lazarev, Semiletovun partizan dəstələri Şərqi Donbass ərazisinə hücumlarını davam etdirdilər. Dekabrın 29-da Kaledinin bölmələri Yasinovo və Debaltsevo ərazisini ələ keçirdi, Yuzovka (indiki Donetsk) və Makeyevka ərazisində şiddətli döyüşlərdən sonra bolşeviklər geri çəkilməyə məcbur oldu. Lakin cəbhənin digər istiqamətində döyüşlər uğurlu alındı. 1918-ci il yanvarın 8-də Yeqorovun komandanlığı altında bolşeviklər Yekaterinoslava (indiki Dneprə[1]) daxil oldu (Polonska-Vasilenko,1976:479). Yanvarın 8-9-da Antonov-Ovseyenkonun qoşunları Luqansk və Mariupolu ələ keçirdilər. Yanvarın 15-də bolşeviklərin Aleksandrovsku ələ keçirməsi Krımla əlaqə yaratmağa imkan verdi. Bu istiqamətdə bolşevik qüvvələri gələcək əməliyyatlar üçün Mariupol – Taqanroq – Rostov istiqamətində yerləşdilər.
Bolşeviklərin Donbass bölgəsində böyük nüfuzu var idi, buna səbəb ərazidə sənaye müəssisələrinin çoxluğu idi. Bu səbəbdən Don atamanı Kaledin bolşeviklərin sosial bazasını məhv etmək üçün regionda yaşayan işçi kommunalara qarşı repressiyaya başladı. (Çuqayev,1963:172). Bu ərəfədə hücuma keçən Rudolf Siversin rəhbərliyindəki bolşeviklər yanvarın 25-də Makeyevkanı ələ keçirdilər. İki istiqamətdən edilən hücumda Don ordusunun əsas qüvvələri məhv edildi. Bu ərəfədə Taqanroqda əhalinin üsyan etməsi bolşeviklərin işini daha da asanlaşdırdı. Fevralın əvvəlində başlanan hücumdan sonra ayın 10-da bolşeviklər Taqanroqu tutdular və Rostova doğru irələməyə başldadılar. Novoçerkassk və Rostov kənarında Don kazaklarına köməyə gələn ağqvardiyaçılar da bolşeviklərə ciddi müqavimət göstərə bilmədi və həmin qüvvələr ağır itkilər verdikdən sonra Kubana geri çəkildi. Ağqvardiyaçıların da köməyindən məhrum olan Kaledin 11 fevral tarixində istefa verdi və elə həmin gün intihar etdi. Beləliklə, 1918-ci ilin fevralında bütün Donbass ərazisi bolşeviklərin nəzarətinə keçdi (Soldatenko,1999:175).
DKSR-in qurulması və Donbassın Ukraynaya verilməsi
Donetsk hövzəsi ərazisində bolşeviklərin böyük nüfuza malik idilər. Bu, sənayeləşmiş bölgədə proletariatın yüksək təmərküzləşməsi ilə əlaqədar idi. Bölgə əhalisinin əksəriyyətinin bolşevikpərəst, anti-milli əhval-ruhiyyəni nəzərə alaraq burada Donbassın xüsusi iqtisadi zonaya ayrılması ilə bağlı fikir formalaşdı. 1918-ci il fevralın 12-də Xarkovda Don-Kriv hövzəsi Fəhlə və Kəndli Deputatları Sovetlərinin IV Qurultayında RSFSR tərkibində Donetsk-Krivoy Roq Sovet Respublikası (DKSR) qurulduğu elan edildi (Voronovici,2020).
Respublikanın qurulması haqqında məruzəni bolşevik Semyon Vasilçenko oxudu. Qurultay həmin gün 5-i bolşevik olan 11 nəfərdən ibarət Sovetlərin vilayət komitəsini seçdi. Fevralın 13-də respublika hökumətinin ilk iclası keçirildi. Fevralın 14-də Xalq Komissarları Soveti yaradıldı. Sədr Artyom (Fyodor Sergeyev) faktiki olaraq DKSR-yə rəhbərlik edirdi. Qısa müddətdə respublikada 1-ci Xarkov Proletar alayı, 1-ci inqilab alayı, digər hərbi birləşmələr yaradıldı. Anatoli Gekker ordunun komandiri təyin edildi. DKSR-nin elan edilməsindən 3 gün əvvəl UXR Dördlər İttifaqı ilə Brest-Litovsk müqaviləsi imzaladı. Bu müqaviləyə əsasən Almaniya və Avstriya-Macarıstan bölmələri Ukrayna ərazisinə daxil oldu. DKSR-nin elan edilməsindən bir həftə keçməmiş Alman-Avstriya qoşunları şərqə doğru genişmiqyaslı hərəkata başladılar. Artıq 1918-ci il martın 1-də müttəfiqlər Kiyevə daxil oldular (Novikov,2018:330-331). 2 gün sonra RSFSR Dördlər İttifaqı ilə Brest-Litovsk sülhünü imzalayaraq müharibədən çıxdı. Sülhün şərtlərinə əsasən RSFSR Ukrayna, Baltikyanı əraziləri Almaniyaya güzəştə gedirdi və UXR-nin müstəqilliyini tanıyırdı (Nahaylo,1999:9).
RSFSR UXR-in müstəqilliyini tanısa da bu respublikanın sərhədləri bəlli deyildi. Almaniya rəsmiləri UXR-in “Üçüncü Universal” aktındakı iddia etdiyi ərazilərə istinad edərək bütün Donbassı və Kuban regionunu özünə verilməsini tələb etdi. Bu istək bolşeviklərdə narazılıq yaratdı. Almanlar Donbassın qərb sərhədlərinə yaxınlaşanda DKSR-nin sədri Artyom Kayzer Vilhelmə ultimatum göndərdi. Ultimatumda Donbassın Ukrayna ilə heç bir əlaqəsi olmadığı , ona görə də onun sərhədləri pozulacağı təqdirdə respublikanın Almaniya ilə müharibə vəziyyətində olacağı bildirilirdi. Lakin almanların dayanmaq niyyəti yox idi. Qısa müddətdə DKSR rəhbərliyi fəhlələrdən və keçmiş hərbçilərdən, o cümlədən Brusilovun 8-ci ordusunun hissələrindən hərbi birləşmələr yaratmağa nail oldu. Lakin bu birləşmələr alman ordusunu dayandırmaq üçün kifayət etmədi. Bununla belə hücum səngidi, bu da Xarkov və Donbassdan ehtiyatların və sənaye müəssisələrinin təxliyəsini təşkil etməyə imkan verdi. İki həftə davam edən döyüşlərdən sonra almanlar Xarkova yaxınlaşdılar. Respublika hökumətinin son iclasında şəhərin təslim edilməsi haqqında qərar qəbul edildi. Donetsk-Krivoy Roq Sovet Respublikasının paytaxtı tələsik Luqanska köçürüldü (Novikov,2018:332).
Almaniyanın Donbass və Xarkova hücumu təkcə RSFSR və Ukrayna SR deyil, eləcə də DKSR və RSFSR arasında bəzi fikir ayrılıqlarına səbəb oldu. Ukrayna bolşeviklərinin lideri Mikola Skripnik Moskvaya yazdığı məktubda DKSR-nin Ukraynaya birləşəcəyi təqdirdə muxtariyyət veriləcəyi vədi vermişdi. 1918-ci il martın 7-də Skripnik Xarkova teleqram göndərdi və həmin teleqramın mətni elə həmin gün Ukrayna Sovetinin Mərkəzi İcraiyyə Komitəsi tərəfindən rəsmən təsdiqləndi. Bu teleqramda Skripnik Sovet Ukraynası adından DKSR-i bu respublikaya birləşməyə çağırdı (Skvortsova,2017:92).
Lenin Almaniyaya və UXR-ə qarşı mübarizə aparmaq üçün vahid Ukrayna cəbhəsi yaratmaq niyyəti var idi. Bunun üçün isə RSFSR tərkibində olan DKSR Ukrayna SR-ə birləşməli idi. Rusiya KP(b) MK-nın martın əvvəlində Leninin iştirakı ilə keçirilən iclasında Donetsk hövzəsinin Ukraynanın bir hissəsi hesab edildiyini təsdiq edən qərar qəbul edildi və partiya təşkilatlarını II Ümumukrayna seçkilərində bu birləşməyə səs verməyə çağırdı. Lenin martın 14-də Orconikidzeyə yazırdı: “Yoldaş Serqo, bütün bunları Donetskdəki yoldaşlarına izah et və vahid müdafiə cəbhəsinin yaradılmasına nail ol”. Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin sədri Yakov Sverdlov da Leninlə eyni fikirdə idi (Suprunenko,1966:29).
1918-ci il martın 19-da Yekaterinoslavda (indiki Dneprdə) II Ümumukrayna Sovetlər qurultayı keçirildi. Qurultay Almaniyanın irəliləməsinə qarşı vahid cəbhə yaratmaq üçün Ukrayna ərazisindəki bütün sovet birləşmələrini vahid Ukrayna Sovet Respublikasında birləşdirməyi qərara aldı. Donetsk-Krivoy Roq Respublikasının nümayəndələrindən Vasilçenko, Jakov və Filov bu qərara qarşı çıxdılar və DKSR-nin saxlanmasında israr etdilər (Kuçer,2018:57). Lakin etirazlara baxmayaraq qərar qəbul edildi. 1918-ci il aprelin 3-də RSFSR-in rəhbərliyi Federativ Sovet Ukraynasının yaradılmasını rəsmən alqışladı. DKSR-nin Ukrayna SR-yə daxil olması haqqında sənədi Ukrayna Federativ Sosialist Respublikasının Ali Baş Komandanı Antonov-Ovseyenko imzaladı (Skvortsova,2017:92).
1918-1920-ci illərdə Donbass
Federativ Ukrayna bölmələri Almaniya və Avstriya-Macarıstan qoşunlarının qarşısını ala bilmədi. Qısa müddətdə Ukraynanı ələ keçirən müttəfiqlər Donbassa daxil oldu, bolşeviklər Tsarıtsinə doğru geri çəkilməyə məcbur oldular. Martın 3-də UXR rəhbərliyi Kiyevə gəldi. Mərkəzi Radanın bəzi qərarları regionu işğal edən Almaniyanın ürəyincə deyildi. Bu səbəbdən 1918-ci ilin aprelində təşkil edilmiş hərbi çevriliş nəticəsində UXR ləğv edildi, iqtidar isə faktiki diktator olan getman Skoropadskiyə verildi (Yekelchyk,2015:42-43). Skoropadskinin idarəçiliyi altında Ukraynada əhalinin sosial durumu daha da ağırlaşdı və bu noyabr ayında böyük üsyana səbəb oldu. Bu dövrdə Ukraynanı işğal edən Almaniyada da inqilab başlandı. I Dünya müharibəsində məğlub olan Almaniya Ukraynadan ordusunu çıxarmağa başladı (Kuçer, 2018:57). Almaniyanın müharibədə məğlubiyyətindən sonra RSFSR Brest-Litovsk müqaviləsinin ləğv edildiyini elan etdi. Bununla da UXR-in tanınması ilə bağlı iddiadan imtina olundu (Suprunenko,1966:77).
Üsyançılarla mübarizə aparmaq üçün getman Skoropadski Böyük Don Ordusunun atamanı Pyotr Krasnov ilə müttəfiqlik haqqında müqavilə imzaladı. Krasnovun bölmələri noyabrın ortalarında Donbasın şərq və cənub hissələrinə daxil oldular. 1919-cu il yanvarın 1-nə keçən gecə Xarkovda bolşevik üsyanı başladı və yanvarın 3-də sovet birləşmələri şəhərə daxil oldu. 1 ay davam edən döyüşlərdən sonra bolşeviklər Kiyevi ələ keçirdilər. Kiyev ələ keçirildikdən sonra RSFSR rəhbərliyi Donbass kommunistlərinin fikirlərini nəzərə almadan 1919-cu il fevralın 17-də Donetsk-Krivoy Roq Sovet Respublikasının ləğvi haqqında qərar qəbul etdi (Petroçenko, 2015:486). Bu qərar DKSR liderləri tərəfindən narazılıqla qarşılandı. İnnokenti Kojevnikov, Valeri Mejlauk və Kliment Voroşilov bununla bağlı Leninə etiraz etdilər. 1919-cu il iyunun 1-də Leninin Mejlauk və Voroşilova ünvanladığı teleqramdan sonra DKSR ilə bağlı məsələ tamamilə gündəlikdən çıxarıldı (Suprunenko,1966:170-171). 1919-cu il martın 8-10-da Xarkovda III Ümumukrayna Sovetlər qurultayı keçirildi və burada müstəqil Ukrayna Sovet Sosialist Respublikasının (Ukrayna SSR) yaradılması elan edildi. Qriqori Petrovski Ukrayna SSR Mərkəzi İcraiyyə Komitəsinin sədri, Kristian Rakovski Ukrayna SSR Xalq Komissarları Sovetinin sədri seçildi. Martın 10-da keçirilən qurultayda Ukraynanın sərhədləri ilə bağlı yekun qərar verildi. Donbass ərazisinin daxil olduğu keçmiş Yekaterinoslav və Xarkov quberniyası torpaqlarının Ukrayna SSR yurisdiksiyasında olduğu elan edildi (Skvortsova, 2017:93).
1919-cu ilin mayına qədər Ukraynanın keçmiş Rusiya imperiyasının sərhədləri daxilində demək olar ki, bütün ərazisi Qırmızı Ordunun nəzarətində idi. Lakin yay hücumları zaman Denikinin rəhbərlik etdiyi ordular qrupu bolşeviklərə Qafqazın şimalında ağır zərbələr endirərək Ukraynanı ələ keçirə bildilər. Ancaq təşəbbüsü əldən verən ağqvardiyaçıların ləngiməsindən istifadə edən bolşeviklər 1919-cu ilin oktyabr-noyabr aylarında bütün cəbhə boyu yenidən hücuma keçdi. 1919-cu il noyabrın sonu-dekabrın əvvəllərində Denikin qoşunlarının geri çəkilən hissələrini təqib edən Qırmızı Ordunun qoşunları şimaldan Ukrayna ərazisinə daxil oldular. 1919-cu il dekabrın 12-də Qırmızı Ordunun qoşunları Xarkova daxil oldu, dekabrın 14-də isə Kiyevi alındı. Donbass ərazisi 1919-cu ilin dekabr ayının sonunda demək olar ki, tamamilə bolşeviklərin nəzarətinə keçdi, 1920-ci ilin əvvəllərində mərkəzi və sağ sahil Ukraynası tamamilə ələ keçirildi. Beləliklə, Ukrayna vətəndaş müharibəsi bolşeviklərin qələbəsi ilə nəticələndi.
Ukrayna SSR və RSFSR arasında Donbass uğrunda ərazi mübahisələri
Vətəndaş müharibəsi başa çatdıqdan sonra Sovet dövlətinin mühüm vəzifəsi müstəqil dövlətlərə bölünmüş ərazilərdə inzibati islahatı həyata keçirməkdən ibarət idi. Bu dövrdə respublikalar arasında sərhədlərin müəyyənləşdirilməsində yerli əhalinin fikrindən daha ziyadə siyasi konyuktura nəzərə alınırdı. Bu məsələdə Donbass xüsusi yer tutdu. Lenin Ukraynada işçi hərəkatının Donbass proletarları olmadan uğursuz olacağına inanırdı. Ukraynanın digər regionları ilə müqayisədə Donbassda kapitalist iqtisadi münasibətlərin daha yüksək inkişafı buradakı işçi hərəkatını ölkənin siyasi avanqardı etmişdi. Bu məsələdə Stalin də Leninlə həmrəy idi.
Donbass – Rusiyanın ürəyidir. Sovet plakatı,1921-ci il.
Donetsk quberniyasının yaradılması haqqında qərar 1920-ci il martın 23-də Moskvada keçirilən Xalq Komissarları Sovetinin iclasında qəbul edildi, bu qərar Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsi tərəfindən aprelin 2-də təsdiqləndi. Üç gün sonra RKP (b) MK Siyasi Bürosunun iclasında Stalin Ukrayna Fəhlə Ordusu Şurasının sədri təyin edildi və 1920-ci il martın 15-də Ukrtrudarm Şurasının dekretini imzaladı. Bununla Don Ordu Bölgəsinin ərazilərinin bir hissəsini əhatə edən Donetsk quberniyasının yaradılması prosesi başa çatdı (Bodruxin və Manjula, 2018:18). Bununla belə, yerli əhali Ukrayna SSR tərkibində olmaq istəmirdi. Bu amildən istifadə edən bir sıra yerli hakimiyyət orqanları bölgənin RSFSR-in bir hissəsi olmasını müdafiə etməyə başladılar. 1920-ci ilin yazında Şərqi Donbassda ikili hakimiyyət mövcud idi. Ukrayna SSR rəsmiləri bölgəyə nəzarəti ələ keçirməyə çalışdılar, buna cavab olaraq Rostov rəhbərliyi rayon hakimiyyətindən o vaxt Donetsk vilayətinin mərkəzi olan Baxmuta tabe olmamağı tələb etdi. Ukrayna SSR və RSFSR-in yerli orqanları arasında münasibət düşmənçilik həddinə çatdı. Əhalinin və partiya orqanlarının fikri fərqli olan regionlar mövcud idi. Şaxtı şəhərində əhali RSFSR-ə qayıtmağın tərəfdarı, partiya təşkilatları isə qəti şəkildə bunun əleyhinə idi. Taqanroq şəhərində də sakinlərin əhval-ruhiyyəsi eyni idi. Regionu bu qədər mübahisəli edən əsas insanların etnik mənsubiyyəti ilə danışdığı dil arasındakı fərqlilik idi. 1923-cü ildə Donetsk quberniyasının ümumi siyahıyaalması keçirildi. Siyahıyaalmada regionda yaşayan əhalinin 72,3%-nin ukraynalı olduğu qeyd edilirdi, lakin onların təxminən 60 faizi rus dilində danışırdı və özünü rus kimi görürdü (Peretyayko,2015:258).
1920-ci ilin aprelində vəziyyət daha da pisləşdi. NKVD 29 və 30 aprel 1920-ci il tarixində Rostov, Luqansk və Taqanroq rayon rəhbərliklərinə Ümumrusiya Mərkəzi İcraiyyə Komitəsinin qərarlarına dərhal tabe olmaq haqqında teleqram göndərdi. 1920-ci ilin dekabrında regionda üsyan başlandı. 1922-ci ilə qədər ərazidə baş verən üsyanlar nəticəsində RSFSR rəhbərliyi geri addım atmağa məcbur oldu. 1924-cü il iyulun 11-də RKP (b) MK Siyasi Bürosunun iclasında mübahisəli ərazilərin bir hissəsinin RSFSR-ə qaytarılması qərara alındı. Nəticədə, uzun mübahisələrdən sonra Şaxtinski və Taqanroq rayonları Rusiyaya verildi, Donbassın qalan hissəsi isə Ukraynanın tərkibində qaldı (Medvedev, 2020:108).
Həmin ilin sentyabrında uzun müddət davam edən münaqişənin yekun həlli istiqamətində işlərə başlanıldı. Donetsk vilayətinin inzibati-ərazi bölgüsündə edilən dəyişikliklər 29 sentyabr 1924-cü ildə Ukrayna SSR-dən Donetsk quberniyasının icraiyyə komitəsinin və RSFSR Cənub-Şərqi Regional İcraiyyə Komitəsinin fərmanı ilə sənədləşdirildi. Donbassın Ukrayna SSR-in Donetsk quberniyasında qalan torpaqları Luqansk və Stalino rayonları arasında bölüşdürüldü. Həmin vaxtdan etibarən RSFSR və Ukrayna SSR arasında sərhədlər dəyişməz qaldı (Qurji, 2017:34).
1991-2014-cü illərdə Donbass
Stalinin zamanında Ukraynada başladılan “ukrainizasiya” siyasəti Donbassdakı Rusiya meylli hərəkatı məhv edə bilmədi. 1980-ci illərin əvvəllərində Donbassda yenidən DKSR-nin formalaşdırılması ilə bağlı tələblər güclənməyə başlandı (Yekelchyk, 2015:137). Sovet dövründə regionda yaşayan əhalinin nisbətində ciddi bir dəyişiklik baş vermədi. 1989-cu il əhalinin siyahıyaalınmasına görə, Donetsk vilayətində əhalinin 50,7 faizini ukraynalılar, 43,6 faizini ruslar təşkil edirdi. Luqansk vilayətində isə əhalinin 58 faizi ukraynalılar, 40 faizi isə ruslardan ibarət idi. Qarışıq etnik xüsusiyyətə baxmayaraq hər iki vilayətdə rus dili əsas dil kimi istifadə olunurdu. 2001-ci il statistikasına əsasən Donetsk əhalisinin 74,9%-i, Luqanskın isə 68,8%-i öz ana dili kimi rus dilini göstərmişdi (Poyta,2021:120). Təxminən eyni vəziyyət Krımda da müşahidə olunurdu. Krımda ruslar əhalinin 65, ukraynalılar isə 15 faizini təşkil etsə də respublikada yaşayan ümumi əhalinin 84%-i ana dili kimi rus dilini qeyd etmişdi. Bu da regionun dominant rus mədəniyyəti çərçivəsində qaldığını göstərirdi (Kislitsın, 2019:140).
Bu proses 2014-cü ilə qədər bir neçə dəfə özünü göstərmişdi. Donbass əhalisi 1991-ci ildə Ukraynanın müstəqilliyi haqqında referenduma dəstək versə də oktyabr ayında Donetskdə keçirilən Cənub-Şərq deputatlarının birinci qurultayında federallaşma tələb etmişdi. 1994-cü ildə Ukraynada parlament seçkiləri ilə eyni vaxtda Donetsk və Luqansk vilayətlərində müxtəlif konstitusiya məsələləri üzrə məşvərətçi referendum keçirildi. Bu referendumda əhalinin 90%-i Ukraynanın federal dövlət olmasına və rus dilinin isə regionda idarəetmə dili kimi qəbul edilməsinə səs verdi (Kravchuk və Chudowsky, 2005:147). Referendumdan əvvəl əhali arasında keçirilən sorğuda isə respondentlərin 62%-in Rusiya ilə birləşmək istədiyini göstərirdi (Pope, 1994:20).
Donetskdə etiraz mitinqi, 2014-cü il, may.
Donbassda bu formada federalist və separatçı hərəkat 2004-cü ilin dekabrında Ukraynada Viktor Yuşşenkonun prezident seçilməsindən sonra yenidən canlandı. 2004-cü ilin dekabrında Donetskdə “İnqilabdan Doğulan İttifaq” təşkilatı yaradıldı. Bu təşkilat Donetskdə hakimiyyəti devirməyə çağıran mitinqlər təşkil etdi. Donetsk vilayətində 1 ay davam edən etirazlardan sonra regionun qubernatoru Anatoli Bliznyuk separatizm ittihamı ilə vəzifəsindən azad edildi, onun yerinə isə Yuşşenkonun elitasına yaxın olan Vadim Çuprun təyin olundu (Plexanov, 2013:291). Lakin qubernatorun vəzifədən çıxarılması Donbassdakı vəziyyəti daha da pisləşdirdi. Bu dövrdə Aleksandr Tsurkan, Andrey Purgin və Gennadi Prıtkov tərəfindən təsis edilən “Donetsk Respublikası” regional təşkilatı, 2006-cı ilin sentyabrında Donbass vilayətlərini və Ukraynanın şərqindəki rusdilli vilayətlərini təmsil edən regional təşkilatların daxil olduğu “Donetsk Federativ Respublikası” federasiyası yaradıldı. Bu federasiya özünü Donetsk-Krivoy Roq Sovet Respublikasının (DKSR) hüquqi varisi adlandırmışdı. Yuşşenkonun Qərb meylli siyasətindən narazı qalan “Donetsk Federativ Respublikası” təşkilatı 2006-cı ildə Donbassda referendum keçirməyə cəhd etdi. Lakin hökumətin müdaxiləsi ilə bu cəhd yarımçıq qaldı. Donbassdakı etirazların növbəti hissəsi 2014-cü ildə əslən Donetskdən olan prezident Viktor Yanukoviçin devrilməsi ilə başlandı. Hakimiyyətə gələn Qərb meylli hökumətin ilk atdığı addım rus dilini Ukraynanın rəsmi dili kimi tanıyan ikidillilik qanununun ləğv edilməsi təklifi oldu (Pigliucci, 2017:85). Bu addım Donbassda yaşayan əhali narazılıqla qarşılandı və kütləvi etirazlara səbəb oldu. Bununla da qarşıdurmalar müharibə fazasına keçdi.
İstifadə edilən ədəbiyyat
İngilis dilində
Hickey, M. C. (Ed.). (2011). Competing voices from the Russian revolution. ABC-CLIO.
Kravchuk, R. S., & Chudowsky, V. (2005). Ukraine’s 1994 elections as an economic event. Communist and Post-Communist Studies, 38(2), 131-165.
Peretyatko, A. Y. (2015). Russians and Ukrainians in the Don Host Oblast: the background of division of the Donetsk and Taganrog Districts between the RSFSR and the UkSSR. Russkaya starina, 16(4), 258.
Pigliucci, M. (2017). Russia and Its Neighbors: A Geopolitical Analysis of the Ukrainian Conflict.
Pope, V. (1994). A struggle to remain independent. US News and World Report, 28, 20.
Roshwald, A. (2002). Ethnic nationalism and the fall of empires: Central Europe, the Middle East and Russia, 1914-23. Routledge.
Solchanyk, R. (2000). The Ukrainian Resurgence. By Bohdan Nahaylo. Toronto: University of Toronto Press, 1999. xix, 608 pp. Notes. Bibliography. Index. Photographs. Maps. 24.95, paper. Slavic Review, 59(2), 451-452.
Voronovici, A. (2020). Internationalist separatism and the political use of “historical statehood” in the unrecognized republics of Transnistria and Donbass. Problems of Post-Communism, 67(3), 288-302.
Yekelchyk, S. (2015). The Conflict in Ukraine: What Everyone Needs to Know®. Oxford University Press.
Ukrayna dilində
Губань, Р. В. (2014). Встановлення територіальних меж Української Народної Республіки у 1917 р (Doctoral dissertation, НПУ імені МП Драгоманова).
Мєдвєдєв, А. В. (2020). Донбаська революція.«Білі плями» в історії України. Форум краєзнавців Донеччини, 104-110.
Полонська-Василенко, Н. (1976). Історія України (Vol. 2). Українське вид-во.
Солдатенко, В. Ф. (1999). Українська революція: концепція та історіографія (1918–1920 рр.). К.: Просвіта.
Rus dilində
Антонов-Овсеенко, В. А. (2013). Записки о гражданской войне. Рипол Классик.
Бодрухин, В. Н., & Манжула, Е. В. (2018). РОЛЬ ДОНЕЦКО-КРИВОРОЖСКОЙ РЕСПУБЛИКИ В АДМИНИСТРАТИВНО-ТЕРРИТОРИАЛЬНОЙ ОРГАНИЗАЦИИ СОВЕТСКОГО ДОНБАССА В 1919–1920 гг. ББК 63.3 (4Укр55) 6я43 Д 67, 15.
Ганус, С. А. (2011). Вопрос северо-восточных границ украинского государства во внешней политике Украинской народной республики, Украинской державы гетмана ПП Скоропадского и властей советской Украины в 1917-1919 гг. In Studia internationalia (pp. 89-99).
Гуржи, В. А. (2017). ТЕРРИТОРИАЛЬНЫЙ СПОР ВОКРУГ ДОНБАССА МЕЖДУ УССР И РСФСР в 20-е годы ХХ СТОЛЕТИЯ. ББК Ч25+ Т3+ Д891 Р32, 32.
Кислицын, С. А. (2019). Предпосылки интеграции де-факто суверенных народных республик Донбасса в постсоветские объединения с участием Российской Федерации. Власть, (4), 138-141.
Курицын, В. М., Лазарев, Б. М., & Шебанов, А. Ф. (1977). История государства и права Украинской ССР/Отв. ред. БМ Бабий.-Киев: Наук. думка, 1976.-759 с. Советское государство и право, (3), 143-145.
Кучер, К. В. (2018). ОТНОШЕНИЕ РУКОВОДСТВА РСДРП (б) К СОЗДАНИЮ ДОНЕЦКО-КРИВОРОЖСКОЙ РЕСПУБЛИКИ. ББК 63.3 (4Укр55) 6я43 Д 67, 51.
Новиков, А. С. (2018). К ВОПРОСУ О ВОИНСКИХ ФОРМИРОВАНИЯХ ДКСР В ГОДЫ ГРАЖДАНСКОЙ ВОЙНЫ. Вестник студенческого научного общества ГОУ ВПО «Донецкий национальный, 329.
Петроченко, О. О. ПРАВОВОЙ СТАТУС НОВОРОССИИ В XVIII-XX ВЕКАХ. In Сборник материалов Международной конференции студентов, аспирантов и молодых ученых «Проспект Свободный-2015», посвященной 70-летию Великой Победы (p. 484).
Пилипенко, С. А. (2015). Особенности ведения Гражданской войны на Украине (1917-1919 гг.). In Проблемы изучения военной истории (pp. 113-119).
Плеханов, А. (2013). ОСОБЕННОСТИ ЭТНИЧЕСКОГО СЕПАРАТИЗМА В ДОНБАССКОМ РЕГИОНЕ УКРАИНЫ (НА ПРИМЕРЕ СЕПАРАТИСТСКОЙ ОРГАНИЗАЦИИ «ДОНЕЦКАЯ РЕСПУБЛИКА»). In Общество и этнополитика (pp. 290-299).
Пойта, Ю. В. (2021). НАЦИОНАЛЬНАЯ ИДЕНТИЧНОСТЬ УКРАИНЦЕВ В КОНТЕКСТЕ НАЦИОНАЛЬНОЙ БЕЗОПАСНОСТИ. Аль-Фараби, 75(3).
Скворцова, Л. А. (2017). Донбасс-” разменная монета” в политической борьбе 1917-1919 гг. Культура и цивилизация (Донецк), (1 (5)), 87-94.
Супруненко, М. И. (1966). Очерки истории гражданской войны и иностранной военной интервенции на Украине: 1918-1920 (p. 445). Наука.
Чугаев, Д. А. (1963) Триумфальное шествие Советской власти. Установление Советской власти на местах, (1917-1918).
[1] 1926-2016-cı illərdə Dnepropetrovsk adlanırdı.