Azərbaycan dilinin Dağıstan ictimai-siyasi həyatına təsiri (19-cu əsrdən bugünə kimi)
50 min kvadrat kilometr sahəsi olan Dağıstan 40-a yaxın fərqli dillərin danışıldığı bir ərazidir. Dünyanın heç bir yerində bu qədər kiçik sahəyə malik olan ərazidə bu qədər çox dil danışılmır. Hazırda bu dillərdən 14-ü Dağıstan konstitusiyası ilə rəsmi dövlət dili kimi qəbul edilir. Yazıda Azərbaycan dilinin 18-ci əsrin sonu 19-cu əsrin əvvəllərindən bu dillərə təsirindən bəhs etməyə çalışacam.
Dağıstanın etnik rəngarəngliyini nəzərə alaraq bu ərazinin xalqları üçün bir neçə dilin olması həyati zərurət idi və əsasən iqtisadi xarakter daşıyan bir sıra səbəblərdən qaynaqlanırdı. Şimali Qafqazın əsas ticarət mərkəzləri və otlaqları onun şərqində yerləşir. Bu ərazilərdə yaşayan xalqların ən az 2 dil bilməsində əsas rolu geniş ticarət və iqtisadi əlaqələr oynayırdı. Dağıstanda dağlıq ərazilərin sakinləri düzən bölgələrdəki xalqların dillərini bildikləri üçün 2 və daha çox dildə ünsiyyət qurmağı bacarırdı. Buna misal olaraq Samur hövzəsinin göstərmək olar. Burada yaşayan xalqların tarixi inkişafı prosesində Azərbaycan dili ikinci bir dil olaraq ən çox istifadə olunurdu: Məsələn, Samurun yuxarı hissəsində yaşayan saxurlar, öz dillərindən başqa rutul, ləzgi və Azərbaycan dillərində danışa bilir. Çayın orta və aşağı axınlarında məskunlaşmış ləzgilər isə sadəcə Azərbaycan dilində danışa bilirdi. Düzən ərazidə yaşayan azərbaycanlılar öz dilindən başqa heç bir dildə danışa bilmirdi. Azərbaycan dili təkcə azərbaycanlılar arasında yox, həm də digər xalqların öz aralarında ünsiyəti zamanı istifadə olunurdu. İnqilabdan əvvəl lak və arçin kişilərinin əksəriyyəti ticarət üçün düzən sahələrə endikləri üçün Azərbaycan dilini yaxşı bilirdi.
Dərbəndin 18-ci əsrin sonunda iqtisadi cəhətdən inkişaf etməsi qonşu xalqların bura axınına səbəb oldu. Cənubi Dağıstan xalqları olan ləzgilər, rutullar, saxurlar, aqullar əsasən Şimali Azərbaycanda və Dərbənddə sənətkarlıqla məşğul olurdular. 19-cu əsrin əvvəllərində Dağıstanın dağlıq hissəsindən təxminən min nəfər hər yay Dərbəndə işləməyə gəlirdi. Onlar burada azərbaycanlılarla ünsiyyət quraraq bu dili öyrənirdi. Azərbaycan dilinin güclənməsi regionda yaşayan xalqların dilinə də güclü təsir etdi. Məsələn, artıq 18-ci əsrin sonu – 19-cu əsrin əvvəllərində Azərbaycan dilinə ikinci dil kimi sahib olan tabasaranlıların bir hissəsi güclü assimilyasiya nəticəsində dillərini itirərək Azərbaycan dilində danışmağa başlayır. Bu prosesə ən çox Cənubi Dağıstanda yaşayan tabasaran əhali məruz qalsa da, Azərbaycan dilində tabasaran kişilərin danışdığı ucqar dağlarda bu təsir assimilyasiya ilə nəticələnmədi. 19-cu əsrin əvvəllərində Tabasaran xanlığını idarə edən xanlar da Azərbaycan dilində danışmağa üstünlük verirdi. Halbuki bu dövrdə Tabasaran xanlığının idarə etdiyi yalnız 4 kənddə (Marağa, Muğami, Zil, Dərvaq) azərbaycanlılar yaşayırdı. (Xaşayev, 2017:68).
Sovet ittifaqı qurulana qədər Dağıstanda qurulan feodal xanlıqlar yazışmalarda ərəb dilindən istifadə etsə də bu dil ticarət dili kimi aktual deyildi. Bu səbəbdən Dağıstanda yaşayan 30-dan çox xalqı birləşdirəcək vahid bir dilə ehtiyac vardı. On doqquzuncu əsrin əvvəllərində kimi bir qrup cədid ziyalısı Dağıstanın ortaq dili kimi Azərbaycan dilinə keçidi müdafiə etdi. Bolşevik inqilabı ərəfəsində avarlar, darginlər, laklar, kumıklar və aqullar arasında Azərbaycan dili geniş yayılmışdı. Rus şairi Lermontov, Azərbaycan dilinin Qafqazda “linqva franka” olması barədə öz məktublarında məlumat verir. Lermontov Azərbaycan dilini bu baxımdan Avropada istifadə edilən fransız dili ilə müqayisə edirdi. (Popov, 1954:12)
Dağıstanda Azərbaycan dilinin geniş yayılmasının nəticələrindən biri kimi bölgədə Pantürk kimliyinin güclənməsi ilə nəticələndi. Bu səbəbdən Dağıstanda hakimiyyətə gələn bolşeviklər Pantürk kimliyini aradan qaldırmaq və dini həssasiyyəti güclü olan Dağıstanda üsyanlara səbəb yaratmamaq üçün ərəb dilini vahid birləşdirici dil kimi qəbul etdi. Ancaq bolşeviklər Dağıstanda nəzarəti tam bərpa etdikdən sonra 1923-cü ildə ərəb dilinin rəsmi dil statusu ləğv edildi. Bu dövrdən etibarən Dağıstanda yaşayan xalqların hər birinə yeni ədəbi dilin yaradılmasına cəhd edildi. 1922-ci ilin aprelində qəbul edilmiş dekretlə bölgənin regional dili kimi Azərbaycan, avar, dargin və lak dili göstərildi. 1 il sonra regional dil statusuna kumık və ləzgi dili də əlavə edildi. 1923-cü ildə Dağıstanda Moskvanın tövsiyəsi ilə güclü bir din əleyhinə hərəkat başladı. Bu hərəkatın ən vacib hissəsi ərəb dilinə qarşı kampaniya idi. Beləcə, 1923-cü ildə Dağıstanın yeganə rəsmi dili Azərbaycan dili elan edildi. Bu status 1928-ci ilə qədər dəyişməz qaldı. (Orazayev, 2003:231). Azərbaycan dilinin rəsmi dil elan edilməsində Dağıstan MSSR Ali Rəyasət Heyəti sədri olan Nəcmudin Samurskinin böyük əməyi olmuşdu. Samurski avar, dargin, kumık, lak və ləzgi kimi dillərin yalnız əyalətlərdə işləməsi üçün faydalı olduğuna inanırdı. Partiyanın siyasi xəttini kütlələrə çatdırmaq üçün vətəndaşlar “əsl mədəniyyətin dili” bilməli idilər. Əslən ləzgi olan Samurski bu dil kimi Azərbaycan dilini görürdü. (Grenoble, 2003:130).
1923-cü ildə on iki Dağıstan qəzetinin yalnız ikisi Qafqaz dillərində (dargin və ləzgi), doqquzu isə türk dilində (Azərbaycan dili, kumık və nogay) yayımlanırdı. Dağıstanda Azərbaycan dilinin rəsmi statusu 1928-ci ildə ləğv edilsə də 1952-ci ilə qədər rutul və saxurlar yaşayan ərazilərdə tədris Azərbaycan dilində aparıldı. Məktəbə gedən uşaqlar bu dillə bağlı minimum söz ehtiyata sahib olduğu üçün tədris prosesi onlarda çətinlik yaratmırdı. 1938-ci ilə qədər rutullar Azərbaycan dilinin inkişaf etmiş dil olması səbəbi ilə rutul dilində dərslik çap olunmasına müsbət yanaşmırdılar. Saxurlar arasında da Azərbaycan dili rutullar kimi məişətdə geniş istifadə olunurdu. Saxurlar Azərbaycan dili ilə Çar Rusiyası ilə olan müharibələr dövründən tanış idi. İlisu sultanı Daniyal sultan məktublarını adətən ərəb dilində yazsa da general Loris-Melikova belə bir formada məktub yazmışdı: “Fars dilini bilən bir nəfər tapıb bizə göndərməyinizi xahiş edirik. Əgər bizə bir məktub yazmaq istəyirsinizsə tatar dilində (Azərbaycan dili –red.) yazın, çünki bu dildəki yazıları biz çətinlik çəkmədən oxuya bilirik.” (Kraçkovski və Genko, 1945: 56-57). Çar Rusiyası zamanı 1952-ci ildə Dağıstan saxurları arasında aparılan sorğuda iştirak edən əhalinin 88% -i, 1982-ci ildə aparılan sorğuda iştirak edən əhalinin isə 87.9% -i Azərbaycan dilini bildiyini qeyd edirdi. 1960-cı illərdə arçinlər arasında aparılan anket sorğusu onların 6%-nin Azərbaycan dilini bildiyini göstərmişdi. Cənubi Dağıstanın ləzgiləri Azərbaycan dilini bilsə də rutullar və saxurlardan fərqli olaraq bunu məişətdə istifadə etmirdi. Demək olar ki, hamısı ləzgilərdən ibarət olan Axtı rayonunun əhalisi Azərbaycan dilindən rayonun yeganə rutul kəndi olan Xnov kəndi əhalisiylə görüşərkən istifadə edirdi.
Yuxarıda göstərildiyi kimi tabasaran dili hələ Çar Rusiyası zamanı Azərbaycan dilindən güclü təsirlənmişdi. Bu proses Sovet dövründə də davam etdi. Tabasaran dili Ginnesin Rekordlar Kitabına dünyanın ən mürəkkəb dillərindən biri kimi daxil edilib. İsmin 48 halı olan bu dildə istifadə edilən sözlərin demək olar ki, yarısını Azərbaycan dilindən keçən sözlər formalaşdırır. (Cole, 2011:362). Mücərrəd xarakterli bir çox mürəkkəb fellər də Azərbaycan dilindən götürülmüşdür. Bu səbəbdən dünyanın ən çətin dillərindən hesab edilən bu dili ən asan azərbaycanlılar öyrənə bilər.
Azərbaycan dilinin Dağıstan ərazisində güclü təsir etdiyi digər bir dil isə tat dilidir. Hələ Çar Rusiyası zamanında tatların yaşadığı ərazilər Dərbəndə yaxın olduğu üçün Azərbaycan dili geniş istifadə olunurdu. Assimilyasiya prosesi intensiv olaraq Dərbənd yaxınlığında yeddi kənddə yaşayan (Bilgədi, Ximeydi, Yuxarı Calğan, Zidyan, Kemax, Mitəhi, Rukel) tatlar arasında baş verdi. 20-ci əsrin əvvəllərində tat dilinin Azərbaycan dili tərəfindən sıxışdırılması prosesi sürətləndi. Sadəcə Calğan kəndində tat dili indiki dövrümüzə qədər gəlib çıxır. 1926-cı il siyahıyaalınmasına görə bu yeddi kəndin sakinləri özlərini azərbaycanlı adlandırmışdı. Yalnız Ximeydidə tatlar kəndin ümumi əhalisinin 18,2%-ni təşkil edirdi. Müasir dövrdə tat dili Dağıstanda məhv olmaq üzrədir. Azərbaycanlılarla qonşu olan ləzgilərdə isə tabasaran və tatlarla müqayisədə assimilyasiya prosesi getmədi. Bu ləzgilərin həddindən artıq yüksək ərazilərdə yaşaması, Dərbənddə yaşayan əhali ilə ticarətin sadəcə kişilər tərəfindən aparılması ilə izah edilir. Bütün buna baxmayaraq Sovet dövründə aparılan sorğuda ləzgilərin 38 faizinin Azərbaycan dilini bildiyini qeyd edilirdi. (Volkova, 1967:37).
Dağıstanda azərbaycanlılar yaşayan kəndlərdən ən çox diqqəti cəlb edən Rutul rayonunda yerləşən Aşağı Katrux kəndidir. Bu kənddə təxminən 400 nəfər azərbaycanlı yaşayır. Qəribəsi odur ki, bu kəndin 150 km radiusunda azərbaycanlılar olan heç bir yaşayış məntəqəsi yoxdur. Kənddə danışılan Azərbaycan dili güclü şəkildə lak dilindən təsirlənib. Əhalinin danışdığı dilin təxminən 10-15% -ni lak sözləri təşkil edir. Bu həmin kəndin lak dilində danışan Arakul və Yuxarı Katrux kəndlərinə bitişik olması ilə izah edilir. Kəndin cənubunda rutullar, qərbində saxurlar, şimal-şərqində isə laklar məskunlaşıb. 2035 metr hündürlükdə yerləşən bu əraziyə azərbaycanlıların hansı yolla gəlməsi haqqında qonşu laklar cürbəcür rəvayət və əfsanələr danışır. Kənd sakinlərinin danışdığına görə, bu ərazi Qazıqumux xanın yay bağı ikən burda onun icazəsi ilə 7 nəfər məskunlaşır. Həmin 7 nəfərdən 4-ü xanın Şirvan yürüşü zamanı əsir alınan iki ləzgi və iki azərbaycanlı olub. Lak qızları ilə evləndirilən bu əsirlərin sayəsində bu yaşayış məntəqəsi azərbaycan dilində danışmağa başlayıb. Başqa bir hekayəyə görə, Qazıqumux xanı 1-ci Surxay xan Nadir şahla müharibədə əsir aldığı azərbaycanlıları lak qızlarla evləndirmiş və indiki Aşağı Katrux kəndində onlara torpaq vermişdi. Sonuncu versiya tarixçilər tərəfindən daha etibarlı qəbul edilir. (Lavrov, 1982:146)
Azərbaycan dili hazırda Dağıstan konstitusiyasına görə dövlətin rəsmi dillərindən biridir. Dağıstan bu baxımdan Azərbaycan Respublikasından kənarda Azərbaycan dilinin rəsmi statusa malik olduğu tək dövlətdir. Rəsmi statusa baxmayaraq hazırda Dağıstanda Azərbaycan dili özünun qürub çağını yaşayır. Əvvəllər bütün Dağıstanda danışılan bu dil hazırda digər Qafqaz dilləri tərəfindən sıxışdırılıb. Azərbaycan dilinin bu qədər çox zəifləməsində əsas səbəb yüz illər boyu açıq olan Dağıstan-Azərbaycan sərhəddi boyunca postların qurulmasını göstərmək olar. Təbii miqrasiyanın qarşısını alınması ilə dil nəinki Rutul və Tabasaran rayonunda eləcə də Dərbənd rayonunda unudulmağa başlayıb. 1897-ci ildə Dərbənd şəhər əhalisinin 67 faizini azərbaycanlılar təşkil etsə də hal-hazırda bu rəqəm 32 faizə qədər enib. Bu prosesin gələcəkdə regionda hansı dəyişiklərə gətirib çıxaracağını müəyyənləşdirmək isə qeyri-mümkündür.
İstifadə edilən ədəbiyyat
Хаджи-Мурад Хашаев, (2017), Законы вольных обществ Дагестана XVII–XIX вв.
Наталия Волкова, (1967), Вопросы двуязычия на Северном Кавказе / Советская этнография, № 1.
Андрей Попов, (1954), Лермонтов на Кавказе.
Гасан Оразаев, (2003), Исторические сочинения Дагестана.
Lenore Grenoble, (2003). Language Policy in the Former Soviet Union.
Игнатий Крачковский, Анатолий Генко, (1945), Арабские письма Шамиля в Северо-Осетии // Советское востоковедение. Т. 3.
Jeffrey E. Cole,(2011), Ethnic Groups of Europe: An Encyclopedia: An Encyclopedia.
Леонид Лавров, (1982), Этнография Кавказа: по полевым материалам 1924-1978 гг.