Hazırda qütblər daha çox qlobal istiləşmə nəticəsində buzlaqların əriməsinə görə gündəmə gəlsə də, ötən əsrin əvvəllərində bu ərazilər həm də tarixdəki ən maraqlı rəqabətlərdən birinə şahidlik etmişdi. Raul Amundsen və Robert Skotun Cənub Qütbünü ilk kəşf etmək üçün başladıqları ekspedisiyaların gedişində bir çox diqqətəlayiq hadisələr baş verdi. İki fərqli ölkədən, iki fərqli insan və bir hədəf.
Bu səyahətlərin bir maraqlı yanı da ondan ibarətdir ki, norveçli səyyah Raul Amundsen Cənub Qütbünə ingilis səyyahı Robert Skotdan düz bir ay tez gəlib çatsa da, Skotun yazıçılıq istedadı olduğu və yaşananları daha təsirli və ironik şəkildə qələmə aldığı üçün onun səyahət zamanı başına gələnlər oxuculara və elm ictimaiyyətinə daha çox tanışdır. Fikrimcə, biri çox yaxşı səyyah olduğu üçün bacardı, digəri isə şan-şöhrət, məşhurlaşmaq üçün həyatını riskə atdı.
İngilis hərbi dəniz donanmasının zabiti olan Kapitan Skot (1868-1912) 1901-1904-cü illərdə Kral Coğrafiya Cəmiyyəti adlandırılan Britaniya elmi təşkilatının Antraktida ekspedisiyasına rəhbərlik etmişdi. Onun ekspedisiya qrupu cənubda hələ heç kəsin çata bilmədiyi yerlərə səyahət edərək getdiyi yerlərin havası, iqlimi, qayalıqları və s. haqqında məlumatlar toplayır və həmin ərazilərin xəritəsini tərtib edirdi. İngiltərəyə qayıdanda isə artıq “milli qəhrəman” kimi tanınırdı. Bir neçə il sonra Skot başqa bir ekspedisiya yaratmağı qərara alır. O bildirir ki, Antraktida ilə bağlı olan elmi araşdırmasını daha da genişləndirmək istəyir, lakin bu “araşdırmanın” altındakı əsl məqsəd Cənub qütbünə çatan ilk şəxs olmaq idi. O səyahətə hazırlaşarkən lazımi ləvazimatlardan başqa həkim, alim və bir neçə adamı da özü ilə götürür və “Terra Nova” adlanan gəmi ilə 1910-cu ilin iyun ayında səyahətə çıxır. Hamının geyim brendi olaraq tanıdığı Terra Nova əslində kapitan Skotun gəmisi idi.
Amundsen və Skot bir-birindən səyahət planları da daxil olmaqla tamamilə fərqlənirdilər. Amundsen hər şeyi ölçüb-biçmişdi və çox diqqətli plan hazırlamışdı. Özü ilə itlərin hərəkətə gətirəcəyi xizəklər götürmüşdü. Çünki bu, çoxdan sınanmış metod olmaqla yanaşı, itlər də soyuğa kifayət qədər davamlı idilər. Skot isə bundan fərqli olaraq özü ilə ponilər (kiçik atlar) və bir neçə it götürmüşdü. O düşünmüşdü ki, yolun əsas hissəsində xizəkləri özü və adamları daşıya bilərlər. Skotun ən böyük səhvi də burada idi. Amundsen öz səyahətindən və eyni zamanda Skotun səyahət hazırlığından (qısaca da olsa) məlumat verən “Cənub Qütbü “ əsərində qeyd edir: “biz itlər götürmüşdük, amma Skot atlarla sərt iqlimdə hərəkət edə biləcəyini düşünmüşdü. Nəzərə alsaq ki, qütbdə qayalıqlar və çökəkliklər kifayət qədərdir, ponilər çökəyə düşərsə, onları dartıb çıxarmaq çox çətin olar, çünki ağır heyvanlardır, ancaq itlər kifayət qədər yüngül və sürətli heyvanlardır.”
Ekspedisiyanın əvvəlində Amundsenin ekspedisiya itlərinin bəziləri zəiflədi və onlar heyətin qida ehtiyatına çevrildilər, digər hissəsini isə digər itlərin qida ehtiyatı kimi istifadə etdilər. Amundsenin belə bir hərəkət etməsi onları aclıqdan qorumaqla yanaşı, qütbə çata bilmələrinə də yardımçı oldu. Lakin sonralar bu hərəkətinə görə o “ityeyən” adlandırılır. Bəlkə də onun nüfuzuna təsir edən amillərdən biri də bu olmuşdur. Lakin bir məqam da var ki, onun sayəsində ölmüş itlərin yerinə cütləşdirilmiş itlərdən kifayət qədər yeni bala dünyaya gəldi. Kapitan Amundsen onları soyuqdan və rütubətdən qorumaq üçün ”Fram” adlandırdığı gəminin göyərtəsinin hündür hissəsində xüsusi yer düzəltdirmişdi.
Skot və Amundsenin səyahəti arasındakı fərqlərdən digəri onların düşərgə məkanı idi. Amundsen qütbə Skotdan 100 km daha yaxın yerdə düşərgə qurmuşdu. Ancaq ingilis səyyahının bəxti də gətirməmişdi. Onun getdiyi yolda tez-tez qar fırtınası olur və onlar -40 dərəcəlik şaxtaya dözməli olurdular. Skot və həmkarları okean sahilində əsas mərkəz adlandırdıqları yerdə düşərgə qurdular.
Onlar poni və xizəkləri tonlarla ləvazimatı daşımaq üçün istifadə etdilər. Adamların bəziləri xizək və ponilərin üstündə, bəziləri isə yeriyərək gedirdi. Ağırlığa tab gətirə bilməyən xizəklər bir neçə gün sonra sındı və ləzimatları adamlar özləri daşımaq məcburiyyətində qaldılar. Skot və komandası hündür, buzlu qayalıqları aşmağa, qalın qarlı sahələrdən keçməyə məcbur idilər. İqlim ponilər üçün çox sərt idi, buna görə də, onların hamısı məhv oldu. Həryerdə qarşısıalınmaz qar fırtınaları əsirdi. Bəzən elə olurdu ki, Skot və adamları günlərlə çadırlarından bayıra çıxa bilmirdilər. Robert Skot qütbə çatmağına 260 km qalmış 4 nəfərdən başqa bütün adamları geri göndərməklə bəlkə də bu səyahət zamanı ən böyük səhvini etdi. Çünki çox adamla ləvazimatları daşımaq, sürəti tezləşdirmək daha əlverişli idi. Ancaq o düşündü ki, çadırına sadəcə özündən əlavə 4 nəfər sığışa bilər, ərzağı və yanacağı elə 4 nəfərə yetəcək miqdarda idi. Bundan başqa Skot daha 4 nəfərə baxmalı idi.
Bütün çətinliklərə baxmayaraq 17 yanvar 1912-ci ildə Skot və komandası qütbə çatmağı bacardı. Lakin artıq çox gec idi. Skot qütbə çatan ilk kapitan ola bilməmişdi. Onlar qütbə çatarkən orada çadır və Norveç bayrağı gördülər.
Növbəti gün ləvazimatlarla dolu ağır xizəkləri dartaraq düşərgəyə doğru 1300 km məsafəlik yola düşdülər. Geri – düşərgəyə səyahət qütbə səyahətdən daha çətin idi. Onlar aclıqdan zəiflədilər . Hər yerin həddindən artıq ağ olması bəzən onları keçici korluğa düçar etdi. Əl və ayaq barmaqları get-gedə donmağa başladı. Artıq çadırlarını isitmək üçün kifayət qədər yanacaqları da qalmamışdı. İki adam isə yıxılıb özlərini yaralamış, səyyahlar xizəkləri daşıya bilməyəcək qədər yorulmuş və bezmişdilər. Sonda, onlardan biri həyatını itirdi. Digəri isə başqalarının həyatını təhlükəyə atacaq qədər zəifləmişdi. Buna görə də o digər ekspedisiya üzvlərinə mane olduğunu başa düşərək çadırı tərk etdi və digər səyyahlarla geri qayıtmaq əvəzinə özünü qar fırtınasına atmağı seçdi. Skot bu dəhşətli səyahətin hər gününü detalları ilə öz gündəliyinə qeyd edirdi. 21 mart , əsas düşərgəyə çatmağa sadəcə 20 km qalmış , qar fırtınası onları çadırlarında yaxaladı və həmin gün Skot gündəliyinə son sözlərini yazmalı oldu.
Axtarış qrupu 3 donmuş bədəni 8 ay sonra tapdı. Onlar Skotun gündəliyini, ekspedisiya ilə bağlı şəkilləri və məktubarı geri gətirsələr də, Skot və digər 2 adamın cəsədi isə Antraktidada, öldükləri yerdə saxlanıldı.
Bu gün Cənub Qütbünə ikinci çatanların Antraktida sahillərində qurduğu əsas düşərgə hələ də qalmaqdadır. Düşərgədə olan əşyalar, mebellər və s. olduğu kimi saxlanılır. Yeni Zellandiya bu düşərgəyə gözətçilik edir. Robert Skot bugün də Antraktida haqda səyahət hekayələrinin əvəzolunmaz qəhrəmanı olaraq qalmaqdadır.
Skotun səyahət zamanı yazdığı gündəlikdən bəhs etmişdim. Bu gündəliklərdə ən maraqlı hissələrdən biri də onun xanımına və iki yaşlı övladına yazdığı bir növ vəsiyyət xarakterli məktubudur. Məktubu oxuduqca Skot və onun komandasının hansı çətinliklərlə qarşılaşdığının və həyatı, eləcə də ekspedisiyası faciə ilə sonlanan məşhur coğrafiyaçının keçirdiyi hisslərin şahidi olmamaq mümkün deyil.
Robert Skot, “Son məktub” (Tərcümə Müşfiq Məmmədovundur)
Dul arvadıma
Əziz sevgilim – biz küncə sıxılmış bir vəziyyətdəyik və mən şübhələnirəm ki, buradan azad ola bilməyəcəyik – çox qısa nahar fasiləsinin bəxş etdiyi o azacıq istilik fürsətindən istifadə edərək ehtimal etdiyim sonluq üçün məktub hazırlığı görürəm – birinci təbii olaraq, gündüz və gecə hər zaman xəyallarımda olan sənə – əzizim, mənim başıma bir iş gəlsə, istəyirəm biləsən ki, sən mənim üçün nə qədər əziz idin və həyata gözümü yumarkən bu xoş xatirələrimi özümlə aparıram.
İstərdim ki, deyəcəyim bu xəbər sənin ürəyinə sakitlik gətirsin – bu həyatı, heç bir ağrı çəkmədən, sağlam və gümrah tərk edəcəm – bunun hökmü də verilib artıq, ərzaq ehtiyatlarımız tükənən an növbəti ərzaq deposuna az qalmış səfərimizi durduracayıq. Məhz buna görə düşünmə ki, böyük bir faciə baş verib – əlbəttə bu, bir neçə həftədir bizi narahat edir, lakin bizim yaxşı fiziki vəziyyətimiz və iştahımız bu narahatçılıq hissinə qalib gəlir. Soyuq çox kəsicidir və bəzən amansız olur, ancaq burada da bizim vaz keçə bilməyəcəyimiz isti xörək çox zövqvericidir.
Yuxarıdakı sətirləri yazdığım müddətdə, təpədən bir xeyli aşağı endik – zavallı Titus Oat bizi tərk etdi –onun vəziyyəti çox ağır idi – yerdə qalanlarla irəliləməkdə davam edirik və xəyal qururuq ki, biz qurtulacayıq, lakin kəsici soyuq buna imkan vermir – növbəti ərzaq deposuna cəmi 20 mil qalıb, amma ərzaq və yanacaq tükənmək üzrədir.
Demək belə əzizim, mən istərdim ki, sən hər şeyi ağılla dərk edəsən və buna da əminəm ki, edəcəksən – oğlumuz sənin qəlbinə bir rahatlıq verəcək, istərdim ki, onun boya-başa çatmasında sənə köməklik edim, lakin bunu da düşünmək mənə təskinlik verir ki, o səninlə əminlikdədir. Düşünürəm ki, sən və oğlumuz ölkəmiz tərəfindən xususi qayğı görməlisiniz. Hər halda biz ölkəmiz uğrunda canımızı fəda verdik və bu səbəbdəndir ki, mən bu kitabın sonunda bu məktubları yazıram. Bu məktubları öz ünvanlarına yollayacaqsanmı?
Əgər oğlum böyüyəndə, oxumaq üçün zaman tapılacaqsa onun üçün kiçik bir məktub yazmalıyam – əzizim, ikinci dəfə ailə qurmaq haqqında dolaşan sentimental cəfəngiyyatlara uyma – əgər, dürüst bir insan sənə kömək etmək üçün sənin həyatına daxil olacaqsa, sən yenidən xoşbəxt olmağa borclusan – ümid edirəm ki, mən sənin üçün xoş bir xatirə kimi yaşayacağam və əlbəttə həyatımın bu şəkildə sona çatması sənin üçün utanc olmayacaq – istərdim düşünəm ki, oğlumun həyatı qürur duyacağı bir yeni ailədə başlayacaq.
Əzizim, çox soyuq olduğundan yazı yazmaq asan iş deyil – mənfi 70 dərəcə və çadırımızın parçasından savayı heçnə – sən bilirsən ki, mən səni sevmişəm və sən bilirsən ki, düşüncələrim hər zaman səninlədir – ohh əzizim, sən bilməlisən ki, bu vəziyyətin ən pis tərəfi odur ki, mən səni bir daha görməyəcəm – Qaçınılmaz olanlar baş verməlidir – sən istəyirdin ki, mən bu ekspedisiyanın rəhbəri olam və bilirəm, bunun təhlükəli ola biləcəyəni hiss etmişdin – Mən öz yerimi tutdum, deyilmi? Tanrının xeyr-duası səninlə olsun mənim əzizim – çalışacağam sənə daha çox yazam – Əvvəlki səhifələrə dönürəm.
Yuxarıdakı sətirləri yazdığım müddətdə, bir dəfə isti və iki dəfə də soyuq yeməklə qidalanaraq növbəti depoya qədər məsafəmizi 11 milə qədər çatdırdıq – biz ora çatmalı idik, lakin dörd gün şiddətli qasırğadan dolayı hərəkət edə bilmədik – düşünürəm ki, yaxşı bir fürsəti qaçırdıq – qərara qəlmişik ki, özümüzü soyuğa təslim edib öldürməyək və növbəti depoya çatmaq üçün sonuna qədər mübarizə aparaq – lakin mübarizədə ağrısız bir ölüm var, narahat olma əzizim.
Bu kitabın qəribə səhifələrinin üzərində yazıram bu məktubu. Sən onları lazımı ünvana yollayacaqsanmı? Görürsən ki, sənin və oğlumuzun gələcəyi üçün narahatam – əgər bacarsan, uşağı təbiət tarixi fənni ilə maraqlanmağa həvəsləndir, bu oyunlardan daha yaxşıdır – bunu bəzi məktəblərdə keçirlər – bilirəm, onu açıq havada daha çox saxlayacaqsan – onu Tanrıya inanmağa sövq elə, inam ürəyə sakitlik verir.
Oh mənim əzizim, mənim əzizim, onun gələcəyi üçün hansı xəyallar qurmuşdum – amma əzizim bilirəm ki, sən bunu mərdanə qarşılayacaqsan – Sənin və oğlumun portretini döş cibimdən tapacaqlar, digər birini isə, Baxter xanım tərəfindən mənə verilmiş kiçik Mərakeş qutusundan – Cənub qütbündə qaldırdığım Böyük Britaniya bayrağının bir parçasını, Amundsenin qara bayrağını və bir də başqa xırda şeyləri öz şəxsi çantama qoymuşam – Britaniya bayrağından kiçik bir hissəni Krala verərsən, kiçik bir hissəsini də Şahzadə Aleksandraya, qalan hissəsini isə özündə bir qənimət kimi saxla – Bu səyyahət haqqında sənə nə qədər çoxlu əhvalatlar danışa bilərdim. Evdə dərin dinclik içində olmaq necə də gözəl olardı – uşağa söyləyəcəyim o qədər nağıllar olardı, ohh amma nələrin bahasına –sənin gözəl üzünə baxmaqdan məhrum olmaq –Əzizim, sən qoca anaya yaxşı baxacaqsan. Mən bu kitabda onun üçün kiçik bir sətir yazdım. Həmçinin Ettie ilə də əlaqə qurarsan – ohh bütün dünya üçün özünü qürürla aparacaqsan – yalnız oğlumuzun naminə yardım qəbul etməyə çox da qürurlu olma – onun gözəl bir karyerası olmalıdır və dünyada bir şeylər etməlidir. Ser Klementsə yazmağa vaxt tapmadım – ona deyərsən ki, mən onun haqqında çox düşündüm və məni Discovery heyətinə rəhbər təyin etməyinə görə heç zaman peşman olmadım.