Noyabrın 10-dan etibarən təmas xətti boyu atəşkəs qüvvəyə mindi və növbəti gün də Rusiyanın sülhməramlı qoşunları müvafiq ərazilərə daxil olmağa başladılar. Bununla da 44 günlük müharibə bitdi. Hərbi əməliyyatlar hesabına azad olunmuş ərazilərlə bərabər, tədricən, digər rayonlar da Azərbaycan dövlətinin nəzarətinə keçəcək.
Əgər Dağlıq Qarabağ ərazisində hansısa infrastruktur və tikililər vardısa, (Xankəndi, Şuşa və s.), ətraf rayonlarda demək olar ki, heç nə yox idi. Suqovuşan və Hadrutdan yayınlanmış videolarda biz evləri, yolları, tikililəri müşahidə edə bilərik, amma Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarının yaşayış məntəqələrinin böyük hissəsində heç nə yoxdur. Olanlar da ya hərbi infrastruktura aiddir, ya da müxtəlif köçürülmə layihələri çərçivəsində reallaşan layihələrdir (onları da erməni tərəfi sona kimi həyata keçirə bilmədi). Ona görə, indi ilk addımlardan biri də müvafiq bölgələrin bərpasıdır. Bəzi məlumatlara görə, artıq Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi, Azərişıq, Azərbaycan Su və Meliorasiya Təsərrüfatı və bir sıra digər dövlət qurum və şirkətləri azad olunmuş bölgələrdə fəaliyyət göstərirlər. Amma indiki halda çox iş qalır. Rəsmi məlumata görə, müvafiq bölgələrdən 150 min ailə məcburi köçkün kimi qeydiyyatdan keçib və hər bir ailənin ora qayıtması üçün təkcə ev kifayət deyil. Hər bir ev üçün infrastruktur, kommunal xidmətlər və hətta dövlət qurumları mövcudluğu da lazımdır. Bəs bu neçəyə başa gələcək?
Bunu hesablamaq üçün biz əvvəlcə itirilən əmlakı qiymətləndirməliyik. Belə ki, artıq rəsmi olaraq “beynəlxalq ekspertlərin iştirakı ilə bütün dağıntıların maddi və mənəvi ziyanının hesablanacağı” elan edilib. Amma bərpa işləri bunu gözləyə bilməz və dərhal başlamalıdır. Bəs bu işlər necə aparılacaq? Təəssüf ki, hökumətin hələlik bununla bağlı hansısa dəqiq planı yoxdur (rəsmi olaraq bir neçə ay ərzində hazırlanmalıdır). Hətta təxmini nəsə varsa belə, ictimaiyyətə təqdim olunmur. Biz yalnız ayrı-ayrı işlər barədə məlumata malikik (hansısa yolun tikilməsi, artezian quyusunun bərpası və s.). Ümumi təsəvvürü yaratmağa isə bizə 2000-ci ildə mövcud olmuş Dövlət Komissiyasının yazdığı sənəd kömək edə bilər.
Müvafiq sənədə keçməzdən əvvəl qeyd etmək lazımdır ki, Azərbaycanda çoxlu sayda müxtəlif dövlət qurumları mövcuddur. Bir çoxlarının fəaliyyəti barədə biz heç nə bilmirik və bilmək ehtimalı da azdır. Amma bəzən onların təsadüfən nəsə öyrənirik. Misal üçün, dövlət satınalmaları reyestrini növbəti dəfə araşdırarkən qabağıma Azərbaycan Respublikası ərazilərin bərpası və yenidən qurulması üzrə Agentlik çıxdı. Qurum qısa şəkildə ARRA adlandırılır. Araşdırma zamanı məlum oldu ki, 1996-ci ildə təcavüz nəticəsində evini itirmiş insanların öz yurdlarına qayıtmaları üçün normal şəraitin yaradılması zərurətini nəzərə alaraq Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Dövlət Komissiyası və onun işçi orqanı olan Azərbaycan Respublikası Ərazilərinin Bərpası və Yenidən Qurulması üzrə Agentlik yaradılıb. Qurum o zaman da 2000-ci il üçün Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərinin bərpası və yenidənqurması üzrə Dövlət Komissiyası çərçivəsində “İşğaldan azad olunmuş ərazilərin “Böyük Bərpa” proqramı”-nı hazırlayıb. Bəlkə də 2000-ci ildə artıq işğal olunmuş torpaqların azad olunması planlaşdırılırdı. Amma, təəssüf ki, o zaman bu baş vermədi. Buna baxmayaraq sənəd qaldı.
Yeri gəlmişkən, sözügedən Agentlik ondan sonra daha çox Bakıda bərpa işləri ilə məşğul olub (Tarix muzeyi, Gülüstan sarayı və s.). Qurumun 2020-ci ilə aid planına görə isə, “Lənkəran şəhəri, Şəhidlər Xiyabanı küçəsi, 46/11 ünvanında yerləşən qəza vəziyyətində olan 5 mərtəbəli, iki girişli binanın sakinlərinin köçürülməsi, binanın sökülməsi və həmin yerdə yeni 5 mərtəbəli iki girişli binanın tikintisi işlərinin davam etdirilməsi” nəzərdə tutulur. Maraqlıdır, görəsən, işğqaldan azad olunmuş ərazilərmizin bərpası zamanı bu Agentlik yada düşəcəkmi?
Proqram müəyyən qədər detallıdır. Orada işğal olunmuş ərazilər haqqında müxtəlif faktlar təqdim olunur. Məhz bu faktlar əsasında müəyyən qiymətləndirilmə aparılıb. Məsələn, dəymiş ziyanın təxmini məbləğinə dair cədvəl təqdim olunub. Məlumata görə, işğal olunmuş ərazilərdə yerləşən 9 milyon kvadrat metr sahəsi olan 106 mindən çox ev, 839 məktəb, 643 səhiyyə obyekti və s. ilə bağlı hər bir istiqamət üzrə müəyyən qiymətləndirmələr də həyata keçirilib. Misal üçün, 106 min ev, təxminən, 1855 milyon dollar dəyərində qiymətləndirilib. Bu zaman hər bir kvadrat metrin dəyəri təqribi olaraq 204 dollar hesablanıb. Nəzərə almaq lazımdır ki, bu 2000-ci ilin qiymətləridir. O vaxtdan bu yana dolların inflyasiyası 51,2% təşkil edib. Yəni indiki qiymətlərlə ölçmək istəsək, müvafiq məbləği 1,512-ə vurmaq lazımdır. Nəticədə indiki qiymətlər ilə bu, ən azı, 309 dollar (526 AZN) edir.
Amma bu ziyanın yalnız cüzi bir hissəsdir. Sözügedən bölgələrdə nəqliyyat infrastrukturu 1 893,3 milyon ABŞ dolları həcmində qiymətləndirilib. Ən çox ziyan isə sosial xidmət üzrə hesablanıb. Məlumata görə, sosial xidmətin ümumi dəyəri 2998,6 milyon dollardır (bura təhsil, səhiyyə, mədəniyyət və s. obyektlər aid edilir). Sənaye cəhətdən bölgə çox da inkişaf etməyib. Ən çox sənaye obyekti Ağdam və Füzuli rayonlarında yerləşib (103-dən 49-u).
Beləliklə, dövlət komissiyasının hesablamalarına görə, işğaldan azad olunmuş ərazilərdə ümumi ziyan 12,72 milyard dollar təşkil edib. Bu rəqəmi hazırkı qiymətlərə keçirəndə 19,2 milyard dollar və ya 32,7 milyard manat edir. Müqayisə üçün: Azərbaycanın 2020-ci il üçün dövlət büdcəsinin gəlirləri 24,2 milyard manat həcmində proqnozlaşdırılıb.
Bu, yalnız ziyandır. Ziyanı hesablamaq sadəcə qiymətləndirmə (və ya imkan varsa, kompensasiya əldə etmə) baxımından vacibdir. İndi isə biz bərpa işləri ilə məşğul olacağıq. Bəs bu işlər neçəyə başa gələcək? İndiki məqamda bərpa işlərinin, ən azı, 5-7 il sürəcəyini təxmin etmək olar. Bunu çıxışlarının birində prezident də qeyd edib (hər il 10 min ailə köçürülsə, o zaman 15 il tələb olunacaq. Amma təxmin edə bilərik ki, onların yarısı özü qayıdacaq). Halbuki 2000-ci ildə bu məsələyə yanaşma həddindən artıq optimist xarakter daşıyıb. Belə ki, bərpa işlərinin qrafikini hazırlayanların fikrincə, hər bölgə üzrə 3 il lazım idi. Bəllidir ki, bütün bu genişmiqyaslı işlər eyni zamanda həyata keçirilməyəcək. Amma hər bölgə üçün 3 il çox optimist baxışdır.
Detallara baxsaq, görə bilərik ki, əslində, proqramda qeyri-real nəsə əks olunmayıb. Sadəcə bütün işlərin eyni zamanda həyata keçirilməsi üçün çoxlu sayda resurs lazımdır. Məsələn, Cəbrayıl rayonu üzrə bərpa işlərinin qrafikində qeyd olunub ki, ərazilərin minalardan təmizlənməsi üçün 1 il lazım olacaq. Bu dövr ərzində 30 kvadrat kilometr təmizlənəcək və bu işlər, ən azı, 22 milyon dollara başa gələcək. Cəbrayıl rayonu nümunəsində biz real praktikadan nümunə gətirə bilərik. Belə ki, Cocuq Mərcanlı kəndində məskunlaşmaq imkanları 2016-ci ilin aprel əməliyyatı nəticəsində yarandı. Demək olar ki, dərhal kənddə ANAMA xidməti fəaliyyətə başladı. Buna baxmayaraq, Cocuq Mərcanlıda yaşayış infrastrukturun bərpası yalnız 8 aydan sonra (2017-ci ilin yanvarında) start götürdü və nisbətən tez həll olundu (ilk evlər 2017-ci ilin iyun-iyul aylarında təhvil verilmişdi). Bu dövr ərzində ərazi tam təmizlənməsə də, insanlar üçün ilkin şərait yaradılmışdı. Hazırda isə bu təmizlənmə işləri, ən azı, Cəbrayıl, Füzuli, Ağdam rayonlarının bütün ərazilərini əhatə etməlidir. Komissiyanın 2000-ci ilə dair hesablamalarına görə, minalardan təmizləmə əməliyyatı 182 milyon dollara başa gəlməli idi və 345 kv. kilometr ərazinin minalandığı proqnozlaşdırıldı (müqayisə üçün, Bakının şəhər hissəsinin ərazisi 150 kv. kilometrdir).
Ən ucuz başa gələn işlər qismində rabitə xətlərin qurulması (əslinə qalsa, indiki şəraitdə özəl şirkətlər bu işin bir hissəsini öz üzərinə götürüblər) və repatriasiya göstərilib. Ən bahalı işlərə isə evlərin (1,8 milyard), kənd təsərrüfatının (1,2 milyard), səhiyyə infrastrukturu (1,1 milyard) və təhsil obyektlərinin (1,1 milyard) bərpası aid edilib. Düzdür, bu rəqəmlər hər rayon üzrə dəyişir (məsələn, Zəngilan rayonunda yolların bərpası daha çox vəsait tələb edir, Füzuli rayonunda isə səhiyyənin), amma ümumi olaraq 8 661 milyon dollar hesablanıb. Bu rəqəmi indiki qiymətlərə keçirsək, artıq 22,3 milyard manat alınır. Müqayisə üçün, Azərbaycanın illik investisiya xərcləri (yollar, müxtəlif obyektlərin tikintisi və s.) təxminən, 5-6 milyard manat təşkil edir. Hətta bütün investisiya xərcləri sabit şəkildə Qarabağın bərpasına yönəlsə belə, bizə ən azı 4-5 il lazım olacaq. Amma bu dövr ərzində digər layihələr də mövcuddur. Həmçinin nəzərə almaq lazımdır ki, 2000-ci ilin sənədinə görə, həmin ərazilərdə, ən azı, bu və ya digər formada evlər və müxtəlif tikililər qalmışdı. Amma son günlər izlədiyimiz videolardan gördümüyüz kimi, indi bir çox kəndlərdə, ümumiyyətlə, heç divar da qalmayıb. Yəni evlərin bərpası daha çox xərc tələb edə bilər.
Beləliklə, ən optimist senariyə görə, azad olunmuş torpaqların bərpası dövlətə 25 milyard manata, realist senariyə görə isə 40 milyard manata başa gələcək. Bundan əlavə, özəl şirkətlərin də kifayət qədər xərcləri olacaq (ticarət, rabitə, nəqliyyat və s.). Başqa sözlə, dövlət büdcəsinin bütün investisiyalarını ora yönəltsək, bərpa işlər, ən azı, 10 il davam edəcək. Bütün vəsaitlərin eyni istiqamətə yönləndirilməsinin mümkün olmadığını nəzərə alsaq, bu müddəti bir qədər də uzatmalı olacağıq. Deyə bilərsiniz ki, valyuta ehtiyatlarımız var, ancaq onları belə sərbəst şəkildə tam yatırmaq mümkün deyil (indiki halda hətta yüksək inflyasiya və digər maliyyə riskləri yaranır). Beləliklə, özümüzü optimist hesab etsək, işğaldan azad olunmuş ərazilərimizin bərpası üçün bizə, ən azı, 10 il və 25-30 milyard manat lazımdır.